Super User

Super User

Вторник, 21 Февраль 2023 13:00

Rasim Balayevdən bir sevgi hekayəti

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Rasim Balayevdir.

 

RASİM BALAYEV

(1948)

***

Səksəninci illərin sonları idi. İncəsənət institutunun tələbələrindən biri diplom işi kimi mənimlə ədəbi kütləvi tədbir hazırlamışdı. Zal tələbələrlə dolu idi. Mənimlə bərabər onlar da çıxış edir, bədii qiraət nümunələri söyləyirdilər. Şifahi şəkildə, həm də kağızda yazıb suallar verirdilər. Kağızların birində “xahiş edirəm, dünən yazdığın şeiri oxu” yazılmışdı. Ayağa qalxıb dedim:

– Mən şeir yazmıram, istəsəm də bacarmaram, bilirəm ki, bu kağız səhvən mənə gəlib çıxıb, yəqin, bunu zalda oturan gənc şairlərdən kiməsə ünvanlayıblar. Mən də bunu yazan xanımın adından xahiş edirəm, o şair kimdirsə, qalxıb yazdığı şeiri oxusun.

Zal bir-birinə dəydi. Tələblər çevrilib arxa sıralarda oturan bir oğlana baxdılar. Elə bu vaxt tələbə qızlardan biri qalxıb qaçaraq zalı tərk etmək istədi.

– Xahiş edirəm, dayan! – onu saxladım. – O şair kimdirsə, mütləq sənin də, mənim də xahişimi yerinə yetirəcək, qalxıb sənin istədiyin şeiri oxuyacaq.

Nəhayət, “əsərin” qəhrəmanı ayağa qalxıb səhnəyə çıxdı. Qısa bir sevgi şeiri oxudu. Zal onu alqışlayaraq başqa şeir oxumağını istədi. Beləcə, cavan şairə üç-dörd şeir oxutdular. Gözəl sevgi şeirləri idi. Arabir gözucu bayaq zalı tərk etmək istəyən qıza baxırdım, nə qədər aşiq olduğu gözlərindən bəlli idi…

 

 “Ədəbiyyat və incəsənət”

(21.02.2023)

 

 

Kriminal mövzu oxucuları ən çox maraqlandıran mövzudur. Buyurun, tanış olun: Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə edilməsi sahəsində baş vermiş hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi məqsədilə 2022-ci ildə Baş Prokurorluq və Maliyyə Nazirliyi tərəfindən kompleks işlər görülüb.

 

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, ötən il prokurorluq orqanlarının qərarı və Maliyyə Nazirliyinin təşəbbüsü ilə aparılan araşdırmalar üzrə 64 maliyyə yoxlaması keçirilib.

Həmin yoxlamalara prokurorluq əməkdaşları, Maliyyə, Müdafiə, Elm və Təhsil nazirliklərinin, Auditorlar Palatasının, eləcə də Mərkəzi Bankın mütəxəssisləri cəlb ediliblər. 

Törədilən qanunazidd əməllər nəticəsində dövlətə vurulan 2 milyon 147 min 485 manat maddi ziyanın hazırkı vaxtadək 589 min 537 manat hissəsi ödətdirilib, həmçinin 9 əmlak üzərinə həbs qoyulub.

Yoxlamalar zamanı aşkarlanan hüquqpozmalara dair prokurorluq orqanları tərəfindən 10 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib, 32 halda vurulan zərərin ödənilməsi təmin edilib, 22 fakt üzrə isə hazırda araşdırmalar davam etdirilir.

Hazırda dövlət büdcəsinə vurulan ziyanın ödənilməsi üçün məqsədyönlü və ardıcıl tədbirlər görülür.

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2023)

Вторник, 21 Февраль 2023 12:30

“Məhşər günü”nün premyerası olub

Müstəqil “M.Teatr”ın səhnəsində müasir gürcü yazarı Gela Dumbadzenin "Gecə qonağı" əsəri əsasında hazırlanmış "Məhşər günü" tamaşasının premyerası olub.

