Super User

Super User

 

Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi, muzeyin və UNICEF Azərbaycanın birgə təşkilatçılığı ilə uşaqlar üçün iqlim dəyişikliyinə həsr olunmuş “Hippolar: iqlim dəyişikliyi ilə mübarizə üçün dünya səyahəti” adlı sərginin açılış mərasimi keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, sərginin əsas məqsədi uşaq və yeniyetmələrin faciəvi nəticələrdən xilas olmaq üçün iqlim dəyişikliklərinin vacibliyi, ətraf mühitin çirkləndirilməsi problemləri və bu yolda atılması zəruri olan addımlar haqqında maarifləndirilməsidir.

Tədbirdə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev açılış nitqi ilə qonaqları salamladı. UNICEF Azərbaycanın direktoru Alex Heikens çıxış edərək iqlim dəyişikliyi problemləri barədə insanların, o cümlədən uşaq və yeniyetmələrin məlumatlandırılmasının vacibliyi, həmçinin bu sahədə səhiyyə işçilərinin rolundan danışdı. Həmçinin Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayee iqlim dəyişikliklərinin Pakistanda  irimiqyaslı təbii fəlakətlərlə nəticələndiyindənn danışdı.

Sərgidə Layen Haykensin şəxsi kolleksiyasından hazırkı iqlim dəyişikliyinin faciəvi nəticələrinin simvollarından birinə çevrilən canlılar, hippopotamları əks etdirən  nümunələr nümayiş etdirilir.

Sərgidə dünyaca məşhur müəllif Denis Tomopulos tərəfindən yaradılmış, uşaqlara ətraf mühitin çirklənməsi problemlərini və planetdə iqlim dəyişikliyi ilə mübarizə yollarını izah edən “Yer kürəsi deyir” adlı cizgi filmi nümayiş etdirilir. Həmçinin, layihə çərçivəsində gənc nəslin təhsil proqramları vasitəsilə iqlim dəyişikliyi problemləri haqqında maarifləndirilməsinə yönəldilmiş “Comics Uniting Nations” toplusundan olan komikslər silsiləsi ilk dəfə olaraq Azərbaycan dilinə tərcümə edilərək ictimaiyyətə təqdim olunmuşdur. Sərgi müddətində uşaqlar və gənclər üçün xüsusi olaraq ətraf mühit və iqlim dəyişikliyi ilə bağlı məlumat turları, təqdimatlar və panel müzakirələri təşkil olunacaqdır.

Sərgi həmçinin bu ilin iyun ayında başlayan və 2030-cu ilə qədər davam edəcək, ekosistemlər dünyasının deqradasiyasının qarşısını almaq, dayandırmaq və geri qaytarmaq üçün fəaliyyətə səsləyən BMT-nin Ekosistemin Bərpası üzrə Onillik proqramının bir hissəsidir.

 

Sərgi cari ilin 16 oktyabr tarixinədək davam edəcək.

 

Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti 2022-ci ilin 28-30 sentyabr tarixlərində UNESCO-ya üzv ölkələrin mədəniyyət nazirlərinin Mədəni Strategiya və Dayanıqlı İnkişafa dair Dünya Konfransında ("Mondiacult 2022") iştirak məqsədilə Meksika Birləşmiş Ştatlarının paytaxtı Mexiko şəhərində səfərdədir.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində nazir A. Kərimov Mexiko şəhərinin Tlakskoake-Xocalı meydanında yerləşən Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəyə baş çəkib. 

Qeyd edək ki, abidə Mexiko şəhərinin mərkəzində 2011-ci ildə Azərbaycan hökumətinin dəstəyi ilə ucaldılıb.

“Ədəbiyyat və incəsənət” portalı “Dünya poeziyasından seçmələr” rubrikasında sizlərə alban şairi Jeton Kelmendinin şeirlərini Ümid Nəccarinin tərcüməsində təqdim edir.

Jeton Kelmendi şair, yazıçı, dramaturq, publisist, tərcüməçi və universitet professoru kimi fəaliyyət göstərir. O, 1978-ci ildə Kosovanın Peja şəhərində alban ailəsində anadan olub, ilk təhsilini də Pejada alıb. Daha sonra Pristina Universitetində təhsilini davam etdirib, kütləvi kommunikasiya sahəsində incəsənət ixtisası üzrə bakalavr dərəcəsini bitirib.

