Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının Biri ikisində rubrikasında bu dəfə sizlərə Araşdırma təqdim edilir. Günel Natiq yazır. Dünən arıdan və baldan yazmışdı. Bu günsə qarışqadan və kəpənəkdən yazır.

 

 

Günel NATİQ                                                              

 

Bu gün kəpənəyəm, sabah qarışqa

 

“Qarışqa şıllaq atdı, dəvə palçığa batdı”. Ta bu boyda da yalan olmaz. Bəs niyə bapbalaca qarışqaya bu boyda qaravəlli qoşublar? Yəqin, bu sözün də bir olmuşu-keçmişi var.

Şifahi və yazılı ədəbiyyatda qarışqa təzadlı obrazdır. O, xeyirxah da ola bilər, bədxah da. Şərq ənənəsində qarışqa on ilahi canlıdan biridir. Bir rəvayətdə bu kiçik varlıq Süleyman peyğəmbərə müdrik və adil olmağı nəsihət edir. Çin mədəniyyətində qarışqa ədalətin, həqiqətin keşikçisidir. Ağ qarışqa buddizmdə gözəllik simvoludur. Bəzi ənənələrdə isə o, dağıdıcılıq rəmzidir.

Hindistanda qara qarışqalar müqəddəs həşərat sayılırlar. Hindular da qarışqaya hörmət bəsləyir. Çünki inanca görə, onlar insanların ləpirlərini yox edir və təqibçiləri yollarından azdırırlar. Ona görə hindu rəqslərində qarışqalarla bağlı xüsusi elementlər, motivlər var. İnanca görə, qarışqa yuvasını dağıtmaq bədbəxtlik gətirər. Yuvanı dağıdan şəxs yalnız bir duanın – qarışqa duasının gücüylə dərd-bəladan qurtula bilər.

Hinduların fikrincə, qarışqaların bəzi özəllikləri insanları xatırladır. Belə bir inanc var ki, qarışqalar nə vaxtsa insan olublar, ya da insanlar nə zamansa qarışqa.

Əsatirlərdə hindu qadınları ağdərili adamlarla ailə qurmaqdan çəkinirlər, çünki inanırlar ki, ağ adamlara ərə gedən qadınlar qırmızı qarışqalara çevrilirlər.

Yunan miflərinin birində Zevs qarışqa cildində peyda olur. Başqa bir mifdə isə adanın əhalisi vəbadan tələf olduqdan sonra yerli hökmdar Zevsdən kömək istəyir. Zevs adadakı qarışqaları insana çevirir.

Bir çox xalqların folklorunda qarışqa xeyirxah niyyətin daşıyıcısıdır. Alman nağıllarının birində qarışqa qalada həbs olunmuş qəhrəmana ipək saplar gətirir, ondan kəndir toxunur və qəhrəman həbsdən azad edilir.

         “Büllur qala” rus nağılında şahzadə İvan qarışqaya çevrilir və dağın balaca bir yarığından keçib şahzadə qızı xilas edir. Başqa canlıya çevrilə bilmək bacarığını isə o, qarışqalardan onlara etdiyi yaxşılığa görə alır.

Qarışqaların insanlara çevrildiyi miflərdə qeyri-adi bir yola da rast gəlinir. Bu, qarışqa yoludur. Qarışqa yolu yerdən göyə qədər uzanır, yaxud yerin dərinliyində, ya da göy üzündədir.

Qarışqaların adı hətta “Bibliya”da da çəkilir. Müqəddəs kitabın pritçalarından birində deyilir: “Qarışqalar güclü deyil, amma öz tədarüklərini özləri görürlər”.

Afrikada “dərzi” qarışqa yaşayır. Bu qarışqalar yarpaqlardan özünə yuva tikir. Yuva tikmək üçün isə yapışqanlı sürfələrdən istifadə edir. Beləcə, yarpaq kisə ərsəyə gəlir, onun içində isə yuva yerləşir.

Yer üzündə 10000 qarışqa növü var. Qarışqalar sarı, mavi, yaşıl, qırmızı, hətta moruğu rəngdə olurlar.  Bir qarışqa öz ağırlığının 20 qatını qaldıra bilər. Qarışqa koloniyasının iş bölümü var. İşçi qarışqalar yuvanın içindəki zibili çölə daşımaqla məşğul olur. Əgər çöldə bir yemək mənbəyi tapsa, yuvadakı qarışqaları xüsusi qoxu buraxmaqla cəlb edir.

Qarışqaların ən vacib özəlliklərindən biri qidaları paylaşmaqdır. Hər qarışqada iki mədə olur, birində özü üçün, digərində isə o biri qarışqalar üçün yemək saxlayır. Eyni koloniyadan olan iki qarışqa qarşılaşdıqda əgər biri ac və susuzdursa, digərinin isə qursağında çeynənmiş yemək varsa, ehtiyacı olan ondan yemək tələb edir. O da ac qarışqanı geri qaytarmır, yeməyini onunla paylaşır. Qarışqalar sürfələrini də qursaqlarındakı yeməklə qidalandırırlar. Hətta çox vaxt özlərinə digər qarışqalara verdiklərindən daha az pay saxlayırlar.

