
Super User
“ABSURDİSMLİK ƏSRİ” - Əli Çağlanın şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağlanın “Absurdismlik əsri” şeirini oxucularımıza təqdim edirik. Qeyd edək ki, Absursismlik -
¹Səudiyyə Ərəbistanın cənubunda yerləşən böyük səhranın adıdır.
Göz işlədikcə boş Rub-əl-Xali¹ səhrasındayam
Hay vururam, səsim özümə dönür.
Boş təpələrin torpağı
Udmaq istəsə də məni, qorxmuram
Darıxıram səni canımdan çıxartmağa.
Dişimin arasında qalmış ləpə dənəsisən.
Dartınıram özümlə,
Göynəyir dilimin ucu.
Oyub çıxartmaq istəyirəm səni
Çöpsüz, ağacsız,
Ərəb səhrasında...
“Ədəbiyyat və incəsənət”
(02.02.2023)
“Milli musiqi alətlərimiz - milli sərvətimizdir” adlı konsert keçiriləcək
Fevralın 9-da Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Milli musiqi alətlərimiz - milli sərvətimizdir" adlı konsert keçiriləcək.
Sözügedən musiqili axşamda Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor, Xalq artisti Ağaverdi Paşayev, Əməkdar artist, dirijor İlahə Hüseynova) müşayiəti ilə gənc istedadlar öz ifalarını dinləyicilərə təqdim edəcəklər.
Qeyd edək ki, konsert proqramında Azərbaycan, Rus və Qərbi-Avropa bəstəkarlarının əsərləri səslənəcək.
“Ədəbiyyat və incəsənət”
(02.02.2023)
Aşıq Ələsgərin abidəsinin hazırlanması ilə bağlı elan olunmuş müsabiqənin qalibləri müəyyən olunub
Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2021-ci il tarixli “Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında” Sərəncamının icrasının təmin edilməsi məqsədilə Bakı şəhərində Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən heykəltaraşlıq müsabiqəsi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, müsabiqəyə ölkəmizin heykəltaraşları tərəfindən 13 əsər təqdim olunub.
Təsdiq olunmuş işlərin dəyərləndirilməsi və müsabiqənin yekun nəticələrinin müəyyən olunması məqsədilə Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Ekspert Komissiyası tərəfindən birinci yerə Natiq Əliyev, ikinci yerə Xanlar Əhmədov və üçüncü yerə Kamran Əsədov layiq görülüblər.
“Ədəbiyyat və incəsənət”
(02.02.2023)
Filarmoniyada Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olacaq
Fevralın 10-da Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçiriləcək.
Bu gecədə bədii rəhbər və baş dirijor, Xalq artisti Rauf Abdullayevin rəhbərliyi ilə solist Günel Kazımova (piano) çıxış edəcək.
Proqramda dünya klassik bəstəkarlarının əsərlərindən nümunələr səslənəcək.
“Ədəbiyyat və incəsənət”
(02.02.2023)
Gənclər Kitabxanasında Gənclər Günü qeyd edilib
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası və “GUYS” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov bu gün Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasəti anlayışının bizə Ulu Öndər Heydər Əliyev tərəfindən miras qalmasını və bu gün də bu siyasətin Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini söyləyib. Azərbaycanda gənclər siyasətinin uğurunun bariz nümunəsi olan bir sıra yerli və beynəlxalq tədbirlərin təşkilindən, “Gənclər Günü”, “Gənclər İli”, “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, “Gənclər Fondu”nun yaradılmasından, gənclər üçün “Prezident mükafatı”nın təsis edilməsindən, gənclərin elmi, mədəni, iqtisadi, siyasi sferalarda bir mütəxəssis kimi yetişmələrinə göstərilən daimi dəstəkdən danışıb. Artıq 50 gündən çoxdur ki, Xankəndi-Laçın yolunda Azərbaycan gəncləri, fəal könüllülər tərəfindən “Azərbaycan oyaqdır, sərvətlərə dayaqdır!”, “Ekoloji cinayətə son!” və sair şüarların səsləndirilməsi ilə müşayiət olunan dinc ekoaksiya haqqında da məlumat verib.
