
Super User
Xətai rayonunda “İdman hamı üçündür!” adlı rəsm sərgisinə yekun vurulub
Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xətai rayon sektoru, Xətai Rayon İcra Hakimiyyəti və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyinin yaranması gününə həsr olunmuş “İdman hamı üçündür!” adlı rəsm sərgisi keçirilib.
Xəbər verdiyimiz kimi, sərgidə 9 yaşından 29 yaşınadək olan yeniyetmə və gənc rəssamların əsərləri nümayiş olunub.
Sərgidə çıxış edənlər ölkə rəhbərliyinin gənclərə və idmana olan qayğısından bəhs edərək belə tematik sərgilərin yeniyetmə və gənclər arasında idmanın təbliği və təşviqi, həmçinin gəncliyin formalaşmasında müsbət rol oynadığını qeyd ediblər.
Sərgidə gənc rəssamların yaradıcı təfəkkürünü əks etdirən müxtəlif idman növləri, idmançıların simaları, idman alətləri və idman geyim nümunələri mövzusunda 160-a yaxın əsər nümayış olunub. Sərgidə əsərləri nümayiş olunan müəlliflər sertifikatla təltif olunub.
“Ədəbiyyat və incəsənət”
(28.07.2023)
Bakıda II Milli Qurama Festivalı başlayıb
İçərişəhər ərazisində II Milli Qurama Festivalı başlayıb. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Mədəniyyət, Elm və Təhsil nazirliklərinin təşkilatçılığı ilə keçirilən festivala yürüş ilə start verilib.
Yürüşdə təcrübəli quramaçıların müşahidəsi ilə İçərişəhər və Qala qoruqlarının bir neçə məkanında paytaxt sakinləri, turistlər və idarənin əməkdaşları tərəfindən tikilən qədim tikmə növü olan Qurama nümayiş etdirilib.
Festivalın açılışında unudulmaq təhlükəsini yaşayan milli sənət nümunəmizə həsr edilən Milli Qurama Festivalının müxtəlif tədbirlərlə davam edəcəyi vurğulanıb.
Qeyd olunub ki, II Milli Qurama Festivalı İçərişəhərdən başlayaraq Bakı və bölgələri əhatə edəcək. Festival proqramına “Ənənəvi Qurama” sərgisinin nümayişi, ustad dərslərinin keçirilməsi, quramaçı sənətkarların əl işlərindən ibarət satış yarmarkalarının təşkili, fond kolleksiyalarından ibarət quramaların nümayişi, habelə qurama sənətkarları ilə yanaşı, həvəskar kolleksioner quramaçıların əl işlərinin nümayişi daxildir.
“Ədəbiyyat və incəsənət”
(28.07.2023)
Qızıl almanın üzləri
“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı, “İpək yolu” Beynəlxalq Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Aida Eyvazlı Göytürk Qazaxıstanın Konayev şəhərində keçirilən “I Media və Turizm Forumu”nda panel müzakirələrdə məruzə ilə çıxış edib. Həmin məruzə oxucularımız üçün də maraqlı ola bilər.
Hər bir ölkə öz tarixi, təbiəti ilə fərqlidir. Türkdilli ölkələr arasında Qazaxıstanın təbiətinin də, tarixnin də öz yeri vardır. Biz Azərbaycanlıları Qazaxıstanı və bütün sülhsev ər ölkələri özümüzə qardaş, dost bilirik.
Bir jurnalist kimi mən Qazaxıstanın bir çox gəzməli və görməli yerlərində olmuşam. Tarixi məkanlarını jurnalist kimi ziyarət edib öz məqalələrimdə yazmışam. Mavi bayraqlı, Şanıraklı Qazaxıstanın gəzməl-görməli yerləri, gözəl təbiəti və adəti haqqında oxucularıma bilgilər vermişəm.
Ötən il Azərbaycan və Qazaxıstan arasında diplomatik əlaqələrimizin yaranmasının 30 illiyi qeyd olundu. Bu illər ərzində iki qardaş ölkə arasında bütün sahələrdə ən yüksək səviyyədə qarşılıqlı əməkdaşlıq və konstruktiv əlaqələr qurulub.
Turizm sahəsi üzrə 1992-ci ildən bu günədək 27-i hökumətlərarası olmaqla 31 Saziş, 12 Anlaşma Memorandumu, 2020-2022-ci illər üçün turizm sahəsi üzrə 2 Əməkdaşlıq Proqramı imzalanıb. Sözügedən sənədlərin icrasının həyata keçirilməsi ilə bağlı tədbirlər proqramı hazırlanaraq təsdiq olunub, qarşı tərəflərlə görüşlər təşkil olunaraq əməkdaşlıq perspektivləri müzakirə edilib, habelə imzalanmış sənədlərin müddəa və şərtlərinə əsasən əməkdaşlıq tədbirləri həyata keçirilməyə başlanılıb.
