Super User
Avtandil Ağbabanın 70 illik yubileyi qeyd edilib
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi və Ə.Kərim adına Poeziya Klubunun birgə təşkilatçılığı ilə tanınmış şair-publisist, folklorşünas, filologiya elmləri doktoru, Əməkdar jurnalist Avtandil Ağbabanın 70 illik yubileyinə həsr olunmuş “Taledən nə gəlsə başıma haqdı” adlı ədəbi-bədii gecə keçirilib.
Tədbir Poeziya Evində gerçəkləşib.
Gecənin əvvəlində Azərbaycanın bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Dövlət Himni səsləndirilib.
Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı çıxış edərək qonaqları salamlayıb, yubilyar haqqında xoş sözlər söyləyib. Daha sonra AYB Sumqayıt bölməsinin sədri, şair Gülnarə Cəmaləddin tədbirin məqsədi və məramı barədə danışaraq Avtandil Ağbabanın ədəbi mühitdə, eləcə də Azərbaycan folklorşünaslığında özünəməxsus yer tutduğunu vurğulayıb.
Tədbirdə millət vəkilləri Əziz Ələkbərli, Cavanşir Feyziyev, Hikmət Babaoğlu, Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov, AYB-nin katibi Elçin Hüseynbəyli, şair Əşrəf Veysəlli, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt təşkilatının sədri Rafiq Oday, professor Aslan Bayramov, SDU-nun dosenti Dəyanət Cümənov, Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin direktoru, tanınmış şair Əvəz Mahmud Lələdağın qızı Əntiqə Rzayeva və başqaları çıxış edərək yubilyarın yaradıcılığından, insani keyfiyyətlərindən və Azərbaycan ədəbiyyatına verdiyi dəyərli töhfələrdən söz açıblar.
25 nömrəli tam orta məktəbin şagirdləri və Sumqayıt Dövlət Universitetinin tələbələri Avtandil Ağbabanın şeirlərini səsləndirib. Onların səmimi ifaları tədbirə xüsusi bir ruh qatıb. alqışlarla qarşılanıb.
Gecədə tələbə Aşıq Kənanın sazın müşayiəti ilə ifa etdiyi xalq havaları məclisə xoş ovqat bəxş edib, tədbir iştirakçılarını duyğulandırıb.
Səmimi və isti ab-havada keçən yubiley gecəsi Avtandil Ağbabanın 70 illik ömrünə və zəngin yaradıcılığına layiqli bir hörmət nişanəsi kimi yadda qalıb.
“Ədəbiyyat və incəsənət”
(31.10.2025)
ASAN könüllülərinin növbəti karyera sərgisi keçirilib
29 oktyabr 2025-ci il tarixində 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində ASAN könüllülərinin ikinci regional karyera sərgisi baş tutub.
“Ədəbiyyat və incəsənət” portalına ASAN-dan verilən məlumata görə, tədbir “ASAN xidmət”in və Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Əsas məqsəd Gəncə, Şəmkir, Göygöl, Samux, Naftalan, Tovuz, Mingəçevir, Goranboy və ətraf rayonlarda yaşayan könüllü gənclərin məşğulluq imkanlarına çıxışını asanlaşdırmaq olub. Eləcə də regionda fəaliyyət göstərən dövlət və özəl müəssisələrlə gənclər arasında əlaqə yaratmaq, onların peşəkar inkişafına və təcrübə qazanmalarına dəstək prioritet təşkil edib.
Tədbirdə 40-a yaxın müəssisə və təşkilat tərəfindən ümumilikdə 100-dən çox vakansiya təqdim olunub.
Karyera sərgisində 600-ə yaxın gənc aktiv vakansiyalara müraciət və işəgötürənlərlə birbaşa ünsiyyət imkanı əldə ediblər.
Könüllülər “ASAN xidmət”in fəaliyyətə başladığı ilk gündən etibarən bu konsepsiyanın bir komponentidir. Bu prosesə 43 000-dən çox könüllü gənc qoşulub. Bu günə kimi könüllülər tərəfindən 6500-dən çox təlim, 850-dən çox yerli və beynəlxalq layihə keçirilib və 3400-dən çox könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub.
“Ədəbiyyat və incəsənət”
(30.10.2025)
Azərbaycan Brüsseldə beynəlxalq mədəniyyət festivalında təmsil olunub
“Fireland” Azərbaycanlılar Birliyi Brüsseldə keçirilən beynəlxalq mədəniyyət festivalı “Farandole des Cultures”də Azərbaycanı təmsil edib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinaədən xəbər verir ki, ABM NOROC tərəfindən təşkil olunan bu tədbir Belçika, Moldova, Gürcüstan, Ukrayna, Portuqaliya, Slovakiya, Rumıniya, Konqo Demokratik Respublikası və Azərbaycan icmalarını bir araya gələrək onlara öz ölkələrinin mədəni irsini, mətbəxini, musiqi və milli rəqslərini təqdim etməyə imkan yaradıb.
