Super User

Super User

Bazar ertəsi, 29 Dekabr 2025 18:11

“Maraqlı söhbbətlər”də Dudayevin qətli

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Bu foto Çeçenistan lideri Cövhər Dudayevin ölümündən bir neçə saniyə əvvəl əks olunan son şəklidir. 

Çeçenistanın ilk prezidenti Cövhər Dudayev 1996-cı il aprelin 21-də rusiyalı deputatla  telefonda danışarkən Su -25 döyüş təyyarəsindən atılan lazerlə idarə olunan  raketi ilə öldürülür. Onun yeri isə telefon siqnalı ilə müəyyən edilir. Hadisə Urus-Martan rayonu Qexi-Çu kəndi kənarında baş verir. Həmin anda onunla birlikdə olan Çeçenistan  Respublikasının Moskvadakı nümayəndəsi Xamad Qurbanov, Çeçenistanın hərbi prokuroru Maqomed Caniyev və iki mühafizəçi eyni anda həlak olurlar. 

Adətən, telefonla 5 dəqiqədən artıq danışmayan Dudayev həmin gün telefonla 10 dəqiqəyə yaxın danışır.  Dudayev telefonda  Rusiya Dövlət Dumasının deputatı Konstantin Borovoyla danışırmış. Dudayevə doğru atılan iki raketdən biri düz onun yanına düşmüş və o, yerindəcə keçinmişdir. Ətrafdakı insanların köməyi ilə o, dəfn olunmuş, lakin onun dəfn olunduğu yer naməlum olaraq qalır.

Maraqlı bir yazını isə 2001-ci ildə Türkiyənin “Hürriyət” qəzetinin ABŞ-dakı müxbiri Kazım Cindəmir yazmışdır. Türkiyəli jurnalist bu yazısında etiraf edirdi ki, Cövhər Dudayev ABŞ və Rusiya xüsusi xidmət orqanlarının birgə işi nəticəsində öldürülüb. Jurnalist yazırdı: “ABŞ kəşfiyyatının keçmiş əməkdaşı, polkovnik Vayne Madson bildirir ki, Cövhər Dudayev ordu üçün nəzərdə tutulan hava telefonları istifadə edirdi. Mərkəzi Kəşfiyyat İdarəsi Cövhər Dudayevin yerini dəqiqləşdirərək, bunu o zamnkı ABŞ prezidenti Bill Klintona vermişdi. Sözsüz, Klinton Rusiyaya səfər edirdi və o Rusiyada Boris Yeltsinin prezident seçilməsini istəyirdi. Bu dəqiqdir ki , Cövhər Dudayevin yerini Boris Yeltsinə Bill Klinton verib”. 

 “Ruslarla bağlanan müqavilə, suya yazılan yazı kimidir” məşhur ifadə Cövhər Dudayevə məxsusdur.

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2025)

 

Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi və Fransanın Nant şəhərində fəaliyyət göstərən “Həftəsonu Qarabağ Məktəbi”nin birgə təşkilatçılığı ilə Şabran rayonunda VII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış Düşərgəsinə dekabrın 23-də start verilib. Düşərgə sabahadək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən düşərgə şəhid övladlarına ictimai, sosial və mənəvi dəstəyin göstərilməsi, onların asudə vaxtlarının səmərəli təşkili, milli-mənəvi dəyərlər əsasında tərbiyəsinin gücləndirilməsi məqsədini  daşıyır. Düşərgənin proqramına maarifləndirici təlimlər, intellektual oyunlar, mədəniyyət və idman tədbirləri, vətənpərvərlik mövzusunda görüşlər və digər proqramlar daxildir.

Düşərgədə Fransanın Nant şəhərində fəaliyyət göstərən “Həftəsonu Qarabağ Məktəbi”nin şagirdləri ilə Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində təhsil alan, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin övladları bir araya gəliblər.

Açılış mərasimində Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ceyhun Məmmədov, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova, Şabran Rayon İcra Başçısının müavini İlkin Ağayev, Vətən müharibəsi qazisi Orxan Xıdırov və Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin sədri Qasım Nəsirov çıxış ediblər.

Çıxışlarda uşaqlara göstərilən diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu vurğulanıb, bu baxımdan layihənin əhəmiyyətindən danışılıb.

Tədbir zamanı əvvəlki illərdə təşkil olunan düşərgələrdən bəhs edən videoçarx göstərilib və iştirakçılara layihənin keçdiyi yol barədə ətraflı məlumat verilib.

Düşərgənin ikinci mərhələsinin isə 2026-cı ilin yay aylarında Fransada təşkili nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2025)

Bazar ertəsi, 29 Dekabr 2025 11:32

Məktəbli yaradıcılığında Yaqub Əliyev

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Salam əziz izləyicilərimiz, bu dəfə " Məktəbli yaradıcılığı" rubrikamızda istedadlı, dərindüşüncəli bir şagirdi təqdim edirik. O, Bakı şəhəri Texniki- Humanitar Liseyin şagirdidir.

İstərdik şagirdimiz - Yaqub Əliyev özü özünü təqdim etsin.

 

-- Salam Ülviyyə xanım, Sizə və bu şəraiti bizə yaradan "Ədəbiyyat və İncəsənət" portalına təşəkkür edirəm. Söyləyim ki, biz məktəblilərin inkişafı üçün belə layihələrin rolu böyükdür, bizə motivasiya verib daha da ruhlandırır.