20 iyun 2023-cü ildə Azərbaycan Respublikasının Turizm Dövlət Agentliyi və Qazaxıstan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında turizm əməkdaşlığı sahəsində memorandum imzalanıb.
Və bu müqavilələrin əsasını isə Türk Dövlətləri Təşkilatı arasında turizm potensialıının gücləndirilməsi və əlaqələndirilməsi dayanır. Çünki hər birimiz tarixdən yaxşı bilirik ki, bizi həm də Böyük və tarixi “İpək yolu” birləşdirir. Bu İpək yolu ilə neçə əsr bundan əvvəl Türküstana, Boz Çöllərə, Azərbaycana səfər edən səyyahlar öz kitablarında bizim tarixi adlarımızı, yollarımızı, yurdlarımızı yazıb əbədiləşdiriblər. Təsdüfi deyil ki, bu gün araşdırma aparmağı bacaran hər bir jurnalist həmin tarixi faktlardan istifadə edir. Biz öz dəyərlərimizi Avropaya və dünyaya göstərmək üçün yenə birgə çalışmalı, əl-ələ verib işləməliyik.
UNESCO bu ilin iyun ayında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi sahəsində ciddi addımlar atdı. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyini UNESCO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini xanım Qabriela Ramosun rəhbərlik etdiyi nümayəndə heyəti arasında mühüm görüşlər keçirdi. Görüşdə Azərbaycanda turizm sahəsində həyata keçirilən layihələr, eləcə də mədəni irsin qorunması istiqamətində aparılan işlər barədə məlumat verildi. Azərbaycanın UNESCO-nun mədəni irs siyahısında yer alan mədəni və tarixi nümunələrinin təbliği ilə bağlı əməkdaşlığın artırılmasının, həmçinin turizm sahəsində təcrübə mübadiləsinin vacibliyini qeyd edldi.
Eyni zamanda Azərbaycanın İpək Yolu boyunca məxsus olduğu zəngin ticarət və mədəni mübadilə irsinin regionu mühüm turizm məkanına çevirmək potensialına sahib olduğunu vurğulandı.
Xanım Qabriela Ramos UNESCO və Azərbaycanın İpək Yolu boyunca ortaq mirasın tanıdılması və istifadəsi yolu ilə mədəniyyətlərarası dialoq və mədəni turizmin inkişafında qarşılıqlı maraqlara sahib olduğunu bildirdi.
Bu gün “Birinci Beynəlxalq Media və turizm forumu”na yığışan biz televiziya və qəzet jurnalistləri ölkələrimizin turizm potensialının yayılması və bu sahədə dövlətlərimizin istisadi maraqlarının da təmin olunması üçün ən uyğun yolları arayıb, ən mükəmməl çıxış yollarıının tapılmasında qərar qəbul etməliyik.
Doğrudur, bu gün hər kəsin əlində bir telefon var və hamı sosial şəbəkələrdə öz gördüyü yerlər, gəzdiyi ölkələr haqqında məlumat verə bilir. Lakin bəzən adi insanların verdiyti məlumatlarda yanlışlıqlar olur. Jurnalistlər isə bir qayda olaraq öz işlərini daha dəqiq və mükəmməl görür, tamaşaçıya, dinləyiciyə ölkə haqqında daha doğru məlumat verirlər.
Ölkələrimizin turizm və informasiya nazirlikləri bu təbliğatı genişləndirmək üçün daha çox jurnalistləri qrup şəklində səfərə dəvət edəndə, nəticə də effektiv olur.
Mən sizə Qazaxıstan və Azərbaycan arasındakı turizm rəqəmlərini göstərmək istəyirəm: 2023-cü ilin aprel ayının statistikasına görə Qazaxıstandan Azərbaycana gələn 30350 nəfərin 20994 nəfəri turzim məqsədi ilə gəlib. Azərbaycandan Qazaxıstana gedən 23868 adamın 20655 nəfəri isə turzim məqsədi ilə gəlib.
Ötən il Azərbaycandakı Qazaxıstan səfirliyi Abayın və bir çox tanınmış şəxsiyyətlərin xatirəsinə həsr olunmuş tədbirlər keçirdilər. Bu tədbirlərin çoxusunun keçirilməsi üçün Bakının dənizlənarı parkında qazax yurtası qurulmuşdu. O yurtaya azərbaycanlıların və Azərbaycanda olan qonaqların necə maraqla gəlib ziyarət öz gözlərimlə gördüm.
