
Super User
Sabah “Qırmızı ləçəklər” romanının müzakirəsi keçiriləcək
Xocalı barədə xeyli bədii ədəbiyyat nümunəsi var və bunların içində “Qırmızı ləçəklər” romanının xüsusi yeri və çəkisi var. Sevgi nədir, ayrılıq nədir, vətəndə vətənsizlik nədir, həbsxanada basqılardan qurtulmaq necə olur, vəzifə başında çoxsaylı bədxaha əyilməmək, döyüşdə düşmənə qan uddurmaq necə olur, bütün bunlar həmin romandadır. Bu roman gənclərə necə sevməyi öyrədir. Vətənini necə sevməli, xalqını necə sevməli, ailəni necə sevməli…
Azərbaycan Nəşriyyatları Assosiasiyası və "Böyük Qayıdış" Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə tanınmış yazıçı, Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri Varislə sabah “Libraff” mağazalar şəbələsinin Elmlər filialında görüş keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, görüş müəllifin Heydər Əliyev Fondunun “Xocalıya ədalət!” kampaniyası çərçivəsində işıq üzü görən, Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin həyatı və qəhrəmanlığından bəhs edən "Qırmızı ləçəklər" romanının müzakirəsi əsasında baş tutacaqdır.
Təşkilatçılar gənclərin nəzərinə bir məlumatı çatdırmaq istəyir ki, görüşdə iştirak etməklə bu dəyərli əsər haqqında müəllifin özündən məlumat ala, fikir mübadiləsi apara və onları düşündürən suallara cavab tapa bilərlər.
Tarix: 29 iyul 2023-cü il, saat 16:00
İştirak üçün qeydiyyatdan keçin: https://bit.ly/VarisYolçuyevləgörüş
Qeydiyyat üçün son tarix: 28.07.2023, saat 22:00
Qeyd: Yalnız müraciəti müsbət dəyərləndirilmiş şəxslərlə əlaqə saxlanılacaqdır.
#ANAİB #BöyükQayıdış #VarisYolçuyev #Qırmızıləçəklər #Görüş #böyükqayıdış2023
“Ədəbiyyat və incəsənət”
(28.07.2023)
XIII Beynəlxalq Qəbələ Musiqi Festivalında ilk olaraq “Gənclərə dəstək” layihəsinin iştirakçıları çıxış edib
İyulun 27- də Qəbələ şəhər Heydər Əliyev Konqres Mərkəzində “Gənclərə dəstək” layihəsinin iştirakçıları konsert proqramı ilə çıxış ediblər.
AzərTAC xəbər verir ki, konsert proqramı XIII Beynəlxalq Qəbələ Musiqi Festivalı çərçivəsində təqdim olunub.
Konsertdən əvvəl Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva çıxış edərək, festivalın önəmindən danışıb: “Heç təsadüfü deyil ki, festivalın ilk konsertində gənc, böyük səhnələrə ilk addımlarını atan musiqiçilər çıxış edir. Çünki Qəbələ Beynəlxalq Musiqi Festivalı yaradıldığı gündən öz səhnələrini gənc musiqiçilərə açır və onların gələcək uğurlarına təkan verir. Gənc musiqiçilərin milli dəyərlər, vətənpərvərlik ruhunda tərbiyəsi, dünya elm və mədəniyyətindən bəhrələnməsi üçün dövlətimiz tərəfindən mühüm işlər görülür. Fürsətdən istifadə edib bu möhtəşəm festivalın təşkilatçılığına görə Heydər Əliyev Fonduna və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edirəm".
"Gənclərə dəstək" layihəsi barədə məlumat verən Xalq artisti deyib ki, layihənin məqsədi gənc və istedadlı ifaçıların, bəstəkarların gələcək böyük sənət həyatına vəsiqə verməkdir. Layihə çərçivəsində gənclərin ilk konserti 2016-cı il noyabrın 15-də olub və həmin vaxtdan mütəmadi olaraq hər ay bir neçə dəfə silsilə konsertlər davam etdirilərək, onlar artıq öz dinləyici kütləsini yaradıb, geniş auditoriyanın rəğbətini qazanıblar.