Mən, Əliyev Yaqub, artıq 4 ildir ki, cüdo ilə peşəkar şəkildə məşğul oluram. Bu müddət ərzində həm məktəbimizi, həm də ölkəmizi müxtəlif yarışlarda layiqincə təmsil etmişəm.

Bakı mükafatçısı olaraq yerli arenada yüksək nəticələr əldə etmişəm. Bundan əlavə, 4 dəfə beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmiş və üçrəngli bayrağımızı qaldırmağı bacarmışam. Hər bir yarış mənim üçün həm böyük məsuliyyət, həm də Vətənə olan sevgimin ifadəsi olub.

Məşqlərə ciddi, intizamlı və məsuliyyətli şəkildə yanaşıram. Məqsədim həm öz idman karyeramı inkişaf etdirmək, həm də məktəbimizin adını daha yüksək səviyyədə tanıtmaqdır. Qarşıdakı yarışlarda daha böyük uğurlar qazanmaq üçün səylə çalışıram.

 

ESSE

İdman - mənim həyatımın parçası

 4 illik cüdo təcrübəm məni həm güclü, həm intizamlı, həm də məqsədə fokuslanan bir insan edib. Lakin mənim həyatım təkcə idmandan ibarət deyil. Hər bir insanın iç dünyasında onun şəxsiyyətini formalaşdıran xüsusi maraqlar olur. Mənim üçün bu maraqlardan biri və bəlkə də ən önəmlisi kino sevgisidir. Kino mənim üçün sadəcə əyləncə deyil, o həm həyat dərsidir, həm motivasiya mənbəyidir, həm də özümü daha yaxşı tanımağım üçün bir vasitədir.

 

Hər dəfə film izləyəndə özümü başqa bir dünyaya köçmüş kimi hiss edirəm. Kino məni real həyatın qayğılarından bir anlıq uzaqlaşdırır və tam yeni bir aləm göstərir. Bu aləmdə mən fərqli insanları, fərqli mədəniyyətləri, fərqli hissləri yaşayırmış kimi oluram. Kinonun mənim həyatımda bu qədər önəmli olmasının səbəbi də budur: o məni həm yetişdirir, həm düşündürür, həm də inkişaf etdirir.

Mən özümü gerçək bir kinoman sayıram. Çünki kino mənim üçün adi maraq deyil o, həyatımın bir hissəsidir. Məşqdən sonra, yorğun günün sonunda və ya sadəcə sakitlik istəyəndə kino ən böyük istirahət qaynağımdır. Filmlər mənə enerji verir, düşüncələrimi yeniləyir, hətta bəzən həyatıma ilham qatır.

Lakin bütün filmlər arasında, mənim üçün ən xüsusi yer tutan bir əsər var. Bu film mənim həm zövqümə, həm hisslərimə, həm də düşüncə tərzimə təsir edib. Bu film — “Avatar 2”-dir.

“Avatar 2” mənim üçün yalnız gözəl effektləri olan bir film deyil. Bu film tamamilə başqa bir aləmdir — insanı təbiətlə birləşdirən, mübarizə ruhunu göstərən və ailənin gücünü vurğulayan bir əsərdir. Filmdəki məkanlar, rənglər, səhnələr o qədər təsirlidir ki, baxdığım an özümü Pandoranın içində hiss edirəm. Film boyu göstərilən məna — birlik, sevgi, ailəni qorumaq, təbiəti sevmək, cəsarət və haqq uğrunda durmaq — mənə çox yaxındır.

Bu filmdəki ən çox sevdiyim şey isə qəhrəmanların iç gücüdür. Onların qarşılaşdığı çətinliklərə baxmayaraq ayaqda qalması, bir-birinə dəstək olması və sədaqətlə mübarizə aparması məni dərin şəkildə motivasiya edir. Mən özüm də yarışlarda, çətin məşqlərdə və həyatda bu xüsusiyyətlərə ehtiyac duyuram. “Avatar 2” mənim üçün motivasiyanın vizual formasıdır — ona baxanda mən özümə “Mən də bacaracağam” deyirəm.

Filmdə göstərilən təbiətə sevgi isə mənə çox təsir edir. Çünki idmanda da, həyatda da insan təbiətlə harmoniyada olmalıdır. Mən filmə baxdıqca həm rahatlaşıram, həm düşünürəm, həm də özümü daha dərin tanıyıram.

Kino mənim üçün istirahət, düşüncə, motivasiya və inkişaf mənbəyidir. Mən hər filmi sadəcə baxmaq üçün yox, həm də nəsə öyrənmək üçün izləyirəm. Hər yeni film mənim dünyagörüşümə bir şey qatır. Bəzi filmlər mənə güc verir, bəziləri isə məni sakitləşdirir. Amma “Avatar 2” mənim üçün həm güc, həm hüzur, həm də ilham deməkdir.

Cüdo mənim gündəlik həyatımın nizamıdır, kino isə mənim ruhumun istirahətidir. İkisi birlikdə məni daha balanslı, daha güclü və daha yaradıcı bir insan edir. Mən inanıram ki, insan yalnız bir sahədə yox, həyatın müxtəlif sahələrində inkişaf etdikcə daha güclü olur. Bu səbəbdən kino mənim üçün çox böyük rol oynayır.