Mən sizə öz ölkəmizdən bir nümunə danışmaq istəyirəm. Hamınızı bilirsiniz ki, biz 2020-ci ilin noyabr ayında 44 günlük savaşdan sonra, düşmən üzərində qələbə çalaraq öz tarixi torpaqlarımızı geri qaytardıq. 30 ilə yaxın müddət ərzində düşmən bizim cənnət kimi gözəl yurdlarımızı viran qoyub talan etmişdi. Savaşdan sonra dünyanın hər yerindən, eləcə də Qazaxıstandan da jurnalistləri, blogerləri həmin dağıdılmış ərazilərə dəvət etdik. Qazaxıstanın tanınmış jurnalistləri Almas Altay , Nurqali Jusupbay, Samat Nurtaza, Nurgeldi, Kuanış Edilxan və digərləri Şuşaya, Ağdama səfər etdilər. O dağıdılmış və viranə yurdları öz gözləri ilə gördülər.
Ötən üç il ərzində Azərbaycan və onun dostları ilə birlikdə həmin yurdları, torpaqları, şəhərləri yenidən tikib-dirçəldirik. İndi Şuşa da, Ağdam da , Kəlbəcər də, Laçın da, Füzuli, Cəbrayıl da doğma sakinlərini qəbul edir.
Azərbaycan Prezidenti İlham Əliyevin başçılığı ilə doğma yurdlarımızı abadlaşdırırıq. Dövlətimiz həm də bu yerləri turzm bölgəsi etmək fikrindədir.
Biz indi həmin yerləri minalardan təmizləyib ağac əkir, yol çəkirik. İtirilmiş mədəni abidələrimizi yenidən bərapa etməyə çalışırıq. Bu işçdə bizə qardaş və sülhsevər ölkələr yardım edirlər.
Qazaxıstan Prezidenti Kasım Comard Tokayevin qərarı ilə işğaldan azad olunmuş Füzuli rayonunda şəhərində ümumi sahəsi 1,5 hektar olan ərazidə məktəb inşa edilir. Tikinti sahəsi 2708 kvadratmetr, ikimərtəbəli binadan ibarət olacaq məktəbdə hər biri 300 nəfər olmaqla, növbəli şəkildə 600 şagirdin təhsil alması üçün lazımi şəraitin yaradılması nəzərdə tutulur. Burada, şagirdlər üçün xanəndəlik sənəti, xalçaçılıq, heykəltaraşlıq və zərgərlik sənətləri, musiqi və rəssamlıq dərsləri, həmçinin qrafik dizayn təlimləri üzrə tədrisin təşkili planlaşdırılır.
Biz azad olunmuş ərazilərimizə arzu edən bütün jurnalistləri hələ tam qəbul edə bilmirik. Biz o torpaqları hələ minalardan təmizləyirik.
Təkcə bir ay ərzində 2979 hektar ərazidən 552 partlamayn mina, 63 piyada əleyhinə, 243 tank əleyhinə mina təmizlənib. Ötən il isə 41915 hektar ərazidən 14950 partlamayan , 8780 piyada əleyhinə mina , 4113 tank əleyhinə mina aşkar olunaraq götürülüb. İki il əvvəl mənim əməkdaşlıq etdiyim Azərbaycan televiziyasının çəkiliş qrupunun üç nəfər üzvü də tank əleyhinə minada patrtladılar və onlardan ikisi həlak oldu.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) təşkilatçılığı ilə böyük miqyasda işlər görülür.
Bu gün Azərbaycan dövləti həmçinin Qarabağ və Şərqi Zəngəzur ərazisində biomüxtəlifliyin qorunması, su hövzələrinin zənginləşdirilməsi, balıq populyasiyasının artırılması məqsədilə Xaçınçay su anbarına 40 min ədəd körpə balıq buraxıb.
Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin güclü siyasi iradəsi, müzəffər ordumuzun bölmələrinin qazandığı tarixi qələbə nəticəsində bir güllə atılmadan işğaldan azad edilən və “Qafqazın Xirosiması” adlandırılan Ağdam demək olar ki, sıfırdan qurulur, dövlətimizin gücü ilə yeni, müasir bir şəhər tikilir. Ermənilərin Qarabağda və Şərqi Zəngəzurda törətdikləri vəhşilik, qəsbkarlıq, düşmənin barbarlığı nə qədər ağır və faciəli olsa da biz bu yaşayış məntəqələrini yenidən quracağıq.
