Super User
2873 ulduza örnək Mübariz!
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Çəkdin yağıların sinəsinə dağ,
Nərəndən titrədi əsir Qarabağ,
Nədən qürurluyuq ölüyük, ya sağ?!
Bu dərddən kükrəyib durdun, Mübariz,
Düşməni köksündən vurdun, Mübariz.
Qisasın yolunu öyrətdin bizə,
Mənfur iblislərə nifrətin nizə,
Yaradan bu şərdən xilası çözə,
Dərdi nə ağırmış yurdun, Mübariz,
Düşməni köksündən vurdun, Mübariz.
Yetdin şəhidliyə şir ürəyinlə,
Mübarək bahadır, pir ürəyinlə,
Əlləşdi, vuruşdu sirr ürəyinlə
Bu sirdən bir tarix qurdun, Mübariz,
Düşməni köksündən vurdun, Mübariz.
(Şirinxanım Kərimbəyli Şadimanın şeirindən bir neçə bənd)
Ulduzlar tək səmanı bəzəmir, məncə, ulduzlar tək göylərdə olmur. Şəhidlər də torpağın ulduzlarıdır. Onların qanı hesabına bu torpaq işıqlanır, bu torpaq canlanır və vətən vətən olur, millət də millət. Necə deyərlər... Torpağa şəhid qanı tökülübsə, o torpaq vətəndir.
Bu torpağın İkinci Qarabağ müharibəsində 2783 ulduzu oldu. Onların hesabına bu torpaq vətən oldu. Lakin İkinci Qarabağ müharibəsi igidlərinin örnək aldığı, dərsliklərdə haqqında oxuyub ürəklərinə igidlik toxumu əkən igidlər var. Bu igidlərdən biri də Mübariz İbrahimovdur. O Mübariz İbrahimov ki, onun cəsarətinin qabağını heçnə kəsə bilməmiş 2010-cu ildə təkbaşına 1 kilometr (0.62 mil) məsafəlik minalanmış ərazidən keçərək Tərtər rayonunun Çaylı kəndində yerləşən Ermənistan Silahlı Qüvvələrinin zastavasına basqın edə bildi. İbrahimov burada erməni qüvvələri ilə beş saat döyüşdü və səhər saatlarında şəhid oldu.
Azərbaycan Prezidenti İlham Əliyevin 22 iyul 2010-cu il tarixli fərmanı ilə Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir. Sərəncamda qeyd edilmişdir ki, Milli Qəhrəman adı Mübariz İbrahimova "Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə" verilmişdir. Bundan başqa İlham Əliyevin İbrahimovun xatirəsini əbədiləşdirmək üçün imzaladığı sərəncamda qeyd edilmişdir: "Nazirlər Kabineti Biləsuvar rayonunun orta məktəblərindən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin; Biləsuvar rayon İcra Hakimiyyəti Biləsuvar rayonunda küçələrdən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin".
15 iyun 2011-ci ildə onun adını daşıyan məktəbin qarşısında Azərbaycan Mərkəzi Bankının sponsorluğu ilə Mübariz İbrahimovun 4 metrlik qranit heykəlinin açılışı olmuşdur.
Mübariz İbrahimov 2010-cu ildə ANS Şirkətlər Qrupu tərəfindən Azərbaycanda "ilin adamı" seçilmişdir.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(09.02.2024)
Əlisəmid Kürün “Tənha Kentavr” kitabı nəşr olunub
Dövlət Tərcümə Mərkəzi tanınmış Azərbaycan şairi Əlisəmid Kürün 70 illiyi münasibətilə “Tənha Kentavr” kitabını nəşr edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Tərcümə Mərkəzinin yaydığı məlumata görə, kitaba şairin şeirləri ilə yanaşı, həyatının müxtəlif dövrlərini əks etdirən fotoqalereya da daxil edilib.
