Super User
“Zəfər”in zəfəri - “Nə? Harada? Nə zaman?” intellektual oyununu onlar qazandı
Bu oyun bizə SSRİ-dən miras qalıb. Hələ də sevilir və oynanır. Bu dəfə isə onu Xəzər rayonunda oynadılar. Xəzər Rayon İcra Hakimiyyəti, rayonun Gənclər və İdman İdarəsi və Gənclər Evinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bu oyunu
rayon ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri oynadılar. Söhbət “Nə? Harada? Nə zaman?” intellektual oyunundan gedir.
Xəzər rayon Gənclər və İdman İdarəsinin məlumatına görə, Xəzər Gənclər Evində təşkil edilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsində canlarını qurban verən şəhidlərin xatirəsi yad edildi.
Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova, rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev və başqaları çıxış edərək tədbir iştirakçılarına uğurlar arzu etdilər.
İdarənin aparıcı-məsləhətçisi Elçin Bəşirov qeyd etdi ki, intellektual oyunun keçirilməsində əsas məqsəd “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası, şagirdlərin intellektual, həmçinin dünyagörüşü səviyyələri üzrə bilik və bacarıqlarını artırmaqdan ibarətdir.
Gərgin mübarizə şəraitində keçən oyunun yekun nəticələrinə əsasən birinci yerə 237 nömrəli tam orta məktəbin “Zəfər” komandası, ikinci yer üzrə 156 nömrəli tam orta məktəbin “Evrika” və üçüncü yerə isə 120 nömrəli tam orta məktəbin “Uğur” komandası layiq görüldülər.
Qalib gələn komandalara Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim edildi.
Bizsə öz növbəmizdə onu deyək ki, SSRİ-dən miras qalan hər şeydən imtina etmək olmaz. İçində faydalı olanlar da var. Elə lap bu oyun kimi.
Şəkildə: qaliblər
“Ədəbiyyat və incəsənət”
(05.04.2023)
Qısa fikirlər xəzinəsində Otto fon Bismark
“Ədəbiyyat və incəsənət” portalı çox sevilən “Qısa fikirlər xəzinəsi” rubrikasında bu gün sizlərə Otto fon Bismarkın qiymətli fikirlərini çatdıracaq.
***
Məğlublara yalnız göz yaşı verəcəyik ki, doyunca ağlaya bilsinlər.
***
Bütün el-aləmi tovlayıb aldatmaq istəyirsənsə – doğrunu söylə.
***
Fikrin aldatmaqsa, qısa danış.
***
Axmaqlıq ilahi vergidir, ancaq ondan sui-istifadə etmək də lazım deyil.
***
Gəncliyə üç öyüdüm var: Çalışın, çalışın, çalışın...
“Ədəbiyyat və incəsənət”
(05.04.2023)
Özbəkistanda görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirova həsr olunmuş konsert keçirilib
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Daşkənddəki Dövlət Konservatoriyasının böyük zalında görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, dünyaşöhrətli bəstəkar Fikrət Əmirova həsr olunmuş “Sevgimizin səması” adlı simfonik konsert keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə istinadən xəbər verir ki, konsertdə Azərbaycan Mədəniyyət Mərkəzinin, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, mədəniyyət və incəsənət xadimləri, Daşkənddəki ali məktəblərin müəllim və tələbə heyəti iştirak edib.
Əvvəlcə konsertin rejissoru Özbəkistanın Əməkdar incəsənət xadimi Andrey Slonim Fikrət Əmirovun yaradıcılığından danışıb, onun irsinin musiqi sənəti üçün milli sərvət olduğunu qeyd edib. O, dahi bəstəkarın sənətə və insanlara fədakar xidmətini, yaratdığı misilsiz əsərlərin musiqi irsinin zəngin xəzinəsini bəzədiyini vurğulayıb. Rejissor Fikrət Əmirovun simfonik muğam janrının əsasını qoyduğunu, bütün dünyada şöhrət qazanmış unudulmaz musiqi əsərləri yaratdığını vurğulayaraq, Azərbaycan Mədəniyyət Mərkəzinə konsertinin keçirilməsində göstərilən dəstəyə görə minnətdarlığını bildirib.
