Super User
Vaqif Səmədoğlunun “Yaman ölməli gecədir...” şeiri və Varis
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
"Ədəbiyyat və incəsənət" portalının dəyərli izləyiciləri, hər birinizə salam olsun. "Sevdiyin şeiri gəl mənə söylə" rubrikasının budəfəki qonağı çağdaş ədəbiyyatımızın sevilən roman ustadı, ən çox oxunan, sevilən müəlliflər siyahısında yer alan Varis bəydir.
-- Xoş gördük, dəyərli Ustadımız, romanlarınızı oxuyarkən şeir parçalarından məharətlə istifadə etdiyinizi bilirik. Bu şeir parçaları obrazın daxilindəki təlatümü bildirərək tematik bağlılığı ilə oxucunu daha da təsirləndirir.
Əziz Ustadımız, hal- hazırda bilmirik, bəlkə də, hansısa romanınız doğulmağa hazırlaşır, ya hekayəniz tamamlanır. Elə bu anın ovqatına uyğun olaraq Sizə də " Sevdiyin şeiri gəl mənə söylə" deyirik.
-- Xoş gördük.
“Sevdiyin şeir” anlayışı həqiqətən də özündə bir müvəqqətiliyi, aniliyi ehtiva edir. Səndən sevdiyin şeiri söyləməyini istədikləri anın ovqatına bələnmiş olur.
Bax indi, yayın bu qızmarında, iyulun bu sonuncu günündə, avqustun ərəfəsində içimdə hisslər burulğanı çövlan etməkdədir. Dünyamızın ağrı-acıları, dörd yandan üstümüzə şığıyan bəd xəbərlər, yaşadığımız zəmanənin insani münasibətlərə qılınc çəkməsi, mənəvi deqradasiya xofu – hamısı birləşib müdhiş bir kədərə sürükləyib məni.
Şeir məgər musiqi ilə eyniyyət təşkil etmirmi? Xoş günündə, toy-düyündə diringi musiqilərə alüdə olub da ağrılı-acılı anlarında, qüssəyə, kədərə batanda insan həzin, ağır, ləngərli musiqi axtarmırmı?
Şeir də elədir.
İyulun 30-dan 31-nə keçən bu zil qaranlıq gecədə cismən olmasa da ruhən təkəm, lap yalquzaq təkliyi kimi bir təklik duyuram. Yazmaqla, kədər yükümü kağızlara daşımaqla təsəlli tapmaq istəyim də nəticəsiz qalmaqdadır.
Biz ömür karvanına qoşulub gedincə nə sarvan, nə dəvələr yorğunluğumuzu nəzərə almazlar, eyni ahənglə irəliləyərlər. Belədə, geri qalmamaq üçün daha inadla, zor gücünə hərəkət etməyə məcbur olarıq. Nəfəsimiz təntiyər, gözlərimiz qaralar, ayaqlarımız təpərdən düşər.
Və belə anda ən böyük arzumuz bir dayanacağa yetişmək olar.
Hətta, bu – son dayanacaq olsa belə.
Bu da 2025-ci ilin 30 iyulundan 31 iyuluna keçən gecədə sizə söyləmək istədiyim sevdiyim şeir.
Onun müəllifi Vaqif Səmədoğludur.
“Yaman ölməli gecədir...”
Kağızın üstünə düşüb,
İki əlimin kölgəsi.
Yenə də lap zilə qalxıb
Təkliyin yalquzaq səsi...
Vaxtdan yaxa qurtarmışam,
Bilmirəm saat neçədir.
Ay yarımçıq, ulduzlar yox,
Yaman ölməli gecədir...
Nə varım var, nə barxanam
Ömür yükü bağlamağa.
Allah, məni yarı öldür,
Yarı saxla ağlamağa...
“Ədəbiyyat və incəsənət”
(31.07.2025)
Şəhid övladları Avstriyada yay düşərgəsində iştirak edirlər
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Avstriya Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondu (ADDF), “Azərbaycan Hava Yolları” (AZAL) QSC və “Azərlotereya” ASC-nin tərəfdaşlığı ilə tələbə şəhid övladları üçün Avstriyanın Zalsburq və Vyana şəhərlərində keçirilən “Əmanətə Sədaqət” Yay Düşərgəsi davam etməkdədir.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, 28 iyul – 2 avqust tarixlərində keçiriləcək düşərgədə yerli və xarici universitetlərdə təhsil alan və yüksək akademik göstəricilərə malik 22 şəhid övladı iştirak edir.
Düşərgənin ilk günündə Zalsburq Azərbaycan Evində açılış mərasimi keçirilib. Mərasimə Avstriya və Sloveniyada yaşayan Azərbaycan diasporunun fəal üzvləri, eləcə də Avstriyada fəaliyyət göstərən Türkiyə diasporunun nümayəndələri qatılıblar.
Düşərgə ərzində iştirakçılar karyera planlaması, şəxsi inkişaf, liderlik və motivasiya mövzularında peşəkar təlimlərə qatılacaq, Avstriyanın tarixi bölgələrinə səfərlər edəcəklər.
