Super User

Super User

 

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın anadan olmasının 85 illiyi münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Xalq yazıçısı Anar” adlı elektron məlumat bazası və “Anar – 85” adlı ənənəvi kitab sərgisi hazırlanıb. 

 

Kitabxananın məlumatına görə, elektron məlumat bazası “Ana səhifə”, “Rəsmi sənədlər”, “Həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxsiyyətlər Anar haqqında”, “Əsərləri”, “Haqqında”, “Filmoqrafiya”, “Mükafatları”, “Fotoqalereya”, “Videoqalereya” bölmələrindən ibarətdir. Bazada təqdim olunan sənədlər tam mətnləri ilə verilib.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/Anar/index.html linkindən istifadə edə bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2023)

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Anar Rəsul oğlu Rzayev 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 mart 2023-cü il

 

Bu gün Ağasadıq Gəraybəylinin anadan olmasının 126 illiyidir

 

Bu gün Azərbaycanın Xalq artisti, unudulmaz sənətkarımız Ağasadıq Gəraybəylinin anadan olmasından 126 il ötür. Təbii ki, hətta onun adını eşitməyə macal tapmayan yeni nəsil rəsmini görən kimi onu tanıyacaq, axı ömrünü Azərbaycan teatr və kino sənətinə həsr edən Ağasadıq Gəraybəyli bütün zamanlarda xatırlanacaq çox dəyərli obrazlar qalereyası yaradıb. O, adını Azərbaycan teatr və kino tarixinə böyük həriflərlə yazdırmağı bacarıb. “O olmasın, bu olsun” və “Bəxtiyar” filmlərində yaratdığı obrazlar - Rüstəm bəy və Klub müdiri Ağabala isə sadəcə möhtəşəmdir. 

 

“Ədəbiyyat və incəsənət” görkəmli aktyorun həyat hekayəsini sizlərə təqdim edir. O, 1897-ci ildə Şamaxıda dünyaya göz açıb, yetimlik acısı yaşayıb, sonra Bakıya köçüb, orada bir ailə onu himayəyə götürüb. Məktəbdə Cəfər Cabbarlı ilə bir sinifdə oxuyub. Hüseyn Ərəblinskidən, Mirmahmud Kazımovskidən dərs alıb. Hüseyn Ərəblinskinin sayəsində “Nicat”, sonra “Səfa” həvəskar teatr dərnəklərinə üzv olub. 1921-ci ildə Cəlil Məmmədquluzadənin “Ölülər” pyesində kefli İsgəndər rolunu oynayıb. Üzeyir Hacıbəylinin qayğısı sayəsində teatr kursuna yazılıb. 

O, ümumən 200-dən çox müxtəlif rollarda səhnəyə çıxıb. Nəriman Nərimanovun “Nadir şah”, Üzeyir Hacıbəylinin “Arşın mal alan”, Cəfər Cabbarlının “Sevil”, “Od gəlini”, “1905-ci ildə”, sonralar “Vaqif”, “Həyat”, “On ikinci gecə”, “Xanlar” və s. tamaşalarda rol alıb. 1940-cı ildə Azərbaycan SSR-in Xalq artisti fəxri adına layiq görülüb. Teatrla yanaşı kinoda da maraqlı obrazlar canlandırıb. Elə yuxarıda adını çəkdiyimiz iki film - “Bəxtiyar” filmində klub müdiri Ağabalanı, “O olmasın, bu olsun” filmində Rüstəm bəyi xatırlatmaq bəs edər. 

Ağasadıq Gəraybəyli öz xatirələrini qələmə

almaqla çox nəcib bir iş görüb. Bu yerdə onun xatirələrinə nəzər yetirək:

 

