Super User
Günümüzün qənimi olan iPod
Bu günə olan əlamətdar hadisələri diqqətinizə çatdırırıq.
23 oktyabr. Hər şeyin yaxşılığa dəyişilməsi günü
Make a Difference Day. Xəyallarla, illüziyalarla yaşayan insan üçün bundan gözəl günmü ola bilər? Problemlərin, ağrı və acıların içində bir ömür sürürsən, bir gecə də yatıb ayılanda görürsən ki, hər şey yaxşılığa doğru dəyişib, sənin heç bir əvvəlki qayğın qalmayıb, varlı-hallı, şad-xürrəm ailənlə xoşbəxt yaşayırsan, üstəlik, təmsil etdiyin xalq da tüm olaraq xoşbəxtdir, tiranlar daha yel olub da onun yanından ötə bilmir.
Əziz oxucularım, bu gün səmimi qəlbdən hər şeyin yaxşılığa dəyişilməsinə ehtiyacı olan hər birinizə günün öz adını doğrultmasını arzulayıram. Amma məsəl də var, “səndən hərəkət, məndən bərəkət”. Yaxşılığın özbaşına gələcəyinə çox da bel bağlamayın, bunun üçün mütləq çaba göstərin. Allah hər birinizi arzularınıza çatdırsın.
23 oktyabr. Mole, tok-şou təşkilatçısı və iPod günü
Mole gününü kimyaçılar qeyd edirlər, mol adlı hissəciyin şəninə qeyd olunur bu gün. Tok-şou müasir televiziyaların proqram setkalarını dolduran bir proqramdır, tok-şouları təşkil edənlər publikaya ən aktual mövzuları transfer edirlər. iPod-u isə tanımayana lənət. Uşaqlarımızı əlimizdən alan, onların gözlərini ziyadan salan, onları dərsdən, ünsiyyətdən kənarlaşdıran bir kabusdur iPod (Apple şirkəti məni məhkəməyə verməsə yaxşıdır). Bu gün - ilk cihazın satışa çıxması şərəfinə qeyd edilir.
23 oktyabr. Qar bəbiri, kremli piroq və “Barama”
Beynəlxalq qar bəbiri günü. Macarıstanda Respublika günü. Rusiyada reklam işçiləri günü. Braziliyada aviator günü. Liviyada azadlıq günü. Makedoniyada inqilab günü. ABŞ-da kremli piroq günü. BMT Baş Assambleyasının 1946-cı ilə təsadüf edən ilk iclası günü.
Bir də görürsən, oxucularımdan biri şikayətlənir ki, niyə, tutalım, kosmonavtlarımızdan heç nə yazmırsız. Təbii ki, belədə cavabım sadə olur, deyirəm, rəhmətliyin oğlu, bizdə kosmonavt nə gəzir. Amma elə ki, deyirlər, niyə meyxanaçılarımızdan heç nə yazmırsız, onda adamın deməyə sözü qalmır. Demək, bu gün tanınmış Azərbaycan meyxanaçısı, müğənni, yazar, bəstəkar və aktyor Aqşin Fatehin doğum günüdür. O, 1978-ci ilin bu günündə Tiflisdə dünyaya göz açıb. Aqşin bir ara “Kurtlar vadisin”ndən təsirlənib, həvəslənib mafiyadan bəhs edən teleserial da çəkmişdi. “Barama” adlanırdı həmin serial. Onun filmində əlində avtomat qaqaşlar Bakı küçələrində atışırdılar. Təbii ki, Aqşin Fatehə izah olundu ki, bizdə belə şeylər keçmir, o da ala-yarımçıq finalı çəkib “Brama”ya əlvida dedizdirdi.
