Super User
Rəssam Əbdül Şərifovun xatirəsinə həsr olunmuş sərgi açılıb
Oktyabrın 4-də Xətai Sənət Mərkəzində mərhum rəssam–pedaqoq Əbdül Şərifovun xatirəsinə həsr olunmuş sərgi açılıb.
AzərTAC xəbər verir ki, sərgi çərçivəsində rəssamın “Sənətini paylaşa bilən sənətkar” adlı kitabının təqdimatı da olub. Kitabda Əbdül Şərifovun yaradıcılığı haqqında məlumat, yaratdığı əsərlərdən nümunələr və xatirə fotoları yer alıb.
Mərkəzin direktoru Zahid Əvəzov bildirib ki, sərgidə Əbdül Şərifovun yağlı boya ilə həyatı boyu ərsəyə gətirdiyi əsərləri sərgilənir. Sərgidə həm də mərhum rəssamın tələbələrinin rəsmləri yer alıb: “İnsan var ki, rəssam ola bilər ancaq pedaqoq ola bilməz. Əbdül Şərifov uzun müddət Xətai Sənət Mərkəzində baş müəllim kimi çalışıb. Biz dost idik. Onun bizi tərk etməsi bizi çox kədərləndirir. Əbdül Şərifovun xatirəsini əbədiləşdirmək üçün onun əsərlərindən ibarət sərgi təşkil etdik”.
Xalq rəssamı Arif Hüseynov mərhum həmkarını istedadlı bir sənətkar kimi xarakterizə edib: “Mən Əbdül Şərifovun sənətinə bələdəm, ancaq bu dəfə onun əsərlərinə baxanda onu yenidən kəşf etdim. O, Xətai Sənət Mərkəzində vaxtilə çalışıb və müəllim kimi tələbələr yetişdirib. Tələbələr onun yaddaşıdır. İnsan nə qədər yadda qalırsa o qədər də sevilir”.
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev Əbdül Şərifovun müəllimi olduğunu deyib. Bildirib ki, müəllimlər adətən məşhur rəssam olmaq iddialarını müəllimliyə qurban verirlər. Əbdül Şərifov da belə müəllimlərdən idi.
Sonra Əbdül Şərifovun sənət, tələbə yoldaşları və tələbələri mərhum sənətkarla olan xatirələrini bölüşüb, Xətai Sənət Mərkəzinin bu təşəbbüsünü yüksək qiymətləndiriblər.
Sonra iştirakçılar sərgi ilə tanış olublar.
Şuşa İli” çərçivəsində Parisdə “Qəlbim Qarabağdır” adlı tədbir təşkil olunub
Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi, Azərbaycanın Dostları Assosiasiyasının (ADA) və “Art Council Azerbaijan”ın təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində Parisdə azərbaycanlı uşaqların əl işlərindən ibarət “Qəlbim Qarabağdır” adlı rəsm sərgisi və beynəlxalq müsabiqələr laureatı, azərbaycanlı pianoçu Səidə Tağızadənin ifasında konsert keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev tədbirdə çıxış edərək müharibənin keçmişdə qaldığını deyib. Tədbirdə səslənən musiqimizin, uşaqların sərgilənən əl işlərinin sülhə çağırış, eyni zamanda, bu gün ən vacib məsələnin iki xalq arasında sülhün bərpası olduğunu diqqətə çatdırıb. Bildirib ki, sülhün bərpasında Fransanın da iştirakı əhəmiyyətlidir.
ADA-nın prezidenti, Fransa parlamentinin fəxri üzvü Jerom Lamber bu ölkədə fəaliyyət göstərən ermənipərəst ekstremist qrupların fəaliyyətinə toxunaraq, Azərbaycanın Parisdəki səfirliyinə hücumu bir daha pisləyib, belə əməllərin sülhə aparan yolda maneə olduğunu vurğulayıb.
Fransanın Azərbaycanda ilk səfiri Jan Perən ölkəmizin parlaq gələcəyinə hər zaman inandığını bildirərək, regionda sülhün və əmin-amanlığın yaranacağına əminliyini vurğulayıb.