“GUYS” İctimai Birliyinin sədri Mübariz Quliyev müasir Azərbaycan gəncliyinin yüksək dinamika ilə inkişaf etməsindən, daim öz üzərində çalışmasından, müasir texnologiya vasitələrinə marağından, sağlam rəqabət aparma qabiliyyətlərindən danışıb.
Tədbirdə kitabxananın əməkdaşları “Zəfər dastanı yazan qalib Azərbaycan gəncliyi”, “Dövlətin gənclər siyasəti”, “İntellektual Azərbaycan gəncliyi: gələcəyimizin etibarlı davamçısı” mövzularında çıxışlar ediblər.
Kitabxananın İnformasiya təminatı və media ilə iş şöbəsinin müdiri Günay Həsənova Gənclər Gününün tarixinə nəzər salaraq, Respublika Gənclər Kitabxanasının 95 illik fəaliyyəti müddətində əsas auditoriyasının gənclərdən ibarət olmasını vurğulayıb. Daim inkişaf etməkdə olan Azərbaycan gəncliyinin asudə vaxtının, mütaliəsinin təşkili, intellektual səviyyəsinin yüksəldilməsi yönündə həyata keçirdikləri tədbirlər haqqında danışıb. 2 Fevral – Gənclər Günü ilə əlaqədar kitabxananın əməkdaşları tərəfindən hazırlanan videomaterial, ənənəvi sərgi və “Gənclər Vətənin işıqlı sabahı, nurlu gələcəyidir” adlı biblioqrafik icmal haqqında məlumat verib.
Prezident təqaüdçüsü və mükafatçısı Ramil Əhməd ölkənin elmi, mədəni sferalarında çalışan gənclərin fəallığından, müxtəlif yerli və beynəlxalq layihələrə, proqramlara cəlb olunmalarından, daim öz peşəkarlıq səviyyələrini yüksəltmələrindən danışıb. Mədəniyyət Nazirliyi tərəfindən Şuşada təşkil edilən Vaqif Poeziya Günlərində bir çox istedadlı gənclərin peşəkarlığının şahidi olmasını vurğulayıb.
Tədbirdə kitabxananın üç əməkdaşı – Şəhla Quliyeva, Züleyxa Seyidova və Nilufər Əhmədova kitabxanada uğurlu fəaliyyətlərinə görə fərqlənmə diplomu, on nəfər fəal gənc isə “GUYS” İctimai Birliyi tərəfindən ölkəmizin sosial və ictimai həyatında aktivlik nümayiş etdirdiklərinə görə təşəkkürnamə ilə təltif ediliblər.
“Ədəbiyyat və incəsənət”
(02.02.2023)
Belçikanın Brügge şəhərində Azərbaycan milli günləri keçirilib
Belçikanın Brügge şəhərində yerləşən, Avropa İttifaqının nüfuzlu təhsil müəssisəsi olan Avropa Kollecində Azərbaycan milli günləri keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, milli günlər çərçivəsində gənc pianoçu Etibar Əsədlinin caz-muğam konserti təşkil edilib, milli mətbəx təqdimatı və müxtəlif ölkələrdən olan kollecin tələbələri arasında Azərbaycanla bağlı müsabiqə keçirilib. Qaliblərə suvenirlər təqdim olunub.
Tədbir Avropa Kollecində təhsil alan tələbələrimiz Xəyyam Rzazadə, Elvin Hacıyev və Necla Ayvazinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycanın Belçikadakı səfirliyinin dəstəyi ilə baş tutub.
Tələbələr səfirliyimizə dəstəyə görə təşəkkürlərini bildiriblər.
