Super User

Super User

 “Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sozlərə Elşad Baratın şeirini təqdim edirik.

 

bu şəhərin küçələri qan gölü

heç çalışma, yumaq olmaz yağışla

bu şəhərin adamların, ilahi

bu şəhərin itlərinə bağışla

 

küçələri maşın-maşın susanda

qollarımız başımıza dolandı

kim nə desə, nə danışsa, inanma

atam haqqı, anam haqqı, yalandı

 

gizlənibdi bu şəhərin əlləri

ayaqları dalımıza təpikdi

o səngərdə ayaq vermiş əlilin

mükafatı bircə ovuc qəpikdi

 

bu şəhərdə ulduzlar də utanır

səmaların ahı bizi tutacaq

o tindəki ac körpənin anası

gecələrə bədənini satacaq

 

bu şəhərin küçələri qan gölü

heç çalışma, yumaq olmaz yağışla

bu şəhərin adamların, ilahi

bu şəhərin itlərinə bağışla

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2023)

 

Şair-publisist, MM Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalının Azərbaycan-Özbəkistan qardaşlığı, dostluğu barədə – “ortaq keçmişdən ortaq gələcəyə” gedən yol haqqında “Bir göyə tapınan iki ürək” (“Бир османга талпинган икки юрак”) yazısı Daşkənddə çıxan “Xalq sözü” qəzetində yayınlanıb. Özbəkistan parlamentinin mətbu orqanı – rəsmi dövlət qəzeti olan “Xalq sözü” Azərbaycanlı yazarın məqaləsini 1-ci və 2-ci səhifədə - Özbəkistan Prezidentinin Azərbaycana təşrifi ilə bağlı xəbərlə yanaşı verib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Əkbər Qoşalı məlumat verib. 

 

Onu da vurğulayaq ki, Özbəkistanın “Kitab dünyası” qəzetinin Azərbaycan təmsilçisi və Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü olan Əkbər Qoşalı, qardaş ölkədə imzası yaxşı tanınan yazarlardandır; o, qardaş ölkələrimiz arasındakı mədəni əlaqələrə verdiyi töhfələrə görə Özbəkistan Jurnalistlər Birliyi, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti, Azərbaycanın Özbəkistandakı Səfirliyi, o cümlədən Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən ödülləndirilmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2023)

Thursday, 24 August 2023 11:45

Dünyanın ilk sevgi məktubu

 

 

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Qlobal istiləşmə, artan təbii fəlakətlər, amansız müharibələr, pandemiya, su və taxıl qıtlığı, dəhşətli inflyasiya -  bütün bunlar böyük bir bəladır. Bəşəriyyət tarix boyu o qədər müsibətlərlə üzləşmişdir ki... Amma hər nə olur-olsun insanlıq bütün bu fəlakətləri dəf edə bilmiş, öz mədəniyyətlərini qoruyub saxlaya bilmişlər. Dahilərin yaratdığı bütün əsərləri bir kənara qoysaq sadə bir gözəl rahibə xanım (Enil) tərəfindən 2300-2500 il öncə bir krala mixi yazı ilə yazılmış dünyanın ilk sevgi məktubunu xatırlamaq yerinə düşər:

-

Bəy, ürəyimin əzizi,  sənin gözəlliyin misilsizdir, 

bal kimi şirindir  sən məni ovsunladın,  

Qoy qarşında titrəyim,  Bəy, qoy səni oxşayım, 

qiymətli nəvazişim baldan şirindir,  

nəvazişlərini bağışla, rəbbim əfəndim,  

Mən Enlilin ürəyini sevindirən Su-sinəm,  nəvazişlərini bağışla

-

Bu sadə şeirin belə zamanın bütün ən dəhşətli sınaqlarından keçərək özünü qoruyub saxlaması mədəniyyətin zəfərinin təcüssümü deyilmi? 

Bütün bunlarla yanaşı qeyd etmək istərdim ki, o bəlalar ki, insana insan olduğunu unutdurur, o bəlalar ki, ən dəhşətli hadisələrin səbəbkarıdır. Qısacası, nə qədər ki, içimizdə xeyrlə şər mübarizə aparacaq, o zamana kimi də ən böyük bəlaların səbəbkarı da şərin nökəri olan insan olacaqdır... Mən bundan böyük düşmən tanımıram... İçimizdəki düşməni məhv etməklə mədəniyyətimizi daha da yüksəldə bilərik...

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2023)

 

Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən “Şahdağ” Turizm Mərkəzinin və Azərbaycan Motoklublar Birliyinin birgə təşkilatçılığı ilə “Şahdağ motosiklet festivalı” keçirilib.

Şahdağda ilk dəfə olaraq təşkil edilən festivala ölkənin müxtəlif bölgələrindən 300-ə yaxın motohəvəskar iştirak edib. 

Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, iki gün davam edən tədbirdə motosikletçilər təşkilatçılar tərəfindən hazırlanan müxtəlif müsabiqələrdə güclərini sınayıblar. Yarışda motohəvəskarlar güclü motosiklet, dəbli motosiklet, təcrübəli motosikletçi, uzağa üzmə, qol güləşi və digər müsabiqələr üzrə birincilik uğrunda mübarizə aparıblar. 

Öz bacarıq və istedadları ilə seçilən qaliblər münsiflər heyəti tərəfindən müxtəlif mükafatlarla təltif olunublar.

Tədbir çərçivəsində kompleksin qonaqları üçün motohəvəskarlar tərəfindən ödənişsiz peşəkar təlimlər keçirilib.

Həm yerli, həm də əcnəbi qonaqları tərəfindən böyük maraqla qarşılanan festival çərçivəsində iştirakçılar və turizm mərkəzinin qonaqları üçün şou proqramlar təşkil edilib.

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2023)

Thursday, 24 August 2023 11:15

Ağcakənddə bir gün

Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Vaxt gülür Kəlbəcərə,

Baxt gülür Kəlbəcərə,

Nənəm elə sevinir

Xoş gəlir Kəlbəcərə...