“Ədəbiyyat və incəsənət”
(31.07.2025)
İlham Əliyevin qlobal ədalət çağırışı və Yeni Kaledoniyanın müstəqillik istəyi
Atilla Öztürk,
siyasi şərhçi, AISEDA İctimai Birliyinin həmtəsisçisi, NDU “Xüsusi hüquq” kafedrasının müəllimi. “Ədəbiyyat və incəsənət” üçün
XXI əsr beynəlxalq münasibətlər sistemində çoxqütblülüyün möhkəmləndiyi, suverenlik və milli azadlıq ideyalarının daha yüksək səslə ifadə edildiyi dövrdür. Bu tarixi transformasiyanın tərkib hissəsi olaraq, uzaq Okeaniyada yerləşən Yeni Kaledoniya arxipelaqı da müstəqillik axtarışında olan xalqların səsinə çevrilib. Lakin bu səslərin BMT səviyyəsində eşidilməsi, müzakirə predmeti olması və siyasi gündəmin əsas istiqamətlərindən birinə çevrilməsi təsadüfi deyildi. Bu, konkret siyasi iradənin, liderlik vizyonunun və beynəlxalq tribunaların effektiv istifadəsinin nəticəsidir. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin rolunu xüsusi qeyd etmək zəruridir.
Yeni Kaledoniya Fransa Respublikasının inzibati ərazisi kimi uzun illərdir ki, hüquqi və siyasi baxımdan qeyri-müəyyən bir statusda saxlanılırdı. Lakin Kanak xalqının milli kimliyi və azadlıq arzusu sönməyib, əksinə, zaman keçdikcə daha da güclənib. 1980-1990-cı illərdəki qanlı qarşıdurmalar, Noumea Sazişi və bir neçə dəfə keçirilmiş referenduma baxmayaraq, Fransa hələ də bu regionun müstəqilliyini tanımaqdan imtina edirdi. Belə bir vəziyyətdə bu xalqın səsini dünyaya çatdırmaq üçün yeni mexanizmlərə, qlobal həmrəyliyə və siyasi dəstəyə ehtiyac duyulurdu.
Azərbaycanın 2019-2023-cü illər üzrə Qoşulmama Hərəkatına (QH) sədrliyi təkcə texniki rotasiya deyildi. Bu, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq nüfuzunun artmasının və prinsipial mövqeyinin göstəricisi idi. Prezident Əliyev QH çərçivəsində çıxışlarında daim BMT Nizamnaməsində əks olunmuş “xalqın öz müqəddəratını təyin etmək hüququ” prinsipinə istinad etmiş, kolonializmin bütün təzahürlərini qətiyyətlə pisləmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev sadəcə bəyanatlarla kifayətlənmədi. Bakı şəhərində keçirilən beynəlxalq konfranslara, forumlara Yeni Kaledoniya nümayəndələri dəvət edildi. Onların tribuna tapması üçün şərait yaradıldı. Bu, həm siyasi, həm də mənəvi baxımdan ciddi dəstək idi. 2023-cü ilin ortalarında Bakıda keçirilən “Dekolonizasiya: İnsan Hüquqları Konteksində Tarixi Ədalətin Bərpası” adlı beynəlxalq konfransda Kanak nümayəndəsinin çıxışı və Azərbaycan ictimaiyyəti tərəfindən coşqu ilə qarşılanması bir dönüş nöqtəsinə çevrildi.
Fransanın indiki hakimiyyət orqanları bir tərəfdən “demokratiya ixracı”ndan danışır, digər tərəfdən isə öz ərazisindən minlərlə kilometr uzaqda yerləşən torpaqlarda – o cümlədən Yeni Kaledoniyada – xalqın səsini boğmağa çalışır. Bu ikili standartlara qarşı ilk qlobal səviyyəli çıxışlardan biri 2023-cü ilin əvvəllərində Bakıdan gəldi.
2024-cü ilin əvvəlində BMT-nin xüsusi sessiyasında İlham Əliyevin çıxışı böyük rezonans doğurdu. O, açıq şəkildə bildirildi ki, Dekolonizasiya prosesi yalnız Afrika ilə yekunlaşmır. Okeaniya, Karib hövzəsi və Hind okeanı adaları da bu prosesin tərkib hissəsidir. BMT-nin missiyası bu xalqların iradəsinə hörmət etməkdir.
Azərbaycanın beynəlxalq miqyasda neokolonializmə qarşı apardığı prinsipial siyasətin bariz nümunələrindən biri də 2023-cü ilin sentyabr ayında Bakıda keçirilmiş “Neokolonializmlə mübarizə: Bəşəri dəyərlərin müdafiəsi” adlı beynəlxalq konfrans oldu. Bu konfransda Afrika, Karib hövzəsi və Okeaniya ölkələrinin nümayəndələri, o cümlədən Yeni Kaledoniya və Fransız Polineziyası liderləri də iştirak etmiş və öz xalqlarının müstəqillik arzularını ifadə etmişdilər. Konfransda Prezident İlham Əliyevin dəstəyi ilə çıxış edən nümayəndələr, Azərbaycanın bu məsələdə lider rolu oynadığını vurğuladılar. Bu tədbir nəticəsində “Bakı Təşəbbüs Qrupu” adlı yeni beynəlxalq platforma yaradıldı. Həmin qrupun əsas məqsədi müstəmləkə altında qalan xalqların səsini dünyaya çatdırmaq, onların hüquqlarını müdafiə etmək və dekolonizasiya prosesini sürətləndirməkdir. Bakı Təşəbbüs Qrupu artıq BMT və Qoşulmama Hərəkatı çərçivəsində bir neçə təşəbbüs irəli sürmüş və Fransanın müstəmləkə siyasətinə qarşı konkret çağırışlar etmişdir.