Varisin “21-27 oktyabrın təqvimi” yazısından
Populyar “Aelita” beynəlxalq fantastika festivalının qısa hekayə müsabiqəsini qazanan hekayəni təqdim edirik
XXXVIII beynəlxalq fantastika festivalı olan "Aelita" “100 sözdən ibarət" adlanan kiçik hekayə müsabiqəsi keçirmişdir. Onlayn formatda keçirilən müsabiqədə Qran-Prini gənc Rusiya yazarı Anna Osipova qazanmışdır. Anna Osipova təxəllüsü – Anna Kliş olan, 1986-cı il təvəllüdlü, tambovlu yazıçıdır.
“Ədəbiyyat və incəsənət” portalı xüsusən gənc yazarlarımız üçün maraqlı olacağını nəzərə alıb qalib gəlmiş yazını təqdim edir. Dünyada böyük festivalların müsabiqələrini kimlər qazanır? Jürinin diqqətini necə cəlb etmək mümkündür? Qalib adını necə qazanmaq olar? Qalib gələn yazıdan tələblər hansılardır? Gənc yazarlar bu kimi suallara da cavab almış olacaqlar bu qısa hekayəni oxumaqla.
KAPİTAN KROMUN EKSPEDİSİYASI
Təyinat: Galaxy "Samanyolu".
Sayları: 123.
Məqsəd: Həyat üçün uyğun planet tapmaq, ekipajı qoruyub saxlamaq.
Qordor Krom hesabat səhifələrinin titrədiyi bort kompüterinin ekranına diqqətlə baxırdı: sarı cırtdanın G2 sinfinə aid üçüncü planeti sıfır -təkamülə aid humanoidlər tərəfindən məskunlaşdırılmışdı - onlar geniş alınları, sallanmış qaşları, sallaq çənələri ilə seçilirdi. Dərilərə bürünmüş bu arıq neandertallar çox aqressiv görünürdü.
Qordor Kromgilin resursları demək olar ki, bitmək üzrə idi: həyat təchizatı – 1,5 %, yanacaq – 0,02 %.
– Kapitan, - birinci köməkçi dedi, - bizim seçimimiz yoxdur.
Gordor başını tərpətdi və annigilatorun (informasiyaları silib yox etmə cihazı - red.) düyməsini basdı.
Ardınca kapitan: “Kromçular ekipajı bir nəfər kimi təcili evakuasiya kapsulalarına yaxınlaşsın. Şəxsi əşyalarınızı götürməyin. "Lu-na" (Ay - red.) zvezdolyotu (ulduzda uçan gəmi- red.) sabit orbitdə qalır" komandasını verdi.
Xalq qəhrəmanı Qaçaq Nəbinin 170 illiyinə həsr olunmuş kitab nəşr edilib
“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Hacı Nәrimanoğlunun “Qaçaq Nəbi tarixdә, elmi, yazılı və şifahi ədəbiyyatda, incəsənətdə” monoqrafiyası çapdan çıxıb. Azərbaycan xalqının milli azadlıq hərəkatı və qəhrəmanlıq tarixində xüsusi yeri olan, 20 ildən çox rus çarizminin işğalçılıq siyasətinə, bu imperiyanın əlaltısı olan nankor, xəyanətkar erməni hampalarına, sapı özümüzdən olan zalım xan, zülmkar bəylərə qarşı silahlı partizan mübarizəsinin başında duran Qaçaq Nəbiyə, dəstəsinə və ən yaxın silahdaşı, ömür-gün, əqidə yoldaşı Həcər xanıma həsr olunmuş kitabda Azərbaycan, Rusiya, Gürcüstan, İran və Türkiyə mənbələrinə, sənədlərə, arxiv materiallarına, tədqiqatçı alimlərin əsərlərinə istinadla Qaçaq Nəbi mübarizəsinin həqiqi mahiyyəti, əsas qayəsi, gerçək tarixi xronikası oxuculara çatdırılıb. Kitabda bu mübarizənin xalq yaddaşında, incəsənətimizin müxtəlif növlərində, folklorumuzda, ədəbiyyatımızda bədii inikasını əks etdirən nümunələrə də yer ayrılıb.
