Super User
Uşaqları cəsarətli böyütmək üçün zəruri olanlar
Valideynlərin öhdəsinə düşən işlərdən biri də övladlarını yetəri qədər cəsarətli biri olaraq böyütməkdir. “Ədəbiyyat və incəsənət” portal üçün Uğur Mətləb övladlara cəsarət hissini aşılamaq naminə arayıb axtarıb bir neçə üsul taparaq təqdim edir:
- Uşaqlarınıza özünü ifadə edə bilməsi üçün imkan yaradın. Çünki özlərini nə qədər yaxşı ifadə etsələr o qədər çox cəsarətli olacaqlar.
- Fikirlərini və sözlərini aşağılamayın. Onları mümkün qədər ciddiyə almağa çalışın.
- Onlara və düşüncə tərzlərinə hörmət etdiyinizi bildirin.
- Uşaqlarınıza özlərini və başqalarını ittiham etməyin düzgün olmadığını izah edin.
- Hər kəsin bərabərhüquqlu olduğunu bilmələri də əsas şərtlərdəndir.
- Övladlarınıza yalan danışmayın. Onlara da yalanın düzgün olmadığını bildirin.
- Ətrafda baş verən hadisələrə real yanaşmaq uşaqlarınızın daha tez inkişaf etmələrinə imkan yaradacaq.
- Soruşduqları hər suala mümkün qədər ətraflı və geniş cavab verməyə çalışın.
- Hər şey haqqında yox, lazımlı olanlar haqqında bilməsi lazım olduğunu öyrədin.
“Ədəbiyyat və incəsənət”
(15.03.2023)
Uşaq Filarmoniyasında konsert keçiriləcək
Bu gün Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Uşaq Filarmoniyasında “Sədəf” xalq çalğı alətləri ansamblı konsert proqramı ilə çıxış edəcək.
Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən ansambl zəngin və maraqlı repertuarla tamaşaçıların qarşısına çıxacaq.
Proqramda xalq və bəstəkar mahnıları, habelə muğam və təsniflər ifa olunacaq.
Qeyd edək ki, konsert Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunur.
“Ədəbiyyat və incəsənət”
(15.03.2023)
Diqqət! Milli Muğam Müsabiqəsi başlayır!
Muğam diyarında muğamla bağlı hər bir tədbir gözləniləndir. Amma bu dəfə biz ən yüksək səviyyəli tədbirdən söz açacağıq.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə növbəti Milli Muğam Müsabiqəsi başlayır.
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilən müsabiqəyə 2023-cü il aprelin 24-də start veriləcək, festival aprelin 27-də başa çatacaq.
“Ədəbiyyat və incəsənət” portalı məlum edir ki, son illər Azərbaycanda muğamın qorunması və inkişafı istiqamətində görülən fundamental işlərə baxdıqca beynəlxalq və milli muğam müsabiqələri bir ayrı qabarır.
Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən milli muğam müsabiqələri və beynəlxalq muğam festivalları təşkil olunur. Bu layihələr milli sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və yaşatmaq məqsədi daşıyır.
Gəlin yaddaşımızı vərəqləyək. Milli mədəniyyətimizin və xalq sənətimizin qorunması və inkişafına yüksək diqqət və qayğı göstərən Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünyanın 40-dan çox ölkəsinin muğam ifaçıları Beynəlxalq muğam festivalında bir araya gəlirlər. Təqribən bir həftə ərzində Bakı dunya mədəniyyətinin şah əsəri adlandırılan muğamın məkanına çevrilir. Şərq dünyasının ən qiymətli incisi sayılan muğam dünya ictimaiyyətinin nəzərlərini bir daha Azərbaycana yönəldir. Festival çərçivəsində muğama həsr olunan müzakirələr, klassik və simfonik muğamların gözəl ifaları, Beynəlxalq muğam müsabiqəsi qaliblərinin unudulmaz çıxışları, məşhur musiqiçilərin konsertləri qədim və həmişəyaşar muğam sənətinin bütün zənginliyini nümayiş etdirərək festival proqramını həm rəngarəng, həm də yaddaqalan edir. Xüsusən ilk belə festivalın təntənəli bağlanış mərasiminə həsr edilən konsertın akkordları: Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbər Rauf Abdullayevin dirijorluğu ilə Fikrət Əmirovun "Şur" simfonik muğamını ifa etmələri, Xalq artisti Alim Qasımovun və əməkdar artist Fərqanə Mövlamovanın "Şur" təsnifini ifa etmələri zənginliyi ilə fərqlənən konsertə unudulmaz çalarlar qatmışdl. Azərbaycan musiqisi əcnəbi qonaqlar tərəfindən böyük maraqla izlənilmiş, hər bir ifa sürəkli alqışlarla qarşılanmışdı.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın milli mədəniyyətimizə, muğam sənətinə göstərdiyi dəstəyin və bu istiqamətdə aparılan işlərin nəticəsidir ki, Azərbaycan muğamları 2008-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.