 

Bu gün mən rahatlıqla deyə bilərəm ki, cüdodan sonra həyatımda ən böyük yer tutan — kino sevgisidir, və bu dünyada məni ən çox təsirləndirən film isə “Avatar 2”-dir. Kino mənə həm özümü, həm dünyanı, həm də insanları daha yaxşı başa düşməyə kömək edir. Və mən bu sevgini hər zaman özümlə daşıyacağam.

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2025)

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Ədəbiyyat Fondunun “Ədəbiyyat və incəsənət” portalında yayımlanan Türk dünyası məşhurları haqqında olan layihəsində bügünkü söhbətimiz Məhəmməd əl-Xarəzmi barədədir.

 

Məhəmməd ibn Musa əl-Xarəzmi (təqribən 780 – təqribən 850 m.) orta əsr İslam dünyasının ən görkəmli riyaziyyatçılarından, astronomlarından və coğrafiyaşünaslarından biri hesab olunur. O, klassik riyaziyyatın strukturlaşdırılmasında və sonrakı Avropa riyaziyyatının formalaşmasında dönməyən rol oynamışdır.

Məhəmməd əl-Xarəzmi Xorəzm (bu günkü Özbəkistanın Xorazm regionu) ərazisində anadan olmuş və həyatının böyük hissəsini Bağdadın Beytül-Hikmə (“Hikmət Evi”) adlı elmi mərkəzdə keçirmişdir. Orada o, həm tərcümələr üzərində çalışmış, həm də öz əqli töhfələrini yaratmışdır.

Əl-Xarəzmi riyaziyyat sahəsində ən məşhur əsəri “Al-Kitab al-mukhtaṣar fī ḥisāb al-jabr wa-l-muqābala” (“Tamamlama və tarazlama yolu ilə hesab haqqında xülasə kitabı”) adlı işidir. Bu yazı riyaziyyat tarixində cəbrin (algebra) əsaslarını qoymuşdur — burada xətti və kvadrat tənliklər sistematik şəkildə həll edilirdi. “Cəbr” termini məhz bu kitabın adındakı “al-jabr” sözündən yaranmışdır.

Əl-Xarəzmi həmçinin Hind-ərəbcə rəqəmlər sistemini (onluq say sistemi və sıfırın istifadəsi daxil olmaqla) sistemləşdirmiş və bu bilikləri Avropaya yayılmasına səbəb olmuşdur. Bu sistem Romadan sonra riyaziyyatda inqilabi dəyişiklik yaratmışdır və bu gün bütün dünyada istifadə olunan 0-9 rəqəmlərinin əsasını təşkil edir.

Onun adı “algoritm” termini ilə əbədi bağlıdır: “ʿAlgoritmi” adı latınlaşdırılmış formada onun adından törəmiş və bu gün riyazi prosedurlar və kompüter elmində istifadə olunan algoritm anlayışını ifadə edir.

Əl-Xarəzmi yalnız cəbr və ədədlər üzərində çalışmayıb: o, həm də astronomiya və coğrafiya sahələrində əhəmiyyətli işlər görmüşdür. Onun “Kitāb ṣūrat al-arḍ” (“Yer təsviri kitabı”) adlı əsəri, Ptolemey coğrafiyasını təkmilləşdirərək, məlum dünyadakı şəhərlərin koordinatlarını və xəritələrini təqdim etmişdir. Bundan başqa, o, astronomik cədvəllər də hazırlamışdır.

Əl-Xarəzmi 9-cu əsrdə (təqribən 850) vəfat etmişdir, lakin onun işləri sonralar Latın dilinə tərcümə olunaraq Avropada riyaziyyatın tədrisində mənbə olmuş, orta əsr riyaziyyatını xroniki olaraq formalaşdırmışdır.

Bu səbəblə o, tez-tez cəbrin atası və müasir riyaziyyatın banilərindən biri kimi qiymətləndirilir.

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2025)

 

Türkiyənin İğdır şəhərində fəaliyyət göstərən Azərbaycan Evində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Qars şəhərindəki Baş Konsulu Zamin Əliyev, İğdır Universitetinin rektoru, professor Ekrem Gürel, “Yeşil İğdır” qəzetinin baş redaktoru Cabbar Şıktaş, yerli ictimaiyyətin nümayəndələri, gənclər və media təmsilçiləri iştirak ediblər.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətini vurğulayıb, Azərbaycan xalqının tarix boyu üzləşdiyi çətinliklərə baxmayaraq milli kimliyini, dilini və mədəniyyətini qoruyub saxladığını qeyd edib. O, Azərbaycan-Türkiyə münasibətlərinin “Bir millət, iki dövlət” prinsipi üzərində qurulduğunu və bu qardaşlığın sarsılmaz olduğunu bildirib.

Tədbirdə çıxış edən Baş konsul Zamin Əliyev və “Yeşil İğdır” qəzetinin baş redaktoru Cabbar Şıktaş Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün diaspor fəaliyyətində xüsusi önəm daşıdığını vurğulayıblar, Azərbaycan xalqını bu əlamətdar gün münasibətilə təbrik ediblər.

