Super User
Mexikoda Anar Kərimovun da qatıldığı Mondiacult-2022 öz işinə başlayıb
Xəbər verdiyimiz kimi, 2022-ci il sentyabrın 28-də Meksika Birləşmiş Ştatlarının paytaxtı Mexiko şəhərində UNESCO-ya üzv ölkələrin mədəniyyət nazirlərinin Mədəni Strategiya və Dayanıqlı İnkişafa dair Dünya Konfransı ("Mondiacult 2022") öz işinə başlayıb.
Tədbirə 115 ölkədən yüksək səviyyəli olmaqla, ümumilikdə 160 ölkədən nümayəndə heyəti qatılıb. Üç gün ərzində davam edəcək konfrans çərçivəsində iştirakçılar "İrs və Mədəni müxtəliflik böhran dövründə", "Yenilənmiş və gücləndirilmiş mədəniyyət siyasəti", "Mədəniyyət dayanıqlı inkişaf üçün", "Yaradıcı iqtisadiyyatın gələcəyi" mövzularında müzakirələr aparacaq.
Ölkəmizi bu tədbirdə nazir Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Nazir Anar Kərimovun "İrs və mədəni müxtəliflik böhran dövründə" mövzusunda çıxışı, habelə bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
Portalımız Mədəniyyət Nazirliyinə istinadən xəbər veeir ki, Konfrans çərçivəsində nazir Anar Kərimovun Macarıstanın Mədəniyyət məsələləri üzrə dövlət katibi Piter Hoppalla görüşü keçirilib. Görüşdə iki ölkə arasında digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əlaqələrin yüksələn xətlə inkişaf etdiyi vurğulanıb. Həmçinin, qeyd olunan sahədə əməkdaşlığı tənzimləyən müqavilə bazasının daha da möhkəmləndirilməsinin zəruriliyinə istinad edilib. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın 2023-cü ildə "Türk dünyasının mədəniyyət paytaxtı" elan edildiyi və növbəti il "Avropanın mədəniyyət paytaxtı" olacaq Macarıstanın Vesprem şəhəri ilə Şuşa arasında birgə mədəni layihələrin həyata keçirilə biləcəyi qeyd olunub. Görüşdə eyni zamanda Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsindəki təşəbbüs və tədbirlərinə Macarıstanın dəstəyi və iştirakının vacibliyinə diqqət çəkilib, UNESCO çərçivəsində fəaliyyətlərdə qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyəti vurğulanıb.
“İnsan heç vaxt bu qədər ucuz olmayıb” – Əkrəm Əylisli Milli Kitab Sərgisində belə dedi
Bakı İdman Sarayında davam edən 4-cü Milli Kitab Sərgisində bu gün – sentyabrın 29-da, saat 12-də yazıçı Əkrəm Əylisli ilə görüş keçirildi. Görüşə oxucularla yanaşı şair və yazıçılar da qatılmışdı.
“Daş yuxular” romanı ilə bütün nüfuzu və titulları əlindən alınmış yazıçı ilə görüşmək həqiqətən də görüşə qatılanlar üçün maraqlı idi. Əkrəm Əylisli bir qədər özü danışdı, sonra sualları cavablandırdı. Qələm əhlindən – Rasim Qaracadan, Əlibala Məhərrəmzadədən, Mübariz Örəndən, Şərif Ağayardan, tədbirin təşkilatçısı Şahbaz Xuduoğlundan suallar gəldi. Əkrəm Əylisli təmkinlə bu sullara cavab verdi. Biz də cavablardan seçdiyimiz bəzi cümlələri ilə yazıçının bugünkü ovqatını və düşündüklərini oxucularımıza çatdırmaq qərarına gəldik.
80 yaşdan sonra bir qədər tələskənlik duyur, yalnız məzar görürsən.
Təskinliyimiz yazılarımızdır.
Mən özümdən əsla razı deyiləm.
Heç vaxt ürəyimə xəyanət etməmişəm.
Müdhiş bir zamana düşmüşük, mənəviyyat çox ucuzlaşıb.
İnsan heç vaxt bu qədər ucuz olmayıb.
Allah qaçdı bizdən, allahsız olduq.
Hardansa güc tapmışam və bütün bu zillətlərə dözmüşəm.
Nobel mükafatını Orxan Pamuka verdilər, anladım ki, hər bir ortabab yazara onu vermək olar.
Nobel əvvəlki Nobel deyil.
Mən Azərbaycanda yeganə yazıçıyam ki, Nobelə namizədliyim verilib.
Niyə yazıçı oldum? Orta məktəbdə bir qızı sevirdim. Düşündüm ki, necə edim ki, hamıdan fərqlənim, qız da məni sevsin. Ağaca dırmaşdım, xeyri olmadı, hündürlüklərdən aşağı hoppandım, xeyri olmadı. Onda dedim, bəlkə yazım, fərqlənim, beləcə şeir yazmağa başladım.