“1897-ci ildə, Novruz bayramı qabağı Şamaxıda anadan olmuşam. Atamı erkən itirdim. Yetimə “gəl-gəl” deyən çox olar, əsl qayğı göstərən isə az. Ən çətin anlarımda yaradanımız imdadıma yetişdi. İndi də xatırlaya bilmirəm ki, necə oldu Bakıya gəldim. Ancaq qonşumuz Məşədi Məhəmmədin dedikləri hələ də qulaqlarımda səslənir: “Get, a bala, canın zəlzələdən qurtaracaq. Əlin Allahın ətəyində olsun. Zəhmət çəkərsən, bəhrəsini də görərsən”. Kimsəsiz uşaq idim. Tanımadığım bir darvazanı döydüm. Gülərüz, mehriban baxışlı, nurani, ahıl bir kişi qapını üzümə açdı. Elə bil məni çoxdan tanıyırdı. “Gəl görüm, nə istəyirsən?” Kimsəsiz olduğumu ona danışdım. Qəfil dilləndi: “Ay qız, Heyran, haradasan? Tanrı bizə zürriyyət göndərib”. Həmin gündən Əlisəttar kişidən atalıq, Heyran xanımdan analıq nəvazişi gördüm. Məktəbə gedəndə də bəxtim gətirdi. Sonralar yazıçı-dramaturq kimi tanınan Cəfər Cabbarlı ilə bir sinifdə oxuduq. Dövrün tanınan ziyalısı Hüseyn Ərəblinskidən çox mətləbləri öyrəndim. Mirmahmud Kazımovskinin təşkil etdiyi teatr dərnəyinə gedərdim. Ən çətin günlərim 1905-1907-ci illərdə oldu. Ermənilər Bakıda, bakılılara divan tuturdular. Yaxşı ki, niyyətlərinə çatmadılar. Haqq qalib gəldi. Dərslərimi pis oxumurdum. Ancaq yatanda da yuxuda teatr, səhnə görərdim. Hüseyn Ərəblinskinin sayəsində “Nicat”, sonra “Səfa” həvəskar teatr dərnəklərinə getdim. İlk dəfə yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevi 1913-cü il martın 15-də gördüm. Sərt xasiyyətli adam idi. Əhvalı yaxşı olanda isə üz-gözündən nur yağardı. İlk oxucularından biri də mən olmuşam.

Üzeyir bəy peyğəmbər xislətli şəxsiyyət, düha sahibi idi. Onun bircə amalı vardı: Azərbaycan ədəbiyyatı, musiqisi, teatrı ilə dünyada tanınsın. 1921-ci ildə Cəlil Məmmədquluzadənin “Ölülər” pyesində kefli İsgəndərin monoloqunu söyləyib səhnədən düşəndə məni yanına çağırdı. Əllə görüşdü, üzümdən öpdü, saçımı tumarladı. “Sənin kimi azərbaycanlılarla fəxr etmək lazımdır” – dedi. Üzeyir bəyin qayğısı sayəsində teatr kursuna yazıldım, ilk əməkhaqqı aldım, mənə birotaqlı mənzil verdilər. Ailə qurdum. Toy günü xeyirxahımın dediyi kəlamı dönə-dönə xatırlayıram: “Ailə qurmaq asandır, ailəsinin qədrini bilmək isə nər kişinin hünəridir”.

“Otuzuncu illər idi, şəhərin mərkəzində, Xaqani küçəsi 19-da yaşayırdım. Görkəmli müğənni Bülbüllə, Xalq yazıçısı Mirzə İbrahimovla, Xalq şairi Süleyman Rüstəmlə qonşu idim. Bir gün Süleyman müəllim mənə dedi: “Ay qardaş, ay qonşu, ay oynadığın rollara can, nəfəs verən aktyor, niyə iş yerinə piyada gedib-gəlirsən? Sabahdan mənim xidməti maşınım səni teatra aparıb gətirəcək”. Mənim cavabım isə qısa oldu: "Yox, Süleyman, hələ ki, ayaqlarım sözümə baxır. Bir də qardaş, mənim doğma xalqımdan nə gizlinim? Teatrın binasından evimə gələnəcən yüzlərlə adam mənə salam verir, əhvalımı soruşur. Bundan da böyük şərəf, şöhrət olar?!”

Bax bu qədər. Allah ulu sənətkara qəni-qəni rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2023)

 

Meksikanın paytaxtı Mexiko şəhərində İslam Əməkdaşlığı Təşkilatına üzv olan ölkələrin Meksikada akkreditə olunmuş səfirliklərinin təşkilatçılığı və Mexiko şəhərinin Migel Hidalqo bələddiyəsinin dəstəyi ilə mədəniyyət festivalı keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib: Mexiko şəhərinin mərkəzində yerləşən, şəhər sakinləri və çoxsaylı turistlər arasında populyar olan “Angela Peralta” açıq hava teatrında keçirilən bu festivalda Azərbaycanın milli mədəniyyəti, milli geyimləri, dulusçuluq, misgərlik, xalçaçılıq kimi əl sənəti nümunələri, o cümlədən Novruz adət-ənənələri və milli şirniyyatları təqdim olunub.

