
Super User
Gənclər Kitabxanasında məktəblilər üçün oxu saatı və ekskursiyalar təşkil edilib
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında noyabr ayı ərzində məktəblilər üçün ekskursiyalar və oxu saatları təşkil edilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına kitabxanadan məlumat verilib.
Böyüməkdə olan gənc nəsildə mütaliəyə olan həvəsin artırılması, asüdə vaxtlarının səmərəli keçirilməsi, oxu vərdişlərinin inkişafı və onların kitabxanalara cəlb olunması məqsədilə təşkil edilən bu tədbirlərdə 1 nömrəli Uşaq -Gənclər İnkişaf Mərkəzinin 175 nömrəli tam orta məktəbində fəaliyyət göstərən “İntellektual inkişaf” dərnəyinin üzvləri və 133 saylı tam orta məktəbin şagirdləri iştirak edirdi. Kitabxananın Elmi işlər üzrə direktor müavini Günay Həsənova məktəbin nümayəndələrinin rəhbərliyi altında kitabxanaya gələn məktəbliləri salamlayaraq, mütaliənin insan həyatında, onun gələcəkdə intellektual, savadlı bir şəxsiyyət kimi formalaşmasına göstərdiyi təsirdən danışdı, hər yaş qrupunun öz mütaliə çevrəsinin olduğunu və bu maraqların müəyyənləşdirilməsində kitabxanaçıların oxuculara çox kömək olduqlarını bildirdi. “Oxu saatı”nda məktəblilərə yerli və dünya ədəbiyyatı nümayəndələrinin əsərləri təqdim edildi, uşaqlar ilə birlikdə Solmaz Amanovanın “Al beretli igid əsgər”, Sevinc Humayunun “Xarıbülbül əfsanələri”, Mark Tvenin “Tom Soyerin macəraları”, Səməd Bəhrənginin “Balaca qara balıq”, Otfrid Proyslerin “Balaca cadugər” kitabları müzakirə edildi, əsərlərdən parçalar oxundu. Kitabxanada keçirdikləri müddət ərzində kitabxananın əməkdaşları balaca ziyarətçiləri rəngarəng uşaq kitabları, jurnallar, uşaqlar üçün təşkil edilən kitab sərgiləəri ilə tanış etdilər, kitabdan istifadə qaydalarını izah edərək, hər bir insanın mütaliə etməsinin nə qədər vacib olmasından danışdılar.
Görüşdə Bakı şəhəri Yasamal rayonu 133 saylı tam orta məktəbin kitabxana müdiri Vüsalə Yusubova və 175 nömrəli tam orta məktəbin “İntellektual inkişaf” dərnəyinin rəhbəri Könül Əliyeva belə ekskursiyaların və tədbirlərin şagirdlərdə erkən yaşlarından kitaba, mütaliəyə maraq yaratdığını, kitabı sevməyə, onu qorumağa, asudə vaxtlarında mütaliəyə önəm verməyə sövq etdiyini bildirdi.
Ekskursiyanın sonunda bütün uşaqlara valideynləri ilə birlikdə kitabxanaya yazılmaları tövsiyə olundu.
“Ədəbiyyat və incəsənət”
(19.11.2024)
Azərbaycanlı alim Beynəlxalq Konfutsiçilik Assosiasiyasının 7-ci Şurasının üzvü seçilib
Pekində Çin filosofu Konfutsinin anadan olmasının 2575 illiyinə həsr edilmiş beynəlxalq konfrans və Beynəlxalq Konfutsiçilik Assosiasiyasının (BKA) 7-ci qurultayı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Diasöorla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə konfransa 110 ölkədən 800-ə yaxın sinoloq-alim qatılıb. Pekin Xarici Dillər Universitetinin Asiya fakültəsinin Azərbaycan dili kafedrasının müdiri, Xəzər Universiteti Çin Tədqiqatlar Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev Beynəlxalq Konfutsiçilik Assosiasiyasının 7-ci Şurasının ilk azərbaycanlı üzvü seçilib.
Qeyd edək ki, 1994-cü ildə yaradılan BKA özündə dünyanın 80 ölkəsindən filosofları, dilçiləri, tərcüməçiləri və ədəbiyyatşünasları birləşdirir.
“Ədəbiyyat və incəsənət”
(19.11.2024)
Muğam Mərkəzində COP29 çərçivəsində növbəti konsert olub
Beynəlxalq Muğam Mərkəzində Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin (Bədii rəhbər və baş dirijor Mustafa Aşurov) Milli Dirçəliş Günü münasibətilə konsert proqramı təqdim edilib.