Mən inanıram ki, yeni qurulan şəhər və kəndlərimizə gələn jurnalist həmkarlarımız yenə də Azərbaycan qonaqpərvərliyi ilə tanış olacaqlar. İndi size azad olunmuş torpaqlarda qədim tariximiz, daş abidələrimiz, bulaqlarımız, göllərimiz, isti təndirimiz, samovar çayımızla qarşılayırıq.
Qazaxıstan haqqında ən maraqlı məlumatları və görməli yerlərini işıqlandırmaq üçün zaman-zaman Azərbaycan Televiziyası da öz çəkiliş qrupunu Tanrı dağlarının ətəklərinə göndərir. Qazaxıstanın tarixi yerləri, məkanları , mətbəxi, mədəniyyəti haqqında televiziyamızda maraqlı verilişlər hazırlayırıq. Mənim layihəm əsasında efirə gedən “Qızıl alma” verilişində də hər zaman Qazaxıstana xüsusi yer verilir. Çünki bu torpaq , bu yurd “Altın Adamın” yurdudur. Bu yurd, bu ocaq müqəddəsdir.
Əziz qələm dostlarım! İnşallah Sizin hamınızı Zəngəzurda Böyük Turana gedən yolda görmək, o yerlərin turizm potensialı ilə tanış etmək arzusu ilə bir daha salamlayıram və deyirəm ki, BİRGƏ BOLAMIZ! Güc Birlikdədir!
“Ədəbiyyat və incəsənət”
(28.07.2023)
Rəsm qalereyası: Soltan Soltanlı, “Qotman başında".
Rəsm qalereyası: Soltan Soltanlı, “Qotman başında".
Kətan, yağlı boya.
98x66 sm.
www.soltan-soltanli.com
Bu gün görkəmli bəstəkar Vasif Adıgözəlovun doğum günüdür
TƏK “QARABAĞ ŞİKƏSTƏSİ” ARATORİYASI BƏS EDƏR
Qara Qarayev, Fikrət Əmirov epoxasının davamçısıdır Vasif Adıgözəlov. Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli siması olan bu bəstəkar musiqi mədəniyyətimizə möhtəşəm töhfələr verib. Vasif Adıgözəlov bu gün də incəsənət xadimləri, musiqiçilər tərəfindən böyük minnətdarlıqla xatırlanır, əsərləri repertuarlardan düşmək bilmir.
“Ədəbiyyat və incəsənət” pprtalı xəbər verir ki, bu gün Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Xalq artisti, professor, Dövlət mükafatı laureatı, "Şöhrət" və "İstiqlal" ordenli, unudulmaz bəstəkar Vasif Adıgözəlovun anadan olmasının 88-ci ildönümü tamam olur.
Vasif Adıgözəlov 1935-ci il iyul ayının 28-də Bakıda məşhur muğam ustası Zülfü Adıgözəlovun ailəsində dünyaya göz açıb. İlk musiqi təhsilini konservatoriyanın nəzdindəki 10 illik musiqi məktəbində pianoçu kimi alıb. 1953-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. Bəstəkarlıq üzrə Qara Qarayevin, fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirib. 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirib. 1958-ci ildən əmək fəaliyyətinə başlayan sənətkar müxtəlif mədəniyyət ocaqlarında məsul vəzifələrdə çalışıb. Bəstəkarın əməyi hər zaman yüksək qiymətləndirilərək ən yüksək fəxri adlara, orden və medallara layiq görülüb.
Görkəmli bəstəkar 2006-cı il sentyabrın 16-da dünyasını dəyişib və Fəxri xiyabanda dəfn olunub.
Vasif Adıgözəlovun yaradıcılığı milli musiqi mədəniyyətimizdə xüsusi rola və əhəmiyyətə malikdir. Onun əsərləri nəinki ölkəmizin, dünyanın bir çox yerlərində, o cümlədən Almaniya, Bolqarıstan, Çexiya, Meksika, Kosta-Riko, Venesuela, Kuba, Türkiyə, İran və keçmiş SSRİ respublikalarının musiqi ictimaiyyətinə yaxşı tanışdır.
V.Adıgözəlovun yaradıcılığı çox geniş və rəngarəngdir. Onun müxtəlif musiqi janrlarında yazdığı yüksək səviyyəli sənət əsərləri geniş dinləyici kütləsinin rəğbətini qazanıb. Bəstəkar 2 operanın - "Ölülər" və "Natəvan", 6 musiqili komediyanın - o cümlədən "Nənəmin şahlıq quşu", bəstəkar Ramiz Mustafayevlə birgə yazdığı "Hacı Qara", "Boşanaq - evlənərik", "Aldın payını, çağır dayını", həmçinin "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala-1915", "Qəm karvanı" oratoriyalarının, 3 simfoniyanın, "Segah" muğam-simfoniyasının, "Mərhələlər", "Afrika mübarizə edir" simfonik poemalarının, 5 instrumental konsertin, çoxlu sayda kamera-instrumental əsərin, 100-ə qədər mahnı və romansın, dram tamaşalarına və kinofilmlərə yazılmış musiqinin müəllifidir.
