Super User

Super User

VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Türkiyə yazıçısı Sinan Cananla görüş təşkil olunub. Bu görüş “İFA - İnsanın Fabrika Ayarları” mövzusuna həsr edilib.
Tanınmış yazıçı özünün eyniadlı kitabından götürülmüş mövzu ətrafında çıxış edib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Yazıçı deyib: “İFA - İnsanın Fabrika Ayarları” kitabı insanlığın əsaslarını başa düşmək, onu anlamaq üçün elmi çərçivələrə əsaslanır. Kitab oxşar suallara cavab tapmaqdan ötrü yazılıb və daha doğru yaşamağın yolunu göstərir. Kitab insanın özünü bir daha başa düşməyə dəvət edir. Əminəm ki, kitabda insanlar çox suallara cavab tapa biləcək”.
Görüş müzakirələrlə davam edib.
Sonda müəllif sözügedən kitabını oxuculara hədiyə edib.
VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası davam etməkdədir.


Bu gün Stokholmda Beynəlxalq Nobel Komissiyası ədəbiyyat üzrə növbəti Nobel mükafatçısının adını açıqladı. Ərəb mənşəli yazıçı Abdulrazak Qurna "Müstəmləkəçiliyin nəticələrinə, mədəniyyətlər və qitələr arasındakı uçurumda qaçqınların taleyinə güzəştsiz nüfuza görə" ifadəsi ilə Nobel mükafatı aldı.
Laureat Şərqlə Qərb arasında uçurum barədə kitablardan oxumayıb, ondan-bundan eşitməyib, o bunu özü yaşayıb. 1948-ci ildə Afrikada, Zənzibarda ərəb mənşəli müsəlman ailəsində anadan olan Abdulrazak bütün məhrumiyyətləri görüb. Onun iyirmi yaşı olanda qara qitədə ərəb ailələrinə qarşı kütləvi hücumlar başlayıb, Qurna ailəsi ölkədən qaçmaq məcburiyyətində qalıb, Böyük Britaniyaya pənah aparıblar. Abdulrazak təhsilini orada davam etdirib, 1982-ci ildə o, Kent Universitetində doktorluq dissertasiyası müdafiə edib. İndi Qurna Kent Universitetinin professorudur, Kral ədəbi cəmiyyətinin üzvüdür, postkolonial ədəbiyyatdan mühazirələr oxuyur. Yazışı kimi isə Qurna 1987-ci ildə debüt edib.
Abdulrazak Qurna - doqquz romanın müəllifidir, onların arasında "Cənnət" (1994) Buker mükafatının qısa siyahısına düşüb, "Dəniz" (2001) Buker mükafatının uzun siyahısına  düşüb. Yazara şöhrət gətirən bu iki romanıdır, habelə "Fərarilik" (2005) romanıdır. Sürgünlük, evsizlik, identikliyin itirilməsi onun ərəb Afrikasında baş verən hadisələri qələmə alan kitablarının əsas mövzularıdır.

Oktyabrın 6-da Bakı Ekspo Mərkəzində rəsmən açılışı olan VII Bakı Beynəlxalq Kitab Yarmarkasında “Azərkitab - kitab mərkəzi”nin stendi də fəaliyyət göstərir. Ölkənin bu nəhəng kitab ticarəti şəbəkəsi oxuculara yüzlərcə bir-birindən maraqlı kitab çeşidləri təqdim edir. Eyni zamanda, “Azərkitab”ın stendində olduqca maraqlı görüşlər də reallaşacaq.
Mərkəzin rəhbəri Sabir Həsənovun “Ədəbiyyat və incəsənət” portalına verdiyi açıqlamaya görə, oktyabrın 9-da burada “Çovdar çörəyi” romanının müəllifi, sevilən yazıçı Əlibala Məhərrəmzadənin, oktyabrın 10-u isə “Azərbaycan bayrağı” şeirini yazmış tanınmış şair Ramiz Qusarçaylının imza saatları keçiriləcək, eləcə də gənc şairə, mərkəzin mətbuat katibi Aysel Kərim oxucular üçün öz yeni kitabını imzalayacaq. “Kitabın böyük təbliğatçısı olan “Azərkitab” kitabsevərləri öz stendinə dəvət edir” - deyə S. Həsənov fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Bakı Ekspo Mərkəzində keçirilən 7-ci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası oktyabrın 10-dək davam edəcək. Kitab sərgi-yarmarkası dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub.

