Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız. Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.                           

 

Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.

Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı 15 parametrləri xüsusi olaraq qabardardım:

 

7) Bol mütaliə, qabaqcıl təcrübənin mənimsənilməsi üstünlüyü.

Bol mütaliəli olmaq, təbii ki, insanı kamilləşdirməkdə, onun nitq və qabiliyyətlərinin inkişafında, bilikli, ünsiyyətcil, hazırcavab olmağında əvəzsiz rol oynayır. Kitab həyat müəllimidir, ondan yalnız öyrənmək, bəhrələnmək mümkündür.

Hazırkı İnformasiya Kommunikasiya Texnologiyalarının hədsiz inkişafı dövründə bol informasiya almağın zəruriliyi hər kəsə bəllidir. Bilik və informasiya, haradasa, uğur qazanmaq istəyən müasir insanın iki qolu anlamındadır, iki qanadı anlamındadır.

Mütaliənin ikili xarakterini də nəzərə almaq yerinə düşərdi. Ümumi biliklər almaqla, dünya və təbiət, insan münasibətləri barədə bilgilər alıb kamilləşməklə yanaşı uğura doğru gedən insan spesifik biliklər almaqla məhz seçdiyi sənət, peşə yolu barədə zəruri bilgilər əldə edə bilir ki, bu da onun uğura doğru yolunu xeyli sürətləndirir.

 

“Ədəbiyyat və incəsənət”

(13.01.2025)

 

İbrahim İlyaslı, “Ədəbiyyat və incəsənət”

 

 

Bir ilə yaxındır ki, stolüstü kitablarımın sırasında öz yerini almış “Haqqın Harayı” ilə bağlı duyğularımı, düşüncələrimi qələmə almaq fikri heç vaxt məni tərk etmirdi. “Haqqın Harayı”na hay vermək istəyim içimdə günü-gündən daha da alovlanırdı. Amma kimə deyirsən... Gündəlik iş qayğıları – tərcümə, redaktə və daha nələr, nələr məni öz ağuşuna alıb aparır, bu mübarək işin öhdəsindən gəlməyə aman vermirdi. Nəhayət, Yaradanın lütfü ilə buna da macal tapa bildim. İlk dəfə əlimə keçəndən dönə-dönə oxuduğum şeirlərə bir daha göz gəzdirdim, ədəbi camiələrdən uzaqlarda gəzib dolaşsa da, sözdən bircə addım da kənara atmayan şair Rövşən Nəsiboğlunun duyğular dəryasına bir daha baş vurdum.

 

Oxuduqca arındım, duruldum, könlümü sazın Ulu Borçalı kökünə kökləyən qoşmaları, gəraylıları öz-özümə saz havaları üstündə oxumağa başladım:

 

Bir yana könülsüz ayaq basmaram,

Gedəndə ürəyi dolu gedirəm.

Bilmirəm yaxındı, bilmirəm uzaq,

Bir gündə beş günlük yolu gedirəm.

 

“Alma budağından düşməz uzağa”,

Anlayan kəslərə canım sadağa.

Arxamca söylənib-söysə də ağa,

Bağrıma basıram qulu, gedirəm.

 

Tanrıdan dilədim tabı-dözümü,

Nəfsdən, tamahdan çəkdim özümü.

Bir yoldu; – tutmuşam haqqa üzümü,

Haqqa sarı üzüsulu gedirəm.

 

Mən Rövşən Nəsiboğlunu zatən hər zaman ürəyi dolu görsəm də bu doluluq başqa doluluğuydu. Çünki bu doluluğun ardınca Hələbdən Qarsa, Qarsdan Tiflisə yol gələn bir QƏRİB yolçuluğu başlayırdı. Bu misraların ardından Sənan dağının yelləri əsirdi. Bu misralarda ulularına sədaqət andı varıydı Rövşən Nəsiboğlunun. Bunu duymamaq tərəfimdən ən azı naşılıq olardı...

İkinci xanədə “Anlayan kəslərə canım sadağa” deyib də mətləbini qandırmaq istədiyi kəslərin yerini nişan verir. Ağanı da, qulu da yaxşı tanıdığını və kimsənin məsləhətinə ehtiyacı olmadığını bildirir. Əsas mətləbini üsə üçüncü xanəyə saxlayır. “Haqqa sarı üzüsulu getməyin” mübarək düsturunu göstərir: “Nəfsdən, tamahdan çəkdim özümü...” Bu məqamda Rövşən Nəsiboğlunun irfan qatını duymamaq sadəcə mümkünsüz! Bu konuya baş vurub da oradan alnıaçıq çıxmağın zor bir iş olduğundan dolayı(bunun üçün gərək adam özündə mürid haqqı və gücü hiss eləsin) hələlik mətləbimə nöqtə qoyub, Nəsiboğlunun şeirlərinin başqa yönündən söz açmaq istəyirəm.

 

Mən şeir yazanda üfürüb gözə,

Haqqı dana-dana şeir yazmıram.

Yazıram gerçəyə, doğruya, düzə,

Şübhəyə, gumana şeir yazmıram.

 

Bax elə buna görədir ki, biz də sənin şeirlərini sevə-sevə, öyünə-öyünə, qürurlu-qürurlu oxuyuruq, Nəsiboğlu! Hətta bu şeiri yazmağa səni nəyin vadar elədiyini də gözəl anlayıram. Bu da doğrudur ki, görünür sən bunu bizlərdən gözəl anlayırsan. Bu addımı ərənlər göstərən yola talib olanlar atırlar – Sənin kimi!

 

Bu yolu ərənlər göstərib bizə,

Dönmərik süngülər dirənsə dizə.

Sürçək qadın kimi hər şərəfsizə

İrişən zamana şeir yazmıram!

 

Bu yerdə deyirlər: “Di gəl ölünü qoy, dirini ağla!” Nə qədər ağlanası dirilərimiz var, Nəsiboğlu, nə qədər? Xəzərin biz tərəfi sel-su ha deyil - Sabirin, Hadinin, Cavidin, Vurğunun, Müşfiqin, Cavadın, Ağamalının, Akifin göz yaşlarıdı. “Dərya hicran dəryasıdı...” Sənin bu şeirin həmin göz yaşlarından əmələ gəlmiş dəryaya tutulan ayna misallıdı. Sənin içində hansı təlatümlərin baş verdiyindən, hansı qasırğalara sinə gərdiyindən xəbərdaram. Məclisdə-mərəkədə belə sakit-sakit hərlənməyimə baxma. O qasırğaların yelləri məni də vurur hərdən. İntəhası yaşamaq da lazımdı. Amma necə:

 

Bizim zamanada ixtiyarını

Hamının əlindən alıb yaşamaq.

Zirvə həsrətiylə yaşayanları

Dərənin dibinə salıb yaşamaq.

 

Kimlər qoydusa da qızıldan tacı,

Toxudu tərsinə əriş-arğacı.

“Olma ofgə acı, ol quyruq acı,”

Var “Məğlub yaşamaq”, “Qalib yaşamaq”.

 

Savabdır yetimin yaşını silmək,

Qudurma əlinə keçəndə ilmək.

Bir var gün ərzində neçə yol ölmək,

Bir var könüllərdə qalıb-yaşamaq!

 

YAŞAMAQ! Min illərin, milyon illərin qovğasıdı bu, əfəndim! İndilərdə “könüllərdə qalıb yaşamaq” istəyənlərin sayı azalıb, “Qalib yaşamaq” istəyənlər seyrəlib, nə dersən?! Məğribdən Məşriqə atını oynadan şah babalarımızdan bizə qalan bu param-parça məmləkətdimi? Səni dindirən də, göynədən də bu qəmlərdi. Yaxşı bilirəm.

 

Mən vüsalı soraqlaram,

Hicran daim güdər məni.

Asta-asta, aram-aram

Dimdikləyər, didər məni.

 

Sevindirməz bircə kərə,

Sürüklər böhtana-şərə.

Qucağından qoymaz yerə

Qüssə məni, kədər məni.

 

Göylər bulud, dərələr çən,

Karvan-karvan gələn-gedən.

Dönərəmmi dediyimdən –

Dansıtmayın hədər məni!

 

Əhvalını oxucuya bu cür çatdırmaq hər şairin işi deyil, Nəsiboğlu: “Qucağından qoymaz yerə, Qüssə məni, kədər məni”! Bu misraları dilə gətirmək üçün adamın gərək Uca Tanrıdan izni ola, adam gərək Türkün qannı bağrından qopa, diliylə duyğusu bir-birini oxuya. Bu yerdə kimsənin səni dansıtmaq haqqı yoxdur. Bu zamanacan dediyindən dönməmisən, indən sonra da dönmə...

Kimsə bilməsə də mən yaxşı bilirəm ki, sənin şair kimi populyar olmamağıyın səbəbi nədir. Bu istək sənin ürəyinə yol tapsaydı sən hamımızdan çox oxunar, hamımızdan çox tanınardın. Bir çoxları kimi Yazıçılar Birliyində kitab təqdimatı keçirmirsən, böyük saraylarda yubileyini qeyd elətdirməyə can atmırsan, aşıqlara “mənim də bir qoşmamı, gəraylımı oxu” deməyi özünə sığışdırmırsan... Halbuki sənin yazdıqların da, filoloq olaraq klassik və çağdaş ədəbiyyata münasibətdə bilgilərin də, ədəbi şəxsiyyət kimi statusun da buna daha çox imkan verir. Bu təvazökarlığın arxasında nələrin dayandığını uzun illərdir dostluq etməyimizdən dolayı yaxşı bilirəm. Hər ikimizin əziz dostu, özümüzə böyük qardaş bildiyimiz görkəmli memar və alim, gözəl şair və publisist, nasir, folklorumuzun bilgini və araşdırıcısı, bir sözlə əsl və əsil türk aydını Ömər əfəndi – Ömər Qoçulu ilə guşənişin olub qurduğumuz məclislərdə sənə çox diqqət yetirmişəm, çox mətləbləri götür-qoy etmişəm. İndi isə sözümü demək zamanıdı. Bu məclislərdə türkün ruhunun tərcümanı olan SAZın sənin üçün nə yox, kim olduğunu özüm üçün ayırd etmişəm. Əlbəttə, ədəbiyyata Dədə Əmrahın, Dastan Saraclının, Xan Kamandarın dizinin dibindən, nəqşibəndi müridlərinin cezv məqamının şahidliyindən gələn şairin mayası halallıqdan tutulmalı, şeirləri ulu sazımızın havacatları üstə köklənməliydi. Odur ki, indilərdə “zorən şairlər”in söz cütləmələrinin fonunda sənin sadə və canlı, ana dilimizin şəhdi-şirəsi ilə yoğrulmuş şeirlərin bütün parlaqlığıyla anındaca gözə çarpır.

Bu məqamda daha bir gəraylına diqqət yetirmədən ötüşə bilməyəcəm. Poeziyamızın əzəli-əbədi mövzusu olan SEVGİni bu cür – sadə və sanballı bir şəkildə vəsf etməyin məni yerimdən tərpətdi:

 

Mən onu görəndən bəri

Gözümdə hamı dəyişir.

Ürəyimin döyüntüsü,

Ağzımın tamı dəyişir.

 

Heç bilmirəm nədir adı,

Yurdu-yuvası haradı?..

Könlümün arzu-muradı,

İstəyi, kamı dəyişir.

 

Rövşən, dolan dünyanı gəz,

Doğma yurda yoxdu əvəz.

Nadan bunu duya bilməz;

Sevgi adamı dəyişir.

 

“Sevgi adamı dəyişir” – vurğunluğun əlamətlərinin cəmini bundan gözəl necə demək olardı? Yoxsa, “ay yandım, öldüm, ağlamaqdan gözüm kor oldu, çağırmaqdan dilim ləbbey oldu...” Var olsun sənin gözlərində “hamını dəyişən” sevgi də, ürəyindəki bu mübarək yaşantı da, bu yaşantını bu cür qələmə alan barmaqların da!

İthaf şeirlərin haqqında isə ayrıca danışmaq istəyirəm. Bəzən kitabda ithaf şeirlərinin çox yer almasından narazı qalan adamlarla rastlaşıram. Bir dəfə yazarların çoxluq təşkil elədiyi bir məclisdə ithaf şeirləri müzakirə mövzusu idi. Dostlar bu mövzuya o qədər primitiv və biganə yanaşdılar ki, əsəblərimi cilovlaya bilməyib dedim: “A kişilər, söhbət şeirin özündən gedir, onun kimə ünvanlanmağından yox. Adam var ki, Allaha, padşaha üz tutub şeir yazır, yazdığı şeir olmur. Adam da var ki, lap elə bacanağına bir şeir ithaf eləyir və oxuyursan ayağıyın altından yer qaçır. Şeirin kimə ünvanlanmağının mətləbə nə dəxli var? Sən qarşındakı mətndən çıxış elə... ” Bunları deyib ayrı-ayrı ünlü şairlərin ithaf şeirlərindən misallar gətirdim və dosatlar mənim fikrimlə razılaşmağa məcbur oldular. Düşünürəm ki, ithaf şeirlərində də yenə hər bir şair öz istedadını ortaya qoyur. Burda, sadəcə dərdini göyə üz tutub demirsən, sənə həmdərd ola biləcək bir kəsə söyləyirsən. Oxuyanlar, dinləyənlər də burdan bir mətləb anlayır, bir yaşantının şahidinə çevrilirlər.

