Super User

Super User

 

 “Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə layihəsi olan “Şənbə qonağı”nda İntiqam Yaşarın bugünkü qonağı Şəmil Sadiqdir. Pedaqoq, naşir, yazıçı, iş adamı olan Şəmil Sadiq hər bir ampluasında kifayət qədər məhsuldardır, ən əsası da, xalqı üçün faydalıdır.

 

 

 

        -    Salam, Şəmil müəllim. Zamanı ədəbiyyata ayırmaq zamanıdır?

 

-     Salam, xoş gördük. Hər dövrün poetikası, lirikası, sujeti, kulminasiyası və s. var.  Ona görə də hər dövr elə ədəbiyyat dövrüdür.  Zamanı ədəbiyyata ayırmaq məsələsinə gəldikdə isə, bəli, niyə də olmasın?!

 

-         Təhsildənmi ədəbiyyata gəldiniz, yoxsa, ədəbiyyatdanmı təhsilə gəlmiş sayırsınız özünüzü?

 

-         Mənim ədəbiyyatda geniş fəaliyyət göstərməyimin səbəbi təhsildir. Çünki içimdə özümü daha çox müəllim kimi görürəm, maarifləndirməyə meyilli adam kimi. Müəllim öz düşüncələrini, arzularını, ideyalarını təbliğ etməklə bir sinfi, auditoriyanı, məktəbi  idarə edir. Amma, ədəbiyyatın zamanı da böyükdür, məkanı da böyükdür.  Bu baxımdan ədəbiyyata geniş auditoriya kimi baxıram. Auditoriyada çatdıra bilmədiklərimi daha geniş kütləyə çatdırmaq baxımından ədəbiyyat işimə yarayır. Bu baxımdan deyərəm ki, məni ədəbiyyata təhsil gətirdi.  Çünki ilk pyesimi məhz 20 nömrəli məktəbdə yazdım. Şagirdlər üçün səhnə hazırlayarkən ssenari yazdım və o, pyese çevrildi.  Buna görə də deyə bilərəm ki, məni ədəbiyyata təhsil gətirib.

 

-         Hazırda özünüzü daha çox hansı alana aid edirsiniz, təhsilə, yoxsa ədəbiyyata?

 

-         İndi mənim işim çox qarışıqdır (Gülür). Arada fikirləşirəm ki, mən müəlliməm. Uzun müddət fasilədən sonra siniflərdə bir neçə dərsim, görüşmələrim olub. Özümü daha çox xoşbəxt hiss etmişəm. Ədəbiyyat mənimçün hazırda mütaliə baxımından olmasa da,   yazmaq baxımından bir hobbidir, məşğuliyyətdir. Bu baxımdan, hazırda mənə görə, mən daha çox müəlliməm.

 

-         Son zamanlar da hiss olunur ki, ədəbiyyata yetərincə vaxt ayıra bilmirsiniz.

 

-         Deməli, 2013-cü ildə yazdığım “Odərlər” ramanım ki, var, o romanın ikinci hissəsini yazmalıydım. 2015-2016-cı illərə çatmalı idi. O romanın bütün eskizləri hazır olsa da hələ də yazıb bitirə bilməmişəm. Çünki zaman çatmır. Məktəbin işi həm ağırdır, həm də maraqlıdır. Mən həmişə sevdiyim və bəyəndiyim işlə məşğul olmuşam deyə ürəyimə nə yatırsa onu edirəm.  Hətta bir dəfə doktorluq dissertasiyamı və “Odərlər” romanımı qoydum qarşıma ki, seçim etməliyəm. Bunlardan birini yazmalıyam. Və seçdim romanı yazmağı. Amma mən seçim etsəm ki, ədəbiyyatmı, təhsilmi, yəqin ki, təhsili seçəcəm. Çünki, təhsil həm də mənim işimə çevrilib. Bu həm də həyat tərzimdir, burada idarəçilik də var, təkcə müəllimlik etmirəm, işin içərisində həm də biznesin idarə edilməsi var. Bu baxımdan son dövrlər doğru-düzgün bir yazı qələmə ala bilməmişəm. Bəzən də elə bilirəm ki, heç yaza bilmirəm.

 

-         “Ustad” dərgisini yaratdınız. Zərurəti nə zaman hiss etdiniz?

 

-         Yadına gəlirsə, 2014-cü il idi, “Kitabevim.az” mağazası açıldı. Ondan bir il sonra Gənclər günündə “sənət.az” saytını yaratdıq. Ondan bir il sonra da “Ustad” jurnalını təsis etdik. Ədəbiyyat dərgisi qalıcıdır, tarixdir. Bizim bir işimiz təhsildir, bir işimiz də nəşriyyatdır, kitabçılıqdır. Bir növ, naşir fəaliyyətimiz də zərurət yaratmış olur bu tip işləri görməyə. Bununla bərabər, ədəbiyyatla məşğul olduğun üçün, məsələn, özün yazırsan, ətrafında yazanlar var və bu yazanların münbit şəraiti yoxdur, bud a başqa bir zərurət idi. O dövrdə ümumiyyətlə, şərait fərqli idi. İki fərqli qol var idi, xatırlayırsınızsa. Bir tərəfdə AYB-nin dərgiləri vardı, digər tərəfdə isə özəl bir sayt formalaşdırmışdılar. Ancaq, o dar boğazdan keçib hər kəs öz düşüncə dostunu, ətrafını çap edirdi. “Ustad”ın yaranmasının əsas səbəbi bu oldu. Əslində, mənim  gördüyüm işlərin bir çoxu belədir. Bir növ, prinsiplərim olur. Kursu da açanda belə olmuşdu. Təhsil meydanı qardaş ölkələrdən birindən gəlmiş bir şirkətin əlində idi. Bir növ, o duruma qarşı üsyan kimi oldu içərimdə ki, biz niyə edə bilmərik?! “Kitabevim.az” mağazası da o cür yarandı. O dövrdə 3-4 kitab mağazası vardı və onlara da hər adamın kitabı qoyulmurdu. Biz də bu kitab evini açdıq və dedik ki, bu, xalqın kitab evidir və hamının kitabı satılacaq burda. “Ustad”ın da yaranmasının səbəbi bu idi ki, bəzi gənclərin meydanı yox idi. Düşündük ki, bu meydanın içində yeni bir meydan yaratmış olaq. Ədəbiyyatdakı dostlarımızın bu kimi çox cəhdləri olur. Bunların bəziləri qalıcı, bəziləri isə günlük, aylıq, illik olur. Amma şükürlər olsun, “Ustad” artıq xeyli müddətdir fəaliyyət göstərir. Artıq 35-ci sayı dərc olundu. Bu dərgidə tam demokratik, münbit və səmimi bir kollektiv var. Burada qələmi, bacarığı olan insanlara həmişə yer verilib. Amma indi təəssüflər olsun ki, o rəqabət də yoxdu. İndi hər kəs öz meydanında çalıb-oynayır.

