Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız. Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.                           

 

Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.

Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı 15 parametrləri xüsusi olaraq qabardardım:

 

5) Sağlamlıq və fiziki durumun qənaətbəxş vəziyyəti.

Bəşəriyyət tarixində insan üçün sağlamlıqdan vacib bir nəsnənin adını çəkə bilən şəxs hələ mövcud olmayıb, olmayacaq da. Məşhur deyimdir, sağlam bədəndə sağlam da ruh olar.

Fiziki durumu zəif olan, xəstə olan insanın uğura doğru yolu, təbii ki, əngəllənir. Öncə özünü sağalt, fiziki durumunun qeydinə qal, sonra uğur yoluna çıx.

Məncə, hər bir insan xəstələnib həkimə getmək əvəzinə xəstələnməmək üçün həkimə getməlidir. Sağlam həyat tərzi – sağlam qidalanmaq, fiziki hərəkətdə olmaq, zərərli vərdişlərdən uzaq durmaq, təbiətlə vəhdətə sığınmaq – bax bütün bunlar uğur qazanmaq istəyən insanın xarakterik xüsusiyyətləri olmalıdır.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2025)

 

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

 

1.

Ümumiyyətlə danışmaq hələ Azərbaycan dilində danışmaq demək deyil. Azərbaycanca danışmaq isə Azərbaycan dilinin mütəxəssisi olmaq demək deyil.

2.

“ Sən büllur qab idin – soyuq, bəzəkli,

 Sənə nə oldu ki, canlandın belə?!

İçi susuz qabdın – süni çiçəkli

Səni kim aldatdı, inandın belə?!”

3.

Devin canı göyərçində olan kimi nəsrimizin də canı onun ritmində və aritmiyasındadır. Azərbaycan nəsrinin ritmi – aritmiyası oxucuya ünvanlanan ən ciddi mesajdır.

4.

Müəllifin pyes mətnində gizlətdiyi bir sıra iddialar ola bilər ki, tamaşa onların üstündən ağır texnikalı tank kimi keçib gedər.

5.

Tək əldən sükutun səsi çıxar. Tək əsərlə, yaxud tək yazıçı ilə “əlləşmək” sükutun səsini çıxarmaq deməkdir. Ədəbi prosesdən sükutun səsi gəlir.

6.

Sən əgər əlinə qələm alıb yazmağa başlayırsansa, artıq tənhasan. Misran tənhadır, cümlən tənhadır.

7.

“ İşıq dediyin bir ilğım imiş,

Qaranlıq mənim var-yoxum imiş,

 Qaranlıq mənim varlığım imiş,

Əsl işıq da onun içində...”

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2025)

 

 

 

 

Cümə axşamı, 09 Yanvar 2025 14:33

Qara qızın taleyi tellərindən qaradı…- HEKAYƏ

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Qara qızın taleyi doğulandan bəri qara tellərə bənzəyirdi – dolaşıq, qırıq və əyilməz. O özünü həmişə yalnız hiss edirdi. Atası sağ idi, amma qəlbən yox. Atası bir vaxtlar bəlkə də onu sevibdi, amma nə vaxt ki həyatda seçim etmək zamanı gəldi, öz anasını dinlədi və qızı həyatından çıxardı. Ən pisi isə bu idi: qara qız hələ uşaq yaşlarından “Atan səni atdı” sözləri ilə böyümüşdü.

Atasının gedişi qızın ruhunu yaralamış, ona atasızlıqdan daha dərin bir yara qoymuşdu. Axı o bilirdi ki, atası sağdır, amma onunla birlikdə olmağı seçməyib. Bu hiss onu hər gün yeyirdi. Anası güc göstərməyə çalışırdı, amma qara qız bilirdi ki, onun da içi yanır.

 

 Sevgi və ikinci zərbə

 

 İllər sonra qara qızın həyatı yenidən rənglənməyə başladı. O sevdi. Qəlbində yaranan sevgi həyatına işıq saçdı, atasının yoxluğundan doğan boşluğu doldurmağa çalışdı. Sevdiyi insan onun ən böyük dayaq nöqtəsinə çevrildi. O oğlanın baxışlarında qara qız öz gələcəyini görürdü. Amma həyat bir daha onu sınamaq qərarına gəldi.