Maraqlı burasıdır ki, sənin üz tutub şeir ithaf elədiyin insanlar da sıradan biri deyillər. Əqrəbadan, eloğludan tutmuş ünlü şairlərimizə qədər hər biri özlüyündə bir aləmdi, bir dünyadı. Rövşən Nəsiboğlunun üz tutub şeir ithaf elədiyi, dərdini danışdığı insanlar kimlərdir: Osman Sarıvəlli, Şəhriyar, Məmməd Araz, Əbülfəz Elçibəy, Bəxtiyar Vahabzadə, İsmixan, Məmməd Aslan, Ağamalı Sadiq Əfəndi, Aşıq Ədalət, Ramiz Rövşən, Zəlimxan Yaqub, Akif Səməd, Rüstəm Behrudi, Həmid Babayev, Aşıq Əli Quliyev, Ömər Qoçulu, Elxan Məmmədli, Aşıq Əmrah, Aşıq Hüseyin Saraclı, Aşıq Kamandar, Məmməd Dəmirçoğlu, Dünyamalı Kərəm, Dilənçi Xıdırov, Məmməd İlqar, Ziyad Yusifov, Cavanşir Əfəndiyev... Hər biri türk millətinin bağrından qopan, milləti və məmləkəti yolunda canını fəda eləyən aydınlarımız! Bu kişilərə də üz tutmayıb bə kimə üz tutub dərdini söyləyəsən?... Nə xoş ki, bu böyük insanlara ünvanlanmış şeirlər də elə onların sanbalına, adına, ünvanına layiq poeziya nümunələridir. Bu şeirlərdə ithaf xətrinə yazılmış bir misraya da rast gəlmək mümkün deyil. 

Təəssüf ki, mən ixtisasca filoloq, peşəcə tənqidçi deyiləm. Yoxsa Sənin bu kitabın haqqında daha əhatəli bir yazı yazar, çox mətləbləri incələyərdim. Neynək, hələ ki, heç də gec deyil, qoy mənim bu yazım tənqidçi dostlara, peşəkarlara bir mesaj olsun. Yəqin ki, onlar da sənin kitabını diqqətlə oxuyub öz sözlərini deyərlər...

 

P.S. Burda sözümü sonuclamaq istəyirdim ki, yadına bir dəfə sənə dediyim bir söz düşdü:  “Türk qövmü atdan düşəndə itirdi çox şeyini...”

Amma yenə də mənə nə deyirsən de: Türkün qurdunun ulayan, atının kişnəyən zamanı gələcək. Bax elə bu yazını yaza-yaza mən o ulartını da, o kişnərtini də çox uzaqlardan da olsa duyuram. O SƏS özünü yetirəcək bu məmləkətə. Geci-tezi var... Buna adın Rövşənə inandığın qədər inan!!!

 

“Ədəbiyyat və incəsənət”

(13.01.2025)

 

 

 

Sizləri bilgiləndirmişdik ki, Yeni ildə poçtumuza gələn ilk məktub Cavidan Hacıyevin şeirlərindən ibarət olub. Cavidan fərqli yazır, heç kəsi təqlid etmir. Mövzuları da özünəməxsusdur. Məsələn, indi süjetli şeir demək olar ki, yazılmır. Amma onun “Sansara” şeiri məhz süjetlidir. Oxudun, sanki qısametrajlı bir filmə baxdın.

Şeirlərinin bir hissəsini diqqətinizə çatdırmışdıq, indi də digərlərini ixtiyarınıza veririk.

 

GETDİ

 

“Sevgi Haqqdan gəlir, pakdır əzəldən"-

Deyərək, dastanlar var oldu getdi.

Neçə Qeys olubdur dəli eşqindən:

Leylalar özgəyə yar oldu getdi.

 

Dedilər: ədalət — tərəzi gözü,

Guya göstərirmiş əyrini, düzü.

Dünyada var ikən, dünyanın özü,

Öləndə — yerimiz dar oldu getdi.

 

«Gülümsə, dərd bitsin, dayan» dedilər.

Neçə dost dərdimə hayan dedilər.

Dərddən dərdə düşdüm, «oyan» dedilər.

Üzümdə təbəssüm yoruldu getdi.

 

Həqiqət işıqdır, həqiqət günəş.

Parlasın, yayılsın hər yana atəş.

«Onu gör» -dedilər- «həyatla dirəş».

Baxanda gözlərim kor oldu getdi.

 

Cənnətdən gəlmişik, uşaqtək pakıq.

Saf olub, savablar qazanmalıyıq.

Ümid var- Tanrının dərgahındayıq.

Yaşadım, o ümid gor oldu getdi.

 

 

SANSARA

 

Səhər erkən oyanıb, təraş etdi üzünü,
Güzgüylə söhbətləşib, ruhlandırır özünü:
Həyəcanlanmağa nə var? Hər şey yaxşı olacaq.
Bir qız bir oğlanındır — çaya qənd atılacaq.
Bir də ki, təhsillidir, özü hələ novbahar,
Bir — iki kitab yazıb — bir az şairliyi var.
Güzgüdə gülümsəyib, ürəyində sevgiylə
Yazdığı bir şeirdən dedi bir-iki cümlə:
«Sevgi, bəlkə həyatda ilahi bir sınaqdır.
Sevgi ONUN eşqiylə səhrada yaşamaqdır.
Sevgi həyata qüvvət, sevgi elə həyatdır - 
Yox, həyat fani olur, sevgi — əbədiyyatdır...» 

… Bağlamaq istəsə də, suyu təraşdan sonra,
Birdən ağrı hiss etdi, əli çatmadı ora.
Çırpınsa da dəniz tək, sakitləşdi ürəyi:
Yenə geyindiriblər əyninə dar köynəyi.
Səsə otağa gəldi ağ xalatlı birisi,
Dedi: «Halı pisləşir, qohumları tez gəlsin.»
İkinci ağ xalatlı dedi üçüncü şəxsə:
«Tez zəng edin qəribə adı olan kişiyə.»
İcrası da tez oldu qəfil verilmiş əmrin:
"-Alo, Dispanserdəndir. Müləvvəh bəy tez gəlin."

… Yazıq Müləvvəh kişi yanmağa dərdi nə çox.
Qırx yaşlı xəstə oğlu, qayğıya qalanı yox.
Oğlu çox tez-tez olur konfabulasiyada.
Çox çətindi yaşamaq Adel sindromunda...

Xəstə indi sakitdi, xatırlayır keçmişi:
Neçə il əvvəl bugün olmalı xeyir işi:
Səhər erkən oyanıb, təraş etdi üzünü,
Güzgüylə söhbətləşib, ruhlandırır özünü:
Həyəcanlanmağa nə var? Hər şey yaxşı olacaq.
Bir qız bir oğlanındır — çaya qənd atılacaq.
Bir də ki, təhsillidir, özü hələ novbahar,
Bir — iki kitab yazıb — bir az şairliyi var.
Güzgüdə gülümsəyib, ürəyində sevgiylə
Yazdığı bir şeirdən dedi bir-iki cümlə:
«Sevgi, bəlkə həyatda ilahi bir sınaqdır.
Sevgi ONUN eşqiylə səhrada yaşamaqdır.
Sevgi həyata qüvvət, sevgi elə həyatdır - 
Yox, həyat fani olur, sevgi — əbədiyyatdır...» 
Şeiri tam demədi, şeir yarımçıq qaldı:
Telefona zəng gəldi, sevdiyi ağlayırdı:
«Heç nə demə, qulaq as, bil ki, səni sevirəm.
Mənim atam „hə“ dedi. Artıq özgəsininəm.»
Yüzlərlə şeir yazan, indi tutuldu qaldı:
Sevgi intihar etdi, xəttən asıldı qaldı.

...Üzünü saqqal basmış qırx yaşı olan biri
Əli bağlı köynəkdə ad gününü qeyd edir.

 

 

 QURBAN

 

Yığıb son parasını kişi gedir bazara:
Oğlu döyüşdən gəlir — qurbanlıq qoç almağa.
Bir vaxt yurda gələndən qara donlu kafirlər,
Bir ata qurban deyib, oğul yolunu gözlər.

Döyüşsə çoxdan bitib, keçib üstündən illər:
O vaxtın gənclərinə indi "əmi" deyirlər.
Ata üçünsə zaman donub oğlu gedəli.
Ata ayırd eləmir fəsilləri, günləri.

Oğul gedəndə dedi: "İndi Vətən vəsfiyik.
Düşmən kimdir, ay ata? — Qoç Koroğlu nəsliyik!"
Bir ata qurban deyib, indi əməl etməli.
Bir ata qurban deyib İbrahimtək, kəsməli.

Ata kəsdi ağ qoçu oğlunun qədəminə,
Qoç qanından xal qoydu şəhidin kəfəninə.
Qəribə dinclik tapdı ata oğlu gələli: 
Qucaqlamaq çətindir axı boş qəbirləri.
Boş qəbirdə həsrət var, boş qəbirdə ümid var.
Vətənin şəhidinə Vətən özü darıxar.

Bir ata hüzur tapdı, bir kənddə qəbir artdı.
Bir qadın ruhundasa qız yenidən ağladı.
Qız qəlbi ümid dolu — sevgilisi qayıdar.
Qız qəlbi ümid dolu — alnı isə qırışlar.
Qızın alnı qırışlı, qızın saçı ağappaq:
Qız illərlə yığılan həsrəti edib duvaq.
Müharibə başladı, edənmədi toyunu.
Elçilər gəlib gedir — qızsa gözləyir onu.
Artıq şıltaq qız deyil, alnında qırış çoxlu.
«Nənə» deyilən vaxtda «ana» deyəni yoxdur.
Amma ümidi vardı, bəsləyirdi oğlutək:
Döyüş bitsin, ağ atlı o şahzadə gələcək.
Ağ atda gözləyirdi, ağ kəfəndə qayıtdı:
Qız otuz il gözləyib, bircə anda qocaldı.

Oğul təkçə atanın, şəhid — bütün elindir.
Şəhid nəşi tapılıb — bir kənd yas içindədir.
Geçikmiş məktub kimi, bəlkə, bir-bir gəlirlər
Koroğlu əqidəli itkin düşmüş şəhidlər. 

 

 

SÜPÜRGƏLİ NƏNƏ

 

Hər sübh günəşdən əvvəl, günəş yatarkən hələ,
Çıxırlar küçələrə Süpürgəli Nənələr.
Hər sübh azandan əvvəl, təkcə Tanrı oyaqkən,
Zibildən təmizlənər yuxulamış küçələr.

Təmizlənir sübhçağı- kirlənir axşamadək.
Kirlənsin da, uzağı nənələr süpürəcək.
Görən süpürərdimi yenə nənə sübhçağı?
Nazını çəkən olsa, olsa isti ocağı
?


Yığardı o nənə də başına nəvələri,
Heç Şəhrizad bilməyən nağıllardan deyərdi.
Amma küçə süpürür — olmadı naz çəkəni:
Qarı həmdərd eləyib bir darı süpürgəni.

Nənə bir də Tanrı var, ətrafdasa gecədi:
Deyəsən, Tanrının da yuxusuzluqdu dərdi.
Süpürgəli nənələr nə qədərdi küçədə:
Süpürgənin səsindən heç yatanmır gecə də.


Rəhm gözləmə bizdən, süpür hər gün sübhədək,
İsanı öldürənlər sənəmi rəhm edəcək?
Süpürgədi ən sadiq, dürüst yoldaş nənəyə:
Nənələr də darıyla bəlkə çıxır təpəyə?
Darı dar ağacıdı bəlkə elə nənənin?
Bəlkə nənə İsadır — dəyişib qiyafəsin?


Amma biz kor olmuşuq, görənimiz də yoxdu:
«Hara gedirsən Tanrı?» soranımız da yoxdu.
Görən, nə qədər Tanrı gəlib gedib beləcə?
Sadəcə bir nənə var, bir küçə var, bir gecə.

Kir süpürürsən nənə, kirdən təmiz küçələr.
Bəs bu küçələrdəki günahlar hara gedər?
Neyləyək ki, ay nənə, görək biz də təmizlik?
— Günah artıq kir deyil, günah — biz özümüzük?!

 

 

NƏFƏS

 

«Nəfəsim ol» söyləyir sevgidən yazan şair.
«Nəfəsimsən» yazılır namələr sətir-sətir.
Nəfəslə həyat gəlir...
                               Gedir həyat nəfəslə. 
Nəfəs özü də bitir- yenisi gəlsin deyə.
Yeni nəfəs gələcək — arxayındır insanlar:
Yaman çoxdur unudan — nəfəs sayılı olar.

