
Super User
Aktotı Raimkulova “Axırıncı məktub” tamaşasını izləyib
Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova Qırğız Respublikasına etdiyi işgüzar səfər çərçivəsində T. Abdımomunov adına Qırğız Milli Akademik Dram Teatrının səhnəsində nümayiş etdirilən “Axırıncı məktub” tamaşasına baxıb.
“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, “Axırıncı məktub” tamaşası 1930-cu illərin faciəvi dövründə baş vermiş real hadisələr əsasında qurulub və qırğız xalqının yaşadığı repressiyalar haqqında danışır. Əsərin mərkəzində böyük yazıçı Çingiz Aytmatovun atası, görkəmli dövlət xadimi Törökul Aytmatovun həyat tarixçəsi dayanır. Törökulun həyat yoldaşı Nağıma Aytmatovanın taleyi vasitəsilə səhnə əsəri həmin dövr qadınlarının faciəsini, dözümünü və sarsılmaz iradəsini tamaşaçıya çatdırır. Bu, sevgi, sədaqət, analıq, ayrılıqlar və iradə haqqında bir hekayədir.
Aktotı Raimkulova səhnə əsərinin bədii səviyyəsini yüksək qiymətləndirərək, faciəli tarixi dövrün dərin və emosional şəkildə təqdimatına görə rejissora, aktyor heyətinə və teatrın bütün yaradıcı kollektivinə təşəkkürünü bildirib.
“ “Axırıncı məktub” sadəcə səhnə əsəri deyil. Bu, azadlığın qiymətini, xalqın cəsarətini və dözümünü xatırladan bir çağırışdır. Ağır sınaqlara baxmayaraq, xalq öz kimliyini və mədəniyyətini qoruyub saxlayıb. Belə layihələr Türk dünyası arasında mədəni əlaqələrin möhkəmləndirilməsi baxımından xüsusilə önəmlidir”, – deyə xanım Raimkulova qeyd edib.
Tamaşada baş rolu – Nağımanı bu il 75 illik yubileyi və 60 illik yaradıcılıq fəaliyyəti qeyd olunan Qırğız Respublikasının Xalq artisti, Toktobul adına Dövlət Mükafatı laureatı Qulayım Qanimetova canlandırıb.
Pyesin müəllifi Qırğız Respublikasının Xalq yazıçısı Kairat İmanəliyevdir.
“Ədəbiyyat və incəsənət”
(17.05.2025)
“Ürəyiniz başqa nə istəyir bu dünyadan, batano Vaxtanq?!” – QULU AĞSƏSİN YENİ ŞEİRİ
“Ədəbiyyat və incəsənət” portalı Qulu Ağsəsin yeni şeirini təqdim edir. Şeir mərhum gürcü müğənnisi və akytoru Vaxtanq Kikabidzeyə ithafən yazılıb.
***
Vaxtanq Kikabidze oxusun
Bir əlində tütün,
o birində şərab var bu səsin,
Ağlınıza ayrı şey gəlməsin
sahibi öz səsinə
qonaqlıq verir hərdən –
döşünə yatanda;
(mən də bu səs qədər qocayam)
son əsrdə
iki əlifbada şeir yazmışam,
ən azından –
kirildə və latında!
Hələ bu harasıdı,
donmuş Ayın
bir yaz səhəri
özünü günə verdiyini görmüşəm,
Bayıl qəsəbəsinin
Dağüstü parka qalxıb
ordan dənizə
kəllə vurduğunu görmüşəm!
Görmüşəm saat adlayıb
neçə ömrün üstündən
(mən də bu səs qədər qocayam),
Bir də görmüşəm ki,
indi səs pay yollayır
öz sahibinə –
köhnə şərabdan,
tütündən...
və vaxtdan.
Ürəyiniz başqa nə istəyir
bu dünyadan,
batano Vaxtanq?!
“Ədəbiyyat və incəsənət”
(17.05.2025)
Türk Mədəniyyəti və İrsi Fondu ilə Beynəlxalq Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
15 may 2025-ci il tarixində Qazaxıstan Respublikasına işgüzar səfəri çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Türküstan şəhərində yerləşən Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetini ziyarət edib.