Konsert Fikrət Əmirovun məşhur "Şur" simfonik muğamı ilə başlayıb. Beynəlxalq müsabiqələr laureatı Bobomurod Xudoykulovun rəhbərliyi ilə Özbəkistan Dövlət Konservatoriyasının nəzdindəki teatr — studiyasının simfonik orkestrinin ifasında Fikrət Əmirova şöhrət gətirən əsərlər ifa olunub.
Gecənin əsas kompozisiyasını solo hissəni Özbəkistanın Əməkdar artisti Adiba Şaripovanın ifa etdiyi ərəb mövzularında fortepiano və orkestr üçün konsert təşkil edib. Adiba Şaripova ifaçılıq palitrasının bütün müxtəlifliyindən istifadə edərək orkestrlə birlikdə Şərqin böyük mədəniyyətinin rəngarəngliyini və çox tərəfliliyini əks etdirən güclü, möhtəşəm əsər təqdim edib.
Qeyd edək ki, tamaşaçılara ifa olunan hər bir musiqi əsərinə uyğun səhnələrdən ibarət videoçarxlar təqdim olunub. Konsertə maraq böyük olub və görkəmli bəstəkarın təkrarsız əsərləri ifa olunduqca tamaşaçıların çoxsaylı alqışları ilə qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(05.04.2023)
İlk görüşə hazırlaşan sevənlərə
İLK GÖRÜŞDƏ VERILƏCƏK 15 SUAL
“Ədəbiyyat və incəsənət” portalının Gənc ailə rubrikasında Uğur Mətləb sizləri psixoloqların yönəltməsində ilk görüşə hazırlaşdıracaq.
Bir kişi bir qadınla ilk görüşə gələndə, onun haqqında demək olar ki, heç nə bilmir. Qarşılıqlı tanışlar onun haqqında bir şey söyləsələr də, bu, onun əsl mahiyyətini başa düşmək üçün bilməli olduğunuz məlumatların yalnız kiçik bir hissəsidir. Elə bir fakt var ki, kişi yalnız bir neçə illik münasibətdən sonra onun yanında necə bir qadın olduğunu başa düşüb.
Bunun sizinlə baş verməməsi üçün bu yazıda bir qadına, ilk görüşdə verməli olduğunuz sualların siyahısını təqdim edirik.
1. Ailəniz haqqında məlumat verə bilərsinizmi? Hansı ailə üzvü ilə daha yaxşı ünsiyyət qurursunuz? Kim sizə yaxındır? Anasına yaxın olan kişilər, bir qayda olaraq digər qadınlara çox hörmətlə yanaşırlar. Amma bilirik ki, qayınana ilə bağlı zarafatlar çox şişirdilmişdir, amma qayınana ilə bağlı dəhşətlər yox.
2. Sən torağaysan, yoxsa bayquş? Hər gün səhər yeməyi yemək və tək yatmaq istəmirsiniz.
3. Nahar/səhər yeməyi üçün nəyi xoşlayırsınız? Bəs bu görüş hələ səhərə qədər davam etsə…
4. Daha çox pişikləri və ya itləri sevirsiniz? Axmaqlıqt? Əgər birinizin evdə altı pişiyi varsa, digərində isə onlara qarşı dəhşətli allergiya varsa, bu, əsl problem ola bilər.
5. Sevdiyiniz bir əsər varmı? Amerikalı rejissor Con Uoters bir dəfə demişdi: “Əgər bir kişinin evinə gəlirsənsə və onun heç bir kitabı yoxdursa, onunla cinsi əlaqəyə girməməlisən”.
6. Həqiqətən nə etdiyinizi sevirsiniz? Bu sual kişinin ambisiyalarını və gələcək haqqında düşüncələrini ortaya qoyur. Cavab mücərrəd səslənirsə, heç bir əminlik və aydınlıq yoxdur — bu sizin üçün dayanma işarəsi ola bilər.