Bəstəkarın müxtəlif janrları əhatə edən yaradıcılığının çox hissəsini fortepiano üçün musiqi təşkil edir. Bu da təsadüfi deyil. Onun bir pianoçu kimi istedadı musiqi ictimaiyyəti tərəfindən həmişə yüksək qiymətləndirilib. Bəstəkar hələ tələbəlik illərindən başlayaraq, fortepiano üçün prelüdlərdən tutmuş ən irihəcmli instrumental əsər - piano və orkestr üçün 3 "Konsert"in, skripka və orkestr üçün, violonçel və orkestr üçün konsertin müəllifidir.
Bəstəkarın yaradıcılığında monumental vokal-simfonik əsərlər də üstünlük təşkil edir. Onun müxtəlif illərdə bəstələdiyi "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala-1915" oratoriyaları xalqın tarixini, onun azadlıq və müstəqillik uğrunda mübarizəsini və qələbəsini tərənnüm edən yüksək vətənpərvərlik ruhunda yazılmış sənət əsərləridir. Xüsusilə, "Çanaqqala-1915" qəhrəmanlıq epopeyasına ilk dəfə Azərbaycan bəstəkarı Vasif Adıgözəlov müraciət etmiş və bu monumental əsər Türkiyə xalqının həyatında əlamətdar bir hadisə kimi yüksək qiymətləndirilib.
İri monumental əsərlərlə yanaşı, bəstəkarın mahnıları da öz səmimi, ecazkar melodiyası ilə xalqımızın ürəyinə yol tapıb. Onun dillər əzbəri olan "Qərənfil", "Bakı", "Xoşum gəlir", "Naz-naz", "Şuşa laylası", "Ana" kimi mahnıları insanın ülvi hisslərinin yüksək bədii təzahürüdür.
Azərbaycan musiqi ictimaiyyəti V.Adıgözəlovu həm də fəal ictimai xadim kimi sevmiş və tanımışdır. O, müxtəlif illərdə Bakı Musiqi Texnikumunda direktor, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında, Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər, Bakı Musiqi Akademiyasında kafedra müdiri və Azərbaycan Bəstəkarlar İttifaqında birinci katib kimi çalışaraq böyük təşkilatçılıq qabiliyyəti göstərməklə yanaşı, öz səmimi və mehriban xasiyyəti ilə ictimaiyyətin dərin rəğbətini qazanıb.
Azərbaycan muğamlarının mahir bilicisi, görkəmli xanəndə Zülfü Adıgözəlovun ailəsində doğulub boya-başa çatmış Vasif Adıgözəlovun xalq musiqisi mühitində tərbiyə olunması onun yaradıcılığının milli zəmində formalaşmasına bilavasitə təsir göstərib. Müasir bəstəkarlıq texnikasının incəliklərini mənimsəməklə pianoçuluq məharətinə yiyələnməklə yanaşı, V.Adıgözəlov xalq musiqi qaynaqlarından bəhrələnərək, öz zəngin təxəyyülünün məhsulu olan orijinal əsərlər yaradıb.
Qeyd edək ki, görkəmli bəstəkarın 80 illik yubileyi ölkəmizdə dövlət səviyyəsində qeyd olunub. Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev "Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında" 2015-ci il 11 fevral tarixli Sərəncam imzalayıb.
Sərəncama uyğun olaraq ölkəmizin hər yerində silsilə tədbirlər keçirilib.
Dahi bəstəkarımızın ürəyi 2006-cı ilin 15 sentyabrında dayanıb. Onun yaratdığı ölməz sənət inciləri Azərbaycan musiqisinin ən dəyərli nümunələrindən biri kimi əsrlər boyu yaşayacaq, öz müəllifini heç zaman unudulmağa qoymayacaq.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(28.07.2023)
Bu gün Xalq artisti Mirzə Babayevin xatirəsi yad ediləcək
Sentyabrın 28-də Heydər Əliyev Sarayında Xalq artisti Mirzə Babayevin 110 illiyinə həsr edilmiş möhtəşəm konsert proqramı təqdim olunacaq.
