Super User
ARB TV yeni mövsümə "Aclıq oyunları" adlanan uğurlu bir layihə ilə start verir
Ehtiram Fərzəlibəyovun təqdimatında olan "Aclıq oyunları" realiti şousu bir-birindən fərqli buraxılışlar ilə yayımlanacaq. Müxtəlif məkanlarda baş tutacaq buraxılışlarda dünya mətbəxinin ləziz təamları Azərbaycan mətbəxinə uyğun tərzdə təqdim olunacaq. Belə ki, studiya şəraitində yemək bişirmək, vəhşi təbiətdə ərzaq tapıb yemək hazırlamaq, küçə yeməklərinin (streetfood) və s. hər birinin mükəmməl şəkildə təqdim olunması nəzərdə tutulur.
Bu barədə “Ədəbiyyat və incəsənət” milli.az-a istinadən məlumat verir. Verilişdə peşəkar aşpazlar master-klass keçəcəklər. İştrakçıların qatıldığı realiti şounun qalibi seçim əsasında aparılacaq. Sonda qalib 15 min manat pul mükafatı və Azərbaycan Milli Kulinariya Assosiasiyasının diplomu ilə təltif ediləcək.
Qeyd edək ki, "Aclıq oyunları" realiti şousu oktyabr ayının 7-sindən etibarən həftənin şənbə və bazar günləri saat 18:00-da efirə gedəcək.
“Bir həyatdı min günahlıq” -Zahid Sarıtorpağın şeiri
“Ədəbiyyat və incəsənət” portalı Poetik qiraət rubrikasında Zahid Sarıtorpağın “…harda görsək bir qaranlıq” şeirini təqdim edir.
harda görsək bir qaranlıq
gün kimi doğub gedərik
hər quraqlığa bir anlıq
yağış tək yağıb gedərik
biz gələrik sevə-sevə,
göz yumar O biz tərəfə
bir ömürdə bircə dəfə
üzünə baxıb gedərik
bir həyatdı min günahlıq
bir nəfəs qalıb son ahlıq
ömür adlı bu qonaqlıq
bitər də çıxıb gedərik
Musiqili Teatrın oktyabr repertuarını təqdim edirik
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının oktyabr repertuarını diqqətinizə çatdırırıq.
7 oktyabr- “Psix”
8 oktyabr –“Paris Notr-Dama ithaf”
9 oktyabr – “Qırmızı papaq”, “Bəxtiyar”
14 oktyabr- “Lara Martins Jazz club”
15 oktyabr – “Meşə çaqqalsız olmaz”, “999-cu gecə”
16 oktyabr – “Qoğal”, “O olmasın, bu olsun”
21 oktyabr – “Silva”
22 oktyabr - “Dəcəl çəpişlər”, “Məchul pilləkən”
23 oktyabr-“Qırmızı papaq”, “Qızıl toy”
28 oktyabr –“ Baladadaşın toy hamamı”,
29 oktyabr - “Bremen musiqiçiləri və Pen”, “Beş manatlıq gəlin”
30 oktyabr – “Buratino” , “Kimdir müqəssir”
Nəhayət ki, İçərişəhərin Qala divarlarına qanunsuz çəkilən rəsmlər silinib
Nəhayət ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Qala divarlarında qanunsuz olaraq çəkilən qraffiti izlərini tamamilə silib.
Qoruq idarəsinin yaydığı məlumata görə İçərişəhər və Qala qoruqları Azərbaycan Respublikasının tarixi irsinin bir hissəsidir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin prioritet istiqamətlərindən biri də dünya, ölkə və yerli əhəmiyyətli abidələrin qorunmasıdır.
Məlumatda qeyd olunub ki, son bir il ərzində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi dəfələrlə vandalizm aktları ilə qarşılaşıb. Monitorinq nəticəsində qoruq ərazisində 70-dən “yazı” və qraffiti aşkarlanıb. Bir müddət əvvəl ictimaiyyətə dünya əhəmiyyətli abidə olan Qala divarlarına qarşı vandalizm aktı barədə məlumat verilmişdir. Qala divarını zədələyən şəxslər vaxtında müəyyən edilib və barələrində qanuni tədbirlər görülüb.
Bildirilib ki, Qala divarında vandalizm izlərinin aradan qaldırılması istiqamətində aparılan bərpa işləri ötən həftə başa çatdırılıb. İş beynəlxalq təcrübəyə malik mütəxəssislərin nəzarəti altında yerli heyət tərəfindən həyata keçirilib.