“Ədəbiyyat və incəsənət” portalı Fonda istinadən xəbər verir ki, səfər çərçivəsində Universitetin rektoru Janar Temirbekova ilə görüş baş tutub. Görüş zamanı tərəflər elmi tədqiqatlar, türk mənəvi və mədəni irsinin qorunması və tanıdılması, eləcə də tarix, türkologiya və mədəni diplomatik mütəxəssis hazırlığı istiqamətində əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə ediblər.
Akademik və tələbə mübadiləsi, eləcə də türk xalqlarının maddi-mənəvi dəyərlərinin təbliğinə yönəlmiş birgə layihələrin həyata keçirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.
Görüş çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu ilə Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəd tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsini, tədqiqat və maarifləndirmə fəaliyyətinin dəstəklənməsini, o cümlədən türk dünyasının mədəni birliyinin gücləndirilməsi istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutur.
Tərəflər, Memorandumun imzalanmasının türk dünyası institutları arasında mənəvi bağların möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi yolunda mühüm addım olacağı ilə bağlı əminliklərini ifadə ediblər. Bu razılaşma, eyni zamanda, türk xalqlarının zəngin tarixi-mədəni irsinin qorunması və tanıdılması üzrə ortaq məqsədlər çərçivəsində milli və beynəlxalq səviyyədə yeni əməkdaşlıq imkanlarının qapısını açacaq.
“Ədəbiyyat və incəsənət”
(16.05.2025)
Magistrantların XXV respublika elmi konfransı öz işinə başladı
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Mayın 15-də Sumqayıt Dövlət Universitetində (SDU) ölkəmizin ali təhsil müəssisələrinin magistrantları, professor-müəllim heyəti və struktur rəhbərlərinin iştirakı ilə Magistrantların XXV Respublika Elmi Konfransının açılışı baş tutub.
Tədbirdən öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin universitetin foyesindəki abidəsi önünə güllər düzüb, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
Konfransın açılış mərasimi universitetin Böyük akt zalında baş tutub. Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
SDU-nun rektoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov konfransa uğurlar arzulayaraq, tədbirin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunduğunu qeyd edib. Professor bildirib ki, Heydər Əliyev siyasətçi və rəhbər kimi dünya miqyasında nüfuz qazanmış, dahi şəxsiyyətə çevrilmişdir və bu zirvənin əsasında elmə və biliyə verdiyi dəyər dayanır: “Biliklərə yiyələnməyi Heydər Əliyevdən öyrənmək lazımdır”.
Əminağa Sadıqov SDU-da magistrantlar üçün hər il ənənəvi şəkildə keçirilən elmi konfransı mühüm hadisə kimi qiymətləndirərək, iştirakçı magistrantları ölkəmizin gələcək tədqiqatçıları və alimləri kimi gördüyünü vurğulayıb. O, bu cür platformaların gənc alimlərin formalaşmasında və elmi fəaliyyətə təşviqində mühüm rol oynadığını bildirib: “Əminəm ki, burada qazandığınız təcrübə və quracağınız kommunikasiyalar gələcək həyatınızda öz təsirini göstərəcək”. Universitetin əsas vəzifələrindən birinin hərtərəfli inkişaf etmiş vətəndaşlar yetişdirmək olduğunu bildirən professor əlavə edib ki, biliklərin tətbiqi, paylaşılması və ötürülməsi cəmiyyət üçün dəyərlər yaradır və bu da gərəkli vətəndaş olmağın əsas göstəricisidir.
SDU-nun elm və innovasiyalar üzrə prorektoru, dosent Elşad Abdullayev konfransın icmalı ilə çıxış edib. O, tədbirin əsas məqsədinin ölkənin müxtəlif ali təhsil müəssisələrinin magistrantları arasında elmi tədqiqat nəticələrinin təqdimatı və bu nəticələr ətrafında müzakirələrin aparılması olduğunu qeyd edib. Prorektor bildirib ki, konfransa 18 ali təhsil müəssisəsindən 500-dən artıq tezis təqdim olunub. Plagiat yoxlamalarından sonra 474 tezis qəbul edilərək konfransın proqramına daxil edilib.
