Super User
Gecə saatlarında Londonda BAFTA mükafatları təqdim edilib
Alman rejissoru Edvard Bergerin (şəkildə) "Qərb cəbhəsində heç nə dəyişməyib” filmi “Ən yaxşı İngilis dilində olmayan film" nominasiyasında Britaniya kino və Televiziya Sənətləri Akademiyasının (BAFTA) mükafatını qazandı. Bu, Birləşmiş Krallığın əsas film mükafatının 76-cı mərasimində elan edildi. “Ədəbiyyat və incəsənət” portalı BBC-yə istinadən məlumat verir ki, həmin mərasim Londonda - Sautbenk Kral Mərkəzində düzənlənmişdi.
Film Erix Mariya Remarkın eyniadlı müharibə əleyhinə romanı əsasında çəkilib, 19 yaşlı Paul Boymer və sinif yoldaşlarının hekayəsini izhar edir. Cəbhəyə gedən gənclər Birinci Dünya müharibəsinin bütün dəhşətlərini və faciələrini görürlər.
Film həmçinin "ən yaxşı uyğunlaşdırılmış ssenari", "ən yaxşı operator işi", "film üçün ən yaxşı musiqi" və "ən yaxşı səs" nominasiyalarında "bürünc maskalar" alıb.
Film mükafat nominasiyalarının sayına görə lider olub, 14 kateqoriyada elan edilib.
“Ədəbiyyat və incəsənət”
(20.02.2023)
“Anadolu atəşi”ndən Bakıda zəlzələ rekviyemi
Bu rəqs qrupu bütün dünyada məşhurdur. Onun atəşli rəqsləri qanları coşdurur. Onlar Bakıda qastrola gəliblər. Amma bu dəfə “Anadolu atəşi” sevinc yox, kədər ovqatlı rəqslər sərgiləyib. Fevralın 19-da “Baku Crystal Hall”un səhnəsində Türkiyənin dünyaşöhrətli, əfsanəvi "Anadolu atəşi" rəqs kollektivinin növbəti rəqs şousu təşkil olunub.
Öncə qrup barədə tanıtım məlumatı verək. 2002-ci ildə qastrol səfərlərinə başlayan qrup dünyanı gəzib. “Anadolu atəşi” 106 ölkədə 50 milyona yaxın tamaşaçı tərəfindən izlənilib. Yeni Zelandiya, Cənubi Koreya, ABŞ, Almaniya, Fransa, İspaniya, İtaliya, Azor adaları, Meksika, Yaponiya, Çili, Çin bu ölkələrdən yalnız bəziləridir.
“Anadolu atəşi” qonaq qismində davamlı olaraq dünya səviyyəli tədbirlərdə iştirak edir ki, bunlara misal olaraq Bəhreyndə keçirilən “Formula-1” yarışlarını, Qətərdə Asiya Olimpiya Oyunlarını, 2008-ci il Olimpiadasını və Çində keçirilən Asiya Sivilizasiyalarının Mədəniyyət Karnavalını, İstanbulda UEFA Kubokunun finalını göstərmək olar.
Türkiyənin “Anadolu atəşi” rəqs ansamblı iki dəfə Ginnesin Rekordlar Kitabına düşüb. Ən sürətli rəqs performansı (dəqiqədə 241 pa) və ən böyük tamaşaçı auditoriyası (Türkiyədə Ereqlidə 400 min tamaşaçı) qrupun bu günə qədər əldə etdiyi nailiyyətlərdən bəziləridir.
İndi isə konsertə qayıdaq. Əvvəlcə Türkiyədə baş vermiş təbii fəlakəti əks etdirən videoçarx nümayiş olunub və "Anadolu atəşi"nin kollektivi faciə qurbanlarının xatirəsini səhnəciklə yad ediblər.