O, əsərləri başqa dillərə ən çox tərcümə edilən alban şairidir. Tənqidçilərin fikrincə, Jeton Kelmendi müasir alban poeziyasının əsl nümayəndəsidir. Beynəlxalq səviyyədə tənqidçilər və şairlər onun yaradıcılığı haqqında çoxsaylı məqalələr yazıb, onu böyük bir Avropa şairi hesab etdiklərini vurğulayıblar.

 


BAŞQA BİR ZAMANA GEDƏ BİLMƏZSƏN

 

Arzularla dolu xatirələrin izlərini güdərək

zamanda seyr edirəm.

Dairələri rəsm çəkir düşüncələrim,

fərqli bir zamana

açılan bir qapı tapa bilmirəm,

daha xoşladığım və

daha uzun qalacağım yerə götürəcək bir qapı,

bir quzey küləyi olsaydım

vadilərin və təpələrin üstündən əsərdim bu gecə

meşə ağaclarını əyərdim və o şəkildə

papaqları...

Başqa bir zamanla dəyişdirərdim

bu zamanı.

Qapıları ümidə doğru açardım,

və daha iyi bir zaman üçün

ümidlə dolardım.

Bir Günəş işığı olsaydım,

ən xoş boyunlara sarılardım,

ah... nə həyəcanlı!

Eşqin gözüylə parıldamaq,

özündən keçmiş

dağınıq saçlarda oynayan barmaqlar

söhbət bu ola bilərdi,

amma insan başqa zamana gedə bilməz ki...

Olmadığım adam olsaydım,

başqa bir zamana gedərdim,

amma neyləmək, mən mənəm

unudulmağın son məktubu

başqa bir zamana getmiş,

nəşəli bir ziyafətdəki yeməyin əksinə

dəyərli şeylərin qorunduğunu düşünərək

bugünlük

insan başqa bir zamana gedə bilməz

 

 

SƏNİ GÖZLƏYİRƏM

 

Səni gözləyirəm,

imkanların ötəsində,

heçliyin bir yerində,

gediş və gəliş,

anlamlı və məntiqli,

gözləmək davam edir...

Sənə qovuşuram,

qapalı qapıların səhifələrində,

və unudulmuş şeirlərin başlıqlarında,

düşüncələrin içində,

səni axtarıram,

yoxluğun tam arasında,

və beləcə bütün gözləntilərimdə varsan.

Röyalarımda,

bilinməz küçələrdə,

birlikdə yürüyürük,

səni indi belə gözləyirəm.

Başqa birisi bu anda səni gözləsə də,

gözləntisi olan indi sadəcə mənəm,

səndən artıq danışmaram,

düşüncələrim yörğun,

bitdi artıq

özlüyümün başlanğıcında...

Gözlədiyimdən məqsəd

sadəcə yanımdan ötüb keçmən üçün id

 

 

YETƏRİNCƏ YAXŞI OLAN BİR YERDƏYƏM

 

Bir yerdəyəm,

səbrin danışmayan cümləsində,

xatirənin ötəsində bir nöqtədə,

bir şəkil içində yaşayıram,

özlüyümün sonunda,

aşağıda...

Bir yerdə yaşayıram

anlam məni tanısa,

xoşbəxt olaram...

Yorğun kədərimdə

tapıram özümü,

daha öncə bir röyada belə görülməmiş,

zamanın əlindən axıb getdiyini gördüm,

və yoxluğun var olmağında

anladım hər şeyi.

Özümü tapdığım üçün

hər yerə baxıram,

qorxum yox artıq,

bilirəm, bütün ipucular sənə gəlib çatır,

onun üçün heç bir sorum yox.

Adını xatırlamaq lazım deyil,

sən özün bəs edirsən...

 

 

 

Bilmirsən nə olacaq, necə olacaq. Bir göz qırpımında olan olur, keçən keçir. Sənə də yalnız seyrçi olmaq qalır...

Azərbaycan poeziyasında öz yeri var idi Sabir Yusifoğlunun. Doğulduğu Cəlilabad rayonunun Adnalı kəndindən Sumqayıta gəlmişdi, bu gənclik şəhərində fəhləçilik edir, gözəl bədii nümunələr yaradır, oxucu qəlblərində iz qoyurdu. Çox yazmırdı, az yazırdı, amma sanballı yazırdı. Onun üçün əsas olan  kəmiyyət deyildi, keyfiyyət idi.

