Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair ABŞ-da mühacirətdə olan Məhəmmədrza Ləvayidir.

 

Məhəmmədrza Ləvayi

Çikaqo

 

 

RÖYALAR CALANAR, SEVGİLİM

 

Röyalar Atlantikdən acı çay çıxarar

Təbrizliyim tökülər bütün şəhərlərin üstünə

Balı qaymağa qatdığını düşün, elə bir şey

Sən Təbrizdə Batını ək Eynalıya.

Burda qızların çənəsindəki Urmu dərələrinə göm məni

Röyalar calanar baş-gözümüzdən, sevgilim.

Dəniz quşlarının boğazında cırılan gecədən düşər röyalar

Sənə baharın Atlantikini Qaradağ yapacağam istədiyin an

Gəmilər ala dağlarda çapdırdığın atlar olacaq

Təbrizi dərələrdən yığışdırıb dağlıq sinənə uzadacağam

Əmzik-əmzik əməcəyəm dağlarını, sonra yenə əməcəyəm

Bu uşaq böyüməz ki, böyüməz.

 

Bu gün üzünün iki min on altıncı ilinin

Otuzuncu gününü öpüb divara asıram yenə

Üç şey qalıb bütün o həyəcanlardan;

Bu güneyli rəsmin

O qaradərili çantam

Bu, ya da o Məmmədİrza çağırdığın dodaqlarının Batısı.

 

Röyalar calanır, sevgilim

Röyalar üşüdür, isladır, yatağa salır adamı

Uzaqlaşdığımız yaxınlıqdan yenə uzaqlaşmaq gərək

Yenə sən vətəni basdır qırx qapılı sirlərdə, sükutlarda

Yenə mən vətəni çiynimə alıb düşüm Batılara

Biz röyalarımızı calaya-calaya yaşadıq

Yenə yığıb-yığışdırması arxamızdakılara qaldı, gözəlim!

 

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2025)

 

 

 

Fariz Əhmədov, Naxçıvan televiziyasının baş redaktoru, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

 

Dəmir yolları dünyanın qan damarlarıdır. Müsahibim isə ömrünün 43 ilini dəmir yollarında keçirən Tahir Abuzərovdur. O həm də Zəngəzurdan gələn son qatarın maşinistidir. Ömrünü bu yolda qurban verib. Qatarlara öz övladı kimi baxan maşinist işinin peşəkarı olmaqla yanaşı,  bu peşəni gözüyumulu icra etdiyini də söyləyir.

 

Dəmir yolları dünyaya inteqrasiya və ortaq mədəniyyət nümunəsidir. Bu yolları qırıb dağıtmaq isə barbarlıq, vəhşilik və yağmalamaq əlamətidir. Bir neçə dəfə qatarla xarici ölkəyə səfər edərkən sərhəddə və yaxud şəhərlərdə qatara gül atan, şokalad atan adamlar gördüm. Bu ən incə, ən səmimi qarşılama və yola salma halıdır. Bizim mənfur qonşumuz Ermənistan isə qatarlarımıza atəş açır, sərnişinlərin can güvənliyini təhdid edir. Bir yerdə ümid, digər yerdə təhdid və qorxu.

 

Heç nə məni Zəngəzurdan keçən sonuncu qatar qədər kövrəltmədi

Zəngəzurdan Naxçıvana gedən son qatarın maşinisti Tahir Abuzərov bildirir ki, o günlər üçün burnumun ucu göynəyir. 65 yaşım var 1978-ci ildən Culfa Lokomotiv Deposunda çalışmışam. Depoda müxtəlif vəzifələrdə çalışa-çalışa imtahan verib 1989-cu ildə maşinist vəzifəsinə yüksəlmişəm. Sutka ərzində bir dəfə hərəkət edən Bakı-Naxçıvan qatarı 12 saata yol qət edirdi.

Qatar mənim həyatımdır. O mənim uşağım kimidir. Uşaqlarıma necə davranıramsa, qatarada elə davranıram. Gecəmi gündüzümə qatıb bu peşəni sevə-sevə icra etmişəm.

1991-ci il mənim çün çox çətin oldu. Ermənilər yolu bağladı. Elə vaxtlar olub ki, 35 saat yolda qalmışıq. Heç nə məni Zəngəzurdan keçən sonuncu qatar qədər kövrəltmədi. Əlimdə olsa, zamanı durdurardım. Yol bağlanmamışdan bir neçə gün qabaq bilirdik gətirdiyimiz bütün qatarlar sonucu qatardır. Silah altında gedib gəlirdik. Son günlər qorxulu olduğu üçün gedib-gəlmək qatarlarda sərnişin zəifliyi müşahidə olunurdu. Bir vaxtlar o qatarlarda yer tapmaq mümkün olmurdu. Ən son qatar saat 12 radələrində Salamməlik perronunda dayandı və bizim sonuncu Bakı-Naxçıvan səfərimiz oldu.

 

-Tahir əmi, 43 ildə elə bir vəziyyət yarandımı ki, siz qatar idarəçiliyində çətin qərar və yaxud seçim qarşısında qalasız?

 

-İki dəfə belə vəziyyət olub. Bir dəfə ermənilər bizi Meqridə manevrni teplovozla baş-başa buraxıblar. Stansiyanın tam ortasında çox çətin qərar qarşısında qalsaq da, qatarın toqquşmasının qarşısını ala bildik. İkinci dəfə isə Astazurda iki yük qatarı ilə baş-başa buraxılmışıq. Burada da peşəkarlıq nəticəsində təhlükəli vəziyyətdən sağ-salamat çıxdıq və həmin hadisəyə görə mükafata laiq görüldük.

 

-Bu hadisələr qəsd idi ya səhvlik?

 

-Qonşumuz ermənidirsə, orada səhvlikdən söhbət gedə bilməz. Onlar həmişə ziyan vurmağa, qırğın törətməyə meyilli olublar.

 

-Ermənistan ərazisindən keçəndə qatarlara atəş açılırdı?

 

-Bəli. Yollar bağlanana yaxın belə hallar tez-tez olurdu. Allah rəhmət etsin, Mütəllimov Şahmərdan var idi. Onun lokomotivinə atəş açmışdılar. Həmin qatarda bir neçə yerdə güllə deşib içəri keçmişdi. Həmçinin Şahmərdanın plaşını asdığı veşilkada plaşı deşib keçmişdi. O da elə hey zarafatla deyərdi: Nə yaxşı ki, plaşın içində deyildim.

 

-Dəmir yolu sizin üçün nə kəsb edir?

 

-Hal-hazırda heç nə. Qanadı qırıq quş kimi hiss edirəm özümü. Vaxtilə qatar sükanı arxasında maneəsiz sərhədlər aşırdıq, indi isə o dəmir yollarını ermənilər qırıb-dağıdıb sıradan çıxarıb, bununla da qalmayıb sağına-soluna minalar döşəyiblər  o yolların.

 

-Yol açılsa qatarları kim aparacaq Bakıya?

 

-İnşallah, yol açılsın ehtimal edirəm ki, qatarları biz yaşlı nəsil apararıq Bakıya. Çünki o yollara ən gözəl bələd olan bizik. Gənc nəsil, demək olar ki, o yolu görmüyüb. Çünki 35 ilə yaxındır ki, yollar bağlıdır. Deməli, yola təcrübəli mütəxəssis lazım olacaq. Bizim praktikamız çoxdu.

 

-Son arzunuz nədir?

 

-Allah ömür versə, yolların açılmasını görsəm, sınaq qatarını özüm sürüb aparacam Bakıya. Təbii ki, təklif etsələr.

 

Tahir əmi danışdı biz isə dinlədik 43 ilini qatar sükanı arxasında keçirən bu həssas adamı. Sanki sonuncu qatarla onunda səs-küyü kəsilmiş, öz səssizliyində sükut etmişdi. O, indi həsrət qalıb cavanların itələşə-itələşə, dartına-dartına stansiyada qatarın açılan qapılarına basabasla daxil olmasına. O, indi xəyalən uzaqlara dalıb maşinist kabinəsindən gələcəyin “gələcəyinə” baxırdı. Bəlkə də, hər gün xəyalına gəlir ki, sonuncu qatar Salamməliyə çatanda sərnişinlərin çoxu vaqondan endi. Hərə bir səmtə üz tutub deyinə-deyinə, didişə-didişə getdi. Bir qatar, bir də o tək qaldı. Sonuncu dəfə qatar nəfəs alırmış kimi qatı tüstü buraxdı. Sonra əbədilik susdu. Həmin gündən sonra o relslərdə bir daha qatar görünmədi. Amma onun üçün o qatar hələ də dayanmayıb. Bəlkə də, hər gecə yuxularında relslər boyunca uzaqlara gedir, hər dəfə yuxudan qatarın fitinə oyanır. Və bir daha əmin olur ki, o qatar hələ də yoldadır.

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2025)

 

 

Пятница, 14 Февраль 2025 14:28

BİRİ İKİSİNDƏ Robert Byornsun şeiri ilə

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün tərcümə saatıdır, buyurun.