Plenar iclasda bir sıra ali təhsil müəssisələrinin magistrantları elmi məruzələrlə çıxış ediblər. Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən Nihat Kərimov, Bakı Dövlət Universitetinin magistrantı Aynurə Mustafayeva, Sumqayıt Dövlət Universitetinin magistrantları Nigar Xanəliyeva və Yeganə İbrahimli, Bakı Slavyan Universitetinin magistrantı Səkinə Mehdiyeva çıxış edərək məruzələrini təqdim ediblər.
Plenar iclasdan sonra konfrans işini bölmələr üzrə davam etdirəcək. İki gün davam edəcək tədbirdə region universitetlərinin magistrantlarının da onlayn formatda iştirak etməsi üçün şərait yaradılıb.
“Ədəbiyyat və incəsənət”
(16.05.2025)
GAP Antologiyasında Oğuz Məhəmmədikiyanın
“Əl apardım...” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair İstanbulda yaşayan Oğuz Məhəmmədikiyadır.
Oğuz Məhəmmədikiya
İstanbul
Əl apardım
İçimdəki qara ləkəni götürməyə
Əlimi gətirdiyimdə
Balalarını gətirmişdim ey vah qaranın.
Oynatdım həyatı
Geriyə saydım uzun incə yolu
Qayıtdım südəmərliyimə
Və boğdum gecələrin qarasını
Bilinc altımda
Bilincin altı var isə
Üstü də olmalı dedim özüm-özümə.
Döydüm nəm kimin
Xatirə qapısını
Həyata olan bic hissimin
Türkcəsini axtardım.
Atam çıxdı qapıya
Ağlaya-ağlaya
Aldım əlindəki kəskin bıçağı
Didərginliyimi saldım çiyinlərinə
Etiraf etməsini istədim
Soruşdum səfilliyimin nədənlərini.
Anamı yenidən anlatdım ona
Unudulan gözəlliyini,
Yumşaq baxışlarını.
“Qayıt” - dedim
“Bax mənə qayıt.
Ağla,
Ax mənə qayıt.”
Ağladı
Ağladı atam.
Anamı ağladan şeyləri
Atama anlatdım
Güldü.
Paradoksu qucağıma alıb
Həyatı oynadırdım
Zamanı oynadırdım
Qarın sancısıyla.
Qara balalarım qucağımda
Əlim içimdə dolanırdım
Özüm-özümü.
Əl apardım yaramı deşməyə,
Deşdim.
Axıtdım damarımda uçuşan
Qara kəpənəkləri.
Uzandım ölümə...
Evdən anladığım tək qavram
Pəncərə idi.
Açdım,
Lacivərddən qaçan quş sürüsünə
Baxdım.
Anamın mızıltılı ağlamasının
Fon musiqisi ilə
İçmədiyim andları içdim.
Taxdım qarğanın biləyinə
Qanadına tüpürdüm
Uçurtdun quş sürüsünün ardıca
Bağladım anladığım qavramı...
Oturdum qara balalarımın yeməyini yedirtməyə
Əl apardım qəlbimə
Əl gətirə bilmədim
Artıq əlimdə yox.
Ağzımda böyüyən
Kəlmə idi həyat
Dodaqlarımı parçalayan.
Bu filmi kəsməli idim,
Kəsdim.
İncimir artıq biləyim
Toxunduğum tənim
Balalarımı öldürmüşəm
Əlimdə yox artıq
İncimdə
Buradan getməliyəm
Unutmalıyam hər şeyi.
İncə uzun yola başlamışdım
Getməyə
Geridən getməyə
Halal etməyə başlamışdım
Haram olsun dediklərimi,
Sevdiklərimi,
İçimdəki qara ləkənin
Doğurqanlığını
Birdə məni.
...
Bu hekayənin dərini yoxdur
Üstə gəl lütfən.
“Ədəbiyyat və incəsənət”
(16.05.2025)
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Yəsəvi irsinə həsr olunan Beynəlxalq Simpoziumda iştirak edib
14-16 may 2025-ci il Türküstan (Qazaxıstan) şəhərində “Yəsəvi irsi dövrlər və mədəniyyətlər dialoqunda: humanist dəyərlər və müasir çağırışlar” başlıqlı Beynəlxalq Simpozium keçirilib. Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova simpoziumda iştirak edib.