 

-         Bu gün dərgi istədiyiniz səviyyədədirmi?

 

-         Bəli, mənə görə biz istədiyimiz səviyyədədir. Bunu həm də poliqrafik, tərtibati baxımdan deyə bilərik. Bu gün biz dünyada məşhur olan və pafos kimi səslənsə də Azərbaycan tarixində ilk dəfə dərgi və qəzet arasında olan bir formata keçmişik. Amma, oxucu heç nə istəmir deyə onun istədiyi səviyyədədirmi, deyilmi, onu bilmirəm. Oxucunun istəyi, tələbi artarsa, sən bir naşir olaraq özünə çəki, düzən vermiş olursan. Təssüflər olsun ki, bu gün ölkədə laqeyd münasibət var ədəbiyyata, sənətə, mədəniyyətə. “Ustad”da Türkiyədən olan bir sənət adamının fikirlərini vermişdim. O deyirdi ki, İŞİD terrorçuları sənəti Türkiyə sənətçilərindən, ümumiyyətlə millətdən daha çox sevir. İzahı da belə idi ki, Türkiyə cəmiyyəti sənəti nə sevib qucaqlayır, nə də ki İŞİD kimi dağıdır. İŞİD başa düşür ki, bu çox dəyərlidir, onu dağıdır. Amma Türkiyədə cəmiyyət o qədər laqeyddir ki, heç olmasa demir ki, bu çox dəyərlidir bunu dağıdaq, yaxud da, əksinə, qoruyaq. İndi bizdə də ədəbiyyata, sənətə belə laqeyd münasibət var. Uzaqbaşı bir-birimizə bir link atırıq, o da barmaq işarəsi ilə bir bəyəndim edir. Heç çox vaxt da açıb oxumur. Ədəbi mühit yoxdur. Sözsüz ki, burada sosial şəbəkələrin böyük təsiri var. Zaman bizi öz istədiyi kimi idarə edir, biz zamanı idarə edə bilmirik. Problem də buradadır. Oxucunun tələbi olacaqsa, “Ustad” da, digər dərgilər də onun tələbiylə ayaqlaşmağa çalışacaq. Təssüf ki, heç bir reaksiya yoxdur və bu, ümidsizlik yaratsa da, biz gücümüz çatdığı qədər davam edəcəyik. Hazırda dərgi şirkətin (“Hədəf “ şirkəti –red.) dəstəyi ilə çıxır. Amma daha yaxşı dərgi çıxarmaq üçün sözsüz ki, yaxşı qonorar verməlisən. Qonorar versək də, bu, başqaları ilə müqayisədə normal olsa da, cüzi məbləğdir. Bəlkə də zamanla proseslər düzələcək. Sən dərgini satacaqsansa, gəlir əldə edəcəksənsə, məcbursan yazarı da müəyyən mənada razı salasan.

 

-         Tək “Ustad” yox, ümumiyyətlə mühitdə dərgilər nə dərəcədə boy göstərir? Azərbaycan olaraq bizdə çox da dərgi yoxdu. Elə təkcə qardaş Türkiyəni misal çəksək, orada kifayət qədər çox dərgi var və bu çoxluqda da kifayət qədər əhatə dairəsi geniş olanlar var.

 

-         İntiqam bəy, həmişə mən belə düşünürəm, Sovet dövrü ki dağıldı, bir ənənə qırıldı. Biz həmişə eşidirik o dövrlə bağlı ki, adam vardı, filan dərginin bütün saylarını yığmışdı, filan dərgi 70-80 min tirajla çap olunurdu və s. Amma, müstəqillikdən bu tərəfə keçən 30 ildə biz onu görə bilməmişik, o hissi yaşamamışıq. Azərbaycanda saysaq, bu gün 5-6 dərgi var. 2-3-ü özəl sektorun ola bilər, digərləri də AYB-nin. Kitabçılığın inkişaf etməməsi dərgiçiliyə də təsir edir. Necə ki, mətbuatda qəzet anlayışını saytlar məhv edir. Kitabçılıqda da bu amil dərgilərə təsir edir. Amma inanmıram ki, hazırda hər hansısa şou-maqazin dərgisini də kimsə ala. Bu baxımdan, bizimlə müqayisədə Türkiyədə ədəbiyyat və dərgi çox yüksək səviyyədədir. Hətta biz mağazalardan da görürük ki, “Kafkaokur” dərgisi Azərbaycanda məşhurdur.  Belə olan halda fikirləşirsən ki, o dərgini insanlar sifariş edib gətirdirlərsə, bizdə də bu hal ola bilər. Belə olan halda marketinq məsələsi çıxır ortaya, Azərbaycan kitabçılığında marketinqin bərbad vəziyyətdə olması, təbliğat imkanlarının zəifliyi ümidsizlik yaradır. Bu işdə fədakar insanlar lazımdı. Milli burjuaziya əslində bu idi. 100 il bundan öncəki Azərbaycanı yadımıza salaq. O zamanlar kitab, dərgi necə çıxırdı?! Cəlil Məmmədquluzadə hansı əziyyətləri çəkirdi?! Hansısa milyonçuların, Hacı Zeynalabdin Tağıyevin, Məmmədağa Şahtaxtinskinin dəstəyi ilə ortaya bu işlər çıxırdı. Yəni, biznesmenlərin bu işə xüsusi dəstəyi olmalıdır. Məsələn, bizim dərgi öz imkanları hesabına qalsa, əlbəttə çıxa bilməyəcək. Bir yerdə dayanacaq. Şirkətin əlavə bir maliyyə dəstəyi var. Mən bu işdəyəm və özümə borc bilirəm ki, özümə düşən paydan buraya ayırım. Bunu digər qurumlar, müəssisələr, təşkilatlar da düşünməlidir. Hər hansı bir dərginin yaşaması, təbliğatı üçün dəstək verilməlidir. O olmazsa, belə də gedəcək.  Milli burjuaziya inkişaf etsə, bu ona gətirib çıxaracaq ki, bu dərgilər inkişaf edəcək, dünya səviyyəli standartlara cavab verəcək.