Mərkəzdən AzərTAC-a bildirilib ki, COP29-a həsr olunmuş konsertlər çərçivəsində təqdim edilən proqramda Xalq artisti Gülnaz İsmayılova, beynəlxalq və respublika müsabiqələri laureatları Rəvanə Qurbanova, Günay İmamverdiyeva, Zabitə Əliyeva, Orxan Hüseynli, Seymur Həsənsoy, Anar Yusub, Rəvan Qaçayevin ifaları tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb.
Konsertdə Fikrət Əmirov, Hacı Xanməmmədov, Oqtay Kazımi, Aşqin Əlizadə, Süleyman Ələsgərov, Səid Rüstəmov, Vasif Adıgözəlov, Xan Şuşinski, Ələkbər Tağıyev və dünya bəstəkarlarının əsərləri səsləndirilib.
“Ədəbiyyat və incəsənət”
(19.11.2024)
Mədəniyyət nazirimiz İordaniya şahzadəsi ilə görüşüb
Ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə İordaniya Haşimilər Krallığının şahzadəsi, UNESCO-nun xoşməramlı səfiri, Petra Milli Trestinin prezidenti xanım Dana Firas arasında görüş keçirilib.
"Ədəbiyyat və incəsənət" portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, nazir bu mötəbər tədbirdə fəal iştirakına görə qonağa təşəkkürünü bildirib. Qeyd olunub ki, ölkələrimiz arasında qarşılıqlı etimada əsaslanan möhkəm əməkdaşlıq əlaqələri mövcuddur. Mədəniyyət sahəsində əlaqələri inkişaf etdirmək üçün də geniş perspektivlər var.
Xanım şahzadə ölkəmizə səfər etməsindən və yüksək səviyyədə təşkil olunan COP29 tədbirində iştirakından məmnunluğunu ifadə edib. O, səfər çərçivəsində Azərbaycan Dövlət Pantomim Teatrında dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun "Gün var əsrə bərabər" əsərinin motivləri əsasında hazırlanan "Manqurt" tamaşasını maraqla izlədiyini, aktyorların ifasının onda dərin təəssürat doğurduğunu deyib.
Görüş zamanı COP29 çərçivəsində müzakirə olunan məsələlər, eləcə də iqlim və mədəni irs gündəliyi ətrafında fikir mübadiləsi aparılıb.
"Ədəbiyyat və incəsənət"
(18.11.2024)
Heydər Əliyev Fondunun vitse-prezidenti, İordaniya şahzadəsi və ICCROM-un baş direktoru "Manqurt" tamaşasını izləyiblər
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, COP29 çərçivəsində ölkəmizdə səfərdə olan İordaniya Haşimilər Krallığının şahzadəsi, UNESCO-nun xoşməramlı səfiri, Petra Milli Trestinin prezidenti Dana Firas və ICCROM-un baş direktoru Aruna Françeska noyabrın 17-də Azərbaycan Dövlət Pantomim Teatrında "Manqurt" tamaşasını izləyiblər.
"Ədəbiyyat və incəsənət" portalı AzərTAC-a istinadən xəbər verir ki, dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun "Gün var əsrə bərabər" əsərinin motivləri əsasında hazırlanan səhnə əsərinin quruluş müəllifi Ceyhun Dadaşov, rəssamı Sənubər Səmədova, musiqi tərtibatçısı Elman Rəfiyev, plastik həll üzrə rejissoru Xalq artisti Bəxtiyar Xanızadədir. Tamaşada teatrın bütün aktyor heyəti çıxış edir.
Uzun illərdir teatrın repertuarında olan tamaşa bu mövsümdə sənətsevərlərə yeni üslubda təqdim edilir.
Səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
"Ədəbiyyat və incəsənət"
(19.11.2024)
Rəsm qalereyası: Tariyel Əhmədov, “Natürmort”
“ASAN xidmət" və SESRIC arasında Memorandum imzalanıb
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRIC) Baş direktoru Zehra Zümrüd Selçuk "ASAN xidmət"in “Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində təşkil etdiyi Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olub.
“Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən verilən məlumata görə, səfər zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə SESRIC arasında Anlaşma Memorandumu imzalanıb.
Məqsəd “ASAN xidmət” təcrübəsinin İƏT-ə üzv dövlətlər ilə paylaşılması, dövlət xidmətlərinin göstərilməsi sahəsində institusional və kadr potensialının artırılması üçün təlimlərin, kursların, seminarların və səfərlərin təşkilidir.
Həmçinin Memorandum çərçivəsində İƏT-ə üzv ölkələrdə dövlət qulluqçularının "ASAN xidmət" tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində təşkil etdiyi “ASAN Beynəlxalq Təlim Proqramları”nda iştirakları nəzərdə tutulur.
“Ədəbiyyat və incəsənət”
(18.11.2024)
ASAN könüllüləri COP29 çərçivəsində ekoloji layihə reallaşdırırlar
16 noyabr 2024-cü il tarixində Lənkəranda “Könüllülərin ekoloji düşərgəsi” layihəsinin açılış mərasimi baş tutub.
