Super User

Super User

Çərşənbə axşamı, 16 Sentyabr 2025 10:33

Daim öndə olan rejissor

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

1994–1996-cı illərdə "MİR" dövlətlərarası Teleradio şirkətinin direktoru olarkən Azərbaycan mədəniyyətini MDB məkanında yüksək səviyyədə təbliğ edən Azərbaycan SSR xalq artisti Vasif Babayevin bu gün doğum günüdür,özü də yubileyidir, ömrünün tam 85-ci baharına qədəm qoyur.

 

Beynəlxalq Televiziya və Radio Akademiyasının akademiki Vasif Babayev 16 sentyabr 1940-cı ildə anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1964-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio verilişləri komitəsində əvvəlcə rejissor köməkçisi, assistenti, rejissoru, 1969-cu ildən isə televiziyanın baş rejissoru olub. 1991-ci ildə Azərbaycan Dövlət Teleradio verilişləri komitəsinin bədii rəhbəri vəzifəsinə təyin edilib.

“Mir” teleşirkətinə rəhbərlik etməsi barədə artıq dedik. 1996–1999-cu illərdə "SARA" müstəqil Teleradio şirkətinin icraçı direktoru, 2001–2007-ci illərdə Moskvada Rusiyanın "İNTER-AZ" müstəqil Teleradio şirkətinin vitse-prezidenti olub.

Vasif Babayev müxtəlif janrlarda yüzlərlə veriliş və proqramlar hazırlayıb. 1969–1987-ci illərdə onlarla geniş formatlı "Yeni il Mavi İşıq" televiziya proqramları və bayram verilişlərinin quruluşçu rejissoru olub. Jurnalist Nadejda İsmayılova ilə birlikdə 1988-ci ilin əvvəllərində kino-televiziya tarixində ilk dəfə olaraq Sovet Azərbaycanı KQB-nin arxivində araşdırmalar apararaq: "Mikayıl Müşfiq", "Abbaz Mirzə Şərifzadə", "Ülvi Rəcəb", "Ruhulla Axundov", "Hüseyn Rəhmanov", "Salman Mümtaz" kimi "siyasi məhbuslar"ın şəxsi işləri əsasında bir sıra silsilə verilişlər hazırlayıb.

 

Filmoqrafiya

- Verilişlər və proqramlar

1. "Hər çinardan bir yarpaq", "Görüşlər, xatirələri", silsilə Aztv

2. "Arzular" musiqi poçtu, "Şənbədən Şənbəyə" silsilə Aztv

3. "Mahnı şəhəri gəzir", "Dostluq" konsert studiyası. silsilə Aztv

4. "Nəğməli bağ", "Asiman". silsilə Aztv

5. "Yaradıcılıq portretləri", "Ədəbi Üfuqlər". silsilə Aztv

6. "17-ci mərtəbə", "Şans bazarı".silsilə Sara tv

7. "Korifeylər", "Arzular, Təbriklər". silsilə Sara tv

8. "Axşam görüşləri", "Gecə kanalı" silsilə İnterAz Moskva

9. "Şurum Burum" "Rezonans" silsilə Sara tv, İnterAz Moskva

10. "24 saat", "HƏFTƏ" silsilə Aztv

11. "Dalğa" silsilə Aztv, "Yeddi gün" silsilə Aztv, Sara tv

12. "Kontakt", "Dedim-Dedi" silsilə Sara tv

13. "Sara-xəbər" silsilə Sara tv, "İnter-Diaspor" silsilə İnterAz Moskva

 

Filmlər

1. Azərbaycan iri addımlarla addımlayır

2. Bakı beş dəniz limanıdır

3. Əgər bir yerdəyiksə

4. Həqiqətin anı

5. Xuraman

6. İçəri şəhər-əbədi nağıl

7. Kərim Kərimov

8. Qızılı yamaclar

9. Nəbi Xəzri

10. Odlar torpağı

 

“Ədəbiyyat və incəsənət”

(16.09.2025)

Çərşənbə axşamı, 16 Sentyabr 2025 10:03

Sentyabrın 15-i Bakının işğaldan azad olunduğu gün idi

Şərəf Cəlilli,

Filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün

 

Şəhid qanı ilə sulanan, Qafqaz İslam Ordusunun bayrağı ilə süslənən Bakı

 

Çar Rusiyasını bürüyən inqilab dalğası çarizmin iflası ilə nəticələndi. Münbit mühitdən istifadə edən əyalətlər öz müqəddəratını həll etmək üçün tarixi qərar aldılar. Qafqaz Seymində cəm olan qüvvələrin arasında yer alan, “Bir kərə yüksələn bayraq bir daha enməz!” nidası ilə yoxdan bir bayraq yapıb dövlət quran, Milli Şuranı qurmaq, “İstiqlal bəyannaməsi”nə imza atmaqla Milli Hökumətin və Demokratik Cümhuriyyətin prinsiplərinin müəyyənləşdirən istiqlal fədailəri Tiflisdə elan olunan Cümhuriyyəti Gəncəyə köçürməklə bu torpaqların tarixi sakinlərini, sahiblərini ünvan göstərdilər. 1918-ci il mayın 28-də Şərqin ilk Demokratik Cümhuriyyəti 10 gün sonra Gəncəyə köçsə də, Azərbaycanı bürüyən daşnaq soyqırımılarından, Bakını üzük qaşı kimi mühasirəyə alan erməni daşnaklarından, bolşevik Rusiyasından, Sentrokaspi Diktaturasından, Böyük Britaniya, Avstraliya, Kanada, Yeni Zellandiya, Ermənistan Demokratik Respublikası qüvvələrindən, “Daşnaksütyun” Partiyasının qaniçənlərindən, Lionel Denstervilin, Gerorgi Dokuçayevin, Avetisovun, Hamazasp Şahvaidzyanın, Andranikin, Ozanyanın, Biçixarovun ordusundan xilas olmaq üçün yollar arayır, Cümhuriyyətin Gəncədən Bakıya köçməsi üçün zəmin hazırlayırdı. Azərbaycanı bürüyən soyqırımı dalğasından Bakını işğal altında tutan qüvvələrin fitnəsindən xilas üçün üzünü Osmanlıya, Qazi Mustafa Kamal Paşa Atatürkə tutan Xalq Cümhuriyyəti iki gün sonra nəinki rəsmi cavab alır, artıq Osmanlı Ordusunun Azərbaycana varmaq üzrə olduğu xəbərin əldə edir. Nuru Paşanın rəhbərlik etdiyi ordu Gəncədə general Əliağa Şıxlinskinin qurduğu Azərbaycan Milli Əlahiddə Korpusuna məxsus qüvvələrlə birləşərək erməni daşnaklarının bu gün də, qorxulu röyasına çevrilən Qafqaz İslam Ordusunu qurur. Azərbaycanın bütün regionlarına yayılan bu qüvvələr Kazım Qarabəkir Paşanın, Mirzə Nəsrulla bəy Əmirovun, Səməd bəy Mehmandarovun, Xosrov bəy Sultanovun, Laçınlı Sultan bəyin iradəsi ilə daşnakları gəldikləri yerə qədər qovur.

