
Super User
Azərbaycanlı gənc rəssamların Romada sərgisi açılacaq
Yanvarın 23-dən 30-dək Romanın Medina Art Galereyasında azərbaycanlı gənc rəssamların “Mədəni diplomatiya sənəti - Sülh naminə incəsənət” (Art of Cultural Diplomacy-Art for Peace) adlı qrup sərgisi açılacaq.
Sərgi Azərbaycanın İtaliyadakı səfirliyi, səfirliyin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək.
“Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzindən AzərTAC-a bildirilib ki, sərgidə 22 gənc rəssam iştirak edəcək və onların 57 rəsm əsəri ilə yanaşı, gənc heykəltaraş Kənan Həsənquliyevin “Qarabağ cəngavəri” adlı heykəli də nümayiş olunacaq.
Sərginin məqsədi Azərbaycanın gənc rəssamlarının istedadını italyanların və İtaliyada olan turistlərin diqqətinə çatdırmaqdır.
Sərginin açılış mərasimi yanvarın 24-də keçiriləcək. Sonda iştirakçı rəssamların hər birinə səfirlik tərəfindən sertifikatlar təqdim olunacaq.
Qeyd edək ki, bu, “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin İtaliyada sayca üçüncü sərgisidir. Mərkəz tərəfindən bu ölkədə təşkil olunan ilk sərgi 2012-ci ildə Romada, ikinci sərgisi isə 2014-cü ildə Milanda açılıb.
“Ədəbiyyat və incəsənət”
(09.01.2025)
Kinematoqrafçılar üçün ingilis dili kursu layihəsinə qəbul elan edilib
Azərbaycan Kinematoqrafçılar İttifaqı “FilmEnglish – kinematoqrafçılar üçün ingilis dili kursu” layihəsinə qəbul elan edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
Məlumatda bildirilir ki, layihənin əsas məqsədi gənc kinematoqrafçıların kino dünyasında çox əhəmiyyətli olan ingilis dili biliyinin təkmilləşdirilməsidir.
Üç ay davam edəcək kurslarda iştirak pulsuzdur. Dərslər həftədə 2 dəfə olmaqla, axşam saatlarında keçiriləcək. İngilis dili kursuna qatılmaq istəyən şəxslər məlumatlarını PDF formatda bir səhifədən çox olmamaqla, yazılı portfolionu Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına “AKİ-nin ingilis dili dərsi kursu” başlığı ilə göndərməlidirlər.
Müraciətlər yanvarın 25-dək qəbul olunur.
Layihədə iştirak ödənişsizdir.
“Ədəbiyyat və incəsənət”
(09.01.2025)
Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü ilə “1-ci Uşaq Teatr Festivalı” başlayır
Azərbaycan teatrının yaranmasının 152-ci ildönümünü münasibətilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə martın 10-dan 17-dək “1-ci Uşaq Teatr Festivalı” keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, uşaqlar üçün nəzərdə tutulan festival Azərbaycan xalq nağıllarının yaşadılması və yeni nəslin mədəniyyətə marağının artırılması məqsədilə təşkil olunur.
Festivalda 15 komandanın təqdim edəcəyi xalq nağılları əsasında hazırlanacaq tamaşalar 20-35 dəqiqə davam edəcək. Bu yanaşma uşaqların milli irsimizə bağlılığını möhkəmləndirməklə yanaşı, onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməyə imkan yaradacaq.
Festivalın məqsədi mədəni irsimizi qorumaqla yanaşı, uşaqlara komanda şəklində işləmə bacarıqları qazandırmaq, səhnə mədəniyyəti ilə tanış olmalarına və öz istedadlarını nümayiş etdirmələrinə şərait yaratmaqdır. Tədbir Azərbaycan xalq nağıllarının yaşadılması və yeni nəslin mədəniyyətə marağının artırılmasını hədəfləyib.
Layihənin ideya müəllifi Azərbaycan İncəsənət Məktəbinin direktoru Tural Əliyev, layihənin rəhbəri Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzin metodisti Dağlar Yusif Əfəndi, layihənin bədii rəhbəri Azərbaycan İncəsənət Məktəbinin təsisçisi Fərid Bağırov və layihənin koordinatoru Azərbaycan İncəsənət Məktəbinin meneceri Rübabə Hüseynovadır.
“Ədəbiyyat və incəsənət”
(09.01.2025)
Azərbaycan Milli İncəsənət Muzeyində “Sevgi odası” adlı bal təşkil ediləcək
Yanvarın 13-də Əli və Ninonun əfsanəvi sevgi hekayəsinin canlandırılacağı ab-havada “Sevgi odası” adlı əsrarəngiz bal təşkil ediləcək.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Milli İncəsənət Muzeyində keçiriləcək bal Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının immersiv tamaşa formatında keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(09.01.2025)
Dövlət dəstəyi ilə lentə alınmış filmlərin təqdimatı keçiriləcək
Yanvarın 17-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) dəstəyi ilə lentə alınmış “Narqız” animasiya, “Tərsinə kölgələr” və “Erkən hisslər” qısametrajlı bədii filmlərinin təqdimatı keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yaymışdır.