Aparılan uğurlu siyasətin nəticəsidir ki, 12 iyul 2025-ci il – Paris yaxınlığındakı Bougival şəhərində keçirilən danışıqların sonunda bütün siyasi fraksiyaların təmsilçiləri ilə birlikdə Fransa Dövləti və Yeni Kaledoniya təşkilatları “Agreement Project of the Future of New Caledonia” (Bougival Sazişi) adlı tarixi sənədi imzaladılar.
Saziş, Yeni Kaledoniya ərazisinin “Yeni Kaledoniya Dövləti” statusu ala biləcəyi, dual (ikinci) vətəndaşlıq hüququnun tanınması və daxili idarəetmə səlahiyyətlərinin genişləndirilməsi kimi əsas prinsipləri əhatə edir.
Müqavilədə təsbit edilir:
1. Siyasi statusun yenidən tənzimlənməsi
Müqaviləyə əsasən, Yeni Kaledoniya "Xüsusi Muxtar Siyasi Ərazi" statusu aldı. Bu status əvvəlki dərəcədə mərkəzdən idarəolunmadan fərqlənərək, daxili idarəetmə, təhsil, mədəniyyət, sosial təminat və yerli hüquq sahələrində daha geniş səlahiyyətlər verirdi. Xarici siyasət və müdafiə isə Parisin nəzarətində saxlanılır;
2. Yeni konstitusion aktın hazırlanması
Fransa və Yeni Kaledoniya nümayəndələrindən ibarət birgə komissiya yaradıldı. Bu komissiya 2025-ci ilin sonuna qədər yeni konstitusion akt layihəsi hazırlamalı və onu həm Fransa Milli Assambleyasında, həm də yerli parlamentdə təsdiqə təqdim etməlidir;
3. Referendum perspektivi
Müqaviləyə əsasən, 2030-cu ilə qədər Yeni Kaledoniyada son və qəti qərar xarakteri daşıyacaq müstəqillik referendumu keçiriləcək. Bu referendumdan əvvəl Fransa üzərinə götürdü ki, Kanak xalqına qarşı diskriminasiyanı aradan qaldırmaq, sosial və iqtisadi bərabərliyi təmin etmək üçün xüsusi proqramlar həyata keçirəcək;
4. İqtisadi və sosial bərabərlik proqramları
Müqavilədə əks olunmuşdur ki, Yeni Kaledoniya üçün 1.5 milyard avro dəyərində sosial-iqtisadi inkişaf paketi ayrılacaq. Bu vəsaitlər infrastruktur, səhiyyə, təhsil və iş yerlərinin yaradılması sahələrinə yönəldiləcək. Kanak gəncləri üçün Fransada ali təhsil almaq imkanları genişləndiriləcək və yerli universitetlərə dəstək artırılacaq.
Fransa tərəfi ilk dəfə olaraq, rəsmi müqavilə sənədində XIX və XX əsrlərdə Kanak xalqına qarşı həyata keçirilmiş kolonial və assimilyasiya siyasətlərinə görə “tarixi təəssüf” ifadə etmişdir. Bu, hüquqi məsuliyyət anlamına gəlməsə də, simvolik baxımdan mühüm əhəmiyyət daşıyırdı.
Bu müqavilənin bağlanmasında beynəlxalq təzyiqlər də mühüm rol oynadı. Xüsusilə Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanın sədrliyi dövründə Fransa üzərində artan təzyiq və Kanak xalqına beynəlxalq dəstəyin güclənməsi Parisin kompromisə getməsini labüd etdi. Eyni zamanda, BMT-nin kolonializmlə mübarizə üzrə xüsusi məruzəçiləri bu prosesi müşahidə etmiş və ədalətli qərarın əldə olunması üçün tövsiyələr vermişdir.
“Ədəbiyyat və incəsənət”
(31.07.2025)
Gənclər Kitabxanasında “İnsan alverinə səssiz qalma!” adlı material hazırlanıb
Dünən Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü kimi qeyd edildi. BMT-nin Baş Assambleyasının 2013-cü il dekabrın 18-də qəbul etdiyi qətnaməyə əsasən hər il iyulun 30-u bu gün qeyd edilir. Dünya cəmiyyətlərinin əsas sosial bəlalarından birinə çevrilmiş insan alveri problemi şübhəsiz ki, Azərbaycan cəmiyyətindən də yan keçməmişdir.
Ölkəmizdə Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində insan alveri qurbanlarının sosial müdafiəsi, reabilitasiyası üçün tədbirlər görülür, insan alverinin xüsusiyyətləri və bu sahədə görülən işlər haqqında elmi, sosial tədqiqatlar, maarifləndirmə tədbirləri aparılır.