Gəncədə, Şamaxıda, Naxçıvanda, Göyçayda, Qubada, Lənkəranda, Qarabağda, Zəngəzurda, Naxçıvanda tökülən hər bir müsəlman qanı üçün can alan Milli Ordumuz Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin, Nuru Paşanın, Xəlil Paşanın, Rüştü Paşanın iradəsi ilə nəhayət ki, Bakıya varır.

Qəhrəman Bakı sakinlərinin, Bakı qoçularının varını, dövlətini, sərvətini əbədi istiqlal yolunda fəda edən Bakı əsilzadələrinin iradəsi ilə sentyabrın 15-də Bakı işğaldan azad edilir. Bakıya varid olan Osmanlı paşaları əsgər və zabitləri Hacı Zeynalabdin Tağıyevin, Şəmsi Əsədullayevin, Murtuza Muxtarovun, Aşurbəyov qardaşlarının, Seyid Mirbabayevin malikanəsində xüsusi təntənə və ehtiramla qarşılanır, şəhidlərin qanı ilə sulanan Bakı küçələri Qafqaz İslam Ordusunun və Xalq Cümhuriyyətinin bayraqları ilə süslənir.

 

Müjdənin ünvanı - Təzəpirin minbəri

 

Bakı erməni daşnaklarından, Sentrokaspi qüvvələrindən, bolşevik cəlladlarından sentyabrın 15-də təmizləndi. Gərgin döyüşlərin getdiyi, şəhidlərin yuyulub kəfənləndiyi Çəmbərəkənddə torpağa verildiyi ağır günlərdən, Mart soyqırımı zamanı üzləşdiyi gərgin anlardan sonra Təzəpir yenidən siyasi mərkəzə çevrildi. Hacı Zeynalabdin Tağıyevin, Ağa Əlizadənin, Həbib bəy Mahmudbəyovun, Şəmsi Əsədullayevin qərarı ilə Bakının işğaldan azad edilməsi xəbərini, daha doğrusu müjdəsini vermək üçün məqam və məkan Təzəpir məscidi seçildi. Sentyabrın 16-na təsadüf edən Müjdə və Bayram namazı özündə ikinci bir müqəddəsliyi də ehtiva edirdi. Həmin gün Qurban bayramı idi. Hacı Zeynalabdin Tağıyevin Həbib bəy Mahmudbəyovun ümumi qərarı ilə birliyin, bütövlüyün rəmzi olaraq Təzəpir məscidinin axundu Ağa Əlizadə və Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa Təzəpirin minbərinə qalxır və şəhər əhlinə gözaydınlığı verir, Qurban bayramı münasibəti ilə onları təbrik edir. Nuru Paşa və Ağa Əlizdə minbərdə təkcə milli birliyin deyil, həm də dini birliyin rəmzi olaraq əl-ələ tutub müjdə xəbərini şəhər əhlinə yetirirdi. Bu islamı şiə və sünni qanadına bölənlərə, türk dünyasını xanlıqlara, jüzünlərə, sultanlıqlara bölənlərə görk idi.

 

Qanın kəsildiyi günün şərəfinə salınan “Qırmızı xalı”

 