Gecədə unudulmaz sənətkarın repertuarından tanınmış incəsənət xadimlərinin ifasında mahnılar səsləndiriləcək. Konsert proqramına Mirzə Babayevin hər kəsin qəlbini ovsunlayan, yaddaşlara əbədi həkk olunan, unudulmaz “Liman”, “Saçlarına gül düzüm”, “Sən uzaq, yaşıl ada”, “Kimlər gəldi, kimlər getdi”, “Kəpənək”, “Zəfəran”, “Çay” adlı mahnıları daxildir.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(28.07.2023)
Gizlinlərin axtarışında - NAZİM HİKMƏTİN İTMİŞ TABLOSU
Taner Topçu,
Kızılcagün TV-nin Baş koordinatoru, ”Zəfər” qəzetinin müxbiri
Türkçədən dilimizə uyğunlaşdırdı: Gülnarə Cəmaləddin
“Ədəbiyyat və incəsənət”in təqdim etdiyi bu yazı böyük türk yazıçısı Nazim Hikmətin rəssamlıq fəaliyyəti barədədir ki, bu mövzu barədə də əksəriyyətimiz üçün indiyədək xəbərsiz olmuşuq.
Əziz oxucularım! Bu gün yeni bir mövzu ilə qarşınızdayam.
Dünyalarca ünlü, böyük Türk şairimiz Nazim Hikməti hər kəs tanıyır. Amma uzun zaman rəsm çəkdiyi heç kəsə məlum olmamışdır. Çünki çəkdiyi rəsmlər də bəlli deyildi. Biz bu gün sizə onun bir rəsm əsərini təqdim edirik. Bu rəsmlə yaxından tanış olmaq məni çox həyəcanlandırır. Bunu Nazimin çəkdiyini bilirik. Ancaq onun bundan başqa 15- 16 dənə rəsm əsəri olduğu da deyilir. Sadəcə bunlardan bir dənəsidir bu. Bu rəsm əsərini Ankara könüllüsü, Ankara sevdalısı, bir rəsm sevdalısı, Ankara qalasında yerləşən Ankara rəsm qalereyasının sahibi Fatma Tuna öz şəxsi arxivindən çıxartdı və bizi bu rəsm əsəri ilə tanış etdi. İtkin düşdüyü də yenicə məlum oldu.
Nazim Hikmət 1940 –cı ildə Çankırı həbsxanasında yatdığı zaman tanış olduğu təndirçi İbrahim əfəndinin şəklini çəkir. İbrahim əfəndi xeyli vaxt Nazim Hikmətlə çox sıx dostluq edir və bu rəsm çəkilir. Şəkilə baxdığınız zaman İbrahim əfəndinin baxışlarındakı mənanı görə və geyimindən bir Ankaralı olduğunu anlaya bilərsiniz. İbrahim əfəndinin həbsxanaya düşməsinin səbəbi o günlərin şərtlərinə görə qanunla qadağan edilmiş günlərdə çörək satması olmuşdu. O qədər gözəl dost olurlar ki, Nazim Hikmətlə. Nazim Hikmət həbsxanada yazdığı şeir dəftərini ona hədiyyə edir, amma Nazim Hikmət Türkiyədən qaçdıqdan sonra və Türkiyədəki rejim onu yaxaladıqdan sonra o qədər böyük qorxu yaşayır ki, o qorxu hətta bu rəsmə də yansıyır. Rəsm əsərində belə o qorxunun izləri hiss olunacaq dərəcədədir. Həqiqətən şəkildən də İbrahim əfəndinin gizli bir şey saxladığı hiss olunur. Şəkli gizləmək üçün dörd qatlayırlar. Şeir dəftərini də çardağa atırlar. Aradan illər keçir. Ev uçduğu üçün şeir dəftəri tapılmır. Amma Nazimin bu rəsm əsəri demək olar ki, daha yaxşı qorunub saxlanılır.
“20 ildən çox. Sanıram 1991 – ci il idi. Mənə gətirmişdilər. Öncə Çankırıdakı qalereyamda sərgilədim. Əsas məsələ hər kəsin marağını bu mövzuya cəlb etmək deyildi. Bu əsər daha çox Nazim Hikmət aşiqlərinin, Nazim Hikmət koleksiyonerlərinin ala biləcəyi bir əsərdi. Bunu istəyənlər oldu, amma mən vermədim. Düşündüm, bunu evimdən assam, ancaq evimdə mən seyr edəcəyəm və ya yalnız bizə gələnlər görə biləcək. Halbuki bunun daha geniş ərazidə, geniş ictimaiyyət arasında sərgilənməsi gərəkliyini anlayırdım. Nazim Hikmətin sənətkar olduğunu hər kəs bilməli və öyrənməliydi. Nazim Hikmətin bu əsəri sadəcə onun çəkdiyi yeganə əsər deyildi. Nazim Hikmətin bir özəlliyi də ətrafındakı insanları maarifləndirmək, öyrətmək olmuşdur. Doqquz ay yarım sonra sağlığında yaranmış problem səsbəbiylə Çankırı həbsxanasından köçürüldüyü Bursa həbsxanasında da İbrahim Balaban kimi bir dəyəri yetişdirmiş bir sənətkardır Nazim Hkmət. Əslində qan davası ucbatından həbsxanaya düşmüş bir qatil idi İbrahim Balaban.”
