Super User

Super User

Uşaqların sevimlisi “Nu poqodi” (Bir dayan) cizgi filminin yeni seriyalarının nümayişi bu ilin sonuncu ayına təsadüf edə bilər.
TASS agentliyi xəbər verir ki, bu sözləri “Soyuzmultfilm” kinostudiyasının rəhbəri Yuliana Slaşeva deyib.
Onun sözlərinə görə, “Bir dayan” dekabr ayının birinci yarısında uşaqların görüşünə gələ bilər.
“Soyuzmultfilm” kinostudiyası “Bir dayan” cizgi filminin yeni hissələri üzərində işə ötən il başlayıb. Kinostudiya artıq yeni personajların obrazlarını təqdim edib. Canavar və Dovşan obrazlarını Qarik Xarlamov və Dmitri Xrustalyov səsləndirəcək. Yeni “Bir dayan” klassik versiyanın birbaşa davamı deyil, ənənəvi dialoqsuz komediya janrını qorumaq şərtilə hekayənin aktual formada oxunuşu olacaq.

Среда, 20 Октябрь 2021 07:33

Mətbəx də incəsənətin bir növüdür

 

Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırırıq:

 

20 oktyabr. Ümumdünya statistika günü

 

Statistika hamı üçün ən ümdə mövzudur. Üstəlik, Bakıda statistika idarəsinin adını hamı “Sataistikanın kruqu” deyilən ərazi ilə tanıyır. Amma statistiklərimiz düzgün statistika aparırlarmı? Əksər hallarda yox. Statistika bəzən pripiskaya qurban gedir. Sifarişli statistika cəmiyyətin ən böyük bəlasıdır. Bu sovetdənqalma bir ənənədir, digər MDB dövlətlərinə də xasdır.

 

20 oktyabr. Beynəlxalq aşpaz və kulinar günü

 

Azərbaycan mətbəxi təkcə xörəklər, onların hazırlanma texnologiyasının üsulları deyil, həm də maddi mədəniyyətin əsas hissəsidir.Azərbaycan mətbəxi ənənələri xalqımızın dühası ilə onun tarixən yaşadığı indiki Azərbaycan RespublikasıGüney Azərbaycanİrəvan xanlığıZəngəzur və Göyçə mahallarının torpaqlarında, GürcüstanınBorçalı bölgəsində, Dağıstan ərazisində və onun ətrafında yaradılıb. Dünyanın ən qədim və zəngin mətbəxlərindən biri olan Azərbaycan mətbəxi maddi mədəniyyətin mühüm tərkib hissəsi kimi mətbəx mədəniyyəti tarixini, onun fəlsəfəsi, süfrə psixologiyası, adət-ənənələri, mətbəxin fiziologiyası, gigiyenası, avadanlığı, etikası, estetikası və s. cəhətləri, eləcə də təcrübi amilləri özündə birləşdirir. Gəlin xatırlayaq: İrəvan kətəsi, Quba paxlavası, Bakı düşbərəsi, Şəki pitisi, Naxçıvan qovurması, Gəncə dovğası, Corat qutabı, Qax sürhüllüsü, Qazax xəngəli, talış ləvəngisi, ləzgi çörəyi... və daha nələr, daha nələr...

 

Bu gün mətbəximizin ənənələrini şərəflə daşıyan bütün aşpaz və kulinarları təbrik edək, xüsusi təbrik isə Tahir Əmiraslanova düşür, mətbəximizin dünyada bir nömrəli təmsilçisinə və təbliğatçısına.

 

20 oktyabr. Rey Bredberi və Səttarxan

 

Beynəlxalq aviadispeçer günü. Bu sahədə çalışanları təbrik edirik. Beynəlxalq pediatriya günü. Bu sahədə çalışanları da həmçinin.  Bəhailər Bab gününü qeyd edəcəklər. CAR Daun sindromlularının gününü. Qvatemala inqilab, Çexiya ağacəkmə, Keniya qəhrəmanlar, Vyetnam qadınlar gününü qeyd edəcək. ABŞ isə vədinə xilaf çıxmadan mətbəx bayramlarını bu gün də bir-birinə calayacaq. Milli ofis şokoladı günü. Üstəlik, milli meyvəli brendi günü.