Nəfəs həyat rəmzidir, nəfəs həyata nədən:
İnsan da ruhun alıb Tanrının nəfəsindən.
Tanrıdan ruhun alıb, ancaq satdı İblisə - 
Nə fərqi var? Bir milyon, ya da otuz qəpiyə?
Əsas odur satıldı. Alan da tapıldı tez.
Görən ruhu satanlar ya alan olur İblis?
Bu suala cavabı, görən heç Şeytan bilər?
Nə fərqi var? Onsuz da çoxdur ruha tacirlər.
Tacirlər ki çoxalıb, açılıb ruh bazarı:
Ruhlar da çeşid-çeşid, təzəsi, saxtaları.
Orda nə pak bir ruh var, sanki satılıq deyil-
"Əşi ruhu ver bura, hər şey puluyla deyil?"
Satdın ya yox, nə farqi lap güc ilə alırlar -
Sonda İsaya dönür «birdəfəlik» qadınlar?
Görəsən göyə qalxıb onların da ruhları
Deyirlərmi Allaha «Bağışla insanları»?

Axı Tanrı neyləsin bizi əfv etmək üçün? 
Axı günah günahın dalıyca olur hər gün.

Aldığı hər nəfəsdə insan yıxır insanı.
Bəlkə Tanrı lütfüdü? Bəlkə rəhm edib Tanrı -
Yığmasın deyə bəndə daha çox günahları,
Sayılı bir nəfəslə yaratdı insanları?

 

 

 AĞAC ƏK

 

Ağac əkir bir qoca — öləcəyini bilir.
Nə bayağı mövzudur. Buna yazılmır şeir.
Yazıldı yazılmadı — qoca üçün nə fərqi?
Ağac əkir bir qoca — yeri gəldi gəlmədi.

Balaca koma dikib, bir oğul da böyütdü.
Yerinə tam yetirib məsəldəki öyüdü.
İndiysə ağac əkir çuxur qazıbdır yenə:
Ağac əkir bir qoca...
                                 … baş daşı əvəzinə.


Savaş cəngi vuruldu illər öncə bu yerdə
Torpaq ehtiyac duyur indi qəhrəman mərdə.
Bayağı şeirlərdə bayağı mövzulartək:
Qoca bilirdi onun övladı dönməyəcək.


Yola salıb oğlunu o, örtmədi qapını
«Qayıdıb özü örtsün» — beynindəki xəyalı.
Bir dəfəlik getmir ki, qayıdar üç-beş fəslə.
Sonra yenə də başlar, «ağac — yeni ev — nəvə».


Pafo
slu cümlələrlə bəzəməyək buranı
Onsuz da hamı bilir savaşlarda olanı:
Ürəyi arzu dolu hansısa iki cavan
Edirlər bir-birini al qanlarına qəltan.


Maşınla yola saldı oğlu — dəmir qutuda:
Taxta qutuda aldı təhvil ata — tabutda.
Qoyub tabutu yerə — sadəcə quyu qazdı.
Nə fəryadlar qopardı, nə də gözü yaşardı.


Ölənə ağlayanlar, qayıdana sevinər:
Ata dedi «nə fərqi? — ölənlə ölməyirlər»
Belə də olmalıymış sonda hər şey elə bil.
Dərin bir quyu qazıb bir qoca ağac əkir.


Bu nə təhər həyatdı? — dəyişin bu həyatı:
Yaşamaq da bayağı, ölümlər də bayağı
Düşmən sayılanlara ölüm hökm edildi -
Ölənəsə deyirik «Tanrı lütfünə getdi».


Bu qədər çoxmu insan sevir öz yağısını? -
Onunçün özü açır Cənnətin qapısını.
Ölən balalar üçün analar fəryad edir.
Bəs onda öldürməyə bu eşq haradan gəlir
?

O da balaydı axı, istəmirdi savaşı,
Onun da çatmamışdı ölməkçün hələ yaşı.
Axı yaratmayıbdir Tanrı bu cürə bizi?
Hansı məqamda görən həmkar bildik iblisi?


Həyata keçməsə də bayağı ifadə var:
«Beşikdən məzaracan insan qala insanlar»
Sadəcə ev düzəltsin, övladını böyütsün.
Əsas əkilən ağac — çarmıxlara dönməsin.

 

(davamı olacaq)

 

“Ədəbiyyat və incəsənət”

(13.01.2024)

 

 

Dünyaşöhrətli investor, filantrop Uorren Baffet həm də uğur nəzəriyyəsinin banisidir. Onun 13 qaydadan ibarət “Uğur qazanmaq qaydası” təlimindən danışırıq. Bu gün sizlərə növbəti bəndi təqdim edəcəyik.

Əminik ki, sizlərə bu dahi şəxs çox faydalı olacaq.

 

 

Qayda 12

 

Həmişə hər şeyin perspektivinə diqqət edin

 

«Həmişə öz növbəti gedişinizi və ondan sonrakını qiymətləndirin. Ətrafınızda baş verən şeylərə adekvat baxmağa çalışın. Belədə çox şey əldə edəcəksiniz».

 

 

Əvvəlki günlərdə isə bunları təqdim etmişdik:

 

Qayda 1

 Unutmayın – həmişə  özünə investisiya qoymaq lazımdır!

«Hər gün öz xarakterinzin zəif cəhətləri üzərində çalışın, onları daha yaxşı edin, öz qabiliyyət və bacarıqlarınızı inkişaf etdirin. Özünə investisiya qoymaq həmişə universitetlərə təhsil haqqı ödəmək anlamında deyil. Mənim iki diplomum var, amma mən onları çərçivəyə salıb divardan asmıram. Mən hətta bilmirəm ki, onları hara qoymuşam».

 

Qayda 2

«Yox!» deməyi öyrənin

«Siz «yox» deməyi öyrənməsəniz, heç vaxt öz zamanınızı tam olaraq idarə edə, ona nəzarət edə bilməyəcəksiniz».

 

Qayda 3

Heç vaxt başqalarına qulaq asmayın

«Çalışın, başqalarının düşüncəsinə əsaslanan qərar qəbul etməyəsiniz. Karyeramın əvvəlində mənə yalnız uğursuzluq vəd edirdilər. Hətta mən investorlardan 100 min dollar toplamağı bacaranda da həmin şəxslərin  fikirləri dəyişməmişdi. Təsəvvür edin, 10 ildən sonra bu pullar mənə 100 milyon dollar gətirəndə onların sifətlərinin ifadələri nə cür oldu.

Özünüzə yalnız öz daxili şkalanız ilə qiymət verin!»

 

Qayda 4

Cəld və məhsuldar hərəkət edin

«Qərarı çox uzadıb çox düşünməyin. Həmişə çalışın, hər şeyin məğzini cəld, zamanında anlayasınız. Sonradan başa düşəcəksiniz ki, bu, pul qazanmağın yeganə vasitəsidir».

 

Qayda 5

Çalışın, öz gəlirlərinizi təkrar investisiyaya qoyasınız

«Öz ilk biznesinizlə qazandığınız pulu çalışın xərcləməyəsiniz, işin inkişafına qoyasınız. Haçansa mən dostumla bərbərxanada oyun avtomatı quraşdırıb bir qədər pul qazanmışdım. Amma bu pulu digər yeniyetmələr kimi xərcləmədik, dövriyyəyə buraxdıq. Nəticədə, 26 yaşda artıq mənim 1,4 milyon dollarım var idi».

 

Qayda 6

Hər şey barədə əvvəlcədən razılaşın

«İstənilən işi başlayanda dərhal  maliyyə məsələsində razılaşın. Bunu etməsəniz, böyük ehtimalla siz aldadılacaqsınız. Bu dərsi mən yeniyetməlik vaxtımda əxz eləmişəm. Necəsə, mənim babam məndən və dostumdan mağazasını təmizləməyi xahiş etmişdi. Biz 5 saat ərzində süpürgələrlə işlədik, yeşikləri daşıdıq. İş qurtaranda babam bizim ikimizə cəmi 90 sent ödədi. Həmin anda şəraitin ədalətsizliyindən mən çox sarsılmışdım».

 

Qayda 7

Ən xırda şeylərə belə diqqət edin və onlardan öz maraqlarınız üçün istifadə eləyin

«Həmişə xırda şeylərə diqqət etsəniz yaxşıca qənaət etmiş olacaqsınız. Bir yaxşı nümunə gətirim: Mənim bir tanışım evinin küçə divarlarını rəngləmək qərarına gəlmişdi, o bunu çox ağılla etdi. 4 divarın hamısını yox, yalnız əsas küçəyə baxan divarı rənglədi».

 

Qayda 8

Öz pullarınızdan düzgün istifadə edin

«Birinci qayda: heç vaxt pulunuzu itirməyin. İkinci qayda: heç vaxit birinci qaydanı unutmayın.

Foreks bazarında ticarətlə məşğulsunuzsa həmişə məntiqsiz risklərdən qaçın. Ticarətlə necəgəldi məşğul olmayın. Həmişə pula qənaət metodundan yararlanın ki, nəticədə kapitalınız qorunsun və artsın».

 

Qayda 9

Öz vəsaitinizlə yaşayın!

«Çalışın, heç vaxit borca pul göitürməyin. Götürsəniz, heç cür inkişaf edə bilməyəcək, bütün həyatınızı yoxsulluq içində keçirəcəksiniz. Cəld borclarınızı qaytarın və dövriyyəyə buraxmaq üçün azacıq kapital  toplayın».

 

Qayda  10

Qətiyyətli olun!

«Qətiyyətsizliklə siz heç nəyə nail ola bilməyəcəksiniz. 1984-cü ildə mən bir kompaniya almışdım. Bu kompaniyada bir qadından – kompaniyanın qurucusundan çox xoşum gəlirdi. İş onda idi ki, böyük maliyyəsi olmayan və olduqca qətiyyətli olan bu xanım yalnız qətiyyəti hesabına mebel satışı ilə məşğul olan böyük bir mağazalar şəbəkəsi aça bilmişdi».

 

Qayda 11

Çökən müəssisədən vaxtında çıxmağa çalışın!

«Gəncliyimdə mən bir dəfə qaçış yarışlarına pul qoymuşdum, uduzdum, pulumu qaytarmaqçün yenə qoydum, yenə uduzdum. Bundan sonra mən fikrimi toplamağı bacardım. Sonralar mənə yalnız ziyan gətirən biznesdən dərhal çıxmağa başladım».

 

“Ədəbiyyat və incəsənət”

(13.01.2025)

 

 

 

 

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

 

 

“Düşüncə döngələri” silsiləsindən...

 

        

Uça bilmirsənsə, qaç... Qaça bilmirsənsə, yeri.

Yeriyə bilmirsənsə, sürün. Amma nə edirsən et, yetər ki, irəlilə! 

Martin Lüter Kinq.

 

 

Məqsədsiz yol çıxılmaz.  Çıxılarsa, demək,  yolçunun dərdi başından aşıb.  Onunku irəliləmək-harasa getmək deyil artıq, dərddən qaçmaq cəhdidir. Bütün foilosoflar, düşünənlər, düşünə bilənlər gözəl bilir ki, insan haradadırsa, dərdi də oradadır.   “Dərdlə yerimək, dərdlə yüyürmək olmur” demirəm, olur... Sınaqdan çox çıxarmışam. Hətta elə dərdlər var ki, adını dəyişəndən sonra daha gözəl, daha inamla irəliləmişəm.

 

Kinq “irəlilə” deyəndə insana bir yerdə durmamağı məsləhət görürdü. Durağan su iylənər axı... Durağan beyin də eynən belədir. “Sabit fikirlilik dəliliyin ilk addımıdır”-belə qənaətə gəlmişdi ötən əsrdə Aqata Kristi. Əksər əsərlərində bu fikrin müdafiəsinə də qalxır yazıçı. Kinq bunu anlamışdı... Anlamışdı ki, heç yerində dayanmadı, dünya tarixində özünə o cür mübarizlik izi qoydu.

Platonun Tarentumlu Arhitasa yazdığı məktubların birində bu cümlələr də yer alır: “Biz, sadəcə, özümüz üçün doğulmadıq. Eyni zamanda, varlığımızın bir parçası ölkəmizə, bir parçası ailəmizə, bir parçası da dostlarımıza aiddir. Amma ən böyük parça həyatın qarşımıza çıxaracaqları için xərclənməlidir”.  Biz-XXI əsr insanı bunu bacarırıqmı? Kimə, nəyə xərclədiyimizin fərqindəyikmi ömrümüzü? Məncə, yox...

 

Türk müğənni Emir Can İğrek ağ gitarasına “cinayət ortağım” deyir. Ruslarda isə belə bir misal var: “Nənələr nəvələrin cinayət ortağıdır”.  Azərbaycanlı gənclər Nicat Həşimzadə və Nəcəf Əsgərzadə birlikdə “Fikir cinayəti” adlı kitab yazıblar. Hə,   bildiyiniz sözdən söhbət gedir - cinayətdən...   Yəqin yazının bu məqamında dayanıb düşünürsünüz: Platon hara, Emir Can İğrek hara? Ümumiyyətlə, xərclənən ömürlə cinayətin nə əlaqəsi var? Var, əzizlərim, var...  Biz Platonun  nəzərdə tutduğu “həyatın qarşımıza çıxardıqları”na qarşı törədirik ən böyük cinayəti - onları görməzdən gəlirik. Bunun fərqinə varırıqsa, etiraf ediriksə, etdiklərimizə, düşündüklərimizə mərd-mərdanə, başıdik şəkildə “cinayətdir” deyə biliriksə, insanıq... Deyəmmiriksə... Məmməd Arazın o məşhur sevgi şeirindəki kimi: “Yazıqlar mənə... (bizə)”. Ya da Ağalar Mirzənin şeirini təkrarlayaq:

 

-Niyə ağlayırsan?