Sonra tədbir iştirakçılarına “Qəlbim Qarabağdadır” adlı sərgi çərçivəsində layihənin rəhbəri Sona Quliyeva tərəfindən 8-15 yaşlı uşaqların Şuşa şəhəri və Qarabağla bağlı 19 rəsm əsəri təqdim edilib.
Azyaşlı rəssamların əl işlərində Qarabağın füsunkar təbiəti, mədəni irsi, abidələri təsvir edilib.
Qeyd edək ki, “Qəlbim Qarabağdır” adlı rəsm sərgisi bundan əvvəl Almaniya, Avstriya, Belçika və Macarıstanda da nümayiş olunub.
Konsert proqramında beynəlxalq müsabiqələr laureatı, pianoçu Səidə Tağızadə Azərbaycanın klassik bəstəkarları Qara Qarayev və Fikrət Əmirovun əsərlərini, həmçinin Ramin Quliyevin Azərbaycan uğrunda həlak olan əsgərlərin xatirəsinə bəstələdiyi balladanı, Pikə Axundovanın “Salam Şuşa”, Sevda Məmmədlinin Laçından ballada kimi musiqi əsərlərini ifa edib.
“Silahın mistik gözəlliyi” adlı kataloqun təqdimat mərasimində Mədəniyyət Naziri iştirak edib
Azərbaycan Tarix muzeyində "Silahın mistik gözəlliyi (Milli Azərbaycan Tarixi Muzeyində XVI-XIX əsrlər Azərbaycan silahı)" adlı sərginin kataloqunun təqdimat mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının dövlət və ictimai qurumlarının nümayəndələri, alimlər, tədqiqatçılar, muzey əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı qonaqları salamlayaraq, tədbirin əhəmiyyəti barədə ətraflı çıxış edib. Muzey tərəfindən Azərbaycanın hərb tarixinə həsr olunmuş tədbirlərin mütəmadi olaraq, keçirildiyini xüsusi vurğulayıb. Akademik qeyd edib ki, onlardan biri hazırda muzeydə nümayiş olunan silah sərgisidir.
Daha sonra Azərbaycan Respublikasının Mədəniyyət Naziri Anar Kərimov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin 44-günlük Vətən Müharibəsində qazandığı parlaq qələbə nəticəsində Azərbaycanın hərb tarixi və silahlarına, həm respublikada, həm də xaricdə ictimai marağın artmasını vurğulamışdır. Dövlət başçısının tapşırığına uyğun olaraq, Azərbaycan vətəndaşları, xüsusilə gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsi diqqət mərkəzindədir. Bu baxımdan praktiki addımlarla bərabər, elmi əsaslarla yazılmış kitablara böyük ehtiyac var. Cənab Nazir qeyd etmişdir ki, Azərbaycan ustaları çoxsaylı qoşunları silahlarla tam təmin etmiş, həmçinin, dekorativ-tətbiqi sənətin şedevrləri sayılan silahlar hazırlamışlar. Hazırda bu silahların bir çox nümunələri dünya muzeylərində qorunur və bu kataloq sübut edir ki, Azərbaycan xalqının dekorativ-tətbiqi sənətinin vacib sahəsi silahsazlıq və metalişləmə sənətləri olmuşdur. Habelə, Azərbaycanın ənənəvi silahları milli mədəniyyətimizin ayrılmaz tərkib hissəsidir.
Kataloqun müəllifi muzeyin Elmi Ekspozisiya və Sərgilərin Təşkili şöbəsinin müdiri, t.ü.f.d., dosent Səbuhi Əhmədov 300-dən artıq fotoşəkillərlə zənginləşdirilmiş, nəfis tərtibatda çap edilən kataloq haqqında ətraflı məlumat verərək, XVI-XIX əsr Azərbaycan silahlarının növləri, təyinatı və xüsusiyyətlərindən bəhs edib. Müəllif sözügedən yeni nəşrin strukturu, burada qeyd edilən məsələlər, təhlil olunan silahlar haqqında çıxış edib. S.Əhmədov, həmçinin, bildirib ki, kataloqda sözügedən sərgidə nümayiş olunan eksponatların çoxsaylı fotoşəkilləri vasitəsilə silahların ümumi görünüşü ilə yanaşı, onların dekorativ tərtibatına da diqqət yetirilib.