Qeyd edilib ki, layihənin hər bir konserti müxtəlif mövzulara həsr olunur. Proqram və janr baxımından çox zəngindir. Buraya vokal, fortepiano, kamera-instrumental musiqisi, simfonik musiqi, eləcə də muğam axşamları aiddir. "Gənclərə dəstək" layihəsi Azərbaycanın bəstəkarlıq məktəbinin layiqli davamçıları, hələ təhsilini davam etdirən və ya son illərin məzunları olan gənc bəstəkarları da unutmamışdır. Onların kamera-vokal və orkestr əsərləri mütəmadi səslənir.
Qeyd edilib ki, "Gənclərə dəstək" layihəsi yeddi ildir yaranmasına baxmayaraq, artıq ölkəmizin hüdudlarından kənarda da tanınır.
Sonra tədbir respublika və beynəlxalq müsabiqələr laureatı olan gənc və yeniyetmələrin konsert proqramı ilə davam edib.
Konsert çərçivəsində görkəmli bəstəkarların əsərləri ifa olunub.
Konsert proqramı maraqla qarşılanıb.
Qeyd edək ki, avqustun 2-dək davam edəcək XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir.
“Ədəbiyyat və incəsənət”
(28.07.2023)
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı bir qrup kino xadimini mükafatlandırıb
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) 2 avqust - Azərbaycan Kinosu Günü münasibətilə kino xadimlərini mükafatlandırıb.
ARKİ-nin yaydığl məlumata görə, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təsis etdiyi “Milli Kino Mükafatı”na bu il kinomuza verdikləri töhfələrə görə, eyni zamanda Azərbaycan Milli Kinosunun yaranmasının 125 illiyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə İttifaqın təsisçiləri və idarə heyətinin yekdil qərarına əsasən Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə və Əməkdar incəsənət xadimi kinoşünas, kinorejissor Ayaz Salayev layiq görülüblər.
Qeyd edək ki, Azərbaycan Milli Kinosunun yaranmasının 125 illiyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi ilə əlamətdar olan cari ildə yubiley yaşları tamam olan Xalq artistləri Oqtay Mirqasım (80), Vaqif Mustafayev (70), Əməkdar incəsənət xadimi Cəmil Quliyev (60), Əməkdar mədəniyyət işçiləri Elçin Hami Axundov (75) və Sabir Vəliyev (85), təsvir rejissoru Rafiq Əliyev (70), Əməkdar artist Əliqulu Səmədov (70), aktyor Nadir Əzməmmədov (70), rəssam Elyaz Səfərov (60), prodüser Vladimir Dudniçenko (75), ssenarist Rəmziyyə Cilqamlı (70), eləcə də peşə bayramı münasibətilə ARKİ-nin ömrünü kinoya həsr etmiş 11 nəfər veteran üzvləri pul və digər mükafatlara layiq görülüblər.
“Ədəbiyyat və incəsənət”
(27.07.2023)
Gənclər “Libraff”da Varisin “Qırmızı ləçəklər” romanının müzakirəsinə dəvət edilir
Azərbaycan Nəşriyyatları Assosiasiyası və "Böyük Qayıdış" Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə tanınmış yazıçı, Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri Varis Yolçuyevlə görüş keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, görüş müəllifin Heydər Əliyev Fondunun “Xocalıya ədalət!” kampaniyası çərçivəsində işıq üzü görən, Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin həyatı və qəhrəmanlığından bəhs edən "Qırmızı ləçəklər" romanının müzakirəsi əsasında baş tutacaqdır.
Təşkilatçılar gənclərin nəzərinə bir məlumatı çatdırmaq istəyir ki, görüşdə iştirak etməklə bu dəyərli əsər haqqında müəllifin özündən məlumat ala, fikir mübadiləsi apara və onları düşündürən suallara cavab tapa bilərlər.
Tarix: 29 iyul 2023-cü il, saat 16:00
Libraff (Elmlər filialı)
İştirak üçün qeydiyyatdan keçin: https://bit.ly/VarisYolçuyevləgörüş
Qeydiyyat üçün son tarix: 28.07.2023, saat 22:00
Qeyd: Yalnız müraciəti müsbət dəyərləndirilmiş şəxslərlə əlaqə saxlanılacaqdır.
#ANAİB #BöyükQayıdış #VarisYolçuyev #Qırmızıləçəklər #Görüş #böyükqayıdış2023
“Ədəbiyyat və incəsənət”
(27.07.2023)
Məşhur amerikalı ssenarist Bo Qoldman vəfat edib
Məşhur amerikalı ssenarist Bo Qoldman 90 yaşında vəfat edib.