Bir gün sevdiyi oğlanla yolları ayrıldı. Səbəb isə yenə eyni idi – bir ana qərarı. Oğlanın anası bu sevgini qəbul etmədi. “Sənə yaraşmaz,”-dedi, “başqasını tap.” 

Qara qız üçün bu sözlər illər əvvəl atasının onu tərk etməsi ilə eyni idi. Atası və indi də sevdiyi insan – hər ikisi analarını dinləmiş və onun əlini buraxmışdılar. İllər boyu atasından gələn yarasını sağaltmağa çalışarkən indi həyat eyni zərbəni başqa bir cür vurmuşdu.

 

Eyni yaranın izi

 

Qara qız artıq öz taleyini anlayırdı. O özünü sanki tale yolunun üzərinə atılmış daş kimi hiss edirdi – hər kəs gəlir, keçib gedirdi, amma o həmişə yerində qalırdı. Onu sevənlər, onun üçün əhəmiyyətli olanlar həmişə bir səbəb tapıb gedirdilər. Nə qədər güclü olsa da, bu itkilərin izini özündən silə bilmirdi.

Amma bir şeyi dərk edirdi: hər iki ayrılıqda səbəb özü yox, başqaları idi. O, heç vaxt öz dəyərini itirmədi, nə atasının seçimi ilə, nə də sevgisinin. 

Qara qız taleyinin telləri qara olsa da, o telləri güc və əzm ilə hörəcəkdi.

Axı qara rəng bir son deyil, bir başlanğıcdır. Bəlkə də bir gün o tellərin arasından parlaq bir nur görünəcəkdi. 

Amma o günə qədər qara qız öz yaralarını öz içində daşıyaraq həyatını yaşamağa davam edirdi – sakit, lakin əyilməz.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2025)

Cümə axşamı, 09 Yanvar 2025 13:16

Y. Rzanın yeni kitabı çapdan çıxmışdır

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

 Yeni təqvim ilinin ilk günlərində oğuzlu şair Yusif Rzayevin yeni kitabı -"Vətən birdi, iki olmaz..." kitabı çapdan çıxmışdır. 

 

AYB-nin üzvü, "Qafqaz-Media" İctimai Birliyinin "Cəsarətli qələm" medalına və "Xarı bülbül" diplomuna layiq görülmüş oğuzlu şair-tədqiqatçı Yusif Kamil oğlu Rzayev (Yusif Rza) ixtisasca filoloqdur, Azərbaycan Dövlət Pedaqoji Universitetini qurtarıb. Müxtəlif illərdə müəllim, jurnalist, dövlət qulluqçusu, elmi işçi vəzifələrində işləyib.

Onun şeirləri, elmi-publisistik məqalələri çoxsaylı qəzet və jurnallarda, almanaxlarda, Azərbaycanda və Türkiyədə dərc olunub. "Apar ürəyimi dağlara" (şeirlər), "Bura Oğuzdur" (məlumat-informasiya toplusu), "Hardan başlanır Vətən?" (şeirlər), “Oğuz Avestanın izləri" (elmi-etimoloji məqalələr toplusu), "Oğuz abidələri" (eImimonoqralya), "Dərə bilmədiyim gül" (şeirlər), "Oğuz və Qəbələ folkloru" (folklor antologiyası) və s. kitabların müəllifidir.

Yeni kitabda Oğuzun tanınmış şairi Yusif Rzanın həm şifahi xalq ədəbiyyatı, həm də klassik şeir formalarında (qoşma, gəraylı, təcnis, müxəmməs, qəzəl, rübai və s.) heca, əruz və sərbəst vəznlərdə yazdığı lirik, didaktik, fəlsəfi məzmunlu poetik nümunələri toplanıb. Bu şeirlərin çoxu  müqəddəs Vətənə, qəhrəman şəhidlərimizə, Vətənin şanlı tarixinin və təbiət gözəlliklərinin təsvirinə, sülhə, dostluğa, haqqa-ədalətə həsr olunub.