Bakının işğalı uğrunda savaş əslində mart soyqırımları zamanı başlamışdı. Əhalinin gözünü qırmaq, onun əbədi istiqlala bağlı ümidlərini söndürmək, Bakı neftini əldə saxlamaq üçün maraqları kəsişən qüvvələr, erməni daşnakları, bolşeviklər, Sentrokaspi Diktaturası tarixi şəxsiyyətin üzərinə yeridilər. Soyqırımından 4 gün qabaq Hacı Zeynalabdin Tağıyevin başının özünə qarışdırılması, onun milli məsələlərdən uzaqlaşdırılması üçün Lənkəran Qarnizonunda xidmət edən oğlu Məhəmməd Tağıyevi qətlə yetirib şəhid edən bolşevik cəlladları soyqırımı günü ilk atəşi məhz Təzəpirə açdılar. Soyqırımından xilas olmaq üçün məsciddə sığınan müsəlmanların göz yaşına baxmayıb Təzəpiri qana boyadılar. Xəzər dənizindən atılan bomba nəticəsində Təzəpirin minbərinin bir hissəsi parçalandı. Tağıyevdən sonra Ağa Əlizadəni susdurmaq istəyən qüvvələr onların iradəsi ilə üz-üzə gəldi. Oğlu Məhəmmədin cəsədini Axund Ağa Əlizadənin rəhbərliyi ilə Təzəpirdə yuyulub kəfənləndiyi gün Hacı Zeynalabdin Tağıyev, Həbib bəy Mahmudbəyov, Həsən bəy Zərdabi kimi qüdrətli şəxsiyyətlərlə milləti bəladan, daşnak təhdidlərindən xilas etmək üçün Duma və Quberniyanın üzvləri, rəsmi şəxslərlə görüşlərdə idi. Millətin atası məhz həmin görüşlərdən sonra çiynini oğlunun cənazəsinə verib Bakının ən uca zirvəsinə gətirir. Məhəmmədin şəhidlik zirvəsinə ucalmasından, Təzəpirdə yuyulub kəfənlənməsindən, Çəmbərəkənddə torpağa verilməsindən sonra, Mart soyqırımı qurbanları da, Təzəpirdə yuyulub kəfənləndi, Çəmbərəkənddə torpağa verildi. Əbədi istiqlal sevdasından, milli mənlik və milli kimlik uğrunda mücadilədən dönməyən, 1918-ci il mayın 28-də Tiflisdə “İstiqlal bəyannaməsi”nə imza atan, yoxdan bir dövlət qurub bayraq yapan istiqlal fədailəri 10 gün sonra Cümhuriyyəti ilk paytaxtı Gəncəyə köçürsə də, Bakıya, əsas paytaxta vara bilmirdilər. Qafqaz İslam Ordusunun gəlişi, Gəncədə Milli hökumətin ilk hərbi nazir Xosrov bəy Sultanovun, general Əliağa Şıxlinskinin və general Səməd bəy Mehmandarovun, general və polkovnik rütbəsi ilə milli ordunu şərəfləndirən, erməni daşnaklarını, Andranikin, Ozanyanın, Hamazaspın dəstələrini yerində oturdan igidlərin, Qafqaz İslam Ordusunun Komandanı Nuru Paşa Killigilin, Xəlil Paşa Kutun və onun qəhrəman əsgərlərinin iradəsi ilə işğaldan azad olunan Bakının xilasının müjdəsi rəsmi şəkildə həmin gün – sentyabrın 16-da İsmailliyə binasının önündə təşkil olunan mitinqdə elan olundu. Tədbirdə çıxış edən unudulmaz şəxsiyyətlər Cümhuriyyət qurucularının və Hacı Zeynalabdin Tağıyevin adından şəhər əhlinə gözaydınlığı verirdi. Ağa Əlizadə, Nuru Paşa, Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov və Həbib bəy Mahmudbəyovun tarixi çıxışları üçün ünvan təsadüfən seçilməmişdi. Hacı Zeynalabdin Tağıyevin istəyi ilə Musa Nağıyevin nakam oğlu İsmayılın şərəfinə ucaltdığı İsmailiyyə binası istiqlala uzanan yolun başlanğıcı idi. Həbib bəy Mahmudbəyovun rəhbərliyi, yenə də Hacı Zeynalabdin Tağıyevin diktəsi ilə burada Müsəlman Xeyriyyə Cəmiyyəti, Ağa Əlizadənin xahişi, Əli bəy Hüseynzadənin rəhbərliyi ilə Səadət Ruhani Məktəbi qurulmuşdu. “Kaspi” qəzetinin redaksiyası və mətbəəsi burada yerləşdirilmişdi. Bu qurumların hər birinin himayədarı, həm də icarədarı Millətin atası idi. Mart soyqırımı zamanı millətin gözünü qırmaq istəyən qüvvələr Təzəpirlə yanaşı onun da bir hissəsini dağıtmışdı. İsmailiyyəni oda-atəşə qalayan daşnakların, bolşeviklərin, Sentrokaspi Diktaturasının sentyabrın 16-da ağıllarına gəlməyənlər başlarına gəlmişdi. Hacı Zeynalabdin Tağıyevin iradəsi, Bakı əsilzadələrinin Əliağa Şıxlinski, Səməd bəy Ağayev, Nuru Paşanın, Ağa Əlizadənin, Həbib bəy Mahmudovun diktəsi ilə Bayram mitinqi İsmailiyyənin önündə təşkil edilmiş, məmləkətin düşmənlərinə, Bakı neftini zəli kimi sümürənlərə onu zor gücünə əldə saxlamaq istəyənlərə göz dağı verilmişdi.

İsmayıl gənc yaşında vərəm xəstələyindən, ağciyərindən getmişdi. Xəstəliyin əlamətindən xəbəri olanlar bilir ki, ruhu bədənindən qopan vərəm xəstələri son məqamda qan qusur. Sentyabrın 16-sı, Bakının işğaldan azad olunduğu gün türkün qəvi düşmənlərinin Qafqaz İslam Ordusu tərəfindən qan qusdurulduğu gündü.

 

“Qırmızı xalı”dan üç Paşa keçdi...

 

İsmailiyyənin önündə təşkil olunan mitinq zamanı yerə Qırmızı Xalı döşənmişdi. Burada sərilən xalı Tağıyevin malikanəsində tamamlanmışdı. Mitinqdən sonra Tağıyevin istəyi ilə həmin Qırmızı xalıdan Nuru Paşa, Xəlil Paşa, Rüştü Paşa və onların qəhrəman əsgərləri keçmişdi. Həmin gün Osmanlıdan Gəncəyə, Gəncədən Bakıya gələn Vətən torpaqlarını qarış-qarış yağılardan təmizləyən mücahidlərin, sərkərdələrin şərəfinə Tağıyevin malikanəsində süfrələr açılmış, ziyafətlər verilmiş, ayaqları altında qurbanlar kəsilmişdi.

Bu özəl və gözəl, Tanrıya xoş gedən gündən, Qurban bayramına təsadüf edən sevinc dolu gündən sonra Cümhuriyyət Gəncədən Bakıya köçmüş, məşhur xanəndə, neft milyonçusu – mesenat Seyid Mirbabayevin malikanəsində qərar tutmuş, Cümhuriyyətin bayrağı Gəncədən, Şeyxzamanovların malikanəsindən sonra Mirbabayevin mülkündən, Xəzərin yaxasından, Neft Şirkətinin – SOCAR-ın indiki binasından “Bir kərə yüksələn bayraq, bir daha enməz!” nidası ilə Göy üzünə sərilmişdi.

 

“Ədəbiyyat və incəsənət”

(16.09.2025)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

18.

ELEKTRON, YOXSA ƏNƏNƏVİ KİTABLAR?

Təbii ki, bəşər durduqca ənənəvi kağız kitablar da yaşayacaq. Kağız kitabların haçansa gündəmdən çıxması mifdir. Kağız kitabı kağız qəzetlərin aqibəti əsla gözləmir, çünki qəzet bir gün ərzində çapa hazırlanır və növbəti gün dünənki məlumatlarla çıxıb da öz aktuallığını itirir. Bu səbəbdən xəbər saytları xəbərdaşıyıcıları kimi daha populyardırlar və get-gedə qəzetləri gündəmdən tam sıxışdırıb çıxarırlar. Kitablar isə tam başqa funksiyaya malikdirlər, onları hiss etmədən, qoxusunu duymadan, vərəqlərini çevirmədən, qaldığın yerə əlfəçin qoymadan, arada sinənin üstünə qoyub bəhs edənləri təsəvvürünə gətirmədən oxumaq qeyri-mümkündür, bu cəhətdən planşet, telefon və digər qadjetlər kağız kitabların yanında tam gücsüzdürlər.