Tədbirdə yüzlərlə paytaxt sakini, turistlər, diplomatik korpusun nümayəndələri, o cümlədən bir sıra ölkənin Meksikadakı fövqəladə və səlahiyyətli səfirləri, yerli KİV nümayəndələri iştirak ediblər.

Gün ərzində parka gələn çoxsaylı qonaqlar Novruz bayramı ilə bağlı adət və ənənələrlə tanış olub, onlara ölkəmizin tarixi, milli mətbəxi və mədəniyyəti barədə məlumat verilib.

Tədbirdə, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar xüsusi guşə yaradılıb, stendi ziyarət edən qonaqlara Ulu Öndərin həyat və fəaliyyəti barədə məlumat verilib. Həmçinin ölkəmizin əsrarəngiz təbiəti və Azərbaycan memarlığı barədə şəkillərdən ibarət sərgi nümayiş etdirilib, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərinə dair materiallar paylanılıb, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi və onun əsərləri barədə məlumat verilib, Azərbaycan milli musiqisi səsləndirilib, qonaqlara milli mətbəximizin ləziz təamları təqdim olunub. 

Tədbirdə həmçinin “İpək Yolu” yerli rəqs qrupu tərəfindən “Laçın”, “Tərəkəmə”, “Nəlbəki”, “Bülbül” və Azərbaycanın digər milli rəqsləri nümayiş etdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2023)

Среда, 15 Март 2023 16:30

Novruz tətili neçə gün davam edəcək?

 

Təqvimin çox əlverişli düzümü bizə uzun tətil vəd edir

 

İlin axır çərşənbəsini də yaşadıq. Novruza bir həftədən də az qaldı. Bəs Novruzda neçə gün tətil edəcəyik? 

“Ədəbiyyat və incəsənət” Novruz, Ramazan və Qurban bayramları günləri barədə məlumat vermək üçün Nazirlər Kabinetinin qərarına müraciət edəcək. 

Nazirlər Kabinetinin “2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” Qərarına əsasən, martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, aprelin 21, 22-si Ramazan bayramı, iyunun 28, 29-u Qurban bayramı günləri müəyyən edilib.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən həmin günlər iş günü hesab edilmir.

Martın 20-si bazar ertəsi olduğundan, demək martın 17-si - cümə günü işə çıxdıqdan sonra bir də ayın 27-si - bazar ertəsi işə çıxacağıq. Demək, bizi tam 10 günlük tətil gözləyir. 

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2023)

“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, müğənni ilə aparıcının mübahisəsi “Elgizlə izlə" verilişində yaşanıb. Aparıcı müğənni ilə rayonlardan birinə çəkilişə gedən zaman onun çox danışdığını deyib:

"4 saat rayona getdik. Elza yolda çox danışdı: necə ailə qurdu, onu necə ərə verdilər, qayınanası ona nələr deyib... Sonra ayıldıq ki, rayon qalıb kənarda, gedib İran sərhəddinə çıxmışıq".

 

Elgizin bu sözlərinə Seyidcahan əsəbiləşib. O, aparıcını yalan danışmaqda ittiham edib:

"Hər şeyi tərs danışdı. Qınamıram səni... Rayondan gələndə yollar qazılıb, axşam idi. Yolda da yük maşınları gedirdi. Mən də sürücünün aparıb maşını yük maşınlarının altına salmaması, sükan arxasında yatmaması üçün danışırdım. Olmaz belə şeylər. Dünəndən qapıma kimi xalça sərmisən ki, verilişimə gəl. Çıxıb buradan gedəcəyəm, olmaz belə danışmaq. Xətrimə dəyir. Onun kimi bir-iki belə müğənni var. Biri ilə hətta buna görə küsülüyəm. Mən məntiqli, savadlı danışıram. Bir müğənni oturub dostlar arasında məni parodiya edir. Deyirəm, görəsən nə yedi ki, özündən çıxdı? Yeni gələndə Elza xanım deyirdi, indi bir-iki klip çəkdirib, özünü başdan-ayağa yığdırıb, məni lətifələrə qoşub. Bir dəfə efirdə məni parodiya etdi. Oğlum əsəbiləşdi, onun xatirinə zəng etdim ki, niyə edirsən? Düşündüm ki, üzr istəyər. O isə əksinə, özünə haqq qazandırdı".