Qarışqa nə qədər balaca olsa da, onunla bağlı mətləblər heç atalar sözlərinə də sığmır. “Çox qarışqa bir şiri öldürər”. “Qarışqa meydanı tutar, heç kəs də bilməz”. “Qarışqa öküzün buynuzuna dırmandı, elə bildi ki, dağa çıxıb” və s.

Poeziyamızda da bu obrazla bağlı maraqlı təşbeh və ifadələr var.

 

Vaqif Bayatlı Odər şeirlərinin birində qarışqa sevgisinə sığınır:

 

Mən bir gün sevirəm, hər gün başqa cür,

Bu gün kəpənəyəm, sabah qarışqa.

Cəmi bircə günlük ömrüm var mənim,

Bu gün bir başqayam, sabah bir başqa.

 

Şair eləcə də “qarışqa qışqırığı”, “qarışqa dili” deyimlərini şeirinə gətirir:

 

And olsun Göyüzündə qanad çalan o mələklərə!

Qanad çalıb, çalıb

Ancaq Göyüzünün olan mələklərə!

Baxdı ayağı altında

Otlara dırmaşan qarışqalara,

Onu qarışqa dilində qışqıra-qışqıra

Qarşılayan qarışqalara,

Şahlıq andı içdi yenə

– And olsun qarışqa elinə,

Qarışqa qışqırığına, qarışqa dilinə!

 

İsa İsmayılzadə bir məqamda şəhərləri, kəndləri qarışqa boyda görür:

 

Uçdum təyyarədə, getdim qatarda-

Gördüm, baxa-baxa yaman susuram.

Gah illüminatordan, gah pəncərədən

Hey boynunu büküb boylandı misram,

Boylana-boylana gözü qaraldı.

Baxdım ağ buluda, qara buluda-

Bir azdan hamısı dönüb «qar» oldu.

Qarışqa boydaca şəhərlə, kəndlə

Gördüm, dünya doludu…

 

Başqa bir şeirində şair ağlayır qarışqa yuvası üstə...

 

Adsız çiçəkləri, otları sevdim,

Tanışları sevdim, yadları sevdim,

Ürəyimə yatan adları sevdim,

Neyləyim,

tək səni sevə bilmədim.

Sızladım qarışqa yuvası üstə,

Göynədim «Sarıtel» havası üstə.

Dünyanın məhəbbət «davası» üstə

Tək səni,

tək səni sevə bilmədim.

 

“Bu dünyanın qarışqa yükü var, dəvə yükü var”, – belə deyir Musa Yaqub:

 

Yenə bu dünyada ölçü-ülgü var,

Qarışqa yükü var, dəvə yükü var.

Özündən ağır yük çəkə bilsə də,

Bir yolu min dəfə gedib-gəlsə də,

Zəhməti çoxsa da,

Dili yoxsa da,

Bu yükü qarışqa adına yazma.

 

Başqa bir şeirində qarışqalarla adamları eyniləşdirir şair:

 

Bir yuva qarışqa – süfrəsi bir dən,

         Bir dənlə bahara çıxar salamat.

         Ulu təbiətim, yaman xəsissən,

         Yaxşı adamları bir az çox yarat.

 

Aqşin Yenisey qarışqa sevgisini belə görür:

 

Demişdim axı... sevə bilməyəcəksən onu!

Təkadamlıq deyil onun sevgisi.

Qocaman bir palıdın yalnız bir quşun,

Dərin bir dəryanın yalnız bir balığın,

Dibsiz bir yuvanın yalnız bir qarışqanın olmadığı kimi.

 

Şair başqa bir şeirində kimisə “hamıdan güclü” adlandırır. Həmin varlıq- qarışqadır.

 

Səndən sonra günlərlə, həftələrlə, aylarla deyil,

İllərlə tək qalmağı öyrəndim.

Nə edəydim? Heç olmamış kimi yoxdun.

Bir gün külək köhnə qəzet cırığını

Yapışdırdı şüşəmə.

Açdım, baxdım. – Şairlərdən yazmışdın.

Amma mənim adım yoxdu.

Ömrümdə ilk dəfə özüm üçün darıxdım.

Çıxdım, getdim, içdim, susdum.

Küçədə bir qarışqa yuvasına baxdım:

İlahi bir faciə!

Hamıdan güclü olasan

Və ayaqlar altında yaşayasan.

 

Şeirlərində təbiətə qahmar çıxan Reyhan Kənan da deyir ki:

 

Onu bir heç sanmışıq,

Yuvasın tapdamışıq,

Bəlkə, ona görə də

Çox bəlalar tapmışıq.

Bəlkə də, bilə-bilə,

bəlkə də, heç bilmədən

Qırx mərtəbə yuvanın

Lap üstündə durmuşam,

Uçurub yuvasını, qarışqa

ürəyinə neçə yara vurmuşam.

Ağlayırmı, görəsən,

gülürmü bu həşərat?