Ansamblın öz qeyri-adi şou proqramına yüksək peşəkarlıqla ifa olunan rəqslər, türk folkloru, dünya xalqlarının rəqslərindən nümunələr, səhnələşdirilmiş rəqs kompozisiyaları, qılıncoynadanların, nağaraçalanların məharətli çıxışları, habelə rəngarəng səhnə tərtibatı, solo nömrələr, kütləvi dramatik səhnələr daxildir.
Rəqs kollektivi şoularında solo nömrələr, kütləvi dramatik səhnələr ifa etməklə yanaşı, “canlanan” dekorasiyalar qurub və qədim əfsanələri səsləndirib.
Azərbaycanda bir neçə dəfə möhtəşəm proqramla çıxış edən “Anadolu atəşi” həmişə olduğu kimi, bu dəfə də auditoriyanın rəğbətini qazanıb.
Qeyd edək ki, Türkiyədə baş vermiş təbii fəlakətlə əlaqədar vaxtı dəyişdirilən şou-proqramdan əldə olunan vəsait zəlzələdən zərərçəkənlərə ayrılacaq.
“Ədəbiyyat və incəsənət”
(20.02.2023)
Şalyapinin 150 illiyinə Bakı konserti
Bakıdakı Rus Evi müxtəlif mədəniyyət tədbirlərini sıralayır və növbəti tədbir məşhur opera və kamera müğənnisi Fyodor Şalyapinin anadan olmasının 150 illiyinə həsr edilmişdi.
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin məlumata görə, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilati dəstəyi ilə keçirilən bayram tədbirinin qonaqları arasında Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov, Milli Məclisin deputatı Rauf Əliyev, bir sıra ölkələrin diplomatik korpusunun nümayəndələri, yaradıcı ziyalıların, biznes dairələrinin, mədəniyyət təşkilatlarının, həmvətənlər cəmiyyətlərinin təmsilçiləri vardı.
Bakı Musiqi Akademiyasının (BMA) böyük müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakina tərəfindən təşkil edilmiş konsert proqramında Azərbaycan Respublikasının Əməkdar artisti Anton Ferştandt, Dilarə Kərimova, Ülviyyə Əliyeva, Məryəm Yusifova, Fərhad Ələkbərov, Ruslan Persan, Kamilla İmanova, Teymur Kazımov, həmçinin BMA-nın tələbələri Emin İsmayılov, Aqşin Xudaverdiyev, Atif Qarabaqi iştirak edirdi .
Rus opera müğənnisi Fyodor Şalyapin dünyanın ən nüfuzlu teatrlarının – Böyük Teatr, Mariya Teatrı, Metropoliten-opera kimi sənət məbədlərinin səhnələrində çıxış edirdi. İfaçılıqla yanaşı, rəssamlıq və heykəltaraşlıqla da məşğul olan Fyodor Şalyapin bir neçə bədii filmdə çəkilib. Bəstəkarlar Sergey Prokofyev və Anton Rubinşteyn onun istedadının pərəstişkarları idi. Maksim Qorki onu “rus incəsənətində ayrıca bir dövr” adlandırmışdı.
“Ədəbiyyat və incəsənət”
(20.02.2023)
Berlin kinofestivalında Şon Pennin “Supergüc” premyerası və digər premyeralar
Almaniyanın paytaxtı Berlin şəhərində ənənəvi Berlin kinofestivalı açılıb. Ötən gün Amerika rejissorları Şon Penn və Aaron Kaufmanın “Supergüc” sənədli filminin premyerası olub və festivalı bəzəyən bu filmin əsas özəlliyi – onun Ukrayna müharibəsinə həsr edilməsi sayılır.
“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, layihə müəllifləri öncə Ukrayna prezidentinin həyat hekayəsini çəkməyi düşünüblər - Aktyorluq karyerasından sonra prezidentliyə yüksələn Zelenski barədə hardasa sənədli bir film ərsəyə gəlməli imiş. Amma rusların başladığı işğalçı müharibə planları dəyişib. Bu dəfə müharibə mövzulu bir film ərsəyə gətirilib. Müharibənin işğalçı siması, qırılan talelər, güllələnən uşaqlar – kadrlar dəyişdikcə tamaşaçılar ayaq üstündə filmi alqışlayıblar.