“Ədəbiyyat və incəsənət” portalı Əməkdar artist Təyyar Bayramovun Özbəkistanda keçirilən bir muğam müsabiqəsindən sonra səsləndirdiyi bu fikirlərinə diqqət yönəldir: “Muğamlarımızın kökləri çox-çox qədimlərə gedib çıxır. Qeyd etdiyiniz kimi, Azərbaycan muğamlarının mükəmməlliyinə görə biz ilk növbədə dahi bəstəkarımız Üzeyir Hacıbəyova borcluyuq. Ü.Hacıbəyov o vaxtlar görkəmli xanəndələrimizdən - Cabbar Qaryağdıoğlu və Seyid Şuşinskidən ibarət komissiya yaradıb. O zamanlar elə muğamlar vardı ki, onların 30-35, hətta 40 şöbəsi vardı ki, bu da yeknəsəkliyə, təkrarçılığa gətirib çıxarırdı. Nəticədə dinləyici xanəndəyə qulaq asanda yorulurdu. Həmin komissiyanın köməyi ilə muğamlarımızdan təkrarçılıq yaradan şöbələr çıxarıldı və təkmilləşdirildi. Hazırkı tədris də həmin üç nəfərin tərtib etdiyi dərsliklə aparılır. Bəzi muğam müsabiqələrində başqa ölkələrin ifaçılarında həmin təkrarçılıq özünü göstərir. İfa var ki, yarım saat - 40 dəqiqə dinləyirsən, amma ifaçının nə demək istədiyini başa düşmürsən. Amma bizdə belədir ki, dinləyici intizarda qalır ki, görəsən, bundan sonra xanəndə hansı boğazları edəcək. Onlarda isə boğazlar o qədər təkrar olunur ki, istər-istəməz tamaşaçı yorulur. Bir də xaricilərin ifasında bir fərqli cəhət də var ki, onlarda muğam yalnız orta və bəm səslə, bizdə isə bəm, orta və zil səslə ifa olunur. Bizdən festivalda iştirak edəcək ifaçıların hamısı zilli-bəmli muğamlara müraciət etmişdi. Mən bu müsabiqədən sonra özlüyümdə bir daha yəqin etdim ki, Azərbaycan muğamı dünyada birincidir.”
İndi isə müsabiqəyə qoşulmaq istəyənlər üçün zəruri xatırlatmalar: Milli Muğam Müsabiqəsinə qeydiyyat aprelin 10-dək aparılacaq. Musiqi yarışmasında yaşı 18-dən 35-dək olan xanəndə və instrumental ifaçılar iştirak edə bilər. Qeydiyyat zamanı hər iştirakçı muğam ənənəsinin zənginliyi və rəngarəngliyini əks etdirən solo və müşayiətlə canlı ifa edəcəyi proqram barədə məlumat təqdim etməlidir. İştirak ərizələri elektron formatda Этот адрес электронной почты защищен от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра. ünvanına göndərilməlidir. Ərizədə iştirakçının adı, soyadı, doğum tarixi, əlaqə nömrələri, elektron poçt ünvanı, yaradıcılığı və ifa edəcəyi proqram barədə məlumat, müşayiət edən heyət üzvlərinin adları qeyd olunmalıdır. Ətraflı məlumat üçün vatsap nömrələri: (070) 233 73 78, (070) 663 80 80.
Müsabiqə ilkin seçim və iki əsas turdan ibarət olacaq. Yarışmaya vəsiqə qazanan iştirakçılar aprelin 20-də elan ediləcək. Yarışmanın 1-ci turu aprelin 24-25-i, 2-ci turu isə aprelin 26-27-si keçiriləcək.
Aprelin 27-də xanəndə və instrumental ifa kateqoriyaları üzrə qaliblər seçiləcək. Xanəndə və instrumental kateqoriyalarında 1, 2 və 3-cü yerin hər bir qalibi müvafiq olaraq 7 000, 5 000 və 3 000 AZN mükafat qazanacaq.
Milli Muğam Müsabiqəsinin qalibləri ölkəmizi “Muğam aləmi” 6-cı Beynəlxalq Muğam Festivalında təmsil edəcək.