Kitab Qaçaq Nəbi, Qaçaq Həcərin timsalında xalqımızın azadlığı, müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda yadellilərə qarşı savaşlarda canlarını fəda etmiş igid vətən övladlarının, şəhidlərimizin, qazilərimizin əbədiyaşar xatirəsinə həsr olunub.
Qeyd edək ki, kitab AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə nəşr edilib.
“Mütərcim” nəşriyyatında çıxan 208 səhifəlik kitabın elmi redaktoru AMEA-nın Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov, rəyçisi AMEA-nın Tarix İnstitutunun icraçı direktoru professor Cəbi Bəhramov, məsləhətçiləri “Akademkitab”ın direktoru professor Əliağa Cəfərov və yazıçı-jurnalist Dostəli Abdullayevdir.
Dünya memarlıq inciləri: Boliviyada Freddi Mamaninin tikdiyi ekstravaqant binalar
Dünyada elə memarlıq inciləri var ki, qızıl fondu təşkil edirlər. İllər keçir, amma bu möhtəşəmliyi yeni tikililər, ultramüasir, modern dizaynlar kölgədə qoya bilmir.
“Ədəbiyyat və incəsənət” portalı Boredranda.com saytına istinadən dünyanın ən çox təqdir edilən arxitektura incilərini təqdim edir.
Növbəti fotoda Cənubi Amerikaya - Boliviyaya keçid alacağıq. Foto Boliviyanın nömrə bir memarı sayılan Frdeddi Mamaninin paytaxt La Pas şəhərində tikdiyi binaları əks etdirir. İık baxışda əsla binaya bənzəmir, nəsə bir müxtəlif rəng qammasıdır sanki.
Ağ durnaların bayramı Rəsul Həmzətovdan qaynaqlanır
Bu gün beynəlxalq təqvimlərə Ağ durnalar günü kimi düşüb. Bu bir ədəbiyyat bayramıdır. Təqvimə salınan bu günün arxasında məşhur dağıstanlı şair, hamımızın tanıdığımız Rəsul Həmzətov dayanır, onun “Ağ durnalar” şeiri dayanır. Rəsul Həmzətovun təşəbbüsü ilə müharibə meydanlarında canlarından keçmiş igidləri anmaq üçün belə bir gün qeyd edilir. Milliyyətcə avar olan, SSRİ-nin Səməd Vurğunla, Mixail Şoloxovla, Konstantin Simonovla, Çingiz Aytmatovla birgə ən məşhur yazarları sırasında yer alan, yüzlərlə təltifi olan bu şəxs Ağ durnalar bayramı gününü təqvimə saldırarkən çeçen folkloruna əsaslanıb, belə ki, çeçen folklorunda deyilir ki, əgər müharibədə döyüşən, qan tökən zalım igidlər Allah tərəfindən bağışlanarsa, onda onların ruhları ağ durnalara çevrilər. Folklora görə, durnalar hər dəfə köç edəndə ucadan çığırırlar, bu, onların aldıqları canlardan üzr istəmələri ritualıdır.
Əlbəttə ki, müharibənin üzü sərtdir, orda ya öldürməlisən, ya ölməlisən. Amma tarix boyu ədalətli və ədalətsiz deyə müharibələr iki yerə ayrılır. İşğal etmək istəyənlə müdafiə olunan əsla eyniləşdirilə bilməz. Demək, ağ durna bayramı ancaq ədalətli müharibə aparanlar, o cümlədən bizim xalqımız üçündür. Digərlərinin ruhları isə heç vaxt ağ durnaya dönə bilməz. Bəlkə də, qara qarğaya dönər.
Sonda onu da qeyd edək ki, Rəsul Həmzətovu bütün dünyaya tanıdan onun “Mənim Dağıstanım” adlanan biblioqrafik nəsr əsəri olmuşdur.
Azərbaycan Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur
Oktyabrın 20-də Almaniya Federativ Respublikasının Frankfurt-Mayn şəhərində 73-cü beynəlxalq kitab sərgisi işə başlayıb.