Qeyd edək ki, hər üç film 2023-cü ildə keçirilən “Dövlət sifarişi və dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi” və 2024-cü ildə keçirilən “Post-prodakşn mərhələsində olan film layihələrinə dəstək” müsabiqəsində qalib gəlmiş ekran əsərləridir.
“Peri Film” MMC tərəfindən istehsal olunmuş “Narqız” filminin rejissoru tamaşaçıların “Tıq-tıq xanım” animasiya filmi ilə yaxşı tanıdığı Məsud Pənahidir.
“Rental Azərbaycan” MMC tərəfindən istehsal olunmuş “Erkən hisslər” qısametrajlı bədii filmi 2023-cü ilin sonunda keçirilmiş film müsabiqəsinin qalib işlərindəndir. Ekran işini gənc rejissor Nurlan Həsənli lentə alıb.
Kinotənqidçi, rejissor Hacı Səfərovun “Tərsinə kölgələr” qısametrajlı bədii filmi “Chinar Film” MMC tərəfindən istehsal olunub. Ekran əsəri 2024-cü ildə ARKA tərəfindən keçirilən “Post-prodakşn mərhələsində olan filmlərə dəstək” müsabiqəsində qalib gəlib.
Xatırladaq ki, ötən bir il ərzində Mədəniyyət Nazirliyi və ARKA tərəfindən 40-dan çox film layihəsinə maliyyə ayrılıb. Həmin filmlərin təqdimatı il ərzində davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(09.01.2025)
Kolumbiya Universitetində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
Kolumbiya Universitetində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
“Ədəbiyyat və incəsənət” portalı Diaporla İş üzrə Dövlət Komitəsindən aldığı məlumata görə, ABŞ-nin Nyu York şəhərində yerləşən Kolumbiya Universitetində də 31 Dekabr – Dünya Azərbaycanlıların Həmrəyliyi Gününə və Yeni ilə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan-Amerika Gənclər Federasiyasının (AAYF) təşkilatçılığı ilə baş tutan tədbirə Kolumbiya Universitetinin azərbaycanlı və əcnəbi tələbələr, eləcə də Ayova, Corciya və digər ştatlardan gələn tələbələr qatılıb.
“Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AAYF-nin sədri Leyla Aslanova açılış nitqi ilə çıxış edərək, iştirakçıları salamlayıb, birliyimizin və həmrəyliyimizin millətimizi daha da gücləndirdiyini vurğulayıb.
AAYF-nin idarə heyətinin üzvü Fərid Axundov qəza nəticəsində həlak olanların ailələrinin kədərinə şərik olduqlarını bildirib və yaralananlara Allahdan şəfa diləyib.
Tədbirdə iştirakçılar öz təcrübələrini paylaşaraq, bir-biri ilə tanış olmaq imkanı qazanıblar. İnteraktiv hissədə Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı viktorina keçirilib. İlk üç yeri tutan qaliblər mükafatlandırılıb. Tədbir qarşılıqlı fikir mübadiləsinin aparılması ilə yekunlaşıb.
“Ədəbiyyat və incəsənət”
(09.01.2025)
Belə gərəkdir ki, belə deyilir! - AKTUAL
Əkbər Qoşalı - “Ədəbiyyat və incəsənət” üçün
Bəri başdan vurğulamaq istərdim -
bəli, Prezident İlham Əliyev indiyədək dəfələrlə müsahibələr verib; bəli, başqa ölkələrin prezidentləri də çoxsaylı müsahibələr verir - bunları bilirik, əlbəttə; bununla belə, İlham Əliyevin çox açıq danışmağı uyğun görməsi, özəl vurğuları, ilkləri, habelə zəruri xəbərdarlıqları baxımından, 7 yanvar tarixli müsahibəsi həm özünün öncəki müsahibələrindən həm bir çox həmkarının müsahibələrindən üstün və fərqli oldu.
Dövlət başçısının öz dərin məzmunu, üfüqaçıcı siqləti ilə seçilən müsahibəsi, bütün digər önəmli yönləri ilə birgə, xarici siyasət, beynəlxalq münasibətlər baxımından tarixi önəm daşıyan bir hadisədir.
Nə üçün belə düşünürük? - Açıqlayaq:
Tarixi Zəfərə imza atmış ölkənin zəngin təcrübəli, sözü imzası qədər keçərli Prezidentdən danışırıq. Problemlər də, problem yaradan dövlətlər, qarışıq zamanlar da həmişə olub; lakin öz ötkəmliyini itirməyən neçə dövlət, neçə lider saya bilərik? İlham Əliyevin prezidentliyi dönəmində Azərbaycan Respublikasının qazandığı uğurlar - Zəfərin parlaq Günəşi hər xalqın baxtına, hər dövlət başçısının taxtına doğmayıb. Özünüz deyin, yaxın tarixdə bizim kimi hansı ölkə öz ərazi bütövlüyünü bərpa edə bilib? - Hələ-hələ bizim düşdüyümüz durumda, ağır işğal altında və barışa məsul böyük dövlətlərin işğalçını müdafiə etdiyi bir ortamda?!. Məsələn, sabah-birisigün Gürcüstan, Moldova, Ukrayna öz ərazi bütövlüyünü, suverenliyini bərpa etsə (inşallah), yenə bizim Zəfərimizin üstünlüyü pozulmayacaqdır. Çünki, GUAM ortaqlarımızın hamısı biri bizim üzbəüz qaldığımız böyük güclərdən yalnız biri ilə qarşı-qarşıyadır və o biri güclər işğalın bir an öncə bitməsinə çalışır. Çox önəmli faktor deyilmi bu? Gürcüstan, Moldova və Ukraynanın görmüş olduğu güclü xarici siyasi-iqtisadi, hərbi və s. dəstəyi biz nəinki gördük, tam tərsinə işğalçıyla bərabər, bərabər də yox, daha betər tutulduq.