 

 

TƏRCÜMƏ SAATI

 

Robert BYORNS

 

“İŞDƏ MƏHƏBBƏT MACƏRASI” FİLMİNDƏN

Tərcümə edən: Nazir RÜSTƏM

 

 

Mənim ürəyimin rahatlığı yox,

Hər gün gözləyirəm elə kimisə...

Yuxusuz qaldığım gecələrim çox:

Səbəb elə odur... odur kimdisə.

 

Kimsə mənimlədir... məndən uzaqda...

Hardadı, axtarım, tapım mən onu,

Axtarım tufanda, qarda, sazaqda

Mənim həsrətimin yetişsin sonu.

 

Ey təmiz, müqəddəs, ülvi hissləri

Qoruyan qüvvələr, nə olardı siz

Mənim həyatımdan silib pisləri,

Mənə saf məhəbbət göndərərdiniz.

 

Kimsə mənimlədi məndən o yana,

Kimdisə dost etdi mənə kədəri...

Bütün varlığımı verərdim ona,

Yalnız yaşayardım ondan ötəri.

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2025)

 

 

 

Пятница, 14 Февраль 2025 14:03

PA – UORREN BAFFET: “Qətiyyətli olun!”

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

 

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.                    

 

Uorren Baffetdən «Uğur qazanmaq qaydaları». Hər gün cəmi bir qayda. Çünki bu qaydalar sadəcə oxuyub üstündən keçmək üçün deyil, yaddaşa yazıb əməl etmək üçündür.

 

10-cu qayda:

 

Qətiyyətli olun!

 

«Qətiyyətsizliklə siz heç nəyə nail ola bilməyəcəksiniz. 1984-cü ildə mən bir kompaniya almışdım. Bu kompaniyada bir qadından – kompaniyanın qurucusundan çox xoşum gəlirdi. İş onda idi ki, böyük maliyyəsi olmayan və olduqca qətiyyətli olan bu xanım yalnız qətiyyəti hesabına mebel satışı ilə məşğul olan böyük bir mağazalar şəbəkəsi aça bilmişdi».

 

 

 

 

***

Daha əvvəl təqdim edilən qaydalar:

 

1-ci qayda:

Unutmayın – həmişə özünə investisiya qoymaq lazımdır!

«Hər gün öz xarakterinzin zəif cəhətləri üzərində çalışın, onları daha yaxşı edin, öz qabiliyyət və bacarıqlarınızı inkişaf etdirin. Özünə investisiya qoymaq həmişə universitetlərə təhsil haqqı ödəmək anlamında deyil. Mənim iki diplomum var, amma mən onları çərçivəyə salıb divardan asmıram. Mən hətta bilmirəm ki, onları hara qoymuşam».

 

2-ci qayda

«Yox!» deməyi öyrənin

«Siz «yox» deməyi öyrənməsəniz, heç vaxt öz zamanınızı tam olaraq idarə edə, ona nəzarət edə bilməyəcəksiniz».

 

3-cü qayda:

Heç vaxt başqalarına qulaq asmayın

«Çalışın, başqalarının düşüncəsinə əsaslanan qərar qəbul etməyəsiniz. Karyeramın əvvəlində mənə yalnız uğursuzluq vəd edirdilər. Hətta mən investorlardan 100 min dollar toplamağı bacaranda da həmin şəxslərin  fikirləri dəyişməmişdi. Təsəvvür edin, 10 ildən sonra bu pullar mənə 100 milyon dollar gətirəndə onların sifətlərinin ifadələri nə cür oldu.

Özünüzə yalnız öz daxili şkalanız ilə qiymət verin!»

 

4-cü qayda

Cəld və məhsuldar hərəkət edin

«Qərarı çox uzadıb çox düşünməyin. Həmişə çalışın, hər şeyin məğzini cəld, zamanında anlayasınız. Sonradan başa düşəcəksiniz ki, bu, pul qazanmağın yeganə vasitəsidir».

 

5-ci qayda:

Çalışın, öz gəlirlərinizi təkrar investisiyaya qoyasınız

«Öz ilk biznesinizlə qazandığınız pulu çalışın xərcləməyəsiniz, işin inkişafına qoyasınız. Haçansa mən dostumla bərbərxanada oyun avtomatı quraşdırıb bir qədər pul qazanmışdım. Amma bu pulu digər yeniyetmələr kimi xərcləmədik, dövriyyəyə buraxdıq. Nəticədə, 26 yaşda artıq mənim 1,4 milyon dollarım var idi».

 

6-cı qayda

Hər şey barədə əvvəlcədən razılaşın

«İstənilən işi başlayanda dərhal  maliyyə məsələsində razılaşın. Bunu etməsəniz, böyük ehtimalla siz aldadılacaqsınız. Bu dərsi mən yeniyetməlik vaxtımda əxz eləmişəm. Necəsə, mənim babam məndən və dostumdan mağazasını təmizləməyi xahiş etmişdi. Biz 5 saat ərzində süpürgələrlə işlədik, yeşikləri daşıdıq. İş qurtaranda babam bizim ikimizə cəmi 90 sent ödədi. Həmin anda şəraitin ədalətsizliyindən mən çox sarsılmışdım».

 

7-ci qayda:

Ən xırda şeylərə belə diqqət edin və onlardan öz maraqlarınız üçün istifadə eləyin

«Həmişə xırda şeylərə diqqət etsəniz yaxşıca qənaət etmiş olacaqsınız. Bir yaxşı nümunə gətirim: Mənim bir tanışım evinin küçə divarlarını rəngləmək qərarına gəlmişdi, o bunu çox ağılla etdi. 4 divarın hamısını yox, yalnız əsas küçəyə baxan divarı rənglədi».

 

8-ci qayda:

Öz pullarınızdan düzgün istifadə edin

«Birinci qayda: heç vaxt pulunuzu itirməyin. İkinci qayda: heç vaxit birinci qaydanı unutmayın.

Foreks bazarında ticarətlə məşğulsunuzsa həmişə məntiqsiz risklərdən qaçın. Ticarətlə necəgəldi məşğul olmayın. Həmişə pula qənaət metodundan yararlanın ki, nəticədə kapitalınız qorunsun və artsın».

 

9-cu qayda:

Öz vəsaitinizlə yaşayın!

«Çalışın, heç vaxit borca pul göitürməyin. Götürsəniz, heç cür inkişaf edə bilməyəcək, bütün həyatınızı yoxsulluq içində keçirəcəksiniz. Cəld borclarınızı qaytarın və dövriyyəyə buraxmaq üçün azacıq kapital  toplayın».

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2025)

 

Пятница, 14 Февраль 2025 08:01

İntiqam Mehdizadə - şair, jurnalist, televizyonçu…

 İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Kim qurban eyləməz dosta yağını?

Yedirtməz bağrının dosta yağını.

Qoysun gözüm üstə dost ayağını,

Dolaşam ellərdə ay şişə-şişə.                      

                                         İntiqam Mehdizadə 

 

Bu gün onun mövludu günüdür. Sağ olsaydı 80 illiyini qeyd edərdi.

 

Yazıçı-publisist İntiqam Mehdizadə 14 fevral 1945-ci ildə İsmayıllı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Üç il "Azərbaycan gəncləri" qəzetində işləyəndən sonra, 1973-cü ildə Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor vəzifəsinə təyin olunub. Burada böyük redaktor, şöbə müdiri, baş redaktor vəzifələrinə qədər yüksəlib. "Gənclik və idman" redaksiyasına rəhbərlik edib.

5 kitab müəllifidir. "Karvanın sarvanı" adlı iri həcmli məqalələr toplusu "Ozan" nəşriyyatında çapa hazırlanır. Respublika Mətbuat Fondunun "Dan Ulduzu", Jurnalistlər Birliyinin H.B.Zərdabi adına mükafatı laureatıdır.

Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin mətbuat katibi vəzifəsində çalışmaqla, həm də tələbələrə ssenari yaradıcılığı, ekran dramaturgiyası, ədəbi iş fənlərindən dərs deyib.

 O, 8 iyun 2022-ci ildə dünyasını dəyişib. 

Allah rəhmət eləsin. Amin!

“Ədəbiyyat və incəsənət”

(14.02.2025)

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Azərbaycanın qəhrəman oğullarından biri olan və "Gizir Xanı" ləqəbi ilə tanınan əfsanəvi kəşfiyyatçı Əhmədov Səyyaf Fiqan oğlu 5 aprel 1971-ci ildə Ağdamın İsmayılbəyli kəndində dünyaya göz açıb. O, ailəlidir və dörd övlad atasıdır.

 

1992-ci ildə könüllü şəkildə Azərbaycan Ordusunun sıralarına qoşularaq Vətənin müdafiəsinə qalxıb. Döyüşlər zamanı üç dəfə ağır yaralanmasına baxmayaraq, Səyyaf Əhmədov yenidən cəbhəyə dönərək Vətən uğrunda mübarizəsini davam etdirib. Onun göstərdiyi igidlik və şücaət dövlət tərəfindən yüksək qiymətləndirilib. Ümummilli lider Heydər Əliyev tərəfindən ona iki medal təqdim edilib. Bu medallardan biri Vətən uğrunda döyüşlərdəki rəşadətinə, digəri isə hərbi xidmətdə fərqləndiyinə görə verilib. Bundan əlavə, Müdafiə Nazirliyi tərəfindən də beş medal ilə təltif olunub.