Festival çərçivəsində ziyarətçilərə Azərbaycana aid müxtəlif mövzulu kitablar və broşürlər paylanıb, Azərbaycan mətbəxinin ləzzətli təamları, o cümlədən milli şərablar və müxtəlif növ Azərbaycan çayları təqdim olunub.
Tədbirin ən yaddaqalan məqamlarından biri “Fireland” Azərbaycanlılar Birliyinin rəqs müəllimlərinin Azərbaycan milli rəqslərini nümayiş etdirməsi olub. İştirakçılar milli rəqslərimizin ritm və zərifliyini böyük maraqla izləyiblər.
“Ədəbiyyat və incəsənət”
(30.10.2025)
Azərbaycanın şanlı Zəfər sədaları Vallettada səslənib
Maltanın paytaxtı Vallettadakı “Palazzo de La Salle” sarayında Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Zəfərin 5-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, İtaliya Azərbaycanlıları Koordinasiya Şurasının (AKŞ) Malta üzrə koordinatorunun təşkilatçılığı və Malta İncəsənət Cəmiyyətinin əməkdaşlığı ilə baş tutub.
“Ədəbiyyat və incəsənət” portalına Komitədən verilən məlumata görə, Maltanın Azərbaycandakı, Ukraynadakı və Qazaxıstandakı səfiri Con Debono, Azərbaycanın Maltadakı fəxri konsulu Dr. Kris Balzan, eləcə də Malta, Türkiyə, Rumıniya, Bolqarıstan, Özbəkistan, Polşa, İtaliya və İspaniyadan olan diaspor üzvləri, diplomatik korpusların nümayəndələri, Azərbaycan icması və yerli ictimaiyyətin təmsilçiləri tədbirdə iştirak ediblər.
Tədbir Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin müqəddəs xatirəsinin ehtiramla anılması ilə başlayıb.
İtaliya Azərbaycanlıları Koordinasiya Şurasının Malta üzrə koordinatoru Aysel Şkembri çıxışında Zəfər Gününün müasir Azərbaycan tarixində, eləcə də xalqımızın milli-mənəvi həyatındakı əhəmiyyətini vurğulayıb.
Azərbaycan Respublikasının Maltadakı fəxri konsulu Dr. Kris Balzan Zəfər Gününün Azərbaycanın ərazi bütövlüyünün bərpasını və milli qürurunun yenidən dirçəlişini simvolizə etdiyini bildirib.
Tədbir iki xalq arasında dostluq və qarşılıqlı anlaşma ruhuna uyğun rəngarəng musiqi proqramı ilə davam edib. Maltalı və azərbaycanlı musiqiçilər ilk dəfə eyni səhnəni bölüşüblər.
Proqramda İsveçdən pianoçu Aynur Məlikova və tenor Sinan Xəlilinin, Azərbaycandan tarzən Səxavət Məmmədovun, eləcə də maltalı folklor musiqiçisi və multiinstrumentalist Françesko Sultananın ifasında Azərbaycan və Avropa klassik musiqisinin inciləri səsləndirilib. Vasif Adıgözəlovun “Qərənfil”, Həsən Rzayevin “Cahargah Rapsodiyası”, Səid Rüstəmovun “Oxu, tar”, Rauf Hacıyevin “Azərbaycan” əsərləri, eləcə də xalq mahnısı “Sarı gəlin” böyük maraq və alqışlarla qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(30.10.2025)
“Söz dünyasının zirvəsində” adlı ədəbi-bədii tədbir keçirilib
Respublika Uşaq Kitabxanasında 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin iştirakı ilə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Fikrət Qocanın anadan olmasının 90 illiyi münasibəti ilə “Söz dünyasının zirvəsində” adlı ədəbi-bədii tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, tədbir zamanı şagirdlər Fikrət Qocanın “İş belə düşdü”, “Yaxşı ki” və “Keçib gedəcək” kimi sevilən şeirlərini səsləndiriblər. Uşaqların ifasında səslənən bu şeirlərdə həyatla insanın vəhdəti, insanlıq və mənəviyyat mövzuları öz əksini tapıb. Şeirlərin səsləndirilməsindən sonra şagirdlər arasında müzakirələr aparılıb, Fikrət Qocanın poeziyasında insan düşüncəsi, zaman və həyat fəlsəfəsi kimi mövzular geniş şəkildə təhlil olunub.
