Super User
“Sarı işıq” – cəmi 28 il ömür sürmüş güneyli Məhsa Əbdüləlizadənin son hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının sevilən “Güneydən gələn səslər” rubrikasında portalımızın Güney Azərbaycan təmsilçiləri Əli Çağla və Vida Heşməti oxucularımızı güneyli yazarlarımızla hər həftə tanış edirlər. Bu dəfə sizlərə Məhsa Əbdüləlizadənin hekayəsi təqdim edilir.
Məhsa Əbdüləlizadə 1990-cı ildə Xiyov şəhərində anadan olmuşdur. 2011-ci ildən ədəbiyyata maraq göstərmiş və “Paysız Yalqız” təxəllüsü ilə şeir və hekayə sahəsində fəaliyyət etmişdir. Məhsanın yaradıcılığı 20-dən 23 yaşına qədər olmuşdur. O, 2016-cı ildə gənc ədəbiyyatşünas və etimoloq kimi tanınan Şahin bəy Muradi ilə ailə qurmuşdur. Amma 2018-ci ilin payız fəslində ömrünü xəzana çəkib, beyin infarktı səbəbindən altı ay xəstə olduqdan sonra, nəhayət 27 fevral, 2019-cu ildə dünyasını dəyişmişdir. Məzarına nur dolsun.
Yenə səslərini başlarına atıblar. Heç gecə-gündüz də düşünmürlər. Beynimi kazarma edib hər an parad getməkləri əsəblərimi qarışdırır. Səsləri anamla atamın savaşdıqlarını anımsadır. Sanıram atam yenə patı çəkib anamın canını əlinə alıbdır. Kölgəsi artıq qısalmış, gözyaşı otağımın divarına hopur. Kölgənin anam olduğunu, atamın şilləsini, saçının otağımda tapılmasından sezirəm. Atamdan sonra kimsə onu belə vura bilməzdi. Anamın səsi divarların arasından gəlir, düşünürəm.
Kölgələr otağımdakı divarlarda savaşanda, heç görmədiyim sinemada oturub, sonu yox bir filmə baxıram sanki. Yaxınlaşdıqca yerimin içində sıxılıb, uşaqlıqda həsrətində qaldığım qırmızı neylon topa oxşayıram.
Kölgələr savaşırdılar. Əsəblərim bir-birilərini bıçaqlayırdılar. Anamın qarnından damcılayan qan, alnımın ortasına sıçrayır. Diksinib atamın əlindən bıçağı alıram. Eləyə bildiyim qədər çığırıb divara sarı yürüyürəm.
Anam divara sərilir. Divarı qucaqlayıb uca səslə ağlayıram. Əllərimi anamın qarnında gəzdirdiyimdə qarnımın içi gicişir. Bıçaqla qarnımı qurdalayıb içimdəkiləri tökməyim gəlir. Əlim bıçağa sarı getdikdə kölgəsinin divara əsməsini duyuram. Əlimi kəpənək edib kölgəsi ilə oynamağım gəlir.
Patı çəkənlər adamları olduqları kimi görmürlər. Dünən tərəvəz arıtladığımda qəzetdəki titri zığ bürümüşdü. Əlimlə təmizləyib oxumuşdum. "Bir kişi 12 yaşlı uşağını meymun gördüyünə başını kəsdi!"
Anamın kölgəsinin qıçından yapışıb, son gücümlə silkələyirəm. Boyumun qıssa olduğundan gözlərinə baxa bilmirəm.
Otağın guşəsindəki çarpayını gətirib üstünə çıxıram. Özümü onun gözlərinə soxuram. İllər boyu ürəyimə yığdığım sözləri deməyim gəlir. Əlindəki qanlı bıçağın kölgəsindən qorxub, "Səndən zəhləm gedir" - deyə bilmirəm.
Baş barmağımı gözünə soxub, çıxardır. "İndi de görüm məni nə cür görürsən?" Çığırıram. Səsim otağıma yayılır. Səsim təzə yetkinlik yaşında olan oğlanların səsinə oxşayır. Səsimdən qorxub pişik kimi divarı cırmaqlayıram. Çarpayıdan yerə axınıram. Alt köynəyim masanın qırağına ilişib cırılmağının səsi qulağıma dolur.
Atam iki-üç il öncə çarpayının üstünə çıxıb, zirzəmidə özünü asmışdı. Anam yeralma-soğan gətirməyə ora getməsəydi, indi neçə kəfən çürütmüşdü. Çığırmağını eşitdiyimdə "Yəqin yenə siçan ya pişik ölüsü görüb ha..." - deyib, zirzəmiyə qaçdım. Atamın üz-gözü göyərmiş, zirzəminin ortasında böyürü üstdə qalmışdı. Boğazında kəndirin izini gördüyümdə, bir an xəfələnib, örtüyümün düyününü boşaltdım. Anam məni görcək üz-gözünü didib "Yeri qonşulara hay sal, yox ey, əminə zəng vur" - deyib, yaşı min yerdən tökürdü. “Bu kişi hər kim olsa da, uşaqlarımın atasıdır” - deyə ömür boyu yaşayırdı. Qırmızı kəndir ilan kimi atamın gövdəsinə yayılmışdı...
Əlimi arxama uzadıb, köynəyimin harası cırıldığını axtarıram. Kürəyim göynəyir. Baş barmağımda bir damcılıq qan izi qalır. Divardakı kölgələrin filmi bitmiş kimi, səslərin freskanı azalmışdı.
Atamın sələmçidən pul götürdüyü gündən hər nə başlamışdı. Borclular həyətin ortasında yaxasından yapışıb, pullarını istəyirdilər.
Bizə xor baxanda cınqırını çıxarda bilmirdi. Nənə-bacı yamanını eşidəndə, həyətə çıxıb abırını tökməyim gəlirdi. Oyuncaq kimi qucaqdan qucağa atılırdım demək. Sanırdım uşaqlıq etmədən, boy atıram. Uşaqlara qoşulmağım gəlmirdi artıq. Gözümün qabağında onların oynadıqları oyunların anlamını unudurdum.