Cənubi Koreyanın Pusan şəhərində 26-cı beynəlxalq film festivalı işə başlayıb.
AzərTAC-ın Çin bürosunun məlumatına görə, tədbirin təşkilat komitəsinə istinadla xəbər verir ki, oktyabrın 6-da Pusandakı Kino Mərkəzində festivalın açılış mərasimi keçirilib. Oktyabrın 15-dək davam edəcək festival günlərində Cənubi Koreyanın ikinci böyük şəhəri olan Pusanın 6 kinoteatrında 70 ölkədən 223 film təqdim olunacaq. Kinosevərlər festivala təqdim olunmuş qısametrajlı filmləri isə yutub və naver platformalarında seyr edə biləcəklər.
Bakı Media Mərkəzi, “Butafilm”, “Arizona Productions” (Fransa) və “Salarfilm”in (Almaniya) birgə istehsalı olan “Suğra və oğulları” bədii filmi A kateqoriyalı Pusan beynəlxalq film festivalının müsabiqə bölməsinə seçilib. Kinorejissor İlqar Nəcəfin filmi festivalın “Kim Jiseok” adına əsas mükafatı uğrunda yarışacaq 7 filmdən biridir. Filmdə İkinci Dünya müharibəsi dövründə Azərbaycanda, arxa cəbhədə, kənddə yaşayan insanların taleyindən bəhs olunur. Film oktyabrın 8-də, 10-da və 14-də Pusanın müxtəlif kinoteatrlarında nümayiş olunacaq.
Cənubi Koreyada pandemiyanın 4-cü və daha ağır dalğasının müşahidə olunduğu bir vaxtda film festivalı kimi kütləvi tədbirin keçirilməsinə dair şübhələr olsa da, təşkilatçılar sonda festivalı onlayn deyil, ənənəvi qaydada keçirməyə qərar veriblər. Festival çərçivəsində forum, seminar və ustad dərsləri də keçiriləcək.
Qeyd edək ki, Pusan beynəlxalq film festivalı Asiyanın ən böyük kino tədbiri hesab olunur. Festival 1996-cı ildən bəri hər il təşkil edilir.