 

2011-ci ilin bu günündə Liviya lideri Müəmmər Kaddafi dünyasını dəyişib. 1978-ci ilin bu günündə “Kim, nə, harada” oyununun tarixə düşmüş məşhur iştirakçılarından biri, İctimai Televiziyanın rəhbəri Balakişi Qasımov dünyaya gəlib. 1953-cü ilin bu günündə dünyada ən çox oxunan kitablar cərgəsində yer almış Rey Bredberinin “Farenqeyt üzrə 451 dərəcə” kitabı – bir antiutopiya nümunəsi işıq üzü görüb. 1945-ci ildə Fransada qadınlara seçki hüququ verilib. 1924-cü ildə Xarkovda Ukraynanın ilk radiosu işə başlayıb. 1868-ci ildə ən böyük azərbaycanlılar sırasında yer alan Səttarxan – İranda Azərbaycan hərəkatının görkəmli lideri, Məşrutə inqilabının görkəmli xadimi, xalq qəhrəmanı dünyaya gəlib. 1854-cü ildə fransız simvolist şairi Artyür Rembo doğulub.

 

Varisin “11-20 oktyabrın təqvimi” yazısından seçmələr

 

 

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən İkinci Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı çərçivəsində “Azərbaycan operetta inciləri” adlı konsert proqramı təqdim olunub.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçirilən tədbirdə teatrın orkestri, balet truppası, Əməkdar artistlər Şövqi Hüseynov, Nərgiz Kərimova, Səidə Şərifəliyeva və başqaları iştirak ediblər.
Tədbir tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

 

1993-cü il oktyabrın 29-da Zəngilan rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi. 1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon oldu. Qonşu Qubadlı və Cəbrayılın işğalı nəticəsində mühasirəyə düşən rayon əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə gördü. Əks təqdirdə ikinci bir Xocalı hadisəsinin baş verməsi qaçılmaz olacaqdı.

 

XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixinin 15-ci ilində, yəni 636-cı ildə qoyulub. “Zəngilan şəhəri” dedikdə əslində Pircavan şəhəri nəzərdə tutulmalıdır. Çünki Zəngilan şəhərinin əsl adı Pircavan  olmuşdur. Zəngilan isə həmin şəhərin və ətraf kəndlərin yerləşdiyi tarixi mahalın adı idi. Lakin sözün kökündə “Pir” sözü olduğu üçün, yaxud da tariximizi təhrif etmək məqsədi ilə rayоna 1930-cu ildə Zəngilan adı verilmişdir. Zəngilan rayonunda bir şəhər, 5 qəsəbə (Ağ oyuq, Mincivan, Bartaz, Ağbənd, Həkəri) və 79 kənd olmuşdur. Zəngilan şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan İran İslam Respublikası, qərbdən Ermənistan ilə həmsərhəddir. Zəngilan Birinci Qarabağ müharibəsində 188 şəhid verib, bu günədək rayonun 44 sakini itkin düşmüş sayılır. Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən bu rayon mühüm strateji əhəmiyyətə malikdir. Ərazisi 707 kvadrat km, əhalisi isə 35 mindən çox olub. İşğal olunmazdan əvvəl Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu var idi. Bütün Avropada ən böyük çinar meşəsi də bu rayonda idi və ermənilər onu doğrayaraq xarici ölkələrə satmışlar. Digər qiymətli ağaclar, molibden, mərmər, qızıl, qranit və digər yeraltı sərvətlər də ermənilər tərəfindən talan edilmişdir.

 

Zəngilan meşə təsərrüfatının Topmeşə sahəsinin qoz, şərq çinarı və digər qiymətli ağacları ermənilər tərəfindən tamamilə qırılaraq işlik materialı kimi daşınıb. Ermənilər dəfələrlə Bartaz və Vejnəli sahələrində olan ardıc meşələrində güclü yanğınlar törədiblər,  2 hektara yaxın ərazidəki çoxillik qoz, çinar və şam ağaclarını məhv ediblər. Daş-başı və Leşkar meşələrində 55 hektar ərazini əhatə edən qoz meşəsinin 40-50 illik qoz ağacları, həmçinin Top və Şükürataz meşə sahəsində olan 350-400 illik yaşlı palıd ağacları da qırılıb daşınıb və ərazi yandırılıb.

