Super User
Burdan küveytlilər, ordan ruslar
“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Malik Məmmədov bu dəfə azərbaycanlılar hansı ölkəyə daha çox gedirlər sualının yerinə Azərbaycana hansı ölkədən daha çox gəlirlər sualını qoyub. Nəticələr maraqlıdır həqiqətən də.
Başlayaq küveytlilərdən
Ötən il 22 minə yaxın Küveyt vətəndaşı Azərbaycana səyahət edib. Cari ildə iki dost ölkə arasında turizm sektorunda əlaqələrin daha da inkişaf etməsi gözlənilir. Son illər ərəb ölkələri, o cümlədən Küveytə aviareyslərin daha da intensiv olması turizm sektorunda canlanmanı şərtləndirən əsas amillərdən biri olub.
Bu məlumatı Azərbaycanın Küveytdəki səfiri Emil Kərimov bu ölkənin ən nüfuzlu qəzetlərindən biri olan “Əl Ənbə” nəşrinin baş redaktoru Yusif Xalid Al-Marzuq və jurnalistlərlə keçirdiyi görüşdə verib. Küveyt mediasının ölkəmizə böyük maraq göstərdiyini qeyd edən diplomatımız vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, bu il dahi şəxsiyyət, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi qeyd olunur. O əlavə edib ki, bu münasibətlə Küveytdə də bir sıra tədbirlər keçiriləcək və media nümayəndələri ilə birlikdə məqalələr dərc ediləcək.
Səfir Azərbaycan və Küveyt arasında iqtisadi-ticarət, mədəni əməkdaşlıqdan da ətraflı bəhs edib.
Görüş zamanı “Əl Ənba” qəzeti ilə səfirlik, habelə azərbaycanlı jurnalistlər arasında əlaqələrin daha da möhkəmlənməsi müzakirə edilib, küveytli jurnalistlərin sualları cavablandırılıb.
Sonda qəzetin baş redaktoruna Azərbaycanın tarixi və turizm məkanlarını əks etdirən nəşrlər təqdim edilib.
Demək, bu ərəb ölkəsi ölkəmizə maraq göstərməkdədir.
Keçək ruslara
Azərbaycan yaz aylarında rusiyalıların təyyarə ilə səfər etdikləri üç populyar ölkə sırasındadır.
Bu, “tutu.ru” və “Alfasığorta” şirkətlərinin apardıqları tədqiqatın nəticələrindən məlum olub. Yaz fəslində rusiyalılar daha çox Özbəkistan, Azərbaycan və Türkiyəyə səfərlər üçün aviabiletlər əldə ediblər.
Rusiyadan Azərbaycana aviabiletlərin orta qiyməti 26 min 400 rubl (təxminən 600 manat) təşkil edir. Özbəkistana uçuşlar 27 min 200 rubl, Türkiyəyə isə 38 min 600 rubl məbləğindədir.
Uzaq xarici ölkələr arasında Tailand və Misir daha populyardır.
“Ədəbiyyat və incəsənət”
(14.03.2023)
Stokholm Beynəlxalq Moda Sərgisində Qarabağ gözəlliyi
Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Gülnarə Xəlilovanın "Qarabağ" adlı kolleksiyası yeddinci Stokholm Beynəlxalq Moda Sərgisində (Stockholm International Fashion Fair) təqdim olunub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, İsveç paytaxtının ən tanınmış mərasim mərkəzlərinin birində Grand Hoteldə keçirilən sərgisi, həmişəki kimi çoxlu sayda yerli və beynəlxalq modasevənlər, İsveç ictimaiyyəti və bu ölkədə akkreditə olmuş diplomatik korpus nümayəndələrinin iştirakı ilə baş tutub.
Stockholm International Fashion Fairdə qonaqlara ümumilikdə dünyaca tanınmış beş dizaynerin işi nümayiş edilib.
Azərbaycanın qədim geyim ənənələri və milli ornamentlərindən istifadə etməklə, xalqımızın zəngin tarixini və yeni dəb tendensiyalarını özündə birləşdirən Gülnarə Xəlilovaya məxsus ümumilikdə 9 libasdan ibarət “Qarabağ” kolleksiyası sərgisi iştirakçılarının marağına səbəb olub.
Qeyd edək ki, “Qarabağ” kolleksiyasının 7-ci Stokholm Beynəlxalq Moda Sərgisində nümayişi Azərbaycanın İsveçdəki səfirliyinin dəstəyi ilə təşkil edilib.
“Ədəbiyyat və incəsənət”
(14.03.2023)
“Wikipediya”da Şah İsmayıl Səfəvi haqqında özbək dilində bölmə istifadəyə verilib
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi öz məhsuldar fəaliyyəti ilə seçilməkdədir. Mərkəz yeni layihəsi ilə Azərbaycan Səfəvi imperiyasının banisi və birinci şahı, ilk dəfə olaraq Azərbaycan ərazilərini vahid dövlətdə birləşdirən və Azərbaycan türkcəsini dövlət dili elan edən hökmdar, şair Şah İsmayıl Səfəvi haqqında “Wikipediya” Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində “Shoh Ismoil Safaviy” adlı bölmə istifadəyə verilib.
