
Super User
Fisincan, səbzi plov, qatlama…
Bakıda Gənc Kulinarların V Respublika Çempionatı keçirilib
Bakı Gənclər Mərkəzində Azərbaycan Milli Kulinariya Assosiasiyasının və Dünya İslam Kulinariya Birliyinin prezidenti Tahir Əmiraslanovun 65 illik yubileyinə həsr edilən təhsil alan gənc kulinarların beşinci respublika çempionatı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, çempionatda paytaxtdakı və müxtəlif bölgələrdəki universitet və peşə məktəblərində təhsil alan gənc kulinarlar iştirak ediblər. Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti, yubilyar Tahir Əmiraslanovun açıqlamasına görə, rəhbərlik etdiyi qurum tərəfindən artıq 5-ci ildir ki, təhsil alan kulinarların çempionatını keçirməkdə məqsəd milli mətbəximizin tanıdılması və gənclərin kulinariya sahəsinə həvəsinin yaradılmasıdır. Belə yarışların və tədbirlərin keçirilməsi Azərbaycan kulinariyasının inkişafına xidmət edir.
Tədbirin ilk hissəsində iştirakçıların hazırladıqları müxtəlif yemək çeşidləri və şirniyyatlar münsiflərə və qonaqlara təqdim olunub.
Sonra münsiflər ən dadlı və ən vizual effektli təamları müəyyənləşdirməyə başlayıblar.
Seçimlərin həm dadlandırmaya, həm da ümumi kompozisiyaya uyğun aparılması, təbii ki, beynəlxalq kulinariya müsabiqələrinin tələbidir. Görünüşü xoş olmayan ən dadlı yemək diqqət çəkməz, eləcə də görünüşcə gözəl olan dadsız yemək.
Qaliblər müəyyən edilərkən təamların təqdimatı və milli xüsusiyyətlərə uyğunluğu da nəzərə alınıb. Sevindirici haldır ki, kulinar iştirakçılar - gənclər və yeniyetmələrin hamısında gözəl əhvali-ruhiyyə və həvəs müşahidə olunub.
Bəyənilən iştirakçılara gəldikdə isə, Naxçıvandan qatılan kulinarların stendi çox bəyənilib, çünki onlar daha çox qədim və milli kompozisiya yaradıblar.
Çempionata Sumqayıt şəhərindən qatılan gənc kulinarların təqdim etdikləri
fisincan və səbzi plov da hədsiz bəyənilib.
Sonda tədbirin rəsmi hissəsi baş tutub və çempionatın qalibləri mükafatlandırılıb.
Hamı tədbiri gözəl ağız dadı və xoş ovqatla tərk edib.
“Ədəbiyyat və incəsənət”
(10.04.2023)
Zəif çoxluq güclü azlığa tabedir
“Qarabağda 620 yaşayış məntəqəsi ləğv edilir” məlumatına ekspert baxışı
“Ədəbiyyat və incəsənət” Açıq portfel rubrikasında sizlərin diqqətinə çox maraqlı bir statistikanı çatdırmaq istəyir.
Qayıdış planına görə, Qarabağın işğaldan azad olunmuş ərazilərində salınacaq yaşayış məntəqələrinin sayı mövcud 936-dan 316-dək endiriləcək.
Rayonlar üzrə baxsaq, ən çox azalma Qubadlı rayonunda olacaq - əvvəlki 91 yaşayış məntəqəsindən cəmi 24-ü saxlanılacaq.
Kəndlərin sayının Cəbrayılda 89-dan 25-ə, Zəngilanda 71-dən 22-ə, Füzulidə 76-dan 27-ə, Ağdamda 115-dən 48-ə, Kəlbəcərdə 145-dən 63-ə, Laçında 124-dən 45-ə endirilməsi planlaşdırılır.
İndiyədək dövlət büdcəsindən (2021-22-ci illər üzrə) Qarabağın bərpasına 6 milyard 488 milyon 600 min manat vəsait xərclənib. Xəcrlənmiş vəsaitin 76 faizi və ya 4 milyard 936 milyon 800 min manatı avtomobil yollarının layihələndirilməsi və tikintisində istifadə olunub.