 

Yeni tamaşanı səhnələşdirən Xalq artisti Vidadi Həsənov, quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımov, xoreoqrafı Oksana Rəsulovadı.

Səhnə əsərində rolları Xalq artisti Vidadi Həsənov (Mən), gənc aktyorlar Şahanə Yusifova (Qadın əcəl) və Tohid Əzim (oğlan əcəl) ifa ediblər.

Bir bölümlü əcəl oyunu kimi hazırlanan “Məhşər günü” tamaşası uğurlu karyera qurmuş, bu yolda bir sıra mənəvi dəyərlərini itirmiş və ölümə məhkum edilmiş, istedadlı, təcrübəli dövlət müşavirindən bəhs edir. O, hər şeydən bezir, gərəksiz biri olduğunu anlayır və özünü öldürmək qərarına gəlir. Odur ki, tapança ilə rus ruletkasını vasitə seçərək həyatı ilə oyuna başlayır. Hər cəhdində gülləyə tuş gəlməyən qəhrəman itirdiyi sevgilisini, ustadını, dostunu xatırlayıb onlara layiq olmadığını anlayır və israrla amansız oyununa davam edir. Bir sözlə, içində kök salmış laqeydliyi, təkəbbürü, xudbinliyi tədricən məhv edib əvəzində sevgi, savab kimi mənəvi keyfiyyətləri dirçəltməyi bacarır. Nəhayət, anlayır ki, bu mənəvi keyfiyyətlər insan həyatında əvəzi olmayan dəyərlər və həqiqətlərdir.

Premyeradan sonra tamaşaçılar yaradıcı heyətlə səhnəarxası görüş keçirib, onlarla xoş təəssüratlarını bölüşüblər.

Sonda: yəqin soruşacaqsınız, “M.Teatr” nə anlamı verir. Deyək. Yəni ki, Mənim teatrım.

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2023)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Dərgidə kitabdır, şair Faiq Hüseynbəylinin şeirləridir.

 

 

 

DƏRGİDƏ KİTAB

 

Faiq HÜSEYNBƏYLİ

 

 

***

 

Ürəyim bir eşqin piri, məbədi,

Açıqdır pəncərəm, odam adama.

Kimsə anlamaz ki dilimdən mənim,

Doğmayam Allaha, yadam adama.

 

Başımın üstündə şeirdəndi dam,

Mən adda piyada, atlı min adam...

Var bircə istəyim, var bircə duam,

Dəyməsin qoy ağrım-qadam adama.

 

Dünyaya səs salıb füsünkarlığı,

Bu geniş dünyanın nədir darlığı?

Hər dəfə gördükdə ali varlığı

Gülərüz, sevincək, şadam adama.

 

Bu yolun sonunda əyləyimmi mən,

Solan çiçəkləri iyləyimmi mən?

Dayanıb yanıltmac söyləyimmi mən,

Bu ağac adama, badam adama?

 

Hər kəsin deyəsi sözü var, əlbət,

Söz ilahi eşqdi, söz adi şəhvət...

Yağışa çevrilə sevgi-məhəbbət,

Gözündən, könlündən dama adama.

 

Nəğməyə çevrilir sətir əllərin,

Buludlar içində itir əllərin.

İslanmış bəxtinə çətir əllərin –

Üstünə leysanlar, amma a dama...

 

Bu ruh bu bədənə gəlmədi, ey dost,

Ruh getdi, nə yaxşı, ölmədim, ey dost,

Mən gölə çevrilə bilmədim, ey dost,

Sən qal yağa-yağa, qal dama-dama.

 

Arzular yağışdı, adam islanır –

Arzular ilğımdı – yanında sanır...

Uzaqda bir damın işığı yanır,

Saxlayıb sabahı o dam adama.