Bu barədə “Ədəbiyyat və incəsənət” pprtalına Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib.
Mərkəzin “Wikipediya” heyəti tərəfindən yaradılmış bölmədə Şah İsmayıl Səfəvinin həyatı, hökmdarlığı, onun başçılığı ilə edilən yürüşlər və döyüşlər, siyasi fəaliyyəti, onun ailə və nəsil şəcərəsi, şəxsiyyəti, xidmətləri, ədəbiyyatımızda yeri, əsərləri, dövlətimiz tərəfindən adının əbədiləşdirilməsi və s. mövzular öz əksini tapıb.
Bölmələr üzrə hazırlanmış məqalədə Şah İsmayıl Səfəvinin həyatı və hakimiyyət illərini tam əhatə edən məlumatlar, xəritələr, tarixi rəsmlər, əlyazma əsərlərindən nümunələr və s. zəngin materiallar elmi istinad prinsipinə uyğun şəkildə verilib.
Qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 may tarixli qərarı ilə Şah İsmayıl Xətainin əsərləri Azərbaycan Respublikasında dövlət mülkiyyəti elan edilən müəlliflərin siyahısına daxil edilib.
Şah İsmayıl Səfəvinin xidmətləri adlı bölmədə vurğulanır ki, o, qısa həyatında Azərbaycan dövlətçiliyi üçün vacib işlər görüb, böyük uğurlara imza atıb, ona ölməzlik bəxş edən əsərlər qələmə alıb, Azərbaycan xalqının siyasi və mədəni tarixində parlaq səhifələrdən birinin yaradıcısı kimi tanınıb.
Bölmədə Şah İsmayıl Səfəvinin 13 yaşında ikən Səfəvi əmirləri və digər türk boylarının dəstəyi ilə əcdadlarının başladığı mübarizəni davam etdirməsi, orta əsrlərdə onun rəhbərliyi ilə Azərbaycan xalqının dövlətçiliyinin ən yüksək mərhələsi olan Səfəvilər imperiyasının qurulduğu, onun hakimiyyətinin və dövlətçilik ənənələrinin sonrakı Azərbaycan dövlətçilik tarixi zəncirində çox önəmli bir halqanı təmsil etməsi və çoxəsrlik Azərbaycan dövlətçiliyinin əsasını təşkil etməsi qeyd olunur.
Məqalədə, eyni zamanda, Şah İsmayıl Səfəvinin müasir Azərbaycan dövlətində, dövlətçilik tarixində, Klassik Azərbaycan ədəbiyyatında rolundan söz açılır, Azərbaycan dövlətinin ona verdiyi böyük dəyər və qiymət vurğulanır.
“Wikipediya”da Şah İsmayıl Səfəvi haqqında özbək dilində məlumatlarla https://uz.wikipedia.org/wiki/Shoh_Ismoil_Safaviy linki vasitəsilə tanış olmaq mümkündür.
Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Wikiuz” layihəsi çərçivəsində Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, dövlətçiliyi, şəhərləri, görkəmli şəxsiyyətləri, elm, siyasət, mədəniyyət və incəsənət xadimləri, Ermənistan-Azərbaycan münaqişəsi, birinci Qarabağ savaşı, Vətən müharibəsi və s. aid özbək dilində yüzlərlə məqalə hazırlanaraq onlayn ensiklopediyaya yerləşdirilib.
“Ədəbiyyat və incəsənət”
(14.03.2023)
Serdar Ortaç yenidən Bakıya gəlir
Aprelin 1-də Bakı Konqres Mərkəzində məşhur türk ifaçısı Serdar Ortaç konsert proqramı ilə çıxış edəcək.
Öz ifaları ilə qəlbləri fəth edən müğənni öz repertuarında olan mahnılarla pərəstişkarlarının qarşısına çıxacaq.
Qeyd edək ki, sənət aləminə 1994-cü ildə "Aşk için" albomu ilə daxil olan müğənni sevilən “Karabiberim” mahnısı ilə debüt edərək, uzun müddət gündəmdə qalıb. Serdar Ortaç bu uğuru ilə Kral TV Video Musiqi Mükafatlarında "Ən yaxşı çıxış edən kişi sənətçi”, 2006-cı ildə "Gitme" mahnısına görə “İlin klipi”, 2007-ci ildə Mü-Yap Musiqi Mükafatlarında "Mesafe" adlı albomu ilə “İlin ən çox satılan albomu” və 2009-cu ildə isə "Dansöz" mahnısı ilə “Ən yaxşı kişi sənətçisi” mükafatlarına layiq görülüb.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(14.03.2023)
Xalq şairi Cabir Novruzun 90 illiyi münasibətilə virtual kitab sərgisi hazırlanıb
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında XX əsr Azərbaycan ədəbiyyatının parlaq simalarından biri, “Sağlığında qiymət verin insanlara” sətirləri dillər əzbəri olan Xalq şairi Cabir Novruzun anadan olmasının 90 illiyi münasibətilə virtual kitab sərgisi hazırlanıb.