 

Sazlı-sözlü, dili nəğməli, bayatılı Kəlbəcər elinin Ağcakənd kənd sakinlərinin bir qrupu bu günlərdə işğaldan azad edilmiş doğma kəndlərində, illərdi həsrətində olduğuyaylaqlarına səfər ediblər. Kənd sakinləri doğma torpağın qoxusunu alınca göz yaşları içində dua etdilər, “Şükür bu günə”, - dedilər. Əyilib güllü-çiçəkli ana torpağı qucaqladılar, o bənzərsiz gülşəndən başlarına çələng hörüb qoydular. Ata-baba yurdlarına qovuşduqları günə qurbanlar kəsildi, qazanlar qaynadı, dədə-babadan qalma böyük samovarlara od salındı. Keçi, qoyun ətindən cürbəcür təamlar hazırlandı, qadınlar xalısı çiçəkdən toxunmuş yerə palaz, kilim döşədilər. İllər əvvəl olduğu kimi sac üstə yuxa saldılar...

Kişilər qədimi oyunları xatırladılar, dirədöymə, mətəqorma oynayıb, güləşdilər...

Kəlbəcər həm də saz-söz diyarı olduğundan el şairlərindən şeirlər dedilər, bayatı çağırdılar. Bir kənd camaatı olaraq xatirələrini bölüşdülər, kövrəldilər...

Bütün söhbətlərin başında bu torpaq uğrunda canlarını fəda edən müqəddəs şəhidlərimizə dua elədilər. Qazilərimizə şəfa dilədilər. Ordumuza, Müzəffər Ali Baş Komandanımıza çoxlu-çoxlu təşəkkürlərini dilə gətirdilər.

Onlar Vətən torpağına özləri ilə nə musiqi alətləri, nə xanəndə, nə də Kəlbəcər havalı saz aşığı gətirməmişdilər. O gün çalan da, oxuyan da, oynayan da doğma yurd havasında pərvazlanan könüllər oldu... Axı burda təbiətin də öz musiqisi var... Və bu doğma rahatlıqda hər saniyəni dəyərli bilib o füsünkarlığı gözünə, könlünə köçürənlərlə birgə yorğan kimi göy otların arasında şirin-şirin yuxuya gedənlər də vardı.

Ocağımız sönməsin, bulağımız qurumasın, ana torpaq həmişə körpələrimizin səsi-nəfəsi ilə isinsin. Tezlikə Kəlbəcər elinə, bax elə bu Ağcakənd kəndinə köçümüz yola düşsün, inşallah!

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2023)

 

 

 

 

 

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Nəsr saatıdır, sizlərə Mahir Rəsuloğlunun “Daltonikin etirafı” hekayəsi təqdim olunacaq.

 

                                                                 

Guya hər şey yalnız ağ və qara rəngdə olsaydı, nə dəyişərdi ki?

 

Mənim görüşmək üçün heç vaxt olmadığı qədər israr etməyim onun az-maz cəsarətini alt-üst edib, bilirəm. Allah bilir, indi qara-qara nələr düşünür. Ancaq yenə də bu söhbətin yaxşı nəsə vəd etmədiyinə, acı bir sonluqla bitəcəyinə özünü hazırlamış kimi görünür. Ürkək ceyran kimi qarşımda oturub və sual dolu baxışları üzümə zillənib. Onun bu didərgin halını, baxışlarını, sadəliyini, təmizliyini elə sevirəm ki! Bir ömür boyu bax beləcə dayanıb sakitcə gözlərini seyr etmək, o eşq dolu gözləri gecə-gündüz köhnəlməyən, azalmayan, əskilməyən sevgimlə qamarlayıb, qucaqlayıb bağrıma basmaq istəyirəm. Ancaq daha etiraf etməliyəm və bu, hər şeyin sonu ola bilər. Deyəsən, o da bunu hiss edib və sanki qəddar caninin edam hökmünü oxuyacaq hakimə baxdığı ümidsizliklə üzümə baxır. Nəm gözləri elə gözəldir ki! Heyif ki, mən onun dünyada mənim üçün hamının gözlərindən gözəl, bir cüt nur saçan gözlərinin rənginə heç bir tərif deyə bilməyəcəm. Bu, tanış olduğumuz il yarım, nişanlandığımız 8 ay ərzində, toyumuza cəmi bir həftə qalmış ondan gizlədiyim, “açılarsa, hər şey bitər” deyə qorxduğum, hətta özümdən də qoruduğum yeganə sirrimdir. Ancaq indi, bu saf və tərtəmiz baxışların məni hər şeyi etiraf etməyə səslədiyi bir vaxtda cəsarətimi toplayacaq və ona deyəcəm ki…

– Bunu səndən gizlədiyim üçün məni bağışla, dünyada hamıdan, hər şeydən çox sevdiyim (belə romantik danışmağı əvvəlcədən planlaşdırmışam. Bilirəm ki, o mənim belə danışığıma heyran olur həmişə və bu, çox şeyi dəyişə bilər). Etiraf edim ki, mən sənin üzünün rəngini seçə bilmirəm, ancaq üzündəki işığa vurulmuşam! Gözəl olduğuna varlığım qədər əmin olsam da, gözlərinin rəngini də görə bilmirəm! Rəng koruyam mən, daltonikəm!

O ya mənim həyəcanımdan, tanışlığımız müddətində heç vaxt görmədiyi təlaşımdan, ya da həqiqətən normadan artıq saf olduğu üçün key-key üzümə baxır.

– “Daltonik” bilmirsən nə deməkdir?

– Yox…

– Bu, bir xəstəlikdir.

– Necə? Xəstəlik?! Qorxuludur?!