Kataloq təsdiq edir ki, muzeyin Silahlar və Bayraqlar fondunda qorunan müdafiə, soyuq və odlu silahlar Azərbaycan xalqının şanlı hərb tarixini əks etdirməklə bərabər, sənətkarlığın silahsazlıq sahəsinin yüksək inkişafını nümayiş etdirir. Bu silahlar, həmçinin, yüksək zövqlə hazırlanmış incəsənət əsərləridir. S.Əhmədov Azərbaycanın ənənəvi silahlarının Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi kimi araşdırılmasının vacibliyinə toxunaraq, bu baxımdan həyata keçiriləcək praktiki addımların vacibliyini xüsusi vurğulayıb.
Daha sonra kataloqun hazırlanmasında iştirak etmiş şəxslərə muzey adından Təşəkkürnamələr təqdim edilib.
Təqdimatın rəsmi və bədii hissələri muzeyin “Şərq” zalında keçirilib. Bədii hissədə Müdafiə Nazirliyi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblının ifasında hərbi-vətənpərvərlik ruhunda müxtəlif musiqi nömrələri ifa olunub.
Sonda qonaqlar muzeydə nümayiş olunan "Silahın mistik gözəlliyi” adlı sərgi ilə tanış olublar.
Tədbir iştirakçılarına kataloq təqdim olunub.
Bu gün Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı olacaq
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 5-9 oktyabr tarixində VIII Bakı Beynəlxalq Kitab Sərgisi (“Baku International Book Fair – 2022”) keçiriləcək. Bakı Ekspo Mərkəzində reallaşacaq sərgi "Şuşa İli"nə həsr olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sərginin açılışı ərəfəsində isə “Hilton Baku" hotelində sərgi ilə bağlı mətbuat konfransı keçirilib. .
Giriş sözü ilə çıxış edən Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli sərgi haqqında məlumat verib. Qeyd edib ki, builki sərginin digər sərgilərdən fərqi onun miqyasının daha geniş olmasıdır: "8-ci sərgi "Şuşa İli"nə həsr olunub. Ona görə də çap məhsullarının əksəriyyəti mədəniyyət paytaxtımızın simvolları ilə bəzədilib. “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə keçiriləcək sərgidə 10-dan çox ölkə (Türkiyə, Rusiya, İran, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və s.), 100-dən artıq yerli və xarici nəşriyyatın iştirakı gözlənilir.
Kitab bayramında həmçinin Azərbaycanın tanınmış yazıçı və şairləri, gənc yazarlar, eləcə də məşhur xarici müəlliflər, sənətçilər iştirak edəcəklər. Sərgiyə həmçinin kitab mağazaları, universitetlər, mədəniyyət mərkəzləri, muzeylər və s. qurumların da iştirakı nəzərdə tutulur.
Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək. Builki sərgidə ilk dəfə olaraq azyaşlı oxucular üçün spesifik formada "Uşaq dünyası" adlı stend quraşdırılacaq. Sərgi müddətində müxtəlif formatda ümumilikdə 200-dən çox tədbirin təşkili nəzərdə tutulur.
Xalq şairi Ramiz Rövşən və tanınmış şair Aqşin Yenisey VIII Bakı Beynəlxalq Kitab Sərgisinin “fəxri yazarlar”ı olacaqlar. Hər iki müəllifin iştirakı ilə müxtəlif səpkili tədbirlər keçiriləcək. Builki sərginin “fəxri qonaq ölkə”si isə Türkiyədir.