Belin kinofestivalının başqa bir gözlənilən premyerası kanadalı rejissor Mat Consonun “Blekberri” filmi olub. Film 2000-ci illərin simvolu olan, böyük yüksəliş yaşayan, sonra isə tənəzzül edən məşhur “Blekberri” telefon istehsalı şirkətindən bəhs edir.
Daha gur avasiyalar isə yerli – alman rejissoru Emili Atefə qismət olub. Onun ilk dəfə nümayiş etdirilən “Bir dəfə biz bir-birimizə hər şeyi danışaçağıq” filmi hədsiz maraq doğurub. Film Berlin divarları uçurulan məqamda bir qızın həyatını dəyişən bir görüş barədədir.
Festival haqda digər diqqətçəkən məqamlar barədə də sizləri məlumatlandıracağıq.
Şəkillərdə: Amerika rejissorları Şon Penn və Aaron Kaufman “Supergüc” sənədli filminin premyerası öncəsi; “Bir dəfə biz bir-birimizə hər şeyi danışaçağıq” filmindən kadr.
“Ədəbiyyat və incəsənət”
(20.02.2023)
Günün fotosu: Xanım Ursula Rusiyaya qarşı daha sərt olmağa çağırıb
Günün fotosu: Xanım Ursula Rusiyaya qarşı daha sərt olmağa çağırıb
Avropa İttifaqı Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynaya dəstək səylərini ikiqat artırmağa çağırır. Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Münhen Təhlükəsizlik Konfransında belə bir açıqlama ilə çıxış edib. O, xüsusilə Ukrayna ordusunun təchizat problemlərini həll etmək üçün hərbi istehsalın əhəmiyyətli dərəcədə genişləndirilməsini təklif eləyib.
Foto: AP
“Ədəbiyyat və incəsənət”
(20.02.2023)
Rəsm qalereyası: Nəvai Mətin, “Natürmort”
“Çöldə Yaşam Öyüdləri”nin növbəti qonağı şair Əkbər Qoşalı olub
Qafqaz TV, El TV və Kanal S televiziyalarında yayımlanan "Çöldə Yaşam Öyüdləri" verilişinin yeni bölümü çəkilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, əsrarəngiz Quba təbiətində çəkilən proqramın qonağı tanınmış türkoloq, şair və publisist Əkbər Qoşalı olub. Layihənin rəhbəri Eltən Törəçi qonaqla ağappaq qarın üstündə, ocaq başında gözəl bir söhbət aparıb.
İzləməyə dəyər.
“Ədəbiyyat və incəsənət”
(20.02.2023)
Poylu qəsəbəsində Nəriman Həsənzadə sevgisi
Xəbər verdiyimiz kimi, şənbə günü Azərbaycan poeziyasının, ümumən ədəbi-ictimai fikrinin görkəmli nümayəndələrindən olan Xalq şairi Nəriman Həsənzadənin anadan olmasının 92-ci ildönümü tamam olub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu münasibətlə Nəriman Həsənzadənin doğulub böyüdüyü Qazax - Akstafa bölgəsinin Poylu qəsəbəsinin şagirdləri özünəməxsus bir fləşmob təşkil ediblər. Onlar əllərində şairin “Poylu beşiyim mənim” şeirlər kitabını, habelə Salatın Əhmədovanın Nəriman Həsınzadəyə həsr etdiyi “Poylu beşiyindən məktub” adlı kitabı nümayiş etdiriblər.