Bir anın içində bətninin atdığını, bənizinin ağardığını hiss edirəm. İlahi, nə qədər qorxdu bir anda. Onun mənim üçün belə qorxması xoşuma gəlir və axmaqcasına düşünürəm ki, kaş xəstəliyim qorxulu olaydı. Məsələn, ona deyəydim ki, cəmi 45 gün ömrüm qalıb. O isə gözəl gözlərindən leysan kimi yaş axıdaraq sarılaydı mənə, “Yox, ölmə! Mən sənsiz yaşaya bilmərəm! Ölmə, qurban olum! Mən də səninlə öləcəm!” deyəydi. Ürəyimi bərkidib onu özümdən itələyəydim. Kaş bu fədakarlığımı da yanlış anlayaydı, onu özümdən soyutmaq, mənə qarşı nifrət yaratmaq üçün etdiyimi başa düşməyəydi. Qismətimlə barışmış kimi deyəydim ki, yox, belə danışma, sən yaşamalısan! Xahiş edirəm, uzun müddət ürəyində saxlama məni. Çalış xatirlərimizi də, adımı da oradan tez sil ki, başqa birisinə yer açılsın. Və bu sözləri deyən kimi onun çılğınlıqla etiraz etməyini gözləyəydim. Arxayın olaydım ki, o heç vaxt məni unutmayacaq, başqa heç kimi sevməyəcək! Yəqin, bunu biləndən sonra gecələr yuxumu qaçıran ölüm qorxusu da azalardı, daha əzrayılı gözləmək məni dəhşətə gətirməzdi…

Ancaq indi mənim 45 günlük ömrüm qalmayıb. Ən azı belə bir həkim rəyi yoxdur. Dünyada milyonlarla insan daltonik olaraq öz normal həyatına davam edirlər, bəzən hər şeyi öz rəngində görənlərdən çox yaşayırlar. Hətta bir çoxu xoşbəxtdir də. Mənim xəstəliyimi qorxulu edənsə bunu indiyədək ondan gizləməyim, öz rəngində görə bilmədən sevməyimin səmimiliyinə yaranacaq şübhə və bəlkə, inamı sarsıldığı üçün hər şeyi bitirə bilmək təhlükəsidir. Olsun, mən daha bu yalanla yaşamaq istəmirəm!

– Yox, elə də qorxulu deyil. Bircə işıqforda problem yaşadır mənə, hamı dayananda dayanıram, arxadakı maşınlar siqnal verəndə bilirəm ki, getmək lazımdır. Ayrı maşın olmayanda isə işıqfor hansı rəngdə yanır-yansın, basıb keçirəm, elə bilirəm yol mənimdir.

Gərginliyi azaltmaq üçün gülürəm. Daha doğrusu, guya bu şit zarafatıma gülməyə çalışıram. Halbuki işıqforla bağlı dediyim ağ yalandır. Axı hansı gözün hansı rəngdə yandığını və hansı yananda nə etmək lazım olduğunu rəngləri seçə bilmədən də əzbərləmək çətin deyil. O isə yenə dediklərimə inanmış kimi görünür, məyusluğu bir az da artır. Bircə bu qalmışdı ki, işıqforu da dərd eləsin!

– Bilirsən, hər şeyi görürəm, ancaq öz rəngində deyil. Necə izah edim axı sənə? Təxminən belə, dünyanı ağ-qara görürəm. Köhnə televizorlar vardı əvvəllər, sən xatırlamazsan, yəqin ki, ancaq ağ-qara göstərirdi. Bax indi mənim gözlərim də elədir. Bu, irsi xəstəlikdir, deyirlər, mənim ana babamda da olub. Nəsildən nəslə keçirmiş, əsas da kişilərdə özünü göstərirmiş. Məsələn, evlənəndə uşaqlarımız olsa, qızım yox, oğlum da daltonik doğula bilərmiş...

– Evlənsək, oğlumuz da daltonik ola bilər?

Aha, ayrılmaq üçün bundan ciddi səbəb? Kim istəyər ki, oğlu xəstə doğulsun?

– Dəqiq deyil, ancaq həkimlərin fikrincə, ehtimal çoxdur. Olmasını istəmərəm. Olsa da, normal qarşılamaq lazımdır. Çünki rəngləri seçə bilməsəm, də bu mənim digər insanlar kimi yaşamağıma, sevinməyimə, kədərlənməyimə, ağlamağıma, gülməyimə, ən başlıcası sevməyimə mane olmur…

Baxışlarında tərəddüd var. Gərək onu inandırım ki, mən öz rəngsiz dünyamda sizin rənglərin əhatəsində olduğunuzdan da xoşbəxt yaşamağı bacarıram. Bunu məhz indi, o qərar verməmiş etməliyəm. Yoxsa bu yazıq görkəmli qız qəfildən qəddarlaşa, hər şeyə nöqtə qoyub üzünü çevirib getməyə cəhd edə bilər və bəlkə də, bu onda alınar. Ən pisi də odur ki, əgər getmək istəsə, saxlaya bilmərəm onu. Daha doğrusu, saxlamağa cəhd etmərəm. Daltonik olduğum üçün məni tərk etmək istəyərsə, onu dayandırmağı özümə sığışdırmaram! Daltonik qürurum buna imkan verməz! Bu qədər xudpəsəndəm!

– Balıqları çox sevirəm, demişdim sənə, yadındadısa. Səbəbini bilirsən?

Balıqlar hardan çıxdı? Yenə key-key üzümə baxır. Bu dəfə əsəbiləşirəm, bu qız niyə bunca sadəlövh və aciz baxışlıdır axı?.. İl yarımdır onun dəyişməsi, güclənməsi, dünyaya bir başqa nəzərlərlə baxması üçün nə qədər çalışıram, xeyri yoxdur. Bəlkə, elə fürsətdir… Bəlkə, böyük məhəbbətimə rəğmən… Hardan gəlir ağlıma bu gic-gic fikirlər?

– Balıqları tutmağı sevirsən, bişirməyi, yoxsa yeməyi?

– Onlarla danışmağı.

Bu dəfə sanki dəliyə baxırmış kimi baxır – təlaş və qorxuyla. Bəlkə, də elə bilir başım tam çatmır və buna səbəb daltonik olmağımdır. Ürəyində özünü danlayır ki, niyə indiyə qədər bunu hiss etməyib. Tanrının qarasına danışır, sızıldayır ki, belə talesizlik niyə onun qarşısına çıxıb? Bir də yadına salmağa çalışır ki, mənim başqa nə vaxt, hansı normal olmayan hərəkətimi görüb. Bəlkə də, xatırlayır, bir dəfə rəngini seçə bilmədiyim gülləri iyləyəndə ona “necə də yeməlidir” demişdim. Yadına düşdüsə, tam batdım, ağlı başında adam niyə gülləri yemək istəsin ki? Mənsə özümdən tam arxayınam.