 

Getmə, qaragözlüm, getmə dərinə,

Bu ömrü kim sürər sənin yerinə?

Kədərim əkizdi hər kədərinə,

Bu qədər oxşamaz adam adama.

 

 

***

 

Çox gördüm bu dünyada səbir edən dərvişləri,

Daşdan aşdı işləri.

Yetim qaldı arsuzu murada “varmışların”,

Unutma olmuşları!!!

Dirildir hərdən səni içindəki ölüm də,

Sərtdi davranışları.

Gəl götür bu günəşin yarısını əlimdən,

Ərit bütün qışları.

Sən əvvələ qayıtdın, mən sonu izləyirəm,

Qoy yerinə daşları.

Məktub yazdım, göylərə aparsın... gözləyirəm

qumruları, quşları...

Qürur əyilir, sınır, yeni düzən qurulur,

Sil daha yaddaşları...

Edam kürsülərində həqiqətlər vurulur –

Kətil üstə başları...

 

 

***

 

Hamının üzündə bir iztirab var,

Hamı qanadlanır umud üstünə.

Deyirəm, dünyanı tərs çevirəsən,

Adamlar yıxıla bulud üstünə.

Qovuşa arzular ənginliklərə,

Yerdə yer tapmayan süzə göyləri.

Min ildi yazırdıq yerin dərdini,

Gətirə bilmirdik sözə göyləri.

Deyirəm, dünyanı tərs çevirəsən,

Quşlarla balıqlar verə baş-başa.

Buludlar saxlaya dağların yükün,

Çaşdıra Allahı bu tərs tamaşa.

O da əsəbiləşə, coşa, kükrəyə,

Əfv edə, çəkməyə sözü dərinə.

Deyə, kim tərsinə çevirib rəsmi? –

Fırladıb yenidən asa yerinə.

 

 

***

 

Ürəyimi söz kimi,

Əllərində bük saxla.

Ürəyimdə eşq yükü –

Bir az da sən yük yaxla.

 

Günəşindir bu baca,

Ömür sirli bulmaca...

Balacanı balaca,

Böyüyü böyük saxla.

 

Bu şad daşı, şən daşı,

Mənə yetişən daşı,

Başıma düşən daşı

Ətəyinə tök, saxla.

 

Çıxıb dünya qəmindən,

Üzün gülsün sənin də.

Saçlarımın dənindən

Torpağına ək, saxla.

 

Qərar ver hər gününə,

Axşam-səhər gününə –

Sözü məşhər gününə

Tənha saxla, tək saxla.

 

Keçdi neçə el məndən,

Ömür məndən, il məndən.

Ətək səndən, əl məndən,

Əlimə ətək saxla.

 

Demirəm, yan Faiqə,

Bu ruh, bu can Faiqə.

Bir az inan Faiqə,

Bir azca da şəkk saxla.

 

 

***

 

Sən gedəndə qırx idi,

Əlli olsa, bir də dön.

Lal eşqin danışmağa

Dili olsa, bir də dön.

 

Dinlə, gəlir Sur səsi,

Ayrılığın nəğməsi...

Eşqin yönü, qibləsi,

Bəlli olsa, bir də dön.

 

Zaman gələr və hər gün

Vüsala yetər Yer, Gün.

Yoxlar çevrilib bir gün

Bəli olsa, bir də dön.

 

Sən ömrümün son fəsli,

Həm oxşarı, həm əsli...

Vurulmağın hasili,

Həlli olsa, bir də dön.

 

Saçım qar kimi dən-dən,

Qarışır fikrim hərdən...

Faiq sənin dərdindən

Dəli olsa, bir də dön.

 

 

***

 

Mən könül vermişəm həqiqətlərə,

Bir eşqin içindən keçib gəlmişəm.

Xızırtək varmışam ölümsüzlüyə,

Dirilik şərbətin içib gəlmişəm.

 

Allah verən ömrü eylədim yarı,

Axtardım insanda insanlıqları.