7. Sonuncu dəfə kimin konsertinə getmisiniz? Bu sualın daha ixtiraçı bir versiyası: “hansı musiqini sevirsən.” Və ya bəlkə ondan hansı konsertə getmək istədiyini öyrənin… əlbəttə, sizinlə.
8. Dostlarınız sizi necə təsvir edə bilər? Hətta çox açıq və ünsiyyətcil insanların özləri haqqında danışmaq asan deyil, ancaq başqasının nöqteyi-nəzərini alaraq xarakterlərini və vərdişlərini “təhlükəsiz” şəkildə təsvir edə biləcəklər.
9. Valideynləriniz necə tanış olublar? Hər kəs böyük hekayələr danışmağı sevir. Bundan əlavə, valideynlər haqqında soruşaraq, potensial tərəfdaşın ailəsi haqqında çox şey öyrənə bilərsiniz.
10. Hər hansı bir tarixi dövrü seçə bilsəydiniz, hansı dövrdə olmaq istərdiniz? Düşünmək istərdim ki, bu sual insanı təxəyyülünü işə salacaq və sonrakı söhbət və ya kim bilir, rol oynamaq üçün lazımi qığılcım verəcək.
11. Son vaxtlar hansı filmlər/seriallar sizi maraqlandırır? “Taxt oyunları”nın hansı mövsümünə baxdığınızı deyin, mən sizə kim olduğunuzu deyim.
12. Harada böyümüsən? İlk görüşdə insanı daha yaxından tanımaq istəyirsinizsə, ondan uşaqlığının keçdiyi yer barədə soruşun.
13. Ən yaxşı səyahətinizdən danışın. İlham üçün sual. Münasibətləriniz sonda nəticə verməsə belə, bəlkə də həmsöhbət sizin üçün planetdə bir gün olmağınıza etiraz etməyəcəyiniz yeni maraqlı bir yer açacaq.
14. Həyatınıza ən çox təsir edən kimdir? Və qoy o, sadəcə keçmişinə işarə etməyə çalışsın!
15. Hazırda həyatda məqsədiniz nədir? Cavab: “Amur pələnglərini məhv olmaqdan xilas etmək” və “Səhərə qədər sizinlə ayrılmamaq” – uğur üçün əla bir tətbiqdir.
Sizə uğurlu görüş və xoşbəxt ailə həyatı arzulayırıq!
“Ədəbiyyat və incəsənət”
(04.04.2023)
Oxumağınız üçün məsləhət görülən kitablar
Kitab rəfini zənginləşdirmək istəyənlər üçün “Ədəbiyyat və incəsənət” portalı bu gün sizə bir reytinq təklif edəcək. Kitab almaq istəyəndə çox vaxt tərəddüd edir, rəfləri bəzəyən bolluqdan seçim edə bilmirsiniz. Təbii, axtardığınız kitabı və sevdiyiniz müəllifi bir kənara qoyub yenilik etmək istəyındə həmişə çətinliyiniz olur. Bəs necə seçim etməli? Öncə dost məsləhətinə qulaq asmalı, daha sonra reytinqləri izləməli. Azərbaycanımızda bu sayaq reytinqlər tək-tük olur, amma digər kitabsevər ölkələrdə ən müxtəlif təsisatların öz reytinqləri vaxtaşırı dərc edilir. Lap elə ədəbiyyat ölkəsi kimi tanınan Rusiyada. Rusların ən mötəbər kitab reytinqləri arasında LitRes platformasının reytinqi öndə gedir və indi sizə son vaxtlar Rusiyada ən çox tələb olunan 8 kitabın adlarını təqdim edəcəyik:
Entoni, “Əjdahaya yol” (Sehirli)
Maks Qlebov, “Sözsüz detektiv” (Kosmik fantastika)
Yelena Mixalkova, “Kağız quşun lələkləri” (Detektiv)
Talyana Orlova, “Yeddinci dairənin Böyük Knyazı” (Mistika)
Aleksandr Baunov, “Rejimin sonu”
(Non-fikşn)
Anton Petryakov, “Görünmək deyil, olmaq” (Psixoloji, motivasiya)
Alina Arkadi, “Çovğun” (Sevgi romanı)
Vadim Zeland, “Tafti rahibəsi 2” (Motivasiya)
Bu kitablar arasında diqqətimizi çəkən daxili və xarici intibahı özündə təcəssüm etdirən, davranış psixologiyasını bəyan edən, uğursuzluq və həyəcan səbəblərini açan “Görünmək deyil, olmaq” kitabı, üç avtokratiyanın - İspaniyada Franko, Portuqaliyada Salazar və Yunanıstanda “qara polkovniklərin” süqutundan bəhs edən “Rejimin sonu” kitabı, eləcə də sevgi və ehtiras barədə zərif və qarlı əhvalatı nəql edən “Çovğun” kitabı çəkdi. Mütləq oxuyun.