Mən ədəbiyyata “Kirpi” jurnalında şeirlərimin dərci ilə başlamışam.
Mənim uşaqlıqla bağlı detalı, fraqmanı olmayan bircə əsərim də yoxdur.
Yeni nəsil yazarları, elə bil, qəsdən çalışırlar ki, qəliz yazsınlar. Bilmirlər ki, dahilik sadəlikdir.
Ədəbiyyat informasiyadır. İnsan informasiyanı internetdən deyil, özündən gətirməlidir.
Cümlə ağlına gəldi, dərhal yazmaq olmaz, onu işləmək lazımdır. Roman ayrıca cümlə-cümlə işləməklə ərsəyə gəlir.
Niyə müsahibə vermirəm? Gərək adamı dindirələr ki, o da dinə. Desəm öldürərlər, deməsəm ölləm.
Yazıçı insanın var olduğu yerdən çıxır.
“Azərbaycan” jurnalında işləyəndə elə nikbim idim, içəri hər bir yeni yazar əsər gətirib gələndə ümidlənirdim, elə bilirdim, bir Sabir, bir Mirzə Cəlil içəri girir.
“Ədəbiyyat və incəsənət”
Rəsm qalereyası: Klod Mone, “Yaşıl körpü”
Günün fotosu: Rusiyaya qarşı 8-ci sanksiya paketi
Günün fotosu: Rusiyaya qarşı 8-ci sanksiya paketi
Avrokomissiyanın sədri Ursula fon der Lyayen Avropa İttifaqının Rusiyaya qarşı 8-ci sanksiya paketinin anonsunu eləyib. Burada ən əsası, Rusiyanın ixrac etdiyi neftin qiymətinin məddudiyyətinə aiddir.
Foto: Euronews
İbrahim Tatlısəsin 21 yaşlı qızla eşq yaşadığı üzə çıxdı
Türk sənət musiqisinin imperatoru İbrahim Tatlısəsin gənc qızla eşq yaşadığı gün üzünə çıxıb.
“Ədəbiyyat və incəsənət” bizim media-ya istinadən xəbər verir ki, sənətkarın özündən 49 yaş kiçik 21 yaşlı Berka Gül adlı qızla münasibətdə olduğu və yaxın zamanda onunla evlənəcəyi iddia olunub.
Bu iddianı isə jurnalist Onur Akar sosial şəbəkə hesabında paylaşaraq ortalığa çıxarıb.
Jurnalistin yaydığı məlumatda həmçinin bildirilib ki, hətta İbrahim keçən ay Bodrum-Yalıkavak yolunda keçirdiyi qəzada, avtomobildə müğənninin yeni sevgilisi də olub. Hətta Gülün kiçik bədən xəsarətləri aldığı da məlum olub.
Qeyd edək ki, İ.Tatlısəs bir müddət əvvəl sosial şəbəkə hesabında "Xanımla boşandıq. Bağçalı, gözəl bir ev tapıb, yenidən evlənməyi düşünürəm" statusunu yazıb.
Bu gün “Yogev Şetrit” triosu Bakıda konsert verəcək
XVII Bakı Beynəlxalq Caz Festivalına dünyaca məşhur caz ustaları dəvət olunub. Onların sırasında “Yogev Şetrit” triosu da var.
Bu gün - sentyabrın 29-da Yogev Şetrit trio yoldaşları Amir Solomon (bas), Devid Şitrit (fortepiano) ilə “Madrid Restobar”da çıxış edəcək.
Bəstəkar və zərb ifaçısı Yogev Şetrit 1978-ci ildə İsraildə anadan olub. “Yerusəlim İvrit Universiteti”ndə Musiqiologiya üzrə bakalavr dərəcəsi alıb. Şetrit dünyaca məşhur “Coolooloosh” qrupunun yaradıcısı və üzvü olub, Çuçito Valdes, Tia Fuller, Arni Lourens, Paulo Morello və Kevin Mahogany kimi görkəmli sənətçilərlə eyni səhnəni bölüşüb. Bəstəkar qəlbli Şetrit orijinal əsərlərini ifa etmək üçün 2016-cı ildə öz triosunu yaradıb. Qrup rəhbəri kimi ilk studiya albomu "New Path"ı buraxıb. O vaxtdan “Yogev Şetrit” triosu “Beynəlxalq Panama Caz Festivalı”, “The Kennedy Center”, “Casa Del Jazz”, Roma, Vaşinqton da daxil olmaqla dünyanın 30-dan çox ən böyük festival və məkanlarında çıxışlar edib.