Yaxın günlərdə kitabın təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2025)

Cümə axşamı, 09 Yanvar 2025 13:07

İki adamlıq iki qəmin balladası

Harun Soltanov Kübra Quliyeva İKİ MÜƏLLİF BİR OBRAZDA

 

 

İki qəm gördü məni, qaçdı uzaqdan gəldi.

Biri soldan hücum etdi, biri sağdan gəldi.

Üzbəüz dağ ilə durdum, elədim dərdimi faş

"Buna insan dözə bilməz" səsi dağdan gəldi.

Yar olan səmtə gedən yellərə qoşdum ruhu

Qoxlayıb zülfün, öpüb lalə yanağdan, gəldi.

 

 

Mərhum şairin bu sətirlərini oxuduqca - yaşadıqca, həyat necə də tutqun görünür insana. Uşaqlıqda dahiləri-Cavidi, Dostoyevskini, Müşfiqi, Drayzeri, Hüqonu görürdüm. Hər birinin həyatında qaçılmaz tragediyalar olduğunu oxumadan hiss edirdim. Onlar kimi olmaq üçün həyatıma hansı tragediya və ya tragediyaların olması üçün sanki tələsirdim. İndi isə 23 yaşındayam. Bu fikirlərdən ayılaraq özümə gəlirəm və ya həyata qayıdıram.

 

Bəzən sən də, mənəvi baxımdan 23 yaşında olarsan. Evinin mətbəxində dayanıb səhər yeməyi hazırlayarsan, qəhvə dəmləyib musiqiyə qulaq asarsan. Nədənsə bu an ürəyinə toxunar. Orada eləcə dayanıb işə getməyi və quru təmizləmə xidmətindən paltar götürməyi düşünərsən. Həmçinin oxuduğun kitablar, planlaşdırdığın səyahətlər və yaranan münasibətlər kimi daha həyəcanverici şeyləri. Ya da bəlkə də yaddaşından silinər, bu isə daha az həyəcanverici olar. Bir anda özünü evində və ya bədənində hiss etməzsən və sadəcə evini istəyərsən, amma "analar" artıq evin kimi gəlməyə bilər.

 

Telefonunda əvvəllər bir nömrənin rahatlığı var idi,hər gün səni dinləyən bir qulaq və heç kimə məxsus olmayan qucaqlayan qollar. Amma beş dəqiqəlik bir dövrdə nostalji çox olduqda və olduğun şəxs haqqında düşüncələrin sənə yad gələndə, özünü tələyə düşmüş hiss edərsən. Bir daha bu qədər gənc olmayacağını dərk edəndə, amma ilk dəfə bu qədər yaşlı olduğunu hiss edərsən. On altı yaşından bura necə gəldiyini xatırlamadığın vaxt və eyni zamanda on altı yaşındakı kimi hiss edəndə, bu sənə artıq yad gəlir.

 

Mahnı bitir. Qəhvə hazırdır. Nəfəs alıb-verəcəksən. Təxminən beş dəqiqəyə yaxşı olacaqsan.Demişdim ki, telefona "dost-doğma" hesab etdiyim şəxsdən bildiriş gəlir... Beş dəqiqə sonra masanın kənarında sonuncu qurtumu fincanda qalan qəhvə ilə göz-gözə gəlib evdən çıxmalı olduğunu xatırlayarsan. Axı sənin iyirmi üç yaşın var. Sən niyə həyatı bu qədər tez yaşayıb bitirmək istəyirsən? Sən elə dünən on altı yaşında xəyalları yerə-göyə sığmayan gənc deyilsənmi? Gəzmək istəyən, arzularına sərhəd qoymayan, gələcəyin gələcəyinə dair ümidlərini tükətməyən o yeniyetməyə nə oldu? Nə vaxt qorxduğu passiv həyatı yaşamağa məcbur oldun?

 

Səhər işə gedib, axşam təhsilini davam etdirən, bütün həyatı iş-dərs-ev döngüsü olan biri kimi yaşamaq, arzularını itirmək, nəyin uğruna çalışdığını xatırlamamaq, ən çox bu yaşda aşiq olmağı arzulayıb incinmək və incitmək adlı məfhumlardan qorxduğun üçün addım belə ata bilməmək necə bir duyğudur?