Uşaq və yeniyetmələrin mütaliəsi, dünyagörüşünün formalaşması, qlobal informasiya mühiti ilə səmərəli təması proseslərinin uğurla nəticələnməsi Azərbaycan dövlətinin kitabxana-informasiya sahəsində gələcəyə yönəlmiş inkişaf konsepsiyasının tərkib hissələrindən biridir.

Uşaq və yeniyetmələrin informasiya texnologiyalarını mənimsəyən ən fəal qruplar olmasını qeyd etmək olar. Demək olar ki, artıq başqa həyat tərzi, dəyərləri, informasiya mühitində davranış modelləri olan yeni nəsil yetişmişdir. Bax bu aspektdən yanaşdıqda isə elektron kitabxanaların və elektron kitabların dəyəri gözə görünən olur.

Elektron kitabxanaların təşəkkülü və inkişafı həm elmi mühit, həm nəşriyyatlar, tibb və təhsil müəssisələri, eləcə də muzeylər və başqa fəaliyyət sahələri üçün də maraqlıdır. Həmin fəaliyyət sahələrinə uyğun yaradılmış elektron kitabxana tipləri mətn sənədləri ilə çevik əməliyyatlar həyata keçirən xüsusi cəhətlərinə görə fərqlənir. Elektron kitabxanalarla ənənəvi kitabxanaların həm fərqli, həm də oxşar cəhətləri var.

 

Fərqli cəhətlər:

-İnformasiya daşıyıcısına, tərkibinə;

-İnformasiya məhsulunun formalaşmasının texnoloji proseslərinə;

-Mühafizə və təqdimetmə üsullarına; 

-İstifadəçilərə xidmət məqsədinin xarakteri və həlli yoluna;

-Hüquqi və struktur asılılığına;

-İnformasiya məhsuluna mülkiyyət, surətini çıxarma və yayma hüququna;  İnformasiya resurslarından istifadə üsullarına görədir.

 

Oxşar cəhətlərə gəldikdə isə demək olar ki, onlar bir-birini tamamlayır. Elektron kitabxanalar professional kitabxana-informasiya mütəxəssisi təcrübəsindən, eyni zamanda kitabxana sahəsində mövcud beynəlxalq standartların tələblərindən istifadə etməyə bilməz. Bütün bunlara baxmayaraq hər iki - ənənəvi və elektron kitabxanaların hüquqi, təşkilati və texnoloji yaxınlıq xüsusiyyətlərinə baxmayaraq onlar cəmiyyətin müxtəlif informasiya strukturlarıdır və onların problemlərinə də differensial baxılmalıdır.

 

Növbəti: 19. Kitabxana işi haqqında qanun

 

“Ədəbiyyat və incəsənət”

(16.09.2025)

 

Çərşənbə axşamı, 16 Sentyabr 2025 09:02

Dilçiliyimizin sabahına GƏNC NƏFƏS

İlham Tahirov,

Filologiya elmləri doktoru, professor. “Ədəbiyyat və incəsənət” üçün

 

 

Dil haqqında elm – ümumi dilçilik – çoxəsrlik yol keçmiş, bu yol boyu böyük məktəblər və görkəmli alimlər öz izlərini qoymuşdur: Qədim Mesopotamiya və Misirdə yazı ilə bağlı ilkin təsəvvürlər, Çində nitqin fəlsəfi mahiyyəti barədə düşüncələr, Paninidən başlayan hind qrammatika ənənəsi, Qədim Yunanıstanda fəlsəfə və ritorika müzakirələri, orta əsrlər ərəb-müsəlman-türk dilçiliyi, Por-Royal rasionalizmi, Avropada müqayisəli-tarixi metodun doğuluşu, Humboldtun dil fəlsəfəsi, Sössürün struktur konsepsiyası, XX əsrin strukturalizm məktəbləri, N. Xomskinin generativ nəzəriyyəsi və nəhayət, müasir multidissiplinar yanaşmalar... Hər biri dil adlı sirli kainatın müxtəlif qatlarını işıqlandırmışdır.

 

Bu işıq dalğaları yalnız nəzəriyyədə qalmamış, monoqrafiyalarda, dərsliklərdə, müntəxəbatlarda sistemləşdirilmişdir. Dilçilik laboratoriyalarda deyil, həm də auditoriyalarda – müəllimin səsində, lövhədəki izahda, tələbə qeydlərində – yaşamışdır. Hər yeni kitab, hər yeni kurs minillik elmi yaddaşın bugünkü nəfəsi olmuşdur.

Azərbaycanda da bu ümumbəşəri ənənənin davamı formalaşmışdır. B. Çobanzadədən başlayaraq N. Məmmədov, A. Qurbanov, A. Axundov, A. Babayev, Z. Verdiyeva, F. Ağayeva, M. Adilov, Ə. Rəcəbli, N. Cəfərov və başqalarının dərslikləri bu yolun Azərbaycan dilçiliyindəki ifadəsidir. Onlar həm dünya nəzəriyyələrinin sistemli təqdimatını, həm də milli elmi düşüncəmizi zənginləşdirmişdir. Bu gün həmin ənənəni gənc tədqiqatçı Qismət Cəfərov davam etdirir: onun “Ümumi dilçilik mühazirələri” tələbələrin ixtiyarına verilir. Müəllif bundan əvvəl də “Ümumi dilçilik müntəxəbatı”, “Ümumi dilçilik etüdləri”, “Ümumi dilçilik oçerkləri” (şərikli) kitablarını yazmışdır.

Adətən belə dərslikləri təcrübəli və daha yaşlı alimlər yazır. Lakin bəzən elm üçün gərəkli olan yeni nəfəs məhz gəncliyin cəsarətində tapılır. Qismət Cəfərovun təşəbbüsü də göstərir ki, Azərbaycan dilçilik elminin sabahı üçün ümidverici qüvvələr yetişməkdədir. Onun sözügedən mühazirələr kitabı, əslində, qədimdən gələn elmi dalğaların Azərbaycan auditoriyasındakı yeni əks-sədası sayıla bilər. Bu da göstərir ki, dilçilik təkcə elm deyil, həm də ənənədir; təkcə nəzəriyyə deyil, həm də nəsildən-nəslə ötürülən mənəvi mirasdır.