“Ədəbiyyat və incəsənət” portalı “ASAN xidmət”ə istinadən xəbər verir ki, layihə “ASAN Könüllüləri” Təşkilatının, Özbəkistan Könüllülər Assosiasiyasının birgə təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə reallaşdırılır.
30-dan çox Azərbaycan və Özbəkistan könüllüsünü əhatə edən sosial təşəbbüs ölkəmizdə keçirilən “Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində reallaşdırılır.
Məqsəd gənclərin diqqətini iqlim dəyişikliyinin təsirinə və həllinə cəlb etmək, bilik və bacarıqların gücləndirilməsinə təşviq etməkdir. Eləcə də könüllülük sahəsi üzrə ölkələrarası əməkdaşlığı daha da inkişaf etdirmək, ətraf mühitin qorunması istiqamətində atılan addımlarda gənclərin iştirakçılığını artırmaq əsas hədəflərdir.
Layihə çərçivəsində iştirakçılar iqlim dəyişikliyi ilə mübarizə istiqamətində müxtəlif ekoloji həll yolları hazırlayacaq və peşəkarlar tərəfindən keçiriləcək təlimlərdə iştirak edəcəklər. Müzakirə panelləri, ekoloji aksiyalar və ideya yarışmaları ilə zənginləşdirilmiş proqram iki ölkənin mədəni irsini əks etdirən tədbirlərlə davam edəcəkdir.
Düşərgənin ilk 2 günü “Türk dünyasının gənclər paytaxtı”Lənkəran şəhərində, sonuncu günü isə COP29 ərazisində,Yaşıl Zonada baş tutacaq.
Xatırladaq ki, ASAN könüllülləri ictimaiyyətin diqqətini ekoloji tarazlığın bərpasına, yaşıllıqların qorunmasına və ətraf mühitin qorunmasına yönəltmək məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Bu məqsədlə
”Yaşıl ASAN” ekoloji proqramı vasitəsilə bu günədək 400 layihə, 100-dən çox ağacəkmə və təmizlik aksiyası həyata keçirilib.
“Ədəbiyyat və incəsənət”
(18.11.2024)
“ASAN xidmət" ICESCO ilə əməkdaşlığı genişləndirir
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalına agentlikdən verilən məlumata görə, görüş Bakıda keçirilən “Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində "ASAN xidmət" tərəfindən təşkil olunan Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumunda baş tutub.
ICESCO pavilyonunda gerçəkləşən görüşdə Dövlət Agentliyi ilə ICESCO arasında imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində həyata keçirilmiş işlərlə bağlı müzakirələr aparılıb. Həmçinin yeni əməkdaşlıq istiqamətləri üzrə birgə fəaliyyət proqramının hazırlanmasına dair razılığa gəlinib.
“Ədəbiyyat və incəsənət”
(18.11.2024)
BİR SUAL, BİR CAVAB Elvin İntiqamoğlu ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL:
Ziqmund Freyd söyləyib ki: "Diqqət görməyən hər şey ölür. Duyğular, münasibətlər hətta çiçəklər."
Nəzərə alsaq ki, Elvin bəy yaradıcıdır, deməli, daha həssas qəlbə sahibdir. Bu həssas qəlb qırılanda ahlar misralarında öz əksini tapırmı?
Elə bu dəqiqə o misraları Elvin bəy söyləyərmi?
CAVAB:
Əslində, şairə şeir yazdıran, rəssama rəsm çəkdirən qəlb qırıntısı deyil, xəyal qırıntılarıdır. Belə deyək də, məsələn, yolda, həqiqətən, pula ehtiyacı olan biri bizə əlini uzadır, biz də onu bəziləri kimi saxtakar bilib əliboş qoyuruq. Biz əl hərəkətimizlə onun qəlbini qırırıq, ancaq o, şeir yazmır, rəsm çəkmir.
Məncə, qəlb qırmaq xəyalların üstündən xətt çəkməkdən yaxşıdır.
Yaradıcılıqla məşğul olan insanın xəyalı (uşaqlıq xəyalı, gənclik xəyalı və s.) alt-üst olur, qəlbinin altı da yaxşı vəziyyətdə qalır, üstü də.
Mənə qaldıqda, xəyal qırıntılarımı xatırlayanda (o ruhda olanda) cızma-qara etməyə çalışıram. Nə dərəcədə alındığını bilməsəm də, rahatlaşıram.
Müəllifini bilmədiyim bu iki misra dilimin əzbəridir:
İndi də peşmanam yox dediyimə,
Ömrümdə bir dəfə hə deməliydim.
“Ədəbiyyat və incəsənət”
(18.11.2024)