“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, Simpoziumun açılışında çıxış edən Aktotı Raimkulova Türküstanın Türk dünyasının mənəvi paytaxtı kimi xüsusi əhəmiyyət daşıdığını vurğulayıb və böyük mütəfəkkir Xoca Əhməd Yəsəvi irsinin bu gün də mənəvi dəyərlər üçün bir kompas rolunu oynadığını qeyd edib. O, Türk Mədəniyyəti və İrsi Fondunun türk irsinin qorunması və tanıdılması məqsədi daşıyan əsas təşəbbüslərini təqdim edib. Bu təşəbbüslər arasında abidələrin bərpası üzrə layihələr, rəqəmsal kataloqun və beynəlxalq “TurkicHeritage” platformasının yaradılması, Türk Mədəniyyəti Mərkəzlərinin türk ölkələrinin aparıcı universitetlərində və bu hüdudlardan kənarda açılması, habelə türk dastanları və ənənəvi sənət növlərinin YUNESKO-nun siyahılarına salınması üzrə təşəbbüslər yer alır.
Fondun prezidenti çıxışında xüsusilə Xoca Əhməd Yəsəvinin “Divani-Hikmət” əsərinin Azərbaycan dilinə tərcüməsinə diqqət yetirib. O, bu təşəbbüsü Yəsəvi irsinin türk xalqları arasında yayılmasına yönəlmiş mühüm addım kimi qiymətləndirib.
Tədbir Yəsəvi irsi və ümumtürk fəlsəfəsi prizmasından müasir çağırışların elmi və mənəvi kontekstdə müzakirəsi üçün əhəmiyyətli bir platforma olub.
Simpoziumun açılış mərasimində Qazaxıstan Respublikasının Dövlət müşaviri Erlan Karin, Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balaeva, Türküstan vilayətinin Qubernatoru Nuralxan Kuşerov, Qazaxıstanın elm və ali təhsil naziri və plenar iclasın moderatoru Sayasat Nurbek, ABŞ-ın İndiana Universitetinin professoru Devin De Vis, Türkiyənin Ankara Universitetinin professoru Əli Rafət Özkan çıxış ediblər.
Plenar iclasda və sonrakı bölmələrdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Tacikistan, İran, Yaponiya, Almaniya, Hindistan, Rusiya, İtaliya, Çin və ABŞ-dan gəlmiş tanınmış alimlər və mütəxəssislər elmi məruzələrlə çıxış ediblər.
“Ədəbiyyat və incəsənət”
(16.05.2025)
Yaşasaydı, bu gün 75 yaşı tamam olardı
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Onu ilk dəfə Doğum evi səhnəsində görmüşəm. Uşağı olan, lakin varlı-hallıların oğlu, özünüsə qızı olmasına üsyan edən gənc ata obrazını çox gözəl yaratmışdı, qəşş edincəyə qədər güldüm. Sonra güclü, zəif onlarca rolunu gördüm. Həyatdan erkən gedən, doğularkən atılan, valideyinlərini belə tanımayan, sonra ailə üzvləri ilə bağlı faciələr yaşayan bəxtsiz bir aktyordan söhbət gedir, Arif Quliyevdən.
Bu gün anadan olmasının 75-ci ildönümü tamam olan Xalq artisti Arif Əli oğlu Quliyev 1950-ci il mayın 16-da indiki Şirvan şəhərində anadan olub. 1965-1968-ci illərdə Bakı Mədəni-Maarif Texnikumunun Dram və kino aktyorluğu fakültəsində, 1973-1975-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Musiqili komediya aktyorluğu fakültəsində təhsil alıb.
