Zəhra Allahverdiyeva, “Ədəbiyyat və İncəsənət”
Allahverdiyev Nəriman Məhərəm oğlu (1967-ci il Şidli - 1994-cü il Füzuli)
Məhərrəm müəllimə muştuluq verdilər ki, oğlun dünyaya gəlib. Məhərrəm müəllimin neçə vaxt ürəyində gəzdirdiyi arzusu bu gün çin olmuşdu.
O, Azərbaycanın böyük oğlu Nəriman Nərimanovu çox istəyirdi. Bir dəfə Şidli kənd kolxozunun yığıncağında kolxozun adının Nəriman Nərimanov qoyulmasını təklif edir. Məcid müəllimin uzun sürən təkidli tələbi ilə Şidli kənd kolxozuna Nəriman Nərimanovun adı verilir. O, bir an belə fikirləşmədən uşağın da adını Nəriman qoyur.
Nəriman Məhərrəm oğlu Allahverdiyev 1967-ci ildə Vedibasar mahalının Şidli kəndində anadan olur. O, Şidli kənd orta məktəbini bitirir. Hərbi xidmət yaşı çatan bütün Şidli gəncləri tərəddüd etmədən hərbi xidmətə gedirdilər. Nəriman hərbi xidmətini uzaq Sibirdə başa vurur. Hərbi xidmətdən qayıdan Nəriman Şidli kəndində işə düzəlir. Ermənilərin çirkin siyasətinin nəticəsi olaraq onların da ailəsi Bakı şəhərində məskunlaşmalı olur.
20 Yanvar hadisəsi Nərimana ağır zərbə olur. Azadlıq təşnəsi onun içini yandırırdı. Əksər gənclər Şəhidlər Xiyabanını ziyarət edib könüllü döyüş bölgəsinə gedirdi. İki uşaq atası olmağına baxmayaraq Nəriman Fəxri Xiyabanda Şəhidləri ziyarət edib Hərbi komissarlığa yollanır.
Qarabağ bölgəsində erməni hərbi birləşmələri fəallığı xeyli artırdığına görə “Könüllü” batalyonlar yaradılırdı. Nəriman yeni yaradılan könüllü batalyonun tərkibində döyüş bölgəsinə yollanır. Onun rus və erməni dilini yaxşı bilməsi kəşfiyyat bölüyündə kəşfiyyatçı kimi fəaliyyət göstərməsinə zəmin yaradır. 1991-ci ildən başlayan döyüş yolu Nərimanın Qarabağımızın bütün döyüş bölgələrində vuruşmağına səbəb olur. Nərimanın səsi gah Turşsudan, gah Nəbilər kəndindən, gah da Ağdərədən gəlirdi. Ağdərə döyüşləri zamanı ayağından yaralanan Nəriman müalicəsini Bakı şəhərində alır. Sağalan kimi yenidən döyüş bölgəsinə yollanır. Cəsur və qorxmaz tabur komandiri kapitan Nəriman Məhərrəm oğlu 1994-cü ilə kimi şərəfli bir döyüş yolu keçmişdir.
Ailəli və iki uşaq atası olan Nərimanı bir neçə dəfə ordudan tərxis etmək istəsələr də o buna razılıq verməmişdir. Bir aylıq məzuniyyətə yollanan Nəriman Bakıda 20 gün qalır. Babasının adını daşıyan böyük oğlu Təvəkkül sərbəst danışırdı. İkinci oğlu olanda o, oğlunun adını Atatürk qoyur. Elə bu adın özü onun nə qədər millətini, yurd-yuvasını sevdiyinə əyani sübutdur.