Ayın işığı otağın ortasında, sanki LED çırağı yanırdı. Bacım yuxudan durmasın deyə çarpayını yavaşca yerinə qaytarıram. Dil-dodağım quruyub. Otaqdan çıxıram. Yavaşca otağa gedirəm. Soyuducunun qapısını açdığımda sarı işıq ayağımın altından otağın divarına sarı süzüb bacımın sifətində dayanır. Dodağının üstündəki qara xala dalıram. Sanki anamın başını kəsib onun sinəsinə qoyubdurlar. Üzdə qara saçını darayıb hörüyümdə hıçqırığımı udub gizlədirəm. Haçansa "Yenə ağlayırsan" - sorğusunu soruşanda bir cavab tapa bilmirdim.
Soyuducunun içindəki düzülmüş araqların qoxusu burnumu gicişdirir. Qonşuların anama "Bu kişidən sənə bir şey aid olmaz, boşan, çıx get" - söz yadıma düşür. Xəyal quşum ərik ağacımızın budağında oturub mən ilə bacımın hovuzun başında ağladığımıza baxır. Anam çadrasını başına atır. Qolumdan yapışır. Həyətdən eşiyə çıxırıq. Seyid Əmi küçədə anamın qabağını alıb onu danlayır. Danışarkən əlini oynadanda təsbehinin səsi qulağıma dolur. Özü öldükdən sonra təsbehi arvadının əlindən düşmür. Yekə muncuqlu göy rəngli təsbehdir. Anam evlərini təmizləyəndə gizlicə götürüb baxmışdım. Muncuqların üstünə Allah, Məhəmməd yazılmışdı. Arvad deyirdi qayın atam bunu Kərbəladan gətirmişdi. Qurban olduqlarım qəbirlərinə sürtülüb deyəndə küçənin arvadları təsbehi gözlərinə Qoyub öpürdülər. Böyük nənəm gilə yetişənədək anam dodağının altında danışırdı. "Biqeyrət kişi, təkcə arvad almağın qalmışdı." Eşitdiyim sözlərin anlamını düşünmədən yaşımı gizlətmək üçün dostlarımdan ayrılıram. Atamın hər günki işi idi. Ayın başı gəlmədən anamın gözünün altında badımcan əkib onun aylığını verirdi. Dırnaqlarımı anamın yayın istisində düzəltdiyi sarıkök bəstəsi kimi dərmədən yeyirdim.
Dayılarım onu arvadı ilə gördüklərini anama deyən gündən evdən eşiyə çıxa bilmədim. Dostlarımın məktəbdən gələndə səslərini küçədən eşidirəm. Eşiyə çıxa bilmədiyimə dişlərim bir-birinə sürtülürdü. Daha ən yaxın yoldaşım atamın hər günki cibimdən oğurladığım siqara və böyük anam düzəltdiyi taxta matışqası olmuşdu. Səhər bacımı qabağıma qoyub eyvanda darıxmalarımı onunla paylaşırdım. Ağlayarkən dodağım əsəndə Səhər ovunurdu. Güləndə təzə çıxmış iki dişi görsənirdi. Yatağından tutub "Dovşanımsan" - deyirdim. Anam evdə olmayanda daha çıxıb məktəbdən gülə-gülə gəldiyimiz yola donuxub bir bucağa sıxılıram. Siqaraya qullab vurub, atam kimi hər nəyə xəyalsız olmaq istəyirdim.
Siqara çəkdiyim gündən anam ilə də ara açırdım. Qorxurdum məni qucaqlayıb üzümdən öpəndə siqaranın qoxusunu paltarımdan duysun. Həyətimizdə əkdiyim qızılgüllərini yeyirdim. Evdə az danışırdım.
Soyuducunun içindən su parçını götürüb nənəliyimin vasvası olduğunu vecimə almadan başıma çəkirəm. Hər gün həyətdən tualetin kafelinədək təmizləyir. Atam evə gələndə həyətdəki hamama saldırmayınca evə qoymur. Suyun soyuqluğu beynimdəkiləri doldurub məni sitildədir. Nənəliyimin yuxu davaları ərinin araq şüşələri kimi soyuducuda sıralanmışdı. Əlimi uzadıb birini götürürəm. Minlər fikir beynimə gəlir, gedir. Anamın kölgəsi aşpazxananı canına çəkir.
Qabaqlar qonşumuzun qızı bu davalardan qaçmaq üçün, özünü damdan atıb öldürmüşdü. Yazıq atası zorla ərə vermək istəyirdi. Nənəsi hamıya "Qızımı ərim öldürdü. Yoxsa on beş yaşında bir qız nə bilir özünü öldürmək yəni nə?" - deyirdi.
Anam bu sözü eşitdiyi gündən tualetə də gedəndə bizim arxamızca gəlirdi.
Davanı o qədər əlimdə sıxmışdım, ovcumdakı tər muncuq kimi üstündə qalmışdı. Onu yerinə qaytarıb otağa qayıdıram. Atamla arvadının üst qatdan gülüşmələrinin səsi qabaqkı evimizin tavanı kimi başıma yağır. Köhnə yaralarım göynəyir. Anamın bir dəfə əri ilə ürəkdən gülmə səsi arzusunda qaldığı yadıma düşür. Dişlərimin qıcıldamasından tüküm biz-biz durur. Sanıram atam yenə patı çəkibdir. Nənəliyimin gülməsinin səsi daha ucalır. Divarların dörd bir yandan gövdəmi sıxmasını hiss edirəm.
Addımlarımı otağa sarı atıb qapının astanasından Səhərə baxıram. Üstü açıq qalmış yerinin içində neylon toplara oxşayır! Yuxu davalarını atmaq fikri gözlərimdən axan yaş kimi beynimə axır. Atamla arvadının səsi ilan kimi içimə süzülürlər. Fısıltılı səsi ürəyimi sancır. Ağ mələfəni Səhərin üstünə çəkdiyimdə sanki ölü birisinin üstünü çəkdim. Üşüyürdüm. Yuxum gəlmədən yatmaq istəyirdim. Səhəri qucaqlayıb öpmədən sarı işığın yolunu tutub gəldiyim yolu geri qayıdıram...