 

Uzun müddət düşmən tapdağında qaldıqdan sonra 20 oktyabr 2020-ci ildə Zəngilan şəhəri və Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Var olsun Müzəffər Ordumuz!

 

 

 

Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində azərbaycanlı fotoqraf Maya Bağırovanın fotolarından ibarət sərgi açılıb.
AzərTAC xəbər verir ki, “Bakı otelləri” sərgisi “Prix Villegiature 2020-2021” - ən yaxşı otel, otel dizaynı və memarlığı, spa, xidmət kimi nominasiyalar üzrə mükafatlandırma tədbiri çərçivəsində təşkil edilib. Sərgidə gənc fotoqrafın çəkdiyi Bakıdakı otellərin fotoları nümayiş olunub. “Absheron”, “Four Seasons”, “Fairmont “ kimi tanınmiş otellərin fotoları tədbir iştirakçılarının diqqətini cəlb edib.
Qeyd edək ki, “Prix Villegiature 2020-2021” tədbirində bir çox ölkələrin səfirləri ilə bərabər, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, dünyanın müxtəlif ölkələrindən otel rəhbərləri, məşhur dizayner şirkətlərinin nümayəndələri iştirak ediblər. Otel sektorunun nümayəndələri otellərimizlə maraqlanıblar. Onlara Azərbaycan tarixi, otelçiliyi haqqında ətraflı məlumat verilib.
Xatırladaq ki, “Prix Villegiature 2020-2021” münsiflər heyəti “Fairmont Baku” otelini 5 otel arasında Avropada ən yaxşı daxili dizayn və arxitektura nominasiyası üzrə mükafatlandırıb. 2014-cü və 2017-ci illərdə “Four Seasons Baku” və Qəbələdəki “Chenot Palace Health Wellness Hotel”i otellər arasında Avropada ən yaxşı spa, kurort və otel nominasiyaları üzrə qalib olublar.

Dünyada elə memarlıq inciləri var ki, qızıl fondu təşkil edirlər. İllər keçir, amma bu möhtəşəmliyi yeni tikililər, ultramüasir, modern dizaynlar kölgədə qoya bilmir.
“Ədəbiyyat və incəsənət” portalı Boredranda.com saytına istinadən dünyanın ən çox təqdir edilən arxitektura incilərini təqdim edir.
Növbəti fotodaİspaniyaya keçid alacağıq. Foto katalonların tarixi vətəni Barselonaya aiddir.
Ağlasığmaz gözəlliyə malik Saqrada familiya qəsrinin interyeri.

 

 “Azərbaycan aktyorlarının həyatlarından maraqlı anlar “ layihəsində Əyyub Qiyas bu dəfə aktyor Hüseynqulu Sarabskini (1879-1945) təqdim edir.

 

 

 

 

Ustalıq edir, su satır, dəmirçi, daşyonan işləyirdim, arabir kefim yaxşı olanda səsimi başıma alıb özüm üçün oxuyurdum. Sən demə, Üzeyir bəy Hacıbəyli mənə göz qoyurmuş. Bir gün “Nicat” cəmiyyətinə getdiyim yerdə yolda rastlaşdıq. Məni görəndə üzü güldü. Dedi:

– O gün teatrda idim, nə gözəl “Hicaz” oxuyurdun. Çox bəyəndim. Mən bir “Leyli və Məcnun” operası yazıram.

– Oynaram, – dedim, – Sən piş şey yazmazsan.

O vaxtlar Üzeyir bəy “İslamiyyə” mehmanxanasında qalırdı, ünvanını verib söylədi:

  İki gündən sonra gələrsən, bir görüşərik.

