Super User

Super User

Вторник, 04 Апрель 2023 12:30

Lütlənmə - Yunus Oğuzun felyetonu

“Ədəbiyyat və incəsənət” portalı felyeton yazanların bəlkə də sonuncusu - sonuncu mogikan Yunus Oğuzun “Lütlənmə” adlı felyetonunu təqdim edir. 

 

 

Lütlənmə iki cürə olur; biri hərfi, digəri isə məcazi mənada. Hərfi mənada insan vücuduna aiddir, məcazi mənada isə daha çox insanın yaşamaq tərzinə şamildir, məsələn biri o birindən soruşur ki, nə var, nə yox? O birisi də cavab verir ki, soruşma qardaş, yaman lütlənmişəm, yəni kasıblamışam. İndi hər iki anlam İranla bərabər yaşayır, lütlənmə bu ölkənin içinə getdikcə inamla soxulur, onu  parçalayır, dağıdır. Hə, bunun  bir anlamı da var; siyasi lütlənmə...

Bir gün Mola Nəsrəddin düzdə gedirmiş. Görür ki, buludlar göy üzünə qara pərdə çəkdi. Bir azdan ildırım çaxdı, bir yağış yağmağa başladı ki, tut ucundan göyə çıx. Molla baxır ki, bu yağış onu iliyinə qədər isladacaq,  tez əynində nəyi var çıxardıb bir daşın altına qoyur, özü də oturur daşın üstündə, Gözləyir ki, yağış dayansın. Bir azdan buludlar dağılır, günəş adamın üzünə gülməyə başlayır. Tez paltarlarını daşın altından çıxardıb geyinir və yoluna davam edir. Bir az gedəndən sonra görür ki, qarşıdan bir nəfər gəlir, amma leysan onu islanmış cücəyə döndərib. Adam da baxır ki, Mollanın paltarları qupqurudur, təəccüblənir. Xoşdan, beşdən sonra adam deyir ki, mən islanmışam, paltarlarım özümdən ağırdır. Sənin əynin isə qurudur, niyə? Molla da qazanmaq fürsətini heç əldən buraxarmı? Cavab verir:

 

-Bu mənim duamın gücündəndir.

Adam ona yalvarır:

-Mənə də o duanı öyrət. - Əlini qurşağına atıb pul kisəsindən bir qızıl pul çıxardıb ona uzadır. - Al, bu da haqqı.

Molla qızıl pulu alır, o üzünə, bu üzünə çevirir, sonra qurşağına basıb deyir:

-Lütlən.

Adam heç nə  başa düşmür, Çaşbaş halda soruşur:

-Necə yəni lütlən? 

Molla sakit halda cavab verir:

-Çox sadə, yağış yağanda paltarlarını  çıxart qoy daşın altına, mənim kimi lüt-üryan otur daşın üstündə.. .

İndi İran deyilən bir dövlət özü bütün mənalarda lütlənib, hamını da lüt görmək istəyir. Buna görə də aftava istehsalını gücləndirib ki, hamını lüt görsün. Zatən aftava adam lüt olanda işə düşür. Onun boğazı xoruldayaraq qışqırır:

-Lütlən!!!

Sanki adam lüt olanda aftafa həzz alır. Bu aftava da, elə  bil  İran kimi ibnədir.

A kişi, lüt adama, hətta dövlətə birtəhər baxırlar, e... e... elə bilərlər ki, biz də buşmenik və başlayarlar bizi də onlar kimi qırmağa. Zatən İran da bunu istəyir, çünki, özünün paltarları daşın altındadır. Qırmağa başlayanda tez yeni libasını geyinəcək. 

Deyir Qumda ciddi müzakirələr gedir ki, aftafanın qarşısında lütlənmək üçün onu hansı əldə tutmaq lazımdır; sağ əldə, yoxsa sol? Uzun aylar, illərdən sonra belə qərara alındı ki, kim sağ əlilə yazırsa aftafanı sağ əlində tutsun, kim solaxaydırsa sol əlində.

Bu da lütlənmənin yeni növüdür. Əsas odur ki, əlinizə aftafa alın, sonrakı proses avtomatik gedəcək.  

Hələ mən demirəm ki, İran xalqı necə lütləndirib, yəni xalq olmaz dərəcədə kasıblayıb. İndi xalq sentyabr ayından küçələrə çıxıb etiraz edir ki, biz lütlənmək istəmirik, onsuz da lüt və it günündə yaşayırıq. İran da qoşunu, ləşkəri tökür onun üstünə ki, dedim lütlənəcəksən, vəssalam.

İran deyilən bir ölkədə o qədər böyük, ağlasığmaz inflasiya yaranıb ki, müəllimin bir aylıq maaşı iki günə güclə çatır. Day, bundan betər lütlənmə olar? Xalq lütləndikcə mollaların daşın altındakı paltarları coxalır. Hə, bir orası da var ki, xalq öz ayıbını görməsin deyə nəşə, həşiş istifadəçilərinin sayını çoxaldır. Hə, onları çəkəndən sonra nə ayıb, nə lütlənmə? İstəyirsən, lap başı üstə dur. Dililə də deyir ki, lütlənməyə öyrən, yəni kasıb yaşamağı öyrən. Biz beləyik,  yesən  də  bu  xiyardır,  yeməsən də  bu  xiyardır. Kim lütlənmək istəmir, etiraz edir, ya terror edirlər, ya da basırlar Evin həbsxanasına. Evin həbsxanasında sevinə-sevinə soyundururlar, lütləndirirlər. Dörd divar arasında çarən nədir? Bax, burada aftafa xorultusu, ibnəlik işə düşür.         

Oradan çıxanda kağıza da imza atırsan ki, bəs söz verirəm həmişə lüt gəzəcəm. İmza atmayıb, neyləyəcəksən? Dörd divar arasında səni soyundura-soyundura, həm də kameraya çəkiblər. Di get... gedir də...

Terrorda öldürülənlərin vəziyyəti Evin həbsxanasından bir qədər yüngüldür. Mollalar fikirləşirlər ki, ölən adam onsuz da lütlənir. Nə olsun ki, kəfənə bükürlər. Ondan sonra yenə lütdür.

Terror demişkən. Bizim səfirliyə hücum edən o terrorçu görün nə müşahibə verib. Deyib ki, dövlət səfirlik işçilərinə xəbər yollayıb ki, lütlənin. Səfirlik də qəti etiraz edib ki, heç elə şey-zad yoxdur. Bizim ədəb-ərkanımız var. Mən də ona görə ora hücum etdim ki, hamısını birnəfəsə topdan soyundurum. Heyf alınmadı.