Yeri gəlmişkən, əməkdaşımız Habil Yaşar bizdə ən çox tələb olunan kitabların reytinqini hazırlayır. Tezliklə diqqətinizə çatdırılacaq.
Şəkildə: Reytinqə başçılıq edən kitab
“Ədəbiyyat və incəsənət”
(04.04.2023)
Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi qapılarını ziyarətçilərin üzünə açıb
Aprelin 4-də Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2023”) sərgisi qapılarını ziyarətçilərin üzünə açıb.
AzərTAC xəbər verir ki, “AITF” sərgisinin təşkilatçısı Caspian Event Organisers şirkətidir. Sərginin ənənəvi iştirakçısı olan Bolqarıstan “AITF 2023”ün baş sponsoru qismində çıxış edir, Özbəkistan isə tərəfdaş ölkədir.
“Caspian Event Organisers” şirkətinin baş direktoru Fərid Məmmədov 3 illik fasilədən sonra 19-cu Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2023”) sərgisində yenidən bir araya gəlməkdən məmnunluğunu bildirib. O deyib: "Turizm sərgisi artıq ənənə halını alıb və Bakıda 19-cu dəfədir ki, keçirilir. Builki sərgidə 15 ölkəni təmsil edən 50-dən çox şirkət, qurum öz məhsul və xidmətlərini ziyarətçilərə təqdim edəcək. Ənənəvi olaraq, sərgi müxtəlif ölkələrdən turizm sənayesinin nümayəndələrini, milli və regional turizm təşkilatlarını və dövlət qurumlarını bir araya gətirir. Bu tədbir maraqlı tərəflərlə yeni əlaqələr qurmaq, satış coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirmək, sənayedəki ən son yeniliklər və tendensiyalar haqqında məlumat əldə etmək, həmçinin yeni tərəfdaşlar və müştərilər tapmaq imkanı verən əsas platformalardan biridir. Bundan əlavə, sərgi Azərbaycanın cəlbedici səyahət məkanı kimi əhəmiyyətini vurğulamış olur və xalqımızın qonaqpərvərliyini xarici iştirakçılar və ziyarətçilərə nümayiş etdirir. “AITF 2023” sərgisinə Azərbaycanla yanaşı, Belarus, Bolqarıstan, Çexiya, Gürcüstan, İsveçrə, Kuba, Polşa, Özbəkistan, Rusiya, Sloveniya, Tunis və bir çox başqa ölkələrdən olan şirkətlər qatılıb. “AITF” sərgisində ənənəvi olaraq xarici ölkələr milli stendlərlə təmsil olunur. Budəfəki sərgidə də Belarus, Çexiya, Polşa və Özbəkistan öz milli stendləri ilə iştirak edirlər".
