
Super User
Yusif Nəğməkarın “Ələsgər Zirvəsi" kitabı təqdim olunub
Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan ustad Aşıq Ələsgərin xatirəsinə həsr edilmiş, şair-publisist Yusif Nəğməkarın qələmə aldığı "Ələsgər Zirvəsi" poemasının təqdimat və imza günü keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Xalq yazıçısı, AYB sədri Anarın, Xalq şairi Sabir Rüstəmxanlının, akademik Nizami Cəfərovun, akademik Misir Mərdanovun, Milli Məclisin komitə sədri Fazil Mustafanın, millət vəkili Səyyad Aranın, millət vəkili Aydın Hüseynovun, Azərbaycan Rəssamlar Akademiyasının rektoru Natiq Əliyevin, riyaziyyat üzrə elmlər doktoru, professor İlham Pirməmmədovun, tarix elmləri doktoru Atamoğlan Məmmədlinin, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərin, tənqidçi Əsəd Cahangirin, şair Əlirza Xələflinin və digər qonaqların iştirak etdiyi tədbirdə çıxış edən Yusif Nəğməkar bu poemanın yalnız Aşıq Ələsgərin yaradıcılığına həsr olunmuş bir əsər deyil, eyni zamanda, Azərbaycan aşıq sənətinin bütövlükdə dəyərini göstərən poetik salnamə olduğunu bildirib.
Söz nümayəndələri kitabın ədəbiyyat tariximizdəki əhəmiyyətindən, Aşıq Ələsgərin söz sənətindəki mövqeyindən və Yusif Nəğməkarın yaratdığı poemanın dəyərindən söhbət açıblar.
Qeyd edilib ki, poemada Aşıq Ələsgərin zəngin yaradıcılığı, onun ədəbi irsinin böyüklüyü və müasir dövrdə daşıdığı mənəvi dəyərlər öz əksini tapıb.
Tədbir boyu iştirakçılar poemadan parçalar səsləndirib, Dədə Ələsgərə həsr olunmuş şeirlər oxunub və ustadın seçmə əsərlərindən sitatlar gətirilib.
Görüşün sonunda "Ələsgər Zirvəsi" kitabı müəllif tərəfindən imzalanıb.
Bir sözlə, Natəvan klubu çox maraqlı bir tədbirə evsahibliyi edib,
“Ədəbiyyat və incəsənət”
(14.02.2025)
Gənclər Kitabxanasında Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar virtual sərgi hazırlanıb
Bu gün dünyanın bir çox ölkəsində qeyd edilən, təqvimin ən gənc bayramlarından biri 14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günüdür. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Sözü oxucuya qovuşduran sənət bayramı” adlı virtual kitab sərgisi hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, özündə bu günün tarixi, məqsədi haqqında geniş məlumatları cəmləyən virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/sozu-oxucuya-qovusduran-senet-bayrami yerləşdirilib. Virtual sərgidə mütaliənin şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində olan əvəssiz rolundan, faydalarından bəhs edilir. Materialda Gənclər Kitabxanasında təşkil edilən kitab təqdimatları, ekskursiyalar, aksiya və görüşlərdən fotogörüntülər, kitabxanada mütaliənin təbliği, yeniyetmə və gənclər arasında kitaba marağın artırılması məqsədilə həyata keçirilən tədbirlər haqqında məlumat verilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan sərgidə “Ulu Öndər Heydər Əliyevin kitab və kitab nəşri haqqında müdrik fikirləri”, “Ümumi kitab tarixi”, “Azərbaycanda kitab mədəniyyəti”, “Azərbaycan kitabının bədii və texniki tərtibat tarixi”, “Kitab işinin tarixi”, “Kitabşünaslıq: nəşriyyat işinin əsasları və təşkili”, “Türk xalqlarının kitab və kitabxana mədəniyyəti” kimi 20-yə yaxın kitabın biblioqrafik təsviri və qısa annotasiyası ilə yanaşı dörü mətbuat nümumələri də sərgilənir.
“Ədəbiyyat və incəsənət”
(14.02.2025)
Arif Paşayev dünyada fizika, texnika, eləcə də kosmik tədqiqatlar sahəsində nüfuzlu alim kimi tanınır
Əlibala Məhərrəmzadə, iqtisad elmləri doktoru, professor, Milli Məclisin deputatı.
15 fevral günü Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik Arif Paşayevin doğum günüdür.
Akademik səviyyəsi, nəzəriyyə və ixtiraları ilə elmin ümumbəşəri dəyərlər xəzinəsini zənginləşdirən Arif Mir Cəlal oğlu Paşayev bütün varlığı ilə alim, müəllim, ziyalı adına şərəf gətirərək elmin nüfuzuna çevrilmiş mütəfəkkir alimlərimizdəndir.
Arif Paşayev 1934-cü il fevralın 15-də Bakıda görkəmli yazıçı Mir Cəlal Paşayevin ailəsində dünyaya gəlmişdir. O, Odessa Elektrotexnika Rabitə İnstitutunda radiofizika ixtisası üzrə ali təhsil almışdır. 1957-ci ildə Azərbaycan Dövlət Universitetində (indiki BDU) laborant kimi əmək fəaliyyətinə başlamışdır.
Sonralar AMEA-nın Astrofizika sektorunda kiçik elmi işçi, Fizika İnstitutunda kiçik və böyük elmi işçi, Zədəsiz ölçmə və nəzarətin fiziki üsulları və Yarımkeçiricilərdə elektromaqnit və akustooptik proseslərin fiziki- texniki problemləri laboratoriyalarının müdiri vəzifələrində uzun illər çalışmışdır. 1966-cı ildə “Yüksək və ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi, bir neçə il sonra eyni əsaslı doktorluq dissertasiyası ilə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Elmi fəaliyyətinin əsas istiqamətini yarımkeçiricilər fizikası və yarımkeçirici cihazların tədqiq edilməsi olan akademik Arif Paşayev 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü, 2001-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir.