Bununla əlaqədar olaraq Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “İnsan alverinə səssiz qalma!” adlı biblioqrafik icmal hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, material kitabxananın rəsmi saytında https://www.ryl.az/funds/biblioqrafik-icmal yerləşdirilib. Vəsaitdə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu və digər rəsmi sənədlərin tam mətni təqdim edilir. Materialda “İnsan alverinin qurbanına çevrilməyək...” başlığı altında dünyada ciddi problemə çevrilən insan alveri, onun qurbanları, müdafiə yolları, bu insanların sonradan cəlb olunduqları reabilitasiya proqramları, onlarla aparılan maarifləndirmə işləri və digər bu kimi mövzular haqqında məlumat verilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan biblioqrafik icmalda Azərbaycan və rus dillərində nəşr edilən “Miqrasiya, insan alveri və onunla əlaqədar olan sağlamlıq riskləri”, “İnsan alverinə qarşı mübarizə üzrə bələdçi”, “İnsan alveri ilə mübarizə”, “İnsan alverinə qarşı mübarizə sahəsində Azərbaycan təcrübəsi” kimi 20-dən çox kitabın qısa annotasiyası, biblioqrafik təsviri və bu mövzuda 2014-2025-ci illərdə dövrü mətbuatda dərc edilən məqalələrin siyahısı sərgilənir.
“Ədəbiyyat və incəsənət”
(31.07.2025)
O, “Yaşıl eynəkli adam” tamaşası ilə tanındı
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Mərhum gülüş ustası, görkəmli aktrisa Nəsibə Zeynalovanın yeganə övladı, Azərbaycan Respublikasının xalq artisti Cahangir Novruzovun bu gün doğum günüdür, Türkiyədə yaşayan aktyor 71 yaşını qeyd edir. Fürsətdən istifadə edib Türkiyədə yaşayan və çalışan digər soydaşımız – məşhur musiqiçi Əlixan Səmədov vasitəsilə Cahangir müəllimi təbrik edir, ona 100 il ömür və sənət zirvəsi arzu edirik.
Cahangir Novruzov 1954-cü il iyul ayının 31-də Bakı şəhərində doğulub. 1971-ci ildə orta məktəbi bitirib. Sonra Mirzəağa Əliyev adına incəsənət institutunun rejissorluq fakultəsinə daxil olub və SSRİ xalq artisti Mehdi Məmmədovun rəhbərlik etdiyi sinifdə təhsil alaraq 1976-cı ildə həmin institutu bitirib. Diplom işini Musiqili Komediya teatrının səhnəsində Georgi Xuqayevin "Sevgilimin anası" operettasını hazırlayaraq müdafiə edib. Eyni ildə təyinat alaraq həmin teatrda çalışmağa başlayıb.
1979-cu ildə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrına quruluşçu rejissor vəzifəsinə təyin edilib. Bu teatrın səhnəsində həm də aktyor kimi bir çox rollar oynayıb. 1981-ci ildə isə SSRİ Mədəniyyət Nazirliyinin Mədəniyyət adamlarını təkmilləşdirmə İnstitutunun rəhbər işçilər fakultəsinə qəbul olunub və eyni zamanda da Moskva Malaya Bronnaya teatrında RSFSR-in xalq artisti professor A. Efrosun rəhbərliyi altında staj keçməyə başlayıb. İki il ərzində bir çox əsərlərin quruluşlarında A. Efrosa assistentlik edib.
1983-cü ildə Moskvadakı təhsilini bitirərək Şəki teatrına dönüb. 1984-cü ildə SSRİ xalq artisti professor G. Tovstonoqovun yaradıcı laboratoriyasına qəbul olunub və hər il iki dəfə olmaq üzrə Sankt-Peterburqda 1988-ci ilə qədər çalışmalarda iştirak edib. 1985-ci ildə Şəki teatrına baş rejissor vəzifəsinə təyin olunub. Orada çalışdığı illər ərzində teatrı Kazan, Daşkənd, Səmərqənd, Moskva və Praqa şəhərlərinə qastrol səfərlərinə götürüb. 1986-cı ildə Çexoslovakiyada keçirilən "Çeşskaya Buduyovutsa" gənc teatrlar festivalında jüri heyətinin üzvü kimi iştirak edib.
1987-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinin təşkil etdiyi Mirzə Fətəli Axundovun 175 illik yubileyinə həsr olunan teatr festivalında hazırladığı "Müsyö Jordan və Dərviş Məstəli Şah" əsəriylə birincilik mükafatını qazanıb. 1988-ci ildə Parisdə keçirilən "Bovinyi" teatr festivalında fəxri jüri heyətinin üzvü kimi iştirak edib. 1989-cu ildə Mədəniyyət nazirliyi tərəfindən Musiqili Komediya teatrına baş rejissor vəzifəsinə təyin olunub.
1990-cı ildə teatrın əsaslı təmir və yeni inşaata başlaması səbəbiylə Gənc Tamaşaçılar Teatrının rus bölməsinə baş rejissor olaraq təyin olunub. 1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təşkil etdiyi I Mono tamaşalar festivalında Şekspirin "Hamlet" əsərinin motivləri əsasında hazırlanan "Olum ya Ölüm" tamaşası ilə birincilik mükafatı qazanıb.
1995-ci ildə Türkiyə Cumhuriyyətinə Universitetdə dərs demək üçün dəvət olunub. Hal hazırda Türkiyənin Adana şəhərində Çuxurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışır.