 

Dediyi vaxt  getdim, görüşdük, məşqə başladıq. 1908-ci ildə “Leyli və Məcnun” operasını səhnəyə qoyanda məni Məcnun oynamağa dəvət etdi. Bu hadisə bütün həyatımı dəyişdi. Amma tamaşanın baş tutmaması üçün çalışanlar da çox idi. Orkestrə dirijorluq edəcək adam son anda gəlməkdən imtina etdi. Orkestrin özü pərən-pərən idi. Biletlər satılmışdı, tamaşaya az qalmışdı. Üzeyir bəy çaş-baş qalmışdı. Tamaşaya 2-3 saat qalmış Üzeyir bəy tamaşanı tar üçün nota yazdı. Dirijor məsələsinə gələndə:

– Əbdürrəhim bəy, hazırlaş, tamaşaya dirijorluğu sən edəcəksən, – deyib, üzünü Əbdürrəhim bəy Haqverdiyevə tutdu.

Əbdürrəhim bəy çaşıb qaldı.

– Üzeyir bəy, mən necə dirijorluq edə bilərəm? – yazıçı etiraz etmək istəyirdi, amma Üzeyir bəy onu inandıra bildi.

– Şuşada hər kəs musiqidən baş çıxarır, sən də şuşalısan, üstəlik, musiqi savadın da var, notu bilirsən, sadəcə, orkestrə kömək elə, qalanın mən edərəm, – Üzeyir bəy, qətiyyətlə fikrini tamamladı.

 

Möhtəşəm tamaşa oldu.

 

 

 