TASS agentliyi xəbər verir ki, “Qadın ətri” filminin ssenari müəllifi, “Oskar” mükafatı laureatı B.Qoldman Kaliforniyadakı evində dünyasını dəyişib.
Xatırladaq ki, ssenarist “Qu quşu yuvasının üzərindən uçarkən”, həmçinin “Melvin və Hovard” filmlərinin ssenarisinə görə “Oskar” mükafatına layiq görülüb. Onun eyni zamanda məşhur layihələri arasında "Tanış olun, Co Blek", "Qadın ətri", "City hall", "Paradine işi" kimi ekran əsərlərini misal çəkmək olar.
“Ədəbiyyat və incəsənət”
(27.07.2023)
Arzuları çin olan ADAM...
MİLLƏT VƏKİLİ ARZU NAĞIYEVİN BU GÜN 60 YAŞI TAMAM OLUR
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Uzun müddət ciddi, qapalı bir mühitdə çalışıb, 1989-2011-ci illərdə DTK-МTN orqanlarında əməliyyat müvəkkilindən nazirliyin şöbə rəisinədək həqiqi hərbi xidmətdə olub. Amma buna baxmayaraq, həm şair, həm jurnalist, həm də ədib düşüncəli adamdır. Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir neçə bədii və eləcə də sənədli kitabların müəllifidir...
Deyir ki;- “Həkim ailəsində doğulmuşam. Atamla-anam Tibb Universitetində bir yerdə oxuyublar, ancaq onların təyinatı Oğuz rayonuna verilib. Mən də Oğuzda, Baş Layısqı kəndində doğulmuşam. 1-2 yaşımdan sonra isə yenidən Tovuza qayıtmışıq. Özümü tovuzlu hiss edirəm, başqa yerdə anadan olsam da. Orta məktəbi də Tovuzda oxumuşam, Yusif Sadıqov adına Bozalqanlı kənd orta məktəbində. 1970-ci ildə məktəbə getmişəm, 1980-ci ildə isə həmin məktəbi qızıl medalla bitirmişəm. Dəqiq elmlərə, riyaziyyat, fizika, kimyaya çox maraq göstərmişəm. Demək olar ki, Respublika fənn olimpiadalarında həmişə ən yüksək yerləri tutmuşam, dünya olimpiadasında iştirak etmişəm. Kvantın olimpiadalarında da iştirak etmişəm, yaxşı oxuyan olmuşam. Biz evdə elə tərbiyə almışıq ki, hər birimiz yaxşı oxumalı, idmanın bir növü ilə məşğul olmalı, musiqi alətlərindən birində ifa etməyi bacarmalı, mütləq sağlamlığımızın qeydinə qalmalı və heç olmasa bir xarici dil bilməliyik. Mən də idmanla məşğul olmuşam, dərslərimi yaxşı oxumuşam, pianoya getmişəm, rus dilini öyrənmişəm. Ailədə 7 nəfər olmuşuq, anam-atam, 3 qardaş, 2 bacı...”
Haqqında söhbət açdığım Arzu Nağıyevi yəqin ki, tanıyırsınız. O, 1963-cü il iyulun 27-də Oğuz rayonunda anadan olub. 1980-ci ildə Tovuz rayonun Yusif Sadıxov adına Bozalqanlı kənd orta məktəbini qızıl medalla bitirib. 1985-ci ildə Serqo Ordjonikidze adına Moskva İdarəetmə İnstitutunun Tikinti və şəhər təsərrüfatının idarə edilməsinin təşkili fakültəsində mühəndis iqtisadçı ixtisasına yiyələnib. 1991-ci ildə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Ali kurslarını qırmızı diplomla başa vuraraq uzun müddət bu sahədə çalışıb. Təhlükəsizlik orqanlarının ehtiyatda olan zabiti və Qarabağ müharibəsi veteranıdır...
“Ehtiyatda olan zabit kimi MTN-dən işdən çıxandan sonra dostlarımla bir yerdə “Trend” İnformasiya Agentliyində işləməyə başladım. Artıq neçə illərdir ki, həyatımın digər bir hissəsini yaşayıram. Bu həyata görə də xoşbəxtəm, qapalı xüsusi xidmət orqanı həyatından sonra jurnalistika mühitinə gəldim. Hər iki sahədə oxşar bir cizgi var. Orada da, burada da informasiya əldə etmək, o informasiyanı necə öyrənmək və hansı nəticəyə gəlmək şərti var”- söyləyir.