“Ədəbiyyat və incəsənət”
(15.03.2023)
Den Braunun yazı rutini...
Den Braun Robert Lenqdon obrazını əks etdirən, ən çox satılan, triller romanları ilə tanınan Amerikalı yazıçıdır; “Mələklər və Şeytanlar”, “Da Vinçi Şifrəsi”, “İtirilmiş Simvol”, “Cəhənnəm” və “Başlanğıc” - onun əsas əsərləridir.
“Ədəbiyyat və incəsənət”in əməkdaşı Habil Yaşar Den Braunun yaradıcılığını təhlil edən yazısını təqdim edir.
“Mənim üçün yazmaq, musiqi alətində ifa etmək kimi bir intizamdır; daimi məşq və bacarıqların təkmilləşdirilməsini tələb edir.”
Tipik bir yazı günündə (Braun həftədə yeddi gün işlədiyindən hər gün onun üçün eynidir) müəllif gününə səhər saat 4-də başlayır, bir gün əvvəl axşam saat 22-də yatdıqdan sonra.
Braun yazısına başlamaq üçün masasının başına keçməzdən əvvəl, güllə keçirməz qəhvə (yağ və hind cevizi yağı ilə qarışdırılmış qara qəhvə) hazırlayır və qaragilə, ispanaq, banan, hind cevizi suyu, çia toxumu, çətənə toxumu, kətan toxumundan ibarət noxud proteini hazırlayır. Sonra yazı vaxtıdır.
The Guardiana dediyinə əsasən "Nə qədər enerjim olduğundan asılı olaraq altı ilə doqquz saat arasında işləyirəm". “Bir çoxu bir gün əvvəl yazdıqlarımı redaktə edir. Bu, bir növ o günün tələbindən asılıdır.”
Gərgin yazı seansını dayandırmaq üçün Braunun kompüterində elə bir proqram quraşdırılıb ki, o, hər saat 60 saniyə donur, bu müddət ərzində təkan, oturaq hərəkətlər və bəzi sürətli uzanma hərəkətləri edir. Əvvəlki günlərdə onun stolunun üstündə proqram əvəzinə vaxtı qeyd edən antik qum saatı var idi.
“Yuxu vəziyyətindən - mümkün qədər tez masama çatmağa çalışıram. Səhər saat 4-də yazmağın ən yaxşı tərəfi odur ki, sizə e-poçt yazan başqa heç kim yoxdur.”
“Ədəbiyyat və incəsənət”
(15.03.2023)
İntellektuallıq barədə pritça - İber Ortaylı
Xəyyam Ağa İlber Ortaylının - Türkiyə tarixçisinin bir xatirəsini “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir. 1947-ci il təvəllüdlü İlber Ortaylı çağdaş türk ictimai fikrində söz yiyələrindən sayılır.
Universitetdə ən çox sevdiyim müəllimin otağında idim. Mənə “Nə olmaq istəyirsən?” deyə sual verdi. “İntellektual olmaq istəyirəm” dedim.
“Səndən intellektual olmaz” dedi.
Donub qaldım, sonra incik bir səslə "Sizin dərsi keçsəm də yenə mühazirələrinizə gəlirəm, ən çox oxuyan, araşdıran və elmi müzakirələrdə iştirak edən yenə mənəm” dedim.
“Səndən intellektual olmaz” dedi.
Çox qəzəblənmişdim! “Dosentlik dissertasiyalarının mövzularını belə mən təklif edirəm" dedim.
Professor gülümsəyərək geriyə yaslandı.
"Səndən çox yaxşı tədqiqatçı olar, amma intellektual olmaz” dedi. Arxasınca da davam etdi: “Səndən intellektual olmaz dediyimdə niyə elə düşündüyümü soruşmadın, küsdün və qəzəbləndin”.
Sonra izah etdi:
-Yazarlıq bilik işidir. İntellektuallıq bilik deyil, davranış tərzidir. Bir insanın intellektual olması üçün ailəsinin ən azı 3 nəsil oxumuş olması lazımdır.
Universitetin həyətinə bax. Son model avtomobillərlə doludur, hamısı da müəllimlərə məxsusdur. Hər il yenilərini alırlar. Tez-tez maşın dəyişməyə nə ehtiyac var? Niyə belə yaşayırlar?
Çünki müxtəlif elmi titullara sahib müəllimlərin karyerası nə qədər yüksək olsa da ruhları feodal bir kəndçi ruhudur.