Geridə qoymuşam qaranlıqları,

Simurq qanadında uçub gəlmişəm.

 

Bir az kövrəlmişəm, bir az dolmuşam,

Sözə vurulmuşam, ilham almışam.

Bir zaman un idim, qoğal olmuşam,

Atadan-anadan qaçıb gəlmişəm.

 

Söz özü bakirə qız imiş, demə,

Sadəcə, bəxtini uduzmuş, demə.

Dünyanın bir üzü boz imiş, demə,

Mən ağı qaradan seçib gəlmişəm.

 

Ortaq et acına, ağrına məni,

Haqqına, düzünə, doğruna məni...

Qucaqla, həyat, bas bağrına məni,

Sənə qollarımı açıb gəlmişəm.

 

 

***

 

Mən həyat vermişəm bir dəli eşqə,

Nəfəsi ah edib, qafil, ölmüşəm.

Ahəstə-ahəstə dirildib sözü,

Açıb qollarımı kifil ölmüşəm.

 

Özümə sirrimi əyan etmişəm,

Həsrətdən, hicrandan həyan etmişəm.

Eşqi Yer üzünə bəyan etmişəm,

Olub məhəbbətə kəfil, ölmüşəm.

 

Sərdim ayağına bu söz ömrümü,

Ağızsız ömrümü, dilsiz ömrümü.

Xərcləyib yolunda payız ömrümü,

Mən kasıb ölmüşəm, səfil ölmüşəm.

 

Ömrü qısa oldu, çox uzatmadım,

Sənə olan eşqi eşqə qatmadım.

Mən sənin dərdindən xəstə yatmadım,

Mən sənin dərdindən qəfil ölmüşəm.

 

 

***

 

Salam olsun şadlığına,

Gözündən güldüyün günə.

Salam olsun Yer üzünə,

Göydən töküldüyün günə.

 

Gəlsin dünyanı xəlq edən,

Rizası yarpaq titrədən.

Salam olsun, ey ruh, bədən,

Özünü bildiyin günə.

 

Tən əmanət, can sadağa...

Göl olmusan yağa-yağa.

Toxum kimi bu torpağa,

Şükür, əkildiyin günə.

 

Sən adda ölkə saldılar,

Dünyanı şəkə saldılar...

Mələklər kölgə saldılar

Gəlib dincəldiyin günə.

 

Səssiz, sözsüz ağ çağından,

Qopdun – qopar gül tağından...

Həmd olsun bağlar bağından,

Qopub incəldiyin günə.

 

Sözdü – güldən yüngül kimi,

Üzün niqabı tül kimi...

Ömrümü səpdim gül kimi

Dünyaya gəldiyin günə.

 

 

***

 

Yoldu da, çəkib aparır,

Aparır bir aha tərəf.

Dünəndən bu günə tərəf,

Bu gündən sabaha tərəf.

 

Nurda əriyir kölgələr,

Qeybə çəkilir bəlkələr...

Hərdən əyilir döngələr

Savabdan günaha tərəf.

 

Sağ əl sol ələ əyilir,

Yollar var, yola əyilir.

Kimisi qula əyilir,

Kimisi padşaha tərəf.

 

Yoldu, candan cana doğru,

Yeriyir insana doğru...

Bir addım şeytana doğru,

Bir addım Allaha tərəf…

 

“Ədəbiyyat və incəsənət”

(21.02. 2023)

 

 

Вторник, 21 Февраль 2023 12:00

“Seçmə aşıq şeirləri antologiyasi”

Azərbaycan Aşıqlar Birliyi tərəfindən  “Seçmə aşıq şeirləri antologiyası” adlı kitab nəfis tərtibatla işıq üzü görüb. 