Sonra ağır xəstəlik gəldi, şiddətli ağrılar gəldi, dostların, tanışların biganəliyini gördü, küsdü, özünə qapandı.

Və budur, Sumqayıtdan sarsıdıcı xəbəri oğlu, qazı şair Emin Pirinin dilindən eşitdik. Şair gecə saatlarında düşdüyü koma vəziyyətindən ayılmayaraq vəfat etdi. Haqq dünyasından küskün halda axirət dünyasına qovuşdu.

Allah rəhmət eləsin. Daha nə deyə bilərik ki.

 

Ya dəli ol, ya dərdli ol,

Biri bilsə, beşi bilməz.

Bu küləkdə hönkürtüylə,

Ağlasan da eşidilməz...

 

“Ədəbiyyat və incəsənət”

Среда, 28 Сентябрь 2022 11:30

Günə 10 min qazanan şoumen

 

Türkiyə şoumeni Mehmet Ali Erbilin sosial mediadan qazancı açıqlanıb.

“Ədəbiyyat və incəsənət” olay-a istinadən xəbər verir ki, bu barədə tiktoker Ece Ronay "İkinci sayfa" verilişində danışıb.

O bildirib ki, aktyorun canlı yayımlardan qazancı günlük 70-100 min lirə (təxminən, 7-10 min manat) arasındadır.

Bəxtəvər deməyək, nə deyək?

Среда, 28 Сентябрь 2022 09:38

Estrada müğənnisi Boris Moiseyev 68 yaşında vəfat edib.

 

“Ədəbiyyat və incəsənət” RİA Novosti-yə istinadən bildirir ki, bu barədə müğənninin art-direktoru məlumat verib. 

 

Cinsi orientasiyası ilə və qeyri-etik davranışları ilə daim gündəmdə olan Boris Moiseyev Belarusun Mogilyov şəhərində andan olmuşdu. O, Rusiyanın "Əməkdar artisti" fəxri adını daşıyırdı. Ölümün səbəbi kimi insult göstərilir. 

Azərbaycana da çörək yeri kimi baxan Moiseyev müxtəlif layihələrdə bizim səxavətli sponsorlardan babat pul qoparmaqda pərgar idi.

Среда, 28 Сентябрь 2022 13:00

Şəhidin sevgilisinə yazdığı məktubu Röya oxudu

 

Xalq artisti Röya Ayxanın şəhid Pərviz Əliyevin sevgilisinə yazdığı məktubun sözlərinə ifa etdiyi mahnı təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət” olay-a istinadən yazır ki, sözügedən bəstə Anım Günündə sənətçinin rəsmi musiqi platformalarında təqdim edilib.

"Yada düşürsən" adlı mahnıda Xalq artisti Nurəddin Mehdixanlı şəhidə ithafən yazılan sözləri də qiraət edib.

Bildirək ki, şəhidin qardaşı Hikmət Əliyev həmin məktubu bəstəkar Fərid Kərimliyə göstərib. F. Kərimli isə məktubdakı sözlərə musiqi bəstələyib.

Qeyd edək ki, Pərviz Həsən oğlu Əliyev Birinci Qarabağ müharibəsində iştirak edib. O, Füzuli rayonundan Aşağı Veysəlli, Dilağarda, Govşadlı kəndlərindən keçib. 5 aprel 1993-cü ildə Məngələnata yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olub.

Layihə şəhid Pərviz Əliyevin simasında Vətən uğrunda şəhadətə ucalan oğullarımıza həsr olunur.

Среда, 28 Сентябрь 2022 10:30

Poeziyanı bu cür gözdən salmaqmı olar?

 

Şeirlər kimi qələmə verdiyi cızmaqaraları ilə gündəmə gəlmiş Əməkdar artist Elza Seyidcahan bir müddət əvvəl onun şeirlərini tənqid edən Xalq artisti Rasim Balayevlə "Ötən günlər" proqramında bir araya gəlib.

Və qəribədir ki, bu haqlı tənqidi zarafata salaraq ona istədiyi kimi don geydirib.