Kitabxanadan verilən məlumata görə, virtual sərgidə Xalq şairinin həyatı, ictimai və ədəbi fəaliyyəti haqqında geniş məlumat verilib. Burada Cabir Novruzun uzun illər müxtəlif aparıcı mətbuat orqanlarında redaktor, 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi vəzifəsində çalışması, 1995-ci ildə Azərbaycanın Milli Məclisinə deputatı seçilməsi haqqında məlumat verilib. Şairin ədəbi yaradıcılığına geniş yer verilən virtual sərgidə onun şeirlərindən nümunələr, sözlərinə bəstələnən musiqi əsərləri yer alıb. Materialda, həmçinin görkəmli şəxslərin şair haqqında söylədikləri dəyərli fikirlər, Cabir Novruzun təltif olunduğu mükafatlar haqqında da məlumatlar əks olunub. Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual kitab sərgisində Cabir Novruzun həyat və yaradıcılığından bəhs edən və müəllifi olduğu “Vətən əbədi qoruqdur”, “Bir dünyam var”, “Mənim muğamatım”, “Özünü qoru xalqım”, “Seçilmiş əsərləri” və digər kitabların biblioqrafik təsviri verilib. Xalq şairi Cabir Novruzun foto və videogörüntülərinin yer aldığı materialda şairin “Sağlığında qiymət verin insanlara” şeiri öz ifasında təqdim edilib.
“Ədəbiyyat və incəsənət”
(14.03.2023)
Kim Qardaşyan – ermənilərin milli qürur rəmzi
“Çərşənbə axşamı qiraəti” rubrikasında növbəti görüşdə xoş gördük. “Yalanın 17 anı” sənədli fentezisi böyük rezonans doğurduğundan müəllifin - yazıçı Adəm İsmayıl Bakuvinin seçimində portalımız romanın ən maraqlı hissələrini dərc etməkdədir. Müsbət haldır ki, tarixi faktlarla ermənilərin iç üzünü açan bu romandan seçmələri oxucular sosial mediada paylaşmaqdadırlar. Qoy hamı oxusun və agah olsun.
16-CI PROSES
KİM KARDAŞYAN
Növbəti səhər açıldı, növbəti gün insanlar yuxudan duran kimi Baş Meydana axışmağa başladılar. Aylarla davam edən böyük proses yekunlaşmaq üzrəydi, son iki nəfər qalmışdı. Dünəndən anons etmişdilər ki, bu gün mühakimə edilən şəxs cinayətkar yazardır. Hamı da sənəti ilə fəaliyyəti kəskin təzad təşkil etdiyi üçün bu şəxsi canlı olaraq lənətləməyə səbirsizlənirdi. Amma növbəti şəkildən örpək salınanda qorxulu kişi obrazı əvəzinə gülümsər bir qadın obrazı göründü. Yerbəyerdən bu simanı tanıyıb “Aaaaaa, Kim Kardaşyan!” deyə səslənənlər də oldu, bəziləri “Bu ki yazar deyil, bu pornoaktrisadır”, “Tanıdım, “Ulduzlarla rəqs” realiti-şousunda iştirakçı olub” , - deyə Divanı qurulanı daha yaxından tanıdıqlarını da isbatladılar.
Hamı prosesin açılışını gözlədi ki məsələ tam aydınlaşsın, nəhayət, hakimlər səhnədə öz yerlərini tutdular, Baş Hakim müəmma pərdəsini aradan götürdü:
-Əziz Divan əhli, əziz tamaşaçılar, bu gün biz Andronik Ozanyandan sonra ən qatı canı hesab etdiyimiz bir şəxsi – yazar ola-ola insanları qan tökməyə, baş kəsməyə çağıran bir manyakı ittiham edəsi idik, sabah da sıradakı yeganə xanımı. Amma həmin xanım Divan heyətinə müraciət edərək öz prosesinin ertələnməsini xahiş etdi, buna səbəb kimi əsəblərinin tam tarıma çəkildiyini və daha bir gün gözləməsinin mümkünsüzlüyünü göstərdi. Hakimlər məşvərət edib belə qərara gəldik ki, bu mühakimə olunan şəxsin qadın olması nəzərə alınsın və xahişi təmin edilsin. Beləliklə, prosesin növbəti – sonuncudan əvvəlinci günü mühakimə edilən şəxsi – Amerika aktrisası, realiti-şou ulduzu, fotomodel Kim Kardaşyanın müttəhimlər kürsüsünə gətirilməsinin təmin olunmasını xahiş edirəm.
İnsan kütləsi mühafizəçilərin əhatəsində səhnəyə qaldırılan açıq-saçıq geyimli, bədən əzaları qabarıb çıxmış qadını görcək uğultu qopardı, bəziləri bu tanış simaya nifrətlə baxsalar belə, bəziləri hətta rəğbətlə, hətta sevgiylə tamaşa etdilər.