Nobel həftəsi başladı. Artıq fizika üzrə Nobel mükafatçılarının adları açıqlanıb - Sukuro Manabe, Klaus Hasselman və Corcio Parizi. Tibb və fiziologiya sahəsində bu yüksək mükafata David Julius və üzdəniraq qonşularımızdan olan Ardem Pataputyan layiq görülüblər. Bu gün- Oktyabrın 7-də isə ədəbiyyat üzrə Nobel mükafatçısının adını açıqlayacaqlar. Kim olacaq?
Ondan başlayaq ki, mərc sistemində əsas favorit ikidir, onlardan biri heç kəsin gözləmədiyi bir kəsdir. Bukmekerlərin bütün dünya üzrə qəbul dərəcələrində ikinci pillədə  "Kazus Kukotskiy", "Daniel Ştayn", "Yakovun pilləkənləri" kimi kitabların müəllifi Lyudmila Ulitskaya gedir, rus sözünün əsl ustası hesab edilən Rusiya yazıçısı.
“Ədəbiyyat və incəsənət” portalı ERA agentliyinə istinadən məlumat verir ki, Ulitskaya özü belə reytinqlərə özünəməxsus ironiya və özünütənqidlə yanaşır. "Mən ikinci yerdəyəm və bu, məni tamamilə qane edir" deyir o özü haqqında. Və necə yaddan çıxarmaq olar ki, ötən il  də Ulitskaya Nobel mükafatına əsas namizədlər arasında idi, lakin o zaman Amerika şairəsi Luiza Glyuk onu geridə qoya bildi.
Bu il yüksək mükafata əsas namizəd isə bukmeykerlərin siyahısında başda dayanan dünyaşöhrətli yaponiyalı yazıçı, “Norveç meşəsi” və “Kafka sahildə” kimi şedevrlər yaratmış Haruki Murakamidir. Ədəbi dairələr tərəfindən “əbədi Nobel məğlubiyyətçisi” hesab olunan ünlü yazar hər il əsas namizəd hesab olunsa belə əliboş qalır. Bəs bu dəfə necə olacaq?
Həmçinin favoritlər arasında Afrika təmsilçisi Ngugi va Thiongo və Kanada təmsilçisi Enn Karson da var. Təbii ki, Murakamidən fərqli olaraq bu adlar Azərbaycan oxucusuna heç nə demir, onların əsərləri dilimizə  tərcümə edilməyib, kitabları bizdə çap olunmayıb.
Xatırladaq ki, Thiongo romançıdır, Karson isə lirik şeirlər yazır. Xanım Karson sosial şəbəkələrdə çox məşhurdur, onun "Şüşə esse"poemasının və şeirlərinin milyondan çox oxunma sayı var.
Liderlərlə dabanbadaban gələnlər "Xidmətçinin hekayəsi"nin müəllifi və iki Buker mükafatının sahibi, kanadalı Marqaret Etvud və “Alternetiv Nobel" mükafatının laureatı fransız Mariz Kondedir. Nobel ədəbiyyatdankənar məsələlərə yenə önəm versə, onda Etvudun siyasi fəallığı, feminist lider olması öz sözünü deyə bilər.
Kim 2021-ci il ədəbiyyat üzrə Nobel mükafatına sahib olacaqsa o, 10 milyon İsveç kronu (1,19 milyon dollar) alacaq. Əlbəttə qərarı bu gün axşamüstü Nobel komitəsi verəcək. Onun isə, qeyd etdiyimiz kimi, həmişə sırf ədəbi nailiyyətə söykənməyən faktorlara istinadı diqqət çəkir. Halbuki, ədəbiyyat üzrə Nobel mükafatı ciddi ad üçün illərdir ki, qəribsəyib. Ciddi ad builki nominantlar arasında təbii ki, birdir - Haruki Murakami!

Четверг, 07 Октябрь 2021 09:44

“Kurtlar Vadisi” qəhrəmanları yenidən üz-üzə

Bir müddət ərzində "Kurtlar Vadisi" serialında Məmati adlı personajı canlandıran Gürkan Uyğun ilə Kara  personajını canlandırmış Hakan Boyav TRT-nin populyar "Agentlik" serialında birlikdə çıxış etməyə başlayıblar.
Haberler.com belə bir xəbər yayıb: Serialın son seriyasında duet arasında əfsanəvi dialoq baş verib. Bu səhnəni seyr edən milyonlarla izləyici və sinema ünlüləri “Kurtlar Vadisi”nə istinad edərək bir ağızdan söyləyiblər: “Biz “Kurtlar Vadisi”ndən sonra ilk kəz sevdiyimiz bir səhnəni izlədik.”

Четверг, 07 Октябрь 2021 09:44

Karin Tuil, “İnsan işləri”

Bu qış oxumaq lazım olan daha bir neçə yeni romanı sizə təqdim edirik.
Həyatınızın nəzarətini necə qaytarmaq olar? Nə çətindir: çətinliyə və ya sevincə dözmək? Peşəkar cəhətdən tanınmanın dəyəri nə qədərdir və buna necə nail olmaq olar? Bu və digər, heç də az əhəmiyyətli olmayan suallara cavab verə biləcək kitabların toplusunu bölüşürük.

"İNSAN İŞLƏRİ" KARİN TUİL
Ulduz teleaparıcı Jan Farel qocalır, amma həqiqətlərlə və yalanlarla üzdə qalmağa çalışır, hərçənd kanalın direktoru onu təqaüdə göndərməkdə israrlıdır. Bu yandan da ailəsi Jan Fareli çətinə salır.
Problemlər təcavüzdə ittiham olunan oğlu tərəfindən əlavə edilir və proses başlayır. İntriqalar, yalanlar, korrupsiya...
Jan gözdən itərək, onu təkcə ekrandakı çıxışlarına görə qiymətləndirən az sayda dost və həmkarı tərəfindən unudulur. Axı başqa cür olmalıdır, onun şöhrəti var, peşəkar kimi tanınıb, hörmət edilib, bunlara çətinliklə nail olub. Bir anda necə bu cür unudulmaq olar axı?
Fransız qadın yazıçı Karin Tuilin Qonkur mükafatı listələrində adı hallanan maraq doğuran romanını oxuyun mütləq.

