Super User
Bakıda dəm qazının miqdarı normadan iki dəfəyə qədər yüksək olub
Növbəti həyəcanlı xəbəri paylaşırıq. Söhbət havamızın çirklənməsindən gedir. Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir. Bu barədə sizləri bilgiləndirmişik.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, stansiyalardan əldə edilən göstəricilərin təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazının miqdarı normadan 1.7, azot-4 oksidin miqdarı Gəncə şəhərində 1.2, Sumqayıt şəhərində isə 1.1 dəfə yüksək müəyyən edilib.
Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması və digər antropogen təsirlərlə əlaqədardır.
“Ədəbiyyat və incəsənət”
(04.04.2023)
Naxçıvanda Kətə Festivalı keçiriləcək
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən "Report"un yerli bürosuna verilən məlumata görə, festival aprelin 7-8-də Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala“ Tarix-Memarlıq Muzey Kompleksində baş tutacaq.
Festivalda muxtar respublikanın rayonlarından və Naxçıvan şəhərindən 200-ə yaxın kətə hazırlayan ailə təsərrüfatçısı, o cümlədən digər təsərrüfat subyektləri iştirak edəcək.
Həmçinin muxtar respublikanın rayonlarından yığılmış müxtəlif çeşiddə göyərtilərin satışı təşkil olunacaq, həm də onlardan hazırlanacaq kətələr nümayiş olunacaq. Festivala gələnlər müxtəlif çeşiddə kətələrin hazırlanması və süfrəyə təqdim olunmasını canlı izləyəcək, təndirdə bişmiş kətə çeşidlərinin dadına baxmaq imkanı əldə edəcəklər. Musiqi və incəsənət ustaları tədbirə əlavə rəng qatacaqlar.
Festivalda “Ən dadlı kətə” nominasiyası üzrə müsabiqə təşkil ediləcək. Hazırlanan kətələr görünüşü, çeşid müxtəlifliyi və dadına görə münsiflər heyəti tərəfindən qiymətləndiriləcək, qaliblərə diplomlar təqdim olunacaq.
“Ədəbiyyat və incəsənət”
(04.04.2023)
Teatrın direktoru işdən çıxarılıb
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, əməkdar incəsənət xadimi Akif Məlikov işdən çıxarılıb.
“Report"un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.
A.Məlikovla imzalanan müqavilənin müddəti qurtarıb. Yaş həddinə görə onunla yeni əmək müqaviləsi imzalanmayıb.
Qeyd edək ki, A.Məlikov 1950-ci ildə Bakı şəhərində anadan olub. O, 1987-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının sərəncamçı direktoru, 1989-cu ildə isə direktor vəzifəsinə təyin edilib və bu günə kimi həmin vəzifəni icra edib.
Xatırladaq ki, Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65 müəyyən edilib. Həmin müəssisələrin 65 yaşına çatmış işçisinin müəssisədə çalışma müddətinin uzadılması və ya əmək münasibətlərinə xitam verilməsi barədə qərar müvafiq dövlət orqanının rəhbəri tərəfindən verilir.
“Ədəbiyyat və incəsənət”
(04.04.2023)
İran "qırmızı xətti" keçir
Sirr deyil ki, bu gün İranla münasibətlər gündəm təşkil edir. “Ədəbiyyat və incəsənət” aktual mövzulara nüfuz edərək bu mövzu barədə danışmaq istəyir.
Azərbaycanın 44 günlük Vətən müharibəsində böyük Zəfərini həzm edə bilməyən İran heç cür sakitləşmək bilmir. Qələbədən ötən müddət ərzində hər gün demək olar ki, İranın təxribatları ilə üzləşirik. Ermənistanla münasibətləri hər addımda dərinləşdirən Tehran rejimi Azərbaycana qarşı təhdidlərini, hədələrini son vaxtlar daha da artırıb. Bu təhdidlərin son günlər açıq müstəviyə keçməsi isə İranın məqsədlərinin nə qədər çirkin olduğunu bir daha göstərir.