Qadın gəlib müttəhimlər kürsüsündə əyləşdi, o, kürsüdə əyləşəndə Baş Hakim yarızarafat, yarıgerçək sözlər söyləyib publikanı əyləndirdi:
-Əsas dünyadan gəlmiş 39 yaşlı Kim 3 gün sonra Los-Ancelesdə “Teen Choice Awards” mükafatlandırma mərasimində iştirak edəcəyini, bir həftə sonra Milanda defiledə çıxış edəcəyini, daha 10 gün sonra Bollivudda “Səhranın çiçəyi” filmində çəkilişlərə başlayacağını iddia edir, xəyalən həmin mərasimlərdədir, arxayındır ki, gedib iştirak edəcək, fərqinə varmır ki, Axirət dünyasının Divanından hələ heç kəs cəzalandırılmadan qurtulmayıb.
Kim özünü yelləyərək yerindən səsləndi:
-Bir şeyi unutdunuz, möhtərəm hakim, XXL dərgisinin üz qabığı üçün fotosessiyam var, gələn ayın əvvəli Londonda olmalıyam.
Tamaşaçılar gülüşdülər, Baş Hakim də gülümsəyərək nitqinə davam etdi:
-Bəli, Kim Əsas dünyaya qayıtmağa, gördüyünüz kimi çox iddialıdır.
Kim yenidən yerindən replika atdı:
-Mənim milyonlarla İnstagram və YouTube izləyicilərim yeni post və süjet gözləyirlər, əmindilər ki, bu post və süjet pozitiv olacaq.
Zalda yenə gülüşmə və alqış sədaları eşidildi.
Baş Hakim zalda sakitlik yaranandan sonra Kim Kardaşyana müraciət etdi:
-Xanım Kim Qardaşyan, millətlərarası münasibətlərdə və əxlaqa zidd məsələlərdə ittihamla gəlib Divana çıxmısınız, proses necə olacaq, nələr baş verəcək, necə yekunlaşacaq, düzü mən də bilmirəm, yəni öncəki günlərdə öncədən hansı hökmü çıxaracağıma təqsirləndirilənin dosyesi ilə tanış olan kimi qərar vermişdim. Amma indi, düzü, bir az tərəddüdüm var. Yeri gəlmişkən, fürsətdən istifadə edib sizə bir sual verim. 2009-cu ildə “Qeyri-real blokbaster” filmində yaratdığınız qadın roluna görə “Ən pis qadın rolu” kateqoriyasında “Qızıl moruq” mukafatına layıq görülmüsünüz. Bu bir təsadüfdür, yoxsa priyomdur?
Kim gülümsəyərək cavab verdi:
-Uzun müddət “Oskar”la olmasa da, barı “Qızıl moruq”la mükafatlandırılmamı xəyal edirdim. Görəndə ki, jürilər inadla mənə mükafat vermək istəmirlər, bir erməni priyomu edərək “Qeyri-real blokbaster” filmində çox bərbad bir rol yaratdım. Liza rolu o qədər iyrənc oynanıldı ki, münsiflərdə əsl ikrah oyatdı. O qədər iyrənc ki, “ən pis rol” nominasiyasını mənə verməyə məcbur oldular.
Baş Meydanı gülüş, qəhqəhə sədaları başına götürdü. Neçə gün idi ancaq pis mətləblərdən, ölüm-itimdən, amansız cinayətlərdən qulağı cingildəyən meydanın üzərindəki mənfi aura da sanki çəkilməkdəydi.
Baş Hakim sakitlik yaranan kimi prosesi açıq elan etdi:
-Beləliklə prosesə başlayırıq. Diktorlardan xahiş edirik, müttəhimin, yox, dilim qatlandı belə məlahətli xanıma müttəhim deyərkən, təqsirləndirilən Kim Kardaşyanın tərcümeyi-halı səsləndirilsin.
Diktor xanım əlindəki qırmızı məxməri qovluqla səhnəyə çıxıb qovluğun içindəki kağızı oxumağa başladı:
-Kimberli Noel Kardaşyan, 1980-ci ilin 21 oktyabrında ABŞ-da, Los-Ancelesdə anadan olub, Amerika realiti-şou ulduzu, aktrisa, dizayner, fotomodeldir, həm də, porno industriyada ad çıxarıb, porno-filmlərə çəkilib. İki dəfə ərdə olub boşanıb, hazırda yaşadığı Saam Uest – onun 3-cü həyat yoldaşıdır. Atası məşhur vəkil olub, milliyyətcə erməni Robert Kardaşyan. Anası amerikalı Kriss Djenner isə tusovka, karnaval və ballarda iştirak edən məlahətli xanım kimi ad çıxarıb. Krisin milliyyəti şotland və hollandla da qarışıqqdır. Kim özü haqda belə deyir: Mən yarı erməniyəm, digər yarım isə holland və şotlanddır. Kim uşaqkən əmək fəaliyyətinə başlayıb, cazibədar olduğuna görə musiqili reklam roliklərinə çəkilmişdir. Bacıları ilə birlikdə “Kardaşyan ailəsi” realiti-şousu yaradıb böyük pullar qazanmağa başlayıblar, 2010-cu ildə bu xanım 6 milyon dollar qazanaraq realiti-şoudan ən çox qazanan aktrisa tituluna layiq görülmüşdür. Qızıl moruq mükafatı barədə artıq burda söylənildi, təkrar etməyəcəyik, onu söyləyək ki, Kim bədən nümayişinə 2007-ci ildə start verib. O, çılpaq halda Playboy jurnalının üz qabığını bəzəyib. Kimin biznes fəaliyyətindən onu qeyd edək ki, bacıları Kortni və Xloi ilə D-A-S-N butiklər şəbəkəsini açıb, dizaynlı çantalar, zərgər məmulatları, ayaqqabı və qadın şlyapaları, dəbli qadın aksessuarları satmaqla məşğuldurlar. Kim və bacılarının daha bir qazanc yeri etnik stildə Bebe paltarları istehsalıdır. Bu paltarların əsas dəb xətti açıq-saçıqlığı, seksuallığıdır. Kim həm də “Kim Qardaşyan” ətirlərinin istehsalçısıdır. O bir çox plastik əməliyyatlar keçirib, hətta sinə və taz hissəsinin böyüdülməsi əməliyyatı dünyada ilk dəfə onun adı ilə bağlanır. Kimin mum fiquru Nyu-Yorkdakı Madam Tyüsso muzeyinə qoyulub. O, mahnı oxumaqla da özünü sınayıb. O, avtobioqrafik əsər yazaraq öz gözəlliyinin sirrini də insanlarla bölüşüb. Bu xanım çox nüfuzludur, hətta Amerika prezidenti Donald Trampla görüşüb həbsdə olan 63 yaşlı narkotik alverçisinin azadlığa buraxılmasına nail olub. Kimin dörd övladı var.