1996-cı ildən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasına rəhbərlik edən akademik Yarımkeçirici materialların mühüm elektrofiziki parametrlərini ölçmək məqsədilə yüksək tezlikli cərəyanlardan istifadə etməklə materialı zədələmədən kontaktsız ölçü üsullarının elmi əsaslarını yaratmış, müxtəlif təyinatlı çeviricilər sahəsində yeni elmi istiqamətin əsasını qoymuşdur. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə yaradılan silindr şəkilli yarımkeçirici hissələrin xüsusi müqavimətinin kontaktsız ölçülməsi üçün “Siqma”, yüksək aşqarlı yarımmetalların kontaktsız tədqiqi üçün “RO”, lövhə və silindirvari nümunələrin qeyri-bircinsliyinin kontaktsız ölçülməsi üçün “BİN” seriyalı cihazlar ölkəmizdə bu istiqamətdə əldə olunan elmi nailiyyətlərin göstəricisi olmaqla yanaşı, dünyanın elmi mərkəzləri tərəfindən də elmi yenilik olaraq qəbul edilmişdir.
Dünyanın qüdrətli elmi mərkəzləri tərəfindən fizika, texnika və kosmik tədqiqatlar sahəsində nüfuzlu alim kimi qəbul edilən, yarımkeçiricilər fizikası istiqamətində xüsusi nailiyyətlərə imza atan görkəmli alim, pedaqoq, elm və təhsil təşkilatçısı, ictimai xadim kimi tanınan akademikin elmi tədqiqat işlərinin digər bir hissəsi fotoelastik material kimi daha sadə hazırlanma texnologiyasına malik olan kristallik kvars əsasında akustooptik modulyatorun işlənilməsi ilə bağlıdır. 1993-1997-ci illərdə ilk dəfə olaraq əldə etdiyi elmi nailiyyətləri bir sıra radiofizika və radiotexnika məsələlərinin həllinə tətbiq edən alim siqnalların zaman təhriflərinə korreksiyasının, çevrilməsinin, tezlik modulyasiyalı siqnalların izləyici qəbulunun akustooptik üsullarını və bu üsulları reallaşdıran qurğuları sintez etməklə kifayətlənməmiş, onların parametrlərini hərtərəfli şəkildə araşdırmış, alınan nəticələrə aid elmi məqalələri dünyanın bir çox nüfuzlu elmi nəşrlərində dərc etdirmişdir.
Daim elmi axtarışlarda olan Arif Paşayev müxtəlif elektromaqnit sahələrinin keçirici mühitlə qarşılıqlı təsirinin tədqiqi nəticəsində maşınqayırma məmulatlarına cərəyan burulğanları ilə nəzarət üçün yeni üsullar və qurğular yaratmış, elektron mikrometri, dərinlik nasoslarının içliklərinin diametrini və dərin deşikləri ölçmək üçün proqram təminatlı xüsusi elektron qurğular, SD-1 kondisionerlərinin diaqnostikası üçün stend ixtira etmiş, yenilikləri, elmi nailiyyətləri ilə elmin ümumbəşəri dəyərlər sisteminə layiqli töhfələr vermişdir.
Onun əldə etdiyi nailiyyətlər, ixtiralar, yeni fiziki elementlər gəmiqayırmada, neftmaşınqayırmada, müdafiə, tibb sənayelərində və digər sahələrdə geniş tətbiq edilir, həmçinin onlardan yüksək çevikliyə malik nəzarət sistemlərinin yaradılmasında tətbiq olunmaqla yanaşı, qeyri-neft sektorunun inkişafına da müsbət təsir göstərir.
Mütləq şəkildə onu da qeyd edək ki, ömrünün böyük bir mərhələsini ölkəmizdə mülki aviasiyanın qurulması və inkişafına həsr edən Arif Paşayev 29 ildən artıqdır ki, Milli Aviasiya Akademiyasının rektoru kimi fəaliyyət göstərir. Bu nüfuzlu elm, tədris mərkəzində qüdrətli elm təşkilatçısının rəhbərliyi ilə tədris prosesi, elmi-metodiki işlər yüksək səviyyədə təşkil edilib, bir sıra kafedralar açılıb, yeni, müasir standartlara, tələblərə cavab verən ixtisasların tədrisinə başlanılıb. Ən əsası - Mülki Aviasiyanın bütün istiqamətləri üzrə milli kadrların hazırlanması üçün münbit şərait yaradılıb. Elə hazırda səmalarda pərvazlanan təyyarələrin mütləq əksəriyyətinin kadr heyəti də bu ocaqdan çıxanlardır.
Milli Aviasiya Akademiyasının fəaliyyətinin əsas istiqamətlərindən birini isə böyük qürur və iftixarla qeyd etmək istəyirik: 2020-ci ildə 44 günlük Vətən müharibəsində böyük Zəfərə imza atan Vətənimizin təhlükəsizliyinin təmin edilməsi, ordu quruculuğunun möhkəmləndirilməsi kimi mühüm və vacib məsələlərin həllinə təkan verərək bu təhsil ocağı müharibə dövründə və ondan sonrakı illərdə xüsusi əhəmiyyət kəsb edən pilotsuz uçuş aparatlarının, minaların axtarılması və zərərsizləşdirilməsi üzrə robotların, radiotexniki təminat obyektlərinin texniki vəziyyətinə avtomatlaşdırılmış nəzarət sistemlərinin yaradılmasının müəllifi olmuşdur. İstər ikinci Qarabağ savaşında, istər də ondan sonrakı məsuliyyətli dövrdə mülki aviasiyaya məxsus təyyarə və helikopterlərin, düşmən üstünə şığıyan pilotsuz uçuş aparatlarının, radio texnoloji avadanlıqların idarəetməsində, minaların zərərsizləşdirilməsində Milli Aviasiya Akademiyasının mühüm rolu vardır. Və bu rolun altını xüsusilə cızmaq lazımdır.
Bütün həyatını ölkənin elmi potensialının inkişafına, yüksək texnologiyaların sənayedə tətbiqinə, peşəkar aviator, mühəndis kadrların yetişdirilməsinə həsr edən Arif Paşayev 1991-ci ildə avtonom hidroakustika informasiya sisteminin yaradılması sahəsindəki nailiyyətlərinə görə Azərbaycan SSR Dövlət mükafatı laureatı adını qazanmışdır. İlk dəfə olaraq funksional elektronikanın müstəqil elmi istiqaməti olan neqatronika sahəsi məhz akademik Arif Paşayevin elmi məktəbində üzə çıxmışdır.