Sonda iştirakçılar şairin 80 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsindən hazırlanmış videoçarxı izləyiblər. Videoçarxda görkəmli şəxsiyyətlərin onun haqqında fikirlər səsləndirib və tanınmış sənətçilər tərəfindən şairin şeirlərindən bəstələnmiş mahnılar ifa olunub.
Tədbirin əsas məqsədi xalq şairi Fikrət Qocanın yaradıcılığını uşaqlara tanıtmaq, onlarda ədəbiyyata, poeziyaya maraq oyatmaq, həmçinin insanlıq, həyat və mənəviyyat kimi dəyərləri şeirlər vasitəsilə ötürməkdir.
“Ədəbiyyat və incəsənət”
(30.10.2025)
Hüsülü kəndinin Həmzə sultan sarayı
Könül, “Ədəbiyyat və incəsənət”
İşğaldan azad edilən torpaqlarımızla bərabər çx qiymətli mədəniyyət abidələrimiz də geri qayıtdı. Qədim tarixi abidələrimiz barədə bilgiləri bu gün Laçın rayonunda yerləşən Hüsülü kəndindəki Həmzə sultan sarayı ilə davam etdirirəm.
Sarayın tarixi
Tarixi sənədlərdə sarayın 1761-ci ildə tikilməsi haqqında məlumat verilir. Saray əvvəl böyük bir kompleks kimi fəaliyyət göstəribdir. Bina memarlıq və mühəndislik baxımından dövrünün möhtəşəm tikintisi olduğunu göstərir.
XVIII əsrdə tikilməsi ehtimal edilən sarayın tikintisində şərq memarlıq ənənələrindən geniş istifadə edilib.
Memarlıq xüsusiyyətləri
Sarayın qapı və pəncərələri incə işləmələrlə qoz ağacından hazırlanıb. Binanın tikintisində şərq memarlıq ənənələrinin geniş istifadə edilib. Saray binası yerli daşlardan və gəc-əhəng qatışığından inşa edilib. avanları qalın yan divarlara bərkidilən saray ikimərtəbəli olmaqla xeyli sayda yardımçı otaqları və divanxanaları vardır.
İşğal dönəmində
Saray əvvəl böyük bir kompleks təşkil etsə də, dövrümüzə ondan yalnız bir saray binası qalııb. Laçın rayonunun 1992-ci ilin mayında Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra kəndin adı dəyişdirilib, Həmzə Sultan sarayı isə işğalçılar tərəfindən qonaq evi kimi istifadə olunub.
“Ədəbiyyat və incəsənət”
(30.10.2025)
“Həyat ölümün davamıdır” – HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA
Xalq yazıçısı, akademik Kamal Abdullanın əsərlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
Umberto Ekonun mənə evində verdiyi ilk sual bu oldu: - Məndən burada bizim kretinlər soruşan kimi sizdən də orada sizin kretinlər soruşdularmı, bu əlyazma həqiqətən var, ya yoxdur?!
Söhbət “Yarımçıq əlyazma”dan gedirdi və mənə bu sualı burada, əlbəttə ki, çoxları vermişdi.
2.
A.Axmatova. “Kleopatra”: Bu da son tərcümə işim.
“Artıq ölü dodağından öpmüşdü o, Antoninin,
Gözüyaşlı sərilmişdi Avqustun da ayağına.
Və qullar da çıxır xain.
Axşam düşür həzin-həzin,
Zəfər marşı təzim edir
əzim Roma bayrağına.”
3.
Adətən deyirlər: ölüm həyatın içində, ölüm həyatın davamıdır. Amma əksinədir - həyat ölümün içində, həyat ölümün davamıdır.
4.
“Bir az günəşindən işıq ver mənə,
Səninki yenə də səndə qalacaq...
Yıxılsam, əlimdən tut,
Səninki səndə qalacaq.”
5.
Hacı Mir Həsən ağa Səyyah – gözəl və rahat bir niqab!.. Qışda öz adını isti paltar kimi əyninə geyinib yayda soyunan adam. Yayda o, sadəcə, Səyyah olurdu. U.Eko isə dedi ki, yox, adlar sadə və aydın olmalıdır. Xüsusilə, tərcümə edilən əsərlərdə.
6.
“ Mənim xalqım” deyənlər “mənim xalqım” deyənlərdən fərqlənir. Biri özünü xalqın içində görür, o biri xalqı öz içində.
7.
Paolo Suareş adlı məşhur servantesşünas XIX əsrin sonlarında iddia edirdi ki, “Don Kixot” romanının dünyaya bəlli olmayan daha bir əlyazması var. Bu naməlum əlyazmanın sonunda Don Kixot ölüm yatağından qalxır və sevimli atı Rosinanta sıçrayıb minir, sonra ildırım sürətilə çapıb uzaqlarda gözdən itir.