Güclərini cəmiyyətə sırımaq üçün özlərini belə göstərməli, lovğalanmalıdırlar.
Əsl intellektual əsla bu motivlərlə hərəkət etməz. Saxta intellektual kəndçilərə diplomlar və elmi titullar azlıq edir.
Eynilə pulun azlıq etdiyi kimi.
“Ədəbiyyat və incəsənət”
(15.03.2023)
Sabir Məmmədov sağ əliylə sol qulağını necə tutdu
“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Sabir Məmmədovdur.
SABİR MƏMMƏDOV
(1961)
***
Kamal Həsənov var idi, professor, rəqs müəllimi. Çox gözəl insan və çox yaxşı müəllim idi. Ruhu şad olsun.
“Babamızın babasının babası” filminə çəkildiyim üçün dərslərdə olmamışdım. Zaçot vaxtı idi:
– Balası, sən mənim dərsimdə olmamısan, mən sənə zaçot yazmayacağam, – dedi.
– Kamal müəllim üzrlü səbəbdən dərsdə olmamışam. Kinoya çəkilmişəm.
– Yaxşı eləmisən, adam kinoya çəkilər də. Yaxşı, de görüm nə bacarırsan?
– Tanqo, vals, uzundərə…
– Onu mən öyrətmişəm. Sən özün nə bacarırsan?
Ani fikirləşəndən sonra:
– Sağ əlimlə sol qulağımı tuta bilirəm, - dedim.
– Tut görüm…
Tutdum.
– Malades. Başqa nə bacarırsan?
– Sol əlimlə də sağ qulağımı tuta bilirəm.
– Tut görüm.
– Tutdum.
– Malades. Sən öz qulağıvı normal, adam kimi də tuta bilirsən?
– Əlbəttə.
– Malades. Ver zaçotkanı…
“Ədəbiyyat və incəsənət”
(15.03.2023)
“Yad qadının məktubu” “M Teatr”da nümayiş olunacaq
Martın 19-da müstəqil “M.Teatr”ın (“Mənim teatrım”) səhnəsində dünyaşöhrətli yazıçı Stefan Sveyqin “Yad qadının məktubu” adlı məşhur novellası əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq.
Tamaşanı səhnələşdirən və quruluşçu rejissoru Xalq artisti Vidadi Həsənov, bəstəkarı Röya Hüseynova, rəssamı Ülkər Əliyeva, rejissor köməkçisi Səbinə Süleymanovadır.
Qeyd edək ki, “Yad qadının məktubu” Ştefan Svayqın ən məşhur novellalarından biridir. Bu əsər dünyanın bir çox ölkələrində tərcümə olunub. Əsərdə məşhur romançı tanımadığı, bəlkə də xatırlamadığı yad bir qadından məktub alır. Məktubu oxuduqca məlum olur ki, bu qadın bütün ömrü boyu yalnız onu sevib. Qadın həyatda romançı ilə qarşılaşdığı bütün məqamları xırdalığına kimi təsvir edir.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(15.03.2023)
“Bir gün mən də dönüb payız olacağam” – Elxan Yurdoğlunun şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Özü-özüylə söhbət və şeir vaxtıdır, Elxan Yurdoğlu ilə tanışlıqdır.
Elxan YURDOĞLU
Özüylə söhbəti...
Yaş artıqca başqalaşırsan. Özün olmaqdan çıxırsan, bir az ailən, bir az dostların, bir az cəmiyyət, bir az işindəki adam olmağa başlayırsan.
Yaş artıqca özünü inandırmağa çalışırsan ki, gəncsən, “ruhun gəncdir” kimi ənənəvi fikirlərlə özün özünü aldadırsan və nə qəribədir ki, elə uşaq kimi də bu sözlərə özünü inandırırsan. İnsanların yaşlandıqca uşaqlaşmağa başladıqlarını hamımız eşitmişik. Görəsən, özümü aldadıb buna uşaq kimi inanmağımı qocalmağa başlamağın ilk addımları saymaq olarmı?!
Məsələn, ömrün ortasına çatmaq, yəni ömrün sıfırdan başlayıb sıfıra qayıdan parabolasının ən yuxarı nöqtəsində dayanıb düşünmək kimi də qəbul etmək olarmı bu düşüncələri? Eeeey, şair, az bilmirsən, ömrün 42-ci yaşında parabolanın ortasında olmaq... Hmmm, təxminən 84 il. Allah qismət eləsə, niyə də olmasın )))
Başqalaşmaqdan danışdım axı, nə qədər özüm olmaqdan çıxsam da, yazılarımda həmişə bir güzgü effekti görmüşəm. Yazılarımda özümdən çıxa bilməmişəm. Yazılarımda özümdən çıxmamışam. Bu həm də o deməkdir ki, Allahın verdiyi istedaddan onun istəyincə istifadə etmişəm. Yazıda özümdən çıxmamışam. Hər iki mənada. Elə hər iki mənada yazıya sədaqət də budur.