O qədər incitmişəm,

Gizlənir məni görcək.

Bağışlamaz, bilirəm,

Bağışlamaz o məni.

 

Hə, əziz oxucular, qarışqa yerişi yeriməsək də, sizinlə “qarışqa dilində” danışmağa çalışdıq, amma yükümüz, bilmədik, qarışqa yükü oldu, ya dəvə yükü...

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2023)

  

 

 

Cümə, 15 Dekabr 2023 15:00

QİRAƏT SAATInda “Eşq mələyi”

    “Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.

“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.

 

12-cihissə

 

İttiham

 

Bu yerdə Süleyman o qədər kövrəldi ki, gözləri doldu. Hətta dolmaq o yana, gözündən bir damla yaş diyirlənib vərəqin üstünə düşəndə diksindi. Bədii əsərin, filmin insanı ağlada biləcəyini qəbul etmirdi, daha doğrusu, onun aləmində qadın üçün idi bunlar, kişi üçün yox.

Fahişəliyin psixologiyası təlimi, görən, varmı? Bunu öyrənən ayrıca elm mövcuddurmu? Mövcud deyilsə, niyə mövcud deyil? Bəlkə də bu proses öyrənilsə, bu zərərli vərdişin kökünü kəsmək mümkün olar?

Yox, heç cür özünü toparlaya bilmirdi. Telefonunu götürüb yaddaş kitabçasından romanın müəllifinin nömrəsini tapıb yığdı, salamsız-kəlamsız soruşdu:

-- Bu yazdıqların realdır?

Xəttin ö üzündən Elgün Bayatın sevincək səsi gəldi.

-- Mən əmindim ki, romanım sizi maraqlandıracaq, təsirlənib mənə bu sualı verəcəksiz. Bilirsiz, mən bu romanı yazanda qarşımda məqsəd qoymuşdum ki…

Süleymanda səbir nə gəzirdi Elgünü dinləsin, onun sözünü yarımçıq kəsib sualını təkrarladı:

-- Realdır, ya yox?

-- Realdır.

-- Bəs niyə fahişə? Ülkər sənin aləmində fahişədir?

-- Əgər insan maddiyyat naminə bədənini...

-- Ay insan, Ülkər fahişə deyil, eşq mələyidir. Onu fahişə hesab etdiyinçün mən şəxsən səni ittiham edirəm! Başa düşürsən?

Süleyman səsini çox ucaltdığının fərqinə varıb söhbəti uzatmadı, əlaqəni kəsib əsəbi halda telefonunu masanın üstünə atdı. Roman onu öz cazibəsinə necə salmışdısa, oradan çıxa bilmirdi. Beyninə dolan müəyyən sualları cavablandırmaq, müddəaları isbatlamaq lazım idi. Hər şeyi yeri gələndə eləmək, bugünün işini sabaha qoymamaq onun həyat prinsipi idi.

Durub kitab rəfinə əlini uzadıb yaşıl üzlü bir kitab götürdü. Əhməd Qəşəmoğlunun “Sosial-iqtisadi proseslərin idarə olunmasında ahəngyol nəzəriyyəsindən istifadə” adlı bu kitabı vərəqlədi, altından qırmızı xətt çəkdiyi yerləri yenidən oxudu.

“İnsanların davranışının formalaşmasında 4 amil mühüm rol oynayır – 1) insanın öz fitrəti, mənəvi psixoloji durumu; 2) mühit, 3) aldığı informasiyalarınməzmunu və intensivliyi və 4) şəxsin üstünlük verdiyi dəyərlər”.

Bu dörd amil üzrə Ülkər barədə xəyallara daldı. Ülkərin davranışını, həqiqətən, bu dörd amil formalaşdırmışdı, bir-biri ilə zidd olan bu dörd amil. Bəziləri onda müsbət, bəziləri mənfi emosiyalar yaratmış, əksliklər çarpışmış, mübarizə aparmış, sonda da müxtəlif xəmirlərdən bir Ülkər yapmışdılar.

Saata baxdı.23:17 idi, demək, hələ oxuya bilərdi.

Romanı əlinə götürdü.

 

 “Ədəbiyyat və incəsənət”

(15.12.2023)

 

 

“Ədəbiyyat və incəsənət” portalı sizlərə gənc yazar Elşad Baratın “Şəhidlər” silsiləsindən yazdığı şeirlərini təqdim etməkdədir.

 

         Cəlil Qüdrət oğlu Əliyev

 

Cəlil Qüdrət oğlu Əliyev 12 iyul 1998-ci ildə Ağdaş rayonunun Qaradağlı kəndində anadan olub. Kənd orta məktəbində təhsil alıb.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsində iştirak edərək Cəbrayıl, Füzuli rayonları uğrunda gedən döyüşlərdə şücaət göstərib. Oktyabrın 14-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Cəlil Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edillib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə isə  Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Cəlil Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən, Cəlil Əliyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

 

Yaşda məndən balacasan,

Yolda məndən böyük, şəhid.

Sənə ağır olmadımı

Vətən boyda bu yük, şəhid?