500-dən çox elmi əsərin, 30-dan çox kitab və monoqrafiyanın, 60-dan çox ixtira və patentin müəllifi olan akademik Arif Paşayevin məsləhətçiliyi və rəhbərliyi ilə onlarla namizədlik və doktorluq dissertasiyaları hazırlanaraq müdafiə olunmuşdur. Bununla yanaşı, Arif müəllim Rusiya, Ukrayna, Latviya və Estoniya kimi ciddi elmi mərkəzləri olan ölkələrdə müdafiə olunan doktorluq dissertasiyaları üzrə rəsmi opponent kimi çıxış etmiş, elmi yeniliklərə imza atan alimlərə öz xeyir- duası vermişdir.
Beynəlxalq Nəqliyyat, Beynəlxalq Mühəndislik, Beynəlxalq Ekoenergetika, Beynəlxalq Eller, Beynəlxalq İnformasiyalaşdırma akademiyalarının həqiqi üzvü, Rusiya Mühəndislik Akademiyasının fəxri üzvü seçilən akademik Arif Mir Cəlal oğlu Paşayev “Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri”, Milli Aviasiya Akademiyasında nəşr olunan “Elmi məcmuələr” jurnalının, “Elmi əsərlər” toplusunun, “Səma” beynəlxalq elmi-kütləvi jurnalının baş redaktoru kimi publisistikadan elmi maarifçilik yolunda uğurla istifadə etmişdir. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə 2004-cü ildə “Şöhrət”, 2009-cu ildə “Şərəf”, 2014-cü ildə “İstiqlal” ordenləri ilə təltif olunmuş, 2005-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.
Akademik Arif Paşayev heç bir təmənna ummadan 91 illik ömrünü xalqına, dövlətinə sərf edibdir, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar arasında yer tutubdur. Onun missiyası Vətənə, millətə, məmləkətə təmənnasız sevgidən ibarətdir.
Səmimi qəlbdən onu doğum günü münasibətilə təbrik edir, şərəfli ömür yolunda möhkəm cansağlığı, yeni nailiyyətlər arzu edirik.
“Ədəbiyyat və incəsənət”
(14.02.2025)
Valentinə çox uymayın, bu gün həm də Beynəlxalq kitab bağışlama günüdür
Könül, “Ədəbiyyat və incəsənət”
Kimdən soruşsan, 14 fevral nə günüdür, dərhal Sevgililər günüdür deyə cavab verər. Hansısa Valentin adlı xristian rahibin hansısa sevgisinin şərəfinə belə bir gün qeyd edilir. Halbuki 14 fevralın əsas özəlliyi heç də Valentin deyil.
Dünya əhalisi fevralın 14-nü Beynəlxalq kitab bağışlama günü kimi də qeyd edir. Bu, təqvimdə ən gənc bayramlardandır.
Bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir. 2012-ci ildən qeyd edilən bu bayram ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Bu ideyanı ona balaca oğlu verib. O, anasından niyə insanların bir-birinə kitab bağışladığı xüsusi gün olmamasını soruşub.
2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan İngiltərəyə, Hindistandan Yeni Zellandiyaya qədər fərqli ölkələrdən olan bloqqerlər birlikdə hərəkət edərək insanları həmin günü “uşaqlara kitab vermə günü” olaraq qeyd etməyə çağırıb. Bununla da dünyanın bir çox ölkəsində 14 fevral “Dövlətlərarası kitab vermə günü” olaraq qeyd olunmağa başlayıb. Mövcud olduğu ildən bu təşəbbüs bütün dünyada dəstək qazanır və indi də yeni iştirakçılar cəlb etməkdə davam edir.
Bu əlamətdar günün yayılmasında məşhur müəlliflərin, bloqqerlərin və uşaq yazıçılarının dəstəyi mühüm rol oynayıb.
Hər il minlərlə həm oxunmuş, həm də yeni kitablar dünyanın bütün istiqamətlərinə yola düşür və uşaqlarda kitaba məhəbbət, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaradır.
Son illər Azərbaycanda da bu gün bir sıra tədbirlərlə qeyd edilir. Amma bu il nədisə, hələ ki səssizlikdir.
“Ədəbiyyat və incəsənət”
(14.02.2025)
Fizika, texnika və kosmik tədqiqatlar sahəsində nüfuzlu alim – ARİF PAŞAYEV
Şərəf Cəlilli, filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün
“Ən böyük nailiyyətim ailəm, ən qiymətli əsərim övladlarımdır.”
Mir Cəlal Paşayev
1945-ci ildə SSRİ Elmlər Akademiyasının prezidenti, akademik Vladimir Leontieviç Komarov Sovet İttifaqı rəhbərliyinə təqdim etdiyi hesabatda iki tarixi cümlə işlətmişdi: “Yusif Məmmədəliyev kimi bir alimi olan respublika öz akademiyasını qurmağa layiqdir”. “Mir Əsədulla Mirqasımov elmin nüfuzu və vicdanıdır”.
Akademik səviyyəsi, nəzəriyyə və ixtiraları ilə elmin ümumbəşəri dəyərlər xəzinəsini zənginləşdirən bu qüdrətli alimlərin sırasında yer alanlardan biri də akademik Arif Mir Cəlal oğlu Paşayevdir.
O, bütün varlığı ilə alim, müəllim, ziyalı adına şərəf gətirənlərdən, intellektual potensialı, kübarlığı ilə mövcud olduğu çevrəni zinətləndirən tarixi şəxsiyyətlərimizdən, elmin nüfuzu və vicdanı olan mütəfəkkir alimlərimizdəndir.
Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik Arif Paşayev 1934-cü il fevralın 15-də Bakıda, üç zirvənin fatehi: yazıçı müəllim, alim Mir Cəlal Paşayevin ailəsində dünyaya gəlmişdir.