Bəzən özümə verdiyim sualların qarşısında dərin-dərin düşünməli, uzun-uzun fikirləşməli olmuşam. Cavabında özümü qane etməyən suallar olmayıb. Özümə hansı sualı vermişəmsə, bunun arxasında vicdanın tələbkarlığını, sevginin kövrəkliyini, atalığın nigaranlığını, vəzifəmin məsuliyyətini hiss eləmişəm. Çiynimə aldığım yüklərin mənəvi ağırlığına ürəyin necə dözümlülük nümayiş etdirdiyinə heyran olmuşam. Suallarımın cavabında ağıldan çox ürəyin hökmranlığı özümə qarşı haqsızlığa gətirib çıxarsa da, başqalarına qarşı haqsızlığımın olmamasına görə təskinlik tapıb özümə oyuncaq sevinclər də düzəltməyi bacarmışam.
Çoxlarına görə, həyat doluyam, ətrafdakılar üçün bir çox mənada stimul qaynağıyam. Gənclərin daim üz tutduqları dostuyam. Hamıya zaman ayıra bilirmişəm. Daha nələr, nələr... Görəsən, bunlara zaman ayıraraq özümdən nələrisə oğurlamıram ki?! Zamanı, işlərimi, yaradıcılığımı? Və yenə geriyə boylanıb ortaya qoyduqlarıma baxanda təəssüflənmirəm, təəccüblənirəm. Özümə qarşı oğurluğum olmayıb. Bundan sonrasında elə əvvəlki tempdən daha sürətlə işləməli, həyatı doya-doya, zövqlə yaşamağa davam etməli. Axı həm də parabolanın üstdən aşağı sürüşkən relyefinə keçid başlayıb. Bu relyefdə ömrü kələ-kötür düşüncələrdən qorumaq və hədəfə hamının tanıdığı o adam olaraq çatmaq ən böyük diləyimdir. Hamının şair deyə xitab etdiyi yaradıcı kimliyin haqqını da vermək şərti ilə.
21-12-2022,
Naxçıvan
...və şeirləri
SEVİB-SEVİLMƏDƏN YAŞAMAQ OLMUR
İndi bax tərtəmizdir telefonun yaddaşı,
Daha qalereyada səni axtarmıram da.
Şəkilsiz adamlar da yavaş-yavaş yadlaşır,
Yadlaşan adamlarla divar hördüm aramda.
Sən də qaldın divarın o üzündə, yaxşı yol,
Divarın ardındakı səslərdə itdi səsin.
Amma bir diləyim var, harda olsan, yaxşı ol,
Qayıtsan, bil ki, burda yoxdu o doğma kəsin.
Bilirsən, şair olan diqqətsizlikdən ölür,
Soyuqqanlı sevdiyim, dondum buz ürəyində.
Bizə vüsal ağlayır, bizə ayrılıq gülür,
Duyğularım can verdi duyğusuz ürəyində.
Nə yaxşı, səndən sonra qayğıma qalan oldu,
Bir içim sevgi səpdi sozalan ümidimə.
Tənhalığa qısılan könlümü alan oldu,
Nə çox məna yüklədi azalan ümidimə.
Çoxunun nəzərində ağılsızam, bilirəm,
Mən ki bir dəli şair, mən ki dopdolu adam.
Yenə dəlicəsinə sevirəm, sevilirəm,
Sevməsəm, sevilməsəm, necə yaşayacağam?!
BİR GÜN PAYIZ OLACAĞAM
Ulduzlara əl uzatsam, toxunarmı saçlarına?
Dodağıma yağış düşsə, islanarmı dodaqların?
Səhər-səhər rəssam günəş boyayanda üfüqləri
Mən də durub seyr eləsəm, qızararmı yanaqların?
Yarpaqları ovuclayıb misralara səpələsəm,
Şeirlərim ürəyinə yatarmı heç, nar çiçəyim?
Sərçələrə pıçıldasam sənlə dolu duaları,
Yaradanın dərgahına çatarmı heç, hər diləyim?
Əllərimi yana açıb qucaqlasam bu dünyanı,
Sevə-sevə bu dünyanın bir adı sən olarsanmı?