 

İndi səndən yazıram mən,

İndi səni oxuyuram.

Göstərdiyin igidliyi

Misralara toxuyuram.

 

Hamımızın borcumuzdur,

Qoruyaq xalqı, Vətəni,

Sən tarix yazdığın kimi,

Tarix də yazacaq səni.

 

Zaman yolçu, illər qısa,

Hər insanın bir ömrü var.

Hər insandan igid olmaz,

İgid gedər, adı qalar.

 

Adın bizə yadigardır,

Yaşayacaq qəlbimizdə.

Sən bizə zəfər yaşatdın,

Unutmarıq səni biz də.

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2023)

 

Cümə, 15 Dekabr 2023 11:00

Kumir, ideal seçmək perspektivi

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

                          

                   

Lap uşaqlıqdan özümüzə ideal, kumir seçir, onun həyat və fəaliyyətini örnək götürürük. Bu, insan olaraq bizim xislətimizdən irəli gəlir. Axı insan xaraktercə daim inkişafa, təkmilləşməyə, kamilliyə meyillidir. Seçdiyi həyat yolunda örnək götürüləsi hansısa bir insana bənzəmək istəyi insanda hədsiz dərəcədə güclü olur. Yeri gəlmişkən, həyatda uğur qazanmağın bir sirri də məhz elə budur: özünə bəhrələnə biləcəyin ideal seçmək!

Baxın, uşaqlar həyətdə futbol oynayırlar. Onların mütləq əksəriyyəti özlərini bu günümüz üçün dünyanın ən güclü futbolçüları olan Kriştiano Ronaldo və Leonel Messiyə bənzətməyə çalışır, bu futbolçuların matçlarına tamaşa edir, onları sosial şəbəkələrdə izləyir, video və fotolarını toplayırlar.

Əlbəttə ki, mən uşaqları elə-belə xatırlatdım, peşəkar futbolla məşğul olanlar da öz amplualarındakı ən güclüləri özlərinə ideal seçirlər. Hazırda qapıçıların hansından soruşsanız Canluici Buffona, David Dexeyaya, Manuel Noyerə, müdafiəçilərin Serxio Ramosa, Tyaqu Silvaya, Marselloya, yarımmüdafiəçilərin Luka Modriçə, Toni Krosa, Andres İnyestaya, hücumçuların da adlarını çəkdiklərim Kristiano Ronaldoya, Leonel Messiyə, eləcə də Neymara bənzəməyə çalışdıqları bəlli olacaq.

 Digər idman növlərində, digər peşələrdə də bu belədir. Məsələn, mənim ölkəmdə əlbəyaxa idman növləri çox  populyardır. Bu idman növləri ilə məşğul olan hansı gənci sorğu-sual etsəniz Namiq Abdullayev, Rəfael Ağayev, İlham Zəkiyev kimi dünya və olimpiya çempionlarının adlarını bir örnək kimi çəkəcəklər.

Hansı alim, tutalım, Nyüton, Freyd, yaxud dünyaya qeyri-səlist məntiq nəzəriyyəsini bəxş etmiş Lütfi-Zadə olmaq istəməz?

Hansı rəsam, Rembrandt, Da Vinçi, Səttar Bəhlulzadə, hansı rejissor Fellini, Spilberq, Skorseze, hansı aktyor və aktrisa Alen Delon, Merilin Monro, Tarantino, hansı yazıçı Dostoyevski, Nizami Gəncəvi, Markes, hansı müğənni Luçano Pavarotti, Maykl Cekson, Uitni Hyuston, hansı modelyer Koko Şanel, Pyer Karden, Corcio Armani (mən hər sahədə ağlıma gələn ilk 3 adı sadaladım, ünlülər əlbəttə ki, çoxdurlar) olmaq istəməz ki?

Adətən, insanlar özlərinə idealları, kumirləri lokal və qlobal dairədən seçirlər. Biz sadaladığımız kumirlər – lokal dairədən olan kumirlərdir. Yəni hər hansı bir sahədə çalışan şəxs o sahənin ən güclü və nüfuzlusunu özünə örnək seçərək onun kimi olmağa çalışır, onun əldə etdiyi yüksəkliklərə yüksəlməyi arzulayır. Qlobal kumirlər isə artıq dünyanı dəyişən nəhəng insanlardır ki, belələrini istənilən sənətdə, peşədə olan şəxs öz həyat idealı seçə bilir. İisus Xristos, Məhəmməd  Peyğəmbər, Albert Eynşteyn, Martin Lüter Kinq, Robert Oppengeymer, Alfred Hiçkok, Çe Gevara, Uinston Çörçil, Mustafa Kamal Atatürk, Heydər Əliyev, Bill Qeyts, Uorren Edvard Baffett kimi insanlar bu qəbildəndirdər.

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2023)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Həyatın qəribəliyinə bir baxın. 1906-ci ilin 15 dekabrında – eyni gündə dünyaya gələn iki görkəmli alimimizin ikisi də geologiya sahəsində parlayıb, ömürləri də eyni ildə - 1981-ci ildə qırılıb. Qısa da olsa, gəlin onların fəaliyyət yollarına nəzər yetirək.