– Balıqlar insanları saatlarla sakitcə, etiraz etmədən dinləməyi bacarırlar. Onlarla hər söhbəti eləmək olar. Üzgəclərini həzin-həzin yelləyərək səninlə razı olduqlarını bildirir, baxışları ilə də dediklərimi təsdiqləyirlər sanki. Bax indi səndən xahiş edirəm, balıqlar kimi diqqətlə, sona qədər dinlə məni. Bu deyəcəklərim çox vacibdir və bəlkə də, bizim gələcək taleyimizi dəyişə bilər!

Gözlərindən narazalıq oxuyuram: “Mən nə zaman səni dinləmirəm, sözünü kəsirəm ki…”

– Mən daltonikliyin anadangəlmə olduğuna inanmıram. Heç irsi xəstəlik olmasına da. Deyirlər ki, gözün arxasında rəng dedektoru, onun hüceyrələrində isə konuslar yerləşir. Bax həmin o konusların içərisində qırmızı, yaşıl və mavi rəngli üç rəng piqmeti olmalıdır ki, hər şeyi öz rəngində görə biləsən. Bu piqmetlər olmadıqda, ya da az olduqda həmin xəstəlik yaranır. Sənə daha sadə dillə izah edim. Rəngli printerin katricini görmüsən? Yan-yana üç rəng qutusu olur həmin katricdə. İşlətdikcə azalır, qurtarır və bu zaman rəngli nəyisə, məsələn, səhər günəşin doğması mənzərəsini çapa verirsən, əvvəlcə komputerin ekranına rənglərin bitdiyi ilə bağlı xəbərdarlıq gəlir, daha sonra printerdən ağ-qara şəkil çıxır. Günəş öz rəngində olmur, təbii ki. Heç nə ağ, nə də qara rəngdə olur. Mənim gördüyüm kimi işıqlı olur, vəssalam. Guya günəşin işıqlı olduğunu və istilik yaydığını bilmək kifayət etmir? Nəysə…

Daltonikliyin anadangəlmə olduğuna ona görə inanmıram ki, mən nə vaxtsa rəngli görmüşəm dünyanı! Çoxdan, lap çoxdan. Ya hələ anamın bətnindəydim, ya da yeni gəlmişdim dünyaya. Güclə xatırlasam da, yaddaşımın dərin yerinə yazdım, qoymadım yadımdan çıxsın. Qeyri-adi rənglər idi və hamısı baxdığım hər yerdə elə gözəl harmoniya yaratmışdılar ki! Bu rənglərin yalnız mənə məxsus olduğunu da, hər kəsin gördüyü rənglərdən fərqləndiyini də bilirdim.

…Sonra qəfildən nə baş verdisə, rənglər yoxa çıxdı. Bəlkə də, bilmədən incidib küsdürmüşdüm onları, xətirlərinə dəymişdim, ya bəlkə, özləri niyəsə getmək istədilər?.. Axır, necə baş verdiyini xatırlamıram. Bir gün hiss elədim ki, dünyanın rəngi dəyişib mənim üçün. Daha heç nə əvvəlki rəngində deyildi. Elə bildim, səbəb dünyanın özündədir, ətrafımda olan hər şeydədir, rəngləri solub hamısının. Sonra vaxt keçdikcə, böyüdükcə anladım ki, yox, mən dəyişmişəm. Daha dəqiqi, mənim gözlərim. İlk vaxtlar monotonluq sıxırdı məni, incidirdi. Alışdım get-gedə. Ancaq rəngləri də unutmadım, unutmaq istəmədim. Ona görə də mən daltonikliyin anadangəlmə və irsi olduğuna inanmıram. Heç oğlum olarsa, rəng koru doğulucağına da inanmıram!

         – Yəni deyirsən ki, oğlumuz olsa…

– Oğlumuz olsa, həm sənin, həm də mənim varlığımdan, bir-birimizə olan sevgimizdən qürur duyacaq, inan mənə. Onun gəlişi ilə xoşbəxt olmağımızdan xoşbəxt olacaq. Əsas da xoşbəxt olmaqdır. İnsan xoşbəxt olanda hər şeyi öz istədiyi rəngdə görə bilər, bütün rənglər yerinə qayıdar. Xoşbəxt ola bilməyənlər üçün onsuz da dünya ya ağ-qara, ya da boz rəngdədir.

– Haqlısan! Mən səninlə xoşbəxt hiss edirəm özümü, heç deməsəydin, daltonik olduğunu bilməzdim də yəqin ki! Ancaq sən bir az qəribəsən…

İnandıra bildim, deyəsən. Şükür, təhlükə sovuşur, bu daltonik arzuladığı xoşbəxtliyinə çata bilər! Doğrudanmı bu qədər əzabı boş-boşuna çəkmişəm? Doğrudanmı, hər şey yaxşı yekunlaşacaq? Gərək lap elə il yarım əvvəl, təzə tanış olan vaxt edəydim bu söhbəti. Ona deyəydim ki, sənə gətirdiyim çiçəklərin nə rəngdə olduğunu bilmirəm, quruluşuna, gözəlliyinə və ətrinə görə seçmişəm. Deyəydim ki, səni üz cizgilərinə və ruhuna görə sevirəm. Qəribəyəm, deyir? Desin də. Ona da alışacaq. Bu dünyada hərə bir cür qəribədir onsuz da. İndi ona yuxularımdan danışacam, onda, bəlkə, daha yaxşı anlayar məni. Gözlərimi yumub, xatırlamağa çalışıram:

– Səni sevəndən rəngli yuxular görürəm! Gündüzlər məhrum olduğum rəngli dünya gecələr yuxularımı süsləyir. İkimiz oluruq o rənglərin arasında. Biz o yuxularda əl-ələ tutub qıpqırmızı çəmənliklərdə gəzişir, sapsarı torpağın üstündə ayaqyalın qaçırıq. Yamyaşıl bulaqların buz kimi suyundan içir, bir-birimizin üstünə su çiləyirik. Şapalıd rəngli buludlar başımızın üstünə toplanıb ağappaq kölgə salır üstümüzə, bizi işıqlı, boz rəngli günəşin istisindən qoruduğu üçün buludlara minnətdarlıqla baxırıq.