 

-         Xarici səfərlərdə çox olursunuz. Ədəbi yöndə hansısa nümunələr olubmu ki, fikirləşəsiniz, bunu mütləq bizdə də tətbiq etmək lazımdı.

 

-         Mən daha çox xarici səfərlərdə bir iş adamı kimi, alim kimi oluram. Ədəbiyyat adamı kimi çox az səfərlərdə oluram. Amma çoxlu nümunələr var ki, biz bunu edə bilərik. Beynəlxalq kitab sərgisi təşkil olundu Azərbaycanda və yaxşı da təşkil olundu. Amma neçə illərdi səsləndiririk ki, tələbələrin kitaba marağını, həvəsini artırmaq üçün nə olardı ki, universitetlərin büdcəsindən və ya sponsorların köməkliyi ilə onlara  bir 10 manatlıq kitab almaq üçün kart verəydilər. Bu da bir sövqdür, bir təşviqdir.  Və yaxud, hələ də bizim ölkəmizdə ədəbiyyatla, kitabla bağlı birmənalı olaraq hamının gözlədiyi mükafat yoxdur. Hamı hər il gözləsin ki, bu mükafatı bu il kim alacaq. Çox təəssüflər olsun, ədəbiyyat ölkəsi olaraq “Nizami Gəncəvi ili”ni başa vururuq, hələ də belə bir milli mükafat yoxdur. Bilinsin ki, ədəbiyyat sektorunda roman yazarımız filankəsdir və bu, normal araşdırılsın, normal münsiflər heyəti olsun. Sözsüz ki, bütün mükafatlarda sonda söz-söhbət olur. Amma, biri var, çoxluğun söz-söhbəti, biri də var, təsadüfi söz-söhbətlər. Mənim yadıma gəlir, “Qızıl kəlmə” mükafatı vardı, bu ildən deyəsən formatını dəyişdirirlər, bir il mən o mükafatı almışam. Həmin il o mükafatı iki yerə böldülər. Natiq Məmmədlinin  “Körpüdə ümid” romanına və mənim “Odərlər” romanıma verdilər. Orada mükafat fondu da vardı. Bu, mənim bir az xətrimə dəydi ki, mənim əsərim daha layiq idi, niyə başqasına da verilir. Bir az araşdırdım, bir az da acığa düşüb o kitabı axşam aparıb oxudum. Oxuyandan sonra razılaşdım ki, düz ediblər. Mən də seçim qarşısında qalsaydım bu iki roman arasında qala bilərdim. Bu baxımdan çox şeylər sadalamaq olar. Daha böyük sərgilər, kitabla bağlı milli mükafatların olması, ədəbiyyat adamlarının ələ baxımlılıqdan çıxıb qonarar səviyyəsində yüksək təminatının olması və s. bunlara daxildir. AYB-nin orqanlarında qonorar var. Əgər, o qonorar böyük olsa ədəbiyyatçılar arasında çox ciddi rəqabət olar. Amma “Azərbaycan” jurnalına hər saat düşmək olmur, sözsüz ki, ayda bir dəfə çıxan jurnaldır, hər adamın yazısını da vermək mümkün deyil. Bir vaxtlar mənim marağım vardı ki, orada nəsə çap olunsun. Amma indi nə jurnalın böyük tirajı qalıb, nə də ordan çox böyük qonarar əldə edirsən. Belə olan halda bu məsələ səninçün bir yerdə bitir. Deyirsən, bunu bir sayta verərəm, daha geniş auditoriya oxuyar. “Ədəbiyyat qəzeti”nin də, AYB-nin nəzdində olan digər ədəbi orqanların da qonorar fondu çox zəifdir. Qonorar fondu yükəsk olsa rəqabət yüksələcək və o zaman tənqid də inkişaf edəcək. Amma jurnal olsa da, olmasa da, qonorar verilsə də, verilməsə də, istənilən halda ədəbiyyat var. Yazıçı üçün nəticə önəmli deyil, o onsuz da yazısını yazır. Bu gün olmasa da, 50 ildən sonra kiməsə maraqlı olsa onu çap edəcək. Bu başqa məsələdir. Amma bu günün insanını ədəbiyyata çatdırmaq üçün xarici təcrübə çoxdur. Yeri gəlmişkən deyim, ədəbiyyatımızın xaricdə tanıtımı ilə bağlı heç bir fəaliyyət yoxdur. Ölkədə Azərbaycan Dövlət Tərcümə Mərkəzi yaradılıb. Bu mərkəz də nəşriyyat kimi gedib xaricdən kitab alıb gətirir, tərcümə edir və Azərbaycanda satışa çıxarır. Gülməli vəziyyətdir. Tərcümə Mərkəzi istərdim ki, Azərbaycan ədiblərinin qayğısını alsın çiyinlərinə və desin ki, hər il mən 10 şeir, hekayə, roman ustasının kitablarını xaricdə çap edəcəm, nəşriyyatlara göndərəcəm, bunun menecerliyini, marketinqini aparacam, tərcüməsinə nəzarət edəcəm. Bilmirəm, bunlar onun nizamnaməsində varmı?! Bu tip şeylər olmadıqda ədəbiyyat da yerində sayacaq.

 

-         Şeir də yazırsınız, nəsr nümunələri də. Daxili tələbatdır, yoxsa qələm təcrübəsi kimi yanaşırsınız?

 

-         İntiqam bəy, yəqin ki çox adamda belə olur, ilk dəfə ədəbiyyata şeirlə gəlir. Mənim də ilk şeirlərim 90-cı illərin əvvəllərində anama, ya da vətənə yazdığım şeirlər olub ki, onları xatırlayıram. Amma, şeirə məndə daxili tələbat olur. Çox fərqli məqamlarda şeir yaza bilirəm. Bir növ, şeiri özüm üçün yazıram. Şeir kitablarım olsun, şeirlərimi ard-arda düzüm və s. bu kimi fikirlərim olmayıb. Amma, nəsri bir az pafosla səslənsə də xalq üçün yazıram, oxucu üçün yazıram, maarifləndirmək üçün yazıram. Şeiri özüm üçün yazıram. Bu hər hansısa emosiyadan, sevgidən, nifrətdən ola bilər. Şeir məndə daxili tələbatdan irəli gəlir. O da çox nadir hallarda olur. 3-5 aydan bir yazaram-yazmaram.