Həsən Əhmədov Qərbi Azərbaycanın Zəngəzur qəzasının Sisyan rayonunda  anadan olub. 1933-cü ildə mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun Geoloji kəşfiyyat fakültəsini bitirib, müxtəlif işlərdə çalışıb, 1951-ci ildə Azərbaycan Elmi Tədqiqat Neft Geoloji Kəşfiyyat İdarəsinin direktoru, 1965-1977-ci illərdə Ümumittifaq Elmi-Tədqiqat Geofizika İnstitutunun Azərbaycan filialının direktoru olub. Həsən Əhmədov 1959-cu ildə professor elmi rütbəsini alıb, 1967-ci ildə Azərbaycan EA-nın həqiqi üzvü seçilib. Onun ən böyük fəaliyyəti Qobustan-Şamaxı neft-qaz rayonunun tədqiqidir, eləcə də Azərbaycanın Mezozoy çöküntülərinin öyrənilməsinin və kəşfiyyatının ilk təşkilatçılarından biri olmasıdır. SSRİ rəhbərliyi ona Qubkin adına mükafatı da bu böyük əməyə görə verib. 1968-ci ildə Türkiyədə dörd ay müddətində rəsmi geoloji məsləhətçi kimi çalışan alimimiz Türkiyənin 7 illik geoloji planını da hazırlayıb. Alim 160 elmi əsərin, o cümlədən 12 monoqrafiyanın müəllifidir. Onun elmi rəhbərliyi altında 30-dan çox elmlər doktoru və fəlsəfə doktoru hazırlanıb. H.Əhmədov iki dəfə “Şərəf” ordeni, üç dəfə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı, “Əmək rəşadəti”, “Əməkdə fərqlənməyə görə” medalları ilə təltif edilib. 1981-ci il iyul ayının 9-da Bakıda vəfat edən alimimizə “ruhu şad olsun” deyirik.

Dünya Ağalarova isə Şamaxıda anadan olub. 1932-ci ildə Azərbaycan Neft İnstitutunun geoloji şöbəsini bitirib. 1949- 1954-cü illərdə Türkmənistan SSR EA Geologiya İnstitutunun paleontologiya laboratoriyasının rəhbəri olub və Türkmənistan Dövlət Universitetində paleontologiyadan mühazirələr oxuyub. 1958-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Sənayesi Elmi-Tədqiqat Neft və Layihə İnstitutunda stratiqrafiya laboratoriyasına rəhbərlik edib. O, 1965-ci ildə Azərbaycan paleontoloqu, geologiya-mineralogiya üzrə professor adını alıb. Dünya Ağalarova Azərbaycanın neftli-qazlı vilayətlərinin pliosen çöküntülərinin mikrofaunasını öyrənməyə başlamış ilk alim - paleontoloqdur. O, geologiya-mineralogiya sahəsinə bir sıra yeniliklər gətirib, bir-birindən uzaq olan kəsilişlərdəki eyni yaşlı çöküntüləri korrelyasiya etmə ideyasını ilk dəfə o tətbiq edib. Onun geologiya-mineralogiya sahəsində elmi kadrların hazırlanmasında böyük xidmətləri olub, 100-dən artıq elmi əsərin müəllifidir. Elmi nailiyyətlərinə görə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilən Dünya Ağalarova 1981-ci il avqust ayının 15-də Bakıda vəfat edib, Allah rəhmət eləsin!

Olduqca maraqlıdır, görəsən bu iki şəxs həyatda tanışmı idilər?

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2023)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Göy üzü daş saxlamaz deyən, amma həmvətənləri hey göy üzünə daş tolazlayan Ramiz Məmmədəli oğlu Əliyev 1946-cı il dekabr ayının 15-də Bakının Əmircan kəndində anadan olub, 1964-1969-cu illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb, 1976-1978-ci illərdə Moskvada Ali Ssenari kurslarını bitirib. Şairin “Bir yağışlı nəğmə” adlı ilk şeirlər kitabı 1970-ci ildə işıq üzü görüb. 1971-ci ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Mozalan” satirik kinojurnalı studiyasında redaktor kimi işə başlamış Ramiz Rövşən 1987-1992-ci illərdə artıq kinostudiyaya baş redaktorluq edib. “Göy üzü daş saxlamaz”  və “Kəpənək qanadları” adlı növbəti iki kitabı ilə o, ümumxalq sevgisi qazanıb. Şeirlərində vətənpərvərlik, bəşəri məhəbbət, müdriklik poetik şəkildə təcəssüm edir. Özünəməxsusluq, bənzərsizlik onun şeirlərinin qayəsindədir. O poeziyamızda yeni irs, yeni cığır açmış və bu irsə öz möhürünü vurmuş əvəzedilməz təkrarolunmaz bir şairdir. Flora Kərimovanın əsrarəngiz “Bağışla”, “Bu qatarın dalınca baxma” kimi mahnılarının mətnləri də onundur. “Babamızın babasının babası” (1981), “Şəhərli biçinçilər” (1986), “Süd dişinin ağrısı” (1987), “Özgə vaxt” (1996), “Məkanın melodiyası” (2004), “Qala” (2008) kimi tammetrajlı bədii filmlərin ssenari müəllifi də odur. “Bulud niyə ağlayır?” və “Pıspısa xanım və siçan bəy” kimi məşhur cizgi filmlərinin,  “Kişi sözü”, “Gecə qatarında qətl”, “Kamança”, “Hacı Qara”, “Küçələrə su səpmişəm”  kimi tammetrajlı bədii filmlərin də mahnı mətnlərinin müəllifidir.