Azərbaycan Ordusunda xidmət edən zabitlər və əsgərlər arasında Gizir Xanı xüsusi hörmət və nüfuza malikdir. Onu şəxsən tanımayan hərbçilər belə, adını eşidiblər və onun qəhrəmanlığına şahid olanlar daim ondan böyük ehtiramla danışırlar. Kəşfiyyatçı kimi düşmənə qarşı apardığı uğurlu əməliyyatlar, cəsarətli döyüş taktikaları və göstərdiyi şəxsi şücaət, onu əfsanəvi bir döyüşçü kimi yaddaşlara həkk edib.

Gizir Xanı təkcə müharibə meydanında qəhrəmanlığı ilə deyil, həm də xidmət etdiyi bölmədə əsgərlərə olan münasibəti ilə seçilib. O, tabeliyində olan hərbçilərə təkcə bir zabit kimi deyil, həm də bir ata, əmi və dayı kimi yanaşıb. Döyüş yoldaşları onun qayğıkeşliyi və mərhəmətindən tez-tez bəhs edirlər. O, xidmət etdiyi bölmənin əsgərləri üçün həm rəhbər, həm də yaxın dost olub. Ermənilər Gizir Xanı düşmən tərəfə vurduğu ağır zərbələrə görə xüsusi hədəfə alıblar və onun başına külli miqdarda pul mükafatı təyin ediblər. Buna baxmayaraq, o, düşmən qarşısında əyilməyib və Vətən uğrunda mübarizəsini qətiyyətlə davam etdirib. Birinci Qarabağ müharibəsində olduğu kimi, İkinci Qarabağ müharibəsi başlayanda da ilk silaha sarılan qəhrəmanlardan biri olub. Onun təcrübəsi və cəsarəti bu döyüşlərdə də ermənilər üçün qorxulu yuxuya çevrilib.
Qəhrəmanlar həmişə bir-birini tanıyır və dəyərləndirirlər. Şəhid polkovnik-leytenant Raquf Orucov da Gizir Xanı haqqında tez-tez danışar, onun qəhrəmanlıqlarından bəhs edərdi. Raquf Orucov uşaqlara, gələcək nəsillərə onun igidliyindən və mərdliyindən örnək kimi danışar, hətta tez-tez onları Xanı ilə tanış etmək üçün onun xidmət etdiyi kəşfiyyat bölüyünə aparardı.

Gizir Xanı Vətəninin və xalqının fəxridir. Onun göstərdiyi igidlik və şücaət gələcək nəsillərə bir örnək olaraq qalacaq. O, sadəcə bir döyüşçü deyil, həm də Azərbaycan tarixinin şanlı səhifələrindən birini yazan əfsanəvi qəhrəmandır.

Aprel döyüşlərində şəhid olan polkovnik-leytenant, "Murov Qartalı" ləqəbli kəşfiyyatçı Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova qəhrəman gizir Xanı ilə bağlı bildirib: "Gizir Xanı Raqufla birgə ön xətdə olanda narahat olmurdum. Bilirdim ki, gizir onu həmişə qoruyacaq. Raquf şəhid olanda heç kimdən yox, yalnız Xanı qardaşdan küskünlük etdim. Nə üçün qoruya bilmədin deyə incidim. O gündən Ağdamdakı evimizin qapısı həmişə bu qəhrəman qardaşımıza açıq oldu. Rayona ilk ayaq basanda zəng edib xəbər verdiyimiz insanlardan birincisi oldu. Raqufun itkisindən sonra ordudan tərxis oldu. Döyüşlərdə 3 dəfə yaralansa da, niyə əlillik dərəcəsi almırsan sualıma, "Əlillik alsam, səfərbərlik olsa, müharibə başlasa, məni aparmazlar” deyirdi. Qardaşımın qisasını almalıyam, deyirdi. Vətən Müharibəsinin ilk günlərindən yenə ön xətdə, əsgərlərin yanında yer aldı, Vətən üçün vuruşdu, şəhidlərimizin qisası üçün mübarizə apardı və arzusuna çataraq Ağdama ilk qədəm basanlardan oldu. Xanı qardaş, sənin haqqında pafoslu qəhrəmanlıq sözləri yazmağa ehtiyac yoxdur. Səni bütün Azərbaycan tanıyır. Rütbəcə gizir olsan da, döyüş qabiliyyətin, cəsarətin, mərdliyin bəzi generallardan üstündür. Səni elə cəsarətinə görə çox sevirik. Ağdama ilk daxil olduğun axşam səndən xahiş etdim ki, Raqufun gözüylə, ruhuyla Ağdama bax, şəhid gizir Yasən qardaşımızdan xəbər çatdır Ağdama. Yaxşı ki, varsan. Bizlərə ən böyük təsəlli sizin kimi qəhrəmanların varlığıdır. Səsin həmişə Qarabağın ən uca minarələrindən havalansın".

 

Qəhrəmanımızla müsahibəmi sizə təqdim edirəm.

 

-Salam, xoş gördük, Xanı dayı, zəhmət olmasa, özünüzü bizə təqdim edin.

 

-Mən, Əhmədov Səyyaf Fiqan oğlu Ağdam rayonunun Bağbanlar kəndi ərazisində olan Pirzatlı kəndində 1971-ci il aprel ayının beşi günü anadan olmuşam.Həmin kəndin orta məktəbinə 1977-ci ildə daxil olmuşam, məktəbi bitirmiş 1989-cu ildə Sovet ordusu sıralarına  daxil olmuşam. 91-ci ildə sovet ordusu sıralarından qayıtmışam.

 

-Deməli, biz ağdamlılar, eləcə də bütün  qarabağlılar hamısı erməni işğalına qarşı silaha sarıldı, başladıq döyüşməyə. 20 minə yaxın itki verdik, ağır olsa da, məğlub olduq. 94-cü ildə atəşkəs oldu. Sizi məğlub orduda  hərbçi olmağa nə vadar elədi?

 

-92-ci ilin əvvəlləri idi. Rəhmətlik atamla ekranın qarşısında oturmuşduq. Ekranda bir qoca kişi çıxış elədi. Laçından səsləndi ki, gəlin kömək edin, Qarabağ əldən gedir. Çox geniş danışdı. Atam mənə dedi ki, o sənin babandır. Dedim, nə babam? Dedi ki, o sənin Hüseyn babanın dostdur. Mən həmin gündən can atdım ki, mən orduya getməliyəm. Halbuki mənim qardaşım orduda idi, qardaşımı ordudan çıxartmaq üçün çox çalışırdım. Bir sözlə, istəyirdim, qardaşım ordudan çıxsın. Babamın çağırışını görəndən sonra hər kəsə dirəndim ki, mən orduya getməliyəm və Laçın, ya da Naxçıvana. Naxçıvanda da vəziyyət pis idi. Özünümüdafiə dəstələri vardı. Özünümüdafiə dəstələrinə getmək istəmədim. Çünki orada vahid komandan yox idi. Komandir adicə silahı söküb yığmağı bilmirdi. Yəni onun gedib əlinin altında mənim kimi insan xidmət edəcəkdi? Mən də sovet ordusundan təzə gəlmişdim. Mən Sovetin xüsusi təyinatlılarında xidmət edib  gəlmişdim. Ona görə çox yüksək döyüş hazırlığım vardı. Günün birində atamla diz- dizə oturdum. Dedim ki, qardaşım ordudan çıxmalıdır, mən getməliyəm. Mən atamla getdim “vayenkomata”, dedim ki, məni ya Laçına, ya Naxçıvana göndərin. Dedim, ordudan gəldiyim beş altı ay olar, çox yüksək dərəcədə döyüş qabiliyyətim var. Aldı, hərbi biletimə baxdı, dedi ki, yox, sən birinci, gedib təlim keçməlisən, neyləməlisən, bir sözlə, məni yola verdi. 15 gün oldu, bir ay, bir ay oldu, iki ay, iki ay oldu, üç ay, üç ay oldu dörd ay. Nəysə belə mənim adım gəldi. Kənddəki tabora əsgər kimi getdim. Çox bərbad gündə bir bölməyə, çox çətin bir bölməyə. Heç kim bir-birini eşitmək istəmir. Vəziyyət elə yarandı ki, mən posta çıxdım. Gördüm ki, heç kim erməni postunun yerini bilmir. Mən təkbaşına gedib dərinlikdə gəzirdim. Hətta 3 km dərinliyə gedirdim. Bu qaydada bir -iki ay xidmət eləmişdik. Gəldilər ki, kəşfiyyat tağımı yaranır, səni bura məsləhət görürlər. Bu qaydada formada olaraq ilk növbədə 2-3 ay taborda xidmət edəndən sonra, 92-ci ilin noyabr ayları olardı, kəşfiyyat taborun kəşfiyyat tağımına əsgər kimi seçildim. Ondan sonra xidmətim başladı...