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev beynəlxalq sərginin təşkilinin təqdirəlayiq olduğunu vurğulayaraq son illərdə ölkəmizdə turizm sahəsinin inkişaf etdirilməsi istiqamətində geniş işlərin görüldüyünü və bu sahəyə məxsusi diqqətin ayrıldığını bildirib: "AITF 2023” sərgisi pandemiya ilə bağlı yaranmış 3 illik fasilədən sonra yenidən turizm sektorunu diqqət mərkəzinə gətirir. Xarici və daxili turizmin inkişafı bizim üçün eyni dərəcədə əhəmiyyətlidir. Bu səbəbdən də istər xarici turistlərin ölkəmizə cəlb edilməsi, istərsə də daxili turizm xidmətlərinin təkmilləşdirilməsi istiqamətində aktiv və səmərəli fəaliyyəti dəstəkləyirik. Hazırda əsas məqsədimiz pandemiyadan əvvəlki rəqəmləri ən qısa zamanda bərpa edərək əvvəlkindən də çevik inkişafa və artıma nail olmaqdır. Yaxın 3 il üçün hədəfimiz 2026-cı ildə Azərbaycana səfər edən xarici vətəndaşların sayını 4 milyon nəfərə, ölkədaxili turizm səfərlərinin sayını isə 6 milyon nəfərə çatdırmaqdır. İşğaldan azad olunmuş torpaqlarımızda da turizmi inkişaf etdirmək əsas və prioritet hədəflərimizdəndir. Fəal istirahətin ən geniş yayılmış və kütləvi növü olan turizmə aid tədbirlər nəinki bu sənayenin nümayəndələrini, həm də yerli və xarici səyahətçiləri cəlb edir. Hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur və beləliklə, turizm daha geniş vüsət alır. “AITF 2023” sərgisi səyahət etməyi sevən Azərbaycan səyahətçiləri üçün də yeni turistik məkanları kəşf etmək baxımından olduqcaq əhəmiyyətli platformadır”.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov sərginin əhəmiyyətini vurğulayaraq burada olan iştirakından məmnunluğunu dilə gətirib: "Çox sevindirici haldır ki, artıq 3 illik fasilədən sonra yenidən bir araya gəlmişik. Bu sərgi sahibkarların öz xidmətlərini geniş kütləyə təqdim etmələri üçün geniş imkandır. İnanırıq ki, sərgini geniş kütlə ziyarət edəcək və buraya maraq böyük olacaq. Ənənəvi olaraq keçirilən bu sərgi turizm sənayesində mövcud çağırışların öyrənilməsi baxımından əlverişli platforma rolunu oynayır. İqtisadiyyatın bütün sektorlarında rəqabət qaydaları əvvəlki dövrlərə nisbətən fərqlənir. Pandemiyadan sonra ölkələr turist axını cəlb edilməsi uğrunda ciddi mübarizə aparır. Bu baxımdan ölkəmizdə turizm sektoruna mühüm diqqət ayrılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş sosial-iqtisadi tərəqqi bu sahənin hərtərəfli inkişafına yeni imkanlar açır".
Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov ölkəsinin bu sərgidə ilk dəfə tərəfdaş ölkə kimi iştirak etdiyini qeyd edərək sərginin təşkilatçılarına minnətdarlığını bildirib: “Qardaş Azərbaycan və Özbəkistan xalqlarını türk xalqlarının etnosuna əsaslanan ortaq milli adət-ənənələr, din və mədəniyyət birləşdirir. Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli dostluq əlaqələrinin böyük tarixi və dərin kökləri var. Həmçinin iki ölkə arasında olan ticarət dövriyyəsini və turizm sahəsində olan əməkdaşlığı da xüsusi qeyd etmək olar. Qeyd edək ki, 2022-ci ildə Özbəkistana səfər edən turistlərin sayına görə Azərbaycan ilk 15-liyə daxil olub. Əminəm ki, növbəti illərdə də turizm sahəsi üzrə ölkələrimiz arasında əməkdaşlıq daha da inkişaf edərək ən yüksək pillələrdə qərarlaşacaq".
Bolqarıstanın ölkəmizdəki səfiri Ruslan Stoyanov ölkələrimiz arasındakı tarixi dostluq əlaqələrindən danışıb: “Bolqarıstan Azərbaycanla olan dostluq münasibətlərinə böyük əhəmiyyət verir. Bolqarıstanın Turizm Nazirliyi Azərbaycan Dövlət Turizm Agentliyi ilə ikitərəfli əməkdaşlığın gücləndirilməsinə və intensivləşdirilməsinə qətiyyətlə sadiqdir. Beləliklə xalqlarımız arasında çoxillik dostluq münasibətlərini daha da dərinləşdirəcəyik. 2022-ci ildə Azərbaycandan Bolqarıstana gələn turistlərin sayı 5 min 40 nəfər olub, bu da 2021-ci il göstəriciləri ilə müqayisədə 114 faiz daha çoxdur".