Bu yağışı, bu payızı, bu havanı doya-doya
Ciyərimə çəksəm əgər, varlığıma dolarsanmı?
Taleyinə qarlar yağan, qönçə gülüm, qısıl mənə,
Mən onsuz da şeirlərdə çırtıldayan bir ocağam.
Yağışları yarpaqlarda rəqs eləyən payızı sev,
Unutma ki, bir gün mən də dönüb payız olacağam.
KƏND MƏNZƏRƏLƏRİ
Hər dəfə bu kəndə gələndə sanki
Dönüb on üç yaşlı uşaq oluram.
Şəhərin bozumtul qarğaşasından,
Səsindən-küyündən uzaq oluram.
Təkcənə dolaşdım həyət-bacanı,
Gah alma dişlədim, gah əncir yedim.
Mənə ürkək baxan toyuq-cücəyə
Dən səpib bir neçə qımqıma dedim.
Arxın kənarında gilənarları
Budaq-budaq gəzib birini tapdım.
Elə bil 20 il bundan əvvəlki
Sevdiyim o qızın yerini tapdım.
Kirpi yuvasını boş gördüm bu gün,
Üzüm tənəyində sərçələr kefdə.
İndi qarğaların qoz mövsümüdü,
Səsləri kəsilməz 5-6 həftə.
Hər dəfə bu kəndə gələndə sanki
Dönüb on üç yaşlı uşaq oluram.
Şəhərin bozumtul qarğaşasından,
Səsindən-küyündən uzaq oluram.
ŞAİR, YAĞIŞ, QUŞ BALALARI
Yağış pəncərəmdə quş balasıdır,
Hələ alışmayıb qanad çırpmağa.
Açıram ovcumda atılıb-düşür
Sevincdən ürəyim dönür bir dağa.
Yağış dimdikləyir ovuclarımı,
Uşaqtək sevinib çölə qaçıram.
Quş balalarına uçmaq öyrədir,
Qoşulub onlara mən də uçuram.
Elə bil çoxdandır bir küncdə küsən
İçimdən uşaqlıq inadım çıxır.
Hər tində, döngədə xatirələrim
Tutur əllərimdən – qanadım çıxır.
Sərçələr sevincək uçur yanımca,
Qopur qanadımdan bir lələk qələm.
Göylərə xoşbəxtlik şeiri yazıram,
Enirəm aprelin üzündən öpəm.
APREL GƏLDİ, SEVGİLİ...
Aprel gəldi, sevgili...
Sevgi kimi gəldi.
Yasəmənlər açacaq,
Gilənarlar çiçəkləyəcək...
Uçacaq kəpənəklər,
Qızlar daha da gözəlləşəcək...
Gözüm görməyəcək heç nəyi, heç kimi,
Sadəcə, sənə şeir yazacağam, sevgili...
Aprel gəldi, sevgili...
Sən gəldin elə bil...
Nə xoş qoxular doldu içimə,
Nə gözəl gülümsədi günəş,
Nə gözəl oxuyur sərçələr,
Yaşıl-yaşıl yarpaqlayır göycələr.
Amma nə vecimə, kim nə düşünür, nə bilir,
Sadəcə, sənə şeir yazacağam, sevgili...
Aprel gəldi, sevgili...
Bir bahar da gəncləşər ölüm,
Bir boy da böyüyər ömür.
Üstümdən
Üç yüz altmış beş gün keçər,
Yanımdan şeirə vurğun qadınlar
Alnımdakı qırışlar kimi düzgün keçər.
Torlanan gözlərimdən yayınarlar deyə,
Məyus keçər, üzgün keçər,
Baxışları süzgün keçər.
Tutular şeirimin ərköyün dili,
Sadəcə, sənə şeir yazacağam, sevgili...
Aprel gəldi,
Sən də gəl, sevgili.
Aprel gedəndə gedərsən,
Özünlə apararsan sevgimi.
MƏN ÖLƏNDƏ AĞLAMA
Sən bir dəfə ağlamısan mənimçün,
Ona görə mən öləndə ağlama.
Yaşayanda yanıma çox gəlmisən,
Qəbrim üstə, bax, gələndə ağlama.
Mən bilirəm, sən ağlaya bilmirsən,
Ona görə mən öləndə ağlama.
Bəlkə, uzaq bir yerlərdə olassan,
Tez biləndə, gec biləndə ağlama.
Ağlayarsan deyə, ölə bilmirəm,
Ona görə mən öləndə ağlama.
Yoxluğuma sevinən də olacaq,
Sevinənlər hər güləndə ağlama.