Akif Marifli bildirib ki, sərgi müddətində 2021-ci ildən Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə həyata keçirdiyi “Qarabağa kitabla gedək” aksiyası da davam edəcək. Hazırda bu aksiya çərçivəsində işğaldan azad edilmiş ərazilərdə yaradılacaq kitabxanalar üçün 94 min nüsxəyə yaxın kitab toplanıb. Sərginin son günü isə təşkilat komitəsi tərəfindən "Ən yaxşı nəşriyyat" və "Ən yaxşı kitab" nominasiyaları üzrə qaliblər seçiləcək. Şuşaya həsr olunmuş məzmun və poliqrafik baxımından ən yaxşı kitabı çap etmiş naşir isə mədəniyyət paytaxtımızın 270 illiyi münasibətilə təsis olunan xatirə nişanı ilə təltif ediləcək.
“Caspian Event Organisers” şirkətinin baş direktoru Fərid Məmmədov vurğulayıb ki, ötən ilki sərginin 30 mindən çox ziyarətçisi olub. Sərginin keçiriləcəyi Bakı Ekspo Mərkəzində qurulan infrastruktur onu deməyə imkan verir ki, builki sərgidə daha da çox kitabsevər iştirak edəcək.
Sonda media nümayəndələrinin sualları cavablandırılıb.
Sərginin əsas məqsədi Azərbaycan dövlətinin kitab nəşri, kitabın təbliği və yayılması, dərsliklərin, lüğətlərin, tərcümə və elmi ədəbiyyatın işıq üzü görməsinə yönəlmiş qərar və göstərişlərinin mühüm rolunu vurğulamaq, ölkəmizdə kitab sənayesi sektorunun, ədəbi proseslərin və mütaliə mədəniyyətinin inkişafını dəstəkləməkdir.
Sərgi ziyarətçilərinin metronun “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcək.
Ziyarətçilər https://bakubookfair.az/az-register/ linki vasitəsilə qeydiyyatdan keçməklə buraxılış vərəqələrini əldə edə bilərlər.
Saat 10:00-dan 20:00-dək açıq olacaq sərgiyə giriş ödənişsizdir.
Qeyd edək ki, bu gün Sərgidə Mədəniyyət Nazirliyinə aid Natəvan guşəsində Xalq Yazıçısı Çingiz Abdullayevlə, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva ilə, yazıçı Varislə görüşlər keçiriləcək.
Günün fotosu: İran çalxalanmaqdadır
Günün fotosu: İran çalxalanmaqdadır
İrandakı hökümət əleyhinə mitinqlərə tələbələr və şagirdlər də qoşulmuşlar. Beynəlxalq politoloqlar İranda köklü dəyişikliklər vəd edirlər.
Foto: Euronews
2022-ci ilin ilk Nobel mükafatını isveçli paleogenetik qazanıb
Budur, 2022-ci il Nobel mükafatlarının təqdim ediıməsi mərasiminə başlanıldı və ənənəyə görə ilk olaraq tibb sahəsi üzrə Iaureat elan olundu. Bu, İsveç paleogenetiki Svante Pyaebodur.
Svante Pyaebonun fiziologiya və ya tibb üzrə Nobel mükafatının növbəti laureatı olması xəbərini “Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən yayır.
Nobel Komitəsi Pyaeboya "ölmüş homininlərin genomlarına və insan təkamülünə dair kəşflərinə" görə mükafatı verir.
Mədəniyyət Nazirliyi kommunikasiya menecerlərini ictimaiyyətə təqdim edir
İctimaiyyətə məlum olduğu kimi, Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən islahatların tərkib hissəsi kimi strateji kommunikasiya siyasətinin nazirliyin struktur qurumları, tabe müəssisə və təşkilatlarında effektiv şəkildə həyata keçirilməsi və sosial media fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə “Kommunikasiya meneceri” layihəsi təqdim olunub.
“Ədəbiyyat və incəsənət” portalı nazirliyə istinadən xəbər verir ki, layihə çərçivəsində nazirliyin regional mədəniyyət idarələrində çalışan əməkdaşlardan hər bir idarə üzrə bir nəfər PR, media və kommunikasiya fəaliyyətinə məsul nümayəndə – kommunikasiya meneceri kimi fəaliyyətini davam etdirəcək.