 

-         “Odərlər” romanındakı ideyalar 44 günlük vətən savaşımızla bir növ reallaşdı. Roman istədiyiniz effekti verdimi?

 

-         İndi hamı öz yazdığını tərifləyir. Mənimçün “Odərlər” bəlkə də yaradıclığımın şah əsəri olacaq. Bundan sonra  nə yazacam bilmirəm. Bəlkə də mən bu ədəbiyyatda qalaramsa elə “Odərlər”ə görə qalacam. Bu romanda özümün də fərqinə varmadığım çoxlu mesajlar, proqnozlar var idi. Bəlkə də bu, daxili istəkdən belə idi. Elə bil ki futbola baxırsan, “Qarabağ” klubu Çempionlar liqasında ən güclü klubla oynayır. Heç bir azərbaycanlı onun uduzacağını xəyal edə bilmir. Əslində daxilində sevimli klubunu o qədər böyütmüsən ki, ən böyük klublarla oynasa belə uduzacağını qəbullanmırsan. Amma, reallıq da başqa bir şeydir. Sənin istəyinlə reallıq üst-üstə düşməyə bilər. “Odərlər” də mənim üçün o cür oldu. Bəlkə də istəklərimin tərənnümü vardı orada. 2012-ci ildə yazılan bu romanda xeyli proqnozlar var. FETÖ məsələsi ilə bağlı, Krımla bağlı, Qarabağla bağlı. Bizim Şuşamızı xüsusi təyinatlılarımızın azad etməsi, oradan videoların internetə qoyulması, birinci şəxsə Şuşada artıq Azərbaycan bayrağının dalğalanması mesajının verilməsi və s. orada əksini tapıb. Hətta biz Şuşa azad olunan kimi kiminsə namaz qılmasını, duasını etməyini də gördük, kiminsə şərab içib şadyanalıq etməsini də gördük. “Odərlər”də də beş qəhrəman vardı ki, Azərbaycan tolerant ölkə olduğu üçün onlardan biri sünni idi, biri şiyə idi, biri deist tipli, biri tenqriçi, biri dinə marağı olmayan bir adam idi. Bu cür fərqli obrazlar yaradaraq Şuşaya göndərmişdim ki, onların qanında türk, azərbaycanlı genofondu yaşayır. Bunlar nə etsələr Azərbaycan üçün edirlər, hansısa bir dövlətin dünyagörüşünə görə eləmirlər. Biz də Qarabağ müharibəsində dinindən, irqindən asılı olmayaraq birləşdik. Arada özüm üçün də təəcüblü gəlir ki, mən bunları necə yazdım?! Dostlar bəzən zarafat edirlər ki, sən o vaxtlar İsa Muğanna ilə dostluq edirdin, yəqin onun təsiridir (Gülür). Amma, həqiqətən də İsa Muğanna kimi böyük şəxsiyyətin “Odərlər”ə  dahi roman deyib verdiyi qiymət, yaxud da Türkiyənin naziri olmuş Namiq Kamal Zeybəkin romandan öz verilişində bir hissə oxuyaraq sonda deməsi ki, “kəramət kimi adamdır”, çox böyük qiymətdir. Yəqin ki o zamanlar hamı mənim kimi bunları arzulayır və təxmin edirdi. Sadəcə, mənim yazmaq qabiliyyətim şansım idi ki, belə bir roman ortaya çıxdı. Maraqlı olan ondan ibarətdir ki, romanın sonunda Qarabağ məsələsi bitir, romanın qəhrəmanı Aslanı göndərirlər Çinə ki, oradan qədim türk tarixinə aid kitablar gətirsin. O, təyyarədə olarkən, zəng gəlir ki, səndə proqram dəyişdi. Artıq tapşırıq Təbrizədir. Maraqlı proseslər baş verir həqiqətən. Yəqin ki, mənim romanımın ikinci hissəsində Aslan Təbrizə gedəcək.

 

-         Ustad İsa Muğannadan bəhs etdiniz. Elə növbəti sual da onun haqqındadır. Bilirəm ki, ustadla bağlı çoxlu xatirələriniz var. Xatirələrinizi kitablaşdırmısınız, amma istərdim oxuculara yenə nələrsə danışasınız.

 