“Ədəbiyyat və incəsənət”
(02.02.2023)
Diqqət! Dünyaşöhrətli “Akcent” qrupu Bakıya gəlir
Martın 4-də Heydər Əliyev Sarayında dünyaşöhrətli “Akcent” qrupunun konserti təşkil olunacaq.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, artıq biletlər satışa çıxarılıb, onları iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Aksent” ölkəmizdə tanınır və sevilir, özünəməxsus ifaları ilə milyonların qəlbini fəth edən pop musiqi qrupu öz repertuarında olan mahnılarla bakılı pərəstişkarları qarşısında çıxış edəcək.
Qeyd edək ki, “Akcent” qrupu 1999-cu ildə Rumıniyada Adrian Sina tərəfindən yaradılıb. Fərqli vaxtlarda buraxılan mahnı və albomlar tez bir zamanda xitlərə çevrilərək qrupa nəinki Rumıniyada, bütün dünyada böyük uğur gətirib.
“Ədəbiyyat və incəsənət”
(02.02.2023)
Bakı Kitab Mərkəzində Gənclər Günü qeyd ediləcək
Bu gün Bakı Kitab Mərkəzində gənc rəssamların Gənclər Gününə həsr olunmuş “AXIN” adlı qrup sərgisi açılacaq.
Bakı Kitab Mərkəzinin dəstəyi ilə “Azerbaijanartist” platforması (“Azərbaycan Rəssamları”) tərəfindən təşkil olunan sərgiyə giriş sərbəst olacaq.
“Ədəbiyyat və incəsənət”
(02.02.2023)
Bu gün Gənclər Günüdür
Ramil Vəlibəyov, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri
Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdi. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər gənc nəslə qayğını əsirgəmirdi. Məhz, təsadüfi deyil ki, 2 Fevral - Azərbaycan Gəncləri Günü Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu Öndərin 1997-ci ildə imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Hətta, Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra BMT Baş Məclisi Beynəlxalq Gənclər Gününü elan edib. Bu fakt da bir daha sübut edir ki, Azərbaycanda gənclərə böyük diqqət və qayğı var, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verilir və bu siyasət müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir.
Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Eyni zamanda, gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. Bu gün tam əminliklə demək olar ki, Ulu Öndər Heydər Əliyevin gəncliyə və gənclərə qayğısı yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir.
Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri 2020-ci ilin sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Tarixi missiyanı həyata keçirən qəhrəman gənclərimiz tarix, xalq, Vətən qarşısında misilsiz xidmətlər göstəriblər. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazıblar. Onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa edib, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşub. Müstəqillik dövründə, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, müjdəni Azərbaycan xalqına bəxş ediblər. Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə Azərbaycan xalqı minnətdardır. Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir.
“Ədəbiyyat və incəsənət”
(02.02.2023)
ASAN könüllüləri könül açırlar
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin ASAN könüllüləri ilə növbəti görüşü keçirilib. Görüş 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə gerçəkləşib.
AzərTAC Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir ki, görüş zamanı Ülvi Mehdiyev Prezident İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən söz açıb. Vurğulayıb ki, könüllülər “ASAN xidmət”in fəaliyyətə başladığı ilk gündən etibarən həmin konsepsiyanın vacib bir komponentidir. Məhz ASAN könüllüləri tərəfindən mərkəzlərdə vətəndaşlara xidmət sahəsində məmnunluğun əldə olunması, o cümlədən müxtəlif sosial, hərbi vətənpərvərlik, şəxsi inkişaf layihələrinin həyata keçirilməsi istiqamətində uğurlu nəticələr əldə olunub.
Ardınca ASAN könüllülərinin uğur hekayələri dinlənilib. Görüş sual-cavab və müzakirələrlə davam edib.
Xatırladaq ki, “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinə 30 mindən çox könüllü gənc qoşulub. Bu günə kimi könüllülər tərəfindən 5 mindən çox təlim, 770-dən çox yerli və beynəlxalq layihə keçirilib və 3 min 300-dən çox könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub.
“Ədəbiyyat və incəsənət”
(01.02.2023)