Suallar arasında itmiş başını götürüb evdən çıxdım. Dayanacağa yaxınlaşanda ağlımda sadəcə bir sual var idi: -Qapını bağladım?

Bundan əmin deyildim. Amma qəlbimin bütün dünya üçün geniş olduğuna əmin idim. Açarı isə bəzən gözəl musiqidə, bəzən gözəl intonasiya ilə deyilmiş şeirlərdə, bəzən isə heç ayrıla bilmədiyim bir kitabdadır.

Deyəsən, içdiyimin qəhvə ya da neqroni olduğuna da əmin deyildim.

Evdən çıxarkən evə çox gecikdiyimin fərqinə varmışdım...

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2025)

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Daxili Qoşunların mənsubu, Azərbaycan Milli Qəhrəmanı Mətləb Quliyev 9 yanvar 1959-cu ildə Beyləqan rayonunda dünyaya göz açmışdır. Əslən Cəbrayıllıdır. 

 

Cəmşid Naxçıvanski adına hərbi məktəbi bitirmiş, Ukraynada hərbi xidmət keçmişdir. Daha sonra Azərbaycan Pedaqoji İnstitutuna daxil olmuş, 1985-ci ildə leytenant rütbəsi ilə oranı başa vurmuşdur. 

 

Sumqayıt şəhərində 3 saylı məktəbdə hərbi hazırlıq müəllimi kimi çalışmağa başlamış, 1992-ci ildən DİN-ə işə düzəlmiş, bununla da onun həyatının narahat günləri başlamışdır.

Mətləb Quliyev tez-tez cəbhəyə gedirdi, torpaqlarımızın azad edilməsi uğrunda var gücü ilə çalışırdı. 1992-ci il 31 avqust Ağdam bölgəsində ağır döyüşlər gedirdi. Mənfur erməni quldurları yüksəklikləri ələ keçirmişdilər. Mətləb pulemyotla düşmənin üzərinə yeriyirdi, onlarla erməni yaraqlısını məhv edən Mətləbin mərmisinin bitdiyini görən vəhşi azğınlaşmış ermənilər onu hər tərəfdən mühasirəyə alaraq atəş açmağa başladılar o, bu döyüşdə qəhrəmancasına həlak oldu. 

Baş Leytenant, Birinci Qarabağ müharibəsi Şəhidi Mətləb Quliyev Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Sumqayıt şəhər 3 saylı məktəb qəhrəmanımızın adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub, adına bulaq var. 

Allah rəhmət eləsin!

 Amin!

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2025)

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

II və III dərəcəli "Şöhrət" ordeni mükafatçısı, Böyük Vətən müharibəsi veteranı Mustafa Məmmədov 9 yanvar 1921-ci ildə Qərbi Azərbaycanın (İndiki Ermənistanın) Gəncə quberniyasının Qazax qəzasında, Qararaya kəndində doğulub. 

 

Böyük Vətən müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanıb. 77-ci Azərbaycan diviziyasının tərkibində döyüş yolu keçib. Novorossiysk, Kerç uğrunda gedən qanlı döyüşlərdə iştirak edib.

Novorossiysk — Qara dənizdə Rusiyanın ən böyük müdafiə şəhəri idi. Bu şəhər Qara dənizin ən rahat dəniz körfəzlərindən birində yerləşir. 1941-ci ilin noyabr ayının ortalarında alman-faşist qoşunları Sevastopol istisna olmaqla, bütün Krımı ələ keçirmişdi. Ali Baş Komandanlığın 16 noyabr 1941-ci il tarixli qərarı ilə Novorossiysk Sevastopolun ərzaq təminatı bazası müəyyən edilmişdir. Faşistlər Novorossiysk şəhərinin mühüm strateji əhəmiyyətini nəzərə alaraq, qısa müddətdə limanı məhv etmək və mühasirəyə almağı planlamışdılar.

225 gün sahəsi 30 kvadrat kilometr olan bu plasdarmada qanlı döyüşlər davam edib. Bu ərazini onlarca artilleriya və minaatan batareyası atəşə tuturdu. "Kiçik torpaq" düşmənin böyük qüvvələrini özünə zəncirləyib və 1943-cü ildə onun qoşunlarının darmadağın edilməsində böyük rol oynayıb. 