Azərbaycanın haqlı savaşı zamanı Ermənistana hər cür, o cümlədən hərbi dəstək verən Tehran bu dəstəyini müharibənin bitməsindən sonra azad etdiyimiz sərhəd boyu zonanın qarşı tərəfində irimiqyaslı hərbi təlimləri ilə bir daha ortaya qoydu. Maraqlı və sual doğuran nüans odur ki, Azərbaycanın sözügedən sərhədi 30 il Ermənistanın işğalı altında olduğu müddətdə İran bir dəfə də olsun burada hərbi təlim keçirməmişdi. Nəinki hərbi təlim keçirməmiş, ümumiyyətlə, Ermənistanın 30 il ərzində İranın müsəlman qardaşı olan Azərbaycanın ərazilərini işğal etməsini bir dəfə də pisləməmişdi. Vətən müharibəsindən sonra isə Ermənistan sərhədlərinin toxunulmazlığını İranın "qırmızı xətti" elan etdi.
Bundan başqa, İran həyasızlığını davam etdirərək, Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərindəki separatçı tör-töküntüləri üçün qeyri-qanuni yük daşımalarını da sürdürürdü. Yalnız Azərbaycanın kəskin və qətiyyətli addımlarından sonra Tehranın bu həyasızlığının qarşısı alındı.
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Üçtərəfli bəyanatında nəzərdə tutulan kommunikasiyaların və yolların açılmasını nəzərdə tutan müddəanın icrasına bu gün məhz İranın əsas maneə olduğu şübhəsizdir. Ermənistandan çox İran Azərbaycanın qərbi ilə Naxçıvan arasında quru yolunun bərpasını əngəlləyir. İqtisadi tərəfləri ilə yanaşı, İran bu məsələnin siyasi ağırlığı altında da inildəyir.
İranın Ermənistanın Qafan şəhərində tələm-tələsik konsulluq açması, eləcə də əhalisinin mütləq çoxluğunu Azərbaycan türklərinin təşkil etdiyi, bütün dünya azərbaycanlılarının özünə mənəvi paytaxt bildiyi Təbrizdə Ermənistan konsulluğunun açılmasının planlaşdırıldığına dair bəyanatlar Tehranın hansı bəd oyunların başında durduğunu göstərir.
İranın terror dövləti olduğu bütün dünyaya məlumdur. Tehran çirkin məqsədlərinə çatmaq üçün terrora əl atmaqdan heç vaxt çəkinməyib. Bu ilin əvvəlində Azərbaycanın Tehranda səfirliyində törədilmiş terror aktı bunun bariz nümunəsidir.
Səfirliyin bir əməkdaşının şəhid olması, ikisinin yaralanması ilə nəticələnmiş silahlı hücumun Tehran rejiminin planlaşdırdığı və həyata keçirdiyi terror aktı olduğu heç kimdə şübhə doğurmur.
Diqqət çəkən məqam ondan ibarətdir ki, İran təhdidlərini təkcə Azərbaycana deyil, onun ən yaxın müttəfiqi Türkiyəyə qarşı də yönəldir. Azərbaycan-Türkiyə ittifaqından, qardaşlığından hədsiz narahatlığını gizlətməyən Tehran rejiminin son hərəkətləri Bakı ilə yanaşı, Ankaraya da ünvanlanıb.
Tehran rejiminin son günlər səsləndirdiyi bəyanatlar, atdığı addımlar artıq onun bütün "qırmızı xətləri" keçdiyini söyləməyə əsas verir. Dünyanın nüfuzlu ölkələrinin terror təşkilatı kimi tanıdığı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hazırladığı son animasiya videosunda Araz çayı üzərindən Azərbaycan tərəfə uçan hansısa quşun sonradan kamikadze dronlara çevrildiyi əksini tapıb. Animasiya görüntüsü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məşhur "Laçın" şeirini səsləndirməsi ilə müşayiət olunur.