“Ədəbiyyat və incəsənət” portalı məsələyə ekspert baxışını da diqqətinizə çatdırır. Siyasi ekspert Adəm İsmayılov kəndlərin azaldılmasına sosial mediada rast gəlinən neqativ münasibətin fonunda bu addımın çox düzgün olmasını vurğulayır: “Gəlin unutmayaq ki, 620 yaşayış məntəqəsi ləğv edilir xəbərinin arxasında faktiki yaşayış məskənləri deyil, ermənilər tərəfindən məhv ediımiş 620 xarabazar dayanır. Cəmi 2-3 ailə yaşayan, keçilməz dağ ərazilərində, yolsuzluq şəraitində mövcud olan kəndlərin yenidən bərpa edilməsi qeyri-rentabelli bir iş olduğundan həyata keçirilən mərkəzləşmə siyasəti çox düzgündür. Yalnız bu halda biz Qarabağı yüksək həyat səviyyəsi formalaşdırılmış bir məkana çevirə bilərik.”
Və elə bu yerdə bir zəruri qeydi də aparaq. Yerlə yeksan olmuş bəzi keçmiş yaşayış məskənlərini muzey kimi saxlamaq, dünyaya və gələcək nəsillərə nümayiş etdirmək də məntiqli olardı. Eynən qapaq şəklində gördüyünüz fotodakı kimi.
“Ədəbiyyat və incəsənət”
(10.04.2023)
O getmək istəyirdi, amma gedə bilmədi…
Azərbaycanın Xalq artisti İrana Tağızadə vəfat edib
Azərbaycan mədəniyyətinə ağır itki baş verib. Azərbaycanın Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İrana Tofiq qızı Tağızadə ötən gün səhər vəfat edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bununla bağlı Mədəniyyət Nazirliyi mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib. Və rəsmi açıqlama yayaraq mərhuma Allahdan rəhmət diləyib.
Xatırladaq ki, həyatını Rus Dram Teatrı ilə bağlamış aktrisa 11 il bundan əvvəl teatrdan gedəcəyi barədə bəyanat vermişdi.
“Hələlik üç ay ərzində "Azdrama"da layihədə çalışacam. İş çox ağırdır, buraya bütün gücünü sərf etməlisən. Mənim "Karamazov qardaşları" tamaşasındakı rolum yüksək təəssürat yaradıb. Elçin Əfəndiyev məni öz pyesində görmək istəyir. "Artist" pyesi klassik formalı bir tamaşadır", - demişdi. Amma 3 aydan sonra yox, heç 11 ildən sonra da tetardan getməyə ürək eləməmiş, doğma kollektivdən ayrıla bilməmişdi.
O əməkdar artist Firdovsi Ağakişiyevin həyat yoldaşı, görkəmli rejissor Tofiq Tağızadənin isə qızı idi.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(10.04.2023)
Görəsən, 60-da ülviləşən sevgilər çoxmudur?
Şəhərin mədəni həyatına canlanma gətirən bir tədbir barədə qeydlər
“Ədəbiyyat və incəsənət”in əməkdaşı Kənan Məmmədlinin şair İbrahim İlyaslının Sumqayıt Dövlət Dram Teatrında keçirilən 60 illik yubileyi barədə qeydlərini təqdim edirik.
Yubiley bitəndən və tamaşaçılar Sumqayıt Dövlət Dram Teatrının gözəl və rahat zalını tərk edəndən sonra hələ uzun müddət orada saz-söz cingiltisi duyuldu, insanların xoş təəssüratlarının əksi dövran etdi.
Bəli, Sumqayıt Dövlət Dram Teatrında Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Milli Məclisin Mədəniyyət Komitəsinin və Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi ilə AYB Poeziya seksiyasının rəhbəri, Əli Kərim adına Sumqayıt şəhər Poeziya klubunun direktoru şair İbrahim İlyaslının 60 illik yubileyinə həsr olunan tədbir uzun müddət yaddaşlarda qalacaq. Tədbirdə MM Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Millət vəkili Müşviq Məmmədli, Sumqayıt şəhər İcra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, xarici ölkələrdən gələn qonaqlar, şəhər ictimaiyyətinin çoxsaylı nümayəndələri və oxucular iştirak edirdilər. Tədbirin aparıcısı isə MM Mədəniyyət Komitəsinin eksperti, şair-publisist Əkbər Qoşalı idi. Səhnədə qoyulmuş kreslolarda iki şair, iki türkçü və iki dost - İbrahim İlyaslı və Əkbər Qoşalı qoşa əyləşmişdilər.