-         Bu gün darıxdığım iki adam var mənim üçün. Tez-tez xatırlayıram. İki ustadım deyək. Biri şeiri, əruzu mənə sevdirən ilk ustadım Zülfəli Zülfəliyev olub, digəri isə İsa Muğannadır. İndi ədəbiyyatla bağlı maraqlı bir işim olanda, hər ikisi kaş burada olardılar, kaş görərdilər deyə ürəyimdən keçən hisslər olur. İsa müəllim mənim üçün müdrik bir ağsaqqal, üləma bir elm adamı, bununla bərabər həm də yaxın bir dost idi. Çünki, gənc yaşlarımda tanış olmuşdum hər iki ustadımla. Mən İsa Muğannanın evinə gedib-gələndə onun yaşı 70-in üzərində idi. Mənim də yaşım 30-un üzərində idi. Aramızda yaş fərqi də çox idi. Amma mütaliə, ranq, imic baxımından aramızda fərqə baxmayaraq, mən onun yanında özümü çox yaxşı hiss edirdim. Onunla sanki, bir tələbə yoldaşımla oturub ədəbi müzakirə, söhbət edər kimi rahat söhbət edirdik. Bunların hamısı indiki xatirələrim üçün çox önəmlidir. Yadıma gələn, heç vaxt unutmadığım nüanslardan biri də Firuzə xanımın (İsa Muğannanın həyat yoldaşı –red.) bizə qulluğu idi. Ona görə də mən o evdən həmişə çıxanda yemək yeyib çıxmaq məcburiyyətində qalırdım. Halbuki, elə planlayırdım ki, yemək saatına vaxt çatmasın. Amma necə olurdu, bilmirəm, həmişə yemək saatına qalırdım. Firuzə xanım da deyirdi ki, bu evdən yemək yemədən getmək olmaz. Bu, hər halda elimizin qonaqpərvərliyindən irəli gəlir. Həmişə deyirlər, hər bir böyük kişinin arxasında böyük qadın durur. Mən bunu bir neçə qadının timsalında görə bilirəm ki, bunlar Əhməd Cavadın Şükriyyəsidir, Hüseyn Cavidin Müşkinazıdır və İsa Muğannanın Firuzəsidir. Çünki Firuzə xanım ona elə bir qulluq edirdi, elə bir xidmət göstərirdi, onu elə qoruyurdu ki. Hətta sizə onu deyim, Firuzə xanım olmasaydı kimlərsə ona ədəbiyyatımızda bir dəli deyib keçib gedəcəkdi. Çünki Firuzə xanım ona gələn yan təsirləri, qızışdırmaları və s.-i hiss edirdim ki, nəzarətdə saxlayır. Müsahibələr verəndə belə oturub qulaq asırdı, deyirdi, məsələn, İsa bunu demə, onu demə, bu olmaz, o olmaz və s. İsa müəllim də bir ədəbiyyat adamı kimi azad, rahat adam idi. Amma, xanımı onu həmişə ehtiyatlı olmağa sövq edirdi. Bir dəfə Firuzə xanım dedi ki, ay Şəmil, istəyirəm ki, Tanrı mənə elə yaş versin ki, İsa ölənə qədər mən ona qulluq edə bilim. Məni ondan qabaq aparmasın. İsa müəllimin də qəşəng bir gülüşü vardı. Gülüb dedi ki, onda gərək sən əbədi yaşayasan ki. Yəni bir dost, bir ziyalı, mütaliəli bir şəxsiyyət kimi İsa müəllimlə isti münasibətimiz vardı. Bir də yaddaşı çox güclü idi. 80-dən yuxarı yaşı olan İsa müəllim 15-20, 30-40 yaşlarından elə xırda şeyləri xatırılayırdı ki, heyrətlənməmək olmurdu. Rəhmətlik Zəlimxan Yaqubun onunla bağlı bir gözəl sözü vardı - “sirr qoxuyan kişi”. Doğrudan da sirr qoxuyurdu danışdqca. Yəni onunla elə səmimi, real müsahibələrimiz vardı ki, bu gün onlar kimlərisə incidə bilər. İsa müəllim reallıqları danışa bilirdi. Təəssüf edirdin ki, bu qədər müdrik, mülayim bir insan  bunları niyə görməli idi?! Baxın, ədəbiyyatda heç kim İsa müəllimdən eqoistlik, kimisə əzmək, ümumiyyətlə, pisliklə bağlı bir kəlmə də danışmır. O da mənimçün bir şəxsiyyət formatıdır. Mən belə adama ədəbiyyatla şəxsiyyəti bütövləşən adam deyirəm. Bunu mən Nəsimidə, Hüseyn Caviddə və İsa Muğannada görürəm. Adam romanında vicdan dərsi keçsin, özü vicdansız olsun, bu, üst-üstə düşmür. Amma, İsa Muğanna yazdıqlarını yaşayıb, yaşadıqlarını yazıb. Bu baxımdan o, ədəbiyyatla bütövləşən adamdır. Onu unutmaq olmaz, o, mənim üçün tarixdir.

 

-         Ölkədən kənarda necə, çap olunursunuzmu? “Odərlər”in ölkədən kənar həyatı necə oldu?

 

-         “Odərlər” iki dildə -alman dilində və Türkiyə türkcəsində çap olunub. Beynəlxalq kitab saytlarında hazırda satışda da var. O nəşriyyatların üzərində olan məsələ olduğu üçün hələ maraqlana bilməmişəm, nə satılıb, nə qazanmışıq?! Amma Türkiyədə bir neçə universitetdə təqdimatı oldu. Bundan başqa, “Yuxu maşını” romanım da rus dilində çap olundu. Bununla bağlı, bir təşkilat tərəfindən mükafat da göndərildi. Küveytdə bir “Azərbaycan ədəbiyyatı tarixi” adlı kitabım çap olundu. “Ümidlərin izi ilə” romanım rus dilində Qazaxıstanda və Qırğızıstanda çap olundu. Düşünürəm ki, yaxın zamanlarda “Odərlər” daha çox çap olunacaq.

 

-         Təşəkkür edirəm maraqlı söhbət üçün.

 

-         Mən də təşəkkür edirəm, xeyli vaxt idi ədəbiyyat söhbəti etmirdim.

 

 

Bakıda keçirilən Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitinin iştirakçıları oktyabrın 29-da Füzuli və Şuşa şəhərlərində olublar.
Mədəniyyət Nazirliyi xəbər verir ki, 20-yə yaxın ölkədən rəsmi şəxslərin, investorların və startapların iştirak etdiyi səfər Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə bu yaxınlarda istifadəyə verilmiş Füzuli Beynəlxalq Hava Limanından başlayıb. Füzulidən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gedən qonaqlar Ermənistan tərəfindən işğal dövründə törədilmiş dağıntı və vandalizmin nəticələri, Azərbaycan hökuməti tərəfindən həyata keçirilən bərpa-quruculuq işləri, şəhərin tarixi-mədəni irsi, eləcə də Qarabağ regionunun iqtisadi və investisiya potensialı ilə tanış olublar. Şuşa mərkəzi meydanı, Şuşa qalası, Yuxarı Gövhər Ağa Məscidi və Cıdır düzü qonaqların böyük marağına səbəb olub. Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov qonaqlara Füzuli və Şuşa şəhərləri barədə məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.
Daha sonra sammit iştirakçıları Gəncə şəhərində olublar. Məlum olduğu kimi, 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi ili” elan edilib və Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti də məhz dahi şairin 880 illiyinə həsr olunub.
Qeyd edək ki, 27-29 oktyabr tarixlərində Bakıda keçirilmiş Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) təşkilatçılığı ilə keçirilib. Tədbirdə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdən dövlət rəsmiləri, beynəlxalq təşkilatların və diplomatik korpusun təmsilçiləri, iş adamları, investorlar,  startaplar, gənclər təşkilatları, ümumilikdə 20-dən çox ölkədən nümayəndələr iştirak edib. Sammit çərçivəsində 7 mövzuda panel müzakirələr və ikitərəfli görüşlər təşkil olunub, İƏT ölkələrindən 50 startapın təqdimatı, gənclərin iştirakı ilə konfrans, Nizami Gəncəvinin 880 illiyi ilə bağlı mədəni proqram və digər tədbirlər təşkil olunub.