“Yuğ” Teatrı yeni mövsümə premyera ilə başlayıb
M.F.Axundzadənin “Mürafiə vəkillərinin hekayəti” pyesi yəqin yadınızdadır. Bu pyes əsasında hazırlanan tamaşa Azərbaycan Dövlət “Yuğ” Teatrının yeni mövsüm premyerası olub. Söhbət “Şəbədə” tamaşasından gedir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Umay Həsənova, rejissor assistenti Məryəm Qələndərlidir.
Tamaşada Xalq artisti Vidadi Həsənov, aktyorlar Oqtay Mehdiyev, Elgün Həmidov, Vüqar Hacıyev, Amid Qasımov, Ziya Ağa, Elçin Əmirov, Mətanət Abbas, Ləman Mərrih və Günəş Mehdizadə çıxış ediblər.
Tamaşanın ideyası belədir: “Mənəviyyatın çözə bilmədiyini heç bir ədalət məhkəməsi çözə bilməz!"
Keçə sənətinə yenidən maraq oyadanlar
“Hazırda Çanaqqala 18 Mart Universitetinin Təsviri incəsənət fakültəsinin milli türk sənətləri bölməsində baş müəllim kimi çalışıram. İşlədiyim müddətdə orada keçə ustası yanında təhsil aldım və sonra universitetdə həmin sənəti tədris etməyə başladım. Keçə sənəti bizim ortaq irsimiz olsa da, son dövrlərdə bu sənətə maraq azalıb. Çalışıram bu qədim sənəti öz əsərlərim vasitəsilə üzə çıxarım.”
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu sözləri rəssam Minarə Quliyeva Cəmşidi “Ortaq mədəniyyət, ortaq miras” adlı fərdi sərgisi zamanı AzərTAC-a açıqlamasında deyib.
“Keçə sənətində iki texnikadan istifadə olunur. Mən döymə üsulu ilə işləyirəm. Rəssam olduğum üçün qədim Göytürk yazılarını, “Dədə Qorqud” və “Koroğlu” dastanlarının motivlərini, həmçinin Novruz bayramı, türk xalqlarında nazik çörəyin hazırlanması və paylaşılması mədəniyyəti kimi tanınan “yufka”, “miniatür sənəti” və UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısına daxil olan digər ortaq miraslarımızı keçə üzərində əks etdirməyə çalışıram. Keçə sənəti zəhmət tələb edən bir sənətdir. Təəssüflər olsun ki, Azərbaycanda bu sənət artıq tədris edilmir. Çalışıram müxtəlif sərgilər vasitəsilə bu sahəyə yenidən maraq oyadım”, - deyə Minarə Quliyeva Cəmşidi bildirib.
“Şuşa mədəniyyətinin inciləri” layihəsində bu dəfə Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyi
Mədəniyyət Nazirliyi tərəfindən “Şuşa İli” münasibətilə həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsi yeni təqdimatlarla davam edir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, layihənin "Şuşanın memarlıq salnaməsi” bölməsi üzrə növbəti təqdimat Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyinə həsr olunub.
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyi 1959-cu ildə yaradılıb.
Muzeyin ekspozisiyasında Hacıbəylilər ailəsinə məxsus ev əşyaları ilə yanaşı, Üzeyir bəyin şəxsi əşyaları, şəkilləri, kitabları, ona həsr olunmuş və muzeyə bağışlanmış kitablar mühüm yer tuturdu.
Ü. Hacıbəylinin anadan olmasının ildönümləri, yubileyləri muzeydə mütəmadi surətdə dövlət səviyyəsində qeyd olunurdu. 1985-ci ildə Üzeyir Hacıbəyovun 100 illik yubileyi YUNESKO tərəfindən geniş qeyd olunub, dünyanın bir çox ölkəsindən gələn qonaqlar Ü. Hacıbəylinin Şuşadakı ev-muzeyini ziyarət edib, burada böyük yubiley tədbirləri
keçirilib.
Ev-muzeyi 1992-ci ilə kimi fəaliyyət göstərib. Muzeyin eksponatları hazırda Ü. Hacıbəylinin Bakıdakı ev-muzeyinin fondunda saxlanılır.
Azərbaycan ordusu 2020-ci il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etdikdən sonra dahi bəstəkarın Şuşadakı ev-muzeyində bərpa işləri həyata keçirilir.