Öncə Sumqayıt şəhər İcra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov yubilyarı, qonaqları və tədbir iştirakçılarını şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun adından salamlayaraq İbrahim İlyaslının şəhərin mədəni həyatında fəal iştirakından danışdı, onun bu günlərdə icra başçısı tərəfindən qəbul edilərək Fəxri Fərman və qiymətli hədiyyə ilə mükafatlandırıldığını qeyd etdi. Teymur Səmədovun gözəl intonasiya ilə şairin “Necəsən” şeirini söyləməsi isə tədbirin lap başlanğıcında bir kulminasiya oldu. Və hətta tədbirə dəvət ediımiş qiraətçilər belə etiraf etdilər ki, onlar bu şeiri bu qədər gözəl deyə bilməzdilər.
Yubiley gecəsinin ilk musiqi töhfəsi - “Sumqayıt” Milli Kamera ansanblının ifasında şairin “Sumqayıt” şeirinə bəstəkar Zərif Kərimovanın bəstələdiyi mahnı oldu, mahnı ansanblın bədii rəhbəri Şərqiyyə Mustafayevanın dirijorluğu ilə səhnədə yer aldı və alqışlarla qarşılandı. Daha sonra Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Paşayeva çıxış etdi, poeziyanın gözəl bilicisi olan Qənirə xanım şairin yaradıcılığına rakurs etdi və komitə adından ona at rəsmli tablo hədiyyə etdi. At murazdır, bu rəmzi məna poeziyamızda iz qoymağı özünə amal götürmüş şairə bir çağırış oldu həm də.
Milli Məclisin Sumqayıtdan seçilmiş depuatatı Müşviq Məmmədli də şairi 60 illik yubileyi münasibəti ilə təbrik etdi, şəhərin mədəni həyatında onun rolunu dilə gətirdi. Hər iki millət vəkili İbrahim İlyaslının həyat və yaradıcılığından ətraflı söz açaraq onu çağdaş poeziyamızın öndə gedən nümayəndələrindən biri, uzun zamandır ki, ümumtürk ədəbiyyatına öz töhfələrini verən bir tərcüməçi olaraq dəyərləndirdilər. Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli AYB “Fəxri Diplom”unu yubilyara təqdim etdi və onun AYB Poeziya seksiyasının rəhbəri olaraq səmərəli fəaliyyətindən söz açdı. Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev 60 illik yubileyi münasibəti ilə İbrahim İlyaslının adına yazılan ünvanı tədbir iştirakçılarının diqqətinə çatdırdı, onu idarənin Fəxri Fərmanı ilə təltif etdi.
Aparıcı Əkbər Qoşalı tədbirə qatıla bilməmələri səbəbindən yubilyarı təbrik teleqramı ilə yada salan ağsaqqal xalq şairimiz Nəriman Həsənzadə və Sumqayıtın eks icra hakimiyyəti başçısı, ədəbiyyatın böyük dostu Şakir Abuşev barədə bilgi verdi. Daha sonra səhnəyə başında yaşıl fəs olan qonaq təşrif buyurdu. Tatarıstan Yazıçılar Birliyinin sədri, Tatarıstan Dövlət Sovetinin deputatı Rıkail Zəydullin çıxış edərək, İbrahim İlyaslının Azərbaycanla Tatarıstan arasında ədəbi əlaqələrin inkişafındakı xidmətindən danışdı və ona “Təşəkkür Məktubu” təqdim etdi. Çuvaşıstan Respublikası Peşəkar Yazıçılar İttifaqının sədr müavini, gözəl şairə Marina Karyagina özünün Azərbaycan sevdasından danışdı və burada ədəbiyyatın rolunu yüksək dəyərləndirdi, İbrahim İlyaslını yubileyi münasibəti ilə ürəkdən təbrik edərək, ona Çuvaşıstan Yazıçılar İttifaqının mükafatını təqdim etdi.