Ta neyləyək. İran viran olub. Lütlənə-lütlənə  gedir. Suriyanı, Yəməni, İraqı, Livanı lütləndirib. O ölkələrin əhalisi ordan-burdan paltar tapıb əyinlərinə keçirmək istəsələr də, İran qoymur. Deyir mən viran olmuşam, siz də viran olun. Cəhənnəmə gedən özünə yoldaş axtarar axı...

Azərbaycanı da lütləndirmək istəyirdi. Gözləmədiyi halda daş qayaya rast gəldi. Bizim tərəf dedi ki, a kişi, nə danışırsan, nə lütlənmək? Hətta biz gecələr də  paltarla yatırıq. Özünlə bizi də yarğanın dibinə çəkmə. O de.. Ermənistanı lütləndirmisən, ağ günə çıxıb? Get atını başqa cığırda çap. İndi İran bizdən küsüb ki, siz lütlənmirsiniz.

Ə, get lütlən də. Əhalin paltar axtaranda görəcəm.

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2023)

Вторник, 04 Апрель 2023 12:00

“Hər şeyi sevən adam” – Şəfa Vəlinin hekayəsi

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Nəsr vaxtıdır, Şəfa Vəlinin hekayəsi ilə tanışlıqdır.

 

 

NƏSR

 

 

Şəfa VƏLİ

 

HƏR ŞEYİ SEVƏN ADAM

 

         “Dünən dekabrın biri idi. Bu gün ikisidir. İki gün arasındakı yeganə fərq yalnız aid edildikləri təqvim rəqəmləridir. Vəssəlam! Başqa nə? Nə axı? Heçcə nə!”-düşüncələrindən asdığı yüklər xana yumaqları kimiydi; biri çözələndikcə o biri də yuvarlanır, birinin ipi ərişə keçəndə o birininki arğaca dolanırdı: “Sonra da ad qoyurlar mənə, ayama taxırlar öz aləmlərində! Elə bilirlər, sözarası dedikləri o “qaravəlli” sözünü qanmıram, anşırdammıram. Təpəniz haqqı elə! Qurudun əzgintisi kimi şeylərdi, əşşi,  hamısının canında, ruhunda nə var-nə yox, ömür cəmində islanıb, əzilib, neçə dəfə də süzülüb, xəngələ-xaşıla çilənib”. – dodaqlarına əmin, bir az da həyasız gülüş çiləndi: “Nə ayamadı amma! Pəh! Yazasan bir A4 səhifəsinə, çap edəsən rəngli printerdə, arxasını tüpürcəkləyib yapışdırasan hamısının qaşqasının ortasına bircə-bircə!  Özü də iri hərflərlə: ƏZGİNTİ! Gələn də oxuyub gülə, gedən də!” – şaqqanaq çəkdi... Amma gülüşünün ömrü anlıq oldu, ruhundakı uçurumun dibinə çoxdan atdığı  təəssüfü silkələnib qalxdı, boyunu göstərdi: “İndi qurud tanıyanmı qalıb?! Qoyasan elə marketdən kauçuk qabda yaxantı daşıyalar, adını da qatıq qoyalar...”

         Dərindən “ah” çəkib gözlərini tavana zillədi. Geridə qoyduğu günün hər saatını, hətta hər anını yadına salmağa başladı. Adətiydi başı  yastığa gəlincə divardakı təqvimdə üstündən qara qələmlə “bir quş!” yazdığı rəqəmə aid edilən günü xatırlamaq...

         ...Səhər də həmişəkiydi;   təmirsiz evində yuxudan oyanmış, suyu yaxşı isitməyən qızdırıcıya söyə-söyə, ləkəli aynaya baxmadan əl-üzünü yumuş, şokolad yağlı yaxmasını yemiş, kürəyi enli, qolları gödək paltosunu əyninə keçirib qapıdan eşiyə atılmışdı. Yenə küçədə qabağına şalına bürünmüş küçəsüpürən qadın çıxmışdı, onu görəndə işini dayandırmış, çalğısının uzun sapına söykənib ona gülümsəmişdi.

Hansı gününə gülürsən, ay bədbəxt?! – demişdi küçəsüpürənə bircə sərt baxış ataraq,  sonra da  paltosunun boyunluğunu yuxarı qaldırıb sürətlə özünü dayanacağa çatdırmışdı.

         Avtobusda yolçuluğu da dəyişilməzliyə məhkum idi; itələyən, yıxılan, oturmaq davası edən, sürücüylə dilləşən sərnişinlər, kələ-kötür yollar,  qazandan daşan yarma sıyığı kimi, dayanacaqdan yolun ortasına qədər köpüklənən insan səbirsizliyi...

         İş yerində də könülaçan heç nə yox idi... Nə işini, nə iş yoldaşlarını sevirdi, maaşından razı olan adama isə bir dəfə də olsun, rast gəlməmişdi. Uşaqkən  bütün həmyaşıdları kimi, kosmonavt olacağına əmin idi.  Yeniyetməlikdə  anladı ki, kainat arzularına sığa bilər, amma atasının cibinə sığmır. “Dolanışıq” kəlməsinin ucundan yapışmağının bütün arzularının, xəyallarının üstünə keçə kimi örtüldüyünü dərk etməyindən yaranan xəyal qırıqlığı get-gedə ümidsizliyinin özəyinə çevrildi. Bu özək çatladıqca, içindən yeni-yeni uğursuzluqlar,  narazılıqlar zoğ verdikcə başladı  əcdadlarından qalan, minilliklər boyunca urvatını itirməyən lənətli mirasa sarılmağa-günahkar axtarışıyla barmağını önünə gələn bəşərə tuşlamağa. Hikkəli, alacaqlı, umacaqlı düşüncəsinin “borclu”sunu tapmaqda gecikmədi; babasından atasına, atasından da ona qalan təmirsiz evin yaşanılası olmamasının günahkarı  evi tikən bənna,  səkilərin əyri-üyrü, çala-çuxur olmasının günahkarı gülərüz küçəsüpürən, avtobusdakı basabasın günahkarı adamları  “çaqqıldax yunu xarala basan kimi”  üst-üstə avtobusa dolduran sürücü, sevmədiyi işinin günahkarı isə “yediyini danan” boğazı idi...