“Ədəbiyyat və incəsənət”
(20.02.2023)
Açıq portfel: Ötən ay ixrac edilən xam neft və neft məhsullarının dəyəri 1,3 milyard dollar olub
Yanvar ayında Azərbaycandan 2 milyon 246,1 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. İxrac edilən neft və neft məhsullarının dəyəri isə 1 milyard 397,7 milyon ABŞ dolları olub.
Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Xatırladaq ki, 2022-ci ilin eyni ayında ölkədən 3 milyon 505,5 min ton xam neft və neft məhsulları ixrac olunub, ixracın dəyəri 2 milyard 31,4 milyon dollar təşkil edib.
“Ədəbiyyat və incəsənət”
(20.02.2023)
Dəri ayaqqabının ucuyla işıldaböcək öldürməyə dəyərmi?
“Ədəbiyyat və incəsənət” portalı gənc imza Şəfa Vəlinin “Biz kimik?” essesini oxucularına təqdim edir.
İlk düşünən kim olub və nə haqqında düşünüb? Əbədi suallardan daha biri... Və bizi - insanları çeşidləyən də məhz belə əbədi suallardır. Cavabını bilmirəm, amma əminəm ki, ilk düşüncənin içində də "mən kiməm?" sualı cilvələnirdi.
Xətrinizə dəyməsin "çeşidlənən insanlar" deməyim. Düşününcə bu da olur. Düşünməyin də əleyhinə deyiləm; gəldiyim qənaətlər düşüncəmin məhsuludur. İnsanlar çeşidləndikcə, düşüncələr də "dövr" adlı dolabın güzgülü dolablarında "səliqəylə" düzülür. Pərakəndə düşüncələri yalnız dövrün qapısının eşiyində görə bilərsiniz. "Biz kimik?" sualı o pərakəndə düşüncələrin xammalıdır...
Mağaradakı ulu babam özü haqqında nə fikirləşirdi, kolxozun tütün sahəsində toxa döyən nənəm əl-üzünü yuduğu çaydakı əksində kimi görürdü, bilmirəm. Amma mən hər yeni gündə yeni bir "mən"lə tanış oluram.
Bir gün meşədəki itburnu çiçəyinin ətrinə valeh olan, sabahısı gül dükanından üstünə ətir səpilmiş gül almaq üçün növbəyə durandır içimdəki "mən". Mikroavtobusdakı kəndli xalanın üstündən gələn qoxuya ürəyi bulanan, supermarketdə "Təbii qatıq" yazılı plastik qutunu işığa tutub "içindəkilər" bölməsini diqqətlə oxuyan "mən"dən çəkdiyim də az deyil...
Dəri ayaqqabımın ucuyla işıldaböcək öldürən, sosial şəbəkədə "təbiəti qoruyaq" haştağı paylaşan dövrün insanıyam mən. Özümü tanımaqçün, sadəcə, özümlə keçirəcəyim zamana ehtiyacım var, bilirəm. Amma son model telefonuma gələn mesajın səsi ən içəri otaqdan da eşidilir.
Bilsə də, "bilirəm" deməyə ar edən insanları oxuyuruq kitablarda; "çox oxuyaq, çox bilək" şüarıyla "bilmirəm" deməyə ar edirik. Bilmədiyimizdən ağızdolusu, şövqlə danışmağımız bundandır. Düşüncələrimizi də belə cilalayırıq... Amma bu cila almaz cilası deyil, uzağı, su sızdıran bir divarın müvəqqəti cilalanmasıdır. Axar suyun qabağında dağ dayanmaz... Demişkən, Norveçdə dağların altından su sızır, yaxın 15 ildə 80 metrlik sunami yaranacağı ehtimalı var.
Əşşi, bizə nə ey, Norveçdən? Qlobal istiləşmə bizə qalıb?! Son statusumu bəyənməyən dayım qızı özünə təzə don alıb. Görəsən, qiyməti neçəyədir? O günü də qonşumuz qəşəng iki torba dolusu bazarlıqla gəldi evinə. Yəqin, anasının təqaüd kartını alıb əlindən...