Sabah mövzuya digər aspektdən yanaşmağa çalışacağıq.
“Ədəbiyyat və incəsənət”
(04.04.2023)
O hansı kitab olub ki, bir dəfə oxumanıza rəğmən dəfələrlə oxumaq istəmisiniz?
“Ədəbiyyat və incəsənət” portalının Ekspress-sorğu rubrikasının aparıcısı Habil Yaşar bu dəfə kitabsevərlərdən “O hansı kitab olub ki, bir dəfə oxumanıza rəğmən dəfələrlə oxumaq istəmisiniz?” sualına cavab alıb
Tural Nəbiyev, müəllim
Bu cür kitablar çoxdur. Ancaq “Səfillər” romanını oxuduqca oxumaq istəmişəm.
Lətifə Abbasova, yazar
Mən adətən həmişə oxuduğum əsərləri tək bir dəfə oxuyuram və oradaki hadisələr məni cəlb edərsə yaddaşıma həkk olar bəzi məqamları. Amma vaxti ilə İlyas Əfəndiyevin “Sarıkoynəklə Valehin dastanı” əsərini bir neçə dəfə oxumuşam, hətta onu ozumlə uzaq Sibirə də aparmışdım, elə orada bir neçə dəfə oxudum.
Ceyran Məmmədova, hal-hazırda işsiz
Rəşad Nuri Güntəkin "Dodaqdan qəlbə" romanını.
İradə Allahverdiyeva, müəllimə
Əlibala Hacızadənin “Ayrılığın sonu yoxmuş” romanını.
Mətanət Məhərrəm, müəllimə
İkinci dəfə oxumaq istədiyim kitab olmayıb...
Səadət Qənbərova, yazar
Çox kitabları dönə dönə oxumuşam. İstər xarici, yəni dünya ədəbiyyatı, istərsə də öz ədəbiyyatımız. Viktor Hüqonun əsərlərini. “Səfillər”ini. Lev Tolstoyun “Anna Karenina”sını. Azərbaycan ədəbiyyatından Əlibala Hacızadənin bütün əsərlərini, İlyas Əfəndiyevin "Dağlar arxasında üç dost", Cəmşid Əmirovun`"Qara Volqa" əsərlərini.
“Ədəbiyyat və incəsənət”
(04.04.2023)
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
Rusiyanın Vladivostok şəhərində fəaliyyət göstərən Maksim Qorki adına Primorsk Akademik Vilayət Dram Teatrı (bədii rəhbər Rusiyanın Xalq artisti, “Qızıl maska” mükafatı laureatı Yefim Zvenyatski) iyulun 1-dən 9-dək Bakıda qastrolda olacaq.
Səfər “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan peşəkar milli teatrının 150 illiyi münasibətilə Rusiya Federasiyası Primorsk Vilayəti Hökumətinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq.
Primorsk Akademik Vilayət Dram Teatrı da bu il yubileyini, 90 yaşını qeyd edir. Uzaq Şərqdə, Sakit okeanın sahilində klassik rus psixoloji teatrı ənənələrini qoruyub saxlayan qocaman akademik teatrı Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində repertuarından seçmə 6 tamaşa göstərəcək.
Qastrol M.Bulqakovun məşhur romanı əsasında iki il əvvəl, teatrın 88-ci mövsümündə səhnəyə qoyulmuş “Master və Marqarita” tamaşası ilə (1-2 iyul) başlayacaq.
İyulun 4-də Vladivostok teatrı yəhudi yazıçısı Şolom-Aleyxemin əsərləri əsasında hazırlanmış və 20 ildir repertuarda olan “Anma duası”nı, iyulun 5-də isə A.Çexovun “İvanov” komediyasını (28 ildir repertuardadır) nümayiş etdirəcək.