         ...Dikəlib  yerində oturdu. Dəyişməyən, bir-birindən heç nə ilə fərqlənməyən  ala-toran günlərin, heç olmasa birində belə, gün işığı görməyin mümkünsüzlüyünün səbəbini axtardı xatırladığı həyatında ilk dəfə...  Sağ əlini üzünə çəkdi, qaşlarını dartdı və ağzını açdı.  Canından keçən ani titrətmə ilə özünə gələndə susuzladığını hiss etdi və ayağa qalxıb mətbəxə keçdi. Qulpu qırıq fincanını su kranının altına tutanda nahar vaxtı iş yoldaşının dediyi sözlər yadına düşdü.

        

***

        

...Üç nəfər idilər: işi-gücü su borusunu o yan-bu yana sürütləmək olan saqqallı qoca,  gündə, bəlkə, yüz dəfə eynəyini köynəyinin qoluna silən arıq, uzun oğlan,  bir də o. Qoca çay dəmləyir, oğlan fincanları yaxalayır, o isə əlləri qoynunda dayanıb çay içmək üçün səbirsizlənirdi. Arabir də mətbəxin qapısına nəzər salırdı ki, kollektivdən daha heç kimin gəlməməyinə əmin olsun. Çay hazır olan kimi fincanını doldurub aradan çıxacaq, öz kiçik kabinetinə girib qapını içəridən bağlayacaqdı. Xoşlamırdı ağız deyəni qulaq eşitməyən yığıncaqları;  bir-iki dəfə məcburən qalmışdı tünlüyün ortasında, içdiyi çayı zəhərə dönmüşdü.  Hələ də o bir-iki dəfədən üç-dörd epizod xatırlayırdı. Katibə qızın saçını əliylə oynadaraq gülməsi,  xadimənin  telefonda nəvəsinin şəklini göstərib: “Düz yeddi ildən sonra gəlib e! Yeddi il!” – deməsi, müdir müavininin  pəncərəyə uzanan şam  budağındakı dələni göstərib hamıya sakit olmalarını işarə etməsi...  Bu xatirə saçaqlarının hər biri onu hirsləndirir, insanların bu qədər dolanışıq dərdinin içində, bu qədər bozluğun, rəngsizliyin içində necə sevinə bilmələrinə, necə gülə bilmələrinə məəttəl qalırdı.

– Bağban dayı, çay hazırdımı? Siyirməmdə şirin kökələr var, götürüb gəlirəm.

         Katibə qız  başını mətbəxin qapısından içəri salıb ucadan soruşdu və cavab gözləmədən çevrilib gözdən itdi. O, əsəblə içini çəkib başını buladı. Oğlan yaxaladığı fincanları səliqə ilə masaya düzdü, ehmalca başını qaldırdı və düz onun gözlərinin içinə baxıb:

– Bircə gün də hər şeyi, hamını sev! – dedi.

        

***

        

...Əlindəki fincana baxdı, suda öz əksini gördü; əyri-üyrü, tərpənən üzü dodağının qaçmasına səbəb oldu.  Boş olan əlini yelləyib fincandakı suyu birnəfəsə içdi və fincanı etina ilə masaya qoyub yerinə qayıtdı...

         Yuxuya gedənədək oğlanın dediyi cümləni düşündü:  “Bircə gün də hər şeyi, hamını sev!” Səhər oyananda da ilk ağlına gələn elə bu cümlə idi. Yerinin içində gərnəşdi və  otağa göz gəzdirdi. Pərdələrin süzülmüş yerlərindən görünən  işıq günün bir boy qalxmasından xəbər verirdi. Bir istədi, zəngli saat düzəldən zavodun işindəki səmərəsizlikdən gileylənsin, tez yadına düşdü ki, bu gün  iş yoxdur –idarədə müdir müavinlərinin hesabat günüdür. Əlini atıb zəngli saatın başına tumar çəkdi,  pıçıldadı:

– Sən elə etibarlı dostsan ki! Düz iyirmi yeddi ildir mənə yoldaşlıq edirsən bu ömür yolunda.  Atamın səni aldığı gün hələ yadımdadır, – susdu, diliylə dodaqlarını yaladı və gözlərini yumub əlavə etdi: – Onda on yaşlı uşaq hardan biləydi ki, günə başlamaq üçün sənin  hay-harayına möhtac qalacaq...

         Yenə uşaqlıq xatirələrini bürmələyib atdığı sandığın qapısına əl uzatmışdı düşüncələri. Bir hövldə ayağa sıçradı: “Nə qədər olar ey uşaqlıq arzularını xatırlamaq? Elə dünənin kədərini əzizləyə-əzizləyə bu günün sevinclərindən məhrum olmurammı?” – deyə düşünərək özünü əlüzyuyana çatdırdı. Yenə su ilıq idi, amma o, bu ilıqlıqda nəsə xoş bir şey hiss elədi. Nə idi bu xoşluq? Qorxa-qorxa, çəkinə-çəkinə ətrafına göz gəzdirdi. Hər şey eynən dünənki kimiydi. Yox... Dünənki kimi deyildi axı. Dəyişən nə idi? Gözlərini yumub ürəyində onadək saydı, sonra gözlərini açdı və hamam otağını daha diqqətlə süzdü. Dəyişənin nə olduğunu yenə anşırdammadı, əl-qolunu oynada-oynada mətbəxə keçdi. Şokoladlı yaxması da, axşamdan qalan dəm də ona ləzzət elədi.  Damağındakı dad qaçmamış özünə ikinci yaxmanı da düzəltdi, ikinci çayı da süzdü.

         Qapıdan çıxmamış pulqabındakı pulları saydı və özünə yeni palto almaq üçün ən gözəl vaxtın məhz bu gün-dekabrın üçü olduğuna qərar verdi. Səkidəki su ilə silələnmiş çalaların üstündən hoppanaraq keçdi, lap axırıncısının yanında dayandı. Əyilib yerdən bir çinar yarpağı götürdü, onu  su dolu çalanın üstünə qoydu. Yarpaq iriydi, ucları çalanın kənarında qaldı. Ətrafına baxdı,  nisbətən kiçik yarpaq tapdı, çalaya onu buraxdı. Amma bu yarpaq da suyun üstündə üzmədi, eləcə, olduğu yerdə qaldı.

– Bu balaca yaxşı üzər.

         Səsə geri çevrildi. Küçəsüpürən çalğısının sapını qoltuğunun altında sıxmışdı, bir əliylə şalının düyününü bərkidirdi, o biri əliylə də balaca, uzunsov bir yarpağı ona uzatmışdı.