Kitabda, həmçinin Arif Məlikov, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, Elçin, Nüsrət Kəsəmənli, Ramiz Rövşən, Vaqif Səmədoğlu, Nizami Cəfərov kimi tanınmış elm, sənət və mədəniyyət xadimlərinin şairin şəxsiyyəti və yaradıcılığı ilə bağlı söylədiyi fikirlər də yer alıb.
“Rəngli kölgələr”, “Kentavr”, “Çaylar məcrasından çıxanda”, “Sonuncu dua”, “Qan-tər içində” kitablarının müəllifi olan Əlisəmid Kür Türkiyənin “Qızıl çələng”, “Vektor” Elmi Mərkəzinin “Poeziya”, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Türk ədəbiyyatına xidmətlərinə görə” mükafatlarının laureatıdır.
“Ədəbiyyat və incəsənət”
(09.02.2024)
Türk Dövlətləri Təşkilatının Baş katibi Türk Mədəniyyəti və İrsi Fondunda olub
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edərək, təşkilatın prezidenti Aktotı Raimkulova və Fondun qurucu üzv dövlətlərinin diplomatları ilə görüşüb.
Fonddan AzərTAC-a bildirilib ki, görüşdə Türk dünyasında inteqrasiya proseslərinin gücləndirilməsi yönündə Türk dövlət başçıları tərəfindən mühüm səylərin göstərilməsindən söz açılıb. Sözügedən istiqamət üzrə Türk dövlət başçıları tərəfindən təsis olunan Türk Əməkdaşlıq Təşkilatlarının koordinasiyalı fəaliyyətlərinin önəmindən bəhs olunub. Fond ilə Türk Dövlətləri Təşkilatının qarşılıqlı əlaqələrinin daha da möhkəmləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Görüşdə Türk dövlətlərinin maddi-mənəvi irsinin təbliği, qorunması və bərpası sahəsində Türk Mədəniyyəti və İrsi Fondunun xüsusi rolu vurğulanıb. Fond tərəfindən “Türk Dünyasının Mədəni İrsi Haqqında” Konvensiyanın hazırlanması yüksək qiymətləndirilib.
Görüş Fond ilə Türk Dövlətləri Təşkilatının birgə əməkdaşlığı çərçivəsində gələcək beynəlxalq miqyaslı layihələrin həyata keçirilməsinə dair müzakirələrlə davam edib.
“Ədəbiyyat və incəsənət”
(09.02.2024)
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Ömür-yanmış zəmi kimi...” şeiri
Poetik Qiraətdə bu gün sizlərə yenidən Cəlilabadda yaşayıb yaradan ustad Əlizadə Nurinin şeiri təqdim ediləcək, “Ömür-yanmış zəmi kimi...”
Su çəkən kağız kimiyəm,
Gəzdirirəm can yerinə.
Günəş deyil, bəlkə qandı
Yığılıbdı dan yerinə?
Məni sevgi fəsli çəkir,
Göy üzünün qəsri çəkir...
O kimdi eşq rəsmi çəkir
Sinəmin kətan yerinə?!
Ömür-yanmış zəmi kimi...
Su basmış zirzəmi kimi.
...O qız batan gəmi kimi
Dönmədi liman yerinə...
“Ədəbiyyat və incəsənət”
(09.02.2024)
GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Şəhram Qolkarın “Abstrakt”ı
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Şəhram Qolkarın şeirlərini təqdim edir.
Şəhram Qolkar 1973-də Muğanda doğulmuşdur. Baklavra qədər orada olub oxuyubmuş. Universitet illərini şirkət yönətimi sahəsində davam etmək üçün Tehrana yol almışdır. Orada olub Muğanda olmayan azcıq olanaqlar uşaq çağlarından başlayan ədəbiyyat həvəsini daha da qabartmışdı. Az zamanda gəlişməsinin yapdırtdığı açıq ara az sonra əsgərlikdəki və daha sonra yaranan geniş bol boş işsizlik vaxtları ona şeir, hekayə, araşdırma və məqalələr üzrə yazı, köçürmə, çevirilər, ayrıca genəl mədəni ortamda qəzet, jurnal, sanalda ədəbi sitə yazdırtdırlb.