Məhz bu və bənzəri əsaslara, faktor və amillərə görə, yeni ilin yeddinci günündəki müsahibə, Prezidentin milli maraqlara sadiqliyini bir daha nümayiş etdirərək, hər bir Azərbaycan vətəndaşına qürur, inam hissi bəxş etdi.
Prezidentin müsahibəsi öncəki müsahibələrdən bir neçə önəmli aspektdə fərqlənir. Öncə, Prezident Azərbaycanla fiziki qonşuluqda olan, lakin “qonşuluq haqqı”nı verə bilməyən dövlətlərə də, uzaqdan idarə olunan “buraxma dövlət”ə və özünü həmişəlik idarəedici güc mərkəz sayanlara da sərt ismarıclar göndərdi. Çox yaxında - məlum uçaq vurulması hadisəsindən sonra Rusiyanın ünvanına kəskin, cəsarətli sözlərini əsirgəməyən Azərbaycan Prezidentinin, belə tezliklə digər böyük dövlətlərin ünvanına da eyni və ya daha kəskin sözlər söyləməyəcəyini düşünmək olardı. Düşünmək olardı ki, quzeydə Moskvaya, güneydə Tehrana, günbatarda Parisə bunca açıq və topdan ismarıclar göndərilməz bəlkə. Üstəlik, Ermənistan yanıbaşımızda revanşizimdən əl çəkməyib.
Bəs necə oldu ki, İlham Əliyev kimi təcrübəli dövlət və siyasət xadimi dörd yanı birdən uyardı? Bilirsiz, şəxsən mən bunun cavabını, Prezidentin nəyi, nə vaxt, harda və necə etmək lazım olduğunu sınanılmış şəkildə dəqiq bilməsinə bağlayıram. - Belə lazımdır ki, belə dedi!
Başqa bir səbəb Prezidentin öz dövlətinə, xalqına könül bağında, yanar ürək yiyəsi olmasındadır!
İlham Əliyev bundan daha cəsarətli qərarlar qəbul edib və qalib gəlib!
27 sentyabrda tarixi əks-hücum əmri verən, misilsiz məsuliyyəti üzərinə götürən və yüksək ləyaqətlə daşıyan o idi! O idi antiterror tədbirlərinə göstəriş verən! O, İlham Əliyevdir - öz xalqının arxasında dağ kimi dayanan, xalqı da ona arxa duran!
Beləliklə, Prezidentin prinsipial mövqeyi Azərbaycan dövlətinin və xalqının qürurlu, müstəqil siyasət yürütmək əzmini bir daha təsdiqlədi.
İkinci önəmli fərq, Prezidentin indiyə qədər açıqlanmayan bəzi məqamları işıqlandırması idi. Örnəyi, Tehranda Azərbaycan Səfirliyində qanlı terror əməli törətmiş qatilin edamı ilə bağlı Prezidentə verilən amma yerinə yetirilməyən rəsmi söz!..
Başqa örnək: Fransa Senatı və Milli Assambleyasından öncə Fransa hökumətinin Xankəndidəki keçmiş və özünü buraxmış qondarma rejimi “dövlət” kimi tanımaq yönündə göstərdiyi cəhdlər… Prezident bu addımların arxasında dayanan məkrli planları konkret faktlarla ifadə və ifşa etdi. İlham Əliyev Azərbaycanın bu cəhdlərə qətiyyətlə qarşı çıxdığını və belə bir hal baş verəcəyi təqdirdə Fransa ilə diplomatik əlaqələrin dərhal kəsiləcəyi barədə xəbərdarlıq etdiyini vurğuladı. Bu, Azərbaycanın prinsipial xarici siyasətinin bariz örnəyidir.
Prezident həmçinin ATƏT-in gərəksiz Minsk Qrupu həmsədrlərinin işğalı “əbədiləşdirmək” məqsədilə apardığı ikili standartlar siyasətini ifşa edərək, Azərbaycanın bütün maneələrə baxmayaraq, daxili imkanları hesabına tarixi Zəfər qazandığını bir daha xatırlatdı.
Daha bir vacib məqam, Prezidentin həm Azərbaycan xalqına, həm də dünya ictimaiyyətinə ünvanladığı çağırış idi: Azərbaycanın tarixi Zəfəri ədalət, barış və yeni dünya nizamının qurulmasına xidmət edir. Bu, həm böyük dövlətçilik gələnəklərinin, həm də çağdaş dönəmin çağırışlarına uyğun yürüdülən siyasətin təntənəsidir.