Ramiz Rövşənin şeir və hekayələri keçmiş SSRİ-nin bir çox dillərinə tərcümə edilib, ABŞ-da, Almaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə, İranda çap olunub. Ramiz Rövşən Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2019-cu il may ayının 25-də “Xalq şairi” fəxri adına layiq görülüb. Təbriklər, böyük şair!

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2023)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Biz xalq şairimiz Ramiz Rövşən, eləcə dəeyni gündə dünyaya gəlmiş və eyni ildə vəfat etmiş iki görkəmli alimimiz – Həsən Əhmədov və Dünya Ağalarovanın barədə ayrıca söz açaçağıq. Bu günə təsadüf edən digər əlamətdar hadisələri də diqqətinizə çatdırırıq:

15 dekabr.

Beynəlxalq Zamenqof, yaxud Esperanto günü

Bu gün beynəlxalq dil yaratmaq sahəsində böyük təhqiqatlar ortaya qoyaraq esperanto dilini yaratmış polşalı Lazar Zamenqofun doğum günüdür, bu şərəfə belə bir  günü dünyada qeyd edirlər. Hazirda dünyada iki milyon insan bu dildə danışır, əlbəttə ki, heç də az deyil.

Bizlər də türk dünyası üçün ortaq türk dili yaratmaq amacındayıq, xeyirli və uğurlu olsun.

 

Peşəkar fəaliyyətləri zamanı həyatlarını itirən jurnalistlərin xatirə günü

Rus demokratlarının təklifi ilə təqvimə salınmış bu gündə vurğulanır ki, hər il müxtəlif şəraitlərdə 20-yə yaxın rus jurnalisti və reportyoru həlak olur, bəzi jurnalist ölümlərinin üstü açılmır,  Vladislav Listyevin, Dmitriy Xolodovun qatilləri hələ də azadlıqdadırlar. “Soverşenno sekretno” holdinqinin rəhbəri Artyom Borovikin  haylı-küylü qətlinin də əsl sifarişçisi gizlədilməkdədir. Yeri gəlmişkən, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli də illər ötsə də müəmma pərdəsi altındadır.

Peşəkar fəaliyyətləri zamanı həyatlarını itirən jurnalistlərin xatirə günündə bir nəfəri anmaq isə xalq olaraq borcumuzdur. Söhbət Qarabağda çəkiliş apararkən erməni gülləsinə tuş gəlmiş milli qəhrəman Çingiz Mustafayevdən gedir. Canlarını fəaliyyətləri yolunda fəda etmiş bütün jurnalistlərə, reportyorlara Allah rəhmət eləsin!

 

 “Pişik otaranlar günü”

Ramedilməz, sırtıq ev pişiklərinin əlində əsir-yesir olmuş insanlar üçün belə bir məzəli günü təqvimə salıblar ki, pişikləri ağıllandırmaq yolları insanlara agah edilsin. Əlbəttə ki, maraqlı təyinatdır. “Ay pişik, brız” deyib bizlərin nadinc pişikləri təpiklə qovmasının fövqündə duran mədəni tədbirlər varmiş, deməzsənmiş.

 

Eyfel qülləsi və “Qurdlar vadisi”

Bu gün amerikalılar üçün Milli ədvalı latte günüdür, habelə Milli limonlu keks günüdür; Kanadalılar üçün bayraq günüdür, ağcaqayın yarpaqlı hazırkı bayraq 1964-cü ilin bu günündə qəbul edilib; Yəhudilər üçün növbəti xolokost acısı günüdür, 1941-ci ilin bu günündə Ukrayna ərazisində, Drobıtski Yarda faşistlər 15 min yəhudini öldürüblər. Bu günü kino günü kimi də qeyd edənlər az deyil. Çünki 1939-cu ilin 15 dekabrında premyerası Atlantada baş tutan “Küləklə sovrulanlar” filmi ilk dəfə dünyaca populyar film kimi tarixə düşüb. Rejissor Devid Selznikin bu filmi bir ildə kinoprokatdan rekord gəlir əldə edib, növbəti ildə isə 9 Oskar qazanıb; Fransızlar isə bu gün elliklə Eyfel qülləsinə baş çəkəcəklər, axı bu gün dünyaca şöhrətli fransız memarı və mühəndisi Aleksandr Qustav Eyfelin doğum günüdür. Bu şəxs tək Eyfel qülləsini deyil, tarixdə qalan onlarla şedevr tikintinin, o gümlədən Nyu-Yorkdakı Azadlıq statuyasının müəllifidir.

