“Şuşa mədəniyyətinin inciləri” layihəsində bu dəfə Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyi

 

Mədəniyyət Nazirliyi tərəfindən “Şuşa İli” münasibətilə həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsi yeni təqdimatlarla davam edir. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, layihənin  "Şuşanın memarlıq salnaməsi” bölməsi üzrə növbəti təqdimat Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyinə həsr olunub.

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyi 1959-cu ildə yaradılıb.

Muzeyin ekspozisiyasında Hacıbəylilər ailəsinə məxsus ev əşyaları ilə yanaşı, Üzeyir bəyin şəxsi əşyaları, şəkilləri, kitabları, ona həsr olunmuş və muzeyə bağışlanmış kitablar mühüm yer tuturdu.

Ü. Hacıbəylinin anadan olmasının ildönümləri, yubileyləri muzeydə mütəmadi surətdə dövlət səviyyəsində qeyd olunurdu. 1985-ci ildə Üzeyir Hacıbəyovun 100 illik yubileyi YUNESKO tərəfindən geniş qeyd olunub, dünyanın bir çox ölkəsindən gələn qonaqlar Ü. Hacıbəylinin Şuşadakı ev-muzeyini ziyarət edib, burada böyük yubiley tədbirləri

keçirilib.

Ev-muzeyi 1992-ci ilə kimi fəaliyyət göstərib. Muzeyin eksponatları hazırda Ü. Hacıbəylinin Bakıdakı ev-muzeyinin fondunda saxlanılır.

Azərbaycan ordusu 2020-ci il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etdikdən sonra dahi bəstəkarın Şuşadakı ev-muzeyində bərpa işləri həyata keçirilir. 

Ev-muzeyində həyata keçiriləcək işlərdən sonra 1992-ci ildə muzeyin Bakıya aparılmış eksponatlarının burada yerləşdirilməsi nəzərdə tutulur. Bunlar Üzeyir Hacıbəylinin fotoşəkilləri, məktubları, əsərlərinin partituraları və şəxsi əşyalarıdır

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.