 

Geniş oxucu kütləsinə təqdim olunan topluda, əsasən, aşıqların və saz-söz ifaçılarının repertuarında yer alan populyar aşıq şeirləri yer alıb. Üç bölmədən ibarət olan toplunun birinci bölümündə Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım kimi qədim ustadlardan başlayaraq Abdalgülablı Valeh, Şəmkirli Hüseyn, Aşıq Alı, Aşıq Ələsgər, Molla Cuma, Hüseyn Bozalqanlı, Növrəs İman, Aşıq Şəmşir, Mikayıl Azaflı və digər klassik aşıqların seçmə şeirləri cəm olunmuşdur. İkinci bölümdə “Koroğlu”, “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Şah İsmayıl”, “Novruz və Qəndab”, “Abdulla və Cahan”, “Tahir və Zöhrə” və digər dastanlarda yer alan məşhur şeirlər təqdim olunur.

Antologiyanın üçüncü bölümünü aşıqlar arasında şeirləri geniş yayılmış el şairləri və tanınmış yazılı ədəbiyyat nümayəndələrinin seçmə şeirləri təşkil edir.

Antologiya aşıqlar, saz-söz sənəti ilə yaxından məşğul olan elm adamları, yeni nəsil saz-söz ifaçıları, eləcə də tədris sahəsində çalışan müəllim və tələbələrin istifadəsi üçün nəzərdə tutulub.

Kitabın elmi məsləhətçisi Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət mükafatı laureatı, professor Məhərrəm Qasımlı, nəşrə hazırlayanlar Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədli və Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilovadır.

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2023)

Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Birinci Uşaq İncəsənət Festivalı keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir  ki, festivalın keçirilməsində əsas məqsəd Ulu Öndər Heydər Əliyevin mədəniyyətə və gənclərə qayğısını rəhbər tutaraq, mədəniyyət sahəsində inkişafın təmin edilməsi, uşaqların vətənpərvərlik ruhunda, mədəniyyətə, incəsənətə, adət-ənənələrimizə bağlı tərbiyə olunmasıdır.

Üç mərhələdən ibarət festivalda 6-17 yaş arası şəxslər peşəkar (sahə üzrə aidiyyəti təhsil müəssisələrində müvafiq təhsil proqramları əsasında təhsil alanlar) və həvəskar (müxtəlif kurslarda, dərnəklərdə və ya fərdi qaydada sahənin mənimsənilməsi ilə məşğul olanlar) olmaqla iki kateqoriya üzrə üç yaş qrupunda (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) iştirak edəcəklər.

Festivalda qeyd olunan yaşlar üzrə incəsənətin və yaradıcılığın müxtəlif növləri və janrları üzrə fəaliyyət göstərən kollektivlər, dərnəklər, solo ifaçılar, rəqqaslar, bədii qiraətçilər, musiqiçilər, rəssamlar, dekorativ-tətbiqi sənətlə məşğul olan istedadlı şəxslər də iştirak edə bilərlər. İştirakçıların qeydiyyatı fevralın 20-dən martın 30-dək www.uif.az internet saytı vasitəsilə aparılacaq.

Festivalın ilk rayon (şəhər) mərhələsi 2023-cü ilin aprel-iyun aylarında keçiriləcək. Bu mərhələdə qalib olan iştirakçılar festivalın növbəti mərhələsində iştirak hüququ qazanacaq. İyun-avqust aylarında keçiriləcək ikinci mərhələdə fərqlənən iştirakçılar finala vəsiqə əldə edəcək. Festivalın final mərhələsi isə sentyabr ayında Bakı şəhərində təşkil olunacaq. İştirakçılar barədə yekun nəticə münsiflər heyəti tərəfindən verilən qiymətlər əsasında müəyyən olunacaq.

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan təqdimatlar, rəqəmsal incəsənət nümunələri də daxil olmaqla ümumilikdə 21 nominasiya üzrə keçiriləcək festivalda hər bir iştirakçı yalnız bir fərdi nominasiyada iştirak edə bilər. Lakin kollektiv nominasiya üzrə festivala qatılanların əlavə bir fərdi nominasiyada da iştirak etməsi mümkündür. Festivalın yekununda ən çox nominasiya üzrə iştirak etmiş və fəallıq göstərmiş şəhər və ya rayon növbəti il festivala ev sahibliyi edəcək.