 

-Siz 1992-ci ildə könüllü olaraq orduya qatılıb, 2017-ci ilə kimi xidmət etmisiniz. Bir tərəfdə ailə, bir tərəfdə düşmən tapdağı altında olan Vətən. Elə olubmu ki, ailə ilə peşənizin arasında qalasınız?

 

-Mən 1999-cu ildə ailə qurmuşam. Mənim maaşımla ailə saxlamaq olmazdı. Rəhmətlik atam mənə həm mənəvi, həm də maddi dəstək olubdur. Hətta mən birinci övladımızı peşəmə qurban vermişəm desək, daha doğru olar. Övladım oldu, ancaq mən işdən vaxt tapıb onu həkimə apara bilmədim deyə rəhmətə getdi. Mən ata kimi, istənilən formada bir hərbçi kimi, deyək ki, ailəmi başının üzərinə çatdıra bilmədim, uşaq getdi. Hərbçi peşəsi çox ağır, məsuliyyətlidir. Nələri isə qurban verməlisən, buna gərək ailən də hazır olsun. Bəli, hərbçi peşəsinə, ailəyə yaxın olmaq çox çətindir. Uzağa getməyək, 2016-cı il aprel hadisələrində qonşudakı kişi  mənə zəng elədi ki, bala, hamı ailəsini köçürdüb, aparıb, mən də getmək istəyirəm, amma sənin uşaqlarını qoyub gedə bilmirəm. Təsəvvür edirsiniz? Mən istəsəydim hər kəsdən qabaq aparardım ailəmi. Amma hərbçi olduğum üçün utanırdım. Allah haqqı. Çünki caamat deyəcəkdi ki, Xanı ailəsini, uşağını apardı.

 

-30 illik hərbi xidmətiniz zamanı  düşmən arxasında 100-lərlə tapşırıq həyata keçirmisiniz. Əgər artıq hərbi sirr deyilsə, bunlardan bizə danışa bilərsinizmi?

-93-cü ilin ya dekabrın axırlardır, ya da yanvarın əvvəllərdir belə.  Qeyri-qanuni özümüz bir tapışırıq yerinə yetirmişik ki, gedək üstlərinə. Gözümüzün qabağında yurd-yuvamızı söküb aparırlar. Altın üstünə çöndərirlər. Gedək, bir şey eləyək.Gözümüzün qabağında işlətdikləri əsirlərimizi xilas edək. Və bir şey eləyək də axır ki. Üç qardaşı şəhidi olan qrup komandirimiz Zahid Əliyev…

 

-Allah rəhmət eləsin

 

-…mən – ümumən dörd nəfər keçdik düşmən arxasına. Çox hərəkətdən sonra vəziyyət elə gətirdi ki, 4 erməni gəldi çıxdı üstümüzə. O vaxt da silahlarda səs boğucusu zad yox idi. Orada dörd erməninin həyatını puç elədik. Sonunda biz uzaqlaşası olduq oradan. Uzaqlaşırıq ərazidən. Bildik ki, bu dəqiqə...

 

-Bəri yoxsa o tərəfə?

 

 -O tərəfə. Bəri gəlsək, bizi tapacaqlar, o tərəfə gedirik. Və bildik ki, bu dəqiqə çox sayda erməni hərbçisi  töküləcək əraziyə. Pirzaqlı kəndidəyik. Kəndin içərisindən keçəndə birdən düşündüm ki, ay da, mən niyə uşaqlardan birinə demədim əməliyyata gəldiyimizi? Təsəvvür edirsiniz, hansı abı-abı ilə biz əməliyyata  getmişik və hansı işi görmüşük. Orda bir erməni güllələdim, çox zırpı bir şey idi, elə biri ki, onu mən ilk görəndə, ondan çəkindim. Ondan bir 10 dəqiqə sonra bir də rastlaşdım onunla. Ona bir güllə vurdum, o nətəri bağırdısa, Mərzili kəndi böyük yerdi, Allaha həmd olsun, Mərzili kəndinin hər tərəfindən onun səsi eşidildi. Orada bizim əsirləri işlədirdilər. Biz də planımız bu idi ki, əsirlərdən götürək. Nəsə.... Orada erməniyə ikinci gülləni vurmaq üçün üstünə şığıdım. Bağırdı, bir üç metrə kimi qaçdı, getdim, ona yaxınlaşdım, silahı tutdum üstünə, mənə baxdı, baxdı, gözləri çox bərələ qaldı, baxdı, baxdı, qəfil boynu düşdü. Gördü ki, atacam, ürək patladı. Allaha and olsun, bax, heç vaxt yadımdan çıxmır. Onda da öz-özümə dedim ki, ayə, biz görün kimə uduzmuşuq. Mən bunun ayağı boyda yoxam, amma bu belə qorxaqdır. İkinci gülləni yenə vurdum ona. Əminəm ki, onun əli onlarla azərbaycanlı qanına batmışdı. Biz orda 4 ermənini məhv etdik və 10 km-ə kimi dərinliyə getdik. Ən gülməlisi bilirisniz nə idi? Bizim  güclü bildiyimiz, çox qabiliyyətli bildiyimiz erməni ordusu gəldi həmin əraziyə, başladılar kənardan ərazini artilleriya ilə vurmağa. Təsəvvür edirsiniz. Mən çıxıb bir ağacın başından baxırdım.Yenə düşünürdüm ki, ay da, biz gör kimlərə uduzmuşuq. Doğrudan biz çox zəif  düşmənə uduzmuşduq.

 

-Neçə gündən sonra qayıda bildiniz?

 

-Üç gündən sonra keçə bildik.

 

- Kəşfiyyata gedəndə ən çox sizə təsir eləyən hansı səhə olub? Məsələn, nəyi görəndə çox pis olmusunuz ki, ermənilər bunu elədilər. Bəlkə, çox həssas yerlərə toxunuram.

 

-Xeyr, yaxşı sual verirsiniz. Həqiqətən, mənim atam çox zəhmətkeş kişi olmuşdu. Allah rəhmət eləsin. Atamın əlləri qabar-qabar olurdu. O vaxt çoxumuzun valideyni elə idi. Mən ömrü boyu unuda bilmirəm. Çox çətinliklə gözəl bir şərait yaratmışdı. İki dəfə gedib baxmışdım. Evimizi yandırmamışdılar. Üçüncü səfər gedirdim, 13 gün idi ki, kəndimiz alınmışdı. Gecə saat 12 ola bilərdi, 1-də ola bilərdi. Və qrupla gəldik, yuxarı çıxmalıydıq. Elə dedim, dönək, bir bizim evə  baxaq. İkinci səfər gələndə, görmüşdüm, əşyalardan bir az aparıblar, poldan da bir az söküblər. Üçüncü səfər gəldim ki, ev yanır. Elə yanırdı, elə bil benzin tökmüsən, elə bil barıt çəlləyidir. Evdəki yanan əşyaların qoxusu gəldi burnuma. Təsəvvür edin ki, 30 ildən artıq keçibdi. Harada əski yanırsa, yun yanırsa, pambıq yanırsa, həmən qoxu gəlir burnuma, həmən gün gəlib durur gözümün qabağında.  Darvazadan boylananda gördüm, ev elə bir yağ boçqasıdır. Nə qədər çalışdım, yeriyə bilmədim. Yanımda yoldaşlar vardı, qoluma girdilər, oturtdular məni. Həqiqətən, çətin bir an oldu. Ondan çox-çox çətin vəziyyətlər yaşadım orduda. Orduda elə dostlar itirmişəm, elə yoldaş itirmişəm ki, ev yox ee, milyardlar o uşaqların dırnağı eləməzdi... Sadəcə olaraq, bax, o an heç vaxt yadımdan çıxmır və özümə bağışlamıram ki, mən bu evi nətər qoydum getdim ki, atam bunu zülümlə tikmişdi. Bunu bir dılğır erməni yandırdı.

Bir də, ermənilərin bəzi vəhşiliklərini gördüm. 95-96-cı illərdə gördüm, qəbiristanlıqlarda qəbirlərin baş tərəfini qazıb kəlləni çıxartmışdılar. Çox güman ki, qızıl diş axtarırdılar. Bu da mənə çox pis təsir eləmişdi.

 

-Növbəti sualım belədir: bilirik ki, sizin adınız, Səyyafdır, bu Xanı ləqəbi hardan yaranıb? Əgər mümkünsə məlumat verəsiniz.