Sonra Türkiyənin ən böyük rəssamlarından biri olur. 1946-cı ildə Nazim Hikmət Çankırı həbsxanasına göndəriləndə həyat yoldaşı Pirayə xanım da Çankırıya köçür. Yeganə arzuları Nazimin tezliklə həbsdən azad olma ehtimalıydı. 9 ay yarım boyunca bu arzularını həyata keçirməyi bacarmırlar, sonra sağlığında yaranan problemlə bağlı ev dustağı olaraq bir kənddə məhbusluq həyatını keçirmək üçün dayısı Ali Fuad Cebesoydan xahiş edirlər. Sonrası isə məlumdur. Daha maraqlı mövzularda görüşmək ümidi ilə.
“Ədəbiyyat və incəsənət”
(28.07.2023)
XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının açılış mərasimi olub
İyulun 27-də Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının açılış mərasimi olub.
APA xəbər verir ki, ölkəmizdə musiqi mədəniyyətinin inkişafında və təbliğində müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli çıxış edərək ənənəvi olaraq təşkil edilən Qəbələ Beynəlxalq Musiqi Festivalının mədəniyyətimiz üçün əlamətdar hadisə olduğunu vurğulayıb.
Xalq artisti çıxışında builki festivalın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunduğunu vurğulayaraq, bu yubileyin ölkəmizin ictimai-siyasi və mədəni həyatında çox böyük hadisə olduğunu bildirib:
“Bu illər ərzində bu festivalda böyük ifaçılar çıxış edirdilər. Vaxtilə bu səhnəyə mənim böyük dostum, rəhmətlik Fəttah Heydərovla bir yerdə olmuşuq və həmişə bir yerdə çıxış etmişik. İllər keçəcək, biz hamımız gedəcəyik.
Qoy bu festival davam eləsin. Bizdən sonra qoy bu yerdə yeni nəsil gəlib çıxış etsin. Bu festivalın böyük ənənələri və əhəmiyyəti var. Bu il ulu öndər Heydər Əliyevin 100 illiyidir. Bu il ərzində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Vyanada, Londonda, Fransada, hər yerdə gözəl konsertlər və festivallar təşkil olunub.
Bu festivalı biz ulu öndərə həsr edirik. Çünki Heydər Əliyev və musiqi, bu mövzuda saatlarla danışmaq olar. Festival iki proqramı - “Yeni adlar” və “Gənclərə dəstək” proqramını əhatə edir. Mədəniyyət böyük bir silahdır. Azərbaycanın ordusu var, böyük ordu, amma mədəniyyət də böyük bir silahdır. Gəlin bundan da istifadə edək”.
Sonra XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı açıq elan olunub.
Azərbaycanın Xalq artistlərləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadənin bədii rəhbərliyi ilə təşkil olunan XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı “Viva Opera” adlı konsertlə başlayıb.
Açılış konsertində Əməkdar artist Əyyub Quliyevin və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər - Xalq artistləri Dinarə Əliyeva , Əvəz Abdullayev, Samir Cəfərov, Yusif Eyvazov və Əməkdar artist Səbinə Əsədova çıxış ediblər.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan budəfəki Qəbələ Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Böyük Britaniya, Estoniya, Litva, Polşa, Rusiya və Türkiyədən dünyaşöhrətli musiqiçilər – ifaçı və dirijorlar, musiqi kollektivləri iştirak edirlər.
Xatırladaq ki, 2009-cu ildən ənənəvi təşkil olunan festivalda bu dəfə də musiqisevərlər üçün maraqlı proqramlar təqdim ediləcək. Bir həftə ərzində klassik, kamera musiqisi və muğam axşamları təşkil olunacaq.
“Ədəbiyyat və incəsənət”
(28.07.2023)
Ötən il bu gün: Roma Papası hindulardan üzr istəyib
“Ədəbiyyat və incəsənət” portalı ötən il bu gün rubrikasında 2022-ci ilin 28 iyulundakı ən önəmli hadisələrdən birinə toxunacaq: Roma Papası hindulardan üzr istəmişdi...