Bu zaman evdə əldən və heydən düşmüş qoca bir kişi yataqda uzanıb böyümüş gözlərilə dörd ətrafına heyrətlə baxır və ölümünü gözləyirdi.
“Ədəbiyyat və incəsənət”
(30.10.2025)
Güney Azərbaycan Ədəbiyyatı Antologiyasında Zaman Paşazadənin “Doğum” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Ədəbiyyatı Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Parsabadda yaşayan Zaman Paşazadədir. Şeirlərin orfoqrafiyasına toxunulmayıbdır.
Zaman Paşazadə
Parsabad
SSENARİ ŞEİR
DOĞUM
İçəri – gecə - doğum evi
Işıq izinsiz cumur gözlərimizə
Yenicə göz açmış kameradan zillənirik divardakı saata
Saat iyirmi dördü tələsir…
İçəri – gündüz – doğum evi
Çeşidli açıdan üzümüzə zillənir kameralar
Yaxınlaşdıqca dodaqları yekəlir
Öpülürük
Öyülürük
Öööö
Burnumuzdan gəlir ana südümüz
Zaman ağzımızın ağuz zamanı.
Mavi boyalı istamp güpsənir ayağımızın altına
Qaçarsaq, mavi, mavi, mavi qaçacağıq ağ döşəmələrin üzərində
Qaçarsaq, doğum evinin kameraları arxamızca qaçacaq…
Yoxlanılır təməl hüceyrələrimiz
Yoxlanılır sağlamlığımız
Yoxlanılır sağmallığımız
Yoxlanılır varlıq.
Içəri – gecə - ev
Zillənirik divardakı saata
Ağ bir pişikdir ağzını açmış bullayır sarğacını
Hipnoz edir gözlərimizi gedib-gələn quyruğu
Saat iyirmi dörd…
Geri, geri, geriyə dönür film
Kameralar itir dumanda.
Zamansız – içəri – iç
Cənində bir budda heykəliyik
Boynumuz da göbək bağından bir boyunbağı
Ayağımızın altında doğum çarpayısı
“Ədəbiyyat və incəsənət”
(30.10.2025)
ANAR, “İtirdiyim dostlarla“
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
ANAR, ŞEİRLƏR
“İTİRDİYİM DOSTLARLA...”
İtirdiyim dostlarla
yuxuda görüşürəm.
maska-filan taxmadan
görüşüb öpüşürəm.
Gündüz ölən dostlarım
Gecə yuxuma girir.
Mən burdan danışıram.
Soruram: orda nə var?
Cavab vermir heç biri,
Məlul-məlul baxırlar.
Oranın ünsiyyəti
bəlkə susub baxmaqmış
Görəsən, o dünyada
yuxular belə varmış?
Ordakı dostlarım da
Hərdən görürmü məni,
ordakı yuxularda?
Əslində kim bilir kim,
Kimdi yuxulu, ayıq?
Bəlkə onlardı oyaq,
Biz burda yuxudayıq.
13 yanvar 2020
“Ədəbiyyat və incəsənət”
(30.10.2025)
“Biri ikisində” – Rəhmət Babacanın şeiri ilə
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Şeir vaxtıdır, sizlərə çağdaş türk dünyasının gənc şairlərinin şeiriləri təqdim edilir.
Rəhmət BABACAN
(Özbəkistan)
1998-ci ildə Özbəkistanın Xarəzm vilayətində anadan olub. Şeirləri bir çox dillərə çevrilib. Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.
Şeiri dilimizə uyğunlaşdıran: Səlim Babullaoğlu
RUHUM AĞRILARDAN QIVRILIR YENƏ
Ruhum ağrılardan qıvrılır yenə,
Vücudun soyuyub sönməyi vardır.
Bu suçsuz ürəyim sızlayır yenə,
Yenə yarın məndən dönməyi vardır.
Sənə gəlməkdəyəm könlümdə umud,
Gecəni, gündüzü düşünüb yordum:
Ya sözün kölgəli bəyaz bir bulud,
Ya qara gözlərin əzabın yurdu.
Sonra Allah dedim, bax, mən allahsız,
Köksümdə daşlaşdı bir qərar: – İlğım!
Hamı günahkardır, hamı günahsız,
Əzab dalımızca düşüb, yazığıq.
Bilirəm, yanında xətrim əzizdir,
Bu canın o cana enməyi vardır.
Asi ürəyimdə gözlənti izi,
Yenə yarın mənə dönməyi vardır.
“Ədəbiyyat və incəsənət”
(30.10.2025)