Qeyd: Orfoqrafiyaya toxunulmamışdır.
“Ədəbiyyat və incəsənət”
(21.02.2023)
“Mən xoşbəxtəm ki, anlamağa qadirəm” - Rəsul Rza
“Oğlum! İnsan anlamağa qadirdisə, heç bir məhrumiyyət, çətinlik, zərbə onu sarsıda bilməz. Mən xoşbəxtəm ki, anlamağa qadirəm. Bu söz sənə özündən dəm vurmaq, «özünü bəyənən ağam vay!» qəbilindən gəlməsin. Mən söz gəzdirənlərin nə üçün belə etdiklərini anlamasaydım, qəzəblərinə səbəb olan nədir bilməsəydim, bəlkə də məyus olar, ruhdan düşərdim. Bütün bunların şah səbəbini aydın-aşkar gördüyüm üçün, anladığım üçün bu hadisələr(əgər bunları hadisə adlandırmaq olsa) məndə bir təbəssümdən, bəlkə də təəsüfdən başqa bir şeyə səbəb olmur. Yeni yaradıcılıq səfərinə, yeni mübarizələrə özümdə hər zaman olduğundan artıq qüvvət hiss edirəm. Həyat belədir, oğlum, gün çıxır, göy buludlanır, yaz olur, qış olur. İnsanın ən böyük ləyaqəti ondadır ki, bütün bu istilər, soyuqlar, işıqlar, qaranlıqlar içində yolunu İnsan kimi keçsin..."
(Rəsul Rzanın Anara məktubundan...)
“Ədəbiyyat və incəsənət”
(21.02.2023)
Multikulturalizm Qış Məktəbinin iştirakçıları Milli Məclisdə olublar
Fevralın 20-də Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev “Heydər Əliyev İli”nə həsr olunmuş XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüşüb. Görüşdə deputatlar Emin Hacıyev, Jalə Əhmədova, Ramil Həsən və Könül Nurullayeva iştirak ediblər.
“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, tədbir iştirakçılarını Azərbaycan parlamentində görməkdən məmnunluğunu bildirən Adil Əliyev onlara Milli Məclisin sədri Sahibə Qafarovanın salamlarını çatdırıb. O, Beynəlxalq Multikulturalizm Qış Məktəbi çərçivəsində qonaqların Azərbaycanın multikulturalizm ənənələri ilə yaxından tanış olacağını qeyd edərək, onlara Azərbaycanda həyata keçirilən gənclər və idman siyasəti haqqında məlumat verib. Bildirilib ki, Azərbaycan multikulturalizm ölkəsi olmaqla yanaşı, həm də dövlət rəhbərinin həyata keçirdiyi uğurlu siyasət nəticəsində dünyada idman ölkəsi kimi də tanınır.
Milli Məclisin sədr müavini rəhbərlik etdiyi parlament komitəsinin gənclər və idman sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində gördüyü işlərdən danışıb, gənclər siyasətinin əsas hədəfinin fiziki və mənəvi baxımdan sağlam, yaxşı təhsilli və vətənpərvər gənclər yetişdirmək olduğunu vurğulayıb. Gəncliyin müasir dövrün neqativ təsirlərinə qarşı dayanıqlı olmasının da vacibliyinə toxunan komitə sədri bu istiqamətdə gənclərimizin ideoloji təhlükəsizliyinin təməlində duran azərbaycançılıq məfkurəsindən söz açıb.
Gənclərin beynəlxalq idman yarışlarında, digər müxtəlif tədbirlərdə bir araya gəlməsinin onların bir-birini tanıması, ünsiyyəti üçün önəmli platformalar olduğunu deyən Adil Əliyev Beynəlxalq Multikulturalizm Qış Məktəbinin keçirilməsini buna əyani misal kimi göstərib, bu tədbiri multikulturalizmin praktik və real bir modeli kimi xarakterizə edib. O, Multikulturalizm Qış Məktəbinin öz işini uğurla başa vuracağına və iştirakçıların Azərbaycandan xoş təəssüratlarla ayrılacaqlarına inamını ifadə edib.
Görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İnformasiya təminatı və sənədlərlə iş şöbəsinin müdiri Yadigar Məmmədli səmimi görüş üçün minnətdarlığını bildirib, XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi barədə danışıb.
Sonra qonaqların sualları cavablandırılıb və onları maraqlandıran mövzular müzakirə edilib.
Sonda görüş iştirakçıları Ulu Öndər Heydər Əliyevin parlamentin inzibati binasının foyesində ucaldılmış abidəsi və burada yaradılmış Zəfər Guşəsi, həmçinin Milli Məclisin plenar iclas zalı ilə tanış olublar.
“Ədəbiyyat və incəsənət”
(21.02.2023)
“Acın acımız, canın canımızdır, Türkiyə...”
Afaq Məsudun essesi Türkiyə portallarında yayımlanıb
Azərbaycanın Xalq yazıçısı Afaq Məsud baş vermiş təbii fəlakətlə bağlı qardaş türk xalqına “Acın acımızdır, Türkiyə” adlı esse ünvanlayıb. Essedə yazılıb:
“Acın acımız, canın canımızdır, Türkiyə... Sinənə çəkilən bu dağ, qoynunda açılan qanlı yaralar, minlərlə bacı-qardaşımızı, oğul-qızlarımızı, körpələrimizi udan yarğanlar bütün Azərbaycanın, ümumilikdə böyük türk dünyasının qəlbini yaraladı, ruhunda dərin, dibsiz uçurumlar açdı...