Əmək fəaliyyətinə 1965-ci ildə Mingəçevir Dövlət Dram Teatrında aktyor kimi başlayan Arif Quliyev 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət edilib. Bu teatrın səhnəsində müxtəlif xarakterli obrazlar yaradıb. Onun “Təzə gəlin”də (S.Dağlı, C.Cahangirov) Şərbətəli, “Gözün aydın”da (F.Əmirov, M.Əlizadə) Salyanski, “Durna”da (S.Rüstəmov, S.Rüstəmov) Dursun, “Gurultulu məhəbbət”də (S.Ələsgərov, S.Qədirzadə) Mürsəl, “Özümüz bilərik”də (Ş.Qurbanov, S.Ələsgərov) İbişov, “Hicran”da (S.Rəhman, E.Sabitoğlu) Dursunov, “Ev bizim, sirr bizim”də (Ş.Axundova, N.Gəncəli) Tofiq, “Məşədi İbad”da (Ü.Hacıbəyli) Hambal, “Durnalar qayıdanda” tamaşasında (Hidayət) Mirzəqulu, “Məhəbbət, şeytan və ağ ölüm”də (M.Haqverdiyev) Səbzəli və s. canlandırdığı obrazlar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Aktyorun “Şans”, “Bığ əhvalatı”, “Qayınana”, “Lift əhvalatı”, “Yarım ştat”, “Evləri köndələn yar” və digər teletamaşalarda yaratdığı rollar da sənətkara böyük tamaşaçı rəğbəti qazandırıb.
Arif Quliyevin “Bəyin oğurlanması”, “Yaramaz”, “Bəxt üzüyü”, “O dünyadan salam”, “Qəm pəncərəsi”, “Mənim ağ şəhərim”, “Alma almaya bənzər”, “Ağ gəmi” bədii filmlərindəki obrazları onun uğurlu işlərindəndir.
O, 1989-cu ildə Əməkdar artist, 1993-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb. “Humay”, “Qızıl dərviş” mükafatları və “Sənətkar” medalı ilə təltif olunub, Prezidentin fərdi təqaüdçüsü olub.
Tanınmış teatr və kino aktyoru, Xalq artisti Arif Quliyev 2021-ci il mayın 7-də, ömrünün 71-ci ilində vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(16.05.2025)
Nigar Süleymanın “Zümrüd quşu” filminə bəstələdiyi saundtrek beynəlxalq mükafata layiq görülüb
Bəstəkar Nigar Süleymanın rejissor Rüstəm Sadıqlının “Zümrüd quşu” bədii filmi üçün yazdığı saundtrek İngiltərədə keçirilmiş nüfuzlu “Erik Sati” adına Beynəlxalq Musiqi Müsabiqəsində “Qızıl mükafat”a (Golden Award) layiq görülüb. Mükafatın təqdim edildiyi iştirakçılar arasında Çin, ABŞ və digər ölkələrdən olan tanınmış bəstəkarlar da yer alıb ki, bu da əsərin beynəlxalq miqyasda yüksək qiymətləndirildiyini təsdiqləyir.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, filmin kulminasiya nöqtəsində baş qəhrəman bir tablo qarşısında dayanaraq transformasiyaya uğrayır və Zümrüd quşuna çevrilir. Məhz bu təsirli məqamda Nigar Süleymanın musiqisi səslənir və səhnənin emosional gücünü daha da artırır. Saundtrek, yalnız vizual obrazın deyil, həm də daxili dəyişimin musiqi dili ilə ifadəsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Zümrüd quşu mifoloji və fəlsəfi mənbələrdə yenilənmə, mənəvi yüksəliş, saflıq, xeyirxahlıq və müdriklik simvolu kimi qəbul olunur. Filmdə baş obraz musiqinin müşayiəti ilə keçmişin ağrı və iztirablarını geridə qoyaraq, mənəvi rahatlıq və saflıqla əhatələnir və sakitlik halına daxil olur. Musiqi burada sadəcə səslər toplusu deyil, ideya və emosiyanın daşıyıcısı kimi çıxış edir.
Qeyd edək ki, Nigar Süleyman musiqi təhsilinə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində başlayıb. O, tanınmış bəstəkar Pikə Axundovanın sinfində təhsil alaraq bu təhsil müəssisəni bəstəkarlıq ixtisası üzrə bitirib. Daha sonra, 2023-cü ildə o, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq üzrə professor Ceyhun Allahverdiyevin rəhbərliyi altında uğurla tamamlayıb.
Bəstəkar peşəkar inkişafı çərçivəsində müxtəlif beynəlxalq ustad dərslərində, seminar və simpoziumlarda iştirak edib, həmçinin bir sıra beynəlxalq musiqi festivalları və müsabiqələrin fəal iştirakçısı olub. Onun yaradıcılığı həm klassik ənənəyə bağlılıq, həm də müasir musiqi axtarışlarının sintezi ilə seçilir.
