Azərbaycan Brüsseldə beynəlxalq mədəniyyət festivalında təmsil olunub

 

“Fireland” Azərbaycanlılar Birliyi Brüsseldə keçirilən beynəlxalq mədəniyyət festivalı “Farandole des Cultures”də Azərbaycanı təmsil edib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinaədən xəbər verir ki, ABM NOROC tərəfindən təşkil olunan bu tədbir Belçika, Moldova, Gürcüstan, Ukrayna, Portuqaliya, Slovakiya, Rumıniya, Konqo Demokratik Respublikası və Azərbaycan icmalarını bir araya gələrək onlara öz ölkələrinin mədəni irsini, mətbəxini, musiqi və milli rəqslərini təqdim etməyə imkan yaradıb.

 

Festival çərçivəsində ziyarətçilərə Azərbaycana aid müxtəlif mövzulu kitablar və broşürlər paylanıb, Azərbaycan mətbəxinin ləzzətli təamları, o cümlədən milli şərablar və müxtəlif növ Azərbaycan çayları təqdim olunub.

 

Tədbirin ən yaddaqalan məqamlarından biri “Fireland” Azərbaycanlılar Birliyinin rəqs müəllimlərinin Azərbaycan milli rəqslərini nümayiş etdirməsi olub. İştirakçılar milli rəqslərimizin ritm və zərifliyini böyük maraqla izləyiblər.

 

 “Ədəbiyyat və incəsənət”

(30.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.