1923-cü ildən etibarən hər il oktyabrın 29-u Türkiyənin Cümhuriyyət Günü kimi qeyd olunur. Qardaş ölkə üçün belə şanlı və qürurlu tarixdə mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti İstanbulda səfərdədir.
Mədəniyyət Nazirliyi məlumat verir ki, səfər çərçivəsində mədəniyyət nazirinin rəhbərlik etdiyi heyət İstanbul Atatürk Kültür Mərkəzinin yenidən açılışında iştirak edib.
Türkiyədə sənətin, mədəniyyətin nəbzinin döyündüyü bu məkanın yenidən qonaqlara qapılarını açdığı əlamətdar bayrama Prezident Rəcəb Tayyib Ərdoğan, eləcə də bir sıra dövlətlərin rəsmiləri qatılıb.
Açılış tədbirində ölkə başçısı R.T.Ərdoğan çıxış edərək, Qardaş Türkiyə dövlətinin əzəmətli tarixindən, sarsılmaz qüdrətindən bəhs edib.
Sonra mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy qonaqları salamlamaqdan məmnunluğunu ifadə edərək, qədim tarixi köklərə malik Türkiyə dövlətinin zəngin mədəniyyətindən söz açıb.
Tədbir "Sinan" operasının nümayişi ilə davam edib.

Devid Bouinin nümayəndələri musiqiçinin mahnı kataloqunu 200 milyon dollar dəyərində qiymətləndirərək satışa çıxarmaq qərarına gəliblər.
TASS agentliyi xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
Məlumatda bildirilib ki, danışıqlar yekunlaşmaq üzrədir və nəticə yaxın həftələrdə açıqlanacaq.
Müəllif hüququ ilə bağlı mübarizələr fonunda Devid Bouinin mahnı kataloqu bazarda ən çox gözlənilən mahnılardır. Son illərdə onların dəyəri sürətlə artıb. Belə ki, musiqi yayım platformaları köhnə hitlərə yeni həyat bəxş edib. Mahnı kataloquna daxil olan albomlar hələ uzun illər onun sahibinə gəlir gətirəcək. Devid Bouinin mahnıları indiyədək radioda səslənir və reklam çarxlarında istifadə olunur.
Qeyd edək ki, Devid Bouinin “Blackstar” adlı son albomu 2016-cı il yanvarın 8-də, sənətçinin ad günündə işıq üzü görüb. İfaçı iki gündən sonra dünyasını dəyişib.

Xəbər verdiyimiz kimi, “Azərkitab” Kitab Təbliğatı Mərkəzində Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Flores və istedadlı gənc rəssam Arzu Əhmədlinin "İncəsənət sərhəd tanımır" adlı birgə yaradıcılıq sərgisi təqdim olunub. Tədbirdə Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Sərgidə Xuan Rodrigo Labardini Floresin Azərbaycan və Meksikanın görməli yerləri və memarlıq abidələrinin yer aldığı fotoşəkilləri və gənc rəssam Arzu Əhmədlinin rəsm əsərləri nümayiş olunub.
Sərginin təşkilatçısı Azərbaycan Rəssamlar İttifaqının üzvü Aygün İsgəndərova, layihə rəhbəri isə Azərbaycan Rəssamlar İttifaqının üzvü Elnurə İsgəndərovadır.
Sərgini Elnurə İsgəndərova açaraq qarşıdan gələn Zəfər Günü ilə bağlı iştirakçılara geniş məlumat verib.
Sərgi ilə bağlı təəssüratlarını Azərbaycan dilində bölüşən səfir Xuan Rodrigo Labardini Flores bildirib ki, Azərbaycan və Meksika arasında geniş mədəni və dostluq münasibətləri mövcuddur və bu mədəni hadisə iki ölkə arasında dostluq münasibətlərinin inkişafına və ikili mədəni əlaqələrin daha da genişlənməsinə böyük töhfə olacaq. Səfir ilk fərdi sərgisinin məhz Azərbaycanda təşkil olunmasından böyük zövq aldığını qeyd edib.
Sonra Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakı təmsilçisi Mustafa Kemal Beyazbayram çıxış edərək Azərbaycana olan sevgisindən bəhs edib.
Tədbirdə Milli Məclisin deputatı Qənirə Paşayeva, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, "Azərkitab" Kitab Mərkəzinin layihə rəhbəri Sabir Həsənov , Milli Qəhrəman İbad Hüseynli , gənc rəssam Arzu Əhmədlinin atası Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov çıxışlarında belə mədəni tədbirlərin ölkələrarası dostluğun, mədəni əlaqələrin inkişafında əvəzsiz rol oynadığını bildiriblər. Hər iki sənətkarı bu möhtəşəm sərgi münasibətilə təbrik edən natiqlər hər zaman layihələrinin orijinallığı ilə fərqlənən Elnurə və Aygün İsgəndərovalara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Sonra təşkilatçılar və sənətkarlar səfirlik və "Azərkitab" Kitab Mərkəzi tərəfindən diplomlarla təltif olunublar.
Sərgi sevilən kaman ustası Şəhriyar Musayevin biri-birindən rəngarəng ifaları ilə davam edib.
Sonda iştirakçılar Meksika mətbəxinin ləziz təamları ilə tanış olublar.

 

1968-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirsə də kinoya sevgisi Oqtay Babazadəni 1974-1979-cu illərdə Sankt-Peterburq Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda təhsil almağa yönəltmişdir. O, hələ sovetlər dönəmində onlarla kinofilmlərin rejissoru olmuşdur. Rejissor Tofiq Bəhramov, Ələkbər Məmmədov kimi futbol, Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Rəşid Behbudov, Toğrul Nərimanbəyov, Səttar Bəhlulzadə, Dmitri Şostakoviç, Mstislav Rostropoviç kimi incəsənət adamlarının obrazlarını lentdə və ekranda əbədiləşdirmişdir. Onun rejissorluq filmotekasına 150-dən çox bədii, musiqili, sənədli filmlər daxildir. O. Babazadənin çəkdiyi filmlər dəfələrlə müxtəlif beynəlxalq kinovideo festivallarında diplom və mükafatlara layiq görülmüşdür. “Hakim” filmi Tiflisdə “Qran-Pri” və “Yaradıcılıq axtarışlarına görə” priz və diploma, “Leyla və onun dostları” Moskvada keçirilən Beynəlxalq Gənclər forumunun kinofestivalında 2-ci dərəcəli prizə və diploma layiq görülmüşdür. Tammetrajlı “Toğrul” filmi 2011-ci ildə Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilmiş birinci Televiziya filmləri festivalının “TEFİ” – “Birlik” diplomuna layiq görülmüşdir. Oqtay Babazadə 2000-ci ildə respublikanın “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüş, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

 

Təbrik edirik yubilyarı.