6-7 iyulda əfsanəvi fransız müğənni Edit Piafın həyatından bəhs edən “Edit və onun şeytanları” musiqili-mistik melodramı, iyulun 8-də isə ispan dramaturqu Lopa de Veqanın “Nə yardan doyur, nə əldən qoyur” komediyası Akademik Rus Dram Teatrının səhnəsində Bakı tamaşaçılarına təqdim olunacaq.
Primorsk Akademik Vilayət Dram Teatrının Bakı qastrolu rus yazıçısı V.Pikulun “Kreyserlər” tarixi romanı əsasında tamaşa ilə başa çatacaq.
Qeyd edək ki, “Edit və onun şeytanları” və “Kreyserlər” teatrın eksklüziv tamaşalarıdır, üstəlik, ilk dəfə Vladivostok teatrında səhnələşdirilən “Kreyserlər” Rusiya Federasiyası Hökumətinin mükafatına layiq görülüb.
“Master və Marqarita”, “Anma duası” və “Kreyserlər” tamaşalarında teatrın bütün truppası məşğuldur. Ümumilikdə Bakı qastroluna teatrın texniki işçiləri və Uzaq Şərq İncəsənət İnstitutunun tələbələri də daxil olmaqla 100 nəfərdən çox heyət gələcək. Həmçinin bir neçə konteyner dekorasiya, geyim və avadanlıqlar gətiriləcək. Primorsk Akademik Vilayət Dram Teatrının yaydığı məlumata görə, bu, yaradıcı kollektivin ən irimiqyaslı qastrol səfəri olacaq.
“Ədəbiyyat və incəsənət”
(04.04.2023)
Amsterdam - dünyanın ən gözəl şəhəri elan edilib
Yaz-yay mövsümündə ziyarət üçün dünyanın ən gözəl şəhərlərinin siyahısı açıqlanıb
Niderlandın paytaxtı Amsterdam şəhəri yaz-yay mövsümündə səyahət etmək üçün dünyanın ən gözəl şəhəri adlandırılıb.
Reytinqdə liderlik edən Amsterdam artıq bir neçə ildir ki, ifrat sayda turist axınına qarşı fəal kampaniya aparır. Bəli, başqaları günüm günorta çağı çıraqla turist axtarır, Amsterdamsa turist əlindən bezib.
“Bounce” turizm tətbiqinin keçirdiyi tədqiqatın nəticələrinə istinad etsək, reytinqin tərtibi zamanı orta yağıntı miqdarı, temperatur və bahar mövsümündə bu və ya digər şəhərdə nə ilə məşğul olmağın mümkün olduğu araşdırılıb.
Baharda dünyanın ən gözəl və ziyarət edilməli şəhərlərinin onluğu belədir:
Amsterdam (Niderland),
London (İngiltərə),
Praqa (Çexiya),
Pekin (Çin),
Roma (İtaliya),
Las-Veqas (ABŞ),
Paris (Fransa),
Vyana (Avstriya),
Melburn (Avstraliya)
Los-Anceles (ABŞ).
Amsterdam siyahıda bahar fəslinə təsadüf edən çox sayda tədbir və bayramların sayəsində liderlik edir. Misal üçün, aprelin 27-si Kral günündə insanlar Kral Villem-Aleksandrın doğum gününü qeyd etmək üçün narıncı rəngdə paltar geyinərək gecə gec saatlaradək rəqs edirlər.
Bahar, həmçinin Kekenxof Kral parkında nəfəs kəsən lalə sahələrini ziyarət etmək üçün də ilin çox uyğun fəslidir. Bu parka paytaxtdan gəlmək çox asandır.
Bundan başqa, baharda Amsterdamda şəhər parklarında pikniklər çox populyardır. Xüsusən şəhər sakinləri və turistlər Vondel parkında yığışmağı çox xoşlayır.
Amsterdamın turistlər arasında ən populyar Avropa şəhərlərindən biri olduğuna baxmayaraq, şəhərin özü qonaqlara, ən azından, ilk növbədə, böyüklər üçün əyləncələrlə cəlb olunanlara, o qədər də şad deyil.