Prezidentin beynəlxalq platformalar barədə fikirləri də özəl diqqətə layiqdir. Azərbaycanın üzv olduğu qurumlarda yalnız sıravi üzv dövlət (yaxud yardım axtaran ölkə) kimi deyil, töhfə verən, kömək edən ölkə kimi çıxış etdiyi bir daha vurğulandı. Bu, Azərbaycanın qlobal miqyasda nüfuzunu daha da artırır.
Prezidentin müsahibəsi, Azərbaycan dövlətinin gücünü, xalqın əzmini və gələcəyə olan inamını nümayiş etdirən qürurlu, duyğulu, üfüqötəsinə səsləyən və yol xəritəsi göstərən hadisədir.
Bəli, bu müsahibə yalnız qürur qaynağı deyil, həm də, xalqımızın böyük məqsədləri, idealları uğrunda səfərbər olunması üçün mənəvi təlimatdır.
Prezidentin müsahibəsi, özünün dediyi kimi, “sözümüz imzamız qədər keçərlidir” prinsipinin növbəti canlı təcəssümüdür.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(09.01.2025)
Yamacın alnının qırışı bir yol... Orada bir şair...
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
Yolçu yolla gedər... Şairsə ya yolu uğurlayar, ya da yol önünə düşər onun. Gecə bir dağ... Təb sərt yamac... Yamacın alnının qırışı bir yol... Orada bir şair... Şairin zehnində bir xatirə... Xatirənin bətnində sancı çəkən ruh... Doğulan şeir... Oxunan şeir... Oxuyan da şair...
Hardasa istidən yanan səhrada
Solğun bir çiçək var, yağışa həsrət.
Hardasa soyuqdan donan quşcuğaz
Günəşdən süzülən baxışa həsrət.
Dənizin üstündə hey acı-acı,
Ey bulud, boş yerə tökmə göz yaşı.
Dəryanın damlaya yox ehtiyacı
Yükünü bir az da səhraya daşı.
Əsl Şəki havası - hər an yağış ehtimalı, səmanın bir küncündə də olsa, bulud özünəinamı... Əsl Şuşa havası - dağların başının dumanlı olmaq ehtimalı yüksək... Əsl şair əhvalı-anlaşılmaz, sirri açılmaz, dili bilinməz...
Və mən bu şeiri yazandan - Şəkidə yaşayan şuşalı şair Mərhəmət Əliyevdən soruşuram: “Buluda deyirsiniz ha, “Dəryanın damlaya yox ehtiyacı, / Yükünü bir az da səhraya daşı”, müraciətdir, xahişdir, tələbdir, yoxsa şair ərkidir?” “Zərurət!”-deyə cavab verir. Sonra da gəlmiş-keçmiş və gələcək-keçəcək bütün şairlər kimi zəmanədən gileylənir: “Müasir dünyamızda qeyri-bərabər və ədalətsiz bölgü mövcuddur. Bu, həyatın hər anında belədir...”
***
“Ömrüm sənin olsun....” hekayəsini heç unutmuram Mərhəmət müəllimin. Uzun illər əvvəl yazılıb o hekayə... Onda hələ Qarabağ ağrımız idi... Onda hələ məktəbdə uşaqlara “işğal tarixləri” əzbərlədirdi müəllimlər. Onda hələ evdə analarından: “Ana, Qarabağ haradadır axı? Niyə gedib çıxa bilmirik?”-deyə soruşurdu uşaqlar. O ağrıyla yazmışdı “Ömrüm sənin olsun...”u ilk məktəb xatirələrini Şuşada qoyub gələn Mərhəmət Əliyev.
Tələbə ikən dialektologiya dərsində “Yaşadığınız bölgənin dialektinə aid sözlər yazıb gətirin”-deyən müəllimə şeirlə cavab verən Mərhəmət Əliyev...
İnsanın varlığı məhv olur tamam,
Elə ki, elindən didərgin düşür.
Bülbül də qəfəsdə yaşaya bilmir,
Çünki, o, gülündən didərgin düşür.
İşlər nəhs gətirir fələk buranda,
İnsan çarəsizdi bəxti duranda...
Qarlar da əriyir isti vuranda-
-Dağların başından didərgin düşür.
Ağrılar qəlbini deşən insanın,
Həsrət alovunda bişən insanın,
Elindən didərgin düşən insanın,
Ləhcəsi dilindən didərgin düşür.
***
Əliyev Mərhəmət Qaryağdı oğlu 3 mart 1980-ci ildə Şuşa rayonunun Şırlan kəndində anadan olub. 1988-ci ildə Əliyevlər ailəsi Şuşa şəhərinə köçüb. Şuşa işğal olunana qədər Şuşa şəhər 1 nömrəli tam orta məktəbində təhsil alır Mərhəmət Əliyev. Sonra gəlir o gün - Şuşa işğal olunur... Ondan sonra şair ömrü, sözün həqiqi mənasında, tanıyır dərbədərliyi. Füzuli rayonunda, Ağcəbədi rayonunun bir neçə kəndində, Mingəçevir şəhərində keçir yeniyetməliyi. Nəhayət, Şəki rayonunda məskunlaşır Əliyevlər ailəsi. Mingəçevir şəhərində yerləşən Azərbaycan Maliyyə İqtisad Kollecinin Xocalı filialında və Azərbaycan Müəllimlər İnstitutunun filologiya fakültəsində təhsil alan Mərhəmət Əliyev hazırda Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir.