-İtirdiyimə...

-Bəs nəyə peşmansan?

-Rast gəldiyimə...

 

Hə, rast gəldiyimizə peşmanıq “həyatın qarşımıza çıxartdıqları” ilə... Bu da bizi –XXI əsr insanını özündən əvvəlkilərdən bir addım daha irəliyə atır.  Bu irəliləyişin  bəşəriyyətin “ağ gün”ü, yoxsa “qara gün”ü olacağını da bilmirik. Çünki belinə mindiyimizin “ağ qoç”, yoxsa “qara qoç” olduğunun  fərqində deyilik.  İddia etmək istmirəm ki,  XXI əsr insanı bunu fərq etməkdə acizdir. Əsla! Düşünməyə  ərinməsə, o qoçların idarəetməsini də öyrənəcək idraka, gücə malikdir çağ insanı. Sadəcə, bu gücü də, bu idrakı da yaxşı şeyə xərcləmək istəmir.

Bilirəm, indi Nəsirəddin Tusini də, onun bostançıya dediyi sözləri də mənə xatırladacaqsınız: “Baş yaxşı başdır, heyf qarpıza işləyir”. Amma Nizami ondan əvvəl deməmişdimi ki: “Kamil bir palançı olsa da insan, Yaxşıdır yarımçıq papaqçılıqdan?!” Demişdi! Biz bu fikir dialoqunun iştirakçısı olmaq cəhdindən əl çəkib, seyirçi olmağa  qərar verə bilərik. Di gəl, hamımız yaxşı bilirik ki, evimizi yıxan elə seyrçi olmağımızdır. “Məndən ötsün, qardaşıma dəysin...”  deyənlərin də nəvələri aramızdadır.  Və bu insanlar o vaxt “yoldan çıxaran” adlanırdı, indi olublar “şəxsi inkişaf və motivasiya kouçu”.

 

Edqar Ponun “Hans Pfaalın qeyri-adi hekayəsi” adlı hekayəsi var. Hekayədə görürük ki, “Rotterdam şəhəri böyük bir fəlsəfi həyəcan içindədir”. Hə, fəlsəfi həyəcan! Bunu ancaq düşünməyi bir an belə, ertələməyən, şeytanla bağlı dəhşətli fikirlərə ironik don geyindirə bilən, insanların vecsizliyini görüb quzğunla dərdləşən, şair olmağın ağırlığını bilən, bu ağırlıqla əylənən Po dilə gətirə bilərdi...

Hekayənin qəhrəmanı Hans Pfaal öz məktubunda hamının kitab, qəzet oxuduğunu, hamının inqilabi düşüncə, fəlsəfə ardınca yüyürdüyünü qeyd edir. Nəticədə, kimsə körük təmir etdirmir. Çünki hamının sobalarını yandırmaq üçün yetərincə qəzeti, kitabı-kağızı var.  Beləcə, yazıq Pfaal müflisləşir. Hekayədəki təzadı gördünüzmü?  Hamı qəzetlərdəki xəbərlərin acgözüdür, hər gün qəzet alırlar, hər yerdə qəzetdə, kitabda oxuduqlarını qızğınlıqla müzakirə edirlər. Hətta müzakirələri mübahisəyə çevrilir, dava-dalaşa çevrilir... Bununla belə, məhz bu insanlar həyatlarını asanlaşdırmağın  yeni yolunu tapırlar: qəzetlə soba yandırmaq... Fəlsəfi həyəcan rahatlıqdırmı? Əlbəttə, yox!   Ponun bizə anlatmaq istədiyi isə bu idi: “İnsanlar hər zaman küyə getməyə hazırdırlar...”

 

2020-ci ildəki o “evdəçilik” günləri hamımızın yadındadır.   Kamyunun “Taun”unu anlayan da oxudu, anlamayan da... Mən də küyə  getdim, kitabı pdf tapıb oxudum.  Bir cümləni heç unutmuram: “Siçovul  əhvalatı vaxtı dil-boğaza qoymayan mətbuat indi susmuşdu. Çünki siçovullar küçələrdə qırılırdılar, insanlar isə evdə ölürlər. Mətbuat da ancaq küçələrdən yazır”. Tanış mənzərədir, hə? “Mətbuat da küyə gedir” deyir uşağını jurnalistika fakültəsində 4 il sələmlə oxudan, güc-bəla, tanış-bilişlə “bölgə müxbiri”  işinə düzəldən valideyn. Sanki o lənətlədiyi,  yaxud lağlağı etdiyi “mətbuat”a bunun bir aidiyyatı yoxdur...

Halbuki, vaxt vardı, “mətbuat” sözü şəxsiyyətlə eyniləşdirilirdi, yazılanın da, yazanın da əzəməti vardı, əsaləti vardı. “Əkinçi” deyib Zərdabi eşidirdik, “Molla Nəsrəddin” yazıb, Məmmədquluzadə oxuyurduq. Qələm adamı idilər.... Qədir adamı idik... Və dünyanın küyünə düşüb irəlilədik, irəlilədik, qələmin əzəmətini də, qədirbilənliyimizi də itirdik... “Fərqində olmadan” demirəm, yox, fərqində ola-ola, amma eynimizə almaya-almaya itirdik, bilə-bilə ovcumuzu açdıq, buraxdıq.

 

İtirilənlər... “Qurbağa yağı satıcısı” adlı bir kitabı var Akira Kurosavanın. Dəhşət kitabdır... Dəhşət! Xatirələrini yığıb ora Kurosava. Əlbəttə, hamısını deyil... Diləgələnləri... O xatirələrdən biri səslərlə bağlıdır. Kurosava yazır: “Uşaqlığımda eşitdiyim səslər bu gün eşitdiklərimdən tamamən fərqliydi. Hər şeydən əvvəl, o günlərdə elektronik səslər yoxdu. Qrammofonlar belə, elektrikli deyildi. Bütün səslər təbii idi. Bu təbii səslərin böyük bir hissəsi bir daha geri dönməmək üzrə getdi... Artıq itən bu səsləri uşaqlıq xatirələrimdən silmək mümkün deyil. O günlərdə səslərin də mövsümləri vardı. Soyuq, ilıq, isti və sərin səslər... Hər biri ayrı duyğu oyandırırdı”. 

Kurosavanın xatirələrinin izahata, şərhə ehtiyacı yoxdur, məncə. Nə demək istədiyimi - Kurosavanın nə demək istədiyini anladınız... Mən qayıdıram Kinqin sözlərinə...  “İrəlilə!”ni  tövsiyə deyil, əmr kimi qəbul etsək, daha asan irəliləyərik düşüncə döngələrində.  İnsan xisləti tövsiyəyə xor baxmağa, əmrə itaət etməyə hazırdır axı.  Bəs haraya, nəyə  doğru irəliləyək?  Burada seçim individualdır.   Yenə bir rus məsəli çəkəcəyəm: “İnsanların nəyə ehtiyacı olduğunu anlamaq üçün onlardan xoşbəxtliyi nədə gördüklərini soruş”.  Mənim “nəyə, haraya, kimə  tərəf irəliləyək?” sualıma verəcəyiniz cavablar da sizin nəyə can atdığınızı göstərəcək.

 

Hə, çağdaşlarım...  Kinqin irəlliləmək tövsiyəsini (əmrini) nəzərə alaq, Platonun dediyini düşünək,  ömrümüzü nəyə xərclədiyimiz haqqında düşünməyə vaxt ayıraq.  Poya  “zavallı” demək əvəzinə, küyə düşüb  Pfaalın çörəyini kəsməyək... Ən əsası, insanlara qarşı dürüst olaq. Onların bizim dürüstlüyümüzə ehtiyacları var... Bunu dilə gətirməsələr də, hərəkətləriylə göstərməsələr də, yeri gələndə, bizə xor baxsalar da, onların bizim dürüstlüyümüzə ehtiyacları hüdudsuzdur...

Kurosava  uşaqlığındakı o səslərə bağlı qalsaydı, irəliləməzdi. Keçmiş bəzi məqamlarda ayaq bağıdır, bəzi məqamlarda ətaləti sonlandıran qüvvət.  Onu necə dəyərləndirəcəyimiz də düşüncəmizdən asılıdır... Yəni düşünməliyik!

 

Sonda, sevimli rəssamım Norman Rockvellin o məşhur əsərini xatırlayıram: “Pinəçi gəlincik ayaqqabısını necə yamayacağını düşünür”. O pinəçi bu günün insanı olsaydı,  qızcığaza deyərdi: “Mənim vaxtımı alma!”   Gəlincik ayaqqabısını təmir etməyə, yamamağa ayıracağı vaxtda nə edəcəkdi  müasir pinəçi? Ya  sosial şəbəkədə status yazacaqdı, ya da  vaxtöldürən videolara baxacaq,  30 saniyə güləcək, 30 saniyə də qəzəblənəcəkdi...  Habuki, o kiçik ayaqqbını yamasa, qızcığazı sevindirər, həm də ona öyrədərdi: “Qırılan, cırılan, zədələnən şeyləri atmaqdansa, onları yamamaq, təmir etmək və qədrini bilmək daha yaxşıdır”. Rockvellin obrazı isə necə yamayacağı haqqında düşünməyə də vaxt ayırır...

 

Hə, irəliləmək  lazımdır.  İstiqamət individual olsa da, düşünmək ümumbəşəridir.  İrəliləyin, irəliləyək, irəliləsinlər də,  yetər ki, irəlidə özümüzü itirməyək... İllə də özümüzü haradasa, nə vaxtsa itirməyimiz mütləqdirsə, o yer düşüncə döngələri olsun!

 

Şəkildə: Norman Rockvellin həmin o məşhur əsəri: “Pinəçi gəlincik ayaqqabısını necə yamayacağını düşünür”.

 

“Ədəbiyyat və incəsənət”

(13.01.2025)

 

 

 

 

 

 

 

 

 

 

 

Bazar ertəsi, 13 Yanvar 2025 12:13

“Unutsaq, unudularıq”

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Unutsaq, unudularıq! - Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri, Prezidentin fərdi təqaüdçüsü Təbrik Quliyevin Azəri poliqrafiya” nəşriyyatı tərəfindən yeni çaq olunmuş kitabı belə adlanır.

 

Qeyd edək ki, müəllifin indiyədək “Könül dilləndi”, “Məndən sonra”, “Qismət” kitabları oxucular tərəfindən maraqla qarşılanıb.

“Unutsaq, unudularıq” isə Təbrik Quliyevin oxuculara növbəti hədiyyəsidir. Burada yer alan yaradıçılıq nümunələri, şeirlər, qəzəllər, olmuş hadisələr oxucuların ürəyincə olacaq və hər kəs zövq alacaq.

Kitabın redaktoru və ön söz müəllifi bəndəniz - Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü İlhamə Məhəmmədqızıdır.

Sumqayıt şəhərinin ictimai-siyasi həyatında mühüm yeri olan ağsaqqalımızı yeni uğuru münasibətilə təbrik edirik.

 

“Ədəbiyyat və incəsənət”

(13.01.2025)

 

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı AKTUAL rubrikasında Orxan Fikrətoğlunun “Yaddaş” yazısını təqdim edir.

  

 

Qlobal siyasi düzənin yaddaşı yoxdur. Yaradılan yeni nünasibətlər fonu da yaddaşsızdır.  Əgər gələcək kimi vəd edilən bu “süni ərəfə” mövcud sivilizasiyanın daha yüksək bir mərtəbəyə keçididirsə, onun qaydaları, fikrimcə, təbii şəkildə formalaşmalıydı. Təkərin icadı, atın əhlilləşməsi, neftin sənayeləşməsi dövrü və digər bu tip təbii ərəfələr kimi. 

 

Bu gün ən yeni insan sivilizasiyası süni texnologiyalarla tamam fərqli bir zehniyyata uyğunlaşdırılır. Dərketmə, adekvat qiymətvermə, qarşındakı predmeti düzgün anlama amilləri artıq atipikdir. Bu gün sürətli informasiya axınınında  düşüncəsiz və yaddaşsız insan tipi, dövlətlər və xaqlararası yeni münasibətlər məcmuələri, yeni davranış və əxlaq normaları yaradılır.

Dünya dəyişir, gözümüzün önündə yenidən şəkillənir. Yeni “əxlaq müstəvisi” olacaq paralel “ dünya” düşünülür.  Hal hazırda baş verən və bir neçə il ərzində baş verəcək  siaysi  böhranlardan sonra siyasi və iqtisadi baxımdan real dünyada daha çox virtual  düzənlə şəkillənəcək fərqli yaşam modeli formalaşacaq. Yeni hərbi  birliklər, bloklar, ekosiyasi qruplar yaranacaq. 

Adətən ölkələrin qarşısında yeni siyasi hədəfləri yaradan və hədəfləyən amil millətlərin öz dövlətlərinə verdikləri sosial sifarişlər olur. Bu sifarişlərin ruhani komponentləri isə  milli mədəniyyətlərin mətbəxlərində cilalanır.  