Dünyanın qüdrətli elmi mərkəzləri tərəfindən fizika, texnika və kosmik tədqiqatlar sahəsində nüfuzlu alim kimi qəbul edilən, əsərləri senzuradan kənar dərc olunan, yarımkeçiricilər fizikası istiqamətində xüsusi nailiyyətlərə imza atan görkəmli alim, pedaqoq, elm və təhsil təşkilatçısı, ictimai xadim kimi tanınan Arif Paşayev Odessa Elektrotexnika Rabitə İnstitutunda radiofizika ixtisası üzrə ali təhsil almışdır. 1957-ci ildə Azərbaycan Dövlət Universitetində (indiki BDU) laborant kimi əmək fəaliyyətinə başlamışdır. Sonralar AMEA-nın Astrofizika sektorunda kiçik elmi işçi, Fizika İnstitutunda kiçik və böyük elmi işçi, Zədəsiz ölçmə və nəzarətin fiziki üsulları və Yarımkeçiricilərdə elektromaqnit və akustooptik proseslərin fiziki- texniki problemləri laboratoriyalarının müdiri vəzifələrində uzun illər çalışmışdır. 1966-cı ildə “Yüksək və ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi, bir neçə il sonra eyni əsaslı doktorluq dissertasiyası ilə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Elmi fəaliyyətinin əsas istiqamətini yarımkeçiricilər fizikası və yarımkeçirici cihazların tədqiq edilməsi olan akademik Arif Paşayev 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü, 2001-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir.
1996-cı ildən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasına rəhbərlik edən akademik Yarımkeçirici materialların mühüm elektrofiziki parametrlərini ölçmək məqsədilə yüksək tezlikli cərəyanlardan istifadə etməklə materialı zədələmədən kontaktsız ölçü üsullarının elmi əsaslarını yaratmış, müxtəlif təyinatlı çeviricilər sahəsində yeni elmi istiqamətin əsasını qoymuşdur. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə yaradılan silindr şəkilli yarımkeçirici hissələrin xüsusi müqavimətinin kontaktsız ölçülməsi üçün “Siqma”, yüksək aşqarlı yarımmetalların kontaktsız tədqiqi üçün “RO”, lövhə və silindirvari nümunələrin qeyri-bircinsliyinin kontaktsız ölçülməsi üçün “BİN” seriyalı cihazlar ölkəmizdə bu istiqamətdə əldə olunan elmi nailiyyətlərin göstəricisi olmaqla yanaşı, dünyanın elmi mərkəzləri tərəfindən də elmi yenilik olaraq qəbul edilmişdir.
Akademik Arif Paşayevin elmi tədqiqat işlərinin digər bir hissəsi fotoelastik material kimi daha sadə hazırlanma texnologiyasına malik olan kristallik kvars əsasında akustooptik modulyatorun işlənilməsi məsələləri ilə bağlıdır. 1993-1997-ci illərdə ilk dəfə olaraq əldə etdiyi elmi nailiyyətləri bir sıra radiofizika və radiotexnika məsələlərinin həllinə tətbiq edən alim siqnalların zaman təhriflərinə korreksiyasının, çevrilməsinin, tezlik modulyasiyalı siqnalların izləyici qəbulunun akustooptik üsullarını və bu üsulları reallaşdıran qurğuları sintez etməklə kifayətlənməmiş, onların parametrlərini hərtərəfli şəkildə araşdırmış, alınan nəticələrə aid elmi məqalələri dünyanın bir çox nüfuzlu elmi nəşrlərində dərc etdirmişdir.
Müxtəlif elektromaqnit sahələrinin keçirici mühitlə qarşılıqlı təsirinin tədqiqi nəticəsində maşınqayırma məmulatlarına cərəyan burulğanları ilə nəzarət üçün yeni üsullar və qurğular yaradan akademik Arif Paşayev elektron mikrometri, dərinlik nasoslarının içliklərinin diametrini və dərin deşikləri ölçmək üçün proqram təminatlı xüsusi elektron qurğular, SD-1 kondisionerlərinin diaqnostikası üçün stend ixtira etmiş, yenilikləri, elmi nailiyyətləri ilə elmin ümumbəşəri dəyərlər sisteminə layiqli töhfələr vermiş, Azərbaycanın elmi potensialını, intellekt kapitalını dünyaya nümayiş etdirmişdir. Onun əldə etdiyi nailiyyətlər, ixtiralar, yeni fiziki elementlər gəmiqayırmada, neftmaşınqayırmada, müdafiə, tibb sənayelərində və digər sahələrdə geniş tətbiq edilir, həmçinin onlardan yüksək çevikliyə malik nəzarət sistemlərinin yaradılmasında tətbiq olunmaqla yanaşı, qeyri-neft sektorunun inkişafına da müsbət təsir göstərir.
Mənalı ömrünün böyük bir mərhələsini, bir qərinəyə yaxın zaman kəsiyini ölkəmizdə mülki aviasiyanın qurulması və inkişafına həsr edən Arif Paşayev 29 ildir Milli Aviasiya Akademiyasının rektoru kimi fəaliyyət göstərir. Bu nüfuzlu elm, tədris mərkəzində qüdrətli elm təşkilatçısının rəhbərliyi ilə tədris prosesi, elmi-metodiki işlər yüksək səviyyədə təşkil edilib, bir sıra kafedralar açılıb, yeni, müasir standartlara, tələblərə cavab verən ixtisasların tədrisinə başlanılıb. Mülki Aviasiyanın bütün istiqamətləri üzrə milli kadrların hazırlanması üçün münbit şərait yaradılıb.
Milli Aviasiya Akademiyasının fəaliyyətinin əsas istiqamətlərindən biri də tarixi Zəfərə imza atan Vətənimizin təhlükəsizliyinin təmin edilməsi, ordu quruculuğunun möhkəmləndirilməsi kimi mühüm və vacib məsələlərin həllinə təkan vermək olmuşdur. Müharibə dövründə və ondan sonrakı illərdə xüsusi əhəmiyyət kəsb edən pilotsuz uçuş aparatlarının, minaların axtarılması və zərərsizləşdirilməsi üzrə robotların, radiotexniki təminat obyektlərinin texniki vəziyyətinə avtomatlaşdırılmış nəzarət sistemlərinin yaradılması Milli Aviasiya Akademiyasının ən böyük elmi nailiyyətlərdən biridir. İstər ikinci Qarabağ savaşında, Vətən müharibəsində, 44 günlük haqq davasında, istər də ondan sonrakı məsuliyyətli dövrdə mülki aviasiyaya məxsus təyyarə və helikopterlərin, düşmən üstünə göydən qartal kimi şığıyan pilotsuz uçuş aparatlarının, radio texnoloji avadanlıqların idarəetməsində, minaların zərərsizləşdirilməsində Milli Aviasiya Akademiyasının mühüm rolu vardır. Müharibə dövründə son 30 ildə akademiyada yetişdirilən peşəkar kadrların nümayiş etdirdiyi intellektual potensial tarixi Zəfərə Ali Baş Komandan iradəsi ilə imza atan millətin, məmləkətin qüdrətini dünyaya nümayiş etdirdi.