Azad olunandan sonra Şuşaya gedib-getmədiyini də soruşdum ondan. “Şuşaya düz 30 ildən sonra dönə bildim. İlk dəfə Şuşaya Zəfər yolu ilə getdim. Bu yolu gedərkən ordumuzun misilsiz qəhrəmanlığına heyrət etməmək olmur. Doğrudan da, əsgərlərimiz mümkünsüzü mümkün etmişlər. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Biz onlara əbədi olaraq borcluyuq.
Şuşada keçirdiyim hissləri sözlə ifadə etmək mümkün deyil. Dilimizdə belə bir ifadə var: “həyatını itirmək”.Təsəvvür edin ki, 12 yaşında itirdiyin həyatını 42 yaşında tapırsan. Oxuduğun məktəbi, yaşadığın evi yerində görmürsən, amma yenidən var olacağına mütləq şəkildə inanırsan”-dedi şair...
Mən onda - o söz qarşısındakı acizliyində daha yaxşı anladım şairin niyə “Qorxunun adını qoymuşam səbir, /Çərləyib ölübdü söz ürəyimdə” yazdığını. Dünyanı “kasıbın çiynində şələ” bilən Mərhəmət Əliyev “8-ci dərman” hekayəsində oxucuya, ümumiyyətlə, bütün dünyaya anlatmaq istəyir ki, “məhəbbət ömür boyu qəbul edilməlidir”. Klassik ədəbiyyat, ondan öncə də əfsanələr, nağıllar bizə öyrədir ki, məhəbbət birfədəlikdir - gəldisə, özünə yer etdisə, vəssalam! Amma elə eyni ədəbi nümunələr də dönə-dönə ayrılığı mədh edir. Demək ki, məhəbbət, həqiqətən, ömrü boyu qəbul ediləcək dərmanmış... Mərhəmət Əliyevə təşəkkür düşür bu gerçəkliyi tərənnüm ədəbiyyatının şəlləyindən çıxarıb qozqara kötüyünün üstünə qoyduğu üçün... Məhəbbət elə gözümüzün önündə olsun ki, cəmiyyət, dünya olaraq onu unutmayaq, ya da nəyinsə xatirinə unutduğumuzu deməyək...
Müəllif də mənimlə həmfikirdir: “İndi daha çox ehtiyacı var dünyanın məhəbbətə... “8-ci dərman”ı-məhəbbəti bir an belə, qəbul etməsək, dərhal yerini nifrət, qəzəb, ən azı, biganəlik tutacaq. Onu da qeyd edim ki, biganəlik nifrətdən daha ağır mərəzdir. Fəsadları daha ağır olur. Bütün bağlar qopur və hər şey pərən-pərən olur. Ən ali dəyərlər adiləşir. Beləliklə, insan əşyaya çevrilir. İnsan qalmaq üçün “8-ci dərman”a ehtiyacımız daimidir...”
***
“Hər kişinin öləndən sonra onu ağlayacaq bir qadına ümidi var. Ümidi işgəncə bilibmi deyirsiniz ki: “Kəfənə bükülüb qəbrə düşəndə, / Nə anam ağlasın, nə yar ağlasın”? Yoxsa, “siz çəkəni çəkən qadın”a qıymırsınız?”-deyə də soruşdum şairdən. Cavidi xatırladı: “Hüseyn Cavid yazır: “Qadın gülərsə, bu ıssız mühitimiz güləcək, / Sürüklənən bəşəriyyət qadınla yüksələcək!” Cavid dühası ilə razılaşmamaq mümkün deyil. Ən böyük işgəncə qadın göz yaşını görməkdir. İstər yar olsun, istər ana olsun. Heç bir qadının göz yaşına qıymıram”.
Bir sükut axdı o an şairin önünə düşən yola Ay işığından... Br çiçək açdı yanvarın bu ayazında başını qar altından qaldırıb. Adına “qardələn” deyəmmədik... “Ana ümidi” dedik... Yığışdıq dünyanın tüm şairləri onun başına. Çiçək gülümsədi bizə, pıçıldadı üzünü yola tutub: “Yolları çəkən atalar, yolların müəllimi analardır...”
...Bu dövrdə müəllim-şagird münasibətlərində nə var, nə yox, onu da soruşdum Mərhəmət müəllimdən. “Müəllim olmaq çox şərəfli peşəyə sahib olmaq deməkdir. Əlbəttə, şablon kimi səslənə bilər. Ancaq bu, həqiqətdir. Müasir dövrdə müəllimlik sənətinin özünəməxsus çətinlikləri var. Buna müəllim-şagird, müəllim-valideyn, valideyn-məktəb, ümumiyyətlə, cəmiyyətin münasibətlərində təzahür edən bir çox məsələlər daxildir. Mən şagirdlərimi çox sevirəm. Əminəm ki, onlar da mənə qarşı eyni münasibətdədirlər. Düzgün müəllim-şagird münasibəti olmayan yerdə keyfiyyətli təhsildən söhbət gedə bilməz”.