Azərbaycanlı zehniyyatına son illər edilən müxtəlif təklif və çağırışların qarşısında əbədi olaraq dəyişməz qalan və bizi daim bir millət olaraq ayaqda saxlayan ən sokral ruhsal məqam milli mədəniyyətmizdir.  Bu gün biz mədəni halədə ancaq milli mədəniyytəmizə söykənərək, yaddaş ərazimizə edilən yad və  ekspansiv basqılara sinə gərə bilərilk.

Törə əxlaqı ilə formalaşmış ənənəvi  milli mədəniyyətimiz bu gün üzsüz  “Joker mədəniyyəti ”  ekspansiyası ilə açıq savaşdadır.

Bu gün yeddi yaşlı “Dijital nəvə”  yetmiş  yaşlı “Atipik zehniyyatlı”  milli yaddaşa sahib olan babasını təklif edilmiş  elektron dünyada tamam fərqli dəyər və zehniyyatla  “ idarə edir ”.  Bu gün ağsaqqal institutu, əsrlərlə formalaşmış ailə modeli, ənənə və əxlaq kimi min illik təfəkkür sistemi  cəmiyyətdə  arxaizmdir.  “Atipik zehniyyatlı”  baba arxitipi  cəmiyyətdə dominatlıq edən  süni  reallıqda  mifik nağıl  obrazından savayı bir obraz deyil.  İnsanlıq bu dövrə qədər heç zaman ənənəvi  əxlaq normalarının, oturuşmuş milli  dəyərlərin,  milli institutların bir nəsil aralığında dəyişdiyini  yaşamamışdı. Dünya öz əbədi yaddaşını heç zaman bu qədər sona qədər “ delete” etməmişdi. 

  

Bu reallıq özü –özünəmi yarandı? 

Belə  sürətli dəyişmə mexanizmi  təbii şəkildə  baş verən  evalyusiya prosesdirmi, təbii  seçimdirmi ? 

Artıq  “Babalar” dünyaya doğurdanmı lazım deyillər? Bu verdikti kimlər verir?  Milli  yaddaşı, min illik tarixi xatirələri, adət və ənənənələri bu gün  kimlər və niyə bizə unutdururlar?  Kimlər   “ Köhnəmi və təzəmi ”  etik dilemmasını  qarşımızda  sual kimi qoyur?

“Texnointibah günün tələbidir” tezisini bu gün kimlər müəyyən etdi?

 Kimlər yeni dünya modelini bu tezisi uyğun dəyişir?   

Azərbaycan mədəniyyəti bu gün həmin bu süni texnointibah nağılı arealında milli dəyər olaraq bizi qoruya bilirmi? Bu gün yaradılan  musiqimiz, ədəbiyyatımız hansı qaynaqlardan bəhrələnir ? Rəngkarlığımız milli dəyər olan  Abşeron rəsm  məktəbini qoruyub saxlaya bilibmi? Xalçaçılıq necə?  Bu məktəbin davamı varmı? Qacar məktəbi rəsm yönü, siyahi-qələm nəqqaşlığı və ya qrafik tərzi, Sultan Məhəmməd minatür məktəbi bu gün şərti olaraq yeni sənət xətti kimi müasirləşərək bəşər mədəniyətini zənginləşdirməyə qadirdirmi? 

Ya əksinə, bizə təlqin edilmiş yeni “sənət şərtilikləri “ artıq milli mədəniyyət çeşidləridir. 

Biz dəyişmişik? Biz dəyişmişik.

Biz istədik- istəmədik  dünyanın  “qloballaşma nağılının”  qulağı və gözü olan sosial şəbəkələrin bir parçasına çevrilmişik. Biz  bu yeni nağılda yaddaşsız istifadəçilərik. Yenidən yaradılırıq. Bizə yeni miflər, yeni tarix və yeni yaddaş sırınır. 

Psevdomədəniyyət - sosial şəbəkələr kütlə intelekti və eqosu  ilə süstlənən fərqli düşüncəyə malik  irreal mühitdir. Bir mühit real həyatda yoxdursa, onun sabahı ola bilərmi?  Olarsa bu sabah necə şəkillənər? Yeni insan növü olan “şəbəkə insanı” tipi harda yaşayacaq? Hansı mədəniyyətdən qaynaqlanacaq? Hansı əxlaqa sahib olacaq?   Onun mənəvi dəyərləri olacaqmı?   

Milli mədəniyyətmiz bu gün paraleldə saxta və çox sürətlə  bizi dəyişdirən “ fikir axını” mexanzimindən insanımızı qoruyurmu? 

Biz bu saxta və sürətli beyin axınından milli mədəniyyətimizi qoruya bilirikmi?

Sosial şəbəkələrdə milli yaddaş yoxdur, ancaq sosial yaddaş var. Şəbəkələrdə istifadəçilər  sürətlə dəyişən münasibətlər fonunda və informasiya axarlılığında formalaşdırılır. Şəbəkələrdə  ancaq bu gün var  sabah   yoxdur. Təklif olunan yeni reallıqda yaddaş da yoxdur. 

Bununla belə bu gün mobil şəbəkələr insan əzası qədər  aktualdır. Onsuz heç bir insan fərd olaraq  öz sınırında  mövcud deyil.

Deməli bu gün mən sizə artıq yeni və milli baxımdan atipik  insandan danışıram. Və bu insanın dini, milli, etnik, ən başlıcası, zehni mənsubuiyyəti onu yetişdirmiş min illik milli eqrodağdan qaynaqlanmır.  

Bu isə o deməkdir ki, cənablar, çox yox, bir nəsildən sonra bu gün atalarını, anlamayan uşaqlar  sabah həmin sürətlə öz balalarını da, anlamayacaqlar. Balalar da eləcə, öz atalarını anlamayacaqlar. Və onların qayğısına bizim qaldığımız qədər qalmayacaqlar. O balalar da zamanında öz balalarını beləcə unudacaqlar. Və sonda insan ancaq öz eqosu ilə Tanrı qarşısında təkbaşına qalacaq. Artıq milli yaddaşdan qaynaqlanan ataların uşaqlarına, uşaqların atalarına və sonra da öz balalarına olan insaflı və sevgi dolu münasibətlər məcmuəsi tamamiylə yox olacaq. Və insan ancaq özü-özü üçün, təkbaşına yaşayaraq  absalyutla tamam yeni münasibətlər quracaq. Bu tip düşüncə, əlbəttə ki, yeni dinlərin, yeni mədəniyəytlərin və idarəçilik modellərinin yaranmasına  səbəb olacaq. Milli yaddaş və milli mədəniyyətlər silinəcək. İnsanlıq tamam  fərqli bir tərzdə mövcud olacaq və özünüifadə edəcək. 

Bəşəriyyət bu cür  yaşamaqdan irəli gedəcəkmi? Ənənəvi tanrısını tanıyacaqmı ? Mən bu suallara cavab verməyəcəm. Bununla bərabər dəyişmənin artıq real proses olduğunu da bilirəm. 

 

Biz öz xilasımız naminə milli mədəniyyətmizi təbliğ etməliyik ki, yaddaşımız və gələcəymiz əbədi mövcud olsun. 

 

Azərbaycan mentallığı min illərlə formalaşmış ənənəvi milli mədəni dəyərlər sistemində, hiss edərək yaratdığı, yaşam təcrübəsinə söykənərək dərk etdiyi  min illik milli  ənənədə əbədi olaraq yaşamaq fikrindədirsə,  bu  yeni və gözlə görünməyən dağıdıcı ekspansiyanın  qarşısını ondan  da güclü bir mövcudolma  mexanizmi yaratmaqla kəsə bilər.  Bu isə artıq milli azadlıq  və milli mədəni ərazilərimizin sərhədlərinin  qorunması məsələsidir.

Biz bu gün öz meydançamızda  oynamırıq.  Rəqibin meydançasındayıq. Sosial şəbəkələr və digər bu tip texnosahədəki  “nouxaualar”  ilk baxışdan bizə  texniki tərəqqinin bir parçası kimi  təqdim edilir. Bu həqiqətən də belədir. Biz bu tip yeni texniki zehniyyatı qədim Oğuz ellərində görməmişdik. Və özümüz də yaratmadıq.

Uşaqlarmız  bu şərti yenilikləri  idarə edə bilsinlər  deyə xaricdə təhsil  alırlar. Əlbətdə ki, zəki uşaq millətin sərvətidir. Buna ancaq sevinmək lazımdır. Bəs görəsən  bizə bu yeni texnosahədə öz uşaqlarımızın əliylə öyrədilən  və təlqin edilən nədir?

Bax Qəribi də burda ağlamaq tutur.

Nədən biz musiqidə Üzeyir bəyi deyil,  digər  “mister bəyləri ” bir milli dəyər olaraq gündəmə gətiririk? Bunu bizim yerimizə öz ərazimzidə kimlər müəyyən edir? Bizim zövqümüzü kimlər təyin edir?  

Nədən milli Televiziyalar ancaq reytinqlə işləməlidirlər?   Milli ideologiyaya xidmət edən verlişlər “para gətirmir” deyə bağlanmalıdırlar? Və buna səbəb kimi,”tamaşaçıların seçimi” dəlil gətirilməlidir? Reklam gəlirləri ilə idarə olunan televiziyalar əlbəttə ki milli mədəniyyəti təbliğ edə bilməzlər. Bu reallığı kimlər yaradıb?

Nədən? nədən? və bu tip nədənlər görürsüz ki, getdikcə çoxalır. 

Cavab isə birdir. Ona görə ki, biz artıq milli dəyər daşıyıcısı və öz zövqümüzün sahibi deyilik. Biz öz gözümüzdən salınmış, ayaqüstə gəzən mobil telefonlarıq, enerjimiz bitəndə isə hamımız yad mərkəzlərdən süni enerji ilə təmin edilirik. Hamımızın da çiynində bir torba telefon naqilləri var. 

Bu mənzərə milli yaddaşın pozulması mənzərəsi deyilmi? 

Yeni dijital insan hansı dəyərlərlə yaşayacaq?

Bunu kimlər müəyyən edir?

Ümümbəşəri xaos? 

Sosial şəbəkələr sizə ilk baxışdan  düşüncəsiz və  xaotik  sistemsizlik  kimi də görünə bilər. Yəqin düşünürsüz ki,  bu məkan  cahillərlə zəngindir. Burda qorxulu  nə var ki? Sadəcə, uğursuz insanlar eqolarını şəbəkədə  təsdiq edirlər və bu qədər bəsit. Amma tələsməyin.  Mən bu cahilliyin arxasında  çox böyük  ağılların varlığını görürəm.  Hər bir mürəkkəb mexanizm  göründüyü qədər asan dərk olunmur. 

Hissəsi olduğumuz bu  irreal reallğı Azərbaycan düşünərləri yaratmayıblar. Bu yeni sistemi  kim yaradıbsa  öz  siyasi məqsədləri ilə də idarə edir. Havayı pendir ancaq tələdə  olur.  Sosial şəbəkələr bizə bir biznes layihəsi kimi təqdim olunsalar da   gerçəklikdə bir  mərkəzdən idarə olunan çox etaplı beyin zəhərləmə prosesi vasitəsidir. Fərqli insanları və millətləri  hiss olunmadan eyniləşdirmək, süni davranış normaları yaratmaq üçün düşünülmüş siyasi rıçaqdır. Milli mədəniyətləri, milli zəmində qurulmuş sosial və siyasi  institutları güclü olan xalqlar bu tələyə heç zaman düşmürlər. Unutqanlar isə düşürlər. 

Hələ ki, hərşeyşünas düşüncəyə malik,  “beynəlmiləl”  baxışlı, eqosunu  özü kimi “dahilər”  içində cilalamış  insanlar,  birinci nəsildir  deyə milli yaddaşımızı  zədələyə  bilmirlər.  Amma biz milli paradiqma ilə “ümumbəşəri” zehniyyatı  müqayisə edə bilən son Azərbaycanlılarıq.  Biz  xatirəsi olan son milli “ dinozavrlarılq”. Bizdən sonrakı nəslə   yetərincə sahib çıxılmasa onlar  tamam fərqli  dəyərlər üzərindən formalaşdırılacaqlar. Biz bunu istəyirikmi? İntibahı, köləlikdən ayıra biləcək qədər ayığıqmı? Texniki tərəqqini, süni dəbdən seçə bilirikmi?  Mən demirəm ki, texnointibahdan  qaçıb, mağaralarda  yaşayaq. Və  ya  mersedes markalı maşına deyil, eşşək arabasına minək. Mən deyirəm ki, bu texniki tərəqqini   özümüz yaradıb öz marağımızda və əxlaqımızda  kütləyə  təlqin edək. Öz sosial şəbəkələrimizi formalaşdıraq. Bunun üçün isə ən əvvəl savadlı olmaq şərtdir.  Savad isə mənim fikrimcə, milli yaddaş qaynaqlarından  bəhrələnməlidir. 