Milli Aviasiya Akademiyasında ölkəmizdə analoqu olmayan, dünya standartları səviyyəsində şəhərciyin salınması, davamlı islahat proqramlarının həyata keçirilməsi, təhsilin səviyyəsinin yüksəldilməsi, sağlam elmi-pedaqoji mühitin yaradılması, nüfuzlu elm xadimlərinin və mühəndislərin tədris prosesinə cəlb olunması akademik Arif Paşayevin bir təşkilatçı rəhbər kimi mənəvi əzəmətinin göstəricisidir.
Olur ki, çox böyük müəllim, ixtiraları ilə elm tarixini zənginləşdirən qüdrətli bir alim olur, məşhur imza kimi tanınırsan. Amma adınla bağlı məktəbin olmur. Akademik Arif Paşayev bir rektor, pedaqoq və alim kimi yetirmələri ilə həmişə fəxr edib, qürur duyub, onların əllərindən tutub, dayaq olub, həm də onlara inanıb, arxalanıb. Əl-Biruni, əl-Kindi, əl-Qəzali, əl-Fərabi, İbn Sina kimi öz məktəbini yaradıb. Məhz bu arzuolunan ustad-şəyird münasibətlərinin nəticəsidir ki, Milli Aviasiya Akademiyası Dövlətlərarası Aviasiya Komitəsinin qərarı ilə “Mülki Aviasiya ali təhsil müəssisəsi” sertifikatına layiq görülüb, Beynəlxalq Mülki Aviasiya Təşkilatının ali təhsil müəssisələrinin siyahısına daxil edilib.
Böyük alimin rəhbərlik etdiyi Azərbaycan Milli Aviasiya Akademiyası “Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə birgə aviasiya sahəsində kadrların peşəkarlıq səviyyəsinin inkişafı və təkmilləşdirilməsi, maddi-texniki bazasının genişləndirilməsi istiqamətində də səmərəli işlər görür, mühüm nailiyyətlərə imza atır. Akademiyanın nəzdində olan Pilotların Hazırlıq Mərkəzi Azərbaycanın mülki aviasiya kadrlarının hazırlanması üçün əsas baza hesab olunur. Geniş elmi-praktiki, elmi-təşkilati, pedaqoji fəaliyyəti ilə yanaşı, Azərbaycanda aviasiya təhsilinin müasir səviyyədə inkişafına gərgin əmək sərf edən, gənc nəslin yüksək vətənpərvərlik ruhunda tərbiyəsini daim diqqətdə saxlayan, atası Mir Cəlalın mürşid-mürid ucalığını yaşayan Arif Paşayev hər bir əməkdaşa fərdi, insani münasibət bəsləyir, əsl ziyalıya xas keyfiyyətləri ilə bir nümunəyə çevrilir.
Akademik Arif Mir Cəlal oğlu Paşayevin zərrə-zərrə qurduğu, pillə-pillə ucaltdığı, varlığı ilə qürur duyduğu, şah əsəri hesab etdiyi Azərbaycan Milli Aviasiya Akademiyası Azərbaycan universitetlərində təhsilin keyfiyyətinin idarə edilməsi, yüksəkixtisaslı mütəxəssislərin hazırlanması istiqamətində mühüm işlər görür. Eyni zamanda, burada gənc alimlər üçün “Aviakosmos” istiqaməti üzrə hər il seminarlar və məktəblər təşkil edilir. Bütün həyatını ölkənin elmi potensialının inkişafına, yüksək texnologiyaların sənayedə tətbiqinə, peşəkar aviator, mühəndis kadrların yetişdirilməsinə həsr edən Arif Mir Cəlal oğlu 1991-ci ildə avtonom hidroakustika informasiya sisteminin yaradılması sahəsindəki nailiyyətlərinə görə Azərbaycan SSR Dövlət mükafatı laureatı adını qazanmışdır. İlk dəfə olaraq funksional elektronikanın müstəqil elmi istiqaməti olan neqatronika sahəsi məhz akademik Arif Paşayevin elmi məktəbində üzə çıxmış və inkişaf dinamikası ilə dünya alimlərini heyrətləndirmişdir.
500-dən çox elmi əsərin, 30-dan çox kitab və monoqrafiyanın, 60-dan çox ixtira, respublika və beynəlxalq səviyyəli patentin müəllifi olan akademik Arif Paşayevin məsləhətçiliyi və rəhbərliyi ilə onlarla namizədlik və doktorluq dissertasiyaları hazırlanaraq müdafiə olunmuşdur. Bununla yanaşı, Rusiya, Ukrayna, Latviya və Estoniya kimi ciddi elmi mərkəzləri olan ölkələrdə müdafiə olunan doktorluq dissertasiyaları üzrə rəsmi opponent kimi çıxış etmiş, elmi yeniliklərə imza atan alimlərə öz ustad xeyir- duası vermişdir.
Beynəlxalq Nəqliyyat, Beynəlxalq Mühəndislik, Beynəlxalq Ekoenergetika, Beynəlxalq Eller, Beynəlxalq İnformasiyalaşdırma akademiyalarının həqiqi üzvü, Rusiya Mühəndislik Akademiyasının fəxri üzvü seçilən akademik Arif Mir Cəlal oğlu Paşayev “Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri”, Milli Aviasiya Akademiyasında nəşr olunan “Elmi məcmuələr” jurnalının, “Elmi əsərlər” toplusunun, “Səma” beynəlxalq elmi-kütləvi jurnalının baş redaktoru kimi publisistikadan elmi maarifçilik yolunda uğurla istifadə etmişdir.
Şeyx Nizami Gəncəvinin: “Elmlə, biliklə başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz!” nidasını amalına çevirən böyük alimin elm sahəsindəki xidmətləri diqqətdən kənarda qalmamış, dəfələrlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə 2004-cü ildə “Şöhrət”, 2009-cu ildə “Şərəf”, 2014-cü ildə “İstiqlal” ordenləri ilə təltif olunmuş, 2005-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.