– Sağ olasan, xala!

         Həvəslə yarpağı aldı və suyun üzərinə qoydu, əyilib var gücüylə üfürdü. Yarpaq sürətlə  bir qarışlıq çalanın o biri sahilinə çatdı.

– Zoğal yarpağıdır o, yüngüldü, həm də damarı nazikdi, – dedi küçəsüpürən gülümsəyərək.

– Burda zoğal ağacı var? – heyrətlə ətrafına baxdı.

– Budu ey, məktəbin həyətindədi.

         Küçəsüpürənin göstərdiyi səmtə burdu boynunu; on-on beş metr aralıda dekabrın çiskininə könül vermiş, hər budağında iki tək, bir cüt sarı yarpaq görünən zoğal ağacı vardı.

– Zoğalını da uşaqlar yeyər bunun, – İlk ağlına gələn fikir söz donunu geyinməkdə gecikmədi.

– Hə, – Küçəsüpürən başını yellədi. – Sağ olsunlar, həmişə ovuclarına yığıb mənə də uzadırlar dəmirlərin arasından. 

         ...Avtobus dayanacağına çatanadək dodaqlarının kənarındakı dartılmanı dayandırammadı: “Küçəsüpürənin təbəssümü sıçradı üzümə, yüz faiz!” – deyə düşünməkdən də özünü saxlaya bilmədi. Dayanacaqda adam az idi. Yaşlı kişi taxtası qırıq oturacaqda oturmuşdu, qaşlarını düyünləyib siqaret çəkirdi. Gənc qız düz səkinin kənarında idi; ayaqlarını aralı qoyub başını sinəsinə əymiş, baxışlarını asfaltdakı çata zilləmişdi. İki yeniyetmə oğlan dayanacağın dəmir dirəyinə söykənmişdi, hərəsi öz telefonunun ekranına baxırdı. Bir neçə saniyə oğlanları müşahidə elədi, onların üzündə anbaan dəyişən ifadələrdə nə axtaracağına qərar verə bilmədiyini anlayanda yenə gülümsədi: “Hələ o yaşdadılar...” – düşünərək  yoluna davam elədi. Bu gün avtobusa minməyəcək, iki küçə aşağıdakı paltar dükanınadək piyada gedəcəkdi. Düşüncələrinin tanıdığı kələ-kötür, yamaqlı küçələrin addımlarına yad olmağını da sevgisizliyə yozmaq istəmirdi, elə-belə, səbəbsizcə, məna axtarmadan piyada gedirdi...

        

***

 

         ...Təzə aldığı paltosunu dəhlizdəki asılqandan asanda canına istilik yayıldı:

– Evim... – dedi kövrəkliklə. – Öz evim. Babamın əl əməyi, atamın sığınacağı, anamın qürur yeri...

         Mətbəxə keçdi. Çaydanı doldurub  qaynamağa qoydu, dəmliyin qapağını qaldırıb köhnə dəmin tünd qoxusunu ciyərlərinə çəkdi. Sonra dəmliyin içindəki qara çayı pəncərədən eşiyə – həyətdəki kollara tərəf tulladı.  Yadına iş yerindəki qoca bağbanın çay dəmləməsi düşdü.  Eynən onun kimi, ehmalca dəmliyi yaxaladı, ürəyi soyumadı, ovcuna su alıb eşiyinə də çəkdi, sonra çay qaşığı götürdü, üç çay qaşığı qara çay tökdü dəmliyə.  Döyükə-döyükə mətbəxdəki dolabın üç-dörd qapısını açıb-örtdü, nəhayət, kiçik bir kasanın dibində beş mixək tapdı. Üçünü götürüb dəmliyə atdı və çaydanın qaynamasını gözləməyə səbri çatmayacağını görüb dəhlizə çıxdı. Yataq otağının yarıaçıq qapısından görünən dağınıqlıq ürəyini sıxdı...

         Çirkli yataq örtüyünü hamam otağındakı kauçuk vannaya qoyub əlini yumağa başladı. Sabunlu əllərini bir-birinə bərk-bərk sürtdükcə nəyinsə yeniləndiyini, dəyişdiyini düşünür, o “nəsə”ni axtarmaqdan qorxduğu üçün özünü danlayırdı: “Özüm ölüm, hələ mənə urvatlı ad qoyublar ha! Elə qaravəlliyəm ki, buyam! İndiyədək qorxduğum bir Dəli Nəstənin itiydi. İndi amma gözümün gördüyündən diksinirəm, hoppanıram içimdən. Əriştə aşının həlimi kimi, bulandırıram zehnimdə nə varsa. Niyə axı? Niyə? Elə bil bu dünyada...Yox... –başını buladı. – Dünya çox oldu axı, ay qaravəlli, sən dünyanın eyninəsənmi ki? –sulu əlini yellədi, baxışları sıçrayan damlaların ardına düşüb güzgüyəcən getdi, köynəyinin qoluyla güzgünü silməyə başladı: "Lap elə bu şəhərdə, bu küçədə qorxulası o qədər adam var ki! Biri elə Əsnatın qızı Lilpar, çənəsinin altına keçdinsə, birinci sinifdə aldığın “iki” də yadına düşür. Nə təhər edirsə,  kalapır kartofu kimi, bişirir, piləyə döndərir adamı.  Vaxtında atana, anana demədiyin nə sirrin varsa, göy düyünçə eləyib, büküb qoyursan Lilparın ovcuna. Qorxulasıdırmı? Hə!”.