ABSTRAKT
Gecə gəlləm yanına:
Buraxarıq özümüzü axına
Dolanarıq
Dolaşarıq
Heç kimsəyə sataşmarıq
Sən kabusdan qurtararsan
Mən röya axtarışından.
Gecə gəlləm yatağına;
Şarjın cibində qalar
Əllərin quş adsına yollanar
Mənim də yorğan-döşəyim nəfəs çəkər
Fikirimi son andaca bataqlığa uzanan mesaj çəkər
Axşam gəlləm qapınıza;
Qucun çəkər məni,-
Alar içinə
Saçını xışmalayib
Sarılaram qoxuna
Hürkək kipriklərindən aslanaram
Hovxurub isidərəm rüzgarı
Sən qapı deşiyindən qurtararsan
Mən küçədən
Səhər duş alıb çıxarsan;
Otuzduraram kətildə
Saçına seşvar çəkib
Telini ovcuma alıb,-
Öpub gözümə qoyaram
Çiynağını öykələyib
Sinirinlə tanışaram
Neron`un ilanlarıyla barışaram
Sənin bədənin dincələr,-
Mənim canım
Günüz pasajda görüşüb;
Soyunarıq işin yorğunluğunu
Baxışın məni dincəldər
Sən də mənim uzumun qıyısında
Paltarını soyunarsan
Uzanıb,-
Əndamını özgürlüyə verərsən
Sonra özünü atarsan gözümə.
Ədəbiyyat və incəsənət”
(09.02.2024)
Ad günü keçirmir həbsxanalar! - Əlisəmid Kürün şeirləri
“Ədəbiyyat və incəsənət” Əlisəmid Kürün şeirlərini təqdim edir.
Əlisəmid Kür ədəbiyyatımızın 80-ci illər nəslinin nümayəndəsidir. Bu nəsil olduqca istedadlı, amma istedadlarını realizə etmək üçün min cür çətinliklə üzləşən bir nəsildir, SSRİ-nin dağılması prosesinin başlanması, yeni iqtisadi ictimai formasiya, Qarabağ probleminin başlaması, yeni ədəbiyyat məfkurəsi… və sair, və illaxır.
Əlisəmid Kür özünə Kür təxəllüsünü götürməklə özünün də kür olmasını vurğulayıb, o həm şəxsi həyatında kür olub, həm də yaradıcılığında.
Yağışlı bir gecədə adımı söylədim Kürə. Sağ-soluma baxdım gördüm heç kəs eşitmədi. Yağış dəli, Kür dəli. Qoşulub dəli sulara şeir dedim mən dəli...
Bir həftə öncə Əlisəmid Kürün 70 yaşı tamam oldu.
Amma onun barəsində ən gözəl danışan onun şeirləridir.
BARMAQLARIM – ƏLLƏRİMİN YARPAQLARI
Siqaret tüstüsündən
Saralan barmaqlarım
Payıza qalan yarpaqlar kimi
bir gün töküləcək
sənin ovcuna.
Ovuda bilməyəcəksən barmaqlarımı.
Saçlarına sığal çəkməyəcək,
Silməyəcək
Yanağına süzülən
Göz yaşını.
Nə bir kəsi hədələyib,
Nə dəmir barmaqlığa dönüb
Gözümün üstə...
Barmaqlarım yorulub
Şeir yazmaqdan
Qələm tutmaqdan.
Yadında saxla,
Siqaret tüstüsündən
Saralan barmaqlarım
Payıza qalan yarpaqlar kimi
Bir gün töküləcək sənin ovcuna.
DƏNSİZ DƏYİRMAN DAŞLARI
Fırlanır dəyirman daşı
Baxıram, başım fırlanır.
Fırlanır dünya başıma
Torpağım, daşım fırlanır.
Saçı-saqqalı ağarmış
Sığal çəkmə alt daşına, üst daşına.
Un ələnmir üst-başına.
Dənsiz dəyirman daşları qəm ələyir,
Dərd üyüdür ömrün qışına.