Qazaxda mərhum şair Davud Nəsibin anadan olmasının 80 illiyi ilə əlaqədar xatirə gecəsi keçirilib
Qazax Rayon İcra Hakimiyyəti və Azərbaycan Yazıçılar Birliyi (AYB) Qazax zona filialının birgə təşkilatçılığı ilə görkəmli şair, publisist, tərcüməçi Davud Nəsibin anadan olmasının 80 illiyi ilə əlaqədar xatirə gecəsi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbir Qazax şəhərinin Ədəbiyyat Muzeyində təşkil olunub.
Mərasimdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının nümayəndələri, AYB-nin Qazax zona filialının sədri Barat Vüsal, Davud Nəsibin ailə üzvləri, dostları iştirak edirdilər. Dəvətlilər və iştirakçılar sırasında telejurnalist Bəxtiyar Qaraca, tərcüməçi, tarixçi-alim İsmayıl Umudlu, şairlər Nəbi Xəzrinin və Məstan Günərin, yazıçı İsa Muğannanın ailə üzvləri, filologiya elmləri doktoru, professor Cəlal Abdullayevin ailə üzvləri, AYB Qazax zona filialının üzvləri, Bakı Dövlət Universiteti Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin müəllim və tələbələri, ziyalılar, media nümayəndələri də vardır.
İlk olaraq, tədbir iştirakçıları Qazax şəhərinin Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərimizin məzarları önünə güllər qoyub, onların əziz xatirəsini ehtiramla anıblar. Həmçinin qonaqlar və iştirakçılar Fəxri Qazaxlılar parkını da ziyarət ediblər.
AYB-nin Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal tədbir iştirakçılarını salamlayaraq Davud Nəsibin ömür yolundan və bənzərsiz yaradıcılığından söz açıb.
Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşova qonaqları salamlayaraq Qazax şəhəri və burada dünyaya göz açmış ziyalılarımız haqqında danışıb.
Sonra tədbir iştirakçıları telejurnalist Bəxtiyar Qaracanın Davud Nəsib haqqında çəkdiyi “Tənha dağdağan ağacı” filminə baxıblar.
Telejurnalist Bəxtiyar Qaraca, tarixçi-alim İsmayıl Umudlu, AYB-nin Qazax zona filialının ədəbi məsləhətçi Mustafa Rasimoğlu öz çıxışlarında şair Davud Nəsiblə bağlı xatirələrini bölüşdülər.
Tədbirdə Davud Nəsibin seçilmiş şeirləri, şeirlərinə bəstələnmiş mahnıları və vətənpərvər mövzularında aşıq havaları səslənib, tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Daha sonra Davud Nəsibə Nəriman Həsənzadə, Telman Kürsoy, Aşıq Kamandar və Barat Vüsal tərəfindən ithaf olunmuş şeirlər səsləndirilib.
Şairin övladları Xəyyam və Xəyal Nəsibovlar bütün iştirakçılara təşəkkür edib, tədbirin yüksək səviyyədə təşkil olunmasına görə Qazax Rayon İcra Hakimiyyətinə, AYB-nin Qazax zona filialının rəhbərliyinə, rayon ziyalılarına və bu tədbirin təşkilində əməyi keçən hər bir kəsə öz dərin minnətdarlıqlarını bildirdilər.
Görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın xatirəsinə həsr olunmuş müsabiqələr elan edilib
İçərişəhərdə yerləşən “Ədibin Evi”ndə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi - yazıçı, alim və pedaqoq Mir Cəlalın anım gününə həsr edilmiş tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzəTAC-a istinadən xəbər verir ki, tədbirdə ədibin ailə üzvləri, Mir Cəlalın sonradan həmkarlarına çevrilən tələbələri, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Medianın İnkişafı Agentliyi, Mətbuat Şurasının nümayəndələri və ədəbiyyatsevərlər iştirak edərək “kiçik hekayənin böyük ustası”nın irsinin davam etdirilməsi məqsədilə bir sıra birgə layihələr üzərində çalışacaqları barədə müzakirə aparıblar.
Tədbir iştirakçıları vurğulayıblar ki, Mir Cəlalın bədii sözlə maraqlı süjet, hadisə və obrazları yığcam və lakonik üslubda yaratmaq bacarığı bugünkü qədər aktual olmayıb. Belə ki, informasiya texnologiyaları təkamülünün gətirdiyi yeni platformalar hamını qısa məzmunla daha çox fikir çatdırmaq məcburiyyəti qarşısında qoyur. Bununla yanaşı, satira ilə güldürüb düşündürən, ədəbiyyatımızın qızıl fonduna düşmüş Mir Cəlalın əsərləri ictimai müzakirələrdə cəmiyyətimizin tərəqqisinə səsləyən fəaliyyət istiqamətlərinə də təkan verərdi.
“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva anım tədbirinin yekununda Mir Cəlalın xatirəsinə həsr edilmiş iki müsabiqəni elan etdi.