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov bildirib ki, “AITF 2023”ün yenidən açılması turizm sahəsinin inkişafı baxımından böyük hadisədir. Bu sərgi turizm sənayesinin peşəkarları üçün çoxdan gözlənilən hadisədir.
Sonra isə ənənəvi lent kəsilərək Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2023”) sərgisi açıq elan edilib.
Qeyd edək ki, aprelin 6-dək davam edəcək sərginin keçirildiyi günlər ərzində müxtəlif görüşlər, seminarlar və təqdimatlar təşkil olunacaq.
“Ədəbiyyat və incəsənət”
(04.04.2023)
“Sənin neçə yaşın var, Qabil?”
Xalq şairi Qabilin anım gününə
Bu gün Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Xalq şairi Qabilin anım günüdür. Vəfatından 16 il ötür. Nədənsə Qabili xatırlayan kimi “Bakılı oğlanlar” Murad Dadaşovla Bəhram Bağırzadənin məşhur səhnələri yadımıza düşür.
Baxmayanlar baxsınlar bu səhnəyə. Burda yumorla qarışıq Qabilin yaradıcılığa necə canını, ruhunu qoyması da əksini tapıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Qabil Allahverdi oğlu İmamverdiyev 1926-cı ildə Bakıda anadan olub. Orta məktəbi başa vurduqdan sonra 1944-1948-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) dil və ədəbiyyat fakültəsində ali təhsil alıb və 1954-56-cı illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun ali ədəbiyyat kurslarında oxuyub.
O, müxtəlif illərdə Yardımlıda, Bakıda orta məktəb müəllimi, məzunu olduğu ali təhsil ocağında laborant, “Azərbaycan müəllimi” qəzetinin redaksiyasında şöbə müdiri, “Kommunist” qəzeti redaksiyasında tərcüməçi-redaktor, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-dram verilişləri redaksiyasının məsul redaktoru, “Ədəbiyyat və incəsənət” qəzetinin redaksiyasında poeziya şöbəsinin müdiri, “Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi və baş redaktor vəzifələrində işləyib.
Yaradıcılığı ilə müasir Azərbaycan ədəbiyyatını daha da zənginləşdirən şairin xalqın keçmişindən, bu günündən bəhs edən, böyük təsir gücünə malik, həyat həqiqətlərinin realist təsvirini verən əsərləri vətəndaşlıq hisslərinin və mübarizlik ruhunun aşılanmasında mühüm xidmətlər göstərib. “Gəl baharım” adlı ilk şeiri 1944-cü ildə “Ədəbiyyat” qəzetində çap olunan Qabilin 1950-ci ildə “Səhər açılır” adlı kitabı işıq üzü görüb. Onun “Mənim mavi Xəzərim” (1959), “Küləkli havalarda” (1964), “Qoy danışsın təbiət” (1966), “Vətəndaş sərnişinlər” (1973) və s. kitabları oxucular tərəfindən maraqla qarşılanıb.
Qabil həmişə sevilə-sevilə oxunan, əzbərlənən “Bakılı”, “Qarışdırma”, “Çörək”, “Təmizlik”, “Gülləbaran eylədilər”, “Nəsimi bazarında”, “Beşiyimdir - məzarımdır o mənim”, “Dağlar”, “Azərbaycan torpağı” kimi qeyri-adı şeirləri və “Nəsimi” fəlsəfi-psixoloji, epik-dramatik, fundamental poeması ilə əbədiyyət qazanıb.
Qabilin yaradıcılıq yolu həmişə şəxsiyyəti ilə daim həmahəng olub. Eyni zamanda həyatda mehriban, səmimi və duzlu zarafatları ilə yanaşı, onun haqqında yaradılan maraqlı lətifələr də xalqa çoxdan bəllidir. Bu, əlbəttə, şair üçün ən böyük səadətdir.