Filmoqrafiya
1. Bizim Cəbiş müəllim
2. Aktrisanın təbəssümü
3. Qəribə adamlar
4. Qorxma, mən səninləyəm
5. Dad
6. Gedərgəlməz
7. Qoca palıdın nağılı
8. Ordan-burdan
9. Yaşıl eynəkli adam
10. Bəxt üzüyü
11. Ac həriflər
12. Bala-başa bəla!
13. Həm ziyarət, həm ticarət...
14. Sarı gəlin
15. Dəvətnamə
16. Bəylik dərsi
17. Ölüm növbəsi
Mükafatları
- "Əməkdar incəsənət xadimi" fəxri adı
- "TÜRKSOY-un 20 illiyi" yubiley medalı
- TÜRKSOY-un "Haldun Taner" mükafatı
- "Qazaxıstanın Fəxri Mədəniyyət Xadimi" medalı
- Azərbaycanın Xalq artisti fəxri adı
- "Diaspor fəaliyyətində xidmətə görə" medalı
“Ədəbiyyat və incəsənət”
(31.07.2025)
Oğuz rayon Mərkəzi Kitabxanasının uşaq şöbəsində nağıl saatı təşkil olunub
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Yay tətilində kiçik yaşlı məktəblilərin asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə Oğuz rayon Mərkəzi Kitabxanasının uşaq şöbəsinin nağıl otağında maraqlı və rəngarəng "Nağıl saatı" təşkil olunur.
Bu günlərdə keçirilən növbəti “Nağıl saatı” da uşaqlar və onların valideynləri tərəfindən maraqla qarşılanmışdır.
Tədbir zamanı kiçik yaşlı oxucular nağıl otağında müxtəlif oyunlar oynayıb, əylənərək müxtəlif nağıllar oxuyublar. Onlar uşaq ədəbiyyatının sevilən nümunələrindən olan "Alma gəmirən qurdun nağılı", X.Əlibəylinin "Bir gölün sahilində", Komblenin "Gürcü nağılı", "Axmaq canavar", eləcə də Nizami Gəncəvinin "İlin fəsilləri" nağıllarını ucadan oxuyaraq dinləyiblər.
“Nağıl saatı” uşaqlarda oxu vərdişlərinin formalaşmasına, onların təxəyyülünün və danışıq qabiliyyətlərinin inkişafına xidmət edib.
Kitabların sehrli dünyasına səyahət edən uşaqlar həm öyrənir, həm də əylənərək vaxt keçirilər.
Belə tədbirlərin uşaqların yay tətili müddətində ardıcıl olaraq keçirilməsi nəzərdə tutulub.
“Ədəbiyyat və incəsənət”
(31.07.2025)
REDAKSİYANIN POÇTUNDAN - Elşən Təhməzov
Elşən Təhməzov adlı müəllif şeirlərini sosial media hesabımıza göndərib, dərc edilməsini xahiş edib.
Xoş mütaliələr.
AYRILIQ
Əzablar çoxalır sevəndə insan,
Ömür kədərlidir, həyat zülümdür.
Deyirlər: “Ayrılıq ölüm deyil ki”
Ayrılıq – ölümdən betər ölümdür.
Nə yatmaq, nə yemək, nə gəzmək olur,
Yatdığın yuxuda ümid arzusu.
Yediyin yemək də keçmir boğazdan,
Gözlərin hər yerdə gəzir o qızı.
Fikirlər ürpərir xəyal quranda,
Tənhalıq qəlbinin yelkənləridir.
Çölün bir məzarın sükutu kimi,
İçinsə fırtına, alov kimidir.
Gör necə yanmışam sənin oduna,
Bir baxsan, sovrulan mənim külümdür.
Deyirlər: “Ayrılıq ölüm deyil ki”
Ayrılıq – ölümdən betər ölümdür.
ÜZÜM SƏNDƏN NİYƏ DÖNDÜ?
Xətrimə ki dəyməmişdin,
Üzüm səndən niyə döndü?
Gözü şəkər, sözü qəndim
Üzüm səndən niyə döndü?
Gəzir fikirlər başımda,
Sınan üzüyün qaşında,
Deyib gülən bu yaşımda,
Üzüm səndən niyə döndü?
Bir dənə yoxdur əvəzin,
Yazmağa tapmıram vəzn,
Ay mənim bu iki gözüm,
Üzüm səndən niyə döndü?
Güzgüdə baxdım özümə,
Yaş qonaq gəlir gözümə,
Hey deyirəm öz-özümə
Üzüm səndən niyə döndü?
Yarama vururam yamaq,
Quruyub dil, dodaq, damaq.
Düz iki il bundan qabaq
Üzüm səndən niyə döndü?
YEMƏYİMİN QAÇIB DUZU
Yeməyimin qaçıb duzu,
Yox çayımın istisi.
Nə bir insan səsi vardır,
Nə pişik hənirtisi.
İndi bir az dəli kimi,
İndi bir az ağıllı.
Qəm içində olan ömrüm
Elə bil ki nağıldır.
Ayılmağı gözləyirəm
Bu yuxudan, kədərdən.
Şirin arzu gözəl imiş
Bu boş xatirələrdən.
Nədənsə bir gün görmədi,
Gəncliyim, uşaqlığım.
Başıma da bəla oldu
Bu ürəyiyumşaqlığım.