Bədii hissədə İğdır Universitetinin musiqi fakültəsinin müəllimi Mehriban Məmmədəliyevanın müşayiəti ilə tələbələr Azərbaycan xalq mahnılarını ifa ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2025)

 

 

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

SITA Apple Find My Share Item Location funksiyasının hava limanları və aviaşirkətlərin baqaj sistemləri ilə inteqrasiyasının ilk ilinin nəticələrini açıqlayıb. Apple AirTag texnologiyası və Find My şəbəkəsinə qoşulan aksesuarların SITA-nın WorldTracer® sistemi ilə birləşdirilməsi geri qaytarılması mümkün olmayan itirilmiş baqaj hallarını 90% azaldıb və Azərbaycanlı sərnişinlər üçün baqajın izlənməsi və geri qaytarılması sahəsində yeni imkanlar yaradıb.

 

Bayram mövsümü səyahətləri ərəfəsində bu tərəfdaşlığın ilk ilinin nəticələri qeydiyyatdan keçmiş baqajın emalı sahəsində ölçülə bilən irəliləyişləri ortaya qoyur. Apple-ın istehlakçı texnologiyalarını SITA-nın qlobal aviasiya infrastrukturu ilə birləşdirən bu əməkdaşlıq aviaşirkətlərə problemlərə daha sürətli reaksiya verməyə, ilin ən sıx dövrlərində isə sərnişinlərə baqajlarının yerləşdiyi yer barədə daha şəffaf məlumat təqdim etməyə imkan yaradır.

Apple AirTag və ya Find My şəbəkəsinə qoşulan aksesuar istifadə edən sərnişinlər Share Item Location funksiyası vasitəsilə baqajlarının yerləşmə məlumatlarını müvəqqəti və təhlükəsiz şəkildə aviaşirkətə SITA WorldTracer® sistemi üzərindən ötürə bilirlər. Bu yanaşma Find My geolokasiya məlumatları ilə aviaşirkətlərin baqaj axtarışı sistemləri arasında birbaşa əlaqə yaradır və artıq ilk ilində real nəticələr göstərib.

SITA-nın təhlilinə əsasən, baqajların böyük əksəriyyəti sahiblərinə qaytarılsa da, kiçik bir hissə “həqiqətən itirilmiş” kimi təsnif edilir. AirTag və ya Find My şəbəkəsinə aid aksesuarla təchiz olunmuş və WorldTracer® vasitəsilə yerləşmə məlumatlarının paylaşılması aktivləşdirilmiş baqajlarda bu hallar 90% azalıb. Bu isə baqajın sərnişinlərə qaytarılma ehtimalını əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, aviaşirkətlərin maliyyə itkilərini də azaldır.

SITA-nın Baqaj Həlləri üzrə Portfel Direktoru Nikole Hoqq mətbuata bildirib:

“Sözün əsl mənasında bu bir il birgə işin gücünü nümayiş etdirdi. İstehlakçı texnologiyaları və aviasiya infrastrukturu düzgün şəkildə birləşdirildikdə nəticələr transformativ ola bilər. Sərnişinlər özlərini daha güvənli hiss edirlər, aviaşirkətlər erkən mərhələdə daha dəqiq qərarlar qəbul edirlər və ümumilikdə baqajın geri qaytarılması prosesi daha proqnozlaşdırıla bilən olur. Məhz bu cür birgə innovasiyalar sənayeni irəli aparır".

Find My Share Item Location funksiyasından istifadə edən aviaşirkətlər gecikmiş baqajın orta geri qaytarılma müddətinin 26% azaldığını da qeyd ediblər. Hazırda 29 aviaşirkət baqaj axtarışı proseslərində Apple Find My inteqrasiyasını WorldTracer® çərçivəsində tətbiq edir və yaxın aylarda yeni daşıyıcıların qoşulması gözlənilir.

SITA Baggage IT Insights hesabatına görə, qlobal miqyasda baqajın düzgün emal edilməməsi səviyyəsi aşağı olaraq qalır, hər min sərnişinə 6,3 hadisə düşür. Yanlış emal edilən baqajların 66%-i 48 saat ərzində sahiblərinə qaytarılır ki, bu da məlumat mübadiləsinin və avtomatlaşdırmanın yaxşılaşmasının nəticəsidir. Apple və SITA əməkdaşlığı bu prosesi sərnişinlərin icazəsi ilə təqdim olunan dinamik yerləşmə məlumatları ilə daha da gücləndirir.

Bu yanaşma xüsusilə pik bayram dövrlərində - qısa transfer vaxtları, qış hava şəraiti və yüksək tranzit sərnişin axını fonunda xüsusi əhəmiyyət kəsb edir. Apple və SITA əməkdaşlığı sərnişinlər üçün görünürlüyü aviaşirkətlərin əməliyyat prosesləri ilə birləşdirərək daha əlaqəli və proqnozlaşdırıla bilən xidmət modeli formalaşdırır.

Azərbaycan üçün bu həllər beynəlxalq sərnişin axınının artması və ölkənin regional aviasiya habı kimi mövqeyinin möhkəmlənməsi baxımından xüsusi praktiki əhəmiyyət daşıyır. Bakı Hava Limanı və milli aviaşirkətlər tranzit axınları ilə fəal işləyir və bu kontekstdə baqajın emalının sürəti və dəqiqliyi xidmət keyfiyyətinə birbaşa təsir göstərir.