“Ümumi dilçilik mühazirələri” (Bakı: Azərnəşr, 2025, 164 s.) müəllifin həm elmi araşdırmalarına, həm də BDU-da apardığı mühazirələrə əsaslanır. Kitabın strukturu ardıcıllığı ilə seçilir: dilçiliyin predmeti, tarixi, metodları, dilin mahiyyəti, intra- və ekstralinqvistika, interdisiplinar yanaşmalar – hamısı bir-birini tamamlayan zəncirin halqalarıdır. Kitab müəllifi tələbəyə yalnız faktları təqdim etmir, müqayisə etməyə, nəticə çıxarmağa da yönləndirir.

Kitabın girişində müəllif deyir: “Dilçiliyin, yəni dil haqqındakı elmin üstünlüyü odur ki, o öz baxışlarını tənzimləyə bilir; hətta yanlış nəzəriyyələr müəyyən bir dövrdən sonra maraqlı nəticələr verə, redaktə oluna bilir. Bu mənada dilçilikdə tam səhv nəzəriyyə yoxdur” (s. 8–9). Bu fikir yalnız elmi tezis deyil, həm də gənc bir tədqiqatçının nəzəriyyələrin dialoquna verdiyi dəyərin göstəricisidir.

Müəllifin izahında dilçilik tarixi sadəcə faktların xronologiyası kimi yox, poetik-metaforik bir yol kimi təqdim olunur: qədimdən gələn işıqlar birləşərək müasir dilçiliyin bilik səmasında yeni şəfəq yaradır. Burada Panini qrammatikası ilə Xomskinin generativ nəzəriyyəsi arasında qurulan əlaqə də diqqətəlayiqdir – gənc müəllif yalnız tarixi ardıcıllığı izləmək deyil, müasir nəzəriyyələrin köklərini göstərmək istəyir.

Əsərin güclü cəhətlərindən biri mürəkkəb nəzəriyyələrin sadə, aydın və bəzən poetik izahıdır. Məsələn, Sössürün “dil və nitq” konsepsiyası belə şərh olunur: “Nitq fəaliyyəti, əslində, dil + nitq deməkdir. Dil ona görə lazımdır ki, nitq anlaşılan olsun, nitq isə ona görə lazımdır ki, dil təşəkkül tapsın” (s. 12). Bu izah mürəkkəb nəzəriyyəni bədii bir metaforaya çevirir.

Kitabda ənənə ilə yeniliyin dialoqu aydın görünür. Yuxarıda adları çəkilmiş Azərbaycan dilçilərinin ümumi dilçiliyə aid dərslikləri dilçiliyimizin bu sahəsinin elmi təməlini təşkil edir. Qismət Cəfərovun kitabı (və adlarını çəkdiyimiz digər tədqiqatları) isə bu təməl üzərinə qoyulmuş yeni daş, gənc bir filoloqun elmi mozaikaya əlavə etdiyi yeni rəngdir. Klassik dərsliklər əsasən sistemi bütöv təqdim edirdisə, Qismət Cəfərovun işində müəllifin şəxsi müşahidə və təhlilləri də öz yerini tutur. Bu isə dərsliyi təkcə tədris vəsaiti deyil, həm də müasir dilçilik tədqiqatlarına töhfə kimi dəyərləndirməyə imkan verir. “Ümumi dilçilik mühazirələri” həm də elmi tədqiqatlar yolunun başlanğıcında olan bir gənc filoloqun öz səsini eşitdirmək cəhdi də sayıla bilər. Və bu səs, zənnimizcə, artıq eşidilməkdədir – həm tələbə auditoriyasında, həm də ümumən Azərbaycan elmi mühitində.

Əsərin dili canlı, üslubu səmimidir. İzahlar həm akademik, həm də maarifləndiriçi səciyyəsi ilə seçilir. Müəllifin təhkiyə dilinin diqqətçəkici cəhətlərindən biri tələbələrlə birbaşa ünsiyyət və müraciət formalarından istifadə etməsidir: “əziz tələbələr”, “tələbə dostlar”, “İndi sizə elə bir məktəb haqqında danışacağam ki...”, “Bir az da Sössürün müqayisələrindən danışaq”.Bu cür müəllif təhkiyəsi oxucunu passiv müşahidəçidən fəal iştirakçıya çevirir. Bu xüsusiyyət kitabı həm tələbə üçün “dərs otağında işıq”, həm də elmi ictimaiyyət üçün “gənc bir nəfəsin sorağı”na çevirir.

Əminliklə demək olar ki, Qismət Cəfərovun bu əsəri Azərbaycan dilçilik elminin davamlı inkişafına verilən dəyərli töhfədir. Kitab həm müəllifin gələcək fəaliyyətinə stimul olacaq, həm də tələbələr üçün mürəkkəb elmi yolları asanlaşdıran bələdçi rolunu oynayacaq.

Gənc bir filoloqun açdığı bu cığırın sonunda geniş elmi üfüqlər boylanır; o üfüqə doğru atılan hər addım isə günbəgün daha da möhkəmlənir.

 

“Ədəbiyyat və incəsənət”

(16.09.2025)

Çərşənbə axşamı, 16 Sentyabr 2025 08:29

Böyük türkçü AZƏR TURAN

 

 İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Hüseyn Cavid yaradıcılığının dəyərli tədqiqatçısı, böyük türkmü, turançı... Gözəl publiisist, dəyərli qəzet redaktoru...

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın bu gün doğum günüdür.

 

Azər Turan 16 sentyabr 1963-cü ildə Neftçalada anadan olub. O, Azərbaycanın ən görkəmli ədəbiyyatşünaslarından olan İmamverdi Əbilovun oğludur.

Neftçalada 1 saylı orta məktəbdə təhsil alıb. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Neftçala İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb. "Yeni Azərbaycan" qəzetində humanitar şöbənin müdiri, "Ədəbiyyat" əlavəsinin məsul redaktoru olub. "Ədəbiyyat qəzeti"ndə baş redaktorun müavini, baş redaktor əvəzi vəzifələrində çalışıb, bundan sonra burada birinci mövqeyə yüksəlib. Filologiya üzrə fəlsəfə doktorudur. "Hüseyn Cavid yaradıcılığının ədəbi-fəlsəfi qaynaqları" mövzusunda dissertasiya müdafiə edib (elmi rəhbər akademik Bəkir Nəbiyev olub).