1915-ci ilin bu günündə New York Times qəzetində ilk dəfə “Osmanlıda erməni genosidi” məqaləsi dərc edilməklə qondarma erməni soyqırımı termini tarixə düşüb. Bu gün həm də “Qurdlar vadisi” filmi ilə adını kinematoqrafiya tarixinə yazmış türk aktyoru və prodüsseri Necati Şaşmazın (1971), habelə dünya rəngkarlığında yeni məktəb yaratmış görkəmli Azərbaycan rəssamı Səttar Bəhlulzadənin (1909) doğum günüdür.

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2023)

 

 

“Şuşanın azad olunmasına görə” , “Cəsur döyüşcü” və “Vətən uğrunda” medalları ilə təltif olunan şəhidimiz Seymur Abbasovun ailəsinə “YAŞAT” Fondu tərəfindən dəstək göstərilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Fonddan məlumat verilib. 

 

Fondun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.

 

“Ədəbiyyat və incəsənət”

(14.12.2023)

Cümə axşamı, 14 Dekabr 2023 16:52

“Ayrılmaz yollar” təqdim ediləcək

 

Şənbə günü - dekabrın 16-da saat 11:00-da Atatürk Mərkəzində şair, publisist, ictimai xadim, Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri Barat Vüsalın yeni çapdan çıxmış "Ayrılmaz yollar" kitabının təqdimat mərasimi keçiriləcək. 

Tədbir “Qazax" Xeyriyyə İctimai Birliyinin təşkilatçılığı ilə baş tutacaq. 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “Qazax” Xeyriyyə İctimai Birliyinin mətbuat katibi Səbinə Yusif məlumat verib.

 

“Ədəbiyyat və incəsənət”

(14.12.2023)

Cümə axşamı, 14 Dekabr 2023 13:43

Ölümü sevən və sevdirən Şair - Ramiz Rövşən

Əli Bağış yazır

 

Sabah Ramiz Rövşənin 77 yaşı tamam olacaq. “Bəlkə” sözündən sonra şeirlərində   “Ölüm“ sözü keçən ikinci bir şair yəqin ki yoxdu.

“Ölüm” sözü Şairin şeirlərində “Həyat” sözü qədər o qədər şirinləşir ki, bəzən çaşbaş qalırsan: Hansını daha çox sevəsən?!

Ölümümü? Həyatımı?

 

Mistik, metafizik, ekzistensial şeirlərindən tutmuş (“İlan balası”, “Ayrılıq”, “Çığırtı”, “Kölgə”, “Çarmıxdakı İsa”, “Mən küsüb gedirəm”, “Köhnə məktublar”, “Bu güzgüyə bir vaxt qoşa baxardıq”, “Deyirlər yuxuda ölmək asandı”, “Ölüm kölgəsi” və s  kimi), möcüzəvi, ecazkar, lakonik, sadə və heyrətamiz “Nəğmələri”nə və 3 poeması da  (“Süd dişinin ağrısı”, “Qapı” və “Canavar ovu”) daxil olmaqla, məhz bu iki kateqoriya arasında inanılmaz bağlılıq yaradan, Həyat və Ölümü sevən və sevdirən titanik intellekt və istedad sahibinin - Ramiz Rövşənin fikir üfüqlərində uçmaq, fikir dəryasında üzmək, fikir torpaqlarından meyvə dərmək çox-çox çətindi.

İlk növbədə istedadın, intellektin olmasa belə (Şairlə müqayisədə deyirəm) onun oxuduğu, oxuyub dərk elədiyi və özündən keçirib (“…Dünya səndən keçib durulur bəlkə”…) şeir diliylə fərqli rakursla, müstəvidə göstərə bildiyi, bəşəriyyətin yüzlərlə fəlsəfi, nəsr və nəzm kitablarının müəlliflərinin heç olmasa adını biləsən…

 

(Bir dəfə, Şairin ”Nəğmələr”indən

 “…Mən bu dünya üzündə,

Bir vaxtsız qonaq idim.

İlahi, ölürəmsə,

Deməli mən sağ idim..” şeirini dedim.

-Əli, bilirsən bu hansı fəlsəfədən gəlir?

-Yox, Ramiz müəllim. 

Durub hansısa bir fəlsəfə axınından 10-15 dəqiqə danışdı. Hamımız ağzı açıla qalmışdıq. Güya indi, Allah qoymasa,  bizlər oxumuş sayırıq özümüzü…)

 

 Son zamanlar əzbər bildiyim, dilimdən düşməyən, fikrimdən çıxmayan “Qapı” poemasının 4-cü bölümü olan “ Ölüm” hissəsidi.