Diktor əlindəki kağızın arxa hissəsinə boylandı, yazı bitmişdi. Odur ki, Baş Hakimin “Bəs ittiham?” sualı cavabsız qaldı. Bu suala onun qocaman həmkarı cavab verdi:
-Möhtərəm Baş hakim, möhtərəm tamaşaçılar. Kim Kardaşyanın ittiham aktını indicə səsləndirəcəyəm, amma Kim Kardaşyana bir sualım var. Madam Kardaşyan, siz ermənicə kifayət qədər bilirsiniz, soyadınız nə anlam daşıyır? Erməni dilində “kardaş” nə deməkdir?
Kim Kardaşyan gözlərini döydü, bu vaxt hakim gülümsünərək söylədi:
-Bax türkcə bilsəydiniz, onda xəbəriniz olardı ki, “kardaş” türk sözüdür, ailədəki oğlan övladına deyilir. Heç də yaxşı iş görmürsünüz, möhtərəm madam Kardaşyan. Hər şeylərini – torpaqlarını, musiqilərini, mətbəxlərini, soyadlarını belə mənimsəyib, üstəlik türklərə dava açırsınız.
Hakim tamaşaçıların gurultulu alqışları altında nitqini yekunlaşdırdı:
-Əziz proses izləyiciləri, xahiş edirəm diqqətlə qulaq asasınız. Əvvəla, onu deyək ki, Kim qədim dövrlərdən üzü bəri ən böyük cəzaya məruz qalmış əxlaqsızlıqda ittiham olunur.
Yerdən narazılıq sədaları eşidildi, Kim özü yerindən replika atdı ki, porno industriyada çəkilmək niyə əxlaqsızlıq olsun ki?
Hakim davam etdi:
-Kim Kardaşyan 2006-cı ildə seks-skandalla ad çıxardı, o, ev pornosu sahəsində Peris Hiltonu ötüb keçdi, boyfrendi Rey Ceem ilə yataq macəralarını gizli çəkib internet hüdudlarında yayılmasını təmin etdi. Bununla da məşhurlaşdı. Hazırda bu xanımın ən müxtəlif porno saytlarda, əsasən də Pornhub.com saytında porno görüntülərinə milyonlarla insan tamaşa edir. Bu görüntülərdə ənənəvi klassik seks belə yoxdur, qeyri-ənənəvi iyrəncliklər yer alıb. Dünyanın hər bir guşəsində milyonlarla yeniyetmə bu biabırçılıqlara tamaşa edib pozulurlar, mənəvi zərbə alırlar. Onun ikinci cəzalandırılması zərurəti: Bu şəxs qazandığı pulların 10 faizini rəsmən xeyriyyəşiliyə sərf edir, bu xeyriyyəçilik isə buna daha çox lüzum duyulan kimsəziz uşaqlara, xəstələrə, yoxsullara aid deyil, erməni lobbiçiliyinin maliyyələşdirilməsinə, erməni millətçiliyinin təşəkkül tapmasına xidmət edir. 2015-ci ilin 8 aprelində Erməni genosidinin 100 illiyi deyilən saxta tarix günündə bu xanım tarixi vətəni sayılan Ermənistana getməklə dünyanın diqqətini bu saxta tarixə cəlb etmişdir. Üstəlik, lap bu günlərdə - iyul ayının 14-də erməni ordusu Azərbaycanın Tovuz bölgəsinə hücum edərkən sosial şəbəkə hesablarında aqressora tərəf durmuş, işğalçıya haqq qazandırmışdır. Hər postuna 5 milyon insan baxmış, münaqişənin kökünə bələd olmayan həmin insanlar öz torpaqlarını qoruyan azərbaycanlıları günahkar, təcavüzkarı isə haqq yolçusu saymışlar.