Şeirlərim məni qoymaz ölməyə,
Ona görə mən öləndə ağlama.
Ağlasan da, “dost” çağırıb ağı de,
“Canım” deyib yar dilində ağlama.
BİRİYÇÜN DARIXMAQ
O gedib, hər yerdə şəkili qalıb,
Şair daşa dönüb – heykəli qalıb.
Gözlərim uzağa dikili qalıb
biriyçün,
Havada əlinin “sağ ol” yeriyçün.
Görəsən, nə edir, indi hardadır?
Onu düşünmək də gilənar dadır.
Xatirələr belə intizardadır
biriyçün,
Yaşanan keçmişin nağıl yeriyçün.
Bir də baxacaqsan, yoxdu bu adam,
Bir də görəcəksən, özgəyəm, yadam.
Heç vaxt bugünkütək darıxmamışam
biriyçün,
Səsində adımın sığal yeriyçün.
ŞEİR ŞÖLƏSİ
Bu qız başdan-başa yasəməndi ki,
Baxışında naxış-naxış ləçək var.
Gözəlliyi ətir saçır ətrafa,
Zənn edirsən, dörd yanında çiçək var.
Görəndə sevincə qərq olur dünyam,
Nə oslun ki, dərddi şair şələsi.
Baş qoyub ruhuna bir az uyuyam,
Yuxuma nur səpə şeir şöləsi.
Bir az ürkəkliyi, utancaqlığı
Duz tökə şeirimin yara yerinə.
Sən də zövq alasan bu şirin ağrı
Göynəyərək işlədikcə dərinə.
Məsum gülüşləri kəpənək kimi
Qönçə dodağının üstündə gəzir.
Təzə azadlığa çıxan qəlbimi,
Tanrım, bir mələyin eləyib əsir.
Dərdindən ölərdim, amma sevərək
Yaşamaq var ikən, kimdi öləsi!?
İndi həm ürəyim, həm də gözlərim
Sevgidən qamaşır, şeir şöləsi.
SƏNƏ BİR MƏKTUB YAZDIM
Sənə bir məktub yazdım,
Tələsmirəm göndərəm,
Hələ zərfə qoymuram.
Məktubun hər sətrində
Sənin gülüşlərin var –
Oxumaqdan doymuram.
Sənə bir məktub yazdım,
Hər sirrim içindədi –
Oxumaqçün darıxma.
Bir sevda gizlətmişəm,
Hər gün zərfi sığalla,
Mən ölməyincə baxma.
Sənə bir məktub yazdım,
Min məktuba əvəzdi...
Min romana, min şeirə.
Soruşma bu dövrdə
Məktub da hardan çıxdı,
Nə oldu birdən-birə!?
Sənə bir məktub yazdım,
Nədən korluq çəkdimsə,
Səndən umub yazmışam.
Hər cümlədə dolmuşam,
Sıxmışam gözlərimi –
Bərk-bərk yumub yazmışam.
Sənə bir məktub yazdım,
Bir ildi hər gün bir az
Hərf-hərf yazmışam.
Xəttim pisdi, amma ki,
Sənə yazıram deyə,
Elə zərif yazmışam.
Sənə bir məktub yazdım,
Ünvanın yox... Boş qalsın
Zərfin üstündə: Hara...
Bəlkə, uzaqlardasan?
Bəlkə, elə üstünə
Yazım ki: "Uzaqlara".
Sənə bir məktub yazdım,
Bir qərar da vermişəm –
Göndərəcəm hər yana.
Yəqin ki, biri mütləq,
Bir şəkildə çatacaq
Sən yaşayan ünvana.
Sənə bir məktub yazdım,
Çatmasa da, sevənlər
Bir-birinə oxuyar.
Amma səhər yuxudan
Duran kimi bu şeiri
Birinci sən oxu, yar...
Sənə bir məktub yazdım,
Tələsmirəm göndərəm,
Hələ zərfə qoymuram.
Məktubun hər sətrində,
Sənin gülüşlərin var –
Oxumaqdan doymuram.
QAPI BİLİB BAŞDAŞINI DÖYÜRƏM
Qardaşım, dostum şair İlqar Qulusoyun ölümündən 5 il keçir... Başdaşıyla dərdləşirəm...
Qapı bilib başdaşını döyürəm,
Aç qapını, dərdləşməyə gəlmişəm!
Sinən daşdı, mənə cavab vermirsən?
Bilmirsən ki, bura nəyə gəlmişəm?!
Bu nə böyük düzdü, məkan seçmisən!?