Sentyabrın 9-dan 10-na keçən gecə Mustafa Məmmədov uzun müddətdir gözlənilən, uzun aylar davam edən mühasirədən sonra Novorossiyskə hücumda iştirak etməyə hazırlaşırdı.

Şəxsi heyət məsuliyyətli vəzifəni yerinə yetirməli idi: ilk hücum üçün bir yol açmaq lazım idi. O zaman ordunun siyasi bölməsinin rəisi Leonid İliç Brejnev döyüşçülər qarşısında çıxış edərək onları həvəsləndirib. 

"Bu çıxış həlledici döyüşə ilham verən, əsgərlərin ürəyinə yatan sözlər idi. Bu, bizə yeni qüvvə və düşməni mümkün qədər tez əzmək arzusu bəxş edən ruhlandırıcı söhbət idi", — deyə uzun illər sonra öz uşaqlarına Mustafa Məmmədov bildirib.

(Yeri gəlmişkən, sonradan SSRİ baş katibi olaraq şəxsiyyətə pərəstiş yeridən Brejnev “Kiçik torpaq” adlı kitabını okivar reklam etmişdi).

Həmin gün əsgərlər tərəfindən qəhrəmanlıq möcüzələri göstərilib. Faşistlər bu şiddətli müqavimət qarşısında tab gətirə bilməyiblər.

Qəhrəmanımız “Qafqazın müdafiəsinə görə" medalı daxil olmaqla altı medala layiq görülüb. Gördüyü işə vicdanlı münasibət göstərdiyinə görə 11 dəfə fəxri fərmanlarla təltif olunub. Böyük Vətən müharibəsində Qələbənin 40-cı ildönümündə Sumqayıtda məhz ona yeni "Əbədi məşəl" abidəsinin alovunu yandırmaq tapşırılıb. Sumqayıtda Leonid İliç Brejnevin 75 illiyi münasibətilə ad gününə təbrik teleqramını Kremlə məhz o göndərib. 

O,  2001-ci ilin 9 iyununda Sumqayıtda dünyasını dəyişib.

Allah rəhmət eləsin Amin.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2025)

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Bugünkü təqvimi vərəqlədikcə doğum günü bu günə təsadüf edən bəzi şəxslər barədə söz açmaq istəyirəm. Onlardan biri Cavanşir Məmmədovdur. 

 

Cavanşir Məmmədov 1954-cü il yanvarın 9-da Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Əliabad kəndində anadan olmuşdur.

O, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir. Azreklam agentliyində qəzet və jurnal üzrə redaktor, kənd təsərrüfatı elmi xəbərləri jurnalında korrektor, "Yazıçı" nəşriyyatında redaktor, Azərbaycan Assosiasiyasında ədəbi-mədəni əlaqələr üzrə müavin, "Aydınlıq" qəzetində şöbə müdiri, "Xalq qəzeti"ndə isə baş müxbir  vəzifələrində çalışmışdır. Cavanşir "Ulus" qəzetinin əməkdaşı olmuşdur. 

XX əsrin 60-cı illərindən  bədii yaradıcılığa başlamışdır. İlk mətbu şeiri "Şərq qapısı" qəzetində dərc olunmuşdur. Dövri mətbuatda şeirləri, hekayələri və publisist yazıları vaxtaşırı işıq üzü görmüşdür.

 

Əsərləri:

1. Gözümün ilk ovu

2. Hörün məni divarlara

3. Qiblə yeli 

4. Durnalar qərib olmur

5. Mən qəribin qardaşıyam

6. Ömrümüzdə yanan ocaq

 

1990-cı ildən Azərbaycan Yazıçılar birliyinin, 1996-cı ildən isə Azərbaycan Jurnalistlər birliyinin üzvü idi.

Şair ilk əvvəl  Eloğlu təxəllüsü ilə, 1992-ci ildən isə Dərviş təxəllüsü ilə yazılarını çap etdirmişdir. 

15 dekabr 2014-cü ildə ürək çatışmamazlığından vəfat etmiş və Bakı şəhərində dəfn edilmişdir. 

Allah rəhmət eləsin. 