 

 

 

 

30 oktyabr. Ümumdünya siyasi repressiya qurbanlarının xatirə günü

 

1974-cü il 30 oktyabr tarixində keçmiş SSRİ-də məhkum olunmuş siyasi məhbus Kronid Lyubarskinin təşəbbüsü ilə Mordoviya və Perm düşərgələrinin məhbusları “Beynəlxalq Siyasi Məhbuslar Günü”nü həbsxanada aclıq edərək siyasi repressiya qurbanlarının xatirəsinə şam yandırmaqla qeyd etməyə başlayıblar. Elə həmin gün Sergey Kovalyov Andrey Saxarovun evində mətbuat konfransı təşkil edərək həbsxanada keçirilmiş bu aksiya barədə məlumat verib, həbsxana düşərgəsindən bəzi sənədlər ictimailəşdirilib və siyasi məhbusların sözləri ictimaiyyətə çatdırılıb. Bir neçə aydan sonra bu mətbuat konfransının təşkili Kovalyovun ittihamnaməsinin tərkib hissələrindən birinə çevrilib. O vaxtdan bəri həmin tarix əvvəlcə sovet dissidentləri arasında, sonra isə ümumdünya miqyasında repressiya qurbanlarının xatirəsi günü kimi qeyd olunur.

 

Azərbaycan da keçmiş SSRİ dönəmində siyasi repressiyalardan öz nəsibini almış ölkələrdəndir. 1920-ci illərdən başlayıb 30 ildən artıq davam edən repressiya adlı qanlı terror dönəmi Azərbaycanda çox böyük miqyasda ziyalı təbəqəsinin məhvinə səbəb olub. Azərbaycanda repressiya nəticəsində öldürülənlərin sayının təxmini olaraq 70-120 min nəfər arasında dəyişdiyi ehtimal olunur ki, bunların da 29 min nəfəri ziyalılar idi. Bu dəhşətli repressiya təkçə öldürülənlərlə yekunlaşmayıb. O qanlı illərdə Azərbaycan ərazisindən intellektual təbəqənin 100 mindən artıq nümayəndəsi - yazıçı və şairlər, mədəniyyət və incəsənət xadimləri, alimlər, pedaqoqlar, hərbçilər, din xadimləri, eləcə də repressiya nəticəsində öldürülmüş ziyalıların ailə üzvləri, qohumları Qazaxıstanın ilan mələyən çöllərinə, eləcə də ilik donduran soyuq Sibirə sürgün ediliblər. 1937-ci və 38-ci illərdə repressiya amansızlığı etibarilə pik nöqtəsinə çatmışdı. İnsanlar 15-20 dəqiqə çəkən qondarma məhkəmələrin “qərarı” ilə güllələnir, məhv edilirdi. Repressiya qurbanlarına tarixin sonrakı dönəmlərində “bəraətlər” verildi, bu, məhv edilmiş günahsız ömürləri, darmadağın olmuş məsum həyatları geri gətirməsə də, onların xələfləri üçün, bütövlükdə Azərbaycan xalqı üçün kiçik də olsa mənəvi təsəlli idi.

 

30 oktyabr. Frankenşteyn günü

 

Bu tanınmış bir obrazdır, Meri Şellinin “Frankenşteyn, yaxud müasir Promotey” romanının baş qəhrəmanı, müxtəlif kitabların, bu süjetə dramatik və kinematoqrafik adaptasiyaların personajı olan bu şəxs həyat ziddiyyətlərinin simvoludur. Peşəcə kimyaçı olan Frankenşteynin ilkin fikri insan cisminin gözəlliyini qaçırılmaz bir çirkinliyə məruz qoyan ölüm mövhumunu yer üzündən silmək olur. Bu fikri bir müddət sonra tamamilə yeni bir məxluq yaratma düşüncəsi əvəz edir. Qəti olaraq bu fikrə yiyələnən kimyaçı gecə saatlarında gizlincə qəbirləri eşərək müxtəlif insan qalıqlarını toplayır. Nəhayət iki illik bir fəaliyyətin bəhrəsini görmək üçün həvəslə planını həyata keçirməyə niyyətlənir. Topladığı insan qalıntılarını evin döşəməsinə düzərək əldə etdiyi qarışımla fikrindəki məxluqu yaratmaq üçün ilk addımı atır.

 

Düşüncələrində gözəl görünüşə malik və daim yaxşı işlərlə məşğul olacaq bir varlıq yaratmağı təxəyyül edən kimyaçı, realda ərsəyə gələn məxluqu görcək dəhşətə gələrək yaşayış yerini tərk edir və uzun müddət xəstə yatır. İnsanlara yaxınlaşma cəhdi daim uğursuzluqla nəticələnən həmin məxluq isə daxilində tədricən bütün insanlığa qarşı nifrət bəsləməyə və fürsət tapdıqca onlara zərər vurmağa başlayır. Nəticədə onu yaradan Frankenşteynin bütün sevdiklərini yox edəcəyinə and içir.

 

Frankenşteyn günü xeyirxah məqsədlərin bədxah məqsədlərə çevrilə biləcəyi barədə düşüncələrə varmaq, belə hallara yol verməmək məqsədi daşıyır.

 

Varisin “Həftənin təqvimi” yazısından

 

 

 