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2023)

X Qlobal Bakı Forumunda iştirak etmək üçün Bakıya səfər etmiş Nobel sülh mükafatı laureatı, hindistanlı Kailaş Satyartini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul etmişdi. Həmin görüşqn təfərrüatını az sonra xatırladacağıq. İndi isə əsas xəbər:

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Nobel sülh mükafatı laureatı Kailaş Satyarti tviter hesabında Azərbaycanın xeyrinə “Azərbaycan mədəniyyətlərin və sivilizasiyaların bir-birinə qovuşduğu məkandır” kəlmələrini

yazıb.

Onun sözlərinə görə, İçərişəhərdə gəzinti keçmişə səyahət kimidir.

"II əsrdə tikilmiş Atəşgah məbədi qədim parsilərin və müsəlmanların ibadət yeri olub. Sonralar, XVI əsrdə bura indusların və sikxlərin məbədi olub", - paylaşımda deyilir.

İndi də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kailaş Satyartini qəbul etdiyi günü xatırlayaq. 

Həmin görüşdə Kailaş Satyarti X Qlobal Bakı Forumunun əhəmiyyətindən danışıb, özünün dediyi kimi, bu cür tarixi bir tədbirin yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına minnətdarlığını bildirib, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə sıx əməkdaşlıq etməkdən məmnunluğunu ifadə edib. Qonaq qeyd edib ki, dünyada hazırkı zamanda bu tədbir çox böyük önəm daşıyır. O deyib: “Hazırda dünyada mədəniyyətlər arasında parçalanmanın baş verdiyi və bu sahədə ciddi təhdidlərin mövcud olduğu bir dövrdə Sizin rəhbərliyinizlə bu önəmli Forum çox lazımlı bir vaxtda təşkil edilib”.

Xoş sözlərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Nobel sülh mükafatı laureatı Kailaş Satyartinin bu Forumda iştirakını və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə fəal əməkdaşlığını yüksək qiymətləndirib.

Prezident İlham Əliyev ölkəmizin Qərblə Şərq arasında mədəni körpü qurulması işinə töhfə verdiyini vurğulayaraq, Azərbaycanın mütəmadi olaraq mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini bildirib və gələn il BMT ilə birgə Mədəniyyətlərarası Dialoq Forumunun da keçiriləcəyini diqqətə çatdırıb.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan multikultural dövlətdir, ölkəmizdə tarixən müxtəlif mədəniyyətlərin və dini konfessiyaların nümayəndələri dinc yanaşı yaşayıblar. Bununla da, Azərbaycan müxtəlif sivilizasiyaların bir araya gəlməsində mühüm rol oynayır.

X Qlobal Bakı Forumunun önəminə toxunan Azərbaycan Prezidenti çox sayda ölkədən tanınmış siyasi və ictimai xadimlərin, digər nümayəndələrin burada iştirakını tədbirin nüfuzunun göstəricisi kimi dəyərləndirib.

Görüşdə Azərbaycanın zəngin tarixi və mədəni irsi barədə danışılıb.

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2023)

Martın 18-25-də Bakı Marionet Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” marionet tamaşası nümayiş etdiriləcək.

Marionet tamaşası bir çox sevimli müğənni və aktyorlarımızın bənzərsiz ifaları ilə səsləndirilir.

Tamaşanın quruluşçu-rejissoru və rəssamı Əməkdar incəsənət xadimi Tərlan Qorçu, musiqi aranjimançısı Cavanşir Quliyev və kukla rəssamları Elman Mirzəyev, Şamil Buksayev, İrma Kaadze, Elmira Abbaslıdır.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2023)

Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə sentyabrın 6-dan 10-dək VI “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçiriləcək. 

Festivalın təşkilat komitəsinin açıqlamasına görə, animasiya filmləri FilmFreeway platforması vasitəsilə qəbul edilir. Müraciətlər üçün ən son tarix iyulun 1-dir. 