Bu çərxi-dövran daşları
Dəyir, bir-birinə dəyir.
Dənsiz dəyirman daşları
Yeyir, bir-birini yeyir.
Acıdı dəyirman daşları
Dən gözləyir əvvəl-axır.
Tanrı dinmir, Tanrı susub
Çörəyimiz daşdan çıxır.
QAN BAHASINA
…Əvvəl-axır
buludlar dağılacaq
yağışların qanı bahasına
Çəmənlər saralacaq
çiçəklərin qanı bahasına.
Əvvəl-axır
sevgilər yetim qalacaq
aşıqlərin qanı bahasına
Köklənib ayrılıq havasına
yollar dərvişlərə qalar,
bir də qaraçı köçünə –
mahnıların qanı bahasına.
Hamı sevgidən doğulmur,
Hamı sevgiyə möhtacdı.
Əvvəl-axır söz dedim,
könül açdım.
Söz dedim sevdiyim qədər –
ürəyimin qanı bahasına.
buludlar dağıldı, keçər…
çəmənlər saralıb, köçər…
Sözlərim ürəyimin qanını içər,
İçər, –
ömrümün qanı bahasına. …
Qiyamət günüdü yoxsa,
Yoxsa Miflərin dağılan günü…
Uğultusu eşidilir dərdlərin,
Zəlzələsi qabaqdadı kədərlərin.
AD GÜNÜ KEÇİRMİR HƏBSXANALAR
Bir qədəh zəhər,
boyu uzunu ipək kəndir
gətirdilər şairə ad günündə.
Səslər gəldi qulağına:
– İçək sənin sağlığına!
İçmədi!..
– İpək kəndir ölçülübdür boynuna,
Keçmədi…
Pıçıldadı öz-özünə
öz qanını içən şair,
«Azadlıq» sözündən asılan şair:
– Ad günü keçirmir həbsxanalar! …
Qismət etmə kafirə də
kamerada, dar otaqda
dönə saat kəfkirinə;
Neçə kilometr yol gəldi şair,
Yol uzanır, yol uzanır
Azadlığın ad gününə
burulğanlar içindən…
Səsin gəlsin, Xəlil Rza,
Səsin gəlsin,
Ad günü keçirmir həbsxanalar!..
MƏN BÜLLÜR KÜLQABIYAM
Mən büllur külqabıyam
Hərracda satılacam
bir azdan
Taleyi çat atmış
büllur bir şairin
çat atmış büllur külqabısı
satılacaq hərracda.
O nakam şairin
nəyi var - bölünüb,
nəyi var - satılıb
bir az aşağı,
bir az yuxarı.
Ömrün payızında
onu satdı arvad-uşağı.
Mən büllur külqabıyam -
Məni satan qazanacaq,
məni alan sevinəcək…
Mən - şahidəm.
Əldən salsalar məni
çilik-çilik olacam.
Mən - şəhidəm!
Kül acıyam.
Yanmış əlyazmaların
kül qoxusu var canımda.
Mən büllur külqabıyam.
Məni ortaya qoyub
satacaqlar hərracda.
Bir mən satılacam,
bir də satılacaq
qəm çəkmiş şairin
toz basmış,
nəm çəkmış əlyazmaları.
“Ədəbiyyat və incəsənət”
(09.02.2024)
Yatmaq üçün resept
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
HİRS - o insanların emosiyasıdır ki, onlar başqalarına nəzarət etmək istəyir, amma özlərinə nəzarət edə bilmirlər.
2.
MƏSLƏHƏT - əgər sən gecələr yata bilmirsənsə, onda get hardasa gecə qaravulçusu işlə. Daş kimi yatacaqsan.
3.
Bir xətt - hamilə deyil.
İki xətt - kiçik çavuş.
Üç xətt - adidas.
4.
Korrupsiya ilə mübarizəyə pul aylrmaq - eynən alkoqolizmlə mübarizəyə araq ayırmağa bənzəyir.
5.