Bir dəfə hərəmiz bulaq rəngli yaşıl bir atın belində başı çəhrayı qarla örtülmüş uca dağlara doğru gedirdik. Sən dedin ki, gəl ötüşək və atları dördnala çapmağa başladıq. Ancaq dağın ətəyinə çatmamış mənim mindiyim atın ayağı büdrədi, üzü üstə yıxılanda mən də yumalanıb palıd rəngli daşa çırpıldım. Huşumu itirmişdim, sənin yanaqlarından süzülən bənövşəyi rəngli göz yaşların üzümə düşəndə ayıldım. Sonra qalxdım, məlum oldu ki mənə heç nə olmayıb. Anvaq bu vaxt heyrətlə baxdıq ki, atlarımız par-par yanan qanadlarını açdılar, uçub getdilər. Biz dağların zirvəsinə çıxa bilməyəcəyimizi anlayıb geri döndük. Atlarımızın qanadlanıb uçmalarına gülüşə-gülüşə geri qayıdırdıq.

Bir dəfə isə budaqları ağırlıqdan yerə toxunan qırmızı bir bağda meyvə yığırdıq. Qara, palıd, boz rəngli meyvələr elə yetişib şirələnmişdilər ki. Sən hərəsindən bir dişlək alıb mənə uzadırdın. Mənsə sırf sən dişləmisən deyə, hamısını yeyirdim. Sonra mən alma ağacına dırmaşdım, ən hündür budağının ucunda olan iri almanı dərib sənə gətirdim. Uzandıq ağacın altında. Növbəylə hərəmiz bir dişlək ala-ala almanı tumlarına qədər yedik. Hətta mən sənin başını qatmaq üçün ağacın qırmızı yarpaqlarını göstərib almanın qalan hissəsini də yedim, əlimdə bircə saplağı qaldı. Sənsə bunu başa düşüb narahat oldun ki, birdən mədəmi xarab eləyər…

Bir dəfə də…

Nəhayət, gözlərimi açdım. Rəngli yuxularımın ona necə təsir etdiyini, ağ-qara da olsa, görmək istəyirdim. Ancaq… Ancaq o yox idi! Dünyada mənim üçün hamının gözlərindən gözəl bir cüt nur saçan gözləri heyrət və sevgiylə üzümə zillənməmişdi! O getmişdi! Gözlərimin yumulu olmasını fürsət bilib sakitcə, səssizcə, yuxularımı sona qədər dinləmədən çıxıb getmişdi! Həmişəlik!

Niyəsə təəccüblənmədim. Ancaq kədərlə düşündüm ki, daha rəngli yuxular görə bilməyəcəm…

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2023)

 

 

Bu gün Heydər Əliyev Sarayında Qazaxıstandan olan “BN Team Orchestra” simfonik orkestrinin ifasında populyar Koreya seriallarından saundtreklər səsləndiriləcək.

 

Gecədə “Giləmeyvələrdən sonra çiçəklər", "Va-bank", "Al ürəklər: Koryo", "Dolu ev" və s. kimi seriallardan musiqilər səslənəcək.

Proqram “BN Team”in müəlliflik üslubunda və simfonik orkestri, xor və solistlərin müşayiəti ilə ifa olunacaq. Böyük ekranda tamaşaçılar sevimli seriallardan ən gözəl parçaları izləyə biləcəklər. 

BN Team – Qazaxıstanın müxtəlif janrlarda fəaliyyət göstərən yaradıcı və kreativ gənc və enerjili musiqiçilər, aktyorlar və artistlər komandasıdır. Kollektiv son illərdə Qazaxıstanda, eləcə də Bakı, Daşkənd və Bişkekdə çoxlu konsert verib, bu da layihənin miqyaslığı və məşhurluğu haqqında xəbər verir.

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2023)

 “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk. Sizi liderlik nəzəriyyələri ilə tanış etməkdəyik.

 

«Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.

Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər.

Bu kitab lider olmaq istəyən, liderlik eşqi ilə alışıb yanan şəxslər üçün liderlik karyerinə başlamaqçün bir tramplin hesab olunur. Eyni zamanda da o, təcrübəli liderə də liderlik xüsusiyyətlərini daha da yaxşılaşdırmaq imkanı qazandırır. Mən bu kitabdan bəhrələnənlərin siyahısını verməyəcəyəm. Ən azı onu deyə biləcəyəm ki, bu, şəxsən mənim stolüstü kitabımdır. Bu kitabı bir neçə dəfə oxumuş, yüz dəfələrlə də vərəqləmişəm. Bizə ilk baxışda sadə görünən bu mürəkkəbliklərdə birincilik əldə etməyin yolları o qədər asan, mənimsənilən halda göstərilib ki, o yolu getməmək, sadəcə günahdır. Yeri gəlmişkən, ev tapşırığımızda bu qanunları əzbərdən bilmək də yer alır!

Beləliklə, 21 qanun var. Hər gün onlardan biri ilə tanışlığının baş tutacaq. Bu gün sırada 9-cu qanundur:

9.Maqntizm qanunu

«Siz özünüz kimi olanları cəzb edirsiniz»

Effektiv liderlər həmişə yaxşı adamları axtarırlar. Bu, əksər hallarda məhz onların özlərinə bənzəyən, onlara lazım olan xarakterə malik olan, onlardakı keyfiyyətlərə malik olan adamlar olur. Məhz maqnetizm qanunu da budur: siz özünüz kimi olanları cəzb edirsiniz.

Pessimist və optimistlər az halda bir-birini cəzb edə bilər. Daha çox, yaşıdlar bir-birini cəzb edə bilirlər. Sosial mənsubiyyət, əlaqələr və ətraf da cəzbetmədə rol oynayır.

İnsanları həm də eyni mənəvi dəyərlər cəzb edə bilir. Başqa bir cəzbetmə obyekti – həyat təcrübəsidir.

 

***

Digər 8 qanunla isə ötən günlər tanış olmuşdunuz:

1.Tavan qanunu.