Tədbirin növbəti kulminasiyası şairin qardaşı, müasir Azərbaycan aşıq sənətinin ən zirvələrində qərarlaşmış İlham Aslanbəylidən gəldi. O sazı necə dilə gətirdisə qardaşının poeziyası telli sazın sayəsində coşdu, kükrədi, ürəkləri riqqətə gətirdi. Rusiya Federasiyasının Arxangelsk vilayətində Azərbaycan diasporunna rəhbərlik edən Tərlan Qasımov da çıxış edərək, yubilyarı təbrik etdi və ona xatirə hədiyyəsi təqdim elədi.
Qeyd edək ki, şairimiz əslən Qazax rayonunjn Aslanbəyli kəndindəndir, gənc yaşlarından Sumqayıta gələrək ali təhsil alaraq bu şəhərin Alüminium zavodunda əmək fəaliyyətinə başlayıb.
Bu səbəbdən də “Qazax” Xeyriyyə İctimai Birliyinin təbriki gözlənilən idi. Birliyin sədri, çox hörmətli professor İlham Pirməmmədov çıxış etdi, şairin yaradıcılığından və ictimai fəaliyyətindən söz açdı və İbrahim İlyaslını Birliyin təsis etdiyi “Səməd Vurğun” diplomu ilə təltif etdi. Və daha bir kulminasiya: Diplomu yubilyara Səməd Vurğunun nəticəsi, Səməd Vurğunun Ev muzeyinin yeni təyin ediımiş direktoru, tanınmış gənc musiqiçi Vurğun Vəkilov təqdim etdi.
Tanınmış qiraətçi Xəzər Süleymanlının şairin şeirini səsləndirməsi də onsuz da xoş olan ovqata bir qədər də müsbət aura əlavə etdi. Prezidentin fərdi təqaüdçüsü, əməkdar müəllim, şairə Ofelya Babayeva İbrahim İlyaslının Sumqayıtda ədəbi mühitin formalaşmasındakı və inkişafındakı xidmətlərindən söz açdı, onun “Dəniz” ədəbi birliyi, Poeziya evi vasitəsilə ədəbi gəncliyin inkişafına təkan verdoyini vurğuladı, yubileyi münasibəti şəhərin ədəbi ictimaiyyəti adından onu təbrik etdi. Yubiley gecəsində filologiya üzrə fəlsəfə doktoru, şairə Adilə Nəzər də şairin yaradıcılığı barədə geniş məruzə ilə çıxış etdi. Sonra Dünya Gənc Türk Yazarları Birliyinin başqanı, şair İntiqam Yaşar təbrik nitqi ilə çıxış edərək İbrahim İlyaslını DGTYB-nin 25 illik Yubiley Medalı ilə təltif etdi. Tədbirin sonunda çıxış edən yubilyar tədbirin təşkil olunmasında əməyi keçən hər kəsə dərin təşəkkür və minnətdarlığını bildirdi və “Zəfər Marşı” şeirini səsləndirdi.
Və mən bu yazını hələ də İbrahim İlyaslının haqqında bol-bol tərif dediyimiz “Necəsən” şeirini oxumayanlar üçün şeiri təqdim etməklə yekunlaşdırır, sevimli şairimizə isə “Həmişə yaxşı olasan” mesajını çatdırıram.
NECƏSƏN
Mənim səndən uzaqlarda
Yamandı halım, necəsən?
Özgəsinə qismət olan
Cahı-cəlalım, necəsən?
Yalana döndü gerçəyim,
Ay gözəlim, ay göyçəyim.
Çəmənim, çölüm, çiçəyim,
Pətəyim, balım, necəsən?
Daşam yolun üstə bitən,
Nə sirdi anlamaz yetən.
Gözü, könlü dil-dil ötən,
Dilləri lalım, necəsən?
Zər-zibam, ləlim, gövhərim,
Yaqut-yəmən, simu-zərim,
Barmaqları bəxtəvərim,
Başı bəlalım, necəsən?
Üzün dönməz mənə sarı,
Yarı öz ömründən, yarı.
İbrahimin sitəmkarı,
Necəsən, zalım, necəsən?
Fotolar sumqayıtlı fotoqraf Şakir Rəhmanındır.
“Ədəbiyyat və incəsənət”
(10.04.2023)
Biri Amerikada, biri Belçikada
“Ədəbiyyat və incəsənət” sizlərə iki həmyerlimizin beynəlxalq uğuru barədə söz açmaq istəyir. Söhbət uğurlarını redaksiyamızla bölüşən Ümid Nəccaridən və Soltan Soltanlıdan gedir.