 

-Onu bir neçə dəfə demişəm, mənim, həqiqətən,  məlahətli səsim olubdur. Uşaq vaxtı Ağdama Murad müəllimin yanında ikinci səs gedirdim. Bu mənim üçün ən gözəl və unudulmaz xatirələrdir. Qarabağdan-Ağdamdan çıxan əksər sənət adamlarının müəllimi Murad müəllim olubdur. Hə, yaxşı səsimə görə anam məni Xan Şuşinskiyə bənzətdiyi üçün mənə Xanı deyirdi. Ondan sonra kəndə bu ləqəb yayıldı. Doğrusu, özümün də xoşuma gəlirdi. Xan kimi oxumaq istəyirdim. Sonralar orduda tez- tez zümzümə eləyirdim. Ondan sonra hamının yaddaşında Xan kimi qaldım. Kim səsimi eşidirdi, deyirdi ki, bu kişi yaxşı oxuyur, bu oğlan yaxşı oxudu. Təsəvvür edirsiz, hospitalda yaralı yatıram. Səsi olan adam üçün çətindir. Özüm üçün zümzümə edirəm, yaralı əsgər yoldaşlarım, həkimlər gəlib deyirlər ki, bir ana seygahı oxu... Bir dəfə bir əməliyyatdayıq, beşinci gündür qayıtmalıyıq. Beşinci gün qayıdanda keçid alınmadı. Yolun yarısını qayıtdıq geriyə, Kosalar kəndinə girmiş bir erməni səhər tezdən heyvanı gətirib otarmağa. Səhər saat 11 olar. Biz dərin arxda gizlənmişik, başımızın üstündə heyvan otlayır. Mən də yanımdakı yoldaşla zarafat etmək istədim. Rəisimiz yatmışdı. Dedim ki, oxumaq istəyirəm, məndən asılı deyil, ilhamım gələndə tez oxumaq istəyirəm, indi də gəlibdir, odur ki, başlayıb zümzümə edəcəyəm. Yoldaş tez komandiri oyatdı ki, qoyma, bu oxumaq istəyir, yerimizi biləcəklər. O da yuxudan durdu, üzümə baxdı, sonra dedi ki, istəyir, qoy oxusun...

İndi səsim bir az korlanıb. Daha çox ona görə ki, güllə ağzımdan girib, qulağımın yanından çıxıbdır.

 

-Bu necə olmuşdu? Dəfələrlə yaralanmısınız, necə olub, əgər mümkünsə, bizə danışın.


-Biz kəşfiyyatda olanda erməni Qaradağlı kəndinə basqına keçmişdi. 94-cü ilin aprel ayı idi. Nizami ordu təzə qurulurdu. Geri qayıtdıq və orduya kömək üçün təmas xəttinə getdik.

Kökəltmə məntəqəsi tərəfdə böyük evlər var idi. Çatanda gördük ki,ermənilər artıq evlərə giribdir. Biz açıq döyüşə girməməli idik. Amma bu müharibədir və hər şey həmişə sən istidiyin kimi olmur. Başladım ermənilərə çığırmağa ki, “Bilirəm, sizin çoxunuz qarabağlısınız. Azərbaycan bura çoxlu əfqan döyüşçü gətiribdir, sizi qəsdən irəli buraxıblar ki, mühasirəyə alıb qırsınlar”. Başqa  variantım yox idi. Biz 15-20 nəfər idik. Arxada isə Qaradağlı camaatı qaçmamışdı. Mən körpə uşaqlarımızı  gördüm. And olsun Allaha... Qorxurdum ki, kəndi əsir götürələr, ona görə erməniləri aldatmağa çalışırdım. Bu körpələr qalacaqdı ayaq altında. Yenidən başladım ermənilərə ki, "mən bilirəm, sizin çoxunuz qarabağlısınız, mənim sizə yazığım gəlir, mən də qarabağlıyam, qayıdın, qaçın burdan, sizə pusqu qurublar, bura əfqanlar gətiriblər, sizi mühasirəyə salıb qıracaqlar." Guya bunlara canım yanırdı. Sonra daha dözəmmədim, onlara tərəf başladım güllə atdım, söyüş elədim. Çox həyəcanlıydım. Mülki adamların əsir düşməsi qorxusu məni dəli etmişdi. Özümü idarə eləyə bilmirdim. Müharibə çətin şeydir. O qədər müharibədən danışan var ki, elə bil film danışır, amma müharibə çətindi. Mən orda şəxsən özümü idarə eləyə bilmədim. Həm çox həyəcanlandım, həm çox əsəbləşmişdim. Bir erməni mənim ağzımdan atdı. Məndən bir az arxada rəhmətlik Şamil idi, Şamildən də arxada Sultanlı kəndindən olan Sübhan var, o idi. Güllə ağzımdan girib qulağımın yanından çıxdı. Bircə o yadımdadır ki, əlimi tutdum boynuma, yerimdə başladım fırlanmağa. Rəhmətlik Şamil özünü çatdırdı. Başımı qoydu dizinin üstünə. Gözüm gedirdi, qan aparırdı. Başımı qaldırdım, bir kəlmə rəhmətliyə dedim ki, Şamil, sabah bacımın toyudur, ölsəm, məni üç gündən sonra apararsan evə, qoy toyu eləsinlər.

Şamil məni Hacıməmməd kəndinə tərəf xeyli gətirdi. Yolda iki dəfə dedim ki, Şamil qoy məni yerə.Qoymadı. Üçüncüdə xeyli gəldik hardasa 500 metrə kimi, dedim ki, Şamil, deyəsən ,ölürəm, qoy məni yerə. Rəhmətlik yavaşca məni qoydu yerə. Qəfildən bizim olduğumuz yerə artileriya mərmisi düşdü. Şamil özünü atdı mənim üstümə, mənə tərəf gələn bütün qəlpələr doldu Şamilin bədəninə..... Yaxşı yadımdadır ki, döş hissəsinin bir tərəfindən qan güclü fışqırırdı, yıxılıb qaldı, özüm ölümcül idim, ona necə kömək edəydim. Sonra bizimkilər gəldi. Kim Şamilə kömək üçün yaxınlaşırdısa, deyidiri ki, Xanını həkimə çatıdırın, məni buraxın...

(gözləri dolur, danışa bilmir...)

…Bir maşın da gəldi, bizi qoydular maşına, hospitala kimi səsini eşitdim. Qan axını çox idi. Koridorda məni Zirəddin əməliyyat edirdi, amma ağlım başımda idi, gördüm ki, Şamili təkərli nasılkada gətirirlər. O tərəfdən bəri bir dəfə yerimdən dedim: -Şamil! Dillənmədi, lap yanıma çatanda bir də dedim, dillənmədi, üçüncüdə bərk qışqırmışam, ondan da özümdən getmişəm. Bir də o vaxt ayıldım ki, vertolyota mindirirlər məni. Şamilin qardaşı da burda məni yola salırdı. Dedim, Şamil necədir, dedilər ki, Şamilin ciddi bir şeyi yoxdur, Olsa, onu  da, göndərərdilər, sən ağırsan ki, səni göndərirlər. Sağalandan sonra eşitdim, rəhmətə gedib. Mən Şamillə birlikdə hər şeyimi itirmişəm. Dostumu, sirdaşımı, silahdaşımı, güvən yerimi...

(yenə gözləri dolur...)

Bir dəfə də Pusquya düşdük. Başımızı qaldırmağa imkan yox idi. Təsəvvür edin, güllə kürəyimdən girdi, üzr istəyirəm,yanımdan çıxdı... Orda komandirim-Zahid bəy Xızır İlyas kimi yetişdi və bizi pusqudan çıxardı... 2016-cı ildə istekamçı, rəhmətlik Toğrul Məmmədov şəhid olan gecə, çox çətinlik çəkdik. Erməni snayperlə mənim qolumu qırdı. Bir güllə də bədənimə dəydi. Amma Allah saxlayanda bəndə heç kimdir. Bronijilet məni ölümdən xilas elədi...

 

-Sizin çox silahdaşınız olub, Allah şəhid olanlara, rəhmət eləsin. Qazilərə də can sağlığı versin. Raquf Orucovu necə xatırlayırsınız?

 

-Biz böyük bir kişini, komandiri, oğulu itirdik... İndiki kimi yadımdadır. Köhnə hərbi hissə komandiri bizi tanış elədi... Sonra mənə dedi ki, Xanı, bütün tədbirlərdə səni kürəyimin arxasında görmək istəyirəm. Düzü, utandım, fikirləşdim ki, deyəcəklər ki, Xanı hərbi hissə komndirinə yaltaqlanır... Nəsə... Səhərisi özü məni yığdı ki, niyə gəlmədin? Məni özünə sığışdırmadın? Çox utandım. İndi hər dəfə onun televiziyada çıxışını görəndə öz-özümə deyirəm ki, kaş onun arxasında olaydım. Onu qoruya biləydim...

(gözləri dolur)

…Ondan sonra hər dəfə məni çağırırdı ki, Xanı gəl gedək... Bilirsən, hara gedirdik? Ancaq səngər, post... Hər dəfə postdan Ağdama həsrətlə baxırdı...Çox pis olurdum. Sonra öyrəndim ki, anası şəhid olubdur. Ağdama elə həsrət və nisgillə baxırdı ki, elə bil anasına baxırdı. Bölüklə birlikdə yığışmışdıq, yoldaşlar dedi ki, Raqub Orucov deyir ki, bir ana seygahı oxusun. Onda öyrəndim. Allah and olsun, o rütbəyə qalxmış insan olsa da, inan ki, hər kəsə eyni qayğı və tələbkarlıqla yanaşırdı... Əsgərlərə öz övladı kimi yanaşırdı. Həm də çox tələbkar idi. Bu adam mənimlə dost idi. Amma bizim bölüyə gələndə mənim kaptyorkamı yoxlayırdı. Mən də həmişə səliqəli saxlayırdım ki, fikirləşməsin ki, yaxınlığımızdan istifadə edirəm... Bir dəfə məni çağırdı ki, gəl qərargaha gedək. Elə qərargaha çatmışdım ki, bir gizir mənə yaxınlaşdı ki, bəs məzuniyyətə gedirəm, komadirdən xahiş elə, kağızımı imzalasın... Dedim ki, gedirəm otağına, məndən bir 5 dəqiqə sonra gəl... Getdim, qapını açan kimi rəhmətlik dedi ki, gəldin, Xanı? Gedək.