Qeyd edək ki, festivalla bağlı əlavə məlumatları Mədəniyyət Nazirliyi (https://culture.gov.az), Elm və Təhsil Nazirliyi (https://edu.gov.az) və Heydər Əliyev Mərkəzinin (https://heydaraliyevcenter.az) rəsmi internet səhifələrindən, 0502880147 mobil, 147 qısa nömrələrindən, həmçinin festivalın rəsmi internet saytı və sosial şəbəkə hesablarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2023)

Вторник, 21 Февраль 2023 11:30

Ölkəmizə ən çox MDB ölkələrindən gəlirlər

Ölkəmizə nə qədər turist gəlir? Onlar hansı ölkələri təmsil edirlər? Təbii ki, bu suallar hamımızı maraqlandırır. Gəlin cavablara baxaq. Cari ilin yanvar ayında Azərbaycana dünyanın 131 ölkəsindən 119,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, gələnlərin 33,8 faizi Rusiya Federasiyası, 21,1 faizi Türkiyə, 9,3 faizi İran, 5,6 faizi Gürcüstan, 3,4 faizi Hindistan, 3,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,7 faizi Pakistan, 2,1 faizi Küveyt, hər birindən 1,8 faiz olmaqla Səudiyyə Ərəbistanı və Qazaxıstan, 1,5 faizi Ukrayna, hər birindən 1,2 faiz olmaqla Özbəkistan, Türkmənistan və Belarus, 10,1 faizi digər ölkələrin vətəndaşları olmuşdur. 

Gələnlərin 77,7 faizini kişilər, 22,3 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Pakistandan gələnlərin sayı 9,9 dəfə, Hindistandan - 8,6 dəfə, Türkmənistandan - 5,0 dəfə, Özbəkistandan - 5,0 dəfə, Belarusdan - 3,6 dəfə, Çindən - 3,1 dəfə, Qazaxıstandan - 3,0 dəfə, Küveytdən - 2,9 dəfə, Omandan - 2,2 dəfə, İsraildən - 2,1 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 1,9 dəfə, Gürcüstandan - 1,6 dəfə, ABŞ-dan - 1,6 dəfə, Rusiya Federasiyasından - 1,5 dəfə, Böyük Britaniyadan - 47,6 faiz, Türkiyədən - 40,7 faiz, Ukraynadan - 19,8 faiz, İrandan - 15,6 faiz artıb.

2022-ci ilin yanvar ayı ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 49,0 min, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,6 dəfə artaraq 4,3 min, körfəz ölkələrindən gələnlərin sayı 29,3 faiz artaraq 21,3 min nəfər olub.

Bəli, avropalıların da gəlişi yaxşı haldır.

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2023)

Вторник, 21 Февраль 2023 11:15

Gürcüstanda bizim Uşaq Teatrımız fəaliyyət göstərir

AzərTAC-ın yaydığı bu xəbər bizi hədsiz maraqlandırdı. Nə yaxşı ki, Gürcüstanda dilimiz, mədəniyyətimiz qorunmaqdadır.

Gürcüstanın Qardabani rayonunda fəaliyyət göstərən “Beez Uşaq Teatrı”nın hazırladığı yeni “Qarınqulu ayı balası” tamaşasının premyerası olub. Əsərin müəllifi Vüqar Haqverdiyevdir.

 

Teatrın quruluşçu rejissoru və bədii rəhbəri Binəli İslamoğlu agentliyə deyib ki, teatrın əsas məqsədi uşaqların asudə vaxtlarını səmərəli keçirmələrinə, ədəbiyyata, incəsənətə, mədəniyyətə marağını artırmaq, eləcə də yaşadıqları regionun inteqrasiyasına köməklik göstərməkdir: “Əsərin başlıca ideyası heyvanların dili ilə sevimli uşaqlara düz danışmağı, dostluğu təbliğ etmək, eləcə də əyləncəli şəkildə balacalarda həkimə, iynəyə qarşı qorxu hissini götürməkdir”. 