Bundan əlavə, artıq 2023-cü il mayın ortasından Amsterdamda turistlər üçün yeni davranış qaydaları qüvvəyə minəcək.
Şəkildə: Amsterdamı hədər yerə lider çıxarmayıblar ki…
“Ədəbiyyat və incəsənət”
(04.04.2023)
Xalqın bədii söz sənəti tarixin yol yoldaşıdır
Məhərrəm Qasımlının “Ozan-aşıq sənəti və ədəbiyyatı” adlı kitabı işıq üzü görüb
Saz ruhu oynadan, damarda qanı oyadan, varlığı coşduran bir türk çalğı alətidir, təsadüfi deyil ki, o əvvəlki tək ölkəmizin yalnız Qərb bölgəsində deyil, hər bir guşəsində sevilir. Və sazın təbliğində, təbii ki, Azərbaycan Aşıqlar Birliyi əhəmiyyətli rol oynamaqdadır.
Birliyin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aşıq sənəti barədə yeni kitabının işıq üzü görməsi xəbəri təbii ki, hamımızı sevindirdi. Təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da görkəmli folklorşünas alim kimi tanınan, xüsusilə də aşıq sənəti və ustad aşıqların yaradıcılığının yorulmaz tədqiqatçısı olan M.Qasımlının bu kitabı hələ XX əsrin 90-cı illərində işıq üzü görmüş və bu gün də tədqiqatçıların etibarlı mənbə kimi üz tutduqları “Ozan-aşıq sənəti” kitabının təkmilləşdirilmiş və əlavələr edilmiş yeni nəşridir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ozan-aşıq sənətinin tarixi qədimdir, qürurvericidir, Türk xalqının zəngin mədəniyyətinin sübutudur. Türk dünyasının dərin qatlarından süzülüb gələn ozan-aşıq sənəti tarixin müxtəlif keçidlərində enişli-yoxuşlu yollardan keçə-keçə Qorqud atanın əzəmətində ozanı yaşadıb, orta yüzillərdən isə Kərəmin, Sarı Aşığın, Qurbaninin, Abbas Tufarqanlının, Xəstə Qasımın, nəhayət, Ələsgərin simasında həmin zirvəni yaradıb. Şifahi ədəbiyyatla yazılı ədəbiyyat arasında körpü kimi ozan-aşıq sənəti Azərbaycan ədəbiyyatının onurğa sütunu olub, yazı ədəbiyyatı zamanın siyasətini ruhuna hopduranda xalq ədəbiyyatı, ozan-aşıq sənəti siyasətlə üz-üzə dayanıb bütün qüdrəti ilə sözünü deyib, tarixin sınaqlarından şərəflə çıxıb. Belə əzəmətli abidələri xalq minillər boyu hafizəsinə köçürüb, nəsillərdən-nəsillərə ötürüb, cilalayıb, sığallayıb və zamanında bir zəka sahibi onu yazıya alıb ilkinini qoruyub yaşadıb. Əlbəttə, zaman öz vərdişindədir, sənət də öz işində. Sənət zamanın yaxşısını da, pisini də, doğrusunu da, əyrisini də, demək olar, bütün simasını öz ruhuna hopdurur. Məhz buna görə də klassiklər doğru deyiblər ki, xalqın bədii söz sənəti tarixin yol yoldaşıdır. Bu baxımdan ozan-aşıq sənəti tarixin çeşidli anlarını özünün sənət süzgəcindən keçirib, onun tərcümanı olub. Böyük tarixi dönəmlərdə elmi-texniki ixtiralar təkamül tapdıqca bədii sənət də, söz sənəti də istər-istəməz onu ehtiva edir, ona təsir edir, onu öz fantaziyasına yönəldir. Bütün mütərəqqi təkamül, ictimai-siyasi inkişaf, istərsə ədəbiyyat və incəsənət həmişə bir-biri ilə ayaqlaşıb, bir-birini tamamlayıb. Təəssüf ki, belə zəngin və çoxşaxəli xalq yaradıcılığı irsinin toplanılıb öyrənilməsinə yalnız XX yüzildə başlanıb. Şükürlər ki, indi pik nöqtəsinə çatıb.