Qonşuları Ziba nənənin yeganə övladı-oğlu, daha doğrusu, atası Məmmədəli kişiylə (Məmmədəli kişi Ziba nənənin oğlunun mindiyi gəminin alman təyyarələri tərəfindən  batırıdığını görübmüş. Bütün gəmidəkilər həlak olubmuş. Amma bunu heç zaman Ziba nənəyə deməyib. Son ümidini bədbəxt qadının əlindən almaq istəməyib…) müharibəyə bir gedib, itkin kağızı gələn, oğlunun yolunu gözləyən Ziba nənənin, Ölümlə görüşü və Ölümün Ziba nənəylə oğlunun yenidən O Biri Həyatda görüşməsindən bəhs edən bu şeir, şahmat diliylə desək, fantastik debütlə başlayır, sonra heyrətamiz  mittelşpillə davam edir və inanılmaz finişlə bitir…

İlk öncə özüm başa düşdüyüm kimi “Qapı”poeması ilə bağlı bir -iki məqamı demək istəyirəm.

İlk öncə iddia edəcəyəm:

Müharibələrdən qayıdan və qayıtmayan oğullar, onları gözləyənlər: anaları və sevgililəri barədə belə bir mistik, metafizik, real olduqca inanılmaz, müharibə faciəsini, bəlalarını belə çılpaqlığı ilə sənə çatdıran, səni heyrətləndirən, səni havalandırıb əl-ayağını yerdən-göydən üzən ikinci bir nəzm  əsəri oxumamışam!!!

“Qapı” - müharibədən dönənlərin Ölümdən Həyata açdıqları, müharibədən qayıtmayanların isə Həyatdan Ölümə açdıqları Keçid Qapısıdı.

Şaxanım nənənin oğlunun Qapıyla söhbəti elə Həyatla söhbətidi.

Oğul ayaqsız qayıdıb. (Rəsmdə ,fantastik istedad sahibi Ərdəşir Rüstəmi, Şaxanım nənənin oğlunun qoltuğunda itirdiyi ayaqları yerinə, onun ayaqlarını aparan iki top mərmisinin gilizələri ilə evə qayıdışını çəkib)

Ana Həyat Qapısını açır:

-Anan ölsün, niyə oturmusan a bala?

-Neyləyim ay Ana, oturmağım da budu, durmağım da…

 

“…Döz bu dərdə-dözənəcən,

Bu dərd səni üzənəcən,

Oğul gəlib dizinəcən,

Hanı dizdən aşağası?…”

və gələcək gəlini Sonanın 

sorğusuna”-yoxsa yalandı, qayıdıb gəlməyib?”

-Qayıdıb dedi, a bala, qayıdıb deyir.

“Gəlib” deməyə dili gəlmədi…

 

(Bir haşiyə çıxım. 2-ci Dünya mühribəsindən təkcə SSRİ-dən  1 milyon 121 min iki ayağı olmaynlar, iki ayağı və iki əli olmayan, rusların vicdansızca  “samovar” dedikləri 85842 qayıtmışdı..)

 

(2-ci haşiyə

Ulu Şairin O Taylı dostu rəssam Ərdəşir Rüstəminin  “Qapı” poemasına çəkdiyi rəsm, həyatımda gördüyüm ən ağrılı, ən təsirli rəsm əsəridi. Ərdəbildə olanda Ərdəşir bəyə telefon açdım ki, bu rəsmi çəkəndən sonra, nə yaxşı havalanmadınız?

-Günlərlə havalı kimi gəzdim,dedi.

“Yollar yedi izlərini,

Oğulların dizlərini,

Anaların gözlərini

Yollar yedi,-doyurtmadı”)

 

…Ölüm, Ziba nənəni oğluyla görüşdürür və oğlu qoca qarını, yəni öz doğmaca Anasını tanımır.

  

“…İndi axı öz başına nə daş salsın bu ölüm,

Qoca-qoca qarıları qaytarıb ,

Cavan -cavan anaları hardan alsın bu ölüm?..”

Gözlərini döyən Ölümün imdadına yenə Ulu Şair çatır:

“…Və hər oğul beləcə

əlindən tanıyar öz anasını…

  Hər oğul öz anasının əlini

  Tumarlayar, sığallayar, oxşayar…”

 

Şair Ölümə, onun əbədi missiyasını yada salır ki, (“Tanrı özü seçib bu yolu bəlkə”) sənin missiyan, dini terminlərlə desək, Fani Dünyada Ayırıb -Baqi Dünyada Qovuşdurmaqdı.

Və Ölümü, Dahi Şair Baqi Dünyadan belə yola salır:

“Nə baxırsan, ay Allahın ölümü,

Sağlıqla get, ölüm sənə yaxşı yol!..”

 

…Və beləcə Dahi Azərbaycan Şairi Ramiz Rövşən Öz adını, şeirlərini, poemalarını, esselərini, hekayələrini, povestlərini, ssenarilərini Ölümə yoldaş edir-ÖLÜMsüzləşdirir!

Yeni, 77 yaşınız qutlu olsun, Ramiz Müəllim!

Nə xoşbəxt adamlarıq ki, Sizinlə eyni dili, eyni dərdləri və eyni Vətəni bölüşdürürük!

 

“Ədəbiyyat və incəsənət”

(14.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.