«Liderlik qabiliyyətini insanın effektivliyi müəyyənləşdirir».

Şəxsin liderlik effektivliyi tavanla xarakterizə edilir. Şəxsin insanları öz ardınca apara bilmək qabiliyyəti nə qədər azdırsa, onun potensial imkanlar tavanı da o qədər alçaqdır.

Liderlik keyfiyyətləri həmişə individuumun təşkilatda effektivlik tavanı yaratmasını təmin edir. Liderlik güclüdürsə, tavan da yüksək olacaq. Ölkə çətin duruma düşəndə yeni prezident, firma pullarını itirəndə yeni baş direktor, kilsə ziyarət olunmayanda yeni baş pastor, idman komandası ardıcıl məğlubiyyətlərə uğrayanda yeni baş məşqçi axtarışına çıxırlar. Liderliklə effektivlik arasındakı qarşılıqlı əlaqə ən çox idmanda özünü göstərir. Hər bir komandada istedadlar olur. Amma komandaların fərqini məşqçi və bir neçə əsas oyunçunun təmin etdiyi liderlik yaradır. Komandanın effektivliyini dəyişmək üçün məşqçi tərəfindən onun liderlik çəviyyəsini yüksəltmək lazımdır. Bax bu da fəaliyyətdə olan tavan qanunudar.

2.Təsir qanunu

«Liderliyin həqiqi ölçüsü təsirdir».

Əgər insan başqalarına təsir edə bilmirsə, heç vaxt öz ardınca adam apara bilməz. Əsl liderlik heç vaxt hansısa posta təyin olunmaqla baş tutmur, o, yalnız təsir edə bilmək qabiliyyətindən asılıdır.

3.Proses qanunu

«Lider bir gün ərzində deyil, günbəgün olurlar».

Liderə çevrilmək prosesi haradasa aksiya bazarında müvəqqəti kapital investisiyasına bənzəyir. Siz bir günə varidat toplamaq istəyirsinizsə, uğur qazanmağa əsla şansınız yoxdur. Burada ən vacib olan olduqca uzun məsafəyə qaçışda sizin gündəlik hərəkətlərinizdir. Liderlik – çox mürəkkəb məfhumdur. Onun olduqca çox aspektləri var: təcrübə, emosional güc, hörmət, insanlarla ünsiyyət təcrübəsi, nizam-intizam, perspektiv, uzaqgörənlik, vaxtında qərarvermə bacarığı, hücuma keçmə əzmi. Bunların hamısı qeyri-maddi şeylərdir, onları birdən-birə əldə etmək mümkünsüzdür. Məhz buna görə də liderlərə effektiv olmaq üçün belə uzun müddətlik möhkəmlənmə, güclənmə lazım gəlir.

Con Maksvell iddia edir ki, liderliyin bir çox aspektlərini o özü məhz uzun illərdən sonra 51 yaşında hiss etməyə başlayıb. Liderləri digərlərindən fərqləndirən əsas cəhətlər məhz öz bacarıqlarını inkaşaf etdirmək, yaxşılaşdırmaq qabiliyyətidir. Uğurlu liderlər öyrənməyi bacarır və sevirlər. Və öyrənmə prosesi onlarda ömür boyu davam edir.

«İnsan nəyi bilmədiyini bilmirsə, o inkişaf edə bilməz».

Liderlik – inkişaf qanunlarına tabedir.

4.Naviqasiya qanunu

«Gəminin sükanını hər kəs fırlada bilər, ancaq kursu tapmaq üçün lider lazımdır».

Bəzi şturmanlar limanı tərk etməzdən öncə bütün baş tutacaq səyahəti beyin süzgəclərindən keçirə bilirlər. Onlar gözəl bilirlər ki, lazım olan məntəqəyə çatmaq üçün nə qədər güc sərf etmək, komandaya ekspedisiyanın uğur qazanması üçün kimləri salmaq lazımdır. Onlar üfüqdəki maneələri hamıdan tez görürlər.

Lider elə bir şəxsdir ki, başqaları görəndən daha çox görür, başqaları duyandan daha çox duyur.

Bəzən eyni zamanda dörd təyyarənin məhv olmasından danışılır. Bu ona görə olur ki, qırıcı təyyarə dördlükdə sıx halda uçanda mütləq onlardan birinin pilotu aparıcı olur, lider olur. O, öndə gedir, digər üçü ardınca gedərək onun hərəkətlərini təkrarlayır. Bu təkrarlama sonadək, hətta lider sürəti itirib dağa çırpılanda belə davam edir.

Naviqatorlar üçün hər bir keçmiş uğur və uğursuzluq özlüyündə informasiya, müdriklik mənbəyidir. Uğurlar insana özünü daha yaxşı tanımağa, öz bacarıq və istedadına daha çox güvənməyə imkan verir. Uğursuzluqsa səhvləri görüb onların üzərində işləməyə, onları düzəltməyə imkan yaradır.

Naviqatorlar bir çox mənbələrdən informasiya toplayır, aşağı səviyyədə nə baş verdiyini öyrənmək üçün komanda üzvləri ilə daim təmasda olurlar. Onlar situasiyanı dərindən öyrənməyə çalışırlar.

«Əgər siz açıq gözlərlə fəaliyyət göstərməsəniz həyat daim sizə qurşaqdan aşağı gözlənilməz zərbələr vuracaq», - yazır müəllif. O yazır: «Optimizmlə realizmi, intuisiyayla planlaşdırmanı, inamla faktları balanslaşdırmaq çox çətindir. Amma yol göstərən lider kimi effektiv olmaqçün məhz bunlar vacibdir».

Con Maksvell kitabın bu bölümündə öz liderlik fəaliyyətində daim istifadə etdiyi strategiyanı da göstərib:

 - Bütün fəaliyyət ardıcıllığını öncədən düşünmək;

 - məqsədi lokallaşdırmaq və sistemləşdirmək;

 - prioritetləri ünvanlı korrektə etmək;

 - əsas personalı müəyyənləşdirib onu məlumatlandırmaq;

 - planın bəyənilməsi üçün vaxt rezervasiya etmək;

 - reallaşdırmaya fəal qoşulmaq;

 - gözlənilən problemlərə uyğunlaşmaq;

 - uğurları təbii şəkildə görmək və qeyd etmək;

 - hər gün öz planına nəzarət etmək.