Nə baş verdiyini anlamayan yaralı körpələr... özü dağıntılar altında qala-qala, soydaşlarının, uşaqların, qadın və qocaların qurtulmasına çaba göstərən igid cavanlar, yaşlılar, yeniyetmələr... körpəsinə sarılıb onu öz canı bahasına qorumağa çalışan analar... həyatını dağıntılar altında itirmiş 15 yaşlı qızının uçuqlar arasından imdad diləyi ilə çölə asılan cansız əlini ovuclarında sanki ömrünün sonuna qədər səbirlə saxlayacaq çarəsiz ata... təkanlarının gücü getdikcə səngisə də, binaları titrətməyə davam edən zəlzələnin növbəti dağıntıları altında qalmaqdan çəkinməyən, qaçıb canını qurtarmaq əvəzinə, özünü qaynar nöqtələrin mərkəzinə atan qorxmaz tibb bacıları, fədakar həkimlər, jurnalistlər, operatorlar, xilasedicilər, sürücülər, fəhlələr...
Bütün bu mənzərələr, ümuminsanlıq üçün oyandırıcı, sarsıdıcı hadisələr bir daha sənin yenilməzliyini, qəlbinin nəhəngliyini, gücünü Allaha, insana, həyata olan sonsuz sevgidən alan əbədi qalib ruhunun qüdrətini bütün dünyaya nümayiş etdirdi... şərəfli Türk tarixinin yeni səhifəsini yazdı...
Sarsılma, ruhdan düşmə, ey bu dünyanın sarsılmazlıq və yenilməzlik Abidəsi! Var ol, yaşa, ucal, Çiçəklən! İşığın dünyanı bürüsün!”
Türkiyənin “detayhaberler.com”, “erikagacioyku.com”, “dibace.net”, “guvengazetesi.com”, “ığdırım76.com” kimi aparıcı xəbər və mədəniyyət portalları essesinin yayımına başlayıblar.
“Ədəbiyyat və incəsənət”
(21.02.2023)
“Sağ olun ki, yanımdasınız…”
Ustad sənətkar Arif Babayevin 85 illiyi möhtəşəm konsertlə qeyd olundu
Giriş sərbəst idi deyə iştirak etmək istəyənlərin sayı-hesabı yox idi. Bu qədər adlı-sanlı ifaçını ödəniş etmədən gəlib dinləmək, üstəlik məşhur xanəndəni yad etmək…
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində dünən axşam Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Xalq artisti, görkəmli xanəndə Arif Babayevin 85 illik yubileyinə həsr olunmuş konsert təşkil olunmuşdu. Gecədə xalq artistləri, ictimaiyyət nümayəndələri və sənətçinin yaxınları iştirak edirdilər.
Tədbirdə yubilyarı təbrik edənlər onun sənət dünyasından söhbət açdılar. Məzmun eyni idi, Arif Babayev sənətkarlığı, xalq musiqisi və muğamların təkrarsız ifası.
Arif Babayev 1938-ci il fevralın 20-də Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan olub. O, Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov kimi sənətkarların ənənələrinə əsaslanaraq özünəməxsus ifaçılıq üslubu yaradıb. 1960-cı ildən başlayaraq Arif Babayevin yaradıcılıq yolu Bakı şəhəri ilə bağlı olub. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Əvvəl Azərbaycan Dövlət Filarmoniyasına, sonra isə Azərbaycan Dövlət Opera və Balet Teatrına solist kimi dəvət olunub.
Onun yaradıcılığında “Şur”, “Segah” muğam dəsgahları, “Arazbarı”, “Qarabağ şikəstəsi” zərbi muğamları xüsusi yer tutur. Xüsusilə, “Segah” muğamını Arif Babayev təkrarolunmaz bir üslubda oxuyub. Xanəndə, həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilir.
Arif Babayev 1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb. Onun səhnə mədəniyyəti həm xanəndə, həm də artist üçün əsas amillərdən biridir. Arif müəllim öz səhnə mədəniyyəti ilə də seçilir. Bu, onun xasiyyətində, hərəkətində təbii xarakter daşıyır. Arif Babayev xoşbəxt sənətkardır, çünki tale ondan heç nəyi əsirgəməyib. Yaraşıqlı, boy-buxunlu, cüssəli – bu da səhnə üçün çox vacib olan amillərdəndir. Arif Babayevin yaradıcılığının inkişafında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının misilsiz rolu olub. O, uzun illər bu teatrın solisti kimi fəaliyyət göstərib, bu işdə yorulmadan çalışaraq bir-birindən gözəl obrazlar yaradıb. Burada çalışdığı müddətdə, qısa bir zaman ərzində teatrın səhnəsində muğam operalarında Məcnun, Kərəm (Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” və “Əsli və Kərəm” operaları), Aşıq Qərib (Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operası), Camal (Şəfiqə Axundovanın “Gəlin qayası” operası), Şah İsmayil (Müslüm Maqomayevin “Şah İsmayıl” operası) kimi yaddaqalan obrazları yaradıb və dinləyici auditoriyasında böyük uğur qazanıb.
Musiqili gecədə Arif Babayevin tələbələri yubilyarın repertuarından əsərlər təqdim etdilər. Xalq artistləri Mənsum İbrahimov, Nəzakət Teymurova, Zabit Nəbizadə, Aygün Bayramova, əməkdar artistlər Gülüstan Əliyeva, Bəyimxanım Vəliyeva, Təyyar Bayramov, Zakir Əliyev və digərləri gecəyə rəng qatdılar.
Xalq artisti Arif Babayev bütün iştirakçılara təşəkkür edərək dedi: “Sağ olun ki, yanımdasınız”.
“Ədəbiyyat və incəsənət”
(21.02.2023)
Bu gün Fikrət Əmirovun anım günüdür
Dahilər unudulmaz. Bütün mövzuların başında gələr. Bu gün görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı - dahi Fikrət Əmirovun anım günüdür.
Fikrət Əmirov Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, simfonik muğam janrının banisidir, vəfatından 39 il ötsə də onun yazdığı əsərlər bu gün də aktualdır və hər zaman sevilə-sevilə dinlənilir.
Xatırladaq ki, 2022-ci ildə bəstəkarın anadan olmasının 100 illiyi Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə və ölkə hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd olunub. Xüsusi ilə qeyd etməliyik ki, Fikrət Əmirovun anadan olmasının 100 illiyi UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına daxil edilib və bu yubiley ötən il noyabrın 3-də Parisdə, UNESCO-nun mənzil-qərargahında qeyd edilib.