Kim Kardaşyan yerindən dik atıldı:
-Mənim bütün fəaliyyətim qanunla tənzimlənir, hər şey hüquqi müstəvidədir, qanundan kənar heç bir şey etmirəm. Məni nədə günahlandırırsınız ki? Vətənpərvərəm? Kim vətənini sevməz ki? Vətənimi müdafiə etdiyimə görə məni bəlkə həbs edəsiniz? Bu ki tam absurddur. Tam məntiqsizlikdir. O ki qaldı ittihamın ikinci tərəfinə, seksə, seks – cinayət deyil, seks gözəllikdir. Möhtərəm hakimlər, bəlkə siz bunun dadını bilmirsiniz, mən məmnuniyyətlə bunu sizə dadızdıraram.
Baş Meydanı qəhqəhə sədaları başına götürdü, Baş hakimlə gənc hakimin də dodaqları qaçdı. Amma yaşlı hakim bərk əsəbi halda səsini qaldırdı:
-Lazım deyil öz əxlaqsızlığınıza bizi də sürükləyəsiniz.
Kim yenə söz altında qalmadı, dedi, cənab hakim, siz qocasınız, yəqin impotentsiniz, amma digər iki hakim gəncdirlər, onların adından danışmayın, onlar, çox güman mənimlə yataq bölüşdürməyi istəyərlər.
Baş Meydanı yenidən qəhqəhə sədaları bürüdü. Baş Hakim də uğunub getdi, öncə onun özünün, ardınca da tamaşaçıların sakitləşməsi üçün xeyli vaxt lazım gəldi. Nəhayət, Baş Hakim mikrofonunu işə saldı:
-Əziz tamaşaçılar, nə qədər etsək də bizim bugünkü prosesimiz bir şou xarakteri aldı, ciddilikdən tam uzaq oldu. Bəlkə Kim Kardaşyan xanıma Divan bu gün cəza kəsməsə yaxşıdır?
Tamaşaçılar uğuldadılar.
Baş Hakim tamaşaçılar dayanan kimi üzünü Kim Kardaşyana tutdu:
-Xanım Kardaşyan, məşhur bir olay var, burada da təkrarlandı, siz 2006-cı ildə seks-skandalla ad çıxardınız, ev pornosu biznesi sahəsində Peris Hiltonu belə ötüb keçdiniz, boyfrendiniz Rey Ceem ilə yataq macəralarınız gizli, onun xəbəri olmadan çəkilib internetin hüdudlarını fəth etdi. Peris bundan şok yaşadı, uzun müddət özünə gələ bilmədi. Sizsə alovlu bəyanatlar verərək sizin yataq səhnənizi paylaşan porno saytları tənqid etdiniz. İndi iş işdən keçəndən sonra sizdən səmimi cavab almaq istəyirəm. Doğrudandamı sizin Perislə seksinizin videoya çəkilməsindən xəbəriniz yox idi? Doğrudanmı bu sizə bəd bir sürpriz oldu? Yoxsa bu da bir erməni priyomuydu?
Kim gülümsədi:
-Əlbəttə ki, erməni priyomuydu. Mən buna həftələrlə hazırlaşmışdım. Düzdür, Rey bundan itirdi, amma mən sonrakı porno aktrisalıq yolumda böyük bir təkan əldə etmiş oldum.
Baş Meydanı yenə uğultu səsləri bürüdü. Baş Hakim yanlarında oturan hakimlərlə xırda bir məşvərət elədi, yaşlı hakimin ara-sıra görünən qəzəbli mimikasının fonunda o özü və gənc hakim gülümsər mimikalarını heç cür yiğişdira bilmirdilər. Tamaşaçılar Kim tərəfə replikalar, suallar yağdırırdılar, o isə heç bir kompleks nümayiş etdirmədən hamını cavablandırmağa çalışırdı.
Nəhayət Baş Hakim prosesi davam etdirdi:
-Əziz Divan üzvləri, çox əziz tamaşaçılar. Erməni xalqını qorxudan 10 səbəbi xatirlayın, günlər öncə proses başlayanda bunları sizə səsləndirmişdik. Bunlardan biri nə idi? İlahə Anaid kultu. İş ondadır ki, ermənilər xristianlığın qəbuluna qədər İlahə Anaidə səcdə edirdilər, bunu isə Qədim dövr tarixi fahişəlik sanır, İlahə Anaidi fahişəlik rəmzi hesab edir.
Erməni vəkillər və müdafiəçilər bir ağızdan “Biz etiraz edirik” deyə çığırışdılarsa da, onlara məhəl qoyan olmadı. Baş Hakim nitqini kəsmədi:
-Anaid məbədlərində əsl fahişəliyin tüğyan etdiyini qədim kitabələr iddia edir. Erməni qızlar əcnəbi kişilərə bədənlərini satırmış, daha çox bədən satanlar məbəddə yüksək rütbələr alırmış. Ermənilər utanc gətirən bu faktı indi danır, İlahə Anaidi fahişəlik rəmzi deyil, Məhsuldarlıq rəmzi kimi qələmə verməyə çalışırlar. Pornoulduz Kim Kardaşyana isə səcdə gətirir, onu milli sərvətləri hesab edirlər. Qoy Kim Kardaşyan cəza almasın, Əsas dünyaya qayıtsın, öz zərif cüssəsi ilə ermənilərin Anaid kultunu davam etdirməsini dünyaya sübut etməkdə davam eləsin!!!