Azərbaycan Milli Elmlər Akademiyasının ilk prezidenti akademik Mirəsədulla Mirqasimovun tarixi bir kəlamı var: “Həyatdan mükafat gözləməyin, əgər sizin addımlarınız düzgündürsə, gördüyünüz işlər doğrudursa, mükafat sizə veriləcək. Siz mükafatı düşünürsünüzsə, onda onu görməyəcəksiniz. İş görün, düzgün yaşayın, onda mükafat özü sizi tapacaq”. Akademik Arif Paşayev heç bir təşəkkür, mükafat gözləmədən analitik təfəkkürü, ensiklopedik biliyi, intellektual potensialı, dəyişməz xarakteri ilə düz 91 ildir ömür sürür, elmi fəaliyyətini davam etdirir, klassikləşən müasirimiz olaraq tarix yaradır, xalqa, dövlətə, sonsuz məhəbbətlə, sədaqətlə xidmət edir.
Ulu öndər Heydər Əliyevin tarixi bir kəlamı var: “Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə görə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tuturlar”. Akademik Arif Mir Cəlal oğlu Paşayev məhz belə bir mütəfəkkir alim, qüdrətli ziyalı, nüfuzlu şəxsiyyət, xeyirxaxlıq və yaxşılıq nümunəsi olan Böyük İnsandır!
Akademik Arif Mircəlal oğlu Paşayev mütəfəkkir alim, nüfuzlu ictimai xadim, müdrik şəxsiyyət, eyni zamanda böyük Vətəndaşdır! Onun üçün Vətən millətə, məmləkətə təmənnasız sevgidən ibarətdir. “İnsanları dinləmək, anlamaq, düşüncələrinə hörmətlə yanaşmaq, qayğısına qalmaq gərəkdir”- deyir, həmişə Arif Mir Cəlal oğlu. Onun həyatda ən böyük arzusu sükanı arxasında yetirmələrinin, milli aviatorların dayandığı təyyarələrimizi Qarabağın, Şərqi Zəngəzurun səmasında görmək idi. Bu gün Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qətiyyəti, qüdrətli Ordumuzun iradəsi, bir parası Vətən olan Qazilərin, al qanı ilə tarix yazan Şəhidlərin Vətən sevgisi ilə Şuşa qalasında, Murovun zirvəsində, Ağoğlan qəsrində, Xudafərin körpüsündə Azərbaycan Bayrağı dalğalanır! Səmamızın şahinləri, Milli Aviasiya Akademiyasının məzunları Qarabağa, Şərqi Zəngəzura uçuşlar edir. Akademik Arif Paşayevin övladları, nəvələri Torpaq qalan, hər şey yalan-nidası ilə Odlar Yurdu Azərbaycanın ən teni tarixini yaradır.
Ulu Tanrı akademik Arif Paşayevi həm də, bir türk, Azərbaycan kişisi kimi əbədi sevginin imtahanından keçirib. Vaxtsız gedişi ilə doğmalarının əyninə hicran köynəyi biçən Aida xanımdan sonra o, sədaqətin, etibarın nümunəsi kimi canlı heykələ, abidəyə çevrilib. Tanrı Arif Mir Cəlal oğlu Paşayevi həm də, gözəl ailə, bir-birindən qiymətli övladlar, nəvə-nəticələrlə mükafatlandırıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva adını milli dövlətçilik və milli-mənəvi dəyərlər tariximizə həkk edib. Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın vitse-prezidenti akademik Nərgiz Arif qızı Paşayeva hər gün babasının, atasının, anasının qalxdığı kürsüləri alim, müəllim, ictimai xadim kimi zinətləndirir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın, Bakı Media Mərkəzinin qurucusu Arzu Əliyevanın, “Yarat” Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudovanın, “Nərgiz” dərgisinin təsisçisi və baş redaktoru Ülviyyə Mahmudovanın əldə etdiyi nailiyyətlər onda xoş ovqat və sevinc hissləri yaradır.
“Ədəbiyyat və incəsənət”
(14.02.2025)
CƏLİL XƏLİLOV: “Ermənistanın işğal dönəmində vurduğu ziyana görə təzminat ödəməsi beynəlxalq hüququn tələbidir”
“Ermənistanın işğal dönəmində vurduğu ziyana görə təzminat ödəməsi beynəlxalq hüququn tələbidir”.
Bunu “Ədəbiyyat və incəsənət” portalına açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib.
Polkovnik qeyd edib ki, Ermənistan işğal dönəmində misilsiz vəhşiliklər törədib, həm sosial infrastrukturu, həm də təbiəti məhv edib:
“Ermənistan 30 ilik işğal dönəmində insanlıq tarixində misli-bərabəri olmayan talan və dağıntılar törədib, yüzlərlə yaşayış məntəqəsini sözün həqiqi mənasında yox edib. Evlər, məscidlər, qəbiristanlıqlar, sosial infrastruktur, sənaye və kənd təsərrüfatı müəssisələri, hətta tarixi abidələr də məhv edilib.
Bununla yanaşı, erməni faşizmi təbiətə də böyük zərər verib, torpaq örtüyünü, su hövzələrini, meşələri məhv edib, sıradan çxıarıb. Bütün bunlara görə Ermənistanın təzminat ödəməsi vacibdir.
Bu, yalnız Azərbaycanın deyil, həm də beynəlxalq hüququn tələbidir. Bütün dünyada bu praktika mövcud olub və bu gün də mövcuddur. Odur ki, Azərbaycan haqlı olaraq Ermənistandan vurulan zərərə görə tam təzminat tələb edir və bu tələb yerinə yetirilənə qədər dövlətimiz öz mübarizəsini davam etdirəcək”.