Xatırladaq ki, Rasim Balayev bəstəkar-müğənninin şeirləri haqda danışarkən "Ona deyən yoxdur ki, get işinlə məşğul ol? Sən şair deyilsən. Bu şeirlər efirlik deyil" sözlərini söyləmişdi. E.Seyidcahan isə cavab olaraq proqramda “Rasim Balayevə təşəkkür edirəm, oxucumdur, məni müzakirə edir. Mənim kimi böyük şairi şəxsiyyətli aktyor, xalqımızın gözəl sənətkarı müzakirə edirsə, mənim üçün fəxrdir. Rasim bəy, oxumağa davam edin. Sizi çox istəyirəm, məni tənqid edin" söyləmişdir. Diqqət çəkən məqam isə E.Seyidcahanın aktyorun alnından öpməsi olmuşdur. O, bununla sənətçidən incimədiyini nümayiş etdirmişdir.

Bizi isə incidən Elza Seyidcahanın özünə “böyük şair” deməsidir. Şairlər susanda elzaların meydan sulaması əlbəttə ki, gözləniləndir. 

Bu gün sanki ədəbiyyatı urvatdan salmaq üçün hamı bəhsə giribdir. 

İndi isə böyük şair Elza Seyidcahandan bir bənd:

Tikin məni divarlara

Hörük olum.

Dəlik olum qaranlıqdan

Baxanlara

İşıq olum

Uçanlara səmalarda

Qanad olum

Selik olum ağızlardan

Axanlara…

 

“Ədəbiyyat və incəsənət”

 

Bu gün Meksikada UNESCO-nun “MONDİACULT-2022” Mədəniyyət Siyasətləri və Davamlı İnkişaf üzrə Ümumdünya Konfransı öz işinə başlayacaq. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 40 il əvvəl 1982-ci ildə Meksikada keçirilmiş “MONDİACULT” konfransına yenidən bu ölkə ev sahibliyi edəcək. Builki “MONDİACULT 2022” konfransına 100-dən artıq mədəniyyət naziri, 150-dən çox hökumətlərarası təşkilatın, BMT institutlarının, vətəndaş cəmiyyəti təşkilatlarının qatılacağı gözlənilir. 

Beynəlxalq ictimaiyyət tərəfindən arzu olunan yol xəritəsi kimi razılaşdırılmış BMT Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində sonuncu onilliyə qədəm qoyulduğu vaxtda qlobal çağırışların öhdəsindən gəlmək və yaxın gələcək prioritetləri müəyyən etmək üçün UNESCO üzv dövlətlərini və beynəlxalq ictimaiyyəti davamlı mədəniyyət siyasəti haqqında düşünməyə dəvət edir. Məqsəd davamlı inkişaf perspektivlərinə, eləcə də həmrəylik, sülh və təhlükəsizliyin təşviqinə tam uyğunlaşdırılmış daha dayanıqlı və davamlı mədəniyyət sektorunu formalaşdırmaqdır.

Konfransa sentyabrın 30-da yekun vurulacaq.

 

Qazaxıstanın Aktau şəhərində keçirilən “II Abiş Alemi Teatr Festivalı” Azərbaycanın milli musiqi incisi sayılan “Sarı gəlin” mahnısı ilə bağlanıb. Mahnı Azərbaycanın Əməkdar incəsənət xadimi, aktrisa-rejissor Məlahət Abbasova tərəfindən ifa edilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə AzərTAC-ın müxbiri Günel Məlikovaya müsahibə verən Məlahət Abbasova ölkəmizi təmsil etməkdən qürur duyduğunu bildirib. 

Məlahət Abbasova deyib: “Orada səhnəyə çıxıb sadəcə mahnını monoloq şəklində söyləyəcəkdim. Lakin son anda olduğu kimi ifa etmək istədim. Mən müğənni deyiləm, amma buna baxmayaraq, tamaşaçılar tərəfindən çox gözəl qarşılandım. Bu, mənim üçün böyük və çox yaddaqalan bir hadisə oldu. Təbii ki, bir azərbaycanlı olaraq bu mənə çox böyük fəxr hissi yaşatdı”.

Qeyd edək ki, türkdilli ölkələrlə yanaşı, Rusiya, Gürcüstan kimi dövlətlərin də iştirak etdikləri festivala Məlahət Abbasova Türkiyə tərəfindən fəxri qonaq qismində dəvət edilib. 

Festivalın bağlanış mərasimində iştirakçı ölkələrin rəsmi şəxsləri və Qazaxıstanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri də iştirak ediblər.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.