Heç bir vəzifə daşımayan Qabil azad söz sahibi olub, xalqın istək və arzularını həmişə yuxarı dairələrə çatdırıb. Bu da ondan irəli gəlib ki, Qabil yuxarıda dediyimiz kimi, həqiqəti, düzlüyü, təmizliyi, obyektivliyi əqidə, amal kimi qəbul edən, nadir vətəndaşlıq mövqeli, təəssübkeş böyük şair idi.
Daim poetik duyğularla qəlbində Vətəninə, millətinə tükənməz məhəbbəti olan Qabil böyük ictimai hisslər, duyğularla, gərgin zəhməti və yaradıcılıq axtarışları, canlı həyat müşahidələri ilə vicdanla xalqına xidmət edib.
Müstəqilliyimizin ilk illərinin ağır sınaq anlarında ürək yanğısı ilə yazdığı “Şəhid anası”, “Qeyrət, a vətəndaşlar”, “Oldu”, “Xəcalət”, “Birini elə, birini belə” və digər siyasi lirika nümunələri ilə Qabil xalqın gözündə daha da yüksəlib.
Uzun illər Azərbaycan Yazıçılar Birliyində ağsaqqallar şurasının sədri kimi fəaliyyət göstərən Qabilin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. Görkəmli şair bir sıra orden və medallara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltiflərinə - “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb.
Xalq şairi Qabilin zarafatları, duzlu-məzəli lətifələri uzun illərdir xalq arasında gəzib dolaşmaqdadır. O, daha çox güldürməyi, gülməyi sevirdi. Baş verən hadisələrə özünəməxsus yanaşma tərzi istər-istəməz dodaqlara təbəssüm qondururdu.
Qabilə bu hörməti qazandıran onun zəngin yaradıcılığı ilə yanaşı, ötkəmliyi və cəsarət sahibi olmasıdır. Xalq yazıçısı İsmayıl Şıxlı onun haqqında lətifələri toplayaraq “Dostum Qabilin qəribə əhvalatları” adı ilə nəşr etdirib. Zaman keçəndən sonra şairin 90 illik yubileyi ərəfəsində ailəsində olan qəribə hadisələrlə bağlı oğlu Mahir Qabiloğlu da “Atam Qabilin qəribə əhvalatları” adlı kitab çap etdirib və bu kitablar xalq içində sevilə-sevilə oxunur.
2007-ci il aprelin 4-də vəfat edən görkəmli şair cismən aramızdan getsə də, zəngin ədəbi irsi, nəcib əməlləri ilə Qabilsevərlərin qəlbində daim yaşayacaq.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(04.04.2023)
Bakı Kitab Mərkəzində “Khojaly Scream” kitabının təqdimatı olub
Bakı Kitab Mərkəzində “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının rəhbəri, rəssam Nazim Məmmədovun ingilis dilində “Khojaly Scream” kitabının təqdimatı olub. Tədbir 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunub.
Nazim Məmmədovun məlumatına görə, təqdimat zamanı qonaqlar onun “Xocalı harayı” sərgisi ilə tanış olublar. Sərginin eksponatları dinc azərbaycanlı əhalinin kütləvi şəkildə qətlə yetirilməsi, Azərbaycan xalqının öz ərazi bütövlüyü uğrunda qətiyyətli və rəşadətli mübarizəsini əks etdirir.
Qeyd edək ki, bu əsərlərin orijinal nüsxələri hazırda Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında qorunub saxlanılır. 2002-ci ildə Nazim Məmmədov Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar 40 tablodan ibarət sərgi təqdim etmişdi. Onların hamısı muzeyə hədiyyə olunub. Bu rəsmlər müxtəlif layihələr, o cümlədən xaricdə sərgilənib. “Xocalı harayı” kolleksiyasının materiallar və rəssam Nazim Məmmədovun yaradıcılıq yolu onun oğlu Dadaş Məmmədovun kitabında yer alıb. Kitab 2010-cu ildə Azərbaycan dilində nəşr edilib, indi isə ingiliscə daha geniş oxucu kütləsinə təqdim olunur.