Ən böyük mədəniyyət insani rəftar, humanizm deyilmi? Kanadada səfərdə olan Roma Papası Fransisk Kanadanın xüsusi internat məktəblərini ziyarət edən yerli xalqların – hindu ailələrinin uşaqları ilə qəddar davranışa yol verən katolik kilsəsinin hərəkətləri üçün üzr istəyib. O, həmçinin kilsə və dini icmaların bir çox üzvlərinin yerli xalqların mədəni məhvinə və məcburi assimilyasiyasına yönələn layihələrdə iştirak etməsi üçün bağışlanmalarını istəyib. Kanadaya etdiyi beş günlük səfər çərçivəsində Pontifik (Papanın dini rütbəsidir – red.) ölkənin yerli sakinləri üçün ilk milli kilsə olan Edmontondakı Müqəddəs Ürək kilsəsində insanların dualarını qəbul edib.
Roma Papası Fransisk mərasim zamanı söyləyib: “Pisliyin, təhqirin və aldadılmış etimadın ləyaqətə vurduğu ləkəni heç nə silə bilməz. Və biz xristianlar heç vaxt üzərimizə rüsvayçılıq yığıb onu silməklə məşğul olmamalıyıq. İndi hər şeyi yenidən başlamaq lazımdır".
Gəlin faktlara diqqət edək: 1881-1996-cı illərdə Kanadada yerli xalqlardan 150 mindən çox uşaq öz ailələrindən ayrılaraq, əsasən katoliklərin idarə etdikləri internat məktəblərinə göndərilmişdir. Bir çox uşaqlar ana dilində danışdıqları və ənənəvi ritualları tətbiq etdikləri üçün cinsi istismara, döyülmə və digər cəzalara məruz qalmışdır.
Edmonton yaxınlığındakı Kanadanın ən böyük internat məktəbi olan Ermineskinə getməzdən əvvəl Roma Papası bu məktəbin bir çox şagirdinin dəfn olunduğu qəbiristanlığı ziyarət edib. Ümumilikdə, Kanadanın internat məktəbləri sistemində 4 mindən çox uşaq indiyənədək dünyasını dəyişib.
Gəlin razılaşaq ki, ağdərilər Amerikanı zəbt edtikdən sonra o zamanlar yerli qırmızıdərili xalqlara qarşı necə genosid siyasəti aparırdılarsa, indi də həmin siyasət davam edir. Sadəcə, daha sivil formaya salınıb.
“Ədəbiyyat və incəsənət”
(28.07.2023)
Dünyanın ən məşhur küşə rəssamlarından biri: Etam Kryu
Strit art incəsənəti ilə hər kəs tanışdır. Küçə rəssamlarının küçə divarlarına çəkdikləri gözoxşayan rəsmlər hər kəsi valeh edir. Murallar və qrafitlər şəhərləri canlandırır, əhalini heyrətləndirir. Bir çox strit-art yaradıcıları divarlara qeyri-leqal rəsm çəkməkdən ümumdünya şöhrətli rəssama çevrilməyəcən uzun bir yol keçiblər. “Ədəbiyyat və incəsənət” portalı miridei.com-a istinadən öz oxucularına küçə rəssamlarının ən yaxşılarından olan Etam Kryunu təqdim edir.
Etam Kryu
İlk olaraq sizə Etam Kryunu təqdim edirik - haqlarında ən çox danışılan küçə rəssamlarını. Bu, iki polşalı küçə rəssamının psevdonimidir. Onların çəkdikləri murallar – divar rəsmləri öz ölçülərinə görə adamı hədsiz təsirləndirir, hətta heyrətləndirir. Onlar tək Polşada deyil, bütün Şərqi Avropada gözəl izlər qoyurlar. İndi planlarında Avropanın Qərbini də bəzəyib Amerikaya üz tutmaq dayanır.
İlk vaxtlarda onlar qeyri-qanuni fəaliyyətə görə cərimələnirdilər, amma indi Polşa hökuməti rəssamlara sifarişlər verir, onlara böyük paralar ödəyir. Onlar da ölkəni, bir növ, abadlaşdırırlar. Təsəvvür edin ki, Polşaya gələn minlərcə turist Varşava, Qdansk, Xojuv, Zaqlembe, Vrotslav, Katovitse kimi şəhərlərdə xüsusi ekskursiya turlarına çıxaraq Etam Kryunun divar rəsmlərinə tamaşa edirlər.
Öz işlərində folklor motivlərinə və sürrealizmə müraciət edən rəssamlar bir işi başa çatdıranacan aylarını sərf edib hədsiz yorulurlar, bununla belə, əsla bezikmirlər. Çünki həqiqətən ortaya şedevr qoyurlar.
Şəkillərdə: Etam Kryunun rəsmləri
“Ədəbiyyat və incəsənət”
(28.07.2023)