Festival 22-26 iyun 2022-ci il tarixlərində keçiriləcək

Müğənni Billi Ayliş Britaniyanın nüfuzlu Glastonbury musiqi festivalı tarixində ən gənc solo hedlayderi olacaq. Bu barədə bazar ertəsi festival təşkilatçıları öz Tvitter səhifələrində status paylaşıbıar.
Status belədir:
"Billi Aylişin gələn il Glastonbury festivalında Pyramid Stage hedlayderi olacağını və bununla da onun tariximizdə ən gənc solo hedlayderi olacağını bildirməkdən xoşbəxtik. Bu, bizim yenidən festivala qayıtmağımız üçün mükəmməl bir yoldur və artıq gözləyə də bilmirik, səbirsizik” - festivalın təşkilatçılarından biri Emili İvis bildirib. Pandemiya səbəbindən iki ildir təxirə salınan festivalın 2022-ci ilin iyununda - 22-26 iyun tarixlərində keçiriləcək. Billi Ayliş
24 iyun 2022-ci ildə - cümə axşamı çıxış edəcək.
Ötən il Glastonbury 50 illiyini qeyd etmək təntənəsini yaşamaq istəmişdi, lakin koronavirus  pandemiyasına görə ləğv edilmişdi.
Öz növbəsində, Britaniyanın BBC Yayım Korporasiyası bildirib ki, Ayliş 2016-cı ildən etibarən ilk qadın-hedlayder olacaq. 2020-ci ildə festivalda Taylor Svift çıxış etməli idi, lakin pandemiyaya görə bu baş vermədi və Taylor öz mövqeyini Aylişə təslim etməli oldu.
Aylish 2019-cu ildə Glastonbury-də  debüt edib. O zamandan ta ki 2021-ci ildə buraxılmış ikinci studiya albomu olan Happier Than Ever-ə qədər Ayliş bir çox Grammy və Brit mükafatı qazanıb.
Daha bir xəbər. Ötən həftə Ayliş Ceyms Bond haqqında "Ölmək vaxtı deyil” filminin premyerasında qırmızı xalçada peyda olmuşdu. Filmdə o, böyük musiqi kompozisiyanı ifa edib. Ayliş amerikalı müğənni Finneas O ' Konnel, eləcə də bəstəkar Hans Zimmer və The Smith musiqi qrupunun banisi Conni Marrla birgə bu kompozisiyanı yazıblar.
Sonda izah üçün bildirək ki, festivalın solo hedlayderi o şəxsdir ki, əsas diqqət mərkəzində duracaq, adı afişalarda gedəcək, bir sözlə, festivalın əsas siması, gözü olacaq.

Oktyabrın 6-da Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, komitə sədri Qənirə Paşayeva iclası açaraq gündəlik barədə məlumat verib. Qeyd olunub ki, iclasda İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsinə baxılacaq.
Vurğulanıb ki, “İctimai televiziya və radio yayımı haqqında” Qanuna uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına Sahibkarlar Şurası, gənclər təşkilatları, qadın cəmiyyətləri tərəfindən irəli sürülmüş namizədlərin 6 illik səlahiyyət müddəti 2021-ci il mayın 29-da başa çatıb.
Bildirilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə Sahibkarlar Şurası tərəfindən Zeynalov Vüqar Eldar oğlu (Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti), Abdullayeva İlhamə Xanlar qızı (Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri), gənclər təşkilatları tərəfindən Əliyev Azər Ruslan oğlu (Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri), Axundova Ülviyyə Süleyman qızı (“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri), qadın cəmiyyətləri tərəfindən Yusifova Sevil Şərif qızı (Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti), Mansurova Zərəngiz Dəmirçi qızı (Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Qadınlar Şurasının sədr müavini) yeni namizədlər olaraq irəli sürülüblər.
İclasda Qənirə Paşayeva vurğulayıb ki, “İctimai televiziya və radio yayımı haqqında” Qanuna uyğun olaraq, həmin qurumların irəli sürdüyü namizədlər arasından hər təşkilatdan bir nəfər olmaqla, qarşıdakı müddətə yeni şəxslər təsdiqlənməlidir.
Sonra Mədəniyyət komitəsi sədrinin müavini Fazil Mustafa, deputat Nizami Cəfərov müzakirə olunan məsələ ilə bağlı rəy və təkliflərini səsləndiriblər, ölkəmizdə televiziya məkanındakı durumla bağlı öz fikirlərini bölüşüblər.
Müzakirələrin yekununda İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsi parlamentin plenar iclasına tövsiyə olunub.
Onlayn iclasda Milli Məclisin deputatları Novruz Aslanov, Cavanşir Feyziyev, Əziz Ələkbərli, Ülviyyə Ağayeva, Mixail Zabelin və Ülviyyə Həmzəyeva iştirak ediblər.