1994-cü ildə Füzuli bölgəsində vəziyyət həddindən artıq ağır idi. Onun taburunu Füzuli bölgəsinə yollayırlar. Cəsur kəşfiyyatçının son döyüşü Füzuli bölgəsinin Seyidəhmədli kəndində olur. 14 aprel 1994-cü il. Bu gün düz 27 il əvvəl, 1967-ci ildə Vedibasar mahalının Şidli kəndində, müəllim ailəsində bir oğlan uşağı doğulur. Atası Məhərrəm müəllim onun adını Nəriman Nərimanovun şərəfinə Nəriman qoyur. Komandirlər və döyüş dostları onu təbrik edirlər və bu döyüşə getməməyi ondan xahiş edirlər. Kapitan Nəriman Allahverdiyev bu təkliflərdən qəti imtina edir. "Gəlin Seyidəhmədli kəndini düşməndən azad edəyin, bu siz tərəfdən mənim Ad Günümə hədiyyəniz olsun, dostlarım. Bundan böyük hədiyyə ola bilməz" - Nəriman deyir.
Bir neçə saatlıq döyüşdən sonra erməniləri vurub Seyidəhmədli kəndindən çıxardan döyüşçülərimizin sevincinin həddi-hüdudu yox idi. Qarşıya qoyulan məqsədə çatmışdılar.
Ağaclar çiçəkləmişdi. Hər tərəf gül-çiçək içində idi. Nəriman böyük bir ağacın altında oturub kürəyini ağacın gövdəsinə dayamışdı. Bir neçə əsgəri də döyüşdən sonra onun ətrafında uzanıb siqaret çəkirdilər. Nəriman da bir siqaret yandırıb bir-iki "qullab" çəkib, "Dostlar, əgər mən bu döyüşdə sizin yanınızda olmasaydım indi sizin üzünüzə necə baxardım..." deyir, gerisini gətirmək istəyəndə bu vaxt düşmən snayperindən açılan atəş Nərimanın düz alnının ortasından dəyir. Onun əlində siqareti, ağzında sözü yarımçıq qalır. Bu da ermənilərin Nərimana Ad Günü hədiyyəsi oldu. Ad gününü qeyd eləmək Nərimana qismət olmasa da, Fəxri Xiyabanda dəfn olunmaq, Şəhidlik Zirvəsinə ucalmaq kimi fəxri ad ona qismət olur. Onun iki oğlundan biri öz oğluna Şəhid atasının adını qoyur. Həqiqətən də belədir, Şəhidlər ölməzdir...
Azərbaycan qəhrəmanlar yurdudur. General Polad Həşimovun anası demişkən - “Qarabağın istənilən yerinə bir stəkan saf su töksən, iki stəkan Şəhid qanı axar”. Nəriman Qərbi Azərbaycan oğludur, şəhadət yeri isə Füzulidir. Bu gün Füzuli azaddır, İnşallah Qərbi Azərbaycanı da azad edəcəyik!
Bu gün Şəhid kapitan Nəriman Məhərrəm oğlu Allahverdiyevin həm doğum günü, həm də şəhidlik zirvəsinə ucaldığı gündür! Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Ad günündə Şəhid oldu Nəriman
Dünya bir ağacdır, insanlar yarpaq,
Bu fani dünyaya gəlirik qonaq,
Səni axtaranda verdilər soraq,
Ad günündə Şəhid oldu, Nəriman!
Köç etdi ömrünün bahar yaşında.
Yudu al-qanını yaz yağışında,
Vətən savaşında, el savaşında,
Ad günündə Şəhid oldu, Nəriman!
Heç zaman bilmədi qorxu, həyacan.
Vətənçün verəndə canını qurban,
Dedi Hürr yaşasın qoy Azərbaycan!
Ad günündə Şəhid oldu, Nəriman!
Nəriman bir anlıq xəyala daldı,
Yolunu Şidliyə, Vediyə saldı,
Uşaqlıq çağıyla baş-başa qaldı,
Ad günündə Şəhid oldu, Nəriman!
Solurdu getdikcə o gülən üzü,
Qıyıldı baxışı, süzüldü gözü,
Qisası alarsız oldu son sözü,
Ad günündə Şəhid oldu, Nəriman!
“Ədəbiyyat və incəsənət”
(16.04.2025)