Fikrət Əmirov 1922-ci il noyabrın 22-də Gəncədə, tanınmış müğənni və tarzən Məşədi Cəmil Əmirovun ailəsində dünyaya göz açıb. O, Gəncədə musiqi məktəbinin tar sinfində, sonra Bakıda musiqi məktəbində təhsil alıb, 1939-cu ildə isə Bakı Konservatoriyasına daxil olub. Burada o, məşhur pedaqoq Boris Zeydmandan bəstəkarlığın sirlərini, dahi Üzeyir Hacıbəylidən Azərbaycan xalq musiqisinin əsaslarını öyrənib.
Fikrət Əmirov musiqinin demək olar ki, bütün janrlarına müraciət edərək çox dəyərli sənət əsərləri yaradıb. Onun əsərləri musiqi tariximizin parlaq səhifələridir. Bu əsərlər öz bədii məzmunu, etik əhəmiyyəti, yüksək fəlsəfi və psixoloji cəhətləri ilə həmişə aktualdır. Çünki bəstəkarın zəngin və rəngarəng yaradıcılığının əsas qayəsi milli üslubda professional musiqi əsərləri yaratmaqdır. Bütün yaradıcılığı boyu bu ideyaya sadiq qalan Fikrət Əmirov hətta bu istiqamətdə yeni bir janr da yaratdı. Dünya musiqisində heç bir analoqu olmayan simfonik muğam janrıdır. Bəstəkarın bu janrda ilk əsəri 1949-cu ildə yazdığı “Şur” simfonik muğamıdır. Sonralar o, bu janrda “Kürd-ovşarı” və “Gülüstan-Bayatı-Şiraz” simfonik muğamlarını da yaratdı. Bu əsərlər Fikrət Əmirov yaradıcılığının xüsusi mərhələsidir. O, şifahi ənənəli klassik musiqi janrı olan muğam dəsgahlarına müraciət edərək bu əsərləri özünəməxsus bəstəkarlıq texnikası, yaradıcı təxəyyülü ilə zənginləşdirib, orkestr boyalarının əlvanlığına nail olub. Simfonik muğam janrında Fikrət Əmirov iki klassik musiqi janrını muğamı və simfoniyanı üzvü-surətdə qovuşdura bilib. Odur ki, simfonik muğam janrında muğama və simfoniyaya xas olan forma, quruluş, inkişaflı süjet xətti və s. cəhətlər öz əksini tapır. Məhz buna görə də bəstəkarın simfonik muğamları dünyanın müxtəlif ölkələrində səslənib, Niyazi, G.Rojdestreenski, Stokovski, Abendrot və başqa məşhur dirijorlar bu əsərlərin interpretatoru olub. Bu gün də bəstəkarın simfonik muğamları dünya simfonizminin ən gözəl nümunələri kimi daim ifaçıların diqqətini cəlb edir. Bu əsərlər Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında xüsusi əhəmiyyət kəsb edir.
Onu da qeyd etməliyik ki, Fikrət Əmirovun yaratdığı bu janr digər bəstəkarlar üçün də bir mənbə oldu. Belə ki, ondan sonra Niyazi “Rast”, S.Ələsgərov “Bayatı-Şiraz”, V.Adıgözəlov “Segah”, T.Bakıxanov “Humayun”, “Nəva” və s. simfonik muğamlar yazıblar.
Ümumiyyətlə, bəstəkarın özünəməxsus musiqi dili olduğuna görə onun simfonizmi çox möhtəşəmdir. Bunun da əsas səbəbi bəstəkarın milli musiqini dərindən bilməsi və onu Qərb musiqi alətlərinin dilinə çevirmək bacarığından irəli gəlir. Bu cəhətlər Fikrət Əmirovun bütün əsərlərində sanki qırmızı xətlə keçir.
Bəstəkarın böyük istedad və yüksək professionallıqla qələmə aldığı əsərlər bu gündə böyük maraq və sevgi ilə dinlənilir. “Sevil” operası, “Ürəkçalanlar”, “Gözün aydın” musiqili komediyaları, “Nəsimi” dastanı, “Min bir gecə”, “Nizami” baletləri, “Azərbaycan süitası”, “Simfonik rəqslər”, “Azərbaycan qravürləri”, fortepiano üçün “12 miniatür” uşaq pyesləri, skripka ilə fortepiano üçün “Muğam poema”, “Sonata” müxtəlif şairlərin sözlərinə bəstələdiyi mahnılar, romanslar və digər əsərlərdə Fikrət Əmirov ecazkar sənət dünyasını yarada bilib. Bu sənət dünyasının əsas qayəsi onun ürəyindən süzülüb gələn gözəl melodiyalardır. Fikrət Əmirov yaradıcılığının əbədiyaşarlığı da həmin gözəl melodiyaların ustalıqla musiqi dilinə çevrilməsidir.
Fikrət Əmirov sənəti daim yüksək qiymətləndirilib. O, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri adlara, dövlət təltiflərinə layiq görülüb. Amma sənətkar üçün ən qiymətli olan amil xalq məhəbbətidir ki, o da heç vaxt Fikrət Əmirov yaradıcılığından əskik olmayıb. Çünki o daim xalq musiqisindən bəhrələnib. Bu mənada bəstəkarın çoxlu sayda xalq mahnıları və rəqsləri əsasında işləmələrini, bu nümunələrdən öz əsərlərində istifadə etməsini misal göstərə bilərik. Bir sözlə, Fikrət Əmirov xalq musiqimizə sadəcə bəstəkar kimi deyil, onun keşiyində duran və onu qoruyan, yaşadan bir sənətkar kimi yanaşıb.
Azərbaycan və Şərq musiqisinin inkişafında böyük rol oynamış görkəmli bəstəkar 1984-cü il fevralın 20-də Bakıda vəfat edib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(20.02.2023)
Orxan Fikrətoğlu təltif olunub
Avropanın IWA Bogdani Beynəlxalq Yazarlar Birliyi Azərbaycan yazıçısı və dramaturqu Orxan Fikrətoğlunu ilin yazıçısı və "Ustad yazıçı" adına layiq görüb. Bu barədə
“Ədəbiyyat və incəsənət” portalı yazıçıya istinadən məlumat verir.
