İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi və Ə.Kərim adına Poeziya Klubunun birgə təşkilatçılığı ilə tanınmış şair-publisist, folklorşünas, filologiya elmləri doktoru, Əməkdar jurnalist Avtandil Ağbabanın 70 illik yubileyinə həsr olunmuş “Taledən nə gəlsə başıma haqdı” adlı ədəbi-bədii gecə keçirilib.
Tədbir Poeziya Evində gerçəkləşib.
Gecənin əvvəlində Azərbaycanın bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Dövlət Himni səsləndirilib.
Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı çıxış edərək qonaqları salamlayıb, yubilyar haqqında xoş sözlər söyləyib. Daha sonra AYB Sumqayıt bölməsinin sədri, şair Gülnarə Cəmaləddin tədbirin məqsədi və məramı barədə danışaraq Avtandil Ağbabanın ədəbi mühitdə, eləcə də Azərbaycan folklorşünaslığında özünəməxsus yer tutduğunu vurğulayıb.
Tədbirdə millət vəkilləri Əziz Ələkbərli, Cavanşir Feyziyev, Hikmət Babaoğlu, Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov, AYB-nin katibi Elçin Hüseynbəyli, şair Əşrəf Veysəlli, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt təşkilatının sədri Rafiq Oday, professor Aslan Bayramov, SDU-nun dosenti Dəyanət Cümənov, Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin direktoru, tanınmış şair Əvəz Mahmud Lələdağın qızı Əntiqə Rzayeva və başqaları çıxış edərək yubilyarın yaradıcılığından, insani keyfiyyətlərindən və Azərbaycan ədəbiyyatına verdiyi dəyərli töhfələrdən söz açıblar.
25 nömrəli tam orta məktəbin şagirdləri və Sumqayıt Dövlət Universitetinin tələbələri Avtandil Ağbabanın şeirlərini səsləndirib. Onların səmimi ifaları tədbirə xüsusi bir ruh qatıb. alqışlarla qarşılanıb.
Gecədə tələbə Aşıq Kənanın sazın müşayiəti ilə ifa etdiyi xalq havaları məclisə xoş ovqat bəxş edib, tədbir iştirakçılarını duyğulandırıb.
Səmimi və isti ab-havada keçən yubiley gecəsi Avtandil Ağbabanın 70 illik ömrünə və zəngin yaradıcılığına layiqli bir hörmət nişanəsi kimi yadda qalıb.
“Ədəbiyyat və incəsənət”
(31.10.2025)


 
		  	 
														