Bu dəfə tamaşaçılardan gülüş sədaları əvəzinə ani heyranlıq reaksiyası gəldi, ardınca da onlar Baş Hakimin reallığı ən doğru əks etdirən qərarını ayaq üstündə hey alqışladılar.
Kim Kardaşyan bilinmirdi qalib, yoxsa məğlub ədasındaydı, oradakı fanatlarına avtoqraf verə-verə görünməz oldu, tamaşaçılar yavaş-yavaş dağılışmağa başladılar. Beləcə axırıncıdan əvvəlinci proses də bitmiş oldu. Səhərisi gün hamının intizarla gözləyəcəyi proses olacaqdı. Tamaşaçılardan müttəhimin adı gizlin saxlanılsa da, çoxuna bu ad artıq sızmışdı: Zori Balayan!
Özlüyümdə onu da deyim ki, mən müəllif olaraq hətta ən qatı manyakın, seriya qətllərinin müəlliflərinin tökdükləri qana Balayan qədər susamasının indiyədək şahidi olmamışam.
DAVAMI VAR
“Ədəbiyyat və incəsənət”
(14.03.2023)
Müəllimlər yeniyetmələrə necə münasibət göstərməlidirlər?
Yeniyetməlik dövründə yaşanan fiziki və psixoloji yeniliklər şagirdlərdə böyük dəyişikliklərə səbəb olur. Bu prosesdə şagirdin üzərinə qoyulan həddən artıq məsuliyyət məktəb uğurlarının azalmasına səbəb ola bilər. Bu prosesdə şagirdlərin, valideynlərin və pedaqoqların üzərinə böyük vəzifələr düşür. Yetkinlik yaşına çatmış uşaqlar sevgi dolu baxışlar tapa bilməsələr, müəllimlərindən və ailələrindən uzaqlaşacaqlar. Müəllimlər hansı mövzularda diqqətli davranmalıdırlar? “Ədəbiyyat və incəsənət” portalı verilən suala yeniyetmə psixoloqu Nəzrin Həşimzadənin cavabını təqdim edir.
* Müəllimlər yeniyetməlik dövrünün psixologiyası və inkişafı haqqında məlumatlara malik olmalıdırlar.
* Bu çətin prosesdə şagirdlərə qarşı anlayışlı və səbrli olmalıdırlar.
* Şagirdlər arasında müqayisə etməməlidirlər. Bilmək lazımdır ki, hər bir insanın anlamaq,düşünmək qabiliyyəti fərqlidir, hər bir şagirdə mütləq şəkildə individual yanaşılmalıdır.
* Gənclərlə çox mübahisə etmədən problemləri aradan qaldırmağa çalışmalıdırlar.
Bəs yeniyətmələrlə ünsiyyət necə olmalıdır?
* QƏBUL EDİN: Tələbələrinizi olduğu kimi qəbul edin. Qəbul etmək onların hisslərini anlamaq və onlara hörmət etmək deməkdir. Şagirdlərinizin hisslərinə hörmət edin. Şagirdlər hörmətlə dinlənilmək və başa düşülmək istəyirlər. Onlarla göz təması ilə danışın.
* İCAZƏ VERİN: Özlərini ifadə etmələrinə icazə verin. Qəbul etmək çətin olsa da, onların sizdən çox fərqli düşüncələri və hissləri ola biləcəyini unutmayın. Çevik və anlayışlı olun. Zülmkar olmayın.
* DİQQƏT EDİN: Ünsiyyət bacarıqlarınıza fikir verin. Tənqid, mühakimə etməyin, günahlandırmayın, digər tələbələrlə müqayisə etməyin.
* DİNLƏYİN: Yaxşı dinləyici olun. Onları hər dəfə nəsihətlərlə sıxışdırmayın. Yeniyetmələr, böyüklər kimi, bəzən sadəcə etibar etdikləri birinin onları dinləməsini istəyirlər.
* SEVGİYİNİZİ GÖSTƏRİN: Tələbələrinizə sevgi və qayğı göstərin. Deməyin ki, "bu uşaq böyük dərddir, öhdəsindən gələ bilmirəm". Belə bir düşüncəylə uşaqda irəliləyiş əldə edə bilməzsiniz. Tərif edilməli olduqları zaman onları tərifləyin. Çətin vəziyyətdə alternativ yollar axdarın.
Müəllimlər bu qaydalara riayət etsələr, bir-birlərinə qarşı daha anlayışlı, sevgi dolu olarlar. Çünki bu dünyada həqiqi səadət yolunu tapmaqda yol göstərən varlıq müəllimdir.
Unutmamaq lazımdır ki, gənclər üçün bu çətin, lakin müvəqqəti bir dövrdür.