         Güzgü təmizləndikcə gözlərinin qarşısında üz xətləri aydınlaşdı. İkiəlli əlüzyuyanın kənarlarından yapışdı və irilənmiş bəbəklərinin içinə zillədi baxışlarını: “Ay qaravəlli! Qaravəlli, hey! Bax, gördün? Bircə gün sevdim hər şeyi, hamını! Elə bilirsən ki, Lilpardan zəhləm gedir? Yox ha! Onu da sevirəm! Onun o qara saçlarını, ala gözlərini hələ məktəb vaxtından sevirəm. Köklüyü də eynimə deyil. Məgər kök olmağı, arıq olmağı adam özü seçir ki?! Heç onun sözgəzdirən olması da pis deyil, – çiyinlərini çəkdi, – Nəyi pisdir ki? Hə? Lilpar olmasa, Haqqı kişi evində tək öləsiydi, düzdümü? Amma tək ölmədi. Lilpar hay saldı camaatın canına ki, Haqqı kişinin evində işıq səhərəcən yanıb. Gəlib ertədən kişini yarımcan tapdılar, sən demə, divandan yerə yıxılıbmış. Nolsun ey, illərdi oğul-uşağı yiyə durmurdu? İndi hər gün gəlib-gedirlərmi? Gəlib-gedirlər! – Gözlərini yumdu, səsini qısdı. – Onsuz da kişi öləndə o ev onlara qalacaqdı da... – Gözlərini açdı, bu dəfə daha hikkəylə başını irəli uzatdı. – Sevirəm hər şeyi! Sevirəm hamını! Bilirəm, heç kimin günahı yoxdur mənim belə yaşamağımda! Ümumiyyətlə, var olmağımda! Ev təmirsizdi? Bənna neynəsin ki? Vaxtında çax-çillə tikib də! Səkilər pis gündədi? Küçəsüpürən eşib? Yox! Avtobus da ki... Heç ondan danışmayacağam da, hamı işə tələsir, hamının vaxtı puldu bu dəqiqə. Bir neçə dəqiqə daha baxdı güzgüdəki əksinə, sonra fağırlaşdı, çiyinləri çökdü, gözləri qıyıldı, dodaqları səyriməyə başladı, səsi öləzidi. – Bilirəm, səndədi günahın hamısı, ay Tanrı...”

         ...Çaydan qaynadığını bildirmək üçün qürurla taqqıldayır, açıq mətbəx pəncərəsindən içəri təpilən dekabr sazağı, onsuz da yaxşı isinməyən evin divarlarına yayxanırdı... Hər şeyi sevən adam çiyinlərini gərərək evin içində dolanır, hamının məsum olduğu dünyada yaşamağın gözəlliyini anladığına görə özüylə qürur duyurdu... Ən gözəli isə barmağını hara istəsə, tuşlamağın mümkünlüyüydü; o, tapdığı yeganə günahkarın harda olduğunu bilmir, heç bilmək də istəmirdi...

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2023)

          

 

 

 

 

 

 

Şuşa Qarabağın tacı, Qafqazın sənət məbədi, Şərqin konservatoriyası, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli xadimlərin vətəni, doğma şəhər, əziz torpaq, hərbi-strateji əhəmiyyətli qala və müqəddəs abidədir. Bu baxımından Şuşanın zəngin tarixi irsinin təbliği, Qarabağla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu tərəfindən Şuşanın işğalçılardan azad edilməsi, eləcə də şəhərin əsl tarixi simasının, ənənələrinin və qədim mədəni abidələrinin bərpası istiqamətində aparılan işlərin diqqətə çatdırılması beynəlxalq ictimaiyyətin daha yaxından tanış olması baxımından da zəruridir.

 

AzərTAC xəbər verir ki, bu baxımdan Azərbaycanın mədəniyyət paytaxtı Şuşa haqqında kitablar artıq 7 xarici ölkədə və müxtəlif dillərdə - italyan, yunan, ərəb (İordaniyada), bolqar, latış, tacik və fransız dillərində nəşr edilib. UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə ərsəyə gəlmiş kitabların Romada, Sofiyada, Əmmanda, Riqada, Düşənbədə həmin ölkələrin dövlət qurumlarının, rəsmi şəxslərin, parlamentarilərin, mədəniyyət, akademik və elmi dairələrin, kütləvi informasiya vasitələrinin, o cümlədən həmin ölkələrdəki akkreditə olunan diplomatik korpusun nümayəndələrinin iştirakı ilə geniş təqdimatları keçirilib. 

Xüsusilə bu günlərdə Parisdə nəşr olunmuş, Şuşanın Azərbaycan tarixinin və mədəniyyətinin rəmzi olmasını təcəssüm etdirən “Qafqazın mirvarisi - Şuşa” kitabı fransızdilli oxuculara bu qədim qala-şəhər haqqında təqdim olunan ilk əsərdir.

Təqdim edilən kitablarda Qarabağ xanlığının yaradılmasını şərtləndirən amillər, Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşanın qədim tarixi, mədəni və strateji əhəmiyyəti tədqiq edilir. Həmçinin nəşrlərdə Şuşanın əsasının qoyulmasından indiyə qədər keçdiyi bütün tarixi mərhələlər geniş şəkildə əhatə edilir. İlk növbədə Qarabağ xanlığının paytaxtı – Şuşa qalasının və şəhərin qədim qapı, meydan, küçə məhəllələrinin salınması açıqlanır. Xüsusilə Şuşa Azərbaycanın çoxəsrlik, zəngin şəhərsalma mədəniyyətinin nadir nümunəsi kimi öyrənilir. Bununla yanaşı, Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm xidmətlər göstərən və əslən Şuşadan olan çoxsaylı görkəmli şəxsiyyətlər haqqında geniş məlumat verilir. Eyni zamanda, Şuşanın işğalından əvvəlki tarixi yerləri və memarlıq abidələrinin fotoları da təqdim olunub. Nəşrlərdə XX əsrin sonunda Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Şuşanın işğalı zamanı şəhərdə mədəni soyqırımı siyasəti, xüsusilə tarixi-memarlıq abidələrinin erməni vandalizminə məruz qalması fotolarla diqqətə çatdırılır. Ümumilikdə nəşrlərdə qala-şəhərin işğaldan əvvəl, işğal vaxtı və sonrakı dövrünü əks etdirən çoxsaylı fotolar izahlı şəkildə təqdim edilib.

Kitablarda, həmçinin Azərbaycanın İkinci Qarabağ müharibəsində Qələbəsini şərtləndirən amillər, xüsusilə hərbi-diplomatik və informasiya məkanında uğurlar təhlil edilir. Bununla yanaşı, Ümummilli Lider Heydər Əliyevin 1969-1982-ci illərdə Qarabağda milli ruhun yüksəldilməsi istiqamətində çoxşaxəli fəaliyyəti, xüsusilə Şuşaya zəngin tarixi abidə kimi qayğısı geniş tədqiq edilir. Eyni zamanda, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu tərəfindən Şuşanın işğalçılardan azad edilməsi, eləcə də şəhərin əsl tarixi siması, ənənələri və qədim mədəni abidələrinin bərpası istiqamətində aparılan işlər sistemli şəkildə tarixi faktlar və fotolarla diqqətə çatdırılır. 

Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edən və Yunanıstan, Bolqarıstan, İordaniya, Tacikistanda nəşr edilmiş kitablar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Qarabağ İrsini Araşdırma Mərkəzinin rəhbəri, beynəlxalq münasibətlər üzrə professor, siyasi elmlər doktoru Elçin Əhmədovun müəllifliyi, İtaliyada professor Daniel Pommier Vinçelli, Latviyada professor Kaspars Klavinş və dosent Nigar Sultanova, Fransada isə Jan-Mişel Brun ilə birgə həmmüəllifliyi ilə nəşr edilib.

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2023)

Вторник, 04 Апрель 2023 11:30

Uğur şərtləri hansılardır?

Professor Əlibala Məhərrəmzadə “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim edir. Bu dəfə o, varlanmaq üçün uğur formulunu açıqlayacaq. Burada biznes-plan tərtib etmək çox önəmli mərhələdir. Bu uğur şərtləri barədə danışacağıq.

 

 

·        Uğur şərtləri

 

Kiçik biznesdə uğurun əldə edilməsini təmin edən bir neçə faktor vardır:

 

·                   İdarəetmə təcrübəsi;

·                   İstehsalat təcrübəsi;

·                   Texniki yardım;

·                   Planlaşdırma qabiliyyəti;

·                   Öz işi ilə məşğul olmaq üçün böyük həvəs.

 

Təzə işə başlayan iş adamlarının yalnız az bir hissəsi bütün bu faktorları təmin edə bilir.

Buna görə də, öz imkanlarınızı düzgün olaraq qiymətləndirərək çatışmayan xarakteristiskaları doldura biləcək partnyorları tapmağa çalışın. Və əlbəttə ki, seçdiyiniz işlə məşğul olmaq üçün böyük istək lazımdır. Belə istək olmadan başlamağa da dəyməz.

İnstitutdan sonra mən təyinatla çınqıl istehsalı zavoduna göndərilmişdim. Bir müddət mühasib işlədikdən sonra rəhbərlik mənə nəzər yetirdi və mənə zavodda marketinq şöbəsi yaratmaq təklif olundu. O zaman marketinqin nə olduğunu başa düşən az idi. Lakin bu söz dəbdə idi və hamı bununla məşğul olmağa can atırdı. Əvvəlcə mənə heç nə aydın deyildi. Lakin bütün istehsalat zəncirini tərkib elementlərinə ayırdıqdan sonra mən Xalq Təsərrüfatı İdarəetmə İnstitutunda öyrədilənlərin hamısını başa düşə bildim. Yəni, məhz əlavə dəyər və əlavə kapitalın yaranmasını. Bu məni o dərəcədə maraqlandırdı ki, mən artıq anladığım sxemi məni əhatə edən aləmdə baş verən bütün proseslərə tətbiq etməyə başladım.

 

 

P.S. Növbəti yazıda hansı şərtlər daxilində fəaliyyətin faydalı olmasından bəhs edəcəyəm.

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2023)

 

Вторник, 04 Апрель 2023 11:15

Cabbar Qaryağdıoğlu haqqında videoçarx təqdim olunub

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi “Şərq musiqisinin peyğəmbəri” adlandırılan görkəmli xanəndə Cabbar Qaryağdıoğlunun doğum günü münasibətilə videoçarx hazırlayıb.

 

İdarədən verilən məlumata görə, videoçarxda xanəndənin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. 

Qeyd olunur ki, Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndələrindən olan Cabbar Qaryağdıoğlu 1861-ci ildə Şuşada Seyidli məhəlləsində anadan olub. Onun səsi güclü dramatik-tenor tipli səs idi. O, bu güclü və əzəmətli səsi ilə son dərəcə lirik-minor ruhlu muğam sayılan “Segah”ı olduqca həzin və yumşaq, eyni zamanda, yanıqlı səsləndirməklə adamda elə təsəvvür yaradırdı ki, muğamı dramatik tenor yox, lirik tenor səslə oxuyur.

Eyni zamanda videoçarxda Azərbaycanda opera sənətinin meydana gəlməsində C.Qaryağdıoğlunun böyük rolunun olduğu vurğulanır. Opera səhnəmizin ilk aktyoru məhz Qaryağdıoğlu olub. Onun “Şahnaz”ı, “Qatar”ı, “Heyratı”sı musiqi xəzinəmizin ən qiymətli inciləridir. C.Qaryağdıoğlu Azərbaycan Dövlət Konservatoriyasının ilk təşkilatçılarından biri olub. 1934-cü il mayın 30-da Tiflisdə Cənubi Qafqaz xalqlarının incəsənət olimpiadasında C.Qaryağdıoğlu qeyri-adi sənətkarlıq və saflığı ilə fərqlənən ən yaxşı çıxışına görə birinci yerə layiq görülüb və Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin birinci dərəcəli Fəxri fərmanı ilə təltif edilib. 1936-cı il martın 31-də M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının binasında xanəndənin anadan olmasının 75 illiyi təntənəli surətdə qeyd edilib. 1938-ci ildə isə C.Qaryağdıoğlu uzun illər səmərəli yaradıcılıq fəaliyyətinə və musiqi mədəniyyətimizin inkişafındakı ölməz xidmətlərinə görə “Şərəf nişanı” ordeni ilə təltif edilib. Xanəndənin qrammofon valına köçürülən 50 xalq mahnısı 1938-ci ildə Azərbaycan musiqisini öyrənən elmi tədqiqat kabineti tərəfindən “Azərbaycan xalq nəğmələri” başlığı altında ayrıca kitab şəklində çap edilib. Yaradıcılığı boyu 500 mahnı toplayan xanəndə onlardan 300-ə qədərini yazdırıb və gələcək nəsillərə misilsiz miras olaraq ötürüb.

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2023)

Вторник, 04 Апрель 2023 11:00

Sən yalanımdan başladın - Nuranə Cavidanın şeirləri

“Ədəbiyyat və incəsənət” portalı gənc şairə Nuranə Cavidanın şeirlərini diqqətinizə çatdırır. Şeirləri redaksiyamıza Dünya Gənc Türk Yazarlar Birliyi təqdim edib. 

 

*

Başladın sol tərəfdən, xislətimdən başladın,

Mən nəfsi tox adamdım, ac qəlbimnən başladın.

Başım dikdi, üzüm ağ, gülüşdən pərdəm vardı,

Gizlindəki o ağlayan gücsüz ruhdan başladın.

Axtarmağa taqətim yox,

İçimdəki yalqızlığın qollarına buraxmışam varlığımı.

Bir mən vardım, bir mən vardım, mən iki nəfərdim cəmi.

O hamıdan gizlətdiyim ikinci məndən başladın....