SƏNİ DÜŞÜNƏNDƏ, DÜŞÜNMƏYƏNDƏ
Səni düşünməyəndə,
Elə bil naqisəm mən.
Səni düşünəndə də
Narahatam, pisəm mən.
Ayrılsaq da, sevgilim,
Ən gözəl yarım oldun.
Sən yoxsan deyə mən də
Qəmlə sevgili oldum.
Mənim sözlərimə,
yarım, inansan ?
Mənim atəşimdə
alışacaqsan.
Mən səni ən gözəl
sevən insanam,
Sən məni ən gözəl
unudan insan.
ŞEİRLƏR SƏNİ VERMİR
Ağlama qurban olum,
Ağlama məndə nə var?
Nə olsun ki sevmədim,
Nə olsun soyuyuram.
Mənim ki nə maşınım,
Nə də bir boy-buxunum,
Nə də ki çoxlu pulum,
Nə də yaraşığım var.
Unut məni, sevgilim,
Unut məni astaca.
Sənin kimi çoxları
Çox ağlayıb dalımca.
Əllərimi gizlədim
Tutmayasan sən deyə,
Sənə “Ayrılaq” dedim
Yollandım sənsizliyə.
Bir ildir ayrılmışam,
Qəlbim sənçün darıxıb.
Sənin kimi çox idi,
Hamısı yaddan çıxıb.
Unuda bilmirəm ki,
Zərrə-zərrə sezmişəm.
Bunu anlamışam ki,
Təkcə səni sevmişəm.
Son görüşdə baxırdın
Gözünü qaçırmayıb.
Əllərimi tutmağın
Heç yadımdan çıxmayıb.
Deyərdin ki, şeir yaz
Gecə-gündüz mənə sən.
Mən də yaza bilmirdim
Deyirdin ki, şeirsiz
Şair imişsənki sən.
Amma indi yazıram
Xəbərin yox 1 ildir.
Şeirlər səni vermir,
Ancaq təsəlli verir.
“Ədəbiyyat və incəsənət”
(31.07.2025)
Kanadada yaşayan soydaşlarımız üç böyük paradda ölkəmizi təmsil edib
Kanadanın Alberta əyalətində yaşayan Azərbaycan icması “Heritage Park Canada Day” və “Banff Canada Day” paradlarında ilk dəfə, “Stampede” paradında isə artıq ikinci dəfə ölkəmizi təmsil ediblər.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, paradlarda milli ornamentlərlə bəzədilmiş xüsusi konstruksiyalı nəqliyyat vasitəsi üzərində ölkəmizin zəngin mədəniyyətini əks etdirən simvollar nümayiş olunub. Kompozisiyada Qız qalasının modeli, Azərbaycan xalçası, “Odlar Yurdu”nu simvolizə edən alov maketləri, musiqi alətləri, Qarabağ atlarının və Şuşa qalasının təsviri yer alıb.
Layihənin müəllifi Kalqari şəhərində fəaliyyət göstərən Azərbaycan icmasının rəhbərlərindən biri İradə Şamilovadır. Kompozisiyanın hazırlanmasında Kalqari icmasının fəalı Aleks Qubski, “Azerbaijan Calgary Stars” rəqs qrupu və digər könüllülər iştirak ediblər.
İradə Şamilovanın sözlərinə görə, təkcə “Stampede” paradı zamanı Azərbaycan bayrağı və milli musiqi sədaları altında irəliləyən qrupumuzu təxminən 300.000 nəfərə yaxın yerli sakin izləyib. Paradın onlayn izləyici sayı isə 5 milyon nəfərə çatıb. İcmamızın çıxışı tamaşaçıların alqışları, soydaşlarımızın sevinc və qürur hissi ilə qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(31.07.2025)
VAQİF SƏMƏDOĞLU, “Yusif həyata yaraşan adam idi”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
VAQİF SƏMƏDOĞLU, “YUSİF HƏYATA YARAŞAN ADAM İDİ”
(Yusif Səmədoğlunun vəfatı münasibətilə yazılanlar)
Dünən – avqustun 16-da beşə on dəqiqə qalmış Səməd Vurğun ailəsi ikinci dəfə çat verdi, ikinci çat. Və Səməd Vurğun ailəsi təxminən yarı bölündü: anam, bacım və mən həyatın ömür deyilən bölümündə qaldıq. Yusif isə bir azdan atama qovuşacaq – 40 illik fasilədən sonra. Ancaq xoşbəxtlikdən Yusifin öz Yusif Səmədoğlu ailəsi də var. Böyük ailədir, onlar yarılansalar da, bütöv qalırlar. Yusifi sonsuz məhəbbətlə, dəlicəsinə sevən mənim bacım – həyat yoldaşı Nəmidə bacım qalır. Yusifi həm ata məhəbbətiylə sevən, həm də atanın ərköyün, nadinc övladları qədər sevən iki gözəl qızı – Mehriban, Humay qalır, Yusifin kürəkənləri qalır. Yusif yazıçı idi. Yusifin qələm yoldaşları, – mən qardaş olmaqdan başqa da Yusifin qələm yoldaşıyam, ədəbiyyatda əqidə dostuyam, – biz qalırıq. Və nəhayət, Yusifin özünün ədəbi irsi qalır. Biz, əlbəttə ki, o ədəbi irsi sahmana salıb, səliqəyə gətirib üzə çıxaracağıq, oxuculara çatdıracağıq. Yusifin qələm dostlarına, Yusifi sevənlərə, oxuculara təşəkkür eləyirəm. Onlara təsəlli verirəm. Yusif Səmədoğlu xalq hərəkatının fəal iştirakçılarından olub. Mən onun bu hərəkatdakı yoldaşlarına, dostlarına təşəkkür edirəm, təsəlli verirəm.