Tamaşanın premyerasında Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, Qardabani bələdiyyəsinin üzvləri, valideynlər iştirak ediblər.

Tamaşada əsas rolları teatrın kiçik aktyorları Nuri Qurbanov, Rəhimə Əliyeva, Seymur Muradov, Zəhra Akif, Nuray Əhmədova, İslam Akif, Rabia Əhmədova, Nazlı Əliyeva və Elina İsayeva canlandırıblar. 

Binəli İslamoğlunun sözlərinə görə, sözügedən tamaşa yaxın zamanlarda bölgələrdə də nümayiş etdiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2023)

Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq”  layihəsini sizlərə təqdim edir

 

Əslində, uğur formulu ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.

Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı parametrləri xüsusi olaraq qabardardım:

 

13) Planlaşdırılmış həyat yaşamaq.

Uğur qazanmanın daha bir parametrinin planlaşdırılmış, qayda-qanuna tabe bir həyatın olduğunu zənn edirəm. Məncə, kortəbii, biz azərbaycanlıların  təbirincə desək, «harda qırıldı, qırıldı» devizi ilə yaşanan, zərurətlərə deyil, daha çox təsadüflərə hesablanmış həyatda uğur qazanmaq qeyri-mümkündür.

Həyatınızı lokal (gündəlik rejim) və qlobal (nail olmaq istədiyiniz mərtəbə) şəklində planlaşdırıb dəqiq xətt üzrə hərəkət edin. Yuxudan durma, qidalanma, iş və istirahət vaxtları – hamısının dəqiq vaxtı bəlli olunsa yaxşıdır. Təhsil alırsınızsa hansı sahədə çalışıb hansı mərtəbəyə yüksələcəyinizi, işləyirsinizsə dünyada hansı izləri qoymaq istədiyinizi, kimlərlə eyni mərtəbədə dayanmaq istəyinizi özlüyünüzdə planlaşdırmağınız yalnız sizə fayda verə bilər. Planlaşdırılmış həyatda təsadüfi nəsnələr, süni əngəllər, bağlı şlaqbaumlar az olur, xaotik, kortəbii həyatda isə addımbaşı gözlənilməzliklərlə, anlaşılmaz situasiyalarla üzbəüz qalmalı olursan.

Uğurunuza doğru planlı şəkildə irəliləyin, dostlar.

 

“Ədəbiyyat və incəsənət”

(21.02. 2023)

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi-metodika şöbəsi tərəfindən yazıçı, dramaturq, tənqidçi, ədəbiyyatşünas, Xalq yazıçısı Elçin Əfəndiyevin 80 illik yubileyi münasibətilə hazırlanan “Müqəddəs söz-sənət ocağının nurlu varisi – Elçin Əfəndiyev” adlı metodik vəsait virtual rejimdə istifadəçilərə təqdim edilib.

 

Kitabxananın məlumatına görə, vəsaitin əvvəlində yazıçının həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib. Vəsaitin ikinci hissəsində isə metodik köməklik məqsədilə yubilyarla bağlı kitabxanalarda, orta və ali təhsil müəssisələrində keçirilə biləcək tədbirlərin planı təqdim edilib.

Təqdim edilən vəsait kitabxanaçılar, metodistlər, müəllimlər, tələbələr ümumilikdə bütün istifadəçilər üçün nəzərdə tutulub. Vəsaitin sonunda Respublika Uşaq Kitabxanasının fondu əsasında hazırlanmış yazıçının öz əsərlərindən və onun haqqında yazılan kitablardan ibarət ədəbiyyat siyahısı təqdim edilir.

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.