“Ədəbiyyat və incəsənət”
(14.03.2023)
Dərviş Təbrizlidən “Soruş”
“Ədəbiyyat və incəsənət” portalında “Güney ədəbiyyat poeziyasından poetik seçmələr” rubrikasında Dərviş Təbrizli həftəsi davam edir. Bu gün şairin “Soruş” qəzəli təqdim olunacaq.
Dərviş Təbrizli təxəllüsü ilə tanınan Məhəmməd Cavadi 1992-ci ildə təbriz şəhərində anadan olubdur. 2007-ci ildən türkcə şeir və ədəbiyyat sahəsində çalışır. İndiyə kimi 3 kitabı ışıq üzü görübdür. 10 kitabdan artıq roman kitabını azərbaycan əski əlifbasına köçürübdür. Bir ildən artıqdır ki, pyes və ssenari yazmağa üz gətiribdir. Azərbaycanın böyük sənətkarı Cəfər Cabbarlının pyes yazılarını köçürüb və çapa hazırlayıbdır. İndi isə təbriz şəhərində gülüş tamaşasının səhnəyə çıxmasının, yazarı və baş yazarıdır.
SORUŞ
Şəklini fərş üstə doğrutdum, piçaqlardan soruş,
Saçlarınla, gözlərin rəngi boyaqlardan soruş.
İlmək-ilmək, arşın-arşın nazladım boyluqları,
Get ipəklərdən soruş, baş vur yumaqlardan soruş.
Tıqqa-tıqlar bu saatda taqqa-taqdır beynimə,
Qışqırır sənsizliyi bom-boş otaqlardan soruş.
Bu qoca şəhri ayaqdan saldım, axtardım səni,
İzlərim yorğundu, qoy yatsın, ayaqlardan soruş.
Sən gedən gündən məni görcək pıçıldar qonşular,
Halımı pıç-pıçların içrə qulaqlardan soruş.
Yaslıyam, sənsiz verir can bu yarım, can yastığım,
Gözlərimdə gizlənən sızğın bulaqlardan soruş.
Eşqi biz döndərmişik indi ögeylik eşqinə,
Gəl yaxınlaşdır, açım bir söz qabaqlardan soruş.
Mən özümdən də uzaqlaşdım, yetişdim tanrıya,
Bir günü tutsan soraq, məndən uzaqlardan soruş.
Çiyninə Dərviş çəkib illərdi sənsizlik yükün,
Qoy uyan uysun, ürək dərdin oyaqlardan soruş.
“Ədəbiyyat və incəsənət”
(14.03.2023)
Adamı belə əsəbiləşdirərlər!
“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Bəsti Cəfərovadır.
BƏSTİ CƏFƏROVA
(1959)
***
Mədəniyyət və İncəsənət Universitetində təzə işlədiyim vaxtlar idi. Mənim kursumda oxuyan tələbələrdən biri yaxınlaşıb:
– Bəsti xanım, eşitdiyimə görə Tofiq İsgəndərovun quruluş verdiyi…
– Adil İsgəndərovun, – sözünü kəsib, düzəliş elədim.
– Hə, hə… Adil Kazımovun…
– Adil İsgəndərovun…
– Hə də, Adil İsgəndərovun quruluş verdiyi və Səməd Rüstəmin…
– Offf, Səməd Vurğunun…
– Üzr istəyirəm, Səməd Rahimin…
– Vurğunun!
– Vurğunun-Vurğunun… Adil İsgəndərovun quruluş verdiyi və Səməd Vurğunun “Kral Lir” tamaşasında…
– “Vaqif” tamaşasında…
– “Vaqif” tamaşasında siz Molla Vəli Vaqifin… arvadını oynamısız…
– Sizin imtahanınız nə vaxtdır?
– Üç gündən sonra. Yəqin ki, mən əla qiymət alacağam.
– Niyə ki? Hər şeyi qarışdırdığın üçün? O boyda sənətkarların adını düz deyə bilmədiyin üçün?
– Yox, sizi əsəbiləşdirə bildiyim üçün.
– Başa düşmədim. Buna görə adama əla yazırlar?
– Tapşırığı özünüz vermişdiz ki… müəllimi əsəbiləşdirmək, – tələbə gülərək dedi. Mən bunu bacardım…
“Ədəbiyyat və incəsənət”
(14.03.2023)
Əlizadə Nurinin sevinci axşam gələcək…
“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasının daimi müəllifi Əlizadə Nuri bu dəfə sizlərə “Sevinc axşam gələcəkdi” şeirini təqdim edir.
Çıraq oldum, işığımı
Salmağa bir dam olmadı.
Çoxu mənə “ oğul” dedi
Heç biri anam olmadı.
O dağı axsaq çıxardım,
Qaranlıqdan ağ çıxardım…
Bu gecədən sağ çıxardım-
Yanımda bir şam olmadı.
Bu əldi, ya boş əlcəkdi?
Nə çəkdisə, boş əl çəkdi…
… Sevinc axşam gələcəkdi-
Gözlədim, axşam olmadı…
“Ədəbiyyat və incəsənət”
(14.03.2023)