Yusif sevincə, gözəlliyə yaraşan adam idi – həyata yaraşan adam idi. Mən bu saat zərrə qədər də tərəddüd eləmədən Yusiflə yerimi dəyişərdim. Amma həyatın hökmüdür: hər kəsin öz alın yazısı var. Alın yazılarımız başqa-başqadır. Tanrı Yusifi apardı. İndi mən də qardaşımı Tanrıya bağışlayıram...
“Ədəbiyyat və incəsənət”
(31.07.2025)
“Xudavi” – Rəvan Cavidin hekayəsi
“Ədəbiyyat və incəsənət” portalı sizlərə Rəvan Cavidin “Xudavi” hekayəsini təqdim edir. Türkiyədə təhsil alan Rəvanın avtomobil qəzasına düşməsi xəbərini almışıq. Ona Allahdan şəfa diləyirik. Rəvan çox istedadlı gəncdir, ədəbiyyatımıza rəngarənglik bəxş edən yeni nəsil yazarlarındandır.
XUDAVİ
...Sənə min bir məhəbbət,
Sinəmdə tutmuş məkan...
Adı Xudaviydi. Xudadan gələn, Xudaya gedən, Xudada yaşayandı. İllər bu kişini qocaltmamışdı, sanasan, alnının, əllərinin qırışını ilmə-ilmə toxuyub nağılların Allah babasının canlı rəsmini çəkmişdi. Saqqalının salxımları, saçlarının düyünlü ucları, seyrək kirpikləri, qalın qaşları, cod dərisi, qabar əlləri, div ayaqları vardı Xudavi babanın. Kəndin uşaqları ondan qorxmurdu, kəndin kişiləri, arvadları onu bəsləyirdi, kəndin itləri onu qoruyurdu. Mən Xudavini tanıyandan kənd onu unudana qədər küçələrdə “Pepsi”, “Kola”, “Fanta” qutuları yığırdı. Məktəbdən evə gedən uşaqların dalınca gəzir, dar su arxlarına tullanan plastik tör-töküntünü çiynindən aşırdığı çirkli boğçasına atırdı. Sonra o qutuları hara aparırdı, kimə satırdı, aldığı pulu hara xərcləyirdi, bilmirdik. Günəş səmanı qucaqladımı, Xudavi baba da yay-qış, fərq etməz, düşürdü küçələrin canına. Onun sayəsində kəndimizin küçələri, arxları, yekə-yekə kəhrizləri təmiz qalırdı.
Deyirdilər ki, onu evdən qovan arvadı, iki də oğlu var. Oğlunun biri traktor sürürdü. Biçin vaxtı kənd camaatı Xudavinin oğlu Öməri qapı-qapı axtarırdı. Evinin önündə bığıburma kişilər növbə tuturdu. Həmin iki-üç ayı Ömərin cibi pulun qalınlığından, sinəsi də zəhmətin verdiyi qürurdan şişirdi. Əli cibində o kafedən çıxıb bu kafeyə girirdi. Dükanlara olan borcunu sıfırlayırdı. Evə əsl kişi kimi bazarlıq edirdi. Di gəl, atasını küçələrdən yığıb-yığışdıra bilmirdi. Qarılar Ömərin üzünə gülüb arxasınca danışırdılar ki, pul qazanmaqla deyil, vallah, dədəsi bütün günü zibil eşəliyir, dədə qədri bilməyən köpəyin oğlu. Bir Ömər, bir Xudavi, bir də Allah bilirdi ki, Ömər dədə qədri bilən köpəkoğlu idi. İntəhası, Allah Xudavinin ağlını başından almışdı.
Kiçik oğlu Əli hərbi xidməti bitirəndən sonra “maxe” kimi qalmışdı dağların başında. Muzdlu əsgərlik edirdi. O, bu gün vətəni qorumaq, sabah da ölmək üçün maaş alırdı. Ayda bir dəfə, iki aydan bir evə gəlirdi. Anasını, qardaşını görüb, nişan verdiyi qızla görüşüb, küçədə rastına çıxsa, atası ilə salamlaşıb qayıdırdı Murova. Murov nə Murov. Qar dizdən, şaxta da balta kimi. Ayağını atmağa düz yeri, baxmağa göz yeri yox. Uzandıqca uzanan sonsuz dumanlıq. Kəndin qarıları Xudavinin sonbeşiyi haqqında danışırdılar ki, bu da getdi özünü oda-alova atdı, camaatın qızına nişan taxıb, Allah bilir, nə vaxt qayıdıb gələcək. Amma bir Allah bilirdi ki, Əli o nişanlı qızın yanına qayıda bilməyəcək.