Azərbaycan Respublikası Prezidentinin 28 oktyabr 2000-ci il tarixli sərəncamı ilə Prezident Təqaüdünə layiq görülüb. Azərbaycan Universitetinin Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yazıçılar Birliyi ilə birgə təsis etdiyi "Hüseyn Cavid" mükafatı laureatıdır. Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl Kəlmə" mükafatının laureatıdır. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı ilə təltif olunub. 2019-cu ildə Rəsul Rza Fondu tərəfindən Rəsul Rza Mükafatına layiq görülüb..

2020-ci ildə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı ilə ədəbiyyatşünaslıq elmi sahəsində səmərəli fəaliyyətinə görə “İlin alimi” seçilib. 2021-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən "Nizami Gəncəvinin 880 illiyi" xatirə nişanı ilə təltif olunub. 2022-ci ildə Azərbaycan Yazıçılar Birliyinin “Səməd Behrəngi” adına mükafatına layiq görülüb. 2024-cü ildə türkolojidəki xidmətlərinə görə TÜRKSOY tərəfindən Vamberi medalı ilə təltif olunub. 2024-cü ildə Azərbaycan Yaradıcılıq Fondunun “Ədəbiyyat adamı” mükafatına layiq görülüb.

 

Yaradıcılığa 1980-ci illərin əvvəllərində başlayıb. İlk yazıları "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunub. 40-dan artiq kitabı nəşr olunub. Əli bəy Hüseynzadə və Hüseyn Cavid irsinin tədqiqatçısı kimi tanınan Azər Turan, əsasən, türk düşüncə tarixini, türk ədəbiyyatında modernizm cərəyanı və onun təzahür şəkillərini tədqiq edir. İstanbulda, Ankarada, Moskvada, Tbilisidə, Bakıda, Almatıda, Daşkənddə keçirilən elmi konfranslarda məruzələrlə çıxış edib.

Mahmud Qaşqarlı, Əhməd Yəsəvi, İsmayıl bəy Qaspıralı, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Cəmaləddin Əfqani, Yusif Akçura, Mehmet Akif Ərsoy, Hüseyn Cavid, Yəhya Kamal Bəyatlı, Fuad Köprülü, Nihal Atsız, Rza Nur, Zəki Vəlidi Toğan, Bəkir Çobanzadə, Cənab Şəhabəddin, Əhməd Haşım, Nəcib Fazil Qısakürək, Nazim Hikmət, Orxan Vəli, Ədib Cansevər, Cahid Sidqi Tarançı, Camal Sürəya, Çingiz Dağcı, Çingiz Aytmatov və b. barədə silsilə yazıları Azərbaycanda və xarici ölkələrdə dərc olunub.

 

Filmoqrafiya

1. Əlif Lam Ra (rejissor Tariyel Vəliyev, 1992. Az TV) (ssenari müəllifi)

2. Səma şairi(ssenari müəllifi)

3. Kürün mənsəbində soyqırım. 1918-ci il hadisələri barədə (ssenari müəllifi)

4. Cavid ömrü (məsləhətçilərindən biri)

 

Kitabları

1. Ölüm süvarisi

2. Əbədi Turan

3. Dahi və dünya

4. Hüseyn Cavid

5. Yorğun şəhərin yuxusu

6. Əli bəy Hüseynzadə

7. Cavidnamə

8. Cavid əfəndi

 

“Ədəbiyyat və incəsənət” portalı olaraq Azər Turanı doğum günü münasibətilə təbrik edir, ona yeni yaradıcılıq nailiyyətləri diləyirik.

 

“Ədəbiyyat və incəsənət”

(16.09.2025)

 

 

Çərşənbə axşamı, 16 Sentyabr 2025 08:04

153-cü teatr mövsümünün açılışı təntənəsi

Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə Milli Teatrın 153-cü mövsümünün təntənəli açılış mərasimi keçirildiyindən yəqin ki, xəbəriniz var. Bu tədbir 13 sentyabr 2025-ci il tarixdə baş tutub. Mənsə, bir qədər təfərrüatla danışmaq istəyirəm.

 

Akademik Milli Dram Teatrında keçirilən tədbirdə Mədəniyyət Nazirliyinin, Teatr Xadimləri İttifaqının, ölkədə fəaliyyət göstərən teatrların nümayəndələri, ziyalılar və media işçiləri iştirak ediblər.

Aparıcıların salamlama nitqindən sonra Ulu öndər Heydər Əliyevin teatr haqqında fikirləri səsləndirilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev və Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov yeni teatr mövsümünün açılışı münasibəti ilə sənətsevərləri təbrik edib,  Azərbaycan teatrının keçdiyi şərəfli yoldan danışıb, teatrın bu günü və gələcəyi barədə dəyərli fikirlər söyləyiblər.

Mərasimdəmədəni dəyərlərimizin qorunması, inkişafı və dünyada təbliği sahəsində Ümummilli lider Heydər Əliyevin,  ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı qeyd olunub, dövlətin teatra göstərdiyi dəstəyin uğurlu nəticələri vurğulanıb.

Rəngarəng mahnı və rəqslərlə zəngin olan mərasimdəMilli Teatrın ötən mövsümdə Azərbaycanda və onun hüdudlarından kənarda qazandığı uğurlardan danışılıb.

Tədbirdə Çıxış edən "Kaman" rəqs qrupunun, Xalq artisti Azər Zeynalov, Dövlət Mahnı Teatrının solisti Aynur İsgəndərli və Beynəlxalq Muğam Mərkəzinin solisti Bəyimxanım Vəliyevanın ifaları mərasimə xüsusi rəng qatıb.

Sonra söz teatrlara verilib.  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı və Azərbaycan Dövlət Pantomim Teatrı aktyorlarının ifasında repertuarda olan tamaşalardan səhnələr təqdim olunub.

Tədbirin sonunda xatirə şəkilləri çəkilib.

 

“Ədəbiyyat və incəsənət”

(16.09.2025)

Bazar ertəsi, 15 Sentyabr 2025 17:11

31 yaşında vəfat etdi, ədəbi irsini dağıtdılar

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan ədəbiyyatını güneyli quzeyli təbliğ etmək bizim missiyamızdır, məncə bütün sahələrdə, nədən danışırıqsa, əsla Güney Azərbaycan unudulmamalıdır.