Şair Ümid Nəccarinin “Oktyabr gülləsi” adlı şeiri Amerikanın “Spillwords” ədəbiyyat və incəsənət saytının manşetində dərc edilib.
Rəssam Soltan Soltanlı isə Belçikada keçirilən beynəlxalq karikatura yarışmasında Sertifikat qazanıb.
“Ədəbiyyat və incəsənət”
(07.04.2023)
Bir dəhşətli qalanın sirri
“Ədəbiyyat və incəsənət” portalı ədəbiyyatşünas, şairə Adilə Nəzərin “Əlamut qalası” yazısını oxuculara təqdim edir. Xatırladaq ki, söhbət 12-ci əsrdə dünya xalqları üçün vahimə mənbəyinə çevrilmiş bir məkandan gedir. Azərbaycanda çəkiləcək ilk tarixi serial - 44 bölümlük “Azərbaycan Atabəyləri: Şəmsəddin Eldəniz” filmində, yeri gəlmişkən, bir çox hadisələr həmin məkanda cərəyan edəcək.
Vladimir Bartolun "Fədailər qalası Əlamut" kitabını oxuyub bitirdim. (Bundan əvvəl Peter Villeyin də "Ələmut" kitabını oxumuşdum. Müəyyən qədər fərqlərlə əsər demək olar ki, eyni məzmunu təşkil edir)
Kitabda Xəzər dənizinin cənubunda, İranın şimalında yerləşən Ələmut qalasının XI əsrdə necə, hansı sirlərə şahidlik etdiyi ortaya çıxır.
Əsərin qəhrəmanı dünya tarixinin ən əsrarəngiz və ən qorxulu liderlərindən biri olan Həsən Sabbahdır. Həsən Sabbahın yaratdığı Xaşxaşilər təriqəti İslamın şiəlik qoluna, daha dəqiq desək bu qolun İsmayili təriqətinə əsaslanır. Xaşxaşilərin (təriqətin adı çox şey deyir) lideri Həsən Sabbah mənə görə insanı insan edən bütün əxlaqi və mədəni dəyərləri rədd edən və bu dünyagörüşünü çox qısa bir müddətə dünyanın hər yerinə yaya bilən, özünə tərəfdarlar toplamağı bacaran bir avtoritetdir.
Roman sadəcə bədii əsər deyil. Yəqin ki, müəllifin uzun illər ərzində İslamın IX-XII əsrlər dövrünü tarixi və elmi yöndən əsaslı şəkildə tədqiqi sayəsində yazılıb. Çünki əsər özlüyündə tarixi faktları əks etdirir. Belə demək olarsa, müəllif min illərin tozunu çırparaq altından ziddiyyətli dini fikirləri, qorxunc qətlləri ilə tarixə iz qoymuş, Ələmut qalasının fatehi Həsən Sabbahı üzə çıxarır. O Həsən Sabbahı ki, qəlbi təmiz, niyyəti saf, fiziki cəhətdən sağlam insanları cənnət vədi ilə aldadaraq din fədailəri ordusu (əslində isə sui-qəsdçilər ordusu) yaradıb, hökmlər, fətvalar verib öz siyasi əməllərinə alət etmişdi.
(Ələmut qalası 1256-cı ildə Moğollar tərəfindən alınana qədər bu təriqətə məxsus olmuşdur)
Romanı mümkün qədər yaşından asılı olmayaraq dini inancında boşluq olan hər kəsin oxumasını tövsiyyə edirəm.
Niyə?
Əsərdə təsvir olunan hadisələr min il əvvəl baş verən və bitən hadisələr deyil, bu gün də davam edən, gələcəkdə də davam edəcəyinə şübhə olmayan hadisələrdir. Bəlkə də bu gün bu mövzuda vəziyyət o zamankından daha ciddidir. Çünki əvvəllər bu növ fırıldaqçı çox nadir və insanların daha az inanclı olduqları yerlərdə görünürdüsə, indi bu cür vicdan istismarçıları fərqli qurumlar altında eyni işləri davam etdirirlər.
İndi dünya Həsən Sabbahlarla doludur.