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2025)

Cümə axşamı, 09 Yanvar 2025 12:43

TANIDAQ! – yazar Adil Abdullayev

İnciMəmmədzadə

 

 

Adil Abdullayev 1950-ci il yanvarın 6-da Azərbaycanda Zərdab rayonunun Əlvənd kəndində müəllim ailəsində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra uşaq və yeniyetmələr üçün yaradıcılıq təşkilatında baş dəstə rəhbəri kimi əmək fəaliyyətinə başlamışdır (1967–1968).

 

Bakıda 1 saylı mətbəədə mütəxəssis (1977), Azərbaycan Dövlət Nəşriyyatında oxucu, korrektor, kiçik redaktor, redaktor, böyük redaktor (1977–1985), ictimai-siyasi ədəbiyyat redaksiyasında müdir (1986) vəzifəsində işləmişdir.

 

Bədii yaradıcılığa kiçik yaşlarından başlamışdır. İlk əsəri 1960-cı ildə "Pambıqçı"rayon qəzetində işıq üzü görmüşdür. Bundan başqa, o, dövri mətbuatda hekayə, oçerk və məqalələrləçıxış etmişdir. Uşaqlar üçün bir sıra maraqlı kitablar onun tərtibi, ön sözü ilə kütləvi tirajla nəşr olunmuşdur. Həmçinin o, bir sıra dərslik, dərs vəsaiti, tədris proqramı, monoqrafiyavə s. elmi əsərlərin də müəllifidir.

1978-ciildə AzərbaycanYazıçılarBirliyinə üzvseçilmiş qəhrəmanımızınkitablarına baxdıqca geniş yaradıcılıq spektri gözə çarpır:

 

1. Zərdabi yurdunun övladları (oçerklər toplusu)

2. İlk milli mətbuatımız

3. Qonağı yola ver (hekayələr)

4. Sehrli üzük

5. 1001 sual, 1001 cavab

6. Balalara töhfələr

7. Hikmət çələngi

8. Kişi sözü

9. Abdullayev A., Sadıq İ. Azərbaycanda nəşriyyat tarixi: dərslik.

10. Kitabşünaslıq: nəşriyyat işinin əsasları və təşkili: monoqrafiya

11. Seçilmiş əsərləri.

 

Bu günlərdə onun doğum günüydü.

Allah xeyirli ömür nəsib etsin Amin.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalı sizlər üçün bilik xəzinəsinin qapılarını taybatay açmaqdadır. Dünyaşöhrətli investor, filantrop Uorren Baffet həm də uğur nəzəriyyəsinin banisidir. Onun “Uğur qazanmaq qaydası” təlimi də var. Ötən gün sizlərə nəzəriyyənin ilk 10 bəndini təqdim etdik. Bu gün növbəti bəndi diqqətinizə çatdırırıq.

Əminik ki, sizlərə bu dahi şəxs çox faydalı olacaq.

 

 

Qayda 11

 

Çökən müəssisədən vaxtında çıxmağa çalışın!

 

«Gəncliyimdə mən bir dəfə qaçış yarışlarına pul qoymuşdum, uduzdum, pulumu qaytarmaqçün yenə qoydum, yenə uduzdum. Bundan sonra mən fikrimi toplamağı bacardım. Sonralar mənə yalnız ziyan gətirən biznesdən dərhal çıxmağa başladım».

 

Əvvəlki bəndlər isə bunlar idi:

 

 

Qayda 1

 Unutmayın – həmişə  özünə investisiya qoymaq lazımdır!

«Hər gün öz xarakterinzin zəif cəhətləri üzərində çalışın, onları daha yaxşı edin, öz qabiliyyət və bacarıqlarınızı inkişaf etdirin. Özünə investisiya qoymaq həmişə universitetlərə təhsil haqqı ödəmək anlamında deyil. Mənim iki diplomum var, amma mən onları çərçivəyə salıb divardan asmıram. Mən hətta bilmirəm ki, onları hara qoymuşam».

 

Qayda 2

«Yox!» deməyi öyrənin

«Siz «yox» deməyi öyrənməsəniz, heç vaxt öz zamanınızı tam olaraq idarə edə, ona nəzarət edə bilməyəcəksiniz».