Yıxılmaq gücsüzlük idi, ağlamaq acizlik demək.

Kiminə güclü görünmək, kiminə bir oyun demək.

İçimdə bir düz mən vardım, sən yalanımdan başladın...

Görməz gozün, cismin məni, ya bəlkə sən gözəl gördün,

 Çox heyif ki bahardan yox, mənim qışımdan başladın....

Gücüm çatmaz hisslərimdən sərdabələr quram sənə,

Əlim çatmaz körpə eşqə çabalayan ürəyimi kecmişimdən çəkəm sənə.

Elə baxma mənə məsum, zamanımın boşa gedib tükənməyimdən başladın...

Duruşum şux, obrazım çox, bir insan var dünya boyda,

Sevgisi var, parça-parça.

Zülmətin dərd otağında ac qəlbiylə baş-başadır,

Mən ki iki nəfər idim, sən hamıdan gizlətdiyim ikinci məndən başladın...

 

*

Biz uzağiq sevgilim. 

Aramızda beş addım,

Bir qucaq qara bulut

Bir milyon il zaman var.

Məndən sənə yüz doğru yol,

Bir cüt çarəsiz qalan boş qol.

İndi sənə mən əvəzdən daha soyuq sarılan var...

İndi həsrət qatarında yola çıxıb xatirəmiz.

Sonuncu oturacaqdan pəncərəyə söykəmişəm 

bir cüt nəmli gözlərimi.

Ordan-bura, burdan-ora köçürürəm xatirəni.

Hansı oturacağa baxsam, mənə baxan bir sən varsan.

Yalan danışmaq gözəldi, o yalan ki süşləmişəm hər tərəfin varlığınla,

o yalan ki gerçəyindən çox qorxuram.

Elə təxmin eləyirəm göy üzündən

 mənim bu dəli halıma baxıb gülüb əylənən var....

Yol gedirə taqətim yox,

addımlarm azıb qalır.

Bilirəm yıxılacağam, yol da məndən bunu danır.

Nə qəribə, dizimdən yox,

Ürəyimdən qan axmaqda.

Mən səni xəyal etdikcə düşünürəm məlhəmim var...

 

*

Azadlığın şüarı ilə bir ürək gətirmişdim sənə,

O ürək ki sevgisizliyin məhkumluğundan canını təzə qurtarıb.

Sənin gözlərində görə bilirəm dərin baxışların sərkərdəsini.

Mən ruhlarımız arasındakı körpüdə gözləyirəm səni.

Yıxılsam yapışacam kipriklərindən

İndi sarılmağa nə var ki?!

Payızın soyuğundan tutmuş, sənsiz keçmiş illərimə kimi.

Yüz bəhanə də tapa bilərəm.

Ata bilərəm özümü həsrətin boğazına çöküb, səni bezar etdiyi yerdən.

Həsrətdən yıxılanlar onsuz da ölmür...

Yaşamağı öyrənir...

Bəs sən neçə nəfərə yaşamağı öyrətdin?

Sən mənə də öyrədirsən,

Yaşamağı yox, sevginlə ölməyi öyrədirsən.

Əllərində əllərimi sıxdıqca,

Elə hissləri  öldürdün ki.

Nə yaxşı ki bu gün ölənlər yenidən yarana bilir,

Mən gözləyirəm səni ruhlarımız arasındakı körpüdə...

Bu gün bir yerdə öldürdüyümuzü yenidən yaşatmaq üçün.

Mən gözləyirəm səni kipriklərinin dibində..

Orda sənə sarılmaq üçün...

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2023)

Вторник, 04 Апрель 2023 10:45

Aliment, boşanma, mediasiya

AÇIQ PORTFEL-də bu gün sizə bəzi çox maraqlı statistikaları təqdim edəcəyik. 

*

Ötən il aliment tələbləri üzrə 100 milyon manat vəsait ödətdirilib

*

Ötən il ərzində e-xidmətlərindən istifadə sayı 2.4 milyonu ötüb. 

*

Ölkəmizin iqtisadi tərəqqisi və mülki dövriyyənin artması notariat və vətəndaş vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı əməliyyatların çoxalmasına səbəb olub. 2022-ci il ərzində 4.7 milyondan çox notariat hərəkəti rəsmiləşdirilib, əhalinin sosial rifahının və demoqrafik inkişafın təzahürü olaraq nikah və doğum sayının 10 faizədək artması məmnunluq doğurur.

*

Eyni zamanda, boşanmanın sayı nəzərəçarpacaq dərəcədə azalıb və Ədliyyə nazirliyi tərəfindən təşkil olunan mediasiya xidmətləri nəticəsində hər 5 nəfərdən birinin bu fikirdən daşınmasına nail olunub.

*

Vətəndaşların pozulmuş hüquqlarının bərpasında mühüm rol oynayan məhkəmə qərarlarının icrası üzrə təsirli tədbirlər davam etdirilərək ötən il yarım milyondan çox sənədin icrası təmin edilib, hüquqi və fiziki şəxslərə əvvəlki illə müqayisədə 2,4 dəfə çox - 1,4 milyard manat, o cümlədən aliment tələbləri üzrə 100 milyon manat vəsait ödətdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2023)

Marionet teatrı qərbdə çox populyardır, nə yaxşı ki, bizdə də incəsənətin bu sahəsi dəbə minib. Elə bu günlərdə anşlaqla keçən “Leyli və Məcnun” tamaşası belə deməyə əsas verir ki, kuklalar da öz hissiyyatlarını canlı insanlar kimi verə bilirlər. Maraqlıdır, bəs marionet tetarı yaratmaq çoxmu xərc istəyir? 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, marionet tetarı üçün kuklaların  hazırlanmasına uzun vaxt tələb olunur. Bu prosesdə sona kimi heç də cəmi bir nəfər usta iştirak etmir. Bir kuklanın ərsəyə gəlməsinə azından dörd tamam fərqli sənət adamları, mütəxəssislər cəlb olunurlar. Bir usta taxtadan kuklaları bütövlükdə cilalayır, digəri hərəkət-idarə sistemini yığıb formaya salır, başqa mütəxəssis onun geyimini, aksesuarlarını hazırlayır və başqa biri isə kuklanın vizual bəzədilməsi, boyanması işi ilə məşğul olur. Bu mütəxəssisləri bir yerə yığmaq çox çətindir. Olur ki, bu tip işlərdə bəzi məsələləri burda - yerli miqyasda həll edirik, bəzilərinin həlli üçünsə xarici ölkə teatrlarına müraciət edilir. 