“Ozan-aşıq sənəti və ədəbiyyatı” adlanan və əvvəlki nəşrlərdən əsaslı şəkildə fərqlənən bu kitab 34 çap vərəqi həcmindədir və aşağıdakı bölmələrdən ibarətdir: “Aşıq sənətinin tarixi kökləri”, “Aşıqlıq: yaranış və biçimlənmə mərhələləri”, “Aşıq mühitləri” və “Aşıq ədəbiyyatı”.
Kitabda ortaq türk mənəvi dəyərləri və mədəniyyətinin mühüm istiqamətləri, qam-şaman kompleksi, ozan sənəti və aşıqlığın tarixi-semantik mahiyyəti, aşıq mühitləri, eləcə də aşıq ədəbiyyatının səciyyəsi və əsas simaları konseptual və sistemli şəkildə açıqlanır, geniş etnocoğrafi hüdudlara malik olan Türk etnik mədəni sisteminin tarixi-estetik mahiyyəti bir bütöv halında elmi müstəvidə təhlil olunur. Yeri gəlmişkən, professor M.Qasımlının da qeyd etdiyi kimi, Sovet dönəmində aparılmış tədqiqatlarda ideoloji-siyasi basqılar nəticəsində kontekstin düzgün müəyyənləşdirilməmsi türk tarix və mədəniyyətinin kəskin təhriflərə məruz qalmasına, zərərli və natamam elmi qənaətlərə, yanlış dəyərləndirmələrə gətirib çıxarmışdır. “Aşıq sənəti” anlayışı altında Azərbaycan alimləri ancaq keçmiş Sovetlər Birliyindəki “Azərbaycan aşıq sənəti”ni öyrənmişlər. Bu sənətin genetik qaynaqlarını əhatə edən tarixi-coğrafi məkan isə daha böyük miqyaslıdır. Bütün bunları nəzərə alan professor M.Qasımlı bu fundamental əsərində aşıq sənəti və ədəbiyyatının istər genetik qaynaqları, istərsə də təşəkkül tarixi baxımından öyrənilməmiş problemlərini tədqiq edərək ortaya çox sanballı bir elmi əsər qoymuşdur.
Bu əsər, M.Qasımlının kitaba yazdığı “Ön söz”də də qeyd etdiyi kimi, ömrünün az qala əlli ilini həsr etdiyi, Azərbaycanla yanaşı, Qafqazın bir çox bölgələrini, Orta Asiya, İran və Anadolunu dönə-dönə gəzib zəngin məlumat topladığı gərgin bir zəhmətin bəhrəsidir.
Kitabdan folklor və xüsusən də aşıq sənətinin tədqiqatçıları, müvafiq ixtisaslar üzrə təhsil alan bakalavr və magistrlər faydalana biləcəklər.
Kitabın elmi redaktoru Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.
Şəkildə: Ötən əsrin 30-cu illərində Azərbaycan aşıqları
“Ədəbiyyat və incəsənət”
(04.04.2023)
Sədi Mirseyibli: Zəfər Muzeyi fondlarının komplektləşdirilməsi üçün indiyədək 8580 əşya toplanılıb
Azərbaycan İstiqlal Muzeyi tərəfindən Zəfər Muzeyinin fondlarının komplektləşdirilməsi üçün şəhid ailələrindən, qazilərdən, Vətən müharibəsində iştirak edən qəhrəmanlardan şəxsi əşyaların, materialların, hərbi qənimətlərin Zəfər Muzeyinə toplanması işi davam etdirilir. Hazırda Zəfər Muzeyinin fondlarının komplektləşdirilməsi üçün toplanan əşyaların sayı 8580-ə çatıb.
Bu sözləri AzərTAC-ın sorğusuna cavab olaraq İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli söyləyib.