Polkovnik qeyd edib ki, 44 günlük Vətən müharibəsindəki aclnacaqlı məğlubiyyətindən sonra silahlanmaya böyük vəsaitlər ayıran Ermənistan silah almaq yox, təzminat ödəmək haqqında düşünməlidir:
“Ermənistan öz havadarlarının köməyi ilə Vətən müharibəsindən sonra sürətli silahlanma siyasəti həyata keçirməkdədir. Fransa, Hindistan, ABŞ, Yunanıstan və s. ölkələrdən müxtəlif silah-sursatlar, hərbi texnikalar alınır, Ermənistan ordusunun yenidən qurulmasına böyük vəsaitlər sərf olunur. Bütün bunlar onu göstərir ki, Errmənistan sülh deyil, yeni qarşıdurmalar haqqında düşünür. Lakin yaxşı olardı ki, silah idxalına milyonlar sərf edən rəsmi İrəvan Azərbaycana təzminat ödəmək haqqında fikirləşsin. Çünki Azərbaycan Qarabağı azad etdiyi kimi, təzminat məsələsində də sona qədər qərarlılıq nümayiş etdirəcək və öz istəyinə nail olacaq”.
Şəkildə: Ermənistanın yer üzündən silmək istədiyi Ağdam şəhərinin görüntüsü.
“Ədəbiyyat və incəsənət”
(14.02.2025)
Hər şeyi unutmaq...- Cavanşir Yusiflinin essesi
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Cavanşir Yusiflinin essesi təqdim edilir.
Yazı üçün yaddaş, həm də ömürboyu damcı-damcı yığılan yaddaş əsas olsa da, proses (yazı prosesi) bir qayda olaraq "avtomatik" yola düşür. Yəni yaddaş heç nəyi "yazmır", sadəcə, sənə bircə dəfə nəyinsə doğru, yaxud yalan və ya bəsit olduğunu pıçıldayır, sənə azca, bəlkə iynə ucu boyda təkan verməklə böyük bir işin içinə sürükləyir. Yalnız yazı prosesində insan, yazar üstünə ağır yük kimi düşən yaddaşdan xilas olur, onun zərif, yüngül (soft) təkanıyla bu dünyadan ayrılır, yəni başqa sözlə, yazmaq əslində bir növ zikrdir, belə olduğu üçün də hər yazılan bədii mətn deyil, hər bədii mətn də yaddaşın ilmələndirdiyi bir dünya ola bilməz. Bəzən tarixdə ən zəif, ən ümidsiz nəsnələr qalır, ən gözəl və qənirsiz şeylər tarixin, ədəbiyyatın divarlarından ovulub düşür, toz olub uçur, gedir... Demək, burada istedaddan da vacib başqa bir mətləb var: ona layiq olmaq, yazdığını içində günəş kimi doğan gerçəklikdən xilas etmək bacarığı... Bu olmayanda indi bəzi gənc yazarlar kimi sadəcə, fərqlənmək eşqi, fərqlənmək naminə həm də. Bu da fəna deyil, ən azından yolu gedib-qayıtmaq və daha fərqli nəsnələr axtarmaq var. Pafosdan qurtulmaq üçün içində (çölün düzündə) ac-susuz yaşamağı bacarmalısan. Ədəbiyyat, ədəbi-bədii deyim dünyanı çox fərqli şəkildə görə bilmək cəhdidir, alınmayanda pafos gəlir, pafos həm də xəyalı olmayan adamların "yetişdiyi" finiş xəttidir.
Yaddaşın yuxarıda xatırlanan xassəsi demək olar ki, bütün bədii mətnlərin ekvator xəttindən keçir.
Yazıçı, şair heç bu sözü yadına salmadan, onu məxsusi olaraq mənalandırmaq niyyəti güdmədən qələmə aldığı hər bir sətirdə, bənddə, cümlə və pasajlarda yaddaşın ən dərinindəki özəlliyi şeirə, bədii mətnə çəkir. Unudulmaz Ələkbər Salahzadə demişkən: elə bil gülü şeirə çəkirsən...
Yaddaşdan birbaşa yazmaq istəsən, yenə onu həmin o yüngül təkanıyla başqa bir məmləkətə gedə bilərsən.
Artur Remboda bu adda şeir də var:
Təmiz su; uşaqların göz yaşındakı
bir çimdik duz misalı,
Günəş altında qadın bədənlərinin
ağlığının fırtınası;
ipək parça izdihamı
saf zanbaqlar, bayraqlar...
bəzi qızların qorxudan
sıxılıb gizləndiyi divarlar...
Nizamidə:
Onun dirilik suyu - göz yaşı, ciyər qanı,
Ərzi yandıran Günəş - nəməkdanı, duzdanı.
Yaddaş bəzən qılınc kimi, qılıncın iti ucunun dəydiyi yara kimi oyanar:
Zavallılar bu yolla gedə bilərmi məgər?
Bir yol ki, baxmaq ilə qəlbi qana döndərər.
Şeirlərin birində (Rilkenin "Populyar Melodiyalar" şeirində) belə bir deyim var ki, elə havalar var, nə qədər uzaqlaşsan da, hardan-hara köç etsən də, o səni tapacaq, yaxandan yapışıb rahat buraxmayacaq. Yəni istəsən də, istəməsən də, getdiyin yolların hansı məqamındasa ilişəcəksən, bir mahnı, bir melodiya səni bədbəxt eləyəcək.
Bu mənada yaddaşın azman, bitib-tükənməyən gücünün hopduğu (bilaixtiyar) bədii mətnlər də hər oxunuşda yenidən "dirilir", yeni mətləblər qatır araya, səni başqa cür düşündürür. Mirzə Cəlilin "Ölülər"ini hər dəfə oxuyanda yaddaşın ağrıyla oyanır, "Dəli yığıncağı" bir başqa yerdən, tam fərqli məqamdan vurur. Cəfər Cabbarlının yazdığı şeirlərin içində, daxili dünyası və bətnində elə işarələr var ki, onların düzgün qaydada oxunuşu Cümhuriyyət dövrünün bütün keşməkeşlərini andırır. Diqqət edin, o vaxtdan bəri Bayrağa yazılan bütün mətnlərdə qəribə və çəkilməz bir hüzn var.
Sonda yenə Nizamidən:
De, kim apara bildi dünyadan salamat can?
De, kim oxuya bildi bu yazını sonacan?
“Ədəbiyyat və incəsənət”
(14.02.2025)
MİLLİ KİNOMUZ - Nəfsinə yenilən gənc: “Qərib cinlər diyarında”
Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”
Bu həyatda hər insanın meyl saldığı xüsusi diqqət göstərdiyi şeylər olur. 1977-ci ildə rejissor Əlisəttar Atakişiyevin çəkdiyi “Qərib cinlər diyarında” filmi də məhz insanın nəfsinə yenik düşməsi ilə bağlıdır.