1985-1987-ci illərdə Azərbaycan Sənaye-Tikinti Nazriliyinin 4 saylı trestində iqtisadçı, baş iqtisadçı işləyib. 1987-1989-cu illərdə Azərbaycan komsomolun Nərimanov rayon komitəsinin təlimatçısı, şöbə müdiri olub. 1991-2011-ci illərdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Komitəsində, daha sonra isə Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi qulluq keçib, əməliyyat müvəkkili–şöbə rəisi vəzifələrində çalışmışıb. 2011-ci ildən "Trend" Beynəlxalq İnformasiya Agentliyində baş direktorunun müavinidir...
Təmsil olunduğu kollektivdə, ümumiyyətlə media camesində qazandığı hörmət ona başucalığı gətirib. Xeyirxah, yaxşı adam kimi tanınır...
2020-ci ildən Milli Məclisin deputatıdır. Partiya mənsubiyyəti yoxdur. Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Əmək və sosial siyasət komitəsinin üzvüdür. Eyni zamanda Milli Məclis tərəfindən Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə komitəsinə seçilib. 2023-cü ildə "Şöhrət" ordeni ilə təltif edilib...
Bütün bunlardən əlavə o, siyasi ekspert kimi, tez-tez “sehirli qutu”dan çıxışlar edir.
Deyir ki;- “Rusiya-Ukrayna müharibəsi bir daha göstərdi ki, çox ciddi problemlər var. Regional təhlükəsizlik böyüyərək, beynəlxaql təhlükəsizliyə keçir. Ona görə də, hətta vasitəçilik missiyasından çıxış edəndə də, tək öz maraqları yox, böyük maraqları da nəzərə almalıdırlar. Burada da son vaxtlar, sizin də qeyd etdiyiniz kimi, öz nümayəndələrini təyin ediblər, görüşlər keçirməyə çalışırlar. Lakin missiyalarınıda həyata keçirəndə, konkret olaraq, “nə etməli?”, məsələsinə praktiki cəhətdən cavab verməlidirlər. Bu gün gündəmdə olan məsələ budur ki, Azərbaycan XİN-lə Ermənistan XİN arasında təmas var. Məsələ isə delimitasiya və demarkasiya ilə bağlı komissiyanın yaradılmasıdır. Birinci şərt budur. Bunun biz praktiki şahidi olmalıyıq ki, ikitərəfli əlaqələr nə nəticə verdi?! Rusiyanın XİN-nin başçısının cənab prezidentlə görüşündə kommunikasiyaların açılması - istər Qazax istiqamətində, istər Zəngəzur dəhlizi və digər istiqamətdə - konkret bu işlərin praktiki həllini istəyirik. Mina xəritələrinin alınması və s.. Biz diqtə edən tərəfik, bu məsələləri öz gücümüzə həll edirik. Bunu həll ediriksə, bizə hansısa vasitəçi gərəkdirmi? Vasitəçi öz marağını güdməklə bərabər, regionunda, iki dövlətin də maraqlarını güdməlidir. Düşünürəm ki, birbaşa danışıqlar mühüm nəticə verə bilər.”
Xeyli parlaq xüsusiyyətləri var. Təkrarolunmaz bir insan olduğunu düşünməmək məntiqsizlik olar. Gözəl bəxtə sahibdir, necə deyərlər, şanslı adamdır. Arzularının bir çoxu artıq çin olub. Həyatda bacarmadığı çətin ki, nəsə olsun, bütün əngəlləri rahatlıqla dəf etməyə qadirdir. Olduqca qürurludur. Özünə inamı çox yüksəkdir. Məğrur yerişi var. Xarakteri yumşaq, tutarlı və sakitdir. Açıq danışmağı xoşlayır. Son dərəcə çalışqandır. Hər nə olursa olsun, hədəflədiyi nöqtəyə mütləq gedib çıxacaq. Səxavətli və əliaçıq insandır. Sevgisini hər anlamda göstərməyi bacarır. Ehtiyacı olan hər kəsə qarşı yardımsevərliyi var...
Bəli, yazıçı, jurnalist, təhlükəsizlik üzrə ekspert, deputat Arzu Nağıyevi belə tanıyıram. İyulun 27-si Arzu müəllimin 60 yaşı tamam olur. Ona uzun ömür, can sağlığı, fəaliyyətində uğurlar arzulayırıq...