 

Qayda 3

Heç vaxt başqalarına qulaq asmayın

«Çalışın, başqalarının düşüncəsinə əsaslanan qərar qəbul etməyəsiniz. Karyeramın əvvəlində mənə yalnız uğursuzluq vəd edirdilər. Hətta mən investorlardan 100 min dollar toplamağı bacaranda da həmin şəxslərin  fikirləri dəyişməmişdi. Təsəvvür edin, 10 ildən sonra bu pullar mənə 100 milyon dollar gətirəndə onların sifətlərinin ifadələri nə cür oldu.

Özünüzə yalnız öz daxili şkalanız ilə qiymət verin!»

 

Qayda 4

Cəld və məhsuldar hərəkət edin

«Qərarı çox uzadıb çox düşünməyin. Həmişə çalışın, hər şeyin məğzini cəld, zamanında anlayasınız. Sonradan başa düşəcəksiniz ki, bu, pul qazanmağın yeganə vasitəsidir».

 

Qayda 5

Çalışın, öz gəlirlərinizi təkrar investisiyaya qoyasınız

«Öz ilk biznesinizlə qazandığınız pulu çalışın xərcləməyəsiniz, işin inkişafına qoyasınız. Haçansa mən dostumla bərbərxanada oyun avtomatı quraşdırıb bir qədər pul qazanmışdım. Amma bu pulu digər yeniyetmələr kimi xərcləmədik, dövriyyəyə buraxdıq. Nəticədə, 26 yaşda artıq mənim 1,4 milyon dollarım var idi».

 

Qayda 6

Hər şey barədə əvvəlcədən razılaşın

«İstənilən işi başlayanda dərhal  maliyyə məsələsində razılaşın. Bunu etməsəniz, böyük ehtimalla siz aldadılacaqsınız. Bu dərsi mən yeniyetməlik vaxtımda əxz eləmişəm. Necəsə, mənim babam məndən və dostumdan mağazasını təmizləməyi xahiş etmişdi. Biz 5 saat ərzində süpürgələrlə işlədik, yeşikləri daşıdıq. İş qurtaranda babam bizim ikimizə cəmi 90 sent ödədi. Həmin anda şəraitin ədalətsizliyindən mən çox sarsılmışdım».

 

Qayda 7

Ən xırda şeylərə belə diqqət edin və onlardan öz maraqlarınız üçün istifadə eləyin

«Həmişə xırda şeylərə diqqət etsəniz yaxşıca qənaət etmiş olacaqsınız. Bir yaxşı nümunə gətirim: Mənim bir tanışım evinin küçə divarlarını rəngləmək qərarına gəlmişdi, o bunu çox ağılla etdi. 4 divarın hamısını yox, yalnız əsas küçəyə baxan divarı rənglədi».

 

Qayda 8

Öz pullarınızdan düzgün istifadə edin

«Birinci qayda: heç vaxt pulunuzu itirməyin. İkinci qayda: heç vaxit birinci qaydanı unutmayın.

Foreks bazarında ticarətlə məşğulsunuzsa həmişə məntiqsiz risklərdən qaçın. Ticarətlə necəgəldi məşğul olmayın. Həmişə pula qənaət metodundan yararlanın ki, nəticədə kapitalınız qorunsun və artsın».

 

Qayda 9

Öz vəsaitinizlə yaşayın!

«Çalışın, heç vaxit borca pul göitürməyin. Götürsəniz, heç cür inkişaf edə bilməyəcək, bütün həyatınızı yoxsulluq içində keçirəcəksiniz. Cəld borclarınızı qaytarın və dövriyyəyə buraxmaq üçün azacıq kapital  toplayın».

 

Qayda  10

Qətiyyətli olun!

 

«Qətiyyətsizliklə siz heç nəyə nail ola bilməyəcəksiniz. 1984-cü ildə mən bir kompaniya almışdım. Bu kompaniyada bir qadından – kompaniyanın qurucusundan çox xoşum gəlirdi. İş onda idi ki, böyük maliyyəsi olmayan və olduqca qətiyyətli olan bu xanım yalnız qətiyyəti hesabına mebel satışı ilə məşğul olan böyük bir mağazalar şəbəkəsi aça bilmişdi».

 

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.