Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
İnsan necə ölür?
Bədən torpağa qarışanda, yoxsa adı unutlanda?
Yoxsa bir də... susqunluqda?
Səsin çatmadığı, harayın eşidilmədiyi yerdə insanlar təkcə ölmür, itib gedirlər. Sanki heç yaşamamış kimi.
Cəmi iki gün öncə – 17 yaşlı bir uşaq itkin düşdü. Dünən isə oxuduğu məktəbin həyətində – döyülmüş, işgəncələrə məruz qalmış, gözü çıxarılmış şəkildə ölü tapıldı.
Bəzən bir uşağın səssizliyi hər şeyi deyir.
O baxışlar qorxunun, qırılmış inamın, iztirabın aynasıdır.
Uşaqlar ölür bu şəhərdə, ana qucağından əvvəl qəbrə sarılır.
Biriləri gülür, biriləri susur. Amma hamı davam edir.
Bəs bir gün bu susqunluq sənin evinə çökəndə nə edəcəksən?
Gözünün işığında gizlənən kədəri görə bilmədiklərindəmi peşman olacaqsan?
Elgünlərin, Zəhraların, adını bilmədiyimiz neçə-neçə qurbanın adını yalnız xəbərlərdə oxuyub "ah" çəkməklə kifayətlənən səsinləmi haqqı dirildəcəyik?
Bu cəmiyyət göz görə-görə çürüyür.
Yalanlar, susqunluq, qorxaqlıq... və bir az da "məni maraqlandırmaz" deyə-deyə...
Qətllər yalnız bıçaqla törədilmir, burada susqunluqla, laqeydliklə, biganəliklə də öldürürük.
Gecələr rahat yatırıq, halbuki kiminsə qəbri soyuyur, kiminsə içində haraylar yatır.
Hər şey bir nəfərin susmaması ilə dəyişə bilərdi.
Bir müəllimin, bir qonşunun, bir dostun...
Amma biz nə etdik?
Qorxduq.
Danışmadıq.
Unutduq.
Bir uşaq ağlayanda dünya susmamalıdır.
Bir ana öləndə, bir bacı qışqıranda, bir oğlanın gözü çıxarılanda...
Bu qədər sükut, bu qədər rahatlıq haradandır?
Görmədiklərimizi görməyə, eşitmədiklərimizi dinləməyə nə zaman başlayacağıq?
Ədalət hekayəsi nə məhkəmədən, nə də sosial şəbəkədən başlayır.
Ədalət insanın içində doğulmalıdır – ürəyində, vicdanında.
Və hər boğaz düyünlənməsi – səsini çıxarmağa bir səbəb olmalıdır.
Susma.
Çünki bu yazını oxuyursansa, demək ki, hələ gec deyil.
Çünki hələ də bir uşaq gülsə, bir insan dirilsə, bir ana övladını qorusa, dünya bir az gözəl ola bilər.
Elgünlər üçün, səssizlərin səsləri üçün...
Susma.
“Ədəbiyyat və incəsənət”
(16.05.2025)