Qeyd edək ki, beynəlxalq “Bogdani” mükafatı hər il fevralın 17-də Brüssel və Priştinada keçirilir.
“Ədəbiyyat və incəsənət”
(20.02.2023)
“Təki sən səslə məni…” - Əliağa Kürçaylının doğum gününə
Harda olsan gələrəm,
Təki sən səslə məni,
Darda olsan gələrəm,
Təki sən səslə məni.
Bu gün Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, görkəmli şair, dramaturq və publisist Əliağa Kürçaylının anadan olmasından 95 il ötür.
1928-ci ildə Salyan rayonunun Kürqaraqaşlı kəndində dünyaya gələn Əliağa Kürçaylı sonralar belə yazırdı. Deyirlər, “müharibə uşaqları” vaxtından əvvəl böyüyür. Onun da uşaqlığı müharibə illərinə düşmüşdü. Əliağa əsl həyatla qarşılaşdığı gün ilk şeirini yazdı, ilk şeirindən özünə “Kürçaylı” təxəllüsü götürdü və elə ilk şeirindəncə diqqəti cəlb etdi. O dövrdə Azərbaycan Yazıçılar İttifaqının sədri Səməd Vurğun Salyana belə bir məktub göndərdi: “Gənc şair Əliağa Kürçaylını bir həftəlik çörək kartoçkası ilə təmin edib, 1947-ci il iyun ayının 16-da Yazıçılar İttifaqında keçiriləcək gənc yazıçıların birinci respublika müşavirəsinə göndərməyinizi xahiş edirik”.
Rayon partiya komitəsinin katibinə göndərilən bu məktub Əliağa Kürçaylının həyat və sənət yolunu qəti müəyyənləşdirdi. O, arzularının dalınca böyük şəhərə üz tutdu. Sonralar xatirələrində Əliağa Kürçaylı yazırdı: “Səməd Vurğun gənc yazıçılara söz verir. Ayağım dolaşa-dolaşa xitabət kürsüsünə tərəf gedirəm. Öz adını Səməd Vurğunun dilindən eşitmək adi bir kəndli balasına necə təsir edə bilər? Sifətim alışıb yanır, ürəyimin qanı gicgahlarıma vurur. Xitabət kürsüsündəyəm. İndi Səməd Vurğuna daha yaxınam. Çəkinə-çəkinə Səməd Vurğuna baxıram. Danışım ya şeir oxuyum?
- Şeir oxu, natiqimiz onsuz da az deyil. “İlk bahar çiçəyi” adlı şeirimi oxuyuram:
Yadımdadır, güllələr şığıyıb keçən zaman
Səni qanlı otların üzərindən dərdiyim.
O incə tellərini mərmilər deşən zaman
Xatirə dəftərimin arasına sərdiyim...
Səməd Vurğun - “Bu cavanın böyük gələcəyi var. Mən onun əsərlərini oxuyanda öz gənclik illərimi xatırlayıram” - deyir.
Səməd Vurğunun xeyir-duası və yaxından köməyi ilə Əliağa Kürçaylı Bakıya köçür, burada fəhlə-gənclər məktəbini başa vurur. 1954-cü ildə Azərbaycan Dövlət Universitetini, 1957-ci ildə Moskva Ali Ədəbiyyat Kursunu bitirir. 50-ci illərdə Əliağa Kürçaylı şair kimi tanınıb sevilir. “Arifin bağçası”, “Salam, gələcək illər”, “Gözəllik” adlı şeir kitabları çap olunur. O, təkcə istedadlı şair deyil, həm də dramaturq, publisist, tənqidçi kimi tanınır. “...Yesenin poeziyada etiraf nöqtəsidir” - deyən Əliağa Kürçaylı bədii tərcümə sahəsində uğurlu işləri ilə diqqəti cəlb edir. Sergey Yeseninin əsərlərini, Dantenin “İlahi” komediyasını ilhamla dilimizə çevirir.
“Günlərin bir günü hökmən ən yaxşı şeirimi yazacağam”. Əliağa Kürçaylı bu sözləri deyəndə 40 yaşı vardı. O kifayət qədər tanınır və sevilirdi. Təbiət, məhəbbət lirikası, incə, səmimi hisslər Kürçaylı yaradıcılığı üçün səciyyəvi idi. Onun şeirlərini lirik miniatürlər də adlandırırlar.
Kürçaylının şeirləri öz lirik tempinə, axarına və ritmik melodik xüsusiyyətlərinə görə nəğmə janrına yaxındır. Ona görə də şeirləri mahnılara çevrilib qanadlanır. Üstündən 20-30 il keçməsinə baxmayaraq “Yadıma sən düşürsən”, “Belə ola həmişə”, “Heç xəbərin yoxdu sənin”, “Səslə məni” mahnıları bu gün də eyni sevgi, məhəbbətlə qarşılanır.
Dramaturq kimi Əliağa Kürçaylının yaradıcılığı əsasən musiqili komediya teatrının repertuarı ilə bağlıdır. “İstədiyimi şeirlə ifadə edə bilməyəndə, komediya, yaxud pyes yazıram”, - deyən Əliağa Kürçaylının “Ləpələr”, “Nənəmin şahlıq quşu”, “Boşanaq, evlənərik” və başqa pyesləri indi də teatrlarımızın səhnəsində uğurla tamaşaya qoyulur.
Əliağa Kürçaylı müxtəlif illərdə dövri mətbuatda və nəşriyyat sahəsində işləmiş, “Yazıçı” nəşriyyatında baş redaktor vəzifəsinə qədər yüksəlmişdi.
70-ci illərdə Kürçaylı yaradıcılığı kamillik mərhələsinə çatır. “Yollarda axtar məni”, “Həyatın dolayları”, “Dünya ağuşumdadır”, “Bütövlük” kitabları işıq üzü görür. Nəşr olunan kitablarında “Durnalar cənuba uçur”, “Məhəbbət”, “Sən kimsən”, “Sınaq”, “Payız günləri” - ümumilikdə 25 poeması çap olunur.