Bu zaman həmin gizir özünü çatdırdı. Raquf Orucov soruşdu ki, kimsən? Gizir özünü təqdim etdi.S onra gəlməyinin səbəbini soruşdu... Raquf  bildi ki, mən buna demişəm. Yoxsa giziri bura kimi buraxmazdılar. Mənə baxıb gülümsədi, dedi ki, yoldaş gizir, sənə bir sual verim, cavablasan, kağızını imzalayacam. Tağımındakı əsgərlərin adını və soyadını, ata adını de görüm.

Gizir yarsını dedi, həyəcandan, bu sualı gözləmədiyindən yarısını unutdu.
Rəhmətlik gördü ki, gizir özünü itirib, soruşdu ki, evlisən?
Gizir: Bəli,yoldaş,komandir, -dedi.
-Heç olmasa,qayınatanın adını bilirsənmi?
-Bəli, bəli yoldaş komandir-deyib gülümsədi, məni də gülmək tutdu, giziri də. Rəhmətlik özü də güldü və dedi ki, qaynatanın adını bilirsənsə, sənə ölüm yoxdur. Başın salamat olacaq.

Sənədi imzaladı, yola saldı. Bunu deməkdə məqsədim odur ki, Raqufun həm də yüksək dərəcədə yumor hissi var idi... Ruhu şad olsun, kaş Ağdamın azad olmasını görə biləydi....

 

-Nəhayət, Ağdamımız, doğma şəhərimiz azad olundu. Təbii ki, ora daxil olan ilk bölmələrdən biri də sizin bölmə idi....Kəşfiyyatçı kimi Ağdama dəfələrlə getmişdiniz. Amma işğalda olan zaman... Bu dəfə isə Azad Ağdama gedirdiniz, nə hislər keçirdiniz?

-Deməli, 20 noyabr 2020-ci il gecə saat 12-dən sonra Ağdama girməli olduq. Zahid müəllimin qrupu daxil oldu. Biz gözləyəsi olduq. Dayana bilmədim. Yoldaşlara dedim ki, mən getdim. Düz Əfətli postundan Ağdamın məscidinə kimi oxuya-oxuya getdim. 30 ildə qısaraq oxuduğum Qarabağ şikəstəsini gur səslə oxuyurdum. Mən fiziki olaraq tək gedirdim, amma hiss edirdim ki, mənimlə birgə neçə şəhid də Ağdama doğru gedir. Sevincdən, kədərdən gözlərim dolurdu. Amma başım dik, alnı açıq, oxuya-oxuya məscidə kimi getdim. Çıxdım məscidin qülləsinə, ordan da oxudum....Çox şükür bu günə, bu yolda çox canlar qurban verdik. Məqsədimizə nail olduq. Allah şəhidlərimizə rəhmət eləsin, ordumuzu, xalqımızı və Ali Baş Komandanımızı qorusun....

 

-Xanı əmi, sonda öz övladlarınızın timsalında  gənclərə nə arzulayırsınız? Övladlarınızın hərbçi olmasını, sizin yolunuzu getməyini istərdinizmi?

 

-Vətəni sevin, bu vətən bizə canını fəda edən şəhidlərimizin yadigari və əmanətidir...Vətəni sevmək kifayət etmir. Onu qorumaq və inkşaf etdirmək lazımdır. Bunun üçün gərək yaxşı təhsil alasan, öz işində peşəkar, vicdanlı və əqidəli kadr olasan. Vətənə təkcə silahla xidmət etmirlər. Bu gün dünyanı ağıl və elm idarə edir. Mən gənclərimizə ağıllı, elmli və əxlaqlı olmağı arzulayıram. Mənim bioloji olaraq 4 övladım var. Mənəvi olaraq isə bütün Azərbaycan gəncliyi mənim övladımdır. Qızım və oğlum  ali təhsil alırlar. Əgər onların istəyi və bacarığı olarsa, təbii ki,istəyərəm ki, hərbçi olsunlar. Ancaq Xanının oğlu və ya qızı olduqları üçün yox, bacarıqları varsa, qəbul edilsinlər. Mən bütün işlərə belə yanaşıram.

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2025)

 

 

 

Bu məqaləni “Ədəbiyyat və incəsənət” portalının  “Qızıl alma” bölümü üçün Özbəkistanın Səmərqənd şəhərindən Əmir Teymur Mavzoley kompleksinin direktoru Xuşnud Abdullayev yazıb.

X.Abdullayevin məqaləsi  Aida Eyvazlı tərəfindən dilimizə uyğunlaşdırılıb.

 

 

Əmir Teymur dünya tarixində adı yazılan tarixi şəxsiyyətdir. Qlobal dünyada baş verən  siyasi gərginlik və yeniliklərin  fonunda onun hərbi və siyasi gedişlərini, dövlət və hakimiyyət idarəçiliyini öyrənmək türk dünyası tarixçilərinin əsas vəzifəsi olmalıdır. Teymurilər nəsli və şəcərəsi  elm və mədəniyyət, tikinti və quruluş sahəsində də dünyada bir çox abidələr  və izlər qoyublar.  Elə buna görədir ki, bu gün Teymurilər irsinin tarixini dünyanın bütün elm mərkəzlərində öyrənirlər. Və bu tarixə maraq günü-gündən artmaqdadır.

Özbəkistan Respublikası öz müstəqilliyinə nail olduqdan sonra teymurilərin genialogiyası yenidən öyrənilməyə başlandı. Lakin bu sahədə hələ bir çox açılmamış sirrlər və səhifələr mövcuddur. Səmərqəndin Registan deyilən  məhəlləsində yerləşən Əmir Teymurun məzarı olan   Qur Əmir mavzoleyində uyuyan bu nəslin və şəcərənin əksər  nümayəndələrinin məzarları, onların geniologiyası hələ öyrənilməmiş qalır.

Hazırda direktoru olduğum mavzoleyin şərq tərəfində, yuxarı başda- Teymurilərin məzarlarının baş tərəfində Əbu Səidin adına ayrıca məqbərə -otaq (1424-1469, 1451-1469) vardır.

Əbu Səid Teymurilər nəslinin hakimiyyətdə uzun zaman qalan  (1424-1469) varislərindəndir.  O Miranşahın böyük oğlu Sultan  Məhəməddin oğlu idi. Yəni babası Miranşah idi. Teymurilər dövlətini 45 il müddətində əlində saxlaya bilmişdi.

Onun müxtəlif nigahlardan çox sayda oğlu və qızı olub. Əbu Səidin  sarayının baş xanımlarından biri də Özbək Ulusunun hökmdarı Əbülxaiyr xanın qızı Xanzadə Bəyim idi. Xanzadə xanımdan doğulan oğlunun adını Sultan Məhəmməd qoymuşdu. Sultan Məhəmmədin də qəbri Qur Əmir Mavzoleyindədir.

Əbu Səid Heratda döyüşdən qayıdandan sonra  Azərbaycana Cahan şah və onun oğlu Pir Budağın üstünə yürüşə hazırlaşır.  Azərbaycana yürüşü zamanı 1469-cu ildə döyüşdə həlak olur. Onun ölümündən sonra  Səmərqənddə hakimiyyətə oğlu Sultan Əhməd Mirzə yiyələnir.

Məqbərədə 8 insan məzarı vardır. Məzarların üstündəki yazılar onu deməyə əsas verir ki, burada uyuyan şəxslər də teymurilər nəslindəndir.

Birinci məzarın üstündəki yazılardan məlum olur ki, burada basdırılan şəxs Əbu Səidin qızı Ayişə Sultan Bəyimdir, o hicri tarixinin 877-ci ilndə vəfat edib (1473 il).

İkinci  məzarın üstündəki  daş lövhələrin dörd tərəfində Qurandan ayələr yazılıb. Sinə daşının yuxarı hissəsində  Qurandan iki ayə və mərhum  Rəbiyə Sultanın öldüyü tarix - hicri 858-ci il (1454 il) yazılıb. Bildiyimiz kimi Rəbiyə Sultan  Sultan Əhməd Mirzənin böyük qızı idi.

Üçüncü məzarın sinə daşı üstündə isə Sultan Mirzə Uluqbəyin qızı Ağabəyimin Sultanın adı və vəfat tarixi - hicri 870-ci il yazılıb. (1466 il). Sanduqə məzarın ətrafına isə 12 imamın adları həkk olunub.