...Mərhəmət Əliyevin şeir yaradıcılığından, hekayələrindən bir ktablıq danışmaq olar-sözün əsl mənasında. Ən yaxşısı isə, o əsərlərin oxucuyla həmdərd, həmsöhbət olmasıdır...
Ömrüm sənin olsun...
(Naməlum şəraitdə həlak olan bütün adsız qəhrəmanlara)
Yarası yüngül olmasa da, ölümcül də deyildi. Yaxşı sarımışdı. Mühasirədən çətinliklə çıxsa da artıq təhlükədən uzaq idi. Ətrafa yaxşı bələd idi. Buraları ovuc içi kimi tanıyırdı. Uşaqlığı bu dağlarda, cığırlarda, meşələrdə keçmişdi...
Ağır-ağır yeriyir, arabir çevrilib tüstülənən şəhərə baxırdı. Şəhər tam işğal olunana qədər döyüşmüşdü.Yaralanmış və mühasirəyə düşmüşdü. Ancaq yaxşı döyüşçüydü. Xeyli düşmən məhv edərək xilas olmuşdu. Bir az da getsə, təpəni aşacaqdı. Birdən ayağı altında nəsə xırçıldadı. Dərhal bunun mina olduğunu anladı. Ayağını qaldırdığı anda partlayacaqdı.
Süngü bıçağı çıxardı. Ətrafa göz gəzdirdi. İri bir daş axtarırdı. Belə vəziyyətə əvvəllər də düşmüşdü. Bıçağı ayağı ilə minanın arasına keçirir, sonra bıçağın sapı üzərinə ağır daş qoyaraq ayağını çəkirdi.
Mina basılı qaldığından partlamırdı. İndi də belə edəcəkdi. Lakin yaxınlıqda daş yox idi. Çıxış yolu fikirləşdi. Alt tərəfdə dərin xəndək vardı. Qərara gəldi ki, qəflətən xəndəyə sıçrasın. Belədə xilas olmaq şansı vardı. Birdən gözü cığırın kənarındakı çiçəyə sataşdı.
Xarı bülbül idi....
Düşündü...Bütün həyatı kino lenti kimi gözləri önündən keçdi..
...Bir dəfə dərsdən qaçaraq parta yoldaşı uzun hörüklü qız üçün bir dəstə dərmişdi bu çiçəkdən. Onun sevinəcəyini düşünmüşdü. Lakin hörüklü qız ona yalvararaq daha Xarı bülbülü dərməməyi xahiş etmişdi. Demişdi ki: “Onsuz da, kədərlidir bu çiçəyin taleyi. Qurban olum, dərmə bir də Xarı bülbülü. Harda görsən, qoru. Qoy yaşasın. Bizim dağların gözəlidir Xarı bülbül!”
Nə etməli!?! Xəndəyə sıçrasa, mina partlayacaqdı, Xarı bülbül də məhv olacaqdı! Aşağı əyildi. Bıçağı ayağı ilə minanın arasına keçirdi. Sonra əli ilə sapından möhkəm basaraq sinəsi üstə minanın üzərinə çökdü. Ehmalca qıvrılaraq sol əlini uzadıb yarasının sarğısını açdı. Qan axmağa başladı... Xeyli beləcə davam etdi. Göz qapaqları qapandı.
Gülümsündü. Zorla gözlərini açaraq:
- Sən yaşa, dağlar gözəli! Ömrüm sənin olsun! - dedi.
“Ədəbiyyat və incəsənət”
(09.01.2025)
Dilənçilər və insan reaksiyaları: Görmədiyimiz həqiqətlər
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Küçədə bir dilənçi gördükdə, insanların ilk reaksiyası çox vaxt mühakimə olur. "Əl açmaqdan başqa nə edə bilərdi?", "Bəlkə də, yalan deyir?", "Bu da bir biznesə çevrilib..." deyə düşünürük. Amma bu düşüncələr içimizdəki narahatlığı sakitləşdirmək üçündürmü, yoxsa reallığı qəbul etməkdəki çətinliyimizdən qaynaqlanır?
Hər dilənçinin hekayəsi eyni deyil. Bəziləri həqiqətən yoxsulluğun sərhədlərinə çatıb, bəziləri isə bu rolu seçib. Amma bir sual həmişə açıq qalır: onların arasında həqiqətən yardıma ehtiyacı olanları necə fərqləndirə bilərik?
İctimai Laqeydlik
Hər gün işə tələsən, öz problemləri ilə boğuşan insanlar dilənçilərə çox vaxt laqeyd yanaşırlar. Yolda qarşılaşdıqları əl açan qadın ya da uşaq, sadəcə bir maneə kimi görünür. Sikkə uzatmaq bu narahatlıqdan xilas olmağın ən asan yoludur. Lakin bu, problemi həll etmir; əksinə, o, sistematik olaraq "yardım edənlə yardım alan" münasibətini davam etdirir.
Bəziləri isə qətiyyətlə pul vermir. "Əmək et, çalış," deyirlər. Ancaq bu sözlərin arxasında dərin bir məsələ gizlənir: bəzən insanlar işləmək üçün ehtiyac duyduqları imkanlardan məhrumdurlar. Həyatın basqısı və sistemin ədalətsizliyi onları bu vəziyyətə gətirib.
