Tutub heçdən yaşayıram – TƏRANƏ DƏMİR Featured

 

“Ədəbiyyat və incəsənət” portalı 3 gün ardıcıl Təranə Dəmirin 11 yeni şeirini  təqdim edir.

 

 

9.

 

Burda zaman dayanıb,

Bu nə sükutdu, Allah.

Gün    qaçıb  gizlənib,

Hər  yan  buluddu, Allah.

 

Sıra-sıra  məzarlar

Hərəsi  bir  biçimdə.

Dayanıb  yol  gözləyir

Hamı  daşın içində.

 

Burda  gəlib gedənlə

Ölülər  hesab çəkir.

Hərə  öz daşı altda

Görən  nə əzab  çəkir?

 

Hayana  boylanırsan

Ayrılıqdı, həsrətdi.

Məzar-məzar  qaranlıq,

Şəkil-şəkil  sərhəddi.

 

Hər  daş  yıxıla-dura

Keşik  çəkir  qəbrinə.

İlahi, bu daşların

Səbrinə bax, səbrinə.

 

 

10.

 

Ay əlləri qabarlı, 

Üst-başı bulaşıq qız.

Yanağını gün döyən,

Saçları  dolaşıq qız.

 

Bu şəhərin balaca,

Ac  sakini, gün aydın.

Bilirəm ağlamısan,

Gözündəki  nəm aydın.

 

Yıxılma, dizlərini

Daş qanadır, yer əzir.

Sənin ayaqların yox,

Baxışların  tələsir.

 

Deyirlər dilənçisən,

Öz adın nədi  bəs, qız?

Sevgisi  qəpik-quruş,

Xəyalları  şikəst qız.

 

İnanma  bu şəhərin,

İşığına, balaca. 

Burda  qaranlıq  düşür

Adamın  arxasınca.

 

Bu  şəhərin gecəsi,

Gündüzü  yalançıdı.

Açma  ovuclarını,

Göy  üzü  yalançıdı.

 

 

11.

 

Kimin  ömrüdü məndəki,

Alıb  köçdən yaşayıram.

Bir  nabələd  yolçu  təki

Qalıb köçdən yaşayıram.

 

Vurnuxuram  söz  içində,

Didərginəm döz  içində,

Qırılmışam   öz  içimdən,

Düşüb gücdən, yaşayıram.

 

Quruca  adam özümdə,

Ögeyəm, yadam  özümdə,

Yer  yoxdu  tutam  özümdən,

Tutub heçdən yaşayıram.

 

Bu  mənəmmi, mən deyiləm,

Həm gerçəyəm, həm deyiləm,

Neyləsə, küsən deyiləm,

Dərdi içdən yaşayıram.

 

“Ədəbiyyat və incəsənət”

(31.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.