Məqbərədəki dördüncü məzarın sinə daşı və sağ, sol tərəfində olan daş lövhələrə  ərəb dilində və fars dilində yazılar həkk olunub, lakin bu məzarın üstündə ad və ya ölüm tarixi yoxdur. Yazılardan məlum olur ki, bu qəbirdə uyuyan şəxs Sultan Əbu Səidin nəslindəndir.

Beşinci məzarın sinə daşının üstündə isə yazılıb: “Müdrik şahzadə Şahmansur, Sultan Əbu Səidin oğlu, hicri 865-ci ildə (1461 il) vəfat edib”.

Buradakı altınci məzarın  sinə daşında  bu sözlər yazılıb: “Burada Sultan Əbu Said Cahangir Sultan  dəfn olunub, hicri 862-ci il.”( 1458)

Məqbərədəki yeddinci məzarın sinə daşında Qurandan iki ayə həkk olunub, böyür tərəflərində isə yazılıb: “Sultan nəslinin gözlərinin işığı, sülhün və dinimizin qoruyucusu Məhəmməd Cahangir, qoy Allah ona cənnət bağçaları versin. Hicri 860-cı il. (1456 il).”.

Məhəmməd Cahangir  Əmir Teymurun nəvəsi Məhəmməd Sultanın oğlu idi.

Səkkizinci məzarın sinə ddaşının üstündə Qurandan  dualar yazılıb, Allahın adı zikr edilib, eyni zamanda bu məlumatlar var: “Bu nur dolu məzar əlahəzrət Zübeydə Sultanındır, Miranşah Mirzənin qızı, Əmir Teymurun nəvəsidir.  Hicri 856-cı ildə vəfat edib. (1453 il) “. Məzarın hər iki böyür daşlarında Allahın adı zikr olunur və Qurandan ayələr yazılıb.

Onu qeyd etmək lazmdır ki, bu məqbərədə dəfn olunanlar tarixlərindən də göründüyü kimi  gənc yaşlarında dünyadan köçüblər, ona görə də onların həyatı haqqında tarixi mənbələrdə məlumatlar yox dərəcəsindədir.

 

Əmir Teymurun həyatı və hakimiyyəti, onun varisləri, həmin dövrlərdə bu dinastiyanın ətrafında  baş verən hadisələr o qədər çox və geniş əhatəlidir ki, həmin illəri və həmin tarixdən əlimizdə olan yazılı mənbələri yenidən oxumalı və tədqiq etməliyik. Onu da qeyd etmək istəyirəm ki,  Fransada  Napoleonun həyatını araşdıran elmi tədqiqat institutu vardır.  Hərbi və siyasi halimiyyətin ən yüksək zirvəsində dayanan, görkəmli dövlət xadimi Əmir Teymurun  hərb və dövlətçilik tarixindəki xidmətləri Napoleonun xidmətlərindən daha böyükdür. Mənə elə gəlir ki, biz də Əmir Teymurun həyatını, dövrünü, yaradıcılığını, şəxsiyyətini və teymurilər dövrünü araşdıran elmi-tədqiqat institutu yaratmalıtyıq.

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2025)

 

 

Пятница, 14 Февраль 2025 13:03

İki Kübranın görüşü - FANTASMAQORİYA

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Son zamanlar bir çox insanın sosial şəbəkələrdə məşhur "Bu gün uşaqlığımla görüşdüm" başlıqlı video paylaşımları diqqətimi çəkir və məni düşündürürdü. Görəsən, mən uşaqlığımla necə görüşərdim?

 

Son zamanlar yaşadıqlarım və qəlbimin təkrar qırılması mənə ən çox özüm üçün darıxdığımı hiss etdirirdi. Düzü, qəlbim qırıldıqda və ya canım yandıqda ya sətirlərə üz tuturam, ya da uzun-uzun özümlə söhbət etmək üçün hər kəsdən, hər şeydən uzaqlaşıb öz köşəmə çəkilirəm.

Yenə özümlə baş-başa qalmaq üçün dəniz sahilində bir qayanın kənarında, qulaqcıqlarımdan axıb gedən mahnıların, isti çay termosumun və not dəftərimin müşayiəti ilə mavilərin sonsuzluğuna dalmışdım. Birdən yanıma 8 yaşında, göy cins kostyumda, saçları hörüklü, ağ, yumrusifət, iri gözlü bir qız uşağı yaxınlaşdı. — Salam, xala. Otura bilərəm?

— Xala deyiləm, mənim 22 yaşım var. Daşın üstündə oturma, soyuq olar.

— Bəs sənə soyuq deyil?

— Yox.

— Adın nədir?

— Kübra. —

 Uraa! Mənim də adım Kübradır. Bu adı mənə atam qoyub. Bilirsən, o məni çox sevir. Deyir ki, mən onun bu həyatda tək arzusuyam.

— Hə, balaca, bilirəm. Mən səni lap yaxşı tanıyıram.

— Doğrudan? Amma mən səni tanımıram axı! Sənə sual versəm, əsəbləşməzsən? — Olmaz desəm, susacaqsan?

Balaca əlləri ilə yanaqlarıma toxunub iri gözləri ilə sakitcə "yox" dedi. O an fərqinə vardım ki, mən sən demə, ən çox içimdəki körpəni incidirmişəm. Bir az özümü toparlayıb, dərindən nəfəs aldım. Yorğun gözlərimlə bu balaca şıltaqdan qaça bilməyəcəyimi anlayıb sual yağışına özümü hazırlamışdım ki, ilk sual gəldi: — Biz doğrudan böyüdük?

 — Hə, doğrudan da böyüdük.

— Vauu, bu çox həyəcanlıdır! Məktəbi bitirib nə etdik? Qurduğumuz xəyallar gerçəkləşirmi?

— Məktəbi bitirdik, universitetə qəbul olduq.

— Aaaa, bəs istədiyimiz yerdəyik?

 — Düzünü desəm, hər şey xəyalımızdakı kimi olmadı. Amma Allah bizə gözəlliklərlə dolu bir təhsil nəsib etdi. Çox şükür.

— Bəs indi sən işləyirsən? Xəyalındakı kimidir hər şey?

— Hə, indi mən işləyirəm. Çoxlu yoldaşlarım var, əyləncəli vaxt keçirə biləcəyim bir iş mühitim var. Üstəlik, ikinci ali təhsilimi də alıram.

— Vau! Demək, vəkil ola bilmisən?!

— Yox, əzizim, vəkil ola bilmədim. Sənə verdiyim sözü tuta bilməsəm də, bu gün sənin mənimlə qürur duyacağın biri olmaq üçün çalışıram.

 — Mən səninlə hər zaman qürur duyuram, çünki sən məni həmişə xoşbəxt edirsən. İndi de görüm, sən xoşbəxtsənmi? O xəyal elədiyin, sonsuz sayda kitablarla dolu otağın varmı? Öz pulunla babanın aldığı sovurma konfetlərdən ala bilirsən?

— İndi mən böyümüşəm, çoxlu kitablarım var, hətta özüm də yazıçılıq edirəm və istədiyim qədər sovurma konfet ala bilirəm.

— Vauu! Demək, sən də o kitabların qəhrəmanlarını yaradanlardan olmusan. Bəs yaxşı, Nərgiz hələ də dostumuzdur?

— Hə, Nərgiz hələ də tək dostumuz, ən doğmamızdır.

— Bəs sən xoşbəxtsən?

— Mən böyümüşəm və artıq gizlənqaç oynamaqdan vaz keçib xoşbəxtliyin özünün məni tapmasını gözləyirəm. Balacalıqda heç vaxt cığallıq etməsəm də, indi cığallıq edib yalandan gözümü yumuram və 10-a qədər saymıram ki, o özü ortaya çıxsın. Bəzən mən onu gizləndiyi yerdən tapa bilirəm, bəzən isə uzun-uzun axtarmalı oluram, balaca...

— Bəs yaxşı, hələ də məni sevirsənmi?

— Mən səni hər zaman sevmişəm və hər zaman sevəcəyəm. Səni əsla sevgisiz buraxmayacağam, əsla solmağa icazə verməyəcəyəm. Qəlbinin qırılmasına, ümidlərinin solmasına və xəyallarının tükənməsinə qoymayacağam. Sən mənim bu həyata tutunma səbəbimsən, gözəl gözlü körpə.

 

Bəzən çayın, mahnının və vərəqin sonunu eyni anda gətirmək insanı dərinlərə aparır və o dərinlikdə üzləşməkdən qaça bilməyəcəyin bir körpə olur.

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2025)

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

 

Təqvimlər insanın ixtirasıdır. Vaxtı bölməyə, onu ölçülə bilən bir çərçivəyə salmağa çalışırıq. Günlər, aylar, illər sanki həyatımıza bir nizam vermək üçün bir xəritə çəkirik. Amma sevgi xəritəyə sığarmı? O, bir tarixdə doğulub, başqa bir tarixdə ölürmü? Yoxsa o, zamansızdır, bizdən əvvəl mövcud olub, bizdən sonra da mövcud olacaq bir axın, bir dalğa kimi?