 

Əsərlər yerli və beynəlxalq kateqoriyalar üzrə qəbul olunur. 

Qaliblər üçün aşağıda qeyd edilən mükafatlar nəzərdə tutulur:

• Yerli müsabiqənin “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” kateqoriyası üzrə mükafatı – 500 ABŞ dolları və 2024-cü ildə Annecy Beynəlxalq Animasiya Film Festivalına (Fransa) səyahət.

• Beynəlxalq müsabiqənin “Ən yaxşı qısametrajlı animasiya filmi - GRAND PRIX” kateqoriyası üzrə mükafatı – 1000 ABŞ dolları.

• Beynəlxalq müsabiqənin “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” kateqoriyası üzrə mükafatı – 500 ABŞ dolları.

• Tamaşaçı rəğbəti mükafatı.

• Tərəfdaşların xüsusi mükafatları.

Müsabiqənin şərtlərinə əsasən, filmlər 2020-ci il yanvarın 1-dən sonra çəkilmiş olmalıdır. Filmin 

50 faizindən çoxu animasiya olmalıdır. Filmdə istifadə edilən animasiya texnikalarına məhdudiyyət qoyulmur. İştirakçı (rejissor, prodüser və ya digər səlahiyyətli şəxs) film üzərində hüququ olmasını və onun festivalda nümayişinə səlahiyyətli olduğunu bəyan etməlidir.

“Animafilm” Azərbaycanın ilk və tək animasiya festivalıdır. 2018-ci ildən başlayaraq təşkil olunan festival uşaq və gəncləri, animasiya rejissorlarını və studiyaları bir araya gətirərək onları beynəlxalq təcrübə ilə tanış edir, peşəkar yerli və xarici animasiya ustaları ilə görüşdürür, yüzlərlə animasiya filmləri nümayiş etdirir, ustad dərsləri, konfranslar, konsertlər, tamaşalar və sərgilər keçirir.

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2023)

Среда, 15 Март 2023 15:00

Dərviş Təbrizlidən “Küçənizdə”

“Ədəbiyyat və incəsənət” portalında “Güney ədəbiyyat poeziyasından poetik seçmələr” rubrikasında Dərviş Təbrizli həftəsi davam edir. Bu gün şairin “Küçənizdə” qəzəli təqdim olunacaq.

 

Dərviş Təbrizli təxəllüsü ilə tanınan Məhəmməd Cavadi 1992-ci ildə təbriz şəhərində anadan olubdur. 2007-ci ildən türkcə şeir və ədəbiyyat sahəsində çalışır. İndiyə kimi 3 kitabı ışıq üzü görübdür. 10 kitabdan artıq roman kitabını azərbaycan əski əlifbasına köçürübdür. Bir ildən artıqdır ki, pyes və ssenari yazmağa üz gətiribdir. Azərbaycanın böyük sənətkarı Cəfər Cabbarlının pyes yazılarını köçürüb və çapa hazırlayıbdır. İndi isə təbriz şəhərində gülüş tamaşasının səhnəyə çıxmasının, yazarı və baş yazarıdır.

 

 

KÜÇƏNİZDƏ

 

Gördüm səni mən ilk dəfə öz küçənizdə,

Dil tutmadı heç bir yol atam söz küçənizdə.

 

Salxımla bitib gözlərim üstündə məhəbbət,

Gəl, əl uzadıb bircəsini üz küçənizdə.

 

Göstərmə gözəl gözlərini hər kəsə, vallah,

Çox qorxuram axir vuralar göz küçənizdə.

 

Min gənc o qara gözlərinin bəndinə düşmüş,

Çək zəncirə bir-bir hamısın düz, küçənizdə.

 

Sal sevgi odun könlümə bağrım başı yansın,

Bu sevgidən arzumdur olam köz küçənizdə.

 

Axşamdan inan sübhəcə səndən danışırdıq,

Tanrımla gəzirdik o gecə biz küçənizdə.

 

Təbriz dolusu sevgi gətirdim qucağımda,

Tökdüm, qapızda qoy qala təbriz, küçənizdə.

 

Tək qoyma, amandır, ürəyi incə bu Dərviş,

Addım ata bilməz daha sənsiz küçənizdə

 

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.