Tədbirdə Bakı Kitab Mərkəzinin direktoru, yazıçı Günel Rzayeva, teleaparıcı, tarixçi Fuad Axundov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, art-menecer Ülviyə Axundova çıxış ediblər. Sonra Azərbaycan klassiklərinin əsərlərindən ibarət konsert proqramı təqdim edilib.
“Ədəbiyyat və incəsənət”
(04.04.2023)
Budapeştdə azərbaycanlı tələbələrin iştirakı ilə “İki səs, bir sevgi” adlı şeir gecəsi keçirilib
Aprelin 3-də Azərbaycanın Macarıstandakı səfirliyində “İki səs, bir sevgi” adlı şeir gecəsi təşkil olunub.
“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə iki ölkə arasında mədəniyyət sahəsində mövcud əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu ifadə edib.
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə baş tutan tədbirdə Çexiyada yaşayan şairə və dramaturq Leyla Bəyim və YARAT Müasir İncəsənət Məkanında İctimai Proqramların rəhbəri, şairə və tərcüməçi Ülviyyə Axundova müəllifi olduqları şeirləri səsləndiriblər. Budapeştdə yaşayan gənc azərbaycanlı pianoçu Sona Ağarzayeva öz ifası ilə poeziya gecəsini müşayiət edib.
Tədbirdə Macarıstanın dövlət qurumları, mətbuat, ictimai-siyasi, elmi və mədəni dairələrinin, Macarıstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Macarıstandakı Azərbaycan diasporunun təmsilçiləri, Budapeşt şəhərində təhsil alan azərbaycanlı və əcnəbi tələbələr iştirak edib.
“Ədəbiyyat və incəsənət”
(04.04.2023)
Bu gün Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi açıldı
Özü də 3 illik fasilədən sonra
Bu gün Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2023”) sərgisi qapılarını ziyarətçilərin üzünə açıb.
Xəbər verdiyimiz kimi, sərginin təşkilatçısı Caspian Event Organisers şirkətidir. Sərginin ənənəvi iştirakçısı olan Bolqarıstan “AITF 2023”-ün baş sponsoru qismində çıxış edir, Özbəkistan isə tərəfdaş ölkədir.
"AITF 2023” sərgisi pandemiya ilə bağlı yaranmış 3 illik fasilədən sonra yenidən turizm sektorunu diqqət mərkəzinə gətirir. Ənənəvi olaraq, sərgi müxtəlif ölkələrdən turizm sənayesinin nümayəndələrini, milli və regional turizm təşkilatlarını və dövlət qurumlarını bir araya cəmləyir. Bu tədbir maraqlı tərəflərə yeni əlaqələr qurmaq, satış coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirmək, sənayedəki ən son yeniliklər və tendensiyalar haqqında məlumat əldə etmək, həmçinin yeni tərəfdaşlar və müştərilər tapmaq imkanı verən əsas platformalardan biridir. Bundan əlavə, sərgi Azərbaycanın cəlbedici səyahət məkanı kimi əhəmiyyətini vurğulayaraq, Azərbaycan xalqının qonaqpərvərliyini xarici iştirakçılar və ziyarətçilərə nümayiş etdirir.
“AITF 2023” sərgisinə Azərbaycanla yanaşı, Belarus, Bolqarıstan, Çexiya, Gürcüstan, İsveçrə, Kuba, Polşa, Özbəkistan, Rusiya, Sloveniya, Tunis və digər ölkələrdən şirkətlər qatılıb. “AITF” sərgisində ənənəvi olaraq xarici ölkələr milli stendlərlə təmsil olunur. Budəfəki sərgidə də Belarus, Çexiya, Polşa və Özbəkistan öz milli stendləri ilə iştirak edirlər.
Qeyd edək ki, sərgi aprelin 6-dək davam edəcək.
Sərgi barədə geniş reportajlarımızı qaçırmayın.
“Ədəbiyyat və incəsənət”
(04.04.2023)