Nikole Hoqq əlavə edib:

“Bu əməkdaşlığın ilk ili bazar üçün mühüm siqnaldır. Find My Share Item Location ilə bağlı təcrübəmiz göstərir ki, yüksək keyfiyyətli yerləşmə məlumatlarının könüllü paylaşılması aviaşirkətlərə əvvəllər mövcud olmayan şəffaflıq səviyyəsi qazandırır və əməliyyat dayanıqlığını artırır".

WorldTracer® sistemi dünyanın 2 800-dən çox hava limanında və 500-dən artıq aviaşirkət tərəfindən istifadə olunur. Apple Find My Share Item Location inteqrasiyası sənaye səviyyəli aviasiya infrastrukturu ilə təhlükəsiz istehlakçı texnologiyalarını birləşdirərək baqajın emalı prosesini daha etibarlı edir.

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2025)

Bazar ertəsi, 29 Dekabr 2025 13:29

Mənim üçün illərin qovuşuğu nədir?

 

Nail Zeyniyev, “Ədəbiyyat və incəsənət”

 

Mənim üçün illərin qovuşuğu vaxtın özünü ifşa etdiyi andır. Biz hər dəfə bu gecəyə elə məna yükləyirik ki, sanki bir ilin bitməsi ilə həyat da dayanacaq, hər şey sıfırlanacaq, taleyimiz başqa cür axmağa başlayacaq. Halbuki dəyişən yalnız təqvimdəki rəqəmdir. Keçmiş olduğu yerdə qalır, yaşananlar silinmir, yarımçıq qalanlar da öz ağırlığını itirmir...

 

Sadəcə biz bir gecəlik buna inanmaq istəyirik.

Bununla belə, bu inanma halı təsadüfi deyil. İllərin qovuşuğu insanı istər-istəməz özü ilə üz-üzə qoyur. Günlərin axarında qaçdığımız suallar bu gecə qapını döyür. Kim nə itirdi, kim nədən vaz keçdi, hansı yolda susduq, hansı anda geri çəkildik? Bu gecə insan özünü mühakimə edir. Burada kənardan baxan yoxdur. Hakim də özümüzük, ittiham da, müdafiə də.

Bu anın qəribə tərəfi onun ikili hisslər doğurmasıdır. Bir tərəfdən nostalji gəlir, ardınca kədər və gecikmiş peşmanlıqlar. İnsan geriyə baxıb görür ki, neçə arzu yarımçıq qalıb, neçə söz vaxtında deyilməyib, neçə hiss qorunmaq üçün içə basdırılıb. Digər tərəfdən isə ümid var. Səbəbsiz, izahsız, bəzən hətta əsassız bir ümid. Elə bil yeni ilin adı belə insana yaşamaq üçün bəhanə verir.

İllərin qovuşuğu yaddaşla da qəribə oyun oynayır. Bu gecə insan hər şeyi xatırlamır, yalnız seçdiklərini xatırlayır. Kiçik anlar böyüyür, böyük hadisələr arxa plana çəkilir. Elə bu anda başa düşürsən ki, həyatı formalaşdıran vaxt deyil, yaddaşdır. Vaxt keçir, amma yaddaşımız qərar verir.

Mən bu gecəni nə keçmişə, nə də gələcəyə aid edirəm. Bu, iki zamanın arasında qalan doldurula bilməyən bir boşluqdur. İnsan burada heç bir yerə tam məxsus deyil. Bu asılı qalma hissi insanı həm narahat edir, həm də ona azadlıq verir. Çünki hələ heç nə bağlanmayıb, heç nə yekunlaşmayıb. Hər şey açıq qalır.

Bəlkə də illərin qovuşuğunun əsas dərsi budur: dəyişən vaxt deyil, dəyişən insanın özüdür. Bu dəyişikənlik səssiz olur, gözə görünmür, amma geri dönüşü olmur. Təqvimlər sadəcə bəhanədir. İllərin qovuşuğu isə o nadir anlardandır ki, insan bir anlıq dayanır və içində baş verənləri hiss edir. Sonra isə yenə yoluna davam edir. Elə bil heç nə olmamış kimi, amma əslində mən əvvəlki mən olmuram...

 

Könül sarayımın dirəyi sındı,

Vurduqca yorulan ürəyi sındı.

Bəxtimin ən şirin diləyi sındı,

Məni məndən alıb apardı illər.

 

Arzular qurudu göl kənarında,

Boğuldu duyğular ilk baharında.

Yandım öz ömrümün intizarında,

Məni məndən alıb apardı illər.

 

Gözümə bir mələk xəyalı gəldi,

Gəldi də ammaki aralı gəldi.

Bir ceyran o dağdan yaralı gəldi,

Məni məndən alıb apardı illər.

 

Hərə bir ümidin itirdi getdi,

Ölüm öz qonağın götürdü getdi.

Şair misrasını bitirdi getdi,

Məni məndən alıb apardı illər.

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2025)

Bazar ertəsi, 29 Dekabr 2025 14:38

Bu film uzaq 1925-ci ildə çəkilib

 

Murad Vəlixanov, «Ədəbiyyat və İncəsənət»

 

KlassikAzərbaycanfilmi olan “Əvəz‑əvəzə” uzaq 1925-ci ildə çəkilibdir və bu il filmin 100 illiyi qeyd edildi.