Con Maksvellin naviqasiya qanununun əsas məğzi – hazırlıqdır.

5.     E.F.Xatton qanunu.

«Əsl lider danışanda insanlar ona qulaq asır».

Əsl lider təkcə vəzifəyə malik deyil, o, hakimiyyətə malikdir.

«E.F.Xatton» - maliyyə xidməti göstərən kompaniyadar. ABŞ-da belə bir televiziya reklamı var imiş bir zamanlar: Ağzınadək dolu restoranda iki nəfər maliyyə mövzusunda danışırmış. Biri deyirmiş ki, hansısa investisiya barədə filan şey eləmək lazımdır. Bu vaxt ikinci deyirmiş ki, hər şey yaxşıdır, amma mənim brokerim Xatton deyir ki... Həmin an səs-küylü restoranda lal sükut yaranırmış, hamı gözləyirmiş ki, ikinci personal Xattonun sözlərini söyləsin.

Maksvell məhz buna görə öz növbəti qanununu hamının qulaq asdığı Xattonun adı ilə adlandırıb.

Əgər siz əvvəl heç tanımadığınız insan qrupu ilə görüşə gedirsinizsə, cəmi beş dəqiqəyə onların hansının lider olduğunu sezə biləcəksiniz. Kiminsə sualı yarananda bütün qrup uzvləri kimə baxırlar? Kimin sözlərini gözləyirlər? Bax real lider odur.

Vəzifəcə lider birinci danışır, real lidersə sonda.

 - Həqiqi liderlik həmişə daxildən gəlir, xarakterin gücündə özünü göstərir;

 - Liderlik ətrafdakılarla yaxşı əlaqə qura bilmək, güclü çevrəyə malik olmaqdan qaynaqlanır; lazımi adamları tapa bilməklə əlaqələndirilir;

 - Lider çoxlu informasiyaya malik olur;

 - Liderlik intuisiya qabiliyyəti tələb edir;

 - Liderlik təcrübədən qaynaqlanır;

Maksvell Xatton qanununun məğzini dərk etməkçün liderlik arzusunda olan insana məsləhət görür ki, özü-özünə bu sualları versin:

 - Mən danışanda insanlar həqiqətənmi məni dinləyirlər?

 - Onlar bu mövzuda başqa birisinin də danışmasını arzulamırlar ki?

6.Möhkəm özül qanunu

«Liderliyin əsası etibardır»

Sistematik olaraq yaxşı qərarlar qəbul edən, öz hesabına qələbələr yazan lider komandasının etibar kreditini daim yüksəldir. O, hətta nöqsan buraxanda belə etibarına xələl gətirmir.

Özünə etibar qazanmaqçun liderdə kompetentlik, xarakter, habelə ətrafındakılarla əlaqə yaradıb müntəzəm bu əlaqəni saxlamaq bacarığı olmalıdır.

General Şvartskopf yazır: «Liderlik strategiya və xarakterin güclü birliyidir. Əgər siz bu iki keyfiyyətdən birindən imtina etməyə məcbursunuzsa, onda yaxşısı budur strategiyasız qalın».

Liderin xarakteri güclü olanda insanlar ona etibar edirlər, eləcə də onlarda çalışdıqları təşkilatın gözəl gələcəyinə böyük inamları yaranır. Güclü xarakter – liderin möhkəm özül üzərində bərqərar olması deməkdir.

Liderlər necə olur ki, özlərinə hörmət qazanırlar? Ağıllı qərarlar qəbul edəndə, öz səhvlərini etiraf edəndə, bir də ardıcıllarının, təşkilatının maraqlarını öz şəxsi maraqlarından üstün tutanda.

Liderin möhkəm xarakteri ardıcılları arasında ona etibar yaradır. Amma elə ki, lider ümidləri doğrultmur, o, insanları ardınca aparmaq qabiliyyətini itirir. Möhkəm özül qanunu məhz budur.

7.Hörmət qanunu.

«İnsanlar təbii şəkildə elə bir liderin ardınca gedirlər ki, o, onlardan güclü olur».

1820-ci ildə ABŞ-ın cənubundakı Merilend ştatında anadan olan Qarriet Tabmen adlı zənci qadın cəmi 30 yaşında liderə çevrilərək Peyğəmbərin şərəfinə Musa adlandırıldı. Xırda mehmanxanalarda döşəmələri silən, zibil daşıyan, hədsiz dərəcədə yoxsul olan, savadı olmayan, yeniyetməliyində iş yerində sahibkar tərəfindən başına dəmir parçası ilə vurularaq ağır zədə alıb sağlamlığını belə itirən bir qadının lider olmaq ehtimalı neçə faiz ola bilər? Əlbəttə ki, sıfır deyəcəksiniz.

O dövrdə qara dərililər cənub ştatlarında qul hesab edilirdilər. Bununla əsla razılaşmayaraq «ya azadlıq, ya ölüm» devizi ilə Tabmen şimala – Filadelfiyaya qaçır. Özü azad olur, ancaq Merilenddə qalan qohumlarını da azadlığa çıxarmaq fikri ilə yaşayır. Tezliklə gizli dəmir yolu vasitəsilə gedib onları da Filadelfiyaya gətirə bilir. Bundan sonra qadın hər bahar həyatı ilə risk edərək cənub ştatlarına gedib çox sayda zənciləri xilas edərək Şimala gətirməyə başlayır. O, qorxu bilməz birinə çevrilir, onun liderliyi isə get-gedə möhkəmlənir.

1850-1860-cı illərdə Qarriet Tabmen 19 dəfəyə Cənubdan 300-dən çox qul çıxara bilir, «mənim qatarım bircə dəfə də relsdən çıxmayıb», - söyləyən qadın xilas etdikləri arasında bircə nəfəri belə itirmir.

Cənubdakı ağ ağalar hətta onun başına 12 min dollar pul da qoyurlar. Bununla belə, onun gözünü qorxuda bilmirlər. Tabmenin şöhrəti get-gedə artır, o, Amerika tarixinə ən çox qulun azadlığına nail olmuş insan kimi düşür.