Nazirliyin regional mədəniyyət idarələri üzrə kommunikasiya menecerləri (onlar barədə məlumatlar və əlaqə vasitələri – fotolarda) ictimaiyyətə təqdim olunur: Pərvanə Muradzadə (Bakı), Leyla Dadaşova (Sumqayıt), Fərid Musayev (Xaçmaz), Əkbərli Nurtən (İsmayıllı), Elvin Qarayev (Şəki), Ramil Əhmədov (Kürdəmir), Leyla Bayramova (Ağstafa), Tamam Orucova (Şəmkir), Fərid Məmmədli (Gəncə), Əhliyyət Əliyev (Bərdə), İlkin Mamedov (Ağcabədi), Natəvan Ağayeva (Ağdaş), Anar Rəhimli (Sabirabad), Kürçaylı Məmmədov (Biləsuvar), Ceyhun Bəşirov (Masallı), Əli Abasov (Lənkəran).
Yuxarıda adları qeyd olunan menecerlər media subyektləri ilə, ictimaiyyətlə əlaqələr üzrə məsul nümayəndə olaraq çalışdığı regional idarənin tədbir və layihələrinin mediada işıqlandırılmasını, idarənin fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılmasını və bundan irəli gələn digər vəzifələrin yerinə yetirilməsini, eləcə də sosial media fəaliyyətinin təşkilini təmin edəcək.
Qeyd edək ki, layihə mədəniyyətimizin, mədəniyyət sahəsində nazirliyin, aidiyyəti müəssisə və təşkilatların fəaliyyəti, aparılan islahatlar, əlamətdar hadisə, yenilik və uğurlar barədə ölkə ictimaiyyətinin, ənənəvi mətbu imkanlarla yanaşı, müasir üsul və vasitələrlə, operativ formada məlumatlandırılması, media subyektləri ilə, ictimaiyyətlə əlaqələrin səmərəli şəkildə qurulması və nəticə etibarilə dövlət-cəmiyyət münasibətlərinin, dövlət qurumlarına vətəndaş etimadının yüksəldilməsinə xidmət edir.
Məlumat üçün bildiririk ki, kommunikasiya menecerlərinin peşəkar inkişafını dəstəkləmək məqsədilə ADA Universitetinin "İctimai əlaqələr və medianın əsasları" adlı təlim kursunda onların iştirakı nazirlik tərəfindən adıçəkilən layihə çərçivəsində təmin edilib. Təlim kursu “Ünsiyyət və netvörkinq bacarıqları”, “Ənənəvi və sosial media ilə işləmək bacarıqları”, “Kommunikasiya planının qurulması”, “Media işçiləri üçün əsas nitq və yazı bacarıqları”, “İctimaiyyətlə əlaqələr fəaliyyətində iş bölgüsü” mövzularını əhatə edib.
Rəsm qalereyası: İ.İ. Şişkin. “Qovaq meşəsində səhər”
Günün fotosu: Roma Papası rusları bədnam etdi
Günün fotosu: Roma Papası rusları bədnam etdi
O, Ukraynanın bir neçə əyalətinin ruslar tərəfindən anneksiya edilməsini sərt ittiham etdi. Ukraynalılara ürək-dirək verdi, onların haqq işinin qalib gələcəyini vurğuladı.
Foto: Euronews
1 milyard təklif olundu, “Youtube” kanalını satmadı
MrBeast adı ilə tanınan məşhur bloqer özünün "Youtube" kanalını böyük pul müqabilində satmaqdan imtina edib.
“Ədəbiyyat və incəsənət” lent.az-a istinadən xəbər verir ki, onun kanalına 1 milyard avro təklif edilib. Lakin bloqer bildirib ki, illərlə əziyyət çəkib qurduğu sistemi kiməsə vermək niyyətində deyil. 24 yaşlı superstarın kanalının 100 milyondan çox abunəçisi var. ən əsası, indiyədək heç bir "Youtube" kanalına belə bir məbləğ təklif edilməyib.
Media ekspertləri belə bir hazır kanalın real dəyərinin 10-20 milyard avro arası olduğunu bildirirlər.