Kitabın əvvəlində diqqət çəkən bir cümlə var ki, bu cümlə əsər boyunca özünü gah H.Sabbahın süni yaratdığı cənnətin mələyi, gah həmin cənnət uğruna qatil olmağı, hətta daha tez ölümə qovuşmağı gözə alan fədailərdən biri kimi təsəvvür edən oxucununun sonda gəldiyi nəticəyə çevrilir. Bir də maraqlısı budur ki, həmin cümlə din adı altında ağlagəlməz qətllər törədən, qadağalar qoyub zülmlər edən qəhrəmandan qalan yeganə kitabdan götürülüb. (Hülaki xan qalanı əsir alanda H.Sabbahın bütün kitablarını yandırmışdı, bir kitabından başqa. Çünki o kitab H.Sabbahın avtobioqrafiyası idi.) Cümlə belə idi:
“Heç bir şey gerçək deyil. Hər şeyə icazə var.”
Şəkildə Həsən Sabbah. Ələmut qalası XI əsrdə və hazırkı görüntüsü.
“Ədəbiyyat və incəsənət”
(07.04.2023)
Bazar günü “M.Teatr “Vidalaşmadan getməyin” deyəcək
Aprelin 9-da - bazar günü müstəqil “M.Teatr”ın (“Mənim teatrım”) səhnəsində “Vidalaşmadan getməyin” adlı monotamaşa növbəti dəfə nümayiş olunacaq.
Bu monotamaşanın müəllifi Rövşən Ağayev, quruluşçu rejissoru, Xalq artisti Vidadi Həsənov, səhnə plastikası Mikayıl Mikayılov, bəstəkarı Vüqar Məmmədzadə, rəssamı Ülkər Əliyevadır. Səhnə həlli tamaşaçıya aktyor Oqtay Mehdiyevin təqdimatında çatdırılır.
Qeyd edək ki, “Vidalaşmadan getməyin” adlı monotamaşada haradansa peyda olan bir kişi bizə öz həyatını, keçmiş günlərini və o günlərin fərqində olmadığı məqamlarını danışır. Həmçinin səhnə əsərinin paradiqması, ana xətti tamaşa boyu tamaşaçılara təqdim olunur.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(07.04.2023)
Mayın 12-də “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı 2023” ilinin açılış mərasimi keçiriləcək
“Hazırkı toplantıda TÜRKSOY-a üzv ölkələr üzrə UNESCO Milli Komissiyalarına sədrlik Türkiyədən Azərbaycana keçəcək. Bu baxımdan, ötən dövr ərzində məhsuldar fəaliyyətlərinə görə Türkiyə tərəfinə təşəkkürümüzü bildiririk. Eyni zamanda, növbəti dövr üçün Azərbaycanın sədrliyi zamanı ciddi nailiyyətlər əldə ediləcəyinə əminliyimizi ifadə edirik”.
Bunu mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli TÜRKSOY-a üzv ölkələrin UNESCO Milli Komissiyalarının 9-cu Toplantısında çıxışı zamanı deyib.
“Bu il mayın 12-də “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı 2023” ilinin açılış mərasimi keçiriləcək. İnanırıq ki, Şuşada keçiriləcək tədbirlər türk dövlətləri arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafının növbəti uğuru olacaqdır”,-deyə mədəniyyət nazirinin birinci müavini bildirib.
“Ədəbiyyat və incəsənət”
(07.04.2023)
Ankarada 37-ci Beynəlxalq Musiqi Festivalı keçirilib
Ankarada “CSO ADA Ankara”nın böyük səhnəsində 37-ci Beynəlxalq Musiqi Festivalı keçirilib.
AzərTAC xəbər verir ki, Türkiyənin paytaxtının ən mötəbər festivallarından birinin açılış günüdə Azərbaycan Respublikasının Əməkdar Artisti Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri iştirak edib.
Bu Festivalın ilk konsertinin məhz Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin iştirakı ilə gerçəklənməsi çox sevindirici, eyni zamanda qürurvericidir. Bu layihənin həyata keçirilməsində uzun illər klassik musiqini həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda təbliğ edən “Premier LTD” konsert agentliyinin rəhbəri Nəzakət Qasımovanın böyük xidmətləri var. Konsert proqramında tanınmış solistlər – Azərbaycanın Respublikasının Xalq artisti Murad Adıgözəlzadə (fortepiano) və Əməkdar artist Elvin Xoca Qəniyev (skripka) öz ifalarını təqdim ediblər.