Yalan olsun qara mərmər bu düzdə.
Başdaşına söykəmişəm başımı,
Yerlər ağlar, göylər inlər bu düzdə.
Beş günlük dünyada beş ildi yoxsan,
Hərdən təkliyimi güldürən adam...
Döydüyüm qapını aç, mən də gəlim,
Məni diri-diri öldürən adam.
Ölümü əyləncə seçən şairim,
Ölüm zarafatı qanmadı axı!
Bizə bir od qoyub çıxıb getmisən,
Biz yandıq, dərdimiz yanmadı axı!
Gah keçib bir küncə yazdıqlarını –
Şeir kitabını vərəqləyirəm.
Gah da xəyal uçur xatirələrə –
Ömür kitabını vərəqləyirəm.
Darıxıram, aç qapını, danışaq,
Bu nə qərib, nə qəribə daxmadı?!
Yadındadı, mənə şeir yazmışdın –
Qızıl sözün qulağımda sırğadı.
Qapı bilib başdaşını döyürəm,
İlqar, səsin gəlsin, səsimə səs ver.
Adı İlqar olan vəfasız olmaz,
Sənsiz yaşamağa mənə həvəs ver.
Ürəyin daşdımı, cavab vermirsən?!
İndi bəs neyləyim, mən başı daşlı?!
Diksindim, çiynimə bir əl toxundu,
– Kimlə danışırsan, o ki başdaşı?!
– Dostumdu, gəlmişəm ziyarətinə,
Söhbət eləyirik olub keçəndən.
...Gedir, arxasınca baxıram mən də,
Görəsən, başını bulayır nədən?!
Eeeeeh, ay adam, hardan biləsən,
Dağ sözüm yıxılıb, sözüm dağlanıb.
Səhərdən bir mərmər qapı döyürəm,
Hər yanı açıqdı, amma bağlanıb...
“Ədəbiyyat və incəsənət”
(15.03.2023)
Xalq Yazıçısı Anarın 85 illiyi münasibəti ilə hekayə müsabiqəsi elan edilir
“Ulduz" jurnalı ilə “Ədəbiyyat və İncəsənət" portalı görkəmli qələm ustası, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 85 illik yubileyinə həsr edilmiş, yaşı 35-dək gənc yazarlar arasında hekayə müsabiqəsi elan edir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, müsabiqə ölkədə gənc nasirlərin nəsr nümunələrinin daha da püxtələşməsinə xidmət edir, mövzu seçimi sərbəstdir.
Müsabiqə iştirakçıları hekayələrini öz tərcümeyi-halları və fotoşəkilləri ilə birgə iyul ayının 15-dək Этот адрес электронной почты защищен от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра. ünavanına göndərə bilərlər. Təqdim edilmiş mətnlərin həcmi 20 min işarədən artıq olmamalı, bundan əvvəl heç bir mətbu orqanda dərc edilməməlidir.
Müsabiqəyə sentyabr ayında yekun vurulacaq, nüfuzlu münsiflər tərəfindən ümumilikdə dörd qalib hekayə müəllifi (1-ci yer bir, 2-ci yer bir, 3-cü yer iki laureat) diplom və mükafatlarla təltif ediləcək.
Qeyd edək ki, müsabiqə çərçivəsində seçilmiş bəlli sayda hekayə "Ulduz" jurnalının xüsusi nömrəsində, eləcə də
“Ədəbiyyat və incəsənət” portalında dərc ediləcək.
“Ədəbiyyat və incəsənət”
(15.03.2023)
Azərbaycan Yazıçılar Birliyindən “Heydər Əliyev İli”nə töhfə
“Heydər Əliyev İli”nə Yazıçılar Birliyinin töhfəsi yeni kitab olacaq. Belə ki, Yazıçılar Birliyi bu əlamətdar ilə kitab hazırlayır. Bu kitabda Ulu Öndər Heydər Əliyevi şəxsən tanıyan yazıçıların xatirələri toplanıb.
“Ədəbiyyat və incəsənət” xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar deyib.
“Kitabda mənim də xatirələrim yer alır. Tanımayan, şəxsən ünsiyyətdə olmayan yazıçıların da Heydər Əliyevə həsr etdikləri yazılar bu nəşrdə olacaq. 100 illik yubileyə belə bir sanballı nəşrlə töhfəmizi verəcəyik”,- deyə Xalq yazıçısı bildirib.
Hazırda kitab redaktə və korrektə mərhələsindədir.
“Ədəbiyyat və incəsənət”
(15.03.2023)