“Seçilmiş əsərlər”inə müqəddimədə Əliağa Kürçaylı yazırdı: “Yaşasın poeziya!” Şair, əsl şair kimi Əliağa Kürçaylı bilirdi ki, əsl poeziya ölmür. Əsl poeziya ölmürsə, demək o da yaşayacaq.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(20.02.2023)
Azərbaycan muğam sənətimizin canlı əfsanəsi
Bu gün Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndəsi Arif Babayevin doğum günüdür
Muğam xalq musiqi təfəkkürünün dərin mənalı, aydın və səlist ifadəli yaradıcılıq məhsuludur. Azərbaycan muğam musiqisinin inkişafında ağdamlı musiqi yaradıcılarının, eyni zamanda xanəndələrin böyük xidmətləri olub. Bu xanəndələr xalqın mənəvi aləminin, zəkasının, arzu-istəyinin ifadəsi olan muğamlarımızı yaşadıb, onun qorunub saxlanılmasında müstəsna xidmətlər göstəriblər.
Muğamların yeni variantlarının yaradılması da xanəndələrin yaradıcılıq – ifaçılıq keyfiyyətləri ilə bağlı olub, hər bir xanəndənin ifaçılıq tərzindən meydana gələn xüsusiyyətdir. Hər bir xanəndə oxuduğu muğama öz nəfəsini, öz oxuma tərzini, özünəməxsus ifaçılıq ənənəsini gətirir. Belə xanəndələrdən – Hacıbaba Hüseynov, Yaqub Məmmədov, İslam Rzayev, Əlibaba Məmmədov, Arif Babayev, Alim Qasımov və başqalarını misal göstərə bilərik. Əsl sənətkar olmaq, xalqın rəğbətini qazanıb ürəklərə həmişəlik yol tapmaq, ən başlıcası, milli sərvətimiz sayılan muğamlarımızın saflığını qoruyub, onu özünəməxsus çalarlarla bəzəyib zənginləşdirmək hər sənətkara nəsib olmur. Bu gün milli muğam ifaçılığının görkəmli nümayəndəsi, məlahətli səsi, böyük istedadı ilə ustad xanəndə kimi tanınan Arif Babayev ən qüdrətli sənətkarlardan biri kimi qəbul olunur. Arif Babayev sənəti çoxşaxəlidir. Onun sənəti musiqi tariximizdə, xüsusən muğam sənətində ayrıca, bənzərsiz, özünəməxsus bir məktəbdir. O, XX əsrdə Azərbaycan milli musiqisinin ən yüksək zirvəsi sayılan xanəndəlik sənətini inkişaf etdirərək daha da irəli aparıb.
AZƏRTAC xəbər verir ki, bu gün Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti Arif Babayevin 85 yaşı tamam olur.
Arif Babayev 1938-ci il fevralın 20-də Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan olub. O, Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov kimi sənətkarların ənənələrinə əsaslanaraq özünəməxsus ifaçılıq üslubu yaradıb. 1960-cı ildən başlayaraq Arif Babayevin yaradıcılıq yolu Bakı şəhəri ilə bağlı olub. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Əvvəl Azərbaycan Dövlət Filarmoniyasına, sonra isə Azərbaycan Dövlət Opera və Balet Teatrına solist kimi dəvət olunub.
Onun yaradıcılığında “Şur”, “Segah” muğam dəsgahları, “Arazbarı”, “Qarabağ şikəstəsi” zərbi muğamları xüsusi yer tutur. Xüsusilə, “Segah” muğamını Arif Babayev təkrarolunmaz bir üslubda oxuyub. Xanəndə, həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilir.
Arif Babayevin “Məcnunu” elə ilk tamaşadan sonra böyük şöhrət qazanıb
Arif Babayev 1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb. Onun səhnə mədəniyyəti həm xanəndə, həm də artist üçün əsas amillərdən biridir. Arif müəllim öz səhnə mədəniyyəti ilə də seçilir. Bu, onun xasiyyətində, hərəkətində təbii xarakter daşıyır. Arif Babayev xoşbəxt sənətkardır, çünki tale ondan heç nəyi əsirgəməyib. Yaraşıqlı, boy-buxunlu, cüssəli – bu da səhnə üçün çox vacib olan amillərdəndir. Arif Babayevin yaradıcılığının inkişafında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının misilsiz rolu olub. O, uzun illər bu teatrın solisti kimi fəaliyyət göstərib, bu işdə yorulmadan çalışaraq bir-birindən gözəl obrazlar yaradıb. Burada çalışdığı müddətdə, qısa bir zaman ərzində teatrın səhnəsində muğam operalarında Məcnun, Kərəm (Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” və “Əsli və Kərəm” operaları), Aşıq Qərib (Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operası), Camal (Şəfiqə Axundovanın “Gəlin qayası” operası), Şah İsmayil (Müslüm Maqomayevin “Şah İsmayıl” operası) kimi yaddaqalan obrazları yaradıb və dinləyici auditoriyasında böyük uğur qazanıb.
Özünün dediyi kimi, Opera və Balet Teatrının səhnəsi ciddi sənət ocağıdır. Oxumaq, öyrənmək istəyən ifaçı burada günü-gündən cilalanır, kamilləşir, təkmilləşir. Onun Məcnun rolu üzərindəki işini sənətkarın sənətdə atdığı ilk addımlarının uğuru adlandırmaq olar. Arif Babayevin “Məcnunu” elə ilk tamaşadan sonra böyük şöhrət qazanıb. Onun səsi Füzuli şeiri və Üzeyir musiqisi ilə birləşib, bənzərsiz bir Məcnun yaratdı...