"Yenidən əlaqə qur" devizi ilə 80 ölkədən 2000 iştirakçının qatıldığı sərgidə fəxri qonaq ölkə Kanada dövlətidir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəsmi məlumatına görə, nazirliyin təşkilatçılığı ilə ölkəmiz builki sərgidə yenilənmiş dizayna malik stendində ölkəmizin mədəniyyətinə, tarixinə dair geniş çeşid nəşrlərlə təmsil olunur. 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə, həmçinin ölkəmizdə cari ilin "Nizami Gəncəvi İli" olması zəngin nəşrlər və vizuallıqla yanaşı, keçirilən müxtəlif tədbirlər ilə sərgi boyunca ziyarətçilərin diqqətinə təqdim ediləcəkdir.
Kitab işi sahəsində çalışan minlərlə mütəxəssisi bir yerə toplayan sərgi yeni əməkdaşlıqların qurulması və təcrübə mübadiləsi üçün mühüm platformadır. Pandemiya səbəbi ilə sərgiyə qatıla bilməyənlər onlayn yayımlanan müxtəlif görüşləri, ustad dərslərini və digər tədbirləri izləyə biləcəklər.
Qeyd edək ki, 73-cü Frankfurt Beynəlxalq Kitab Sərgisi oktyabrın 24-dək davam edəcək.
YARAT-ın “Tarix yazılarkən” adlı payız sessiyasının ilk debatı müasir incəsənətə həsr ediləcək
“YARAT Akademiyası”nın təşkilatçılığı ilə keçirilən “Tarix yazılarkən” adlı payız sessiyasının ilk debatı təşkil olunacaq.
“YARAT”dan bildirilib ki, oktyabrın 25-də reallaşacaq debatın moderatoru Fərid Abdullayev, rəssamlar Rəşad Ələkbərov, Orxan Hüseynov və Faiq Əhməd ilə Azərbaycanda müasir incəsənətin 2011-2021-ci illərdə inkişafını müzakirə edəcəklər.
Qeyd edək ki, sessiyanın növbəti debatlarında xarici ekspertlərin də çox maraqlı müzakirələri gözlənilir.
Bakıda “Jazzery Voices” layihəsi çərçivəsində silsilə tədbirlər təşkil olunacaq
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 100 illiyi münasibətlə oktyabrın 26-dan noyabrın 6-dək “Jazzery Voices” adı altında silsilə tədbirlər keçiriləcək.
Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə reallaşan layihə çərçivəsində ölkəmizin yetkin və gənc caz ifaçılarının konsertləri, “Azərbaycanda caz sənəti ilə bağlı məsələlər” mövzusunda beynəlxalq elmi-yaradıcı konfrans, caz vokal ifaçılığı üzrə ustad dərsi və tədqiqi seminar təşkil olunacaq. Konsertlərdə respublikanın xalq və əməkdar artistlərinin rəhbərlik etdiyi qruplar – “Bakustik Caz”, “Bakuba Band”, “Qaya”, “Baku Brass Biq Bendi”, BMA-nın “Lumineux” xoru və gənc ifaçıların caz heyətləri çıxış edəcək.
Tədbirlər Beynəlxalq Muğam Mərkəzi, Kamera və Orqan Musiqisi Zalı, Bakı Musiqi Akademiyasının Q.Qarayev adına Konfrans salonunda təşkil olunacaq.
“Jazzery Voices” layihəsi noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində Zəfər bayramına ithaf edilən “Jazz Says Victory” adlı qala-konsertlə tamamlanacaq.
“Leyli və Məcnun” əsəri Almaniyada nəşr olunub
Azərbaycanda elan olunmuş “Nizami Gəncəvi İli” ilə əlaqədar dahi Azərbaycan şairinin “Leyli və Məcnun” əsəri Almaniyada nəşr olunub.
Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, Frankfurtun zəngin ənənəli “Hans-Jürgen Maurer” nəşriyyatında işıq üzü görmüş kitabı alman dilinə görkəmli alman mütərcimi Rudolf Qelpke tərcümə edib.
Əsərə dair rəngli illüstrasiyalarla nəfis tərtibdə, min tirajla nəşr edilmiş kitabın “Ön söz”ünün müəllifi görkəmli nizamişünas alim Rüstəm Əliyev, redaktoru tanınmış alman naşiri Verlag Hans-Jürgen Maurerdir. Kitabın yaxın günlərdə Frankfurt Beynəlxalq Kitab Sərgisində nümayişə çıxarılacağı, Almaniya, Avstriya, İsveçrə, Lixtenşteyn və Lüksemburqun mərkəzi kitabxana və kitab evlərinə yerləşdiriləcəyi, tanıtım və təqdimat tədbirlərinin keçiriləcəyi nəzərdə tutulur.
Qeyd edək ki, ilk dəfə 1963-cü ildə İsveçrənin Sürix şəhərində yerləşən “Manesse” nəşriyyatında işıq üzü görmüş kitab Nizami Gəncəvini almandilli oxuculara “fars şairi” kimi təqdim edən “Ön söz”lə nəşr edilmişdi. Dövlət Tərcümə Mərkəzinin təşəbbüsü və səyləri nəticəsində əsərin, Nizamini ilk dəfə almandilli ölkələrin oxucusuna “dahi Azərbaycan şairi” olaraq təqdim edən yeni “Ön söz”lə nəşrinə nail olunub.
Ukraynanın uşaq yazıçısı İnna İşuk azərbaycanlı balaca oxucularla görüşüb
“Zoom” platforması üzərindən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə paytaxt kitabxanalarının fəal oxucuları ilə tanınmış Ukrayna uşaq yazıçısı İnna İşukun görüşü təşkil edilib.
İdarədən bildirilib ki, görüşdə Azərbaycan oxucularına yazıçı haqqında məlumat verilib.
Daha sonra oxucularla müəllif arasında maraqlı söhbət keçirilib. Kiçikyaşlı oxucular müəllifin əsərlərinə çəkilmiş rəsmlər təqdim edib və şeirlərini səsləndiriblər.
Ukrayna uşaq yazıçısı İnna İşyuk oxuculara öz kitabından nümunələr oxuyub, müxtəlif tapmacalar səsləndirib və oyunlar təqdim edib. Müəllif əsərlərinin Azərbaycanda öz oxucularını tapmasından məmnunluğunu bildirib və ilk görüşün davamlı olması arzusunu ifadə edib.
Görüşün sonunda Bakı kitabxanalarının əməkdaşları 44 günlük müharibənin Zəfərindən söhbət açıb, o cümlədən vətənpərvərlik şeirləri və kompozisiyalar təqdim edilib.
Qeyd edək ki, İnna İşuk 130-dan çox uşaq kitabının müəllifidir. Ukrayna Milli Yazıçılar İttifaqı Odessa uşaq yazıçıları bölməsinin rəhbəridir. 15 il ərzində müəllifin uşaqlar üçün 130-a qədər kitabçası, şeir və nəsr topluları, almanaxları işıq üzü görüb. O, "Болдинская осень в Одессе" (“Odessada Boldin payızı”) festivalının mükafatçısıdır. İki dəfə – 2017-ci ildə “Uşaqlar üçün şeir”, 2020-ci ildə isə "Волшебная монета" (“Sehrli qəpik”) kinossenarisinə görə beynəlxalq müsabiqənin qalibi və “Korney Çukovski” mükafatının sahibi olub.
İnna İşukun ən masştablı işi isə keçmiş SSRİ-nin on milyonlarla tamaşaçı toplayan “Спокойной ночи, малыши!" (“Gecəniz xeyrə qalsın, balalar”) televerilişinin ssenari müəlliflərindən biri olmasıdır.