 

Rejissor: Aleksandr Litvinov

Çəkilmə tarixi: 1925

Janr: Dram / Detektiv

Dil: Səssiz, ağ‑qara

 

Film haqqında məlumat

“Əvəz‑əvəzə” Azərbaycan kino tarixində ilk detektiv janr nümunəsi kimi tanınır. Film Sovet dönəminin ilk illərində çəkilmiş və Azərbaycan kino sənətinin erkən dövrünü əks etdirir.

Hekayənin mərkəzində cəsarətli çekist Əvəz dayanır. O, xarici casusların fəaliyyətini ifşa etməyə çalışır, həmçinin cəmiyyətdəki kriminal hadisələrin qarşısını almağa səy göstərir. Film boyunca tamaşaçı Əvəz ilə birgə sınaqlardan keçir və onun həm fiziki, həm də mənəvi cəhətdən necə formalaşdığını izləyir.

Çəkilişlər Bakı şəhərində aparılıb və səssiz, ağ‑qara formatda lentə alınıb. Rejissor Aleksandr Litvinov obrazların duyğularını və hadisələrin gərginliyini ekran vasitəsilə uğurla çatdırır. Hər səhnə incə planlarla qurulub və aktyorların ifadələri vasitəsilə tamaşaçıya çatdırılır. Film mövzusu və ideyası

Film sadəcə macəra deyil — həm də insanın daxili dürüstlüyü, vicdan və məsuliyyət mövzularını işıqlandırır. Əvəz obrazı tamaşaçıya nümunəvi və eyni zamanda maraqlı xarakter təqdim edir. Film həm sosial, həm də siyasi mesajlar daşıyır və dövrün gerçək mənzərəsini göstərir.

 

 Maraqlı faktlar

Azərbaycan kinosunda ilk detektiv janr nümunəsidir.

Səssiz kino formatında çəkilib və 35 mm ağ‑qara lent üzərində lentə alınıb.

Film baş qəhrəman Əvəz vasitəsilə dövrün sosial və siyasi vəziyyətini tamaşaçıya çatdırır.

Filmin çəkilişləri Bakı şəhərində aparılıb.

Film uzun müddət arxivdə qorunub saxlanılıb və nadir kino nümunəsi kimi Azərbaycan kino tarixində qalmaqdadır.

“Əvəz‑əvəzə” Azərbaycan kino tarixinin ən erkən və nadir detektiv nümunələrindən biridir. Film həm dramatik, həm də gərgin süjeti ilə tamaşaçıya maraqlı təcrübə verir.

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2025)

 

 

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsərlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

1.

Köklü ağacın ucalıq sirri kiçik bir toxum da, nəhəng çayın müqəddəs təmizliyi bulağın gözündədir.

2.

Deyilənlərə görə dahi Nyutonun biri böyük, o biri balaca iki pişiyi varmış. Onların həyətdən evə girmələri üçün Nyuton ev qapısının aşağı tərəfində iki deşik açmışdı - böyük pişik üçün böyük deşik, balaca pişik üçün balaca deşik. Ağıllı adamlar deyir ki, bir böyük deşik də kifayət edərdi. Balaca pişik bu deşikdən də evə girə bilərdi. Daha ağıllı adamlar isə bunda demokratiyanın elementar təzahürünü görür.

3.

Qazanın daha bir düşünülməmiş hərəkəti. Bəkilin hünərini ov zamanı bəylərin yanında “hünər ərin deyil, atındır” deyərək aşağılaması, nəticədə, Bəkilin küsüb getməsinə, Oğuz üzərinə yağıların ayaq açmasına gətirib çıxarır.

4.

İki-üç nəfərin küçədə başqa dildə danışması ilə dilimiz əldən getdi deyənlər üçün. Bir dil ki, bir neçə nəfərin başqa dildə danışması ilə əldən gedəcəkdir, belə dil dünəndən əldən getsə yaxşıdır.

5.

Ç.Viko: “İnsanlıq tarixini şairlər yazmağa başladı.” Biz tarixləri onların yazdıqlarına əsasən öyrənirik.

6.

Bəzən axtardığını tapmaqdansa, axtara-axtara qalmaq daha maraqlıdır.

7.

Minnətdar olmağı bacarmayan adamlar var. Yaxşı adam ola bilərsən, pis adam ola bilər sən, mənasız adam, ağıllı adam, dəyanətli adam, istedadsız adam və ya istedadlı adam, hətta işıqlı adam… Amma bütün bunlarla yanaşı, minnətdar olmaya bilərsən. Minnətdar olmağın milli gen kodumuzda yeri yoxdur. Minnətdar ola bilməyənlər məcburdular ki, sənə nifrət etsinlər, sənə hədyan və yalanlar yağdırsınlar (bir az əvvəl bu zavallılar səni necə də sevirdilər!). Onlar səndən özlərinin uydurduğu nəyinsə intiqamını almağa çalışırlar. Sübut eləməlidilər axı niyə minnətdar deyillər.

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2025)

 

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı dahi Azərbaycan şairi Məhəmməd Füzuli barədə yazılmış məqalələrindərcini davam etdirir.

  

...Dünyanın qəm yükünü dünyadan alan, cahanı dərddən təmizləyən karvanın adı – poeziyadır və onun da “karvanbaşı”sı Füzulidir.