Ev-muzeyində həyata keçiriləcək işlərdən sonra 1992-ci ildə muzeyin Bakıya aparılmış eksponatlarının burada yerləşdirilməsi nəzərdə tutulur. Bunlar Üzeyir Hacıbəylinin fotoşəkilləri, məktubları, əsərlərinin partituraları və şəxsi əşyalarıdır
Sumqayıtdakı erməni qonşular, erməni kilsəsi və alman qəbiristanlığı
Vüsal Məmmədov yazır
Müharibələr əbədi olmur. Tarix göstərir ki, hətta ən qatı düşmən mövqedə dayanan ölkələr belə hansısa mərhələdə kompromislər axtarışına çıxır və toqquşmaları, ziddiyyətləri geridə qoyurlar. Müasir beynəlxalq münasibətlər sisteminə diqqət yetirsək, görərik ki, çox uzun illər müharibələr aparmış dövlətlər bu gün hətta tərəfdaşlar kimi çıxış edirlər.
Yaponiya-Çin, ABŞ-Yaponiya, Birinci və İkinci Dünya Müharibələrində bir-birilə qanlı savaşlar aparmış Almaniya və Fransa, eləcə də 100 illik müharibənin tərəfləri - İngiltərə və Fransanı bu gün müttəfiqlik münasibətləri bağlayır.
Bəli, ABŞ da öz müstəqlliyini İngiltərədən müharibə ilə qoparıb, ancaq hazırda London Ağ Evin ən yaxın dostudur. Və ya uzaq Roma imperiyası dövrünə qayıtmadan xatırlada bilərik ki, İtaliya II Dünya müharibəsi zamanı Mussolini hakimiyyəti altında Avropanı işğal edirdi. İndi isə İtaliya Aİ-nın əsas dayaqlarından biri kimi Avropanın zəif iqtisadiyyatlı ölkələrinə yardımını əsirgəmir.
Cənubi Qafqaz da zaman-zaman müharibələrə, toqquşmalara şahidlik etsə də bu məkanda xalqların birgəyaşayışına dair çoxsaylı faktar mövcuddur. Bunun praktik olaraq mümkünlüyünü ən yaxın keçmişdə sovet ittifaqının təcrübəsində görmüşük. İttifaqın zəifləməsi ilə Ermənistanda baş qaldıran "miatsum" arzuları təəssüf ki, bölgədə 30 il davam edən münaqişənin meydana gəlməsi ilə nəticələndi. Azərbaycanlıların Ermənistandan, dədə-baba yurdlarından, Qarabağ və Şərqi Zəngəzurdan deportasiyası fəlakətdolu bir qərinənin başlanğıcına çevrildi.
Nəhayət, Azərbaycan Ordusunun 30 il sonra tarixi ədaləti bərqərar etməsi yalnız beynəlxlq hüququn təmin olunması deyil, həm də region üçün qalıcı sülh, birgəyaşayış, əməkdaşlıq və inkişaf zəmini yaradıb.
Prezident İlham Əliyev deyir: "Müharibə başa çatıb və biz artıq kitabın o səhifəsini bağlamalıyıq, gələcəyə baxmalıyıq. Nikbinliyə səbəb olan digər amil odur ki, qonşularımız da bizim fikirlərimizi bölüşürlər.
Çünki postmüharibə dövrü doğrudan da yeni imkanlar açır, əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün çox nadir imkanlar yaradır".
Azərbaycan xalqının tolerant, multikultural ənənələri burda əsrlər boyunca bütün xalqların namayəndələrinin mehriban yaşayışını təmin edib. Eləcə də ermənilərin.
Prezident İlham Əliyev: "1982-ci ildə mərhum atamla birlikdə Dağlıq Qarabağa - Şuşaya getmişdik. Bizim böyük şairimiz Vaqifin məqbərəsi açılırdı. Bu məqbərənin açılışı mərasimində erməni və Azərbaycan şairləri şeirlər deyirdilər, Azərbaycan dilində, erməni dilində. O bir dostluq bayramı idi. Yəni, o, mənim şahidi olduğum mənzərədir. Bizim Bakı şəhərində ermənilər yaşayırdı. Yəni bizim heç bir problemimiz yox idi".