30-cu əsrdə insan öldürməyəcək, oğurlamayacaq, zorlamayacaq, aldatmayacaq. Onun əvəzinə bunları robot edəcək.
6.
Tvitterlə Feysbukun fərqi nədədir?
Tvitterdə istifadəçilər xırda tələbatlarını ödəyirlər.
Feysbukda böyük.
“Ədəbiyyat və incəsənət”
(09.02.2024)
Bu gün Akademik Milli Dram Teatrında “Cəhənnəm sakinləri” ilə görüş olacaq
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Cəhənnəm sakinləri” tamaşası növbəti dəfə nümayiş olunacaq.
Xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı mərhum sənətkar, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqovdur.
“Ədəbiyyat və incəsənət” portalı iTicket-ə istinadən xəbər verir ki, əsər tragikomediya janrında səhnələşib.
İki hissədən ibarət olan tamaşa1937-ci ildə milli fəlakət və faciə şəklində bütün ölkəni əhatə edən repressiya hadisələrindən bəhs edir. İnsanlara qarşı həyata keçirilən kütləvi təqib, mənəvi təzyiq ər və arvadı üz-üzə qoyur, onlar böyük qorxunun əsarəti altında satqına çevrilirlər. Günahlarını bir-birindən gizlətməyə çalışsalar da, günlərin birində evlərində peyda olan çağırılmamış qonaq (ər-arvada görə Şeytan) onların əsl mahiyyətini üzə çıxarır, qorxunun insan həyatında hansı faciələrə səbəb olduğunu göstərir.
“Ədəbiyyat və incəsənət”
(09.02.2024)
Şəhidləri unutmayaq - SALEH ŞƏHİZADƏ
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
8 Fevral həyatdan doymayan, ömrünün 19-cu baharında Şuşa fədaisi olan igid oğul Saleh Şəfizadənin şəhid olduğu gündür.
Şəhid Saleh Şəfizadənin ömrü cəmi 19 il çəkdi. O, bu həyatdan heç getmək istəmirdi. 88 gün koma vəziyyətində ölümlə mübarizə apardı. Hər birimizin ürəyində bir ümid tumurcuğu əkmişdi onun bu həyata bağlılığı. Bir möcüzə gözləyən qəsəbəmə, nəticədə yenə bir dağ çəkdi Saleh.
Saleh Şuşa uğrunda döyüşlərdə yaralanmışdı. O "Şuşa fatehlərindən" idi. Ondan əvvəl isə Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şücaət göstərmişdi. Şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Şəfizadə "Xocavəndin azad olunmasına görə" , "Vətən Müharibəsi Qəhrəmanı" , "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Saleh Şəfizadə 2021-ci il fevralın 8-də müalicə aldığı tibb müəssisəsində koma vəziyyətinin 88-ci günündə dünyadan köçüb.
Saleh Şərifzadə fevralın 9-da Maştağa qəsəbəsində dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(09.02.2024)
“Qulliver Cırtdanlar ölkəsində” yenidən Gənc Tamaşaçılar Teatrında nümayiş olunacaq
Fevralın 11-də - bazar günü Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında satirik, publisist, filosof və ictimai xadim Conatan Sviftin məşhur “Qulliver Cırtdanlar ölkəsində” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdiriləcək.
Səhnə əsərinin quruluşçu rejissoru Elşad Rəhimzadədir. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı iTicket-ə istinadən məlumat verir.
Tamaşada kukla elementlərindən məharətlə istifadə olunub. Müəllifin başlıca silahı olan satira və gülüş məqamları yaradıcı heyət tərəfindən ustalıqla əks etdirilib. Uşaq və yeniyetmələrə təbliğ olunan əsas məqam darda olanlara kömək etməyin, mərhəmətli olmağın vacibliyidir.
“Qulliver Cırtdanlar ölkəsində” tamaşasında əsas rolları Elşən Hacıbabayev və Müşfiq Əliyev ifa edəcək.
“Ədəbiyyat və incəsənət”
(09.02.2024)