 

Düz beş əsrdir ki, Füzuli xalqının, Füzuli millətinin muradını öz qəsdi, öz qərəzi ilə yandıran fələyi, əvəzində Füzuli də hər dövrdə, hər dəfə bağrının ahı ilə yenidən yandırır və bu gün də şeirin dan yerində Füzuli ahından əbədi şam yanır!.. Əsl şairlər hələ də ilham çırağını bu ahın, bu şamın odundan yandırırlar.

Bəli, beş əsrdir ki, “Füzuli məktəbi” Şərq poeziyasını təsir orbitindən buraxmır. “Divan”ı, “Leyli və Məcnun”u isə xüsusən türk və islam xalqlarının, istisnasız, bütün nəsillərinin sənət, fəlsəfə, etika və əxlaq ənənəsini özündə birləşdirən vahid bədii dövriyyədə fasiləsiz iştirak edir. Hər nəsil hər yeni dövrdə bu irsə yenidən qayıdır. Hər dəfə də Füzuli irsi keçmişin və tarixin yox, müasirliyin beynəlmiləl sərvəti kimi yenidən dərk olunur.

...Məzhəb, irq, din, dil qardaşlığı. Ruhani və bəşəri problemlər. dünyəvilik və ilahilik, Tanrı eşqi və insan sevgisi, planet və kosmos, ekologiya və poeziya ... Füzulidə, bəlkə də, başqa heç kəsdə olmayan qədər bütövlük və ahəng təşkil edir, bu gün də dünyanı mənəvi vəhdətə və harmoniyaya çağırır...

 

***

 

Azərbaycan (bütünlükdə türk) poeziyasını Füzulidən əvvəlki və sonrakı dövrlərə ayırmaq olar. Həmin dövrlər arasındakı fərq milli-mənəvi və bədii-fəlsəfi fikrin tarixində Füzulinin şair-mütəfəkkir xidmətindən yaranmışdır. Məhz Füzulidən sonra şeirin və bədii-fəlsəfi fikrin tarixində çox “çətinlər asana çevrilmişdir”...

Çətini asan etməkdə Füzuli hünərinin ən möhtəşəmi şairin türk dili qarşısında xidmətləridir.

Poeziyada və nəsrdə türkcəni də Şərqdə hakim elitar dil səviyyəsinə qaldırmaq!.. Füzulinin qarşıya qoyduğu və əməli şəkildə sona qədər çözələdiyi milli ədəbi-tarixi missiya bu olmuşdur... Milli dilin tarixində və taleyində şairin rolunu və missiyasını hələ heç kəs bu qədər dərindən başa düşməmişdi. O hətta təziyədarlığa dilin mənafeyi və taleyi mövqeyindən yanaşır, “Hədiqət-üs-süəda”nı ona görə qələmə alır ki, hətta təziyə mərasimləri də türkcə icra olunsun: “Mən ərənlərin himməti ilə belə düşünürəm ki, kitabı türkcə bitirəcəyəm”.

Hətta Mövlanəni doğma ana dilinə çevirir. “Hədisi-ərbəin”i türkcəyə tərcümə edir. Nəhayət, ən yaxşı əsərini ən doğma dildə – ana dilində, türkcə yazır – “Leyli və Məcnun”u. Ərəb torpağında ərəb süjetini türk dilində qələmə alır! Bu – ikiqat, üçqat dil hünəri idi. Axı bu vaxta qədər Məcnun elə məhz Bağdadda, elə məhz ərəbcə dil açmışdı. Hətta Gəncədə də bizimlə farsca danışmışdı. İndi isə ərəb dilli Məcnun, özü də Ərəbistanın lap göbəyində bizimlə türkcə danışırdı!.. Nizami doğma yurdda başqa dillə, Füzuli – başqa məkanda doğma dillə yazır!..

Nizamini və Xaqanini türkcə yazmamış Füzuliyə bənzətmək olar... Nizami və Rumi türkün təfəkkürü ilə, Füzuli isə türkün həm təfəkkürü, həm də dili ilə islam oyanışına xidmət etdi...

Şair türklüyün həm sənət, həm də dil gücünü eyni vaxtda göstərir. Bu imkanları vəhdətdə ifadə eləyə bilmək Füzulinin şəxsində türkcənin azəri qoluna qismət olur. Şairin dil stixiyası təpədən-dırnağa oğuz-azəri stixiyasıdır.

... Füzuliyə qədər çox uzun müddət bədii sözün bətninə və mətninə fars dilini ruh dili kimi daxil eləmişdilər. Füzuli yad ruhu doğma bədəndən qovdu və özü bu məkanda hakim Ruh oldu!..

Füzuli, ümumiyyətlə, sözə, dilə ruhani münasibət bəsləyir, onu “uca dərgahdan gələn feyz” hesab edir: “Aləm sədəfində insandan qiymətli bir gövhər görmədim və insan gövhərində isə sözdən şərəfli bir cövhər tapmadım...”

Füzulinin qədim türk dünyasında məhz sözlə yenidən yaratdığı vahid bədii məkan indi də qalmaqdadır...

 

***

 

Füzuli eşqini kədərdən də ayırmaq olmaz, əksinə, Füzuli dərdinin miqyasını yalnız onun kədərinin miqyası ilə müqayisə etmək olar. Ondakı “Qəm və Mən” nisbətini aşağıdakı misra çox dəqiq ifadə edir: “Mənəm ki, qafiləsalari-karvani-qəməm”. Dünyanın itən qəmləri gəlib Füzulinin sarvan olduğu karvanda cəm olub. Nəinki Məcnun, hətta Leyli qəm daşıyan və dünyanın dərdini dünyadan azaldan qəhrəmandır...