“Ədəbiyyat və incəsənət”
(27.07.2023)
ADA “Yüksəliş” müsabiqəsi qaliblərini mükafatlandırdı
Ölkənin həm elm və təhsil, həm ictimai, həm mədəni həyatında kifayət qədər çəkisi və yeri olan ADA Universiteti bu isti yay günlərində də öz ampluasındadır. Tədbirlər səngimək bilmir.
Ötən gün - iyulun 26-da universitetdə üçüncü “Yüksəliş” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Tədbir “Yüksəliş” müsabiqəsinin təsis olunmasının 4 illiyi münasibətilə keçirilirdi.
Tədbirdə olduqca yüksək ranqlı qonaqlar və müsabiqənin təşkikatçıları bir araya gəlmişdilər: Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev…
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbir zamanı Təşkilat Komitəsinin sədri, Komitənin üzvləri, müsabiqənin İşçi qrupunun rəhbəri, tədbirin xüsusi qonaqları öz çıxışlarında qalibləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzuladılar. Onlar müsabiqənin uğurlu təşkili barədə danışdılar, üçüncü dəfə baş tutan “Yüksəliş” müsabiqəsinin yeni nəsil idarəçilərin aşkara çıxarılması və formalaşmasında oynadığı əhəmiyyətli rolu vurğuladılar, müasir idarəçiliyin tələblərinə və rəqabətli insan kapitalının önəminə diqqət çəkdilər.
Üçüncü “Yüksəliş” müsabiqəsinin 22 qalibi Təşkilat Komitəsinin sədri, Komitənin üzvləri, müsabiqənin İşçi qrupunun rəhbəri, tədbirin xüsusi qonaqları tərəfindən diplomla təltif edilildilər.
Xatırladaq ki, fevralın 17-dən qeydiyyatına start verilən üçüncü “Yüksəliş” müsabiqəsinə 13 min 474 iştirakçı müraciət edib.
“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxiledilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.
Dövlətimizin başçısı 2022-ci il dekabrın 20-də üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.
Biz də öz adımızdan qalibləri təbrik edirik. Onların siyahısı növbəti buraxılışlarımızda təqdim ediləcək.
“Ədəbiyyat və incəsənət”
(27.07.2023)
Ekranlarımızın Ögey anası
Xalq artisti Nəcibə Məlikovanın anım günüdür
Uşaqlıqdan hər birimiz sevə-sevə “Ögey ana” filminə baxmışıq, öncə İsmayılın və nənəsinin tərəfini tutub Ögey ananı - Dilarəni mənfi obraz kimi qavrasaq da tədricən İsmayıl kimi bizim də bu obraza sevgimiz yaranıb. Üstəlik, bu obrazı yaradan Nəcibə Məlikova bir ayrı performans göstərib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün Azərbaycanın Xalq artisti Nəcibə Məlikovanın vəfatından 31 il ötür.
Azərbaycan kino və teatr sənəti tarixində müstəsna xidmətləri olan Xalq artisti Nəcibə Məlikova yaratdığı bir sıra yaddaqalan obrazlarla ürəklərə yol tapıb və böyük tamaşaçı sevgisi qazanıb.
Öncə kino aktrisası kimi şöhrət qazanmış sənətkarın yaradıcılığının əsas qolu teatr sənəti ilə bağlıdır.
Kino tariximizdə bir-birindən bənzərsiz rollar ifa etmiş Nəcibə Məlikova 1921-ci il oktyabrın 25-də Bakının Buzovna kəndində anadan olub. 1943-cü ildə Bakı Teatr Məktəbində Xalq artisti Fatma Qədrinin sinfini bitirərək istəyi ilə Gəncə Dövlət Dram Teatrında işləməyə gedib. Burada bir neçə tamaşada çıxış edərək Bakıya qayıdıb və təzə təşkil olunmuş Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olaraq 1951-ci ildə oranı bitirib.
Təhsil aldığı illərdə Akademik Milli Dram Teatrının tamaşalarında epizodik rollar oynayan aktrisa 1952-ci ildən (kinolara çəkilişlə bağlı kiçik fasilələrlə) yenə bu teatrda işləyib.