 

Azərbaycan şairi Mirzə Tağıxan Rafət Təbrizi 1890-cu ildə Təbrizdə anadan olub. Müasir İran poeziyasının birinci şairi kimi tanınır. O Azərbaycan dilində, fars və fransız dillərində poemalar yazırdı. O "Azadıstan"' qəzetinin baş redaktoru olub və "Təcaddüd "(Müasirlik) qəzetində sosial və ədəbi sahədə məqalələr nəşr etdirib.

 Həbib Sahir, Əhməd Xürrəm, Yəhya Mirzə Daneş və başqa şairlərin və yazıçıların ardıcılları olduqları "Rafət Məktəbi" adlandırılan ədəbi məktəbin yaradıcısı olub. Trabzonda (Türkiyə) Naseri məktəbinin rəhbəri olub və həmçinin orada fransız məktəbində müəllim olub. Paris qəzetlərində ədəbi və siyasi məqalələr ilə çıxış edib. Trabzonda fransız konsulluğu tərəfindən fransız hökuməti tərəfindən göndərilən fəxri medal ilə təltif edilib.

O, Modernistlərin Bəyənatını nəşr edib: "Əziz yoldaşlar, biz ədəbi inqilabın çətin vaxtlarını yaşayırıq. Bizim istədiklərimiz heç də düşüncə və incəsənət dünyasında, ədəbiyyatda müasir eranı yaratmaqdan az deyil. Köhnəlmiş lakin, hələ də üstün olan statusu dəyişərək yeni müasir status ilə əvəz etməliyik.

Dil insanın fikir və hisslərini ifadə etmək üçün alətlərdir. Əgər biz iddia edə biləriksə ki, insan fikirləri və hissləri eralar ərzində heç bir dəyişikliyi qəbul etmir, onda dil dəyişikliyin yararsızı ola bilər. Aydındir ki, intellektual və perseptual müasirlik ədəbi müasirliyi tələb edir".

Mirzə Tağı xan Rafət Təbrizi çox az yaşayıbdır, 15 sentyabr 1920-ci ildə 31 yaşında Təbrizdə vəfat edibdir. O vaxtların siyasi vəziyyətinin altında, onun poetik işlərinin çoxu dağıdılıb və onun indi əldə çox məhdudlaşdırılan işləri vardır.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(15.09.2025)

 

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyhəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində bu gün mövzumuz orta əsr türk şəhərlərində küçə teatrları və əyləncə mədəniyyətidir. Düşünürük ki, marağınıza səbəb ola biləcəyik.

 

Orta əsr türk şəhərləri yalnız siyasi və iqtisadi mərkəzlər deyil, həm də mədəni həyatın canlandığı məkanlar olmuşdur. Bu şəhərlərdə küçə teatrları və ictimai əyləncə mədəniyyəti xalqın gündəlik həyatının ayrılmaz hissəsi idi. Əyləncə mərkəzləri yalnız zövq və istirahət məqsədi daşımır, həm də sosial tərbiyə, informasiya yayımı və mədəni kodların qorunması funksiyasını yerinə yetirirdi. Bu yazıda orta əsr türk şəhərlərində küçə teatrları, performanslar və əyləncə mədəniyyətinin ictimai və mədəni aspektləri araşdırılacaq.

Türk şəhərlərində küçə teatrları bazar meydanları, karvansaralar ətrafı və dini mərkəzlərin yaxınlığında yerləşirdi. Burada tamaşalar geniş auditoriyaya təqdim olunurdu. Küçə teatrları yalnız əyləncə məqsədli deyildi; onlar həm də sosial mesajların, dini və əxlaqi təlimlərin çatdırılması vasitəsi idi.

Küçə teatrlarının aparıcıları əsasən musiqiçilər, rəqqaslar, dastançılar və söz ustaları olurdu. Bu sənətkarlar yalnız əyləncə təqdim etməklə kifayətlənməyib, həm də ictimai tərbiyə rolunu yerinə yetirirdilər. Onlar dastan və nağılları ifa edərək nəsillər arasında mədəni yaddaşı qoruyurdular.

Kitabi-Dədə Qorqud və digər türk dastanları küçə teatrları vasitəsilə xalq arasında yayıldı. Dastan qəhrəmanlarının cəsarətləri, mənəvi və əxlaqi dərsləri tamaşaçılara əyləncə ilə birlikdə ötürülürdü.

Musiqi və rəqs küçə teatrlarının vacib hissəsi idi. Davul, qopuz, balaban kimi alətlər performansların ritm və dramatik effektini artırırdı. Rəqslər isə həm əyləncə, həm də dini-mifik məna daşıyırdı.

Küçə teatrlarında komik və satirik səhnələr geniş yayılmışdı. Bu performanslar ictimai problemləri, hökmdar və məmur davranışlarını dolaylı şəkildə tənqid etməyə imkan verirdi. Bununla da teatr həm əyləncə, həm də sosial nəzarət funksiyasını yerinə yetirirdi.

Küçə teatrları və əyləncə mərkəzləri şəhər sakinlərini bir araya gətirir, kollektiv təcrübə yaradırdı. Tamaşaçılar bir-biri ilə ünsiyyət qurur, xəbərlər və mədəni məlumatlar paylaşırdılar.

Tamaşalarda göstərilən qəhrəmanlıq nümunələri, dürüstlük, cəsarət və mərhəmət prinsipləri cəmiyyətin əxlaqi təliminə xidmət edirdi. Həmçinin dini bayram və mərasimlər zamanı küçə teatrları ritual elementlərlə birləşdirilərək, xalqın dini bilik və inamlarını möhkəmləndirirdi.

Küçə teatrları mədəni irsin qorunması və ötürülməsi üçün əsas vasitə idi. Dastan, nağıl, musiqi və rəqs performansları yazılı ədəbiyyat və rəsmi sənədlərlə yanaşı, xalq mədəniyyətinin canlı bir forması olaraq fəaliyyət göstərirdi.

Orta əsr türk şəhərlərində küçə teatrları və əyləncə mədəniyyəti yalnız istirahət məqsədi daşımır, həm də sosial tərbiyə, mədəni irsin qorunması və ictimai həyatın formalaşmasında mühüm rol oynayırdı. Bu mədəniyyət vasitəsi ilə türk şəhərləri yalnız siyasi və iqtisadi, həm də sosial-mədəni mərkəz kimi fəaliyyət göstərirdi. Küçə teatrları həm əyləncə, həm də sosial və mədəni inteqrasiyanın mühüm vasitəsi olmuşdur.