Füzuli – sözün fəlsəfi mənasında məhəbbət dininin, bütün dünya miqyasında taysız və təkrarsız bir eşq təliminin banisi – filosofu və şairidir.

 

***

 

Əgər peyğəmbərlərin sonuncusu Məhəmməd peyğəmbərdirsə, peyğəmbər aşiqlərinin sonuncusu – Məhəmməd Füzulidir. Daha doğrusu, o, bütün dövrlərin ən böyük aşiqi, eşqdə özünə qədərkilərin, əzabda özündən əvvəlkilərin hamısının məcmusudur. Bütövlükdə şeirin və bəşərin “eşq və qəm” tarixini öz fərdi ömründə, öz şəxsi tərcümeyi-halında tək (!) yaşayır:

 

Məcnun oda yandı, şöleyi-ah ilə pak,

Vamiq suya batdı əşkdən oldu həlak.

Fərhad həvəs ilə yelə verdi ömrün,

Xak oldular onlar, mənəm imdi ol xak.

 

Füzuli özünü yalnız “aşiqlərin və əzabkeşlərin varisi” elan etməklə böyük təvazökarlığa yol verir, əslində, o, ilahi və bəşəri, bədii və fəlsəfi ənənədə o vaxta qədərki bütün islam və Şərq kültürünün varisi və yekunu idi. Üç dildə – ərəbcə, farsca və türkcə yazıb-yaradan Füzulinin timsalında Şərqdə poeziya intibahı ilk dəfə idi ki, bu miqyasda və bu zirvədə mənəvi vəhdət, bütövlük, vahid bədii, fəlsəfi. estetik məkan kəsb edirdi...

Füzuli “Divan”ı da mənəvi məsciddir, mehrabdır, Allah evidir!.. Bu mehraba girib təmizlənməmək, Füzulinin “vəhdət şərabı”ndan içib bu eşqin hökmünə, bu ruhun sehrinə tapınmamaq qeyri-mümkündür. Artıq beş yüz ildir ki, müqəddəslik Füzulinin poeziya mehrabına daxil olub... İlahi, işıqlı, müqəddəs ruhun qızaran dan yeri, mənəvi etiraf və tövbənin əbədi məkanı bizim üçün yenə də Füzulidir...

 

***

 

Füzulidə “eşq” sözü də “elm” sözünün özü, onun daha ali mərtəbəsi deməkdir... Füzuli altmış üç il ömür sürür və əli qələm tutan gündən ta son ana qədər qələmindən sızan “eşq” sözü olur... Qəm Füzulinin ən böyük sərvətidir... Füzuli özünü əvvəl Aşiq, sonra şair hesab edir. “Leyli və Məcnun” – eşq haqqında dastan deyil, eşq məqamına yüksələn, “məcnunlaşan” (M.Əmin) şeirin özüdür... Aşiq kimi də, şair kimi də Füzuliyə ən dəqiq qiymətlər elə Füzulinin özündə var... Bütün “Divan” boyu Füzuli şairliyindən yox, aşiqliyindən bəhs açır, böyük sələflərini şairlərin yox, aşiqlərin arasında tapır... Füzuli özünü bütün dövrlərin ən böyük “aşiqi”, “eşq elminin müdərrisi” sayır, başqa aşiqlər hamısı bu külldən, “şərarədən” bir zərrədir... “Aşiqi-sadiq” Füzuli özüdür, Məcnunun isə “ancaq adı var”.

...Füzulinin adı da ilahi haləyə bürünən və islamda müqəddəs sayılan imzadan götürülüb – MƏHƏMMƏD; hətta doğulduğu yer də dünyada ən nüfuzlu ziyarət ünvanlarından biridi – KƏRBƏLA. Qəbri də İmam Hüseynin türbəsindədir.

Bütün bunlar az imiş ki, üstəlik, şairin gündəlik məşğələsi, sənəti, peşəsi də gəlib ilahilik və müqəddəsliklə bağlanır: Füzuli şah sarayında yox, peyğəmbər dərgahında xidmət və qulluq göstərir...

...Düz beş əsr keçib, amma indi də Şərqdə şairlər ilham çırağını Füzuli şamından yandırırlar!..

Füzuli bütün əsərlərini vahid bir “Eşqnamə” kimi yazıb. Bu “eşqnamələrin” ən gözəli olan “Leyli və Məcnun” dünyada çoxdur, amma ən yaxşı Leyli və Məcnunu gəncəli Nizamidən sonra bağdadlı Füzuli yaradıb... Hər iki Leylinin və Məcnunun tarixi-coğrafi vətəni – ərəb İraqı, bədii vətəni – Azərbaycan olub...

Eşq beşiyində paklıqla tərbiyələnən” Füzuli “Şikayətnamə” yazanda yox, “Eşqnamə” yazanda qat-qat ulu mütəfəkkir və qat-qat ulu sənətkardır...

Rum ilə və Əcəmlə, Kərküklə və Təbrizlə, Göyçə ilə, Borçalı ilə, Dərbəndlə, Şuşa ilə ...həmişə bir yerdə, bir canda yaşadığımız dünya – Füzulidir!..

1993–1994

“Ədəbiyyat və incəsənət”

(29.12.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.