Dilənçinin Perspektivi
Bir anlıq dilənçinin gözlərindən baxmağa çalışaq. Sən küçədə oturursan, insanların üzünə baxırsan, amma onların çoxu səni görmür. Hər bir baxış sənə "sən burada olmamalısan" deyir. Bu vəziyyətdə bir insanın özünə olan inamını, insanlara olan ümidini qoruması mümkündürmü?
Dilənçilərin arasında bəziləri yalan danışır, hətta bu işi "peşəyə" çevirir. Amma bu, həqiqi ehtiyac içində olanların səsini batırır. Xəstə uşağı üçün yardım istəyən ana, yaşamaq üçün sığınacaq axtaran evsiz bir insan, aclıqdan əziyyət çəkən bir qoca... Onlar bu qrupun içində görünməz olur.
Psixoloji və Emosional Dərinlik
Dilənmək sadəcə pul istəmək deyil. Bu, bəzən "məni gör," "həyatımı hiss et," və ya "bir az da olsa qayğı göstər" deməkdir. İnsan qürurunu ayaqlayan bu vəziyyət, bir çoxları üçün son çıxış yoludur. Lakin onların səslərini duymağa o qədər alışmışıq ki, artıq o səsi eşitmirik.
Bir anlıq dayanıb düşünmək lazımdır: biz dilənçilərə nə qədər kömək edir, nə qədər laqeyd yanaşırıq? Yardım etdikdə bu, onların vəziyyətini həqiqətən yaxşılaşdırırmı, yoxsa sistemin çarxını fırlatmağa davam edirik?
Həll və Empatiya
Məsələ sadəcə pul vermək ya verməmək deyil. Əsl həll onlara qısa müddətli yardım etmək deyil, uzunmüddətli dəyişikliklər yaratmaqdır. Bəlkə də, hər bir dilənçiyə pul verə bilmərik. Amma onları insan kimi görüb dinləmək, onların hekayəsini soruşmaq, bəzən bir dilim çörəklə, bəzən bir isti sözlə ümid vermək, bəlkə də ən böyük yardımdır.
Sonunda isə düşünmək lazımdır: dilənən birinə necə baxırsınız? Onun keçmişini, gələcəyini, əllərindəki titrəyən qırışların tarixçəsini bilmək istəyirsinizmi? Çünki bəzən biz insanlara yardım etməyi deyil, sadəcə öz vicdanımızı sakitləşdirməyi seçirik.
Bəlkə də, onların ehtiyacı olan tək şey həqiqi bir insanlıq toxunuşudur – bəzən bir baxış, bəzən bir ümid işığı.
“Ədəbiyyat və incəsənət”
(09.01.2025)
BİR DİREKTOR, BİR ŞAGİRD layihəsində Rəna Hüseynova və Zəhra Alıyeva
“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda 161 nömrəli tam orta məktəbdir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
DİREKTOR :
Rəna Şəmsəddin qızı Hüseynova 4 iyun 1986-cı ildə Ucar rayonunda anadan olmuşdur. İlk təhsilini Ucar rayonu 2 nömrəli tam orta məktəbdə almışdır. 2004-2008-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsində ali təhsilə yiyələnmişdir.
2012-ci ildə Ucar rayonu 2 nömrəli tam orta məktəbdə tarix müəllimi vəzifəsi üzrə pedaqoji fəaliyyətə başlamışdır.
2019-cu ildən Bakı şəhəri 143 nömrəli tam orta məktəbdə tarix müəllimi kimi çalışmış, dərs dediyi siniflər, əsasən, rus bölməsini əhatə etmişdir.
2023-cü ildən Bakı şəhəri 143 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini kimi fəaliyyət göstərmişdir.
2024-cü ilin yanvar ayında Yasamal rayonu C.Cabbarlı adına 161 nömrəli tam orta məktəbin direktor vəzifəsinə təyin edilmişdir, hal-hazırda da həmin məktəbdə fəaliyyətini davam etdirir.
Rəna Hüseynova pedaqoji fəaliyyəti zamanı bir çox layihələrin iştirakçısı və müəllifi olmuşdur. Həmçinin o, ulu öndərimiz Heydər Əliyevə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərindəndir.
Bundan əlavə, Rəna Hüseynovanın şagirdləri bir sıra yerli və beynəlxalq olimpiadaların qalibi və mükafatçısı olmuşdur.
Rəhbəri olduğu 161 nömrəli tam orta məktəb innovativ məktəblər sırasına daxil olduğundan 2024-cü ilin may ayında “İnnovativ Məktəb” layihəsi çərçivəsində İsraildə keçirilən təlimlərdə uğurla iştirak etmişdir. “ORT İsrail” məktəblər şəbəkəsinin mütəxəssisləri tərəfindən keçirilən təlimdə əsas məqsəd təhsil işçilərini şagirdləri yetkin həyatının çağırışlarına və gələcək əmək bazarının tələblərinə cavab verməyə hazırlaması üçün lazımi bilik, bacarıq və səriştələrin inkişaf etdirilməsi olmuşdur.