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Böyük şairin xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdir ki, Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində layiqli yerini qoruyub saxlayır.
Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AzərTAC-ın Naxçıvan bürosuna bildirilib ki, universitetdə keçirilən “Şərq ədəbiyyatında Nizami Gəncəvi yaradıcılığı” mövzusunda onlayn respublika elmi konfransında bu fikirləri ali təhsil ocağının rektoru Elbrus İsayev səsləndirib.
Universitetin Elm və innovasiyalar bölməsinin müdiri Rza Məmmədovun moderatorluq etdiyi konfransda çıxış edən Elbrus İsayev konfrans iştirakçılarını Nizami Gəncəvinin ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığının nəinki ölkəmizdə, dünya ədəbiyyatında da əvəzsiz yeri olduğunu vurğulayıb. Bildirib ki, 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunması Nizami irsinin öyrənilməsi, tədqiqi və təbliği istiqamətində yeni imkanlar yaradır.
Rektor diqqətə çatdırıb ki, “Nizami Gəncəvi İli” çərçivəsində Nizami irsinin tələbələr arasında daha geniş təbliğ olunması, dahi mütəfəkkirin dünya ədəbiyyatına verdiyi misilsiz töhfələri gənc nəslə aşılamaq məqsədilə universitetdə silsilə tədbirlər – konfranslar, müzakirələr, müsabiqələr, dəyirmi masalar keçirilir. Universitetin Elmi Kitabxanasında dahi şairin ədəbi irsi, onun haqqında yazılmış əsərlərin sərgisi də nümayiş olunur.
“Nizami Gəncəvinin söz dünyası” adlı çıxışında Naxçıvan Dövlət Universitetinin professoru, filologiya üzrə elmlər doktoru Sədaqət Həsənova yüksək milli-əxlaqi, vətənpərvərlik nümunəsi olan Nizami Gəncəvinin fenomenal bəşəri irsindən, humanizm, insana məhəbbət, yüksək əxlaq, estetik zövq, tərbiyə və bilik mənbəyi olan əsərlərindən danışıb, şairin bəşəriyyətin ədəbi fikir tarixinə verdiyi töhfələrdən ətraflı bəhs edib.
Mingəçevir Dövlət Universitetinin dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Esmira Cəfərova “Nizami Gəncəvi yaradıcılığında tolerantlıq və çoxmədəniyyətlilik” mövzusunda çıxış edərək bildirib ki, Nizaminin poeziyası əsrlərdən bəri öz aktuallığını saxlayıb, əbədiyaşarlıq nümunəsi kimi dünya mədəniyyətinə, ədəbiyyatına ölməz incilər bəxş edib. Onun xalqımızın mədəni sərvətinə çevrilən əsərləri Azərbaycanla yanaşı, dünya xalqlarının da tarixi keçmişini və adət-ənənələrini özündə əks etdirir.
“Naxçıvan folklorunda Nizaminin “Xosrov və Şirin” poeması ilə səsləşən rəvayətlər” mövzusunda çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun professoru, filologiya üzrə elmlər doktoru Yusif Səfərov dahi şairin yaradıcılığında folklor məsələlərinə toxunub, bəzi maraqlı məqamları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Konfrans “Nizami Gəncəvi yaradıcılığında dil və ədəbiyyat məsələləri”, “Nizami Gəncəvi yaradıcılığında elm, əxlaq və tərbiyə” adlı bölmə iclasları ilə davam edib. Bölmə iclaslarında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsi, AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutu, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, ADPU-nun Şamaxı və Şəki filialı, Mingəçevir Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu əməkdaşları elmi məqalələrlə çıxış ediblər.

Суббота, 30 Октябрь 2021 10:25

Vətən müharibəsi haqqında yeni film

İkinci Qarabağ müharibəsindəki şanlı Qələbəmizin ildönümü münasibətilə “Köhnə çamadanlar” adlı yeni ekran əsəri lentə alınır.
AzərTAC xəbər verir ki, müharibə və qadınlar mövzusunun ana xətt olaraq keçdiyi filmin ssenari müəllifi Sevda Sultanova, quruluşçu rejissoru Səidə Haqverdiyeva, təsvir rejissoru Şahmar Qəhrəmanov, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Vüqar Camalzadə, prodüseri Tahir Əliyevdir. Layihənin rəhbəri Pərvinə İsmayılovadır.
Real hadisələr əsasında çəkilən filmin qəhrəmanları müharibənin həyatlarında dərin ağrılı iz buraxdığı insanlardır. Tamaşaçı ekran əsərində döyüşçü, şəhid anası, bacısı, yoldaşı, həkim, əsir və qaçqın Azərbaycan qadınlarının ümumiləşmiş obrazında müharibə və onun ağrılarının fərqli çalarlardakı təsvirini görə biləcək.
Süjetdə əsas etibarilə bu qadınların həyatının müəyyən dövrünü əhatə edən epizodlar öz əksini tapır. Ekran işi Birinci və İkinci Qarabağ müharibəsindəki hadisələri birləşdirən əsas xətt üzərində qurulub. Müharibə, onun insan psixologiyasında buraxdığı izlər və savaşdan çıxmış insanların həyata müqaviməti, müharibənin buraxdığı izlərlə mübarizəsi ön planda görünür.
Artıq əsas çəkilişləri başa çatan ekran işində peşəkar aktyorlarla yanaşı, hər iki müharibənin canlı şahidləri - əlil və qaziləri, həmçinin sağlamlıq imkanları məhdud həvəskar aktyorlar da rol alırlar.
Psixoloji dramda əsas rolları Xalq artistləri Məmmədsəfa Qasımov, Pərvanə Qurbanova, Əməkdar artistlər Gülzar Qurbanova, Qızılgül Quliyeva, Şəfəq Əliyeva, Zemfira Əbdüsəmədova, Nəsibə Eldarova, aktyorlar Könül Qasımova, Rəsmiyyə Nurməmmədova, Zülfiyyə Qurbanova, Zümrüd Qasımova, Ülviyyə Əliyeva, Rada Nəsibova, Türkay Cəfərli, Rəhim Rəhimov, Elmira Hüseynova, Səriyyə Mansurova, Aygün Fətullayeva, Oksana Rəsulova, Zarina Qurbanova, Cavanşir Məhərrəmov, Namiq Ağayev, Vüqar Hacıyev və başqaları ifa edirlər.
“Oyuq” teatr-studiyası yetirmələrinin də rol aldığı böyük heyətli filmin əsas kadrları Bakı, Astara, Lənkəran və Xızıda lentə alınıb.
Cari ilin sonunadək tamaşaçıların ixtiyarına veriləcək film Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə "OYUN" inklüziv teatrının birgə layihəsi əsasında çəkilir.

Bakıda keçirilən Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti zamanı mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev jurnalistlərə açıqlamasında deyib: “Ermənilərin işğaldan azad olunmuş ərazilərdəki muzeylərdən apardığı eksponatlarla bağlı ciddi işlər görülür.”
Elnur Əliyevin sözlərinə görə, hazırda faktların toplanması prosesi gedir: "Qarabağ bölgəsindən çıxarılan muzey eksponatları ilə bağlı beynəlxalq təşkilatlara müraciət etmişik. Bu, kifayət qədər uzun çəkən prosesdir. Faktların yığılması və lazımı müraciətlərin edilməsi istiqamətində ciddi işlər görülür. Hazırda əlimizdə rəqəmlər var. Onların dəlil və sübut bazasının yığılması ilə məşğuluq”.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.