Bakıdakı erməni kilsəsini hamımız görmüşük. O, yalnız tarixi abidə deyil, həm də Azərbaycanın xalqının tolerantlığını göstərən nümunələrdən biridir. İşğalçı Ermənistan azərbaycanlıları deportasiya edəndə, qıranda, Qarabağda bütün abidələrimizi yerlə bir edəndə də Azərbaycan xalqı qisasını tarixi abidələrdən almadı. 1863-69-cu illərdə tikilən bu binada bu gün 5000 minədək erməni dilində kitab saxlanılır.
Dərhal xatırladaq ki, ermənilər Qarabağda 67 məsciddən 65-ni tamamilə, ikisini isə qismən dağıdıb, dini abidələrimizi - bunu ifadə etmək hər nə qədər acı olsa da, donuz tövləsinə çevirmişdilər.
***
Hətta Birinci Qarabağ müharibəsindən sonra da Azərbaycanda ermənilərin yaşaması tolerantlığın Azərbaycan modelinin daha bir göstəricisi idi. Çünki Azərbaycanlılar günahsız erməniləri də bu müharibənin, xalqın beynini təhlükəli ideologiya ilə zəhərləmiş siyasi hakimiyyətin qurbanı kimi qəbul edirdirlər.
***
Mənim böyüdüyüm Birləşmiş Məhəllə (7-8-12-ci kvartal) Sumqayıtın ən köhnə məhəllələrindən biridir. Sovet dövründə ermənilərin şəhərdə ən sıx məskunlaşdığı məhələlərdən idi. Böyüdüyüm binada müharibədən sonra da ermənilər yaşayırdı. Və biz onlara heç bir etnik mənsubiyyət fərqi qoymadan münasibət göstərirdik, onlarla qonşular arasında heç vaxt heç bir münaqişə yaşanmamışdı.
***
Erməni cəmiyyəti türklərin guya onlara qarşı soyqırımlar törətməsi, nə vaxtsa "Böyük Ermənistan"a sahib olmaları, bölgənin aborigen xalqı kimi uydurma ideologiyanın qurbanıdır. Bu ideologiyanı Ermənistan müstəqillik qazandıqdan sonra da öz siyasi-merkantil maraqları üçün istifadə edən oyunbazlar erməni xalqını və dövlətini sadəcə, iflasa, min bir məhrumiyyətlərə məhkum ediblər. Azərbayanlılarla barışıq barədə danışan siyasətçilər linç edilib, ən yaxşı halda hakimiyyətdən uzaqlaşdırılıb. Bunun praktik nümunəsi Levon Ter-Petrosyanın təcrübəsində yaşanmışdı. Petrosyan ölkəsinin Dağlıq Qarabağ münaqişəsində əvvəl-axır güzəştlərə getməli olduğun deməsi onun prezidentlik karyerasının sonuna çevrilmişdi. O, sonrakı çıxışlarının birində də təxminən eyni tezisləri bu formada təkrar edirdi: "Nə qədər ki bu məsələ həll olunmayıb, nə qədər ki bizi boğan blokada ləğv olunmayıb, nə qədər ki, qonşularımızla münasibətlərimiz sahmana salınmayıb və ölkəmiz regional və beynəlxalq strukturlara inteqrasiya olunmayıb, Ermənistanın müasir dünya tələblərinə uyğun inkişaf etməyə və guclənmyəyə imkanı olmayacaq... Ermənistanın daha 20, 30, 40 il status-kvonu qoruyub saxlamağa imkanı varmı? Öz iqtisadiyyatını inkişaf etdirməyə, blokadaları və blokadaların doğurduğu maneələri dəf etməyə onun resursları kifayət edərmi? Və, nəhayət, ölkəmiz Azərbaycanla rəqabətə tab gətirə bilərmi?"
***
Aqressiv ritorika ilə prezident kreslosunu ələ keçirən Koçaryan isə müsahibələrindən birində Ermənistan-Azərbaycan münaqişəsi barədə danışarkən "Ermənilərlə azərbaycanlıların genetik uyğunsuzluğu barədə" Hitlerin yəhudilərə yanaşmada nümayiş etdirdiyi faşist postulatı təkrar edirdi. Üçüncü Prezident Sərkisyan da cəmiyyəti eyni əhvala kökləməkdə idi. Halbuki, Serjik azərbaycanlılarla birgə yaşayışın mümkünlüyünü sələflərindən daha yaxşı bilirdi, ancaq xisləti və siyasi ambisiyaları ona mane olurdu.