Xatırlayırsınızsa, törə adətlərimizə görə bizə iki dəfə ad qoyardılar. Bir dəfə doğulanda köbək adı verədrdilər, bir dəfə də ərlik göstərdikdə ərlik adı. Göbək adını insana atası qoyardı.Və ancaq ailə içində insanı bu adla çağırardılar.  Ərlik adını isə sən özün qazanamalıydın. Əməlinlə. Bir iş görərək. Qəhrəmanlıq göstərərək. O zaman insanları ancaq əməlinə görə tanıyardılar və bir ad olaraq qəbul edib çağırardılar. Buğanı yenmişə  Buğac adı qoyardılar. Qələbə qazanmışa Qazan adını. Pisə pis ad qoyardılar. Yaxşıya yaxşı. Əyriyə əyri ad verədilər. Düzə düz. Və insan bir ömrü boyu bu qazandığı adla yaşamalıydı. Bu adət toplumun  tərbiyəsiydi. Təpəgöz bizim mifologiyada zinadan, günahdan doğulur. Tabudan, qadağadan yaranır. Mifik şüur  insanı bu obrazla qorxudurdu ki,  əgər sən tabunu pozub ailəndən  kənarda zina etsən, belə bir günah-oğlun doğulacaqdır. Və bu günah sonra böyüyüb hamımızı, bütün ulusu bir –bir  yeyəcəkdir.  Biz belə bir  milli yaddaşa sahibik.  İnsana əməli müqabilində ad vermək eyni zamanda   o demək idi ki, törəyə, tayfaya  nabələd bir adam gəlsə belə  artıq Oğuz elində aldadıla bilməzdi. Biz ayıbımızdan utanmaqla iki sifətlə  yaşayan  zehniyyat sahibi deyildik. Biz açıq və mərd toplum idik.  Bu tip ad qoymaq ayini ikiüzlülüyü və  yalanı cəmiyyətdən  xaric edirdi. Və ən başlıcası, gənclərə  həyatlarına  məsuliyyətlə yanaşmağı tövsiyyə edirdi. Kim istəyərdi ki, bütün ömrü boyu  Yalıncıq adıyla yaşasın ?

Biz öz oğluna belə ancaq əməlinə görə adekvat ad verə bilən bir zehniyyata köklənmiş toplumuqsa, o zaman nədən təklif olunmuş yad, virtual və yalıncıq yeni dünya dəyərlərinə  belə sürətlə öyrəşirik? İçimizdə nə qırılıb? Yaddaşımız nədən korşalıb? Yeni əxlaqda yaxşı və ya pis adam anlayışı yoxdur. Dəyərlər tamam başqadır. Yeni yanaşmanın kahin Dədə Qorqudu da artıq yoxdur ki adamına uyğun ad qoysun. Tələb başqadır. Biz isə hələ də ruhsal olaraq, milli yaddaşımızda, dədə- baba törəmizdə, əxlaqımızda yaşayan  insaf, namus, qeyrət, şəfqət anlayışları işlək olan bir cəmiyyətdə yaşamağa hesablanmış əxlaq daşıyıcılarıyıq. Gerçəklik isə bizdən yad və süni dəyərləri tələb edir. Bu  ikili qavrama əlbəttə ki, bir yaddaşda  mövcud ola bilməz. Bunların hər ikisini  öz davranışlarında yaşadan adam  tapmaq da mümkün  deyil. Rəqabət mühiti insafı dışlayır. Bax bu etik dilemmanı həll edə bilməyən insanın sosial şəbəkələrdə cahilə çevrilməsi artıq zaman məsələsidir.  

 

Milli mədəniyyətin  dünya çapında yaradılan yeni zəmində   bərpası bizim bir millət olaraq zehni xilasımızdır. 

 

“Atalar və oğullar”  probleminin hələ də mədəniyyətimizdə  gündəm olduğunun şahidisiz.  Nədən bu əbədi  problemə bu gün  belə aşırı maraq var?  Bu problem bizim problem deyildi axı. Biz bu problelmi zamanında və milli yaddaşda  həll etmişdik. Yenə bu sualı bizə kim verdi? 

Ata ilə oğulun savaşı insan oğlunun bioloju zehniyyatında   daim yaşayan özünümüdafiə şərtiliyidir. İnsan düşünə bilsə də, bioloju varlıqdır. Bütün bioloju varlqıların birgəyaşayış arealında isə ata qocalıb zəiflədiyi zaman ailənin idarəsi  daha  güclü olan oğula keçir. Bu zəmində bir çox bioloji varlıqlar doğulan erkək balalarını beşikdə öldürürlər. Və ya əksinə, oğul  qocalmış atasını  çaya salıb boğur və ya  uçurumdan atır. Atanın nə zaman  qocalıb əldən düşdüyü, varisinin  nə zaman gücləndiyi zamanı isə  heç bir  mənbə biolji varlıqlara qabaqcadan bildirmir. Bu səbəbdən də söylədiyim  höcət fərdi məsələdir. Fərqlidir və hər növdə   bir şəkildə özünü biruzə verir.

Atalar və oğullar savaşı bir çox milli mədəniyyətlərdə  təltəlşüurda yaşanan sapma kimi qalmaqdadır.  İslam dini atanı cəmiyyətdə Allahın təcəllası kimi təqdim etməklə Azərbaycanda bu höcəti  artıq on əsr bundan qabaq həll edib. Bu sual bu gün daha çox qədim mədəniyyətləri olmayan xalqlar üçün sualıdır. Görəsən bu suala biz niyə öz mədəniyyətmizdə  cavab veririk?  Şah İsmayıl dastanıyla ortaçağ dövrlərdə biz bu müşkülə tamam fərqli bir mədəni hadisə  rakursundan da  yanaşmışdıq. Bu bizim “atalar və oğullar” probleminə mədəniyyət sınırı içində və milli  taxçada cavabımız idi.  Bəs  nədən milli yaddaş artıq həll edilmiş bu etik dilemmanı bugünkü nəslə çatdıra bilməyib?

Ona görə ki, nəsillər arasında əlaqə itib. Yeni nəsil başqa dildə danışır. Və yad maraqları öz maraqları kimi qəbul edir.

Bəlkə yaddaşımız qısadır? Bəlkə unutqanıq?

Deməli, bizim bir çox  suallarımızın cavabı gələcəkdən çox keçmişdədir. Çünkü bizim bir çox folklorsuz  mədəniyyətlərdən fərqli olaraq milli yaddaşımızı qoruyan zəngin  milli irsimiz və mədəniyyətimiz var.

 

Ruhsal sərhədlərmiz bu gün basqı altındadır. Biz özümüzü  bu saxta beyin axınından müdafiə edə bilrikmi? Bunun üçün təşkilatlanmışıqmı? 

Dərk mədəni halənin halıdır. Milli mədəniyyətin yeni şəkildə təqdimatı günün tələbidir. Bizim ərəfəmiz budur. Mədəni intibah. Tarixmiz də, özünüdərkimiz də mədəniyyətimizlə bağlıdır.

 

“Ədəbiyyat və incəsənət”

(13.01.2025) 

     

 

 

 

 

 

 

 

 

                                                     

 

 

 

 

 

 

 

 

 

 

 

                                                     

 

 

 

                                                    

 

 

 

 

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

1904-cü ilin bugünkü günündə - 13 yanvarında Sankt-Peterburqda bir rus jurnalisti, regionşünası, pedaqoqu və yazışısı vəfat edib, gəlin bu xristiandan Allah rəhmət eləsin kəlmələrini əsirəməyək. Söhbət “Qafqaz. Rus işi və tayfalararası məsələlər” traktatının müəllifi Vasili Veliçkodan gedir.

 

Söhbət o Veliçkodan gedir ki, o, Qafqazda xidmət aparan rus məmuru kimi yerli xalqların simalarına bələd olduqdan sonra ermənilərin murdar xislətlərini aləmə faş eləmişdi. O, həm də ümumerməni siyasətinin çürük fəlsəfəsini də göstərmişdi: “Ermənilər haqqında çox-çox qədimlərdən pis fikir yaranıb və heç şübhəsiz ki, bu, əsassız deyildir, əsası olmasaydı bütün bir xalq haqqında, həm də müxtəlif dövrlərdə belə bir fikir yarana bilməzdi…”;“Məhz ermənilər hər cür bəhanə ilə hay-küy qoparmaq qabiliyyətinə malikdirlər. Onları özgə evinə buraxmadıqda, yaxud hər hansı bir hiylələrinin üstünü açdıqda, ya da oğrularını məhkəməyə verdikdə təkcə özləri hay-küy qoparmırlar, həm də özgə xalqdan olan, səfeh, yaxud satqın adamları da hay-küy qoparmağa məcbur edirlər”.

Doğrudan da yazılı ədəbiyyat tarixin əsl salnaməsidir, ermənilər tarixi ha saxtalaşdırsınlar, Veliçkonun “Qafqaz” kitabını ki dəyişə bilməyəcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(13.01.2024)        

 

 

 

 

 

Şərəf Cəlilli, filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün

 

Görkəmli dövlət xadimi, səhiyyə və elm təşkilatçısı polkovnik-komissar Əziz Məmmədkərim oğlu Əliyev tək və yeganə liderimizdir ki, taleyin sərt üzündən özü öz torpaqları ilə həmsərhəd olan Odlar Yurdu Azərbaycan məhz onun tərcümeyi-halında birləşir. 1897-ci il yanvarın 1-də Zəngəzurda, Hamamlı kəndində dünyaya gələn Əziz Əliyev İrəvanın elmi-mədəni mühitində yetişib, Bakıda, Təbrizdə, Dərbəndin qala divarlarının ətəyində - Dağıstanda nüfuzlu şəxsiyyət, mütəfəkkir dövlət xadimi kimi varlığını təsdiq edib.

 

1917-ci ildə İrəvan gimnaziyasını qızıl medalla bitirən Əziz Əliyev həmin il Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi, maliyyə yardımı ilə Petroqrada gedir, Hərbi Tibb Akademiyaya daxil olur.

Əziz Əliyev birinci kursu bitirəndə, 1918-ci ildə erməni daşnaklarının soyqrımları ilə üzləşir. On minlərlə Azərbaycanlı İrəvandan, Zəngəzurdan, Qərbi Azərbaycandan didərgin düşür. Əziz Əliyev isə, üstəlik, Petroqrad Hərbi Tibb Akademiyasından ayrılmaq məcburiyyətində qalır, Şərura, Şahtaxtı kəndinə köçür. Daşnaklar Naxçıvana ayaq açdıqdan sonra qanlı qırğınlar başlayır. Qan-qadadan canını qurtaran ailə bu dəfə Güney Azərbaycana, Ərəblər kəndinə pənah aparır. Naxçıvan Mirzə Nəsrulla bəy Əmirovun qurduğu Müdafiə Komitəsinin igidlərinin, IX İslam Ordusunun komandanı Kazım Qarabəkir paşanın və əsgərlərinin rəşadəti nəticəsində Andanikin, Ozanyanın hücumlarından xilas olduqdan sonra yenə Şahtaxtıya qayıdırlar. Əziz Əliyev bu illərdə valideynlərini, anası Zəhra xanımı o tayda itirir. Arazın bu tayında da, o tayında da həkim məntəqələrində çalışaraq ailəsinin qayğısını çəkən Əziz Əliyev elə burada Şahtaxtıda İrəvanın zadəgan soylarından birinə məxsus Leyli xanımla ailə qurur. İlk övladları akademik Zərifə xanım Əliyeva və professor Tamerlan Əliyev burada dünyaya gəlir.  Sonra onun taleyinin Bakı üzü başlayır. Öncə Nəriman Nərimanovun qayğısı ilə Xalq Komissarları Sovetində kargüzarlıq şöbəsində müdir müavini, daha sonra müdir kimi fəaliyyətə başlayır. Eyni zamanda Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil olur.

Gənc yaşlarında namizədlik və doktorluq dissertasiyaları müdafiə edən Əziz Əliyev nəzəri, elmi biliklərə yiyələnməklə yanaşı, praktik məktəb keçərək alim, həm də qurucu - təşkilatçı kimi formalaşmışdı. Tibb İnstitutunu bitirdikdən sonar o, Xalq Səhiyyə Komissarlığı yanında müalicə şöbəsinin müdiri, Xalq Səhiyyə Komissarının birinci müavini, Dövlət Klinik İnstitutunun direktoru, Bakı Şəhər Soveti səhiyyə şöbəsinin müdiri, yenidən Tibb İnstitutunun direktoru, 1937-ci ilin dəhşətli repressiyaları zamanı həm də, Azərbaycan Dövlət Universitetinin rektoru kimi fəaliyyət göstərmişdi. Tarixi faktlar da sübut edir ki, “1930-cu ildə Azərbaycan Dövlət Universitetinin bir fakültəsi kimi sadəcə elan edilmiş Tibb İnstitutunun yaradıcısı Əziz Əliyevdir. Onun rəhbərliyi dövründə ən yaxşı mütəxəsislər cəlb edilərək müvafiq kafedralar yaradılmış, milli kadrlar yetişdirilmiş, həkimlər ixtisas artırmaq, tədqiqatçılar elmi işlərini davam etdirmək üçün Moskvaya, Leninqrada göndərilmiş, onlarla dərslik və dərs vəsaitləri yazılmış, institutun maddi-texniki bazası formalaşdırılmışdır.

1938-ci ildə Azərbaycan SSR Ali Sovetinin katibi seçilən Əziz Əliyev 1939-cu ildə Azərbaycan SSR Xalq Səhiyyə komissarı təyin edilir, ölkənin bütün bölgələrində səhiyyə ocaqlarının açılması, ixtisaslı kadrlarla təmin edilməsi, maddi-texniki bazasının yaradılması istiqamətində mühüm işlər görür.