İllər keçdikcə keçdi. Fəsillər kəndimizin dağdağan ağaclarını gah yaşıla boyadı, gah da lüt-üryan qoydu. Mən böyüdüm, Xudavi qocaldı, kəndin qarıları öldü, anamın, atamın yadından çıxdı Xudavi. Ruh kimi gəzirdi. Kəndimizin körpə uşaqları indi bellərində çanta, ciblərində telefon rayon məktəblərinə gedirdilər. Kənd məktəbindən evə qayıdan uşaqların əllində fanta qutuları yox, əl boyda telefonlar olurdu. Ömrün elə günü qaralırdı ki, Xudavinin boğçası heç dolmurdu da. Hansısa qapıda qatıq, çörək yeyib qarnını doyurur, sonra da gedirdi kənddə bircə nəfərin də tanımadığı komasına. O vaxt nənəm deyirdi ki, Xudavi qəbiristanda yatır. Mənim də ağlımda elə qalmışdı.
Əlqərəz, bir gün xəbər gəldi ki, Xudavinin oğlu Öməri erməni snayperi düz alnından vurub. Biçin vaxtı tez-tez olurdu belə atışmalar. Tap-Qaraqoyunlu kəndi sərhəd idi. Ermənilər hərdən zəmiləri yandırır, hərdən camaatı güllə-baran edirdi. Sonra bizimkilər də o tərəfə atırdı. Yarım saatdan-zaddan sonra sakitləşirdilər. Olan da il boyu biçini gözləyən kəndliyə olurdu. Bu dəfə güllə Xudavinin oğluna dəymişdi. Dəyib öldürmüşdü. Öldürüb Xudavinin əlindən Öməri almışdı. O gün kəndin camaatı yığıldı Xudavinin arvadının evinə. Qapısında traktor üçün növbə tutan bığıburma kişilərin çiynində o dünyaya getdi Ömər. Hamı Ömərin qəbrinin üstündə idi, Xudavidən başqa. Xudavi yox idi. Xudavi neçə gün görünmədi. Qeyb olmuşdu. Camaat deyirdi ki, gecə Xudavi Ömərin gorunu qazıb girib içinə. Nə bilim, hərə bir şey danışırdı. Mən onda Bakıda o restorandan çıxıb bu paba girirdim. Düzünü desəm, Ömər ölməsəydi, Xudavi hamının yadından çıxacaqdı. Atam deyirdi ki, Ömər öləndən sonra arvadı Xudavini tapıb, deyib ki, gəl evinə. Biz də bir ailə olaq. Camaat ağzına gələni danışırdı. Xudavi də heç nə demədən çirkli boğçasını çiyninə atıb getmişdi yenə zibil yığmağa.
Gün o gün oldu, müharibə başladı. Kəndin cavan oğlanları davaya getdi. Kənd boş qaldı. Qocalar namaz üstündən durmadı, atalar, analar gözü yollarda oğlunu gözlədi. Həmin payız bizim kəndin pəncərələrini gah yağış yudu, gah anaların göz yaşları. On dörd şəhidi var idi kəndimizin müharibə qurtaranda. Balaca bir kənd igid-igid ərlərini dilbilməz gülləyə qurban vermişdi. Əli də şəhid olmuşdu. Dəfn günü Xudavini heç kim tanımadı. Saqqalı yox, saçı yox. Kostyumda, bəy libasında. Min il cavan görünürdü. Bircə yerişindən, bir də heç nəyə, heç kimə baxmayan gözlərindən tanıdılar Xudavini. İkinci oğlunu da vətənə qurban eləmişdi. Arvadı gah Ömərin, gah da Əlinin adına ağı deyirdi. Gah da Xudaviyə qarğış edirdi. Elə bilirdi ki, hər şey onun küçə-küçə sülənməyindən sonra başlayıb. Xudavidən bir səs çıxmırdı. Ağlamırdı. Gözləri dolmamışdı. Heykəl kimi tabutun başındaca gözləyirdi. Həmişə boğça salladığı çiynini oğlunun tabutu altına verdi. Getdi hər gün getdiyi yolla. Hər gün yatdığı yovşanlığa Əlini basdırdı. Qayıtdı. Yenə qeyb oldu.
Xudavinin arvadı çərlədi öldü. O ki öldü, kənddə hamı yadırğadı Xudavini. Sanasan, belə adam yaşamayıb dünyada. Kəndin hər tərəfində “Pepsi”, “Kola”, “Fanta” qutuları peydə oldu. Arxlar zibillə dolub-daşırdı. Camaat əkini suvaranda kanalların ağzını zibildən zorla təmizləyirdi. Biçin vaxtı traktor qəhətə çəkilirdi. Dava düşürdü. Qızlar əsgərliyə gedib gəlməmiş oğlanlara könül vermirdi. Xudavinin oğlanları öləndən, özü də qeybə çəkiləndən sonra kəndin mizanı pozuldu.
Dövlət, bəlkə, Xudaviyə ev də verərdi. Şəhid oğluna görə hamı ona hörmət də edərdi. Camaatın güzəranı pis idi, müharibədən sonra dolanışıq lap çətin idi, amma Xudaviyə verməyə hamının bir parça çörəyi var idi. İstəmədi. Hara getdi, hara yox çıxdı, bilən olmadı.
Adı Xudaviydi. Xudadan gəlmişdi, Xudaya gedəcəkdi, Xudada yaşamaq üçün.
“Ədəbiyyat və incəsənət”
(31.07.2025)