***
Paşinyan komandası da sülh gündəliyini bir kənara qoyub, "Qarabağ Ermənistandır, nöqtə" və "yeni ərazilər uğrunda yeni müharibədən" dəm vurdu. Ancaq hər halda Azərbaycan Ordusunun 44 günlük nida işarəsi ədaləti bərpa etməklə yanaşı qalıcı sülh üçün də tarixi fürsət formalaşdırıb.
Bəli, müharibədən sonra Azərbaycan birgəyaşayış çağırışları edir, sülh və əməkdaşlığın bütün bölgə xalqlarının rifahına xidmət edəcəyinə inanır. Eyni zamanda dünyanın müxtəlif yerlərində Azərbaycan və ermənilərin birgə yaşamaq təcrübəsinin burda da mümkün olacağına əminlik ifadə edir.
Prezident İlham Əliyev xarici jurnalistlərdən biri ilə söhbətində xatırladır: "Siz qonşu Gürcüstanda ermənilərin və azərbaycanlıların bir yerdə, eyni kənddə yaşadığı kəndlərin olduğunu bilirsiniz? Onlar Rusiyada, Ukraynada bir yerdə yaşayırlar. Onlar dünyanın bir çox digər yerlərində də bir yerdə yaşayırlar. Dünyadakı vəziyyəti indi müşahidə etsəniz, Qərbdə bəzi ermənipərəst mitinqlərdən başqa ermənilər və azərbaycanlılar arasında vəziyyət sakitdir. Nəyə görə onlar orada yaşaya bilərlər, lakin burada yaşaya bilməzlər?"
***
İkinci Qarabağ mühribəsindən öncə xalq diplomatiyası yolu ilə qarşılıqlı etimadın yaradılmasına cəhdlər dəfələrlə olmuşdu. Ancaq işğal faktının davam etməsi fonunda bu, real görünmürdü və təsadüfi deyildi ki, həmin təşəbbüslər heç bir effektiv nəticəyə gətirib çıxarmadı. Ancaq münaqişənin tarixə qovuşmasından sonra qarşılıqlı səfərlər də, etimad tədbirləri də daha ümidverici görünür.
Baxmayaraq ki, erməni cəmiyyətində ağır məğlubiyyətdən sonra yeni reallıqla barışa bilməyən revanşist və aqressiv kəsim hələ ki, mövcuddur.
***
44 günlük müharibə erməni cəmiyyətində sosial-iqtisadi problemlər üzündən yaranmış apatiyanı ciddi şəkildə dərinləşdirdi. Cəmiyyətinin böyük bir kəsimi müharibənin bitməsindən il yarım keçsə də, psixoloji dramdan çıxa bilmir. Vəziyyətə anlaqlı yanaşanları isə cəmiyyətin radikal hissəsi qəfəsə salınmış meymunlar üzərində aparılan məşhur ekspermentdəki kimi neytrallaşdırırlar.
Azərbaycan Qarabağ ermənilərini də öz vətəndaşları kimi qəbul edir. Beləliklə, reinteqrasiyanın başlanması üçün artıq rəsmi siyasi iradə mövcuddur.
Azərbaycan xalqının tolerantlığı özünü bütün mədəniyyətlərə münasibətdə göstərir. Sumqayıtda Alman qəbiristanlığı da bunun daha bir təzahürüdür. 1941-45-ci illərdə əsri düşmüş və sonradan vəfat etmiş almanlar burada dəfn edilmişdi. Və üstündən 80 ilə yaxın vaxt keçməsinə baxmayaraq bu qəbiristanlıqda bir daş da yerindən tərpədilməyib. Və qəbiristanlığı qorunması üçün hansısa xüsusi mühafizə sistemi tətbiq edilməyib. Yəni yerli camaat qəbirləri qoruyub. Bu fakt özlüyündə əslində, bütün dünyaya çox və olduqca çox şey deyir.
“Ədəbiyyat və incəsənət”
Mədəniyyət naziri “INTERACT Film Lab” layihəsinin final təqdimatında iştirak edib
Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasının "INTERACT Film Lab" təlim layihəsinin final təqdimatı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə mədəniyyət naziri Anar Kərimov, “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov, nazirliyin əməkdaşları, eyni zamanda, müstəqil kino təşkilatlarının təmsilçiləri, prodüserlər, o cümlədən tanınmış kino mütəxəssisləri iştirak ediblər.