 

İnsanlar 14 fevralı “sevginin günü” elan ediblər. Amma bu nə deməkdir? Sevginin yalnız bir günü olurmu? Əgər sevgi həqiqətən bir günün içində sıxışdırılacaq bir şeydirsə, demək ki, o, heç vaxt gerçək olmayıb. Sevgi nə bir təqvim yarpağıdır, nə də bir tarixdir. O, bir anın içində donmuş zaman deyil. O, zamanın özüdür. Onu yaşamaq olar, amma ona sahib olmaq olmaz. Onu qazanmaq olar, amma onu saxlamaq mümkün deyil. O, daim axır, dəyişir, çevrilir. İnsanlar isə onu sabitləşdirməyə, ona bir gün, bir ad, bir məna verməyə çalışırlar. Amma sevgi nə qədər dərk edilməyə çalışılsa, bir o qədər sirr olaraq qalır.

Keçən il bu gündə, mən ona bir dəstə qızılgül yox, bir terrarium hədiyyə etdim. (şəkildə) İçində iki tısbağa var idi. Sakit, öz dünyasında, heç nəyə tələsməyən. O, sadəcə bir hədiyyə deyildi, bir ideya idi, bir fəlsəfi konsepsiya idi. Çünki mən sevgini tısbağalar kimi görürdüm: tələsməyən, təntənəsiz, sadəcə mövcud olan bir şey. İnsanlar sevginin ehtiras, sürət, həyəcan olduğunu düşünürlər, amma bəlkə də o, səssizlikdir. O, iki insanın bir-birinə heç nə demədən oturub eyni səmanı izləyə bilməsidir. O, sübut tələb etməyən bir duyğudur.

Amma insan tısbağa deyil. İnsan narahatdır. İnsan daim hərəkətdədir, daim suallar verir, daim nəyisə dərk etməyə çalışır. Biz sevdiyimiz insanın yanımızda olmasını istəyirik, amma onun ruhunu da ələ keçirmək istəyirik. Biz “sən mənimsən” demək istəyirik, amma sevgi kiməsə məxsus ola bilməz. Sevgi sahiblənməyə başladıqda, o, artıq sevgi deyil.

Keçən il ona bu hədiyyəni verəndə dedim ki, “bu sənə ilk və son sevgililər günü hədiyyəm və təbrikimdir. Çünki məhəbbətin günü olmur”. O an mənim üçün sevginin bir tarixə bağlanmasının nə qədər mənasız olduğunu hiss etdiyim ən saf an idi. Çünki sevgi yalnız 14 fevralda deyil, hər gündə mövcud olmalıdır. O, bir anın içində sıxışdırılıb qeyd edilməli bir şey deyil. O, bizim nəfəsimiz qədər bizə aid olan, bizim ruhumuz qədər dərin bir duyğudur.

Bəs indi? Bir il keçib. Tısbağalar hələ də oradadırmı? Onlar hələ də sakit, təlaşsız, məhvlərindən məmnundurlarmı? Yoxsa onlar da bizim kimi dəyişiblər, yeni bir şəraitə uyğunlaşıblar? Bəlkə, onların sakitliyi əslində bizim üçün bir dərs idi. Həyatın və sevginin tələsməyə ehtiyacı olmadığını bizə xatırlatmaq üçün.

Bəzən düşünürəm ki, sevgi öz içində iki ziddiyyəti daşıyan yeganə duyğudur. O, həm yaradır, həm məhv edir. Həm azad edir, həm əsir edir. O, insanı ən güclü edər, amma eyni zamanda ən aciz hala salar. O, həm özümüzü tapmaqdır, həm də özümüzü itirmək.

  Sevgi yanan bir şam kimidir. O, işıq saçır, amma yavaş-yavaş özünü əridir. Biz o işığa baxıb sevinirik, amma unuduruq ki, o, yanmasa, işıq da olmazdı. İnsanlar bəzən “məni tamamlayan birini axtarıram” deyirlər. Amma sevgi tamamlanmaq deyil. O, insanı bütöv etmir. O, insanın içində boşluqlar açır, sonra o boşluqları özünəməxsus bir şəkildə doldurur. O, insana başqa bir insanda itmək, amma eyni zamanda özünə qayıtmaq imkanı verir.

  Keçən il bu gündə, o terrariumun içində iki tısbağa var idi. Mən onlara baxanda sevginin tələsmədiyini, səssiz olduğunu, izah tələb etmədiyini hiss edirdim. Amma indi başa düşürəm ki, insan tısbağa deyil. İnsan, sevginin sonsuza qədər eyni qalmasına dözə bilmir. İnsan daim dəyişir, daim nəyisə yenidən sorğulayır.

  Bəlkə də, sevgi paradoksdur. O, nə qədər çox istənilsə, bir o qədər əlçatmaz olur. O, nə qədər izah edilməyə çalışılsa, bir o qədər anlaşılmaz qalır.

  Bu gün, 14 fevraldır. Təqvimdə sadə bir tarix, amma keçmişin içində donub qalmış bir gün. Keçən il bu tarixdə sevgi var idi. O, terrariumun içində idi, tısbağaların sakit baxışlarında, çərçivəyə sığmayan duyğularda idi.

   Bu il isə… O hardadır?

   Sevgi heç vaxt tam itmir. O, sadəcə başqa bir formaya keçir. O, xatirələrə çevrilir, düşüncələrə, səssiz gecələrə, cavabsız suallara. O, bəzən heç gözləmədiyin anda geri qayıdır—tanış bir mahnıda, bir küçədən keçərkən duyulan qoxuda, bir anın içində yenidən canlanan hisslərdə. Bəzən də o, bir dəfə getdisə, geri dönməz. O, sadəcə bir yaddaşın içində iz buraxar.

  Və indi, bu 14 fevralda, mən öz dediyim sözləri bir daha anlayıram: “Bu sənə ilk və son sevgililər günü hədiyyəm və təbrikimdir. Çünki məhəbbətin günü olmur.” Bu sözlər indi mənim içimdə başqa bir mənayla səslənir. Keçmişin pıçıltısı kimi. Xatirələrin çəkisi kimi. Həqiqətin özü kimi.

  Sevgi təqvimə sığmaz. O, bir gün deyil. O, bütün günlərdir. O, bütün anların içində gizlənmiş, hiss edilmək üçün gözləyən bir varlıqdır.

  Bəlkə də, sevgi heç bir tarixə aid deyil. O, sadəcə bizim ruhumuzun bir güzgüsüdür. Biz onu görəndə, əslində özümüzə baxırıq. Biz onu yaşadıqda, əslində özümüzü dərk edirik. O, bizim gözlərimizin içində gizlənmiş bir kainatdır. O, bizdən kənarda deyil, içimizdədir.

   Bu gün 14 fevraldır. Amma bəlkə də, bu sadəcə bir gündür. Sevgi isə təqvimin heç bir günündə deyil. O, zamanın özü qədər sərhədsiz və mövcudluğun özü qədər müəmmalıdır...

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2025)

Пятница, 14 Февраль 2025 10:44

Şəhidlər barədə şeirlər – Kamran Kazımov

“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Kamran Kazımova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

 

KAMRAN QURBANƏLİ OĞLU KAZIMOV

(07.12.1990.-05.10.2020.)

 

Əslən Ucar rayonunun Bərgüşad kəndindən olan Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş leytenantı,  Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsini şəhidi.

 

               “KOBRA” LƏQƏBLİ KAMRAN

 

Necə  qorxmaz idi, cəsarətliydi,

Məğrurdu, cəsurdu, mətanətliydi,

Dostluqda saf idi, sədaqətliydi,

Düşməni məhv etdi, vermədi aman,

Baş leytenant, “Kobra” ləqəbli Kamran.

 

Bu peşəni uşaqlıqdan seçmişdi,

Pillələri addım-addım keçmişdi.

İntiqamı almağa and içmişdi,

Torpaq intiqamı olur çox yaman,

Baş leytenant, “Kobra” ləqəbli Kamran.

 

Atası da onun zabit olmuşdu,

Qeyrətli, namuslu  igid olmuşdu.

Atadan nəsihət, öyüd almışdı,

-Çalış oğlum, çalış, dayanmır zaman,

Baş leytenant, “Kobra” ləqəbli Kamran.

 

Kamrangil məhv etdi nankor düşməni,

Azad eylədilər ana Vətəni,

Qovdular biryolluq “Yoldanötəni”

Dağıldı buludlar, çəkildi duman-

Baş leytenant, “Kobra” ləqəbli Kamran.

 

Necə vətənpərvər, necə də ərdi,

Şəhidlik  qismətmiş, onu da gördü,

Cənnətdən solmayan çiçəklər dərdi,

Oldu çox yaraya, mərəzə dərman-

        Baş leytenant, “Kobra” ləqəbli Kamran.

 

Kamranlar anlatdı  nədir ləyaqət?

Vətən üçün ölüm – şərəf, səadət.

Qalıb üç övladı bizə əmanət,

Ərtoğrul, Kamrana, bir də ki, Aydan,

Baş leytenant, “Kobra” ləqəbli Kamran.

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.