O, Azərbaycan və dünya dramaturqlarının əsərlərinin səhnə həyatında rol alıb. Eyni zamanda, kinoda bir sıra uğurlu rollar ifaçısı kimi yadda qalıb. Onların sırasında “Ögey ana”da Dilarə, “Aygün”də Aygün, “Arşın mal alan”da Cahan xala, “Əhməd haradadır?”da Nərgiz xala rollarının ifası aktrisanın yaradıcılıq nailiyyətləri kimi dəyərlidir. Nəcibə Məlikova məlahətli, emosional, lirik-dramatik aktrisa idi. Mənən saf qəlbli qəhrəmanları, məhəbbət yolunda mürəkkəb vəziyətlərdə gücsüz görünüb kövrələn, ancaq xeyirxah insanların köməyi ilə mətanətini qoruyub saxlayan personajları uğurla oynayıb. Aktrisanın yumorunda da həzin və kövrək lirizm üstünlük təşkil edib.
Kino və teatr sahəsində xidmətlərinə görə aktrisa 1959-cu ildə Azərbaycanın Əməkdar artisti, 1974-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Görkəmli sənətkar 1992-ci il iyulun 27-də vəfat edib və İkinci Fəxri xiyabanda dəfn olunub.
Ruhu şad olsu!
“Ədəbiyyat və incəsənət”
(27.07.2023)
Azərbaycanda ekoloji problemlər səbəbindən uşaqların xəstələnmə göstəricilərində artım müşahidə olunur
Azərbaycanda ekoloji problemlər səbəbindən son 5 il ərzində 13 yaşa qədər uşaqların xəstələnmə göstəricilərində artım müşahidə olunur.
AzərTAC xəbər verir ki, bunu BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən uşaqların ətraf mühit amilləri ilə bağlı sağlamlığına dair vəziyyətin təhlilinə həsr olunmuş dəyirmi masada Azərbaycan Tibb Universitetinin eksperti Şəhla Balayeva deyib.
O vurğulayıb ki, 13 yaşa qədər uşaqlarda tənəffüs, həzm sistemi, göz və digər infeksion xəstəliklər kimi problemlərin rastlaşma tezliyində artım qeydə alınır.
“Eyni zamanda, ekoloji patologiya səbəbindən yaranan törəmələrdə 37,5 faiz artım var. 14-17 yaş aralığı uşaqlarda tənəffüs sistemi, həzm sistemi, göz xəstəlikləri, infeksion və parazit xəstəliklər, sinir sistemi kimi problemlər ən çox rast gəlinən xəstəliklərdə ilk onluğa daxildir. Yeniyetmələr arasında xəstəliklərin artım dinamikası müşahidə olunur. Ən yüksək artım isə dəri və dərialtı xəstəliklərdə qeydə alınır. Həmin xəstəliklər əsasən ekoloji problemlərin təsiri nəticəsində yaranır”, - deyə ekspert bildirib.
Ş.Balayeva qeyd edib ki, müxtəlif regionlar üzrə Şəki-Zaqatala iqtisadi rayonunda 18 yaşa qədər uşaqlarda törəmə xəstəlikləri ilk sıradadır. Sinir sistemi xəstəlikləri səbəbindən ölüm halları isə rayonlara nisbətən paytaxtda daha çoxdur.
“Ədəbiyyat və incəsənət”
(27.07.2023)
Bu gün Xalq artisti Ofeliya Sənani ilə gənclərin görüşü keçiriləcək
Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində Xalq artisti Ofeliya Sənani ilə gənclərin görüşü keçiriləcək.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi, İctimai Birliyin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “MədəniyyətimİZ” layihəsi çərçivəsində baş tutacaq görüşdə görkəmli diktor və televiziya aparıcısı Ulu Öndər Heydər Əliyevlə bağlı ən maraqlı xatirələrini gənclərlə bölüşəcək.
“İRƏLİ” İctimai Birliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, tədbir müddətində həmçinin “Azərbaycan televiziyasının və milli mətbuatımızın inkişafında Heydər Əliyev amili”, “Azərbaycan milli mətbuatında müasir publisistikanın inkişaf perspektivləri” və “Müasir televiziyanın günümüzdə nüfuzu və cəmiyyətə təsiri” mövzularında panel müzakirələrin keçirilməsi nəzərdə tutulur.
Tədbirin bədii hissəsində gənc musiqiçilərin ifasında milli və xarici klassik musiqi əsərləri təqdim ediləcək.
Qeyd edək ki, “MədəniyyətimİZ” layihəsinin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyətinin öyrənilməsi, habelə ölkə mədəniyyətinin inkişafında gənclərin iştirakını artırmaqdır.
Görüşdə iştirak etmək istəyən gənclər https://shorturl.at/fwEKX link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
“Ədəbiyyat və incəsənət”
(27.07.2023)