Onu da qeyd edək ki, “Leyli və Məcnun” operasında Arif müəllimin tərəf müqabilləri əvvəlcə Rübabə Muradova, sonralar Zeynəb Xanlarova, Nəzakət Məmmədova, Qəndab Quliyeva, Səkinə İsmayılova, Yaqut Abdullayeva; “Əsli və Kərəm”də Əsli – Rübabə Muradova, Zeynəb Xanlarova, Nəzakət Məmmədova, Rəsmiyyə Sadıqova; “Şah İsmayıl”da Ərəbzəngi – Gülxar Həsənova, Qəndab Quliyeva, Səkinə İsmayılova, Sahibə Əhmədova olublar. “Gəlin qayası” və “Aşıq Qərib” operalarında Arif Babayev əsasən Nəzakət Məmmədova ilə oynayıb. Opera aktyoru üçün vacib şərtlərdən biri də odur ki, müğənni solist olmaqla və vəziyyətdən asılı olaraq yaranan psixoloji ovqatları “yaşamaqla” yanaşı, tərəf müqabilini musiqi dialoqlarında həssaslıqla duya bilsin.
Onun yetirmələri bu gün muğam sənətinin tanınmış simalarıdır
A.Babayev dünyanın 50-dən çox ölkəsində qastrol səfərlərində olaraq Azərbaycan muğamını ləyaqətlə xarici ölkə tamaşaçılarına təqdim etmiş, Amerika, Avropa, Asiyanın bir çox ölkələrində Azərbaycan muğam sənətini musiqisevərlərə tanıdıb. Onun səsi respublikada və xaricdə qrammofon vallarına və kompakt disklərə yazılıb. Onun yetirmələri bu gün muğam sənətinin tanınmış simalarıdır.
Böyük sənətkar muğam müsabiqələrində münsiflər heyətinin üzvü kimi iştirak edir. O, öz bilik və bacarığını istedadlı xanəndələr nəslinin yetişməsinə sərf edərək, Qarabağ muğam ifaçılığı ənənələrini yaşatmağa çalışır.
Dövlətimiz tərəfindən muğam sənətimizin inkişafındakı xidmətləri görə A.Babayevin yaradıcılığı həmişə yüksək qiymətləndirilib. O, “Şöhrət”, “İstiqlal” və “Şərəf” ordeninə layiq görülüb. Ona 2010-cu ildə Heydər Əliyev Fondunun təsis etdiyi Beynəlxalq “Qızıl Çinar” mükafatı təqdim edilib. A.Babayevin 70 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən xanəndənin səsyazılarından, həyat və yaradıcılıq yolunu əks etdirən şəkillərdən ibarət CD-albom nəşr olunub.
Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli “Seygah yanğısı”, Rüzgar Əfəndiyeva “Vətəndir Arifin səsi” kitablarını Arif Babayevin yaradıcılığına həsr ediblər. Təhsil Nazirliyi tərəfindən “Arif Babayevin mahnı və təsnifləri” adlı kitab ali və orta ixtisas musiqi məktəbləri üçün dərs vəsaiti kimi nəşr edilib. Müxtəlif illərdə Arif Babayevin həyat və yaradıcılığına həsr olunmuş yeddi sənədli film çəkilib.
Avazı könülləri oxşayan ifaçı
Arif Babayev sənətinin qüdrətidir ki, o, bütün rollara yaradıcı şəkildə yanaşır. Həmin qəhrəmanların səhnə həyatını elə canlandırır ki, tamaşaçı sanki onları ayrı-ayrı zamanlarda səhnədə deyil, həyatda görüb-duyur və öz yaddaşına köçürür. Çünki Arif Babayev böyük sənətkardır. O, Rübabə Muradova, Zeynəb Xanlarova kimi böyük sənətkarlarla yanaşı, Nəzakət Məmmədova, Səkinə İsmayılova, Qəndab Quliyeva kimi istedadlı müğənnilərlə səhnədə tərəf müqabili olub, onları gözəl duyaraq əsərin daha da canlı alınmasına yardım edib. Beləliklə, Arif Babayevin bir mükəmməl ifaçı kimi püxtələşməsində, kamil sənətkar kimi yetişməsində Azərbaycan Dövlət Opera və Balet Teatrının fəaliyyəti əvəzsiz olub. Kərəm kimi yanmaq, səhraların Məcnunu olmaq, Xətai kimi hökmranlıq etmək, Qəribin qərib məhəbbətini yaşamaq və bu rolların rəngarəngliyində Arifliyini təsdiq etmək əsl sənət fədailiyidir. Səsinin vurğunluğuna bizi qərq edən Arif Babayev avazı bu gün də könülləri oxşayır. Zamanın sınağından uğurla çıxmış Arif səsi yenə də öz hekayəsində, öz sanbalında, bənzərsizliyində insanın qəlbini vəcdə gətirir.
Qeyd edək ki, bu gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Xalq artisti, görkəmli xanəndə Arif Babayevin 85 illik yubileyinə həsr olunmuş konsert təşkil olunacaq. Musiqili gecədə Arif Babayevin tələbələri yubilyarın repertuarından əsərlər təqdim edəcəklər.
“Ədəbiyyat və incəsənət”
(20.02.2023)
Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Şəkidə vətəndaşlarla görüşüb
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin bu ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli Şəki şəhər Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin Şəki şəhərində ucaldılmış abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib. Sonra Heydər Əliyev Mərkəzinə baxış keçirilib.
Gəncə şəhərindən, Şəki, Oğuz, Zaqatala, Qax, Balakən, Zərdab, Ağsu, Ağcabədi və Samux rayonlarından ümumilikdə 64 vətəndaş qəbulda iştirak edib. Onların müraciətləri əsasən işlə təmin olunma, fəxri adla təltif, sahə ilə bağlı təklif və mövcud problemlərlə bağlı olub.
Qəbul zamanı hər bir vətəndaşın müraciətlərinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə struktur bölmələrin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Görüşdə şəhid ailələri və qazilərin qaldırdıqları məsələlərə xüsusi həssaslıqla yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.
Xatırladaq ki, mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli tərəfindən yanvarın 26-da Sabirabad şəhərində Sabirabad, Saatlı, Hacıqabul rayonları və Şirvan şəhərindən vətəndaşların qəbulu keçirilmişdi.
“Ədəbiyyat və incəsənət”
(20.02.2023)