İkinci Dünya müharibəsi başlayanda Əziz Əliyev kimi ciddi dövlət xadimlərinə təkcə Azərbaycanda, Bakıda deyil, Mərkəzdə, Moskvada da ehtiyac duyulur. Belə bir vaxtda Əziz Əliyev Azərbaycan K(b)P MK-nın katibi seçilir. Əziz Əliyev o dövrdə Azərbaycan sənayesinin kompleks inkişafının təmin olunması, xüsusilə neft məhsullarının cəbhəyə çatdırılması sahəsində mühüm işlər görür, təşkilatçılıq qabiliyyətini nümayiş etdirir. Belə bir ərəfədə Sovet İttifaqının Yaxın və Orta Şərq, İran istiqamətində də problemləri yaranır. Onun qarşısını almaq üçün Əziz Əliyev ciddi bir kadr kimi önə çəkilir. Sovet ordusunun tərkibində “Güney Azərbaycan missiyası”nın, “Əziz Əliyev qrupu”nun rəhbəri kimi İrana təbliğat-təşviqat məqsədi ilə ezam olunan Əziz Əliyev burada ilk ana dilli mətbu orqanı-“Vətən yolunda” qəzetini qurur. Xalq yazıçısı Mirzə İbrahimovun rəhbərliyi ilə işıq üzü görən qəzet ana dili məsələlərini təbliğ edir. Əziz Əliyev bununla kifayətlənmir. Təbrizdə ana dilində ilk məktəbi qurur, ilk səhiyyə ocaqlarını təşkil edir. Bu məsələ Moskvada Stalini, Güney Azərbayda Rza şah Pəhləvini qane etmir. Onların etirazı ilə  üzləşən Əziz Əliyev qüdrətli dövlət xadimi, vətənpərvər tarixi şəxsiyyət kimi həqiqəti dilə gətirir: “Güney Azərbaycan bizim tarixi torpaqlarımız, burada yaşayanlar qan qardaşlarımızdır. Onların ana dili, sağlıq və mətbuat məsələləri bizi qayğılandırır!”

“1941-ci ilin sentyabrından Təbrizdəki 47-ci ordunun Hərbi Şurasının üzvü təyin olunan Əziz Əliyev 6-7 ay ərzində Güney Azərbaycanda inanılmaz dərəcədə böyük işlər gördü. Onun təşəbbüsü və səyləri ilə “Gülüstan” parkında teatr, musiqi dərnəkləri təşkil olundu, qırx birinci ilin noyabr-dekabr aylarında Azərbaycan Dövlət Opera və Balet Teatrının qastrolu təşkil edildi.”

Onun Güney Azərbaycanda gerçəkləşdirdiyi mühüm layihələr, millət quruculuğu istiqamətində gördüyü işlər, Azərbaycanın birliyi, bütövlüyü naminə atdığı addımlar İran şahını və Mikoyan- Beriya cütlüyünü qane etmədiyindən polkovnik-komissar Əziz Əliyev geri çağrılır…

Çox çəkmir ki, Sovet hökumətinin işi yenidən ona, onun zəngin dövlət idarəçilik və təşkilatçılıq təcrübəsinə düşür. Bu elə bir dövr idi ki, alman faşistləri Mozdoka qədər irəliləmiş, Qroznı neftini ələ keçirmişdi. Mahaçqalaya irəliləyən faşist ordusu Dağıstanı işğal etməklə Bakını, Bakı qarışıq Xəzər hövzəsini, Bakı neftini ələ keçirəcək, Güney Azərbaycanda möhkəmlənməklə Sovetlərin Yaxın və Orta Şərqə qapısını bağlayacaqdı.

Bunun qarşısının alınması məqsədi ilə Əziz Əliyev 1942-ci ilin sentyabr ayında Moskvaya çağrılır və ona Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi seçilməsi tövsiyə olunur. Əziz Əliyev vəzifəyə deyil, ölüm-qalım savaşına göndərilirdi. “Onun nə Qafqazda, nə də Moskvada alternativi var idi. Ağır fəlakətin və işğal təhlükəsinin qarşısını almaq üçün yalnız Əziz Məmmədkərim oğlu müdrikliyi, təcrübəsi, savadı, qətiyyəti, xalqa bağlılığı, ünsiyyəti və mərdliyi gərəkdi!”

Əziz Əliyev rəhbər təyin olunanda Dağıstan darda, intizarda idi. Dağlıların köçü çeçenlər, inquşlar, bulqarlar, çərkəzlər, Ahıska türkləri, Krım tatarları kimi  yol üstündəydi. Onlar Şeyx Şamilin varisləri kimi, Şura hökumətinə etimadsızlıqda, sadəcə müsəlman olduqlarına, Osmanlıya isti münasibətlərinə görə ləkələnir, cəsusluqda ittiham olunurdular. Bu damğaları qəbul etməyən dağlılar isə ölümü Savet Ordusundan xidmətdən üstün tuturdular. Əziz Əliyev Dağıstana gəlişi ilə dağlılarda dövlətə inam, Sovet dövlətində isə onlara etimad qazandırdı. Məhz oun çağırışı ilə iki ay içərisində 25 mindən çox dağlı igid səfərbər olub ön cəbhəyə yollandı. Dağıstan Vilayət Partiya Komitəsinin katibi, 48-ci cəbhənin komandanı polkovnik-komissar Əziz Məmmədkərim oğlu Əliyevin təqdim etdiyi bayrağı Mahaçqaladan Berlinə, Reyxstaqa qədər qürurla daşıdı. Beş illik müharibə dövründə 100 mindən çox igidi ilə düşmənə qarşı savaşan Dağıstanın beş min qəhrəmanı Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü, digərlərinin yaxasını orden, medallar bəzədi. Əziz Əliyev təkcə ön cəbhənin deyil, həm də arxa cəbhənin xilaskarı kimi tarix yaratdı. Müharibə şəraitində Dağıstanı yenidən tikdi, qurdu, 32-dən çox xalqın milli teatrının, məktəbinin, mətbu orqanlarının təməlini qoydu. Qələm sahiblərini, şair, yazıçı və bəstəkarlarını, teatr xadimlərini, istedadlı insanlarını SSRİ- nin ən ucqar nöqtələrində tanıtdı. Ayrı-ayrı institutların, Dağıstan Elmi Mərkəzinin qurucusu kimi tarix yaratdı. Səhiyyə ocaqlarını, tibb məntəqələrini qurmaqla onların sağlıq problemlərini həll etdi. Milli kadr potensialını formalaşdırmaqla onun mərkəzdən asılılığının qarşısını aldı. Qadınların təhsilə cəlb olunması məsələsini dövlət siyasəti səviyyəsinə qaldırmaqla “Savadlı qadın, savadlı millət və gələcək!” konsepsiyasına böyük töhfələr verdi. Samur-Dəvəçi kanalını qurmaqla Dağlar Diyarına can gətirdi. Bu səbəbdən də istər Dağıstanda, istər də Mərkəzdə, Moskvada Qurucu Əziz titulu ilə adını 1941- 1945-ci illər müharibəsi zamanı Generalisimus Stalin, Marşal Jukov, Molotov kimi mümkün olmayanları mümkünə çevirənlərin sırasına yazdı!

Düz altı il, 1942-ci ildən 1948-ci ilə qədər Dağıstanın siyasi taleyini həll edən, kompleks inkişafına nail olub gələcəyini müəyyənləşdirən Lider kimi hər bir dağlının qəlbində abidəsini ucaltdı. Bu səbəbdən də adı çəkiləndə tarixi bir kəlam səslənir: “Dağıstanın və dağlıların ağır illərində polkovnik-komissar Əziz Məmmədkərim oğlu Əliyev bir çıraq kimi yandı, peyğəmbər kimi göründü!”

1948-ci ilə qədər şöhrətin bütün çələnglərini başına qoyan, Sovet İttifaqı qəhrəmanı adını almasa da, insanların qəlbində məğrur, qüdrətli qəhrəmana çevrilən polkovnik-komissar Əziz Məmmədkərim oğlu Əliyev sonsuz Vətən sevgisinin qurbanına çevrildi. Mikoyan - Beriya cütlüyünün qaldırdığı məsələni dəstəkləyən Stalinin qəzəbinə gəldi. Qərbi Azərbaycanın böyük bir hissəsinin, Qərbi Zəngəzurun boşaldılması məsələsini qaldıran erməni daşnakları bu torpaqların tarixi sakinlərinin köçürülməsi planını irəli sürmüşdü. Bu fakt Zəngəzurda doğulan Əziz Əliyevi qəzəbləndirmiş, etirazına səbəb olmuşdu.  Öncə Xarici İşlər nazirinin müavini Malenkovla, sonra nazir Molotovla, daha sonra isə Stalinlə danışıqlara gedən Əziz Əliyevin bütün xidmətləri unudulmuş, arzuolunmaz kadra çevrilmişdi. Onun üzərindən isə bir anın içərisində xətt çəkmək mümkün deyildi. Hər halda o, Sovetlərin yetişdirdiyi ciddi dövlət xadimi və müharibənin taleyini həll edən tarixi simalardan biri idi.

“Elə buna görə də 1948-ci ildə Əziz Əliyev Moskvaya çağrılır, bir il İctimai Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Ali Partiya kurslarında təhsil alır və Sov. İKP MK-da inspektor vəzifəsində çalışır. 1950-ci ildə Mircəfər Bağırovun istəyi ilə Əziz Əliyev Azərbaycana göndərilir və Nazirlər Soveti sədrinin müavini təyin olunur. Bu təyinat əslində Əziz Məmmədkərimoğlunu “vurmaq” üçün şərait yaratmağa, zəmin hazırlamağa xidmət edirdi və əvvəlcədən düşünülmüşdü”.

Ulu öndər Heydər Əliyev həmin dövrü xatırlayaraq Əziz Əliyevin yubiley mərasimində qeyd etmişdi: “Əziz Əliyev mənə danışırdı ki, 1938-ci il repressiyasından möcüzə nəticəsində xilas olmuşdur. Onu sonralar, 50-ci illərin əvvəlində repressiya etdilər. İşdən çıxarıb Ortopediya və Bərpa Cərrahiyyəsi İnstitutunun direktoru təyin etdilər, amma tezliklə bu vəzifədən də çıxartdılar. Professoru, elmlər doktorunu, bu qədər xidmətləri olan bir insanı Sabunçu xəstəxanasına baş həkim müavini göndərdilər və o, üç il orada işlədi. Bu, onun o vaxtkı rejimin, bilavasitə Mircəfər Bağırov tərəfindən həyata keçirdiyi repressiyalara məruz qaldığı dövr idi”.

“Əziz Əliyev hələ Tibb İnstitutuna rəhbərlik edəndə guya antisovet təbliğatının və millətçiliyin qarşısını almaq üçün “ciddi tədbirlər” görmədiyi üçün Mərkəzi Komitə Bürosunun qərarı ilə töhmət alır və bu əsassız cəza “vaxtı çatanda” götürülür”. Əslində bu həqiqət idi. Onu 1958-ci ildə Bakıya oxucuları ilə görüşə gələn Nazim Hikmət Azərbaycan Dövlət Universitetinin xitabət kürsüsündən dilə gətirmişdi: “1937- ci ilin dəhşətli repressiyaları zamanı Azərbaycanda 35 mindən çox insan sürgün edilmiş, güllələnmişdir. Onların sırasında ən az yeri həkim personalı almışdır. Bunun üçün onlar Əziz Əliyevə minnətdar olmuşdular. Əziz Əliyev o dövrün nüfuzlu həkimlərini və alimlərini xilas edib qorumuşdur.” Burada digər bir fakt da var: “zəngin təcrübə toplamış, xalqın arasında çox yüksək nüfuzu olan Əziz Məmmədkərim oğlu artıq Azərbaycan SSR hökumətinə, Partiyanın Mərkəzi Komitəsinə rəhbərlik etməyə tam hazır idi və belə bir seçim bütün xalq tərəfindən böyük məhəbbətlə qarşılanardı. Buna yol vermək olmazdı, çünki Əziz Əliyevin yüksək mədəniyyəti, intellekti, obyektivliyi, nəhayət, milli təəssübkeşliyi o illərdə respublika rəhbərliyində birinci vəzifəni tutmaq üçün müəyyən edilmiş ölçülərin çoxuna uyğun gəlirdi. Məsələni birdəfəlik “gündəlikdən silmək” üçün “şiddətli töhməti” də az idi, vəzifədən də çıxarılmalıydı”…

“Dövrün tanınmış adamları, Əziz Məmmədkərim oğlu ilə yaxın ünsiyyətdə olanlar deyirlər ki, bu repressiyadan sonra da onun xarakterində, davranışında cəmiyyətə və insanlara münasibətində heç nə dəyişmədi, əvvəllərdə olduğu kimi, işgüzar, nikbin yaşadı, yenidən böyük elmə qayıtdı. Doğma “Azərbaycan tibb jurnalı”nda dəyərli elmi məqalələr çap etdirdi. Hamı yenə onu “Təcili yardım”, “Cəmiyyətin loğmanı”, “Qurucu Əziz”, “Qeyri-adi insan”, ya da sadəcə “Əziz müəllim” kimi tanıdı və sevdi”.