“Bu ilin son üç ayı ərzində şəhid ailələri, qazilər və Vətən müharibəsində iştirak edən şəxslərə aid 251 əşya muzeyə gətirilib. Bu iş Mədəniyyət Nazirliyi tərəfindən İstiqlal Muzeyinə tapşırılıb. Proses davam edir. Gələcəkdə Zəfər Muzeyi fəaliyyətə başladığı zaman həmin əşyalar ora təhvil veriləcək”, - deyə Sədi Mirseyibli qeyd edib.
“Ədəbiyyat və incəsənət”
(04.04.2023)
İki yubilyarı təbrik etmək üçün ölkəmizə nüfuzlu xarici heyət gəlir
Xəbər verdiyimiz kimi, bu günlərdə ölkəmizin iki tanınmış şairi yubiley törənini keçirir. İbrahim İlyaslının 60, Əkbər Qoşalının 50 illik yubileyi Milli Məclisin Mədəniyyət Komitəsinin xətti ilə yüksək səviyyədə qeyd ediləcək. Aprelin 5-də Beynəlxalq Muğam Mərkəzində Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə Əkbər Qoşalının, aprelin 6-da Sumqayıt Dram Teatrında Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə İbrahim İlyaslının sözlü-musiqili yaradıcılıq gecəsi təşkil olunacaq.
“Ədəbiyyat və incəsənət” portalının əldə etdiyi məlumata görə, yubiley törənlərində iştirak etmək üçün ölkəmizə türk dünyasının ünlü söz adamları, nüfuzlu diaspor nümayəndələrimiz təşrif buyurublar. Onların bəzilərinin adlarını qeyd edirik:
Malik Otorbayev – Qazaxıstan Prezidentinin müşaviri,
Rkail Zəydulla – Tatarıstan Yazıçılar Birliyinin başqanı, Xalq şairi, Millət vəkili,
Şemsettin Kuzeci - İraq Türkmanlarının tanınmış nümayəndəsi, Kərküklü şair-publisist, araşdırmaçı-jurnalist, ictimai xadim
Yaqub Öməroğlu – “Avrasiya Yazarlar Birliyi”nin başqanı,
Murat Toylu – “TRT Türkmənistan Masası”nın rəhbəri, jurnalist,
Aygiz Baymuxammet – Başqurdistan Yazıçılar Birliyinin başqanı, Dövlət Gənclər Mükafatı laureatı,
Qavril Androsov – Saxa-Yakutiya Yazıçılar Birliyinin başqan müavini,
Tanagöz Tolkınkızı – Qazaxıstanda ABAY TV-nin prodüsseri, şair,
Janargül Kadırova – Qazaxıstanın Ekibastuz şəhərinin “Otarka” qəzetinin redaktoru,
Janayım Auğanbaykızı – Qazaxıstan yazarı, teleaparıcı,
Batırxan Sersenxan – “Egemen Qazaxıstan” qəzetinin “Ədəbiyyat və incəsənət” şöbəsinin əməkdaşı;
Nurlan Kalıbekov – Qırğız Milli Yazıçılar Birliyinin başqanı, Əməkdar mədəniyyət xadimi, şair,
Marina Karyagina – Çuvaşıstanın Əməkdar incəsənət xadimi, şair, rejissor;
Əliş Məmmədov – Saxa-Yauyita İl Tüməninin (Parlamentinin) deputatı, “Saxa-Yakutiya Azərbaycan diasporu" ictimai təşkilatının sədri,
Tərlan Qasımov – “Arxangelsk vilayətinin Azərbaycan diasporu" regional ictimai təşkilatının sədri,
Aqil Əliyev – “Çuvaşıstan-Azərbaycan Dostluq Cəmiyyəti”nin başqanı;
Yılmaz Okuklu – Türkiyədən nüfuzlu işadamı,
Selim Yuhay – Türkiyə telejurnalisti, rejissor, ictimai xadim.
“Ədəbiyyat və incəsənət”
(04.03.2023)