 

“Ədəbiyyat və incəsənət”

(15.09.2025)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Əhərdə yaşayıb yaradan Əhməd Purhəsənin şeirlərini təqdim edir.

 

Əbasət Purhəsən

Əhər

 

 

BİRİNCİ SUAL

 

Ölümlər şirindi, ölümlər acı,

Yoxsulluq ölümün biridi bəlkə.

Biz hələ dünyadan nə bilirik ki,

O qız, o oğlanın əridi bəlkə?!

 

Ağaclar köynəyin dəyişir nədən?

Küçədən, küçəyə min sualım var.

Yadımda babamın nağıllarında,

Bir nağıl deyirdi: “Axtaran tapar.”

 

Axtardım, tapdığım bu gün sən oldun,

Ah qundaq, sənin də dərdin çox imiş.

Inqıltı səsinə analar gəldi,

Heç elə bil sənin anan yox imiş!..

 

Gözlərimdə yollar, içimdə dağlar,

Səni evlərinə kimlər aparar?

Atalı, analı yetim qundağın,

Bələyin kim açar, başın kim dadar?

 

Günəş də küsürdü dağın dalından,

Quşlar da göylərdən yığışırdılar.

Sızıltı səsinə can-can deyənlər,

Sadağa tullayıb soruşurdular.

 

Sən qucağımdaydın, mən oturmuşdum,

Kiçik əllərini üzümə çəkdin.

Dilənçi deyildik, biz qərib idik,

Beynimdə nə varsa gözümə tökdün.

 

Yolun qırağına kim qoyub səni,

Bəlkə də yenidən Həvva doğubdur!

Bizi göydən yerə gətdiyi kimi,

Səni də cənnətdən yerə qovubdu.

 

Biz hələ dünyadan nə bilirik ki,

Bir uşaq qolumda, ana olmuşam.

Atası kim ola, anası kimdi?

Birinci sualda hələ qalmışam...

 

“Ədəbiyyat və incəsənət”

(15.09.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Müasir İncəsənət Muzeyində illər öncə bir sərgi düzənlənmişdi. Sərginin bir guşəsindəki rəsmlərdə o qədər işıq, o qədər rəng, kolorit var idi ki, istər-istəməz diqqətimi çəkdi. Rəsmlərin imzasına baxdım – Elbəy Rzaquliyev. O vaxtdan məşhur rəssamın yaradıcılığı daim diqqət mərkəzimdə olubdur.

Bugünsə onun anım günüdür...

 

Azərbaycan SSR xalq rəssamı Elbəy Rzaquliyev 17 iyun 1926-cı ildə Bakıda anadan olub. Hələ məktəbdə oxuyarkən Bakı Pionerlər evinin rəssamlıq studiyasında məşğul olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra, 1946-cı ildə ÜDKİ-nin rəssamlıq fakültəsinə daxil olub. Burada rəssamlıq fakültəsində oxuyan gənc rəssam Q.Şeqal, Y.Pimenov, A.Dixtyar və M.Boqdanov kimi peşəkar rəssam-pedaqoqlardan dərs alıb.

Təhsilini başa vurub, 1953-cü ildən "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlamışdır. Bundan sonra onun yaradıcılığı iki əsas istiqamətdə inkişaf edib: rəngkar və kino rəssamı.

Rəssamın kinostudiyada ilk işi kinorejissor Hüseyn Seyidzadə və Yan Fridin 1954-cü ildə quruluş verdikləri “Doğma xalqımıza” bədii-sənədli filmidir. O, bu film üzərində rəssamlardan C.Əzimov və A.Freydlə birgə işləyib. Bu filmin ardınca 1955-ci ildə dostu C.Əzimovla birgə “Bəxtiyar” və “Görüş” kinokomediyalarına bədii tərtibat verib.

1960-cı ildə Bakıda, 1960–1967-ci illərdə isə Moskvada və Kaunasda fərdi sərgiləri böyük müvəffəqiyyətlə nümayiş etdirib və sənətsevərlərin diqqətini özünə cəlb edib. 1977-ci ildə Azərbaycanın xalq rəssamı fəxri adına, 1986-cı ildə SSRİ Dövlət mükafatına, 1998-ci ildə "Şöhrət" ordeninə layiq görülüb. Azərbaycan Rəssamlar İttifaqının katibi olub.

Yaratdığı əsərlərdən "Daşkəsənin gənc inşaatçıları", "Əli Bayramlı DRES-i", "İnsanların torpağı", "Çiçəklər arasında", "Qırmızı və ağ qızıl güllər", "Xəncər və məişət əşyalarından ibarət natürmort", "Tac-Mahal", "Yaponiya silsiləsi", "Əmək adamları", "Ana", "Montajçılar", "Kənddə" və digərləri böyük maraqla qarşılanıb. "Sevil", "Arşın mal alan", "Görüş", "Ögey ana", "Onun böyük ürəyi", "Bir məhəlləli iki oğlan", "Telefonçu qız", "Uşaqlığın son gecəsi" və s. kinofilmlərin rəssamı olub.

 

Filmoqrafiya

1. Araqarışdıran

2. Arşın mal alan

3. Arxadan vurulan zərbə

4. Arzularını çəkən rəssam

5. Bakıda küləklər əsir

6. Baladadaşın İlk Məhəbbəti

7. Bəxtiyar

8. Bəyin oğurlanması

9. Bir məhəllədən iki nəfər

10. Dənizə çıxmaq qorxuludur

11. Dərviş Parisi partladır

 

Mükafatları

- "Azərbaycan SSR xalq rəssamı" fəxri adı

- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

- Azərbaycan SSR Dövlət mükafatı ("Azərbaycan Böyük Vətən müharibəsində" mövzusunda silsilə rəsmləri üçün)

- "Əməkdə fərqlənməyə görə" medalı

- "Şöhrət" ordeni

- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

 

Rəssam 2007-ci il 15 sentyabrda 81 yaşında vəfat edib. Həmin il Mübariz Nağıyev tərəfindən Elbəy Rzaquliyevin həyat və yaradıcılıq yolundan bəhs edən “Arzularını çəkən rəssam” adlı qısametrajlı sənədli film çəkilib.

Allah rəhmət eləsin.

 

“Ədəbiyyat və incəsənət”

(15.09.2025)

 

İnci Məmmədzadə

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.