Filmin janrı komediya və macəra üzərində qurulsa belə, insan adlanan varlığın necə tamahkar və acgöz olduğu gerçəyi ortaya çıxır. Kənd həyatı yaşayan gənc Qərib qır-qızıl, şan-şöhrət sahibi olmağın xəyalı ilə yaşayır. Bundan xəbər tutan cinlər padişahı Akşad şah Qəribi öz diyarına dəvət edir. İlk vaxtlar loru dildə desək, yağ-bal içində yaşayan Qərib gerçəyin fərqinə bir müddət sonra varır. Akşad şahın əsl məqsədi Qəribi uzun müddət yanında saxlayıb cinlərə xidmət etməsini təmin etmək idi. Ancaq bir müddət sonra Qərib sevgilisi Sərəngizdən və ailəsindən ötrü darıxmağa başlayır. O, atasının verdiyi sehirli üzük sayəsində xilas olur.
“Bir müsibət min nəsihətdən yaxşıdır” deyirlər. Həqiqətən də insana hansı nəsihəti verirsənsə ver, nə qədər başa salırsansa sal, başı daşdan daşa dəyməyincə ağlı başına gəlmir. Nə qədər var-dövlətin olursa olsun, nə qədər ucalırsan ucal, ailən yanında deyilsə nə varlı olmağın, nə də güclü olmağın bir mənası yoxdur.
Ən önəmlisi isə bu yalan dünyadan heç kim heç nə aparmamışdır. Bir çox şəhəri, ölkələri fəth edən Sultan Süleymana belə qalmayan dünya heç kimə qalmaz.
“Ədəbiyyat və İncəsənət”
(14.02.2025)
Zaman səyahətinin etikası: Keçmişə toxunmaq olarmı? -ESSE
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Zaman səyahəti – elmi fantastikanın sevimli mövzusu olsa da, bu ideya əslində dərin etik sualları da özü ilə gətirir. Əgər bir gün keçmişə səyahət etmək mümkün olsa, orada etdiklərimiz hansı nəticələrə səbəb olar? Keçmişə toxunmaqla gələcəyi dəyişmək haqqımız varmı?
Təsəvvür edin ki, keçmişə gedib tarixdəki böyük faciələrin qarşısını almaq gücünə maliksiniz. Məsələn, müharibələri dayandırmaq, pandemiyaların qarşısını almaq və ya sevdiyiniz birini xilas etmək…
İlk baxışdan bu, böyük bir qəhrəmanlıq kimi görünə bilər. Amma belə bir dəyişiklik bütün dünyanın gedişatını dəyişdirəcək və kim bilir, bəlkə də daha böyük fəlakətlərə yol açacaq. Başqa bir tərəfdən, əgər keçmişə səyahət edib yalnız müşahidəçi kimi qalsaq, heç bir hadisəyə müdaxilə etməsək, bu da etik dilemma yaradır. İnsanın faciələrə şahid olub heç nə etməməsi mənəvi cəhətdən nə dərəcədə düzgündür?
Məsələn, bir tarixi haqsızlığı görüb susmaq, yalnız gələcəyin sabitliyini qorumaq üçün öz vicdanını boğmaq olarmı?
Bütün bu suallar göstərir ki, zaman səyahəti yalnız texniki və elmi problem deyil, eyni zamanda dərin etik məsələlər də doğurur. Keçmişə toxunmaq olarmı, yoxsa tarixə müdaxilə etməmək üçün müşahidəçi qalmaq daha doğrudur?
Bəlkə də cavab zamanın özündə gizlidir – toxunulmazlıq və ya dəyişməzlik qanununda… Bu mövzuda düşünmək bizi təkcə elmi fantastikanın sərhədlərinə deyil, həm də insan vicdanının və mənəviyyatının dərinliklərinə aparır.
Bəlkə də bəşəriyyətin keçmişə səyahət etmək gücü heç vaxt olmamalıdır – çünki tarixin yükü həm də onun toxunulmazlığında gizlidir.
“Ədəbiyyat və incəsənət”
(14.02.2025)
Gülüş klubunda Cəhənnəm
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Məmurun göz yaşları içində etirafı:
-Siz jurnalistlər elə bilirsiniz, biz yağ-bal içində yaşayırıq. Vallah elə deyil. Camaatın yayda dürlü-dürlü planları olur. Amma biz bu yayı ailəlikcə Bakıda keçirdik, heç yerə getmədik. Əşi nə qədər olar axı, San-Trope, Mayami biç, İbiza? Adam bezir vallah.
2.
Elan:
Diqqət. Vətənpərvərlik və şəxsi kadrlara üstünlük nöqteyi-nəzərindən Bakının Xidmət Departamenti 2025-ci il mart ayının 1-dən etibarən Bakının bütün rayonlarında süpürgəçi-dalandar ştatlarına ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Yaponiya, Qətər və Səüdiyyə Ərəbistanı vətəndaşlarını işə qəbul etməyəcəkdir.
3.
Anekdotı.ru saytında ayın lətifəsi:
“Rusiyanın cəmi 2 bəlası var” məsəli bilirsiniz, nə vaxt yaranıb? Lap qədimlərdə, onda ki, insanlar yalnız 2-yə kimi saya bilirdilər.
4.
KVN-ə sual:
-Yumoristlə satiraçının fərqləri nədir?
KVN-in cavabı:
-Yumorist nə qədər istəyirsə o qədər zarafat edir, satiraçı isə nə qədər imkan verirlərsə o qədər.
5.
O dünyaya yola salınan şəxs İnkir-minkirlə müsahibədən keçir:
-Vətəndaş, sizin əməlləriniz 666-cı maddənin 6 prim bəndinə görə cəhənnəmə təsbit edilir.
-Ora necə yerdir?
-Qır qazanında yanmaq var orda.
-Bəs vay-fay necə, o da var?
6.
Dialoq:
-Somalinin prezidentindən bizə nə fayda, gəlib neyniyəcək ki?
-Niyə ki? Ən azından, dünyada ən böyük pirat ölkəsidir, gəmilərimizi tutmazlar,
@sərtyel
“Ədəbiyyat və incəsənət”
(14.02.2025)