“Ədəbiyyat və incəsənət”
(16.05.2025)
Rəssam Soltan Soltanlının əsəri Belçikada finalçılar sırasında
Belçikada 64-cü dəfə keçirilən, tanınmış Azərbaycanrəssamı SoltanSoltanlınında qatıldığı dünyanınməşhurkarikaturafestivalı olan “GrandPrizeGoldenHatKnokke-Heist 2025” başa çatıb.
Builfestivala 65 ölkədən 601 iştirakçı 2535 əsərlə qatılıb. Beynəlxalq jüri finala qalan 100 ən yaxşı əsəri müəyyənləşdirib.
“Ədəbiyyat və incəsənət” portal Soltan Soltanlıya istinadən xəbər verir ki, rəssamın “Adəm və Həvva” əsəri də finala çıxanlar arasındadır.
Qeyd olunan 100 əsərdən ibarət sərgi iyulun 28-də Knokke-Heist şəhərində açılacaq və avqustun 24-dək davam edəcək.
Festivalın təşkilat komitəsi həmyerlimizi sərginin açılışına dəvət edəcəyini bildirib.
“Ədəbiyyat və incəsənət”
(16.05.2025)
Səssiz haray – AKTUAL
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
İnsan necə ölür?
Bədən torpağa qarışanda, yoxsa adı unutlanda?
Yoxsa bir də... susqunluqda?
Səsin çatmadığı, harayın eşidilmədiyi yerdə insanlar təkcə ölmür, itib gedirlər. Sanki heç yaşamamış kimi.
Cəmi iki gün öncə – 17 yaşlı bir uşaq itkin düşdü. Dünən isə oxuduğu məktəbin həyətində – döyülmüş, işgəncələrə məruz qalmış, gözü çıxarılmış şəkildə ölü tapıldı.
Bəzən bir uşağın səssizliyi hər şeyi deyir.
O baxışlar qorxunun, qırılmış inamın, iztirabın aynasıdır.
Uşaqlar ölür bu şəhərdə, ana qucağından əvvəl qəbrə sarılır.
Biriləri gülür, biriləri susur. Amma hamı davam edir.
Bəs bir gün bu susqunluq sənin evinə çökəndə nə edəcəksən?
Gözünün işığında gizlənən kədəri görə bilmədiklərindəmi peşman olacaqsan?
Elgünlərin, Zəhraların, adını bilmədiyimiz neçə-neçə qurbanın adını yalnız xəbərlərdə oxuyub "ah" çəkməklə kifayətlənən səsinləmi haqqı dirildəcəyik?
Bu cəmiyyət göz görə-görə çürüyür.
Yalanlar, susqunluq, qorxaqlıq... və bir az da "məni maraqlandırmaz" deyə-deyə...
Qətllər yalnız bıçaqla törədilmir, burada susqunluqla, laqeydliklə, biganəliklə də öldürürük.
Gecələr rahat yatırıq, halbuki kiminsə qəbri soyuyur, kiminsə içində haraylar yatır.
Hər şey bir nəfərin susmaması ilə dəyişə bilərdi.
Bir müəllimin, bir qonşunun, bir dostun...
Amma biz nə etdik?
Qorxduq.
Danışmadıq.
Unutduq.
Bir uşaq ağlayanda dünya susmamalıdır.
Bir ana öləndə, bir bacı qışqıranda, bir oğlanın gözü çıxarılanda...
Bu qədər sükut, bu qədər rahatlıq haradandır?
Görmədiklərimizi görməyə, eşitmədiklərimizi dinləməyə nə zaman başlayacağıq?
Ədalət hekayəsi nə məhkəmədən, nə də sosial şəbəkədən başlayır.
Ədalət insanın içində doğulmalıdır – ürəyində, vicdanında.
Və hər boğaz düyünlənməsi – səsini çıxarmağa bir səbəb olmalıdır.
Susma.
Çünki bu yazını oxuyursansa, demək ki, hələ gec deyil.
Çünki hələ də bir uşaq gülsə, bir insan dirilsə, bir ana övladını qorusa, dünya bir az gözəl ola bilər.
Elgünlər üçün, səssizlərin səsləri üçün...
Susma.
“Ədəbiyyat və incəsənət”
(16.05.2025)