Hansı vəzifədə çalışmasından asılı olmayaraq, hər bir insan öz fəaliyyətini düzgün qurmalı, öz üzərində çalışmalı və işinə məsuliyyətlə yanaşmalıdır. Rəna Hüseynova daim öz üzərində çalışır, müxtəlif yerli və beynəlxalq təlim və layihələrdə mütəmadi olaraq iştirak edir.
ŞAGİRD:
Alıyeva Zəhra Ramiz qızı 28 aprel 2008-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. 2014-cü ildə 102 nömrəli məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2021-ci ildən etibarən isə təhsilini 161 nömrəli tam orta məktəbdə davam etdirir. Hal hazırda 11-ci sinif şagirdidir.
2014-cü ildə, 7 yaşındaykən İTV-də çəkilən Botanikaçı Validə Tutayuqun həyatına həsr olunmuş "Çiçək izləri" sənədli filmində onun uşaqlığını canlandırmışdır.
2022-ci ildə “Ümummilli lider Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda inşa müsabiqəsinin bütün mərhələlərindən keçərək Yasamal İcra Hakimiyyətində çıxış etmişdir.
2022-ci ildə "23 Nisan Çocuk Bayramı" münasibətilə İzmirin Karşıyaka şəhərində "23 Nisan Dans" festivalında Azərbaycanı təmsil etmişdir.
2022- ci ildə Azərbaycan Respublikası, ADA Universiteti və "Mars Academy" tərəfindən təşkil edilmiş "Robogames 2022" müsabiqəsində iştirak etmişdir.
2022-2023-cü ildə "First Lego League Challenge" Azərbaycan turnirinin final mərhələsində uğurla iştirak etmişdir.
“Robogames" üzrə "Roboyarış" kateqoriyasında qızıl medal qazanmışdır.
“First Lego League Challenge - 2023-2024” Azərbaycan turnirində Respublika üzrə "Robot Design Award" nominasiyası üzrə 2-ci yeri tutmuşdur.
2023-cü ildə keçirilən “Savat idman növü üzrə Azərbaycan Birinciliyi və Çempionatı”nda fəal iştirak etmişdir.
2023-2024- cü ildə Pinecone Baku -Based Modelling Agency-də "Kids Modelling" üzrə 9 ay boyunca iştirak edərək diplom almışdır.
Kiçik yaşlarından rəsm və rəqs üzrə də qızıl medallar qazanmışdır. Boş vaxtlarında gitara çalmağı, kitab oxumağı, rəsm çəkməyi və rəqslə məşğul olmağı sevir.
ESSE
"Təhsil və texnologiya: rəqəmsal dövrün tələbləri"
Rəqəmsal dövrün tələblərinin təhsil sistemində böyük dəyişikliklərə səbəb olması çox aktual məsələdir. Çünki müasir texnologiyalar tədris prosesinə inteqrasiya olunur. Bu inteqrasiya təhsilin daha əlçatan və effektiv olmasına şərait yaradır. Onlayn platformalar, elektron dərsliklər və virtual laboratoriyalar yalnız nəzəri deyil, həm də praktiki biliklərin əldə edilməsini asanlaşdırır. Eyni zamanda, texnologiya şagirdlərə fərdi yanaşmanı mümkün edir; süni intellekt hər bir şagirdin öyrənmə ehtiyaclarına uyğun tədris planları təqdim edir.
Pandemiya dövründə onlayn təhsilin əhəmiyyəti bir daha üzə çıxmışdır. Onlayn dərslər ənənəvi təhsil metodlarına alternativ ola bilir, təhsili qlobal səviyyəyə daşıyaraq hər kəsə eyni imkanları təqdim edir. Bu, təhsilin daha demokratik olmasına və bilik əldə etmənin daha geniş bir əhatəyə yayılmasına imkan verir. Lakin rəqəmsal savadlılıq məsələsi vacibdir; şagirdlər texnologiyanı düzgün istifadə etməyi, kiber təhlükəsizlik qaydalarını öyrənməyi və məlumatların doğruluğunu qiymətləndirməyi bilməlidirlər.
Müəllimlərin rəqəmsal bacarıqları bu dövrün əsas amilidir. Müasir texnologiyaları mənimsəmiş müəllimlər tədrisin keyfiyyətini artıraraq şagirdlərə texnologiyadan istifadə etməyi öyrədə bilərlər. Bununla belə, texnologiyanın mənfi təsirləri də mövcuddur. Şagirdlərin sosial bacarıqlarının zəifləməsi, texnologiyaya asılılıq və yanlış məlumatların yayılması kimi problemlər diqqətə alınmalıdır.
Nəticədə, mənim fikrimcə, bugünkü təhsil sisteminin əsas məqsədi texnologiyanı balanslı şəkildə tətbiq edərək daha innovativ, səmərəli və əlçatan təhsil modeli yaratmaqdır. Bu, cəmiyyətin inkişafı və gənc nəsillərin gələcək uğurları üçün əhəmiyyətlidir. Təhsil və texnologiyanın harmoniyası yalnız fərdi inkişafı deyil, həm də qlobal bilik cəmiyyətinin qurulmasına köməyi təmin edəcəkdir.
“Ədəbiyyat və incəsənət”
(09.01.2025)