VII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış Düşərgəsinə start verilib

 

Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi və Fransanın Nant şəhərində fəaliyyət göstərən “Həftəsonu Qarabağ Məktəbi”nin birgə təşkilatçılığı ilə Şabran rayonunda VII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış Düşərgəsinə dekabrın 23-də start verilib. Düşərgə sabahadək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən düşərgə şəhid övladlarına ictimai, sosial və mənəvi dəstəyin göstərilməsi, onların asudə vaxtlarının səmərəli təşkili, milli-mənəvi dəyərlər əsasında tərbiyəsinin gücləndirilməsi məqsədini  daşıyır. Düşərgənin proqramına maarifləndirici təlimlər, intellektual oyunlar, mədəniyyət və idman tədbirləri, vətənpərvərlik mövzusunda görüşlər və digər proqramlar daxildir.

Düşərgədə Fransanın Nant şəhərində fəaliyyət göstərən “Həftəsonu Qarabağ Məktəbi”nin şagirdləri ilə Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində təhsil alan, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin övladları bir araya gəliblər.

Açılış mərasimində Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ceyhun Məmmədov, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova, Şabran Rayon İcra Başçısının müavini İlkin Ağayev, Vətən müharibəsi qazisi Orxan Xıdırov və Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin sədri Qasım Nəsirov çıxış ediblər.

Çıxışlarda uşaqlara göstərilən diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu vurğulanıb, bu baxımdan layihənin əhəmiyyətindən danışılıb.

Tədbir zamanı əvvəlki illərdə təşkil olunan düşərgələrdən bəhs edən videoçarx göstərilib və iştirakçılara layihənin keçdiyi yol barədə ətraflı məlumat verilib.

Düşərgənin ikinci mərhələsinin isə 2026-cı ilin yay aylarında Fransada təşkili nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.