İndi özünüz deyin, bu qədər düşüncənin içində, "mən kiməm?" sualına cavab axtarmağa vaxt qalır? Yox! Stefan Zweig "Dünyaya açılan qapı: kitab" əsərində texnologiyanın heç vaxt kitaba qalib gəlmədiyini yazıb. Mən onun bu əsərini "səsli kitab" kimi internetdən dinləmişəm...
“Təzadların uşaqlarıyıq biz..." Təsəllimizə bax...
“İnsanıq biz..." Bəhanəmizə bax...
"Səhv etmək hamının haqqıdır..." - deyirdi bir Hollivud filminin qəhrəmanı... Bəraətimizə bax...
"Oxumaqdan başları xarab olanların" şəkilləndirdiyi dünyada, elə onların yarımçıq ömürlərindən qalan heykəllərinin önündə özçəkim edirik. Öz çəkdiyimizi də nadirən bəyənirik. Özgüvənimiz hamam otağında pop musiqisi oxumaq qədərdir çox vaxt.
“Mən kiməm?" sualını özümüzə verdikdə cavabsız qalmırıq, yox... Amma verdiyimiz cavabların heç birindən əmin deyilik... Hətta, adımızı söylədiyimizdə belə bir anlıq tərəddüdümüzün səbəbi var: biz özümüzü tanımırıq.
Başqasıyla getdiyimiz bahalı restoranda bir həftəlik qazancımızı bir başqasının cibinə ötürürük yarım saatda... Qonşumuzun xoşuna gəlsin deyə onun sevdiyi rəngdə gödəkçə alırıq. Çəkmələrimiz addımlarımızın rahatlığına yox, hər 50 ildən bir eyni şeyi "yeni dəb" kimi sırıyanların bank hesablarına "xidmət edir". Xidmət demişkən, evimizə, maşınımıza, evdəki əşyalarımıza həsr edirik ömrümüzü; halbuki bütün bunlar insanlara xidmət etməsi üçün yaradılıb.
Bir öynəlik yeməyin pulunu bir həftəyə qazanan adamı yaxşı tanısaq, bir daha addımımızı o bahalı restorana atmarıq... Gördünüz? Tanımırıq özümüzü... Heç tanımırıq...
“Mən kiməm?" sualındakı "mən"i tanısaq, onunla dost olsaq, onun qayğısına qalsaq, sonrakı etapda "biz" anlamını qavraya bilərik. "Biz" uğrunda edilən hər fədakarlıq sonunda sağlam cəmiyyətə, keyfiyyətli həyata aparıb çıxarır...
Həm növlərimizin (ki, təbiətdə biz də canlı növüyük) əlini "biz"dən çoxdan çəkdiyi, "mən"i yanlış anladığı bir dövrdə "biz kimik?" sualına cavab axtarmaq cəsarətdirmi? Cəsarətliləri qorxaqların fəndi yenir həmişə... Aydınlıqdırmı? Pərdələri aynaları qapatmaq üçün icad ediblər zülməti sevənlər... Və də yaman bahadır pərdələr... Bahalı və məcburidir, üstəlik...
Demişkən, iş otağımdakı pərdəni yeniləsəm, barı... Yeni pərdədən əvvəl, pəncərəyə təzə çərçivə saldırım, bəlkə? O taxta qapı son model pəncərə çərçivəsinə uyuşacaqmı?
...Bu da mənə "Didro effekti"...
...İndi özünüz deyin, bu qədər düşündüm, bu qədər anlatmağa cəhd etdim, kim olduğumu anladınızmı?
Bilirəm cavabınızı. Böyük hərflərlə özü də: "YOX!"
Nolar, bizdən də keçər, qoy bir az da bizdən sonrakılar düşünsün: "Biz kimik?"
“Ədəbiyyat və incəsənət”
(20.02.2023)