Alman faşizmi üzərində qələbənin 75 illiyi ərəfəsində xalqımız erməni faşizmi üzərində qələbə çaldı. 30 illik ədalətsizliyə son qoyuldu. Qarabağ işğaldan azad edildi. Rəşadətli Azərbaycan Ordusu tarixi Zəfərə imza atdı. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev tarixi ədaləti bərpa etdi. Şuşa qalasında, Xudafərin körpüsündə Azərbaycan Bayrağı dalğalandı. Müzəffər Ali Baş Komandan İlham Əliyev bu cəsarətli, eyni zamanda ləyaqətli addımı ilə yüz illərdir Azərbaycanın tarixi torpaqlarına göz dikənlərə, sadəcə türk və müsəlman olduqlarına görə günahsız insanların qanını tökənlərə, onları soyqırımlara, deportasiya və repressiyalara məruz qoyanlara dərs verdi. Şuşanın, Qarabağın, Zəngəzurun, İrəvanın, Qərbi Azərbaycanın tarixi sakinlərinin, sahiblərinin ünvanını göstərdi, onların gücünü, qüdrətini dünyaya nümayiş etdirdi. Bu həm də tarixin müxtəlif mərhələlərində Qılıncla Qələmin vəhdətində qüdrətli dövlətlər quran, sərkərdələr, dövlət və elm xadimləri, ustad sənətkarlar yetirən xalqımızın Birliyinin, Bütövlüyünün, Əyilməzliyinin, Vətənpərvərliyinin sübutu idi.

Əziz Məmmədkərim oğlu Əliyev qüdrətli dövlət və elm xadimi, səhiyyə təşkilatçısı, ən əsası dar məqamlarda, çətin zamanlarda iradənin gücü, xarakterin əyilməzliyi ilə tarix yaradan qüdrətli sərkərdə-xaqanlardan idi. 44 günlük Vətən Müharibəsi bir daha sübut etdi ki, tarixi Zəfərə, Böyük Qələbəyə məhz qüdrətli genetik kodlara malik bir Lider imza ata bilər! Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin damarlarında iki müqəddəs genetik kodun daşıyıcısının, tarixi şəxsiyyətin, bütün həyatını Azərbaycanın inkişafına, tərəqqisinə həsr edən müdrik dövlət xadiminin – Ümummilli lider Heydər Əlirza oğlu Əliyevin, Odlar Yurdu Azərbaycanın və dağlar diyarı Dağıstanın xilaskarı Əziz Məmmədkərim oğlu Əliyevin qanı axır. Biz bir xalq, dövlət, millət olaraq çox qanlar, qırğınlar, soyqırımlar görmüşük. 20 Yanvar, Xocalı dəhşətlərini yaşamışıq. Əyilməmişik. Sınmamışıq. Əbədi istiqlala, milli müstəqilliyə nail olmuşuq. Bu il milli müstəqilliyimizin 33-cü ili tamam oldu. Tarix üçün qısa, milli dövlətçilik tariximiz üçün isə keçməkeşli olan bu illərdə biz Ulu öndər Heydər Əliyevin, Prezident cənab İlham Əliyevin iradəsi, Xilaskarlıq Missiyası ilə Qayıdış, Qurtuluş dastanını yazdıq. Qayıdışın, Qurtuluşun təntənəsini

isə Şuşa qalasında, Xankəndində dalğalanan Azərbaycan Bayrağının əzəmətində yaşadıq. Qurucu Əzizin nəvəsinin Qarabağda, Şərqi Zəngəzurda gerçəkləşdirdiyi layihələri, möhtəşəm quruculuq işlərini gördükcə isə qürurla söylədik: Bu yoxdan var edənimizin, Baba yadigrımızın, Qurucu İlhamın dastanı, genetik kodlarının diqtəsidir! Sözü İmzası olan Liderimizin üzü Zəngəzura, Qərbi Azərbaycanadır! Babası polkovnik-komissar Əziz Əliyev onun yolunda görəvdən alınmış, mənəvi terrorla üzləşmişdi!

2020-ci il Zəfər, Qələbə ilimiz oldu. Bu il isə ömür yolu İrəvan xanlığından başlayan, Naxçıvandan, Güney Azərbaycandan, Bakıdan, Dəmirqapı-Dərbənddən, Moskvadan keçən, ucaldığı hər bir kürsüdə məsub olduğu xalqın haqq səsinə dönən, Vətən, Azərbaycan naminə cəsarətli addımlar atıb ciddi qərarlar alan Əziz Məmmədkərim oğlu Əliyevin bir qüdrətli dövlət xadimi kimi əzəmətini sübut etdiyi faşizm üzərində qələbənin 80 illiyi qeyd ediləcək.

Akademik Mustafa bəy Topçubaşovun dili ilə desək: bu “Qeyri–adi İnsan”ın ömründən keçən illər bizim ömrümüz, günümüz, tariximizdir. Onu oxumaq, öyrənmək, tədqiq və təbliğ etmək isə tariximiz, tarixi şəxsiyyətlərimiz qarşısında vicdan və vəfa borcumuzdur.

 

“Ədəbiyyat və incəsənət”

(13.01.2025)

 

Joldubek Kackynbaev, “Ədəbiyyat və incəsənət” portalının Qırğızıstan təmsilçisi

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portalı ilə birgə “Türk dünyasının mədəniyyət xadimlərini Azərbaycanda tanıdaq” layihəsi təqdim edilir.

Həmsöhbətimiz Qırğızıstan Rəssamlar İttifaqının üzvü, rəsmləri ilə dünya sərgilərində iştirak edən, bir çox uğurlara imza atan istedadlı rəssam Ayıp Alakunovdur.

 

-Söhbətə uşaqlığınızdan başlayaq. Sənətə maraq uşaqlıqdan yaranmalıdır?

 

-1978-ci ildə Qırğızıstanın dağlıq Narın rayonunda anadan olmuşam. Uşaqlığım Ət-Başın, Kazıbək kəndində keçib. Bəli, rəssamlığa maraq məndə uşaqlıqdan başlayıb. Evdə göy rəngli “Manas” kitabı vardı. Sözləri oxumağı bilməsəm də, hər gün açırdım, şəkillərini görürdüm, deyəsən, məndə rəssamlıq öz Manasımı çəkməkdən başlayıb, oxşar olsa da, olmasa da.

Əmim də rəsm çəkməyi yaxşı bacarırdı. Onun da bir tərəfdən təsiri var idi. Sonra məktəbdə oxuyarkən rəssamlıq dərnəyinə qatılıb, divar qəzetləri düzəldib, bir-iki dəfə rayon müsabiqəsində iştirak etdim.Məktəbi bitirdikdən sonra Bişkekdəki “S.A.Çuykov Rəssamlıq Məktəbi”nə, oranı bitirdikdən sonra isə “T.Sadıkov adına Qırğızıstan Milli Rəssamlıq Akademiyası”na daxil oldum.2003-cü ildən məzun olduğum Akademiyada müəllim işləyirəm.

 

-Hansı mövzu sizi daha çox işləməyə ruhlandırır? İşinizin əsas mövzusu nədir?

 

-Tarix və ədəbiyyatla maraqlanıram. Əsərlərimin əksəriyyəti tarixlə bağlıdır. “Manas” mövzusuna həsr olunmuş əsərlərim də var. Əsərlərimdə epik personajlara, qırğız adət-ənənələrinə, məişət həyatına və müharibə mövzusuna diqqət yetirirəm.

 

-Əsas yaradıcılıq məqsədiniz nədir? Bu fəaliyyətdə estetik zövq var, yoxsa sosial əhəmiyyət?

 

-Məqsəd yaxşı əsər yaratmaqdır. Rəsminiz sizi qane edirsə, dediyiniz həzzi verəcək. Əgər cəmiyyət sizi yaxşı qəbul etsə, insanlar sizin işinizi bəyənsə, o zaman sizdə daha da gözəl hisslər yaranacaq, daha çox işləmək istəyəcəksiniz və sizə yeni ideyalar gələcək.

 

-Sənət əsəri yaratmağa nə qədər vaxt lazımdır? İllərdir üzərində çalışdığınız əsərləriniz varmı?

 

-Dəqiq vaxt demək çətindir. Bəzən tez olur, bəzən də uzun müddət davam edir. Ümumiyyətlə, şəkil yarananda ilk olaraq fikir hegemonluq edir. O, kiçik istinadlardan (eskiz və s.) istifadə edir, bir neçə varianta baxır, ölçüsünü dəqiqləşdirir, eskizi dəyişdirir, böyüdür, bişirir, sonra rəsmə çevirir. Bu düşüncə ilə, eskiz hazır olana qədər vaxt çox çəkə bilər. Kətan üzərinə yetkin ideya yazmaq isə ayrı bir məsələdir.

 

-İşinizi xüsusi və dəyərli edən nədir?

 

-Hər bir sənətkarın əməyi onun üçün xüsusi və dəyərlidir. Yalnız mənimkilərin xüsusi və dəyərli olduğunu söyləmək əlbət ki yanlışdır. İzləyicinin fikri də çox önəmlidir. Düşünürəm ki, əsərlərim milli mədəniyyətin yayılmasına və qırğız xalqının tanınmasına töhfə verir.

 

-Sizcə, incəsənətin cəmiyyətin reallığını əks etdirmək öhdəliyi var, yoxsa ondan azad olmaq hüququ?

 

-Rəssamlar daxili istəklərinə görə bir neçə yerə bölünürlər. Məsələn, mənzərə, natürmort, portret və bir çox başqa janrlar. Müvafiq olaraq, hər kəs öz yaradıcılığına yiyələnəcəkdir. Bəziləri məhz dediyiniz cəmiyyəti təmsil etmək istəyir. Burada cəmiyyətin mövcud vəziyyətini mütləq əks etdirməyiniz üçün heç bir öhdəlik yoxdur.

 

-Bir müəllim kimi istedadlı şagirdlərdən əsas tələbiniz nədir?

 

-Vaxtlarından düzgün istifadə etməli, yaxşı təhsil almalıdırlar. Üç əsas şeyi qeyd edim. Birincisi, tələbələr öz yaradıcılıq potensialını tam şəkildə üzə çıxarmağa çalışmalıdırlar. İkincisi, şəxsi düşüncələri, duyğuları və fikirləri şəkillərlə ifadə etməyi öyrənməlidirlər. Üçüncüsü, müxtəlif rəsm üsulları, üslubları və sənət tarixini daha dərindən öyrənməlidirlər.

 

 

-Beynəlxalq sərgilərdə iştirak edirsiniz. Qırğız rəssamlarının əsərləri nə ilə fərqlənir?

 

-Coğrafi şəraitimizə, iqlimimizə, adət-ənənəmizə, mentallığımıza görə yəqin ki, rəssamlarımızın özünəməxsus rəngi var. Qırğız rəssamları tez-tez köçərilərin həyatını, dünyagörüşünü təsvir etdikləri üçün bu, onlara xüsusi unikallıq verir. Heyvandarlıq, köçərilərin həyatı, azadlıq hissi onların əsərlərində əsas motivlərə çevrilir. Qırğız mif və dastanları, xüsusən də “Manas” dastanı sənətkarlar üçün tükənməz mənbədir. Qırğız rəssamlarının əsərlərində mifoloji obrazlar, qəhrəmanlar və simvollar dərin fəlsəfi məna verir.

 

-İnsanların çoxunun biznesə getdiyi bir vaxtda sənətçi olmaq qərarınıza qarşı çıxanlar olubmu?

 

-Bəli, belə hallar olub. Amma rəssamlığı seçdiyimə peşman deyiləm. O vaxt bunun əleyhinə olanlar indi sevinclə onu dəstəkləyirlər. Hazırda ailəmlə yanaşı, dostlarım, qohumlarım, yaxınlarım da mənə dəstək olurlar. Əməyimi qiymətləndirən hər kəsin dəstəyi məni ruhlandırır. Xüsusilə müəllimim Turobekov Suyutbek bəyə və digər müəllimlərə dərin təşəkkürümü bildirirəm.

 

 

-İndi şəxsi həyatınıza müraciət etsək, neçə uşaq böyütmüsünüz? Övladlarınızdan sənətinizi davam etdirmək istəyən varmı?

 

-Mənim iki qızım və bir oğlum var. Həyat yoldaşım da rəssamdır. Qızlarım rəssamlığa yaxşı bələddirlər. Amma böyük qızım başqa peşə ilə məşğul olacaq. Tələbədir. Digər qızım hələ balacadır. Oğlum isə rəssamlıqla əsla maraqlanmır.

 

-Sirr deyilsə, sənət sahəsində gələcək planlarınız nədən ibarətdir?

 

-Çalışmağa davam etməyi özümdən xahiş etmişəm. Bundan əlavə, yerli və xarici sərgilərdə iştirak edəcəyəm. Həm də sənətə marağı olan istedadlı gənclərə layiqli təhsil verməkdə davam edəcəyəm.

 

-Müsahibə üçün çox sağ olun.

 

-Təşəkkür edirəm!

 

“Ədəbiyyat və incəsənət”

(13.01.2025)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.