Proqramda Ferit Tüzünün “Çayda çıra”, Fikrət Əmirovun violin, piano və orkestr üçün Konserti və Antonin Dvorjakın 9 nömrəli “Yeni dünyadan” Simfoniyası səslənib. Bu əsərlərdən əlavə ilk hissənin sonunda Corc Villiamsın “Schindler`s list” kinofilminə yazılmış musiqisi ifa olunub. İfa Türkiyədə zəlzələ zamanı həyatlarını itirmiş insanların xatirəsinə həsr edilib. Konsert “Türk marşı” ilə tamamlanıb.
Festivalın açılış günüdə qonaq qismində Türkiyənin 10-cu prezidenti Əhməd Necdət Sezər, məşhur türk pianoçusu Gülsin Onay, dünyaşöhrətli dirijor Erol Erdinç və digər tanınmış simalar iştirak ediblər.
“Ədəbiyyat və incəsənət”
(07.04.2023)
TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu dövr sədrliyi Türkiyədən Azərbaycana ötürüldü
TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının Bakı və Şuşada 9-cu İclası davam edir
Aprelin 7-də Azərbaycan Respublikası Prezidenti yanında UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimi keçirilir.
“Ədəbiyyat və incəsənət”
AzərTAC-a istinadən xəbər verir ki, ADA Universitetində baş tutan tədbirdə Azərbaycan Respublikasının xarici işlər naziri, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının sədri Ceyhun Bayramovun video müraciəti təqdim edilib. Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsini icra edən Adil Kərimli, TÜRKSOY-un Baş katibinin müavini Bilal Çakıcı və UNESCO üzrə Türkiyə Milli Komissiyasının prezidenti Öcal Oğuz açılış mərasimində çıxış ediblər. Açılış zamanı TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu dövr sədrliyi Türkiyə Respublikasının UNESCO üzrə Milli Komissiyasından Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasına ötürülüb.
ADA Universitetinin Dövlət, xarici və tələbə işləri üzrə prorektoru, eləcə də İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən açılış mərəsimində UNESCO Baş direktorun Prioritet Afrika və Xarici Əlaqələr üzrə müavini Firmin Eduard Matokonun ünvanladığı videomüraciət tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Çıxışçılar sırasında yer alan Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının ilk sədri Həsən Həsənov, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri akademik Əhliman Əmiraslanov və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə ötən 30 il ərzində Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişafından bəhs edərək mədəni irsimizin dünyada daha geniş miqyasda tanıdılmasına fayda verəcək təkliflərlə çıxış ediblər.
Açılış mərasimi başa çatdıqdan sonra panel müzakirələr və seminarlar öz fəaliyyətinə başlayıb.
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyanın baş katibi Seymur Fətəliyevin moderatorluğu ilə keçirilən ilk paneldə ölkəmizin UNESCO-nun icra etdiyi proqram və layihələrə dəstəyi və əməkdaşlıq imkanları müzakirə edilib, həmçinin panel iştirakçılarının bu istiqamətdə təklif və tövsiyələri dinlənilib.
ADA Universitetinin dövlət, xarici və tələbə işləri üzrə prorektorunun müşaviri, İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyevanın moderatorluğu ilə keçirilən növbəti panel mədəni irsin qorunması, elm, təhsil sahəsi üzrə UNESCO çərçivəsində əlaqələrin daha da genişləndirilməsi və birgə beynəlxalq tədbirlərin keçirilməsi mövzularını əhatə edib.
Maddi və qeyri-maddi mədəni irs, təbii irsin qorunması və təhsil məsələlərini əhatə edən seminarlardan və mütəxəssis rəyləri dinlənildikdən sonra TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının ölkəmizdə keçirilən 9-cu İclasının yekun bəyanatı işlənib hazırlanıb. 2023-cü il Türk dünyasının mədəniyyət paytaxt, Şuşa şəhərində keçiriləcək iclasın yekun bağlanış mərasimində sözügedən bəyanat qəbul ediləcək.
“Ədəbiyyat və incəsənət”
(07.04.2023)