Tabmen şimalda təşkil edilən iclaslarda iştirak edir, onu tək zəncilər deyil, bütün cəmiyyət lider kimi tanımağa başlayır. Hətta Avraam Linkoln hökumətində dövlət katibi olmuş Frederik Duqlas, senator Uilyam Syuard, məşhur inqilabçı Con Braun belə bu qadından liderlik sirlərini öyrənirlər.

Beləliklə, əslində lider olmaqçun heç bir perspektivi görünməyən Qarriet Tabmen inanılmaz gücü və təsiretmə qabiliyyəti ilə liderə çevrilir. Səbəb sadədir: insanlar onların özlərindən güclü olan liderin ardınca gedirlər. Heç vaxt olmur ki, insanlar kiminsə ardınca elə-belə getsinlər. Onlar, liderliyinə hörmət etdikləri adamların ardınca gedirlər.

8.İntuisiya qanunu

«Liderlər hər şeyi liderlik prizmasından qiymətləndirirlər».

Reallıq belədir ki, məhz lider intuisiyası görkəmli liderləri yaxşı liderlərdən fərqləndirir. Lider gərək situasiyanı oxusun və instinktiv olaraq hansı hərəkət variantını seçəcəyini bilsin.

Bəzi insanlar liderlik xüsusiyyətləri ilə doğulurlar. Onlarda liderlik intuisiyası da anadangəlmə olur. Bəziləri doğulanda heç bir liderlik instiktinə malik olmurlar, amma yaşadıqca liderlik keyfiyyətlərini əxz edirlər. Eləcə də liderlik intuisiyası onlara sonradan gəlir.

İntuisiya liderlərə liderliklə bağlı bir çox gizlinləri oxumağa kömək edir. Liderlər cari situasiyanı oxumağı bacarırlar. Liderlər tendensiyaları oxumağı bacarırlar. Liderlər öz resurslarını oxumağı bacarırlar. Liderlər öz adamlarını oxumağı bacarırlar. Və nəhayət, liderlər özlərini oxumağı bacarırlar.

Liderlik elmdən daha çox incəsənətdir.

 

 “Ədəbiyyat və incəsənət”

(24.08.2023)

 

 

“Bakı haqqında mühazirələr” layihəsi çərçivəsində paytaxt metrosunun tarixinə həsr olunmuş ikinci mühazirə keçirilib. 

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətinin məlumatına görə, tədbir Azərbaycanın Rus Gəncləri Assosiasiyası, “Bakı Metropoliteni” QSC və Bakıdakı Rus Evi tərəfindən birgə təşkil olunub.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Əli Fərəcov mühazirə deyib. Tədbirin qonaqları Bakı metropoliteninin tarixi və inkişafı, eləcə də paytaxt metropoliteni üçün vaqonların bir çoxunun Rusiyada “Metrovaqonmaş” zavodunda hazırlandığı haqqında maraqlı məlumatlar əldə ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2023)

YAPON YAZIÇI HƏLƏ Kİ REYTİNQDƏ BİRİNCİDİR

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Xəbər verdiyimiz kimi, dünyanın ən nüfuzlu mükafatı olan Nobel mükafatı həftəsi ənənəvi olaraq 2023-cü ilin oktyabrında keçiriləcək, lakin bukmeykerlər artıq indidən reytinqlər tərtib etməyə başlayıblar. Belə ki, artıq “Nicerodds” saytında dünyanın ən nüfuzlu mükafatının ədəbiyyat sahəsində namizədlərinin siyahısı dərc edilib. Və son illərdə olduğu kimi yenə də bukmeyker reytinqinin çoxillik favoriti Haruki Murakami liderlik mövqeyində qalır. Onun qələbə şansının nisbəti daha çoxdur. Söhbət 1:1,2-dən gedir. Halbuki, yapon yazıçının ən yaxın izləyicisi -  reytinqdə ikinci yerdə qərarlaşan çinli avanqard yazıçısı Den Syaohua üçün şans nisbəti 1:2,7-dir. İnanılmaz üstünlükdür. 

“Norveç meşəsi” və “Kafka sahildə” kimi iki şedevrlə dünya ədəbi xəzinəsini zənginləşdirən Murakamini içi mən qarışıq Azərbaycanda da çox sevirlər. 

O ki qaldı ikinci yerdə gedən, əsərlərini Tsan Syue təxəllüsü ilə yazan Den Syaohuaya, onu çətin ki tanıyan tapılar. 

Baxın, son illər dünya klassik ədəbiyyatının son iki mogikanı - Murakami və Kinderanı hər il Nobelə əsas namizəd hesab edir, sonda isə mükafatı, tutalım, Bob Dilan kimi gitatistə verirdilər. Kundera Nobel almayıb bu yay günlərində dünyadan köçdü. Qaldı təkcə Murakami. 

Oxuculara bikmeyker siyahısı barədə digər bilgiləri də verim. 

Liderlərin reytinqində üçüncü yerdə avstraliyalı nasir Cerald Marneyndir. 

Sonrakı yerlərdə norveçli dramaturq olan Yuna Fossen və rusiyalı yazıçı Lyudmila Ulitskaya qərarlaşıblar. 

Ədəbiyyat sahəsində 2023-cü il Nobel mükafatı laureatı adına namizədlər sırasında Tomas Pinçon, Marqaret Etvud, Salman Rüşdi, özbəkistanlı jurnalist və yazıçı Hamid İsmailov və başqalarının da adları var.

Nobel mükafatı siyasi çalar aldıqca ədəbi dəyərlərin qiymətlənməsi şansı da azalır. Və bir də gördünüz, bu il də Murakami mükafatı ala bilmədi, əvəzində, Nobel siyasətin qurbanı olaraq rus Lyidmila Ulitskayaya qismət oldu. Putin siyasətinə qarşı çıxmaq cəsarəti göstərən bu xanım məhz əsərlərinə görə deyil, cəsarətinə görə bir milyon dollara, ən əsas da ad-sana və nüfuza sahib oldu.

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.