Onlardan birincisi “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun Medianın İnkişafı Agentliyi və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təşkil etdiyi və görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın xatirəsinə həsr edilmiş “6 Sözlük Əhvalat” adlı müsabiqədir.
Bu müsabiqənin qalibləri Bakı Dövlət Universitetinin professoru, ədəbiyyatşünas Təhsin Mütəllimovun sədrliyi ilə peşəkar yazıçı və jurnalistlərdən ibarət münsiflər heyəti tərəfindən seçiləcək və bu ilin dekabrında mükafatlandırılacaqlar.
Müsabiqə dövründə iştirakçılara yaradıcı prosesdə dəstək məqsədilə iki vebinar keçiriləcək.
Medianın İnkişafı Agentliyinin rəsmi veb-saytında yer alan səhifəyə (https://bit.ly/MEDİA) daxil olaraq müsabiqə şərtləri barədə daha ətraflı məlumat almaq, həmçinin müsabiqəyə müraciət etmək mümkündür.
Müsabiqələrin ikincisi “Ədibin Evi”nin təşkil etdiyi Mir Cəlal adına III hekayə müsabiqəsidir. Hekayələrin mövzusu ilə bağlı məhdudiyyət yoxdur. Həcmi 1500 (min beş yüz) sözdən çox olmamaq şərti ilə Azərbaycan dilində yazılan hekayələr elektron şəkildə Этот адрес электронной почты защищен от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра. ünvanına 2023-cü il 1 yanvar tarixinədək göndərilməlidir. Müsabiqəyə qədər çap olunmuş hekayələr qəbul edilmir.
Final mərhələsinə yüksələn 10 (on) hekayə “TEAS Press Nəşriyyat Evi” tərəfindən toplu şəklində nəşr ediləcək. Qaliblər Xalq Yazıçısı Elçinin sədrliyi ilə peşəkar yazıçı və ədəbi tənqidçilərdən ibarət münsiflər heyəti tərəfindən seçiləcək və 2023-cü ilin aprel ayında mükafatlandırılacaqlar. Birinci yerin qalibinə 3000, ikinci yerin qalibinə (iki mükafat) 2 000, üçüncü yerin qalibinə isə (üç mükafat) 1000 manat pul mükafatı təqdim ediləcək.
Qeyd edək ki, “Ədibin Evi” Mir Cəlalın 1929-1940-cı illərdə Bakıda yaşadığı ilk ünvanıdır. O, burada onu məşhur edən “Bir gəncin manifesti”, “Dirilən adam” romanlarını, bir çox satirik hekayələrini qələmə alıb.
Cənubi Azərbaycanın Təbriz şəhəri yaxınlığındakı Əndəbil kəndində 1908-ci ildə anadan olan Mir Cəlal 70 yaşında Bakıda vəfat edib və İkinci Fəxri xiyabanda dəfn olunub. Onun 100 illik yubileyi UNESCO təşkilatının Parisdəki baş qərargahında 2008-ci ildə sərgi və yubiley mərasimi ilə qeyd edilmişdi.
Qazaxıstanda Muxtar Auezovun “Abay” romanının Azərbaycan dilində yeni nəşrinin təqdimatı olub
Sentyabrın 28-də Beynəlxalq Türk Akademiyası görkəmli qazax yazıçısı Muxtar Auezovun anadan olmasının 125 illiyinə həsr olunmuş “Auezov və dünya sivilizasiyası” elmi-praktik konfrans çərçivəsində “Abay” romanının Azərbaycan dilində yeni nəşrini təqdim edib.
“Ədəbiyyat və incəsənət”
AzərTAC-a istinadən xəbər verir ki, konfransda Azərbaycan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Cənubi Koreya, Rusiya, Hollandiya və digər ölkələrin aparıcı alimləri, yazıçıları, ziyalıları, elmi-tədqiqat institutlarının elmi işçiləri, müəllimlər və gənc alimlər iştirak ediblər.
Qeyd edək ki, roman ilk dəfə 1954-cü ildə Azərbaycan dilinə tərcümə edilərək kiril əlifbası ilə Bakıda nəşr edilmişdi. Bu il Türk Akademiyası görkəmli ədibin 125 illik yubileyi münasibətilə “Abay” romanını latın qrafikası ilə Azərbaycan dilində nəşr etdirib. Oxuculara təqdim olunan roman 68 ildən sonra Azərbaycanın kitabxanalarına və elmi təşkilatlarına təhvil veriləcək. Roman böyük şair Abay Kunanbayevin həyatı fonunda qazax xalqının tarixinə işıq tutaraq bütöv bir dövrü əhatəli şəkildə əks etdirir. Əsər dünyanın 120-dən çox dilinə tərcümə olunub.