Bakı Marionet Teatrının təsisçisi, bədii rəhbər və rejissoru, Əməkdar incəsənət xadimi Tərlan Qorçu deyir ki, haqqında söz açdığımız “Leyli və Məcnun” tamaşası üzərində işləyərkən kuklaları müxtəlif ölkələrdə bir neçə mütəxəssisin köməyi ilə hazırlayıblar. Ümumilikdə isə bədii və texniki nəzarət, eləcə də kuklaların son yığma işləri özləri tərəfindən aparılır. Xüsusən tamaşada hər bir personaj üçün hazırlanan kuklalar hərəsi ayrı bir zaman müddətində ərsəyə gətirilir. Misal üçün, “Leyli və Məcnun” tamaşasında Məcnun kuklası 2 aya hazırlanıbsa, Leyli kuklasının tamamlanmasına 6 ay vaxt sərf olunub. Hər bir kuklanın baş hissəsinin hazırlanmasına həftələrlə vaxt gedir. Əgər kukla tamaşanın konsepsiyasına uyğun gəlmirsə, prosesi yenidən başlamalı olurlar. Bu isə təbii olaraq xeyli vaxt alır. 

Burada hansısa bir normativ olmadığı üçün kuklaların konkret hazırlanma müddəti də dəqiq bilinmir. Ümumiyyətlə dünyada keyfiyyətli marionet kuklası hazırlayan cəmi 2-3 mütəxəssis var. Təxminən bir marionet kuklasının hazırlanması isə inanılmaz qiymətə başa gəlir. Neçəyə? Deyək! 7-10 min dollara.

 

Şəkildə: Marionet kuklalardan Leyli və Məcnun.

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2023)

Bu gün Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti təşkil olunacaq.

 

Solistləri dirijor Mustafa Aşurovun rəhbərliyi altında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri müşayiət edəcək. Konsertdə Xalq artisti Gülyanaq Məmmədova, Əməkdar artistlər Almaz Orucova, Zakir Əliyev, ifaçılar Vəfa Vəzirova, Rəvan Qaçayev, Zabitə Əliyeva, Nurlana Abdullayeva, Samir Piriyev və Taleh Yəhyayev çıxış edəcəklər.

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2023)

Вторник, 04 Апрель 2023 10:00

O kəklikotulu çayın ətrini hələ də duyuram…

“Ədəbiyyat və incəsənət” portalının poçtunda ötən gün 50 illik yubileyini qeyd edən gözəl şairimiz, portalımızın Redaksiya Heyətinin üzvü Əkbər Qoşalı ilə bağlı ürək sözləri o qədər çoxdur ki, onların hamısını dərc etmək də mümkün deyil. Seçmə yazıların dərcini davam etdiririk, bu gün Təranə Vahid “Sözün Əkbəri” deyir. 

 

 

Təranə VAHİD 

 

SÖZÜN ƏKBƏRİ 

 

Əkbərin təmiz ruhundan havalanan dualar var: “Günün ağ olsun!”duası kimi.

İlk dəfə Əkbər Qoşalını “Azərbaycan gəncləri” qəzetində görmüşəm, yazı gətirmişdi. Yazının içində kəklikotulu çay da vardı və o kəklikotulu çayı elə təsvir etmişdi ki, o çayın ətrini hələ də duyuram... Əkbər yadımda bugözəl yazıyla, bir də üzündəki nurla qaldı. Sonralar biləcəkdim ki, istedadlı asamlar bir-birini elə o nurdan tanıyır...

Əkbərlə iş yoldaşı olmadıq, bir yerdə işləmədik, qonşu olmadıq, ayda-ildə hansısa tədbirdə ya qarşılaşdıq, ya heç qarşılaşmadıq. Amma ədəb-ərkanı, ağayanalığı, sözə, ədəbiyyata, xalqına, millətinə, Türk dünyasına sonsuz sevgisiylə Əkbəri həmişə özümə dost bildim. Zaman   keçdi, çox sular axdı, Əkbərin şeirləri   qanad açıb uçdu, kitabları çap olundu,   Türk dünyasının gənclərini başına toplayıb   türk ruhunu, türk şeirini bir araya gətirdi, minillik bağlar yenidən pöhrələdi. 

Əkbər ədəbiyyat naminə çox işlər gördü.   Amma nə ötən illər, nə qazandığı uğurlar, nə yaşadığı bu qoca şəhər Əkbəri dəyişdirə bilmədi, heç özü də dəyişmək istəmədi; nə duruşunu, nə tövrünü, nə Tovuzlu ləhcəsini...   Əkbərlə bağlı bir xatirə də yadımdadı. “Ulduz” jurnalının “Variasiya” layihəsi vardı.   Heç yerdə çap olunmayan hekayə sonluğu   verilmədən saytda yayımlanırdı. Qələminə   güvənən yazarlar sonluq yazır, müəllif onlardan birini seçirdi. “Vağzaldakı qarı” hekayəmə maraqlı, gözlənilməz sonluqlar   yazanlar çox oldu. Əkbərin yazdığı sonluğu   seçdim. Dostolduğumuza görə yox, Əkbərin yazısında işıq vardı və o işığı - Zəfər işığını indi hər kəs görür... Heç yadımdan çıxmır, Əkbər neçə il öncə bir status paylaşmışdı. Təxminən beləydi ki, mənim Qarabağda çoxlu dostlarım var. Laçından, Kəlbəcərdən... Ən ağır illərdə belə onlarla bir çay süfrəsinə yığışanda hər kəsdən qabaq   qalxıb hesabı verərdilər. Onları həmişə qürurlu, mərd gördüm... Bilmirəm niyə, amma bu status məni kövrəltmişdi...

Dəyərli dostum, mənə elə gəlir ki, sən türkün ayağı dəyən hər yerdə yaşamısan, Səmərqənddə, Buxarada, Aşqabadda, Türküstanda, Bişkəkdə, Tibetdə, Sibirdə, Altayda... Tanrı dağlarında Türk dünyasının birliyi üçün dua eləmisən, türk boylarının ozan gecələrində türk ruhunu öymüsən, Sakit okenadan Atlantik okena kimi baş qurdların başında getmisən və hələ də gedirsən... Nağıl qəhrəmanlarının, dastan   qəhrəmanlarının yaşı olmur, köhnə dostum, nə niyyətin varsa, hasil olsun, ruhun qanadlı, sözün axarlı, ömrün uzun olsun!

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.