Вторник, 19 Октябрь 2021 11:30

Azərbaycan poeziyası məşhur Rusiya ədəbiyyat portalında

Rusiyanın məşhur “45parallel.net” elektron ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” (ADTM) layihəsi çərçivəsində Azərbaycanın tanınmış şairləri – Xalq şairi Məmməd Arazın rus dilinə tərcümə olunmuş “İlhamım”, “Od kimi, su kimi” və Əliağa Kürçaylının rus dilinə tərcümədə “Etiraf”, “Elə bil dəniz də insandır”, “Yoluma işıq çıxdı” şeirlərinin və şairlərin yaradıcılığı haqqında məlumatın yayımına başlayıb.
Dövlət Tərcümə Mərkəzindən AzərTAC-a bildirilib ki, portal, həmçinin səhifədə gənc, istedadlı Azərbaycan şairi Leyla Əliyevanın “Unuda bilmirəm gözlərini mən...”, “Bədənə hopmuş arzu”, “Gecə, Günəş səni tərk edəndə...” şeirlərinə və şairin yaradıcılığı haqqında məlumata geniş yer ayırıb.
Qeyd edək ki, daim yenilənən portal, mütəmadi olaraq səhifələrində İohann Höte, Vladimir Nabokov, Boris Pasternak, Osip Mandelştam kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı pandemiyanın doğurduğu ilyarımlıq fasilədən sonra pərdələrini teatrsevərlərə açdı.
Kollektiv yeni mövsümə ənənəvi olaraq “Qarabağnamə” tamaşasını təqdim etdi. Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında səhnələşdirilən tamaşaya bu dəfə teatrsevərlər Qarabağda tarixi Zəfərdən sonra bir başqa ovqatla gəlmişdilər.
Mədəniyyət Nazirliyinin rəsmi saytı xəbər verir ki, tamaşanın nümayişindən əvvəl teatrın direktor müavini Hacıbaba Məmmədov qonaqları salamlayaraq 149-cu mövsümdə yenidən tamaşaçıları bir-birindən maraqlı səhnə əsərləri ilə sevindirəcəklərini bildirdi. O, “tamaşaçılar teatr üçün necə darıxmışdısa, teatr da tamaşaçı üçün eyni dərəcədə darıxmışdı” deyərək qonaqlara xoş seyrlər arzuladı.
Səhnəyə dəvət olunan mədəniyyət naziri Anar Kərimov yeni mövsümün başlanması münasibətilə teatrın kollektivini və tamaşaçıları təbrik etdi. Teatrın cəmiyyətin inkişafında müstəsna əhəmiyyət kəsb etdiyini söyləyən nazir dedi: “Teatr çox güclü sənətdir, təsirli bir alətdir. Bu sənət yaşayan bir irs olaraq cəmiyyətimiz üçün çox önəmli incəsənət növüdür. Azərbaycan teatrının çox zəngin tarixi və ənənələri var. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı da bu proseslərdə bir avanqard rolunu oynayır”.
Dövlətin teatrlara göstərdiyi diqqət və qayğıdan danışan nazir bildirdi ki, bu istiqamətdə bir sıra əhəmiyyətli addımlar atılıb, teatrların maddi-texniki bazası gücləndirilib, dövlət proqramları həyata keçirilib.
Nazir qeyd etdi ki, tamaşanın Qarabağda tarixi Zəfərdən sonra nümayişi xüsusi əhəmiyyət kəsb edir. “Bu tamaşa Azərbaycan xalqının tarixi və bu günü ilə bağlıdır. Artıq torpaqlarımız azad olundu, Qarabağımız qayıtdı, şanlı Ordumuz Zəfər çaldı. Çox istərdik ki, Azərbaycanda formalaşan qələbə ruhu, qürur bizim teatrların ərsəyə gətirdiyi tamaşalarda öz əksini tapsın”, – deyə Anar Kərimov vurğuladı.
Daha sonra səhnə əsəri nümayiş olundu. Tamaşa XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir. Xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.
Tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur. Rolları Xalq artistləri Kazım Abdullayev, Firəngiz Mütəllimova, Rafiq Əzimov, Hacı İsmayılov, Ramiz Məlik, Əli Nurzadə, Əməkdar artistlər Məsmə Ağaverdiyeva, Kazım Həsənquliyev, Elxan Quliyev, Elşən Cəbrayılov, Rəşad Bəxtiyarov, Elnar Qarayev aktyorlar İlyas Əhmədov, Elnur Qədirov, Ramin Şıxəliyev, Ləman İmanova, Rada Nəsibova, Cavidan Novruz, Firuzə Balayeva və Fəridə Şahbazova ifa edir.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı ikihissəli tamaşa nümayiş olunub.
Tamaşa Xalq artisti Nurəddin Mehdixanlının 65 illiyinə həsr edilib.
Mədəniyyət Nazirliyinin məlumatına görə, səhnə əsərinin nümayişindən əvvəl Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova mədəniyyət naziri Anar Kərimovun, Akademik Milli Dram Teatrının direktor müavini Hacıbaba Məmmədov teatrın bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovun Nurəddin Mehdixanlıya ünvanladığı təbrik məktubunu oxuyub.
Qeyd olunub ki, Nurəddin Mehdixanlı yaratdığı obrazlarla tamaşaçı qəlbini fəth edib. O, Akademik Dram Teatrın səhnəsində bir-birindən maraqlı obrazlar qalereyası yaradıb. Nurəddin Mehdixanlının sənəti dövlət tərəfindən hər zaman yüksək qiymətləndirilib və o, bir sıra mükafatlarla təltif edilib.
Nümayişdən sonra Nurəddin Mehdixanlı diqqət üçün Mədəniyyət Nazirliyinin və Akademik Milli Dram Teatrının rəhbərliyinə təşəkkür edib.
Xalq artisti Azər Paşa Nemətovun quruluşçu rejissoru olduğu tamaşada görkəmli bəstəkar, Xalq artisti Qara Qarayevin “Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim edilib.
Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.
“Ölülər”in Şeyx Nəsrullahı Xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə Əməkdar artist Anar Heybətov olub.
Tamaşada digər rolları xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, Kazım Abdullayev, Sabir Məmmədov, Əli Nur, əməkdar artistlər Aslan Şirin, Elşən Rüstəmov, Elxan Quliyev, Məzahir Cəlilov, Kazım Həsənquliyev, Mirzə Ağabəyli, aktyorlar Elçin Əfəndi, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Canəli Canəliyev, Elnur Qədirov, Rüstəm Rüstəmov, Mətləb Abdullayev, Xədicə Novruzlu, Ləman İmanova, Rada Nəsibova və Firuzə Balayeva məharətlə canlandırırlar.
Əsərdəki mənəvi əsarət, fanatizm və cəhalət böyük cəsarətlə aktyorların ifasında özünəməxsus çalarlarla açılır. Belə ki, yaradıcı heyət Cəlil Məmmədquluzadə düşüncələrini yüksək məharətlə ifa edərək XX əsrin əvvəllərində Azərbaycanda baş verən prosesləri, mövhumat və cahilliyin poetik və dramatik lövhələrini dolğun ifadə edə biliblər.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.