 

Bu günün təqviminə baxsaq, görərik ki, əlamətdar günlərdə bir kasadlıqdır. Ümumdünya məskunlaşma yerlərinin mühafizəsi günü. Vəssalam.

 

2007-ci ildə Çeçenistanın 4-cü prezidenti Doku Omarov Çimali Qafqazda İmarət Qafqaz İslam Dövlətinin yarandığını elan etdi. Nələr baş verdi, ruslar buna necə reaksiya göstərdi, özünüz təsəvvür edin.

 

1992-ci ilin 7 oktyabrında Azərbaycan Milli Şurası respublikanın MDB-yə üzv olması əleyhinə səs verdi. Bu, müstəqillik yolunda çox əhəmiyyətli bir addım oldu, biləsiniz. Dağılmış SSRİ-nin uçqunları altından yeni federativ dövlət qurmaq çabalarını ruslar həmin dövrdə imperiya ambisiyalarını gizləmədən nümayiş etdirirdilər. Yalnız millətsevər fədakarlarımız kommunist əqidəli liderlərimizi Kremldən biryolluq üzülüşməyə məcbur etmək istəyirdi. Mürəkkəb və qarışıq bir dövr idi.

 

1990-ci ildə Səddam Hüseynin İsrailə qaz hücumu hədə-qorxusu nəticəsində İsrail əhalisinə əleyhqazlar paylanılmağa başlanıldı.

 

1982-ci ildə Nyu-Yorkda Tim Raysın “Pişiklər” müziklının premyerası oldu ki, sonradan bu tamaşa dünya rekordu imzaladı – 2000-ci ilə kimi Brodveydə 7486 dəfə tamaşaya qoyuldu.

 

1979-cu ildə Türkiyənin Sarıyer bölgəsində Səlcuq Bayraqdar doğulub. Türk iş adamı, Baykar Makinanın ortaq sahibi, Türkiyə prezidenti Ərdoğanın kürəkəni, Türkiyə müdafiə sənayesinin aparıcı isimlərindən biri.  Öz “Bayraqdar”ları ilə 44 günlük müharibəmizin qeyri-rəsmi qəhrəmanı.

 

1977-ci ildə SSRİ-nin sonuncu – Brejnev Konstitusiyası qəbul olundu.

 

1952-ci ildə ştrix-kod üçün patent alındı.

 

1952-ci ilin bu günündə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində bilirsiniz kim doğulub? Vladimir Vladimiroviç Putin – Rusiyanın prezidenti. Tovuzlular dünyanın ərazicə ən böyük dövlətinin prezidentini mehribancasına “Bizim İlhamın (əslən Tovuzdan olan iş adamı İlham Rəhimov –red.) tələbə yoldaşı” adlandırırlar.

 

1926-cı ildə İtaliyada façist partiyası hakimiyyətə gəldi.

 

1913-cü ildə dünyada ilk dəfə Detroytda, Ford zavodunda konveyerdə avtomobil istehsalına başlanıldı.

 

1849-cu uldə Amerika yazıçısı Edqar Allan Po dünyasını dəyişdi.

 

Unutdum deməyə. Əlamətdar günlərin kasad olması heç də o demək deyil ki, amerikalılar bu gün sakit duracaqlar. Əsla belə deyil. Bu gün onlarda milli frappe günüdür. Üstü köpüklü soyuq kofedir frappe.

 

Varisin “1-10 oktyabrın təqvimi” yazısından

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.