Layihə meneceri Mələk Bayramlı layihənin məqsədinin peşəkar mütəxəssislər yetişdirərək ölkənin kino sənayesinin inkişafına təkan vermək olduğunu vurğulayıb. Qeyd edək ki, 150 nəfərdən çox gəncin qatıldığı layihə may ayından start götürüb. Keçirilən mərhələli müsahibələrdən sonra 60 gənc “INTERACT Film Lab” iştirakçısı olmaq imkanını qazanıb.
Layihənin kommunikasiya meneceri Nəzrin Ağarzayeva 6 ay davam edən layihə çərçivəsində xaricdən dəvət olunan kino mütəxəssislərinin yerli tələbələrlə nəzəri və praktiki dərslər apardıqlarını bildirib: "Kino sənayesinin 5 əsas sahəsi - rejissorluq üzrə Natalya Merkulova, ssenari yaradıcılığı üzrə Aleksey Çupov, təsvir rejissorluğu üzrə Yevgeni Rodin, quruluşçu rəssamlıq üzrə Quram Navrozaşvili və prodüser ixtisası üzrə Valeriya Lebid öz bilik və bacarıqlarını seçilmiş iştirakçılarla bölüşüb. Layihə boyunca bir sıra tanınmış xarici və yerli kino mütəxəssisləri dərslərdən əlavə, tələbələrlə bir araya gələrək yaradıcılıq istiqamətində söhbətlər aparıb".
Mərasimdə, həmçinin xarici mütəxəssislər intensiv şəkildə reallaşdırılan dərslər və bu proqramda iştirak edən gənc kadrlar haqqında fikirlərini bölüşüblər. Eyni zamanda, layihənin başladığı tarixdən etibarən iştirakçı və mentor əlaqələrini, onların nəzəri və praktiki dərslər zamanı görüntülərini əks etdirən videoçarx nümayiş olunub.
Təqdimatın davamında Film Lab iştirakçılarının komanda halında ərsəyə gətirdiyi final yaradıcılıq işləri qonaqlara təqdim olunub. Kino sahəsinin seçilmiş üzvlərindən ibarət münsif heyəti təqdim olunan yaradıcılıq işlərindən seçim edərək, növbəti mərhələ üçün Mədəniyyət Nazirliyinə bununla bağlı məlumat verəcək.
Qeyd edək ki, təqdimatın sonunda bu proqramı uğurla tamamlamış 32 iştirakçı sertifikatlarla təmin olunub. Sertifikat alanlar arasında AZƏRTAC-ın layihədə iştirak edən əməkdaşı fotomüxbir Mehriban Kərimova da var.
Azərbaycan incəsənət nümayəndələri Türkiyədə keçirilən IV Dünya Köçəri Oyunları Festivalında iştirak edib
Türkiyənin Bursa vilayətinin İznik rayonunda cari ilin 29 sentyabr-3 oktyabr tarixlərində “Ənənələrdən gələcəyə birlikdəyik!” şüarı altında “IV Dünya Köçəri Oyunları” festivalı keçirilib. Festivalda Azərbaycan incəsənət nümayəndələri də uğurla iştirak ediblər.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Türksoyun dəstəyi ilə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Cəngi estrada və folklor ansamblı həmçinin solistlər rəngarəng proqramla ölkəmizin zəngin mədəniyyətini festival iştirakçılarına təqdim ediblər.
Festivalın açılış mərasimində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. Rəcəb Tayyib Ərdoğan dünya köçəri oyunlarının əhəmiyyətini xüsusi vurğulayıb və belə festivalların xalqların adət ənənələrinə bağlılığını və tarixini gənc nəsillərə ötürməsində mühüm hadisə olduğunu dilə gətirib. Çıxışın sonunda Rəcəb Tayyib Ərdoğan Dünya Köçəri oyunlarını açıq elan edib. Rəsmi hissədən sonra açılış mərasiminin bədii hissəsi olub. Azarkeşlər və qonaqlar maraqlı musiqi və çıxışlar izləyib.
Azərbaycandan olan kollektivlər və solistlər bir-birindən dəyərli ifalar təqdim edib.
Qeyd edək ki, 4-cü Dünya Köçəri Oyunları Festivalı oktyabrın 3-də təntənəli mərasimlə yekunlaşıb.
Türksoy tərəfindən F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və Cəngi estrada və folklor ansamblı təşəkkür diplomu, kollektivlərin baletmeysterləri “Aşıq Veysəl” medalı ilə təltif olunublar.