Super User

Super User

Thursday, 24 August 2023 16:15

Gəlincik bütün rekordları qırır

 

Rejissor Qreta Qerviqin ekranlaşdırdığı “Barbi” filmi rekord məbləğdə gəlir əldə edib. Bu barədə kinonews.ru saytı məlumat verib. 

 

Film nümayişə çıxmasının beşinci həftəsində 20 milyon dollardan çox gəlir əldə edən 10-cu film olub.

Qeyd edək ki, ilk onluğa daxil edilən ən yaxşı filmlərin arasında “Titanik” və “Avatar” da yer alır.

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2023)

 

“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.

 

 

 

4-CÜ DƏRC

 

 

Tamaşaçıların alqış sədaları altında Baş Hakim çixişini davam etdirdi:

-Yeddinci fakt: Tetris-vordtris oyun kompaniyasının təsisçilərindən biri Ermənistan prezidenti Armen Sarkisyandır. İndi anlayırsınızmı, niyə qondarma Dağlıq Qarabağ Respublikasının, qondarma Cavax Respublikasının, qondarma Ermənistan Naxçıvanı və qondarma Qərbi Ermənistan Respublikalarının bayraqlarında tetris oyununun elementləri var?

Həmin bayraqlar monitorda nümayiş etdirildi, tamaşaçılar heyrətləndilər. Baş Hakimsə özündənrazı halda çıxışını davam etdirdi:

-Sanki talenin ironiyasıdır – oyuncağın elementləri oyuncaq respublikaların bayraqlarındadır. Əlbəttə, ermənilər bu faktı bacardıqca danırlar, amma bayraqlar göz qabağındadır, hamı baxıb buna ımin oldu artıq.

-!!!

-Səkkizinci fakt: Erməni ailələrində Mütləq Matriarxat hökm sürür. Qadının razılığı olmasa heç bir iş həyata keçə bilməz, heç nə ölü nöqtədən tərpənə bilməz. Qafqazda partiarxat hökm sürdüyü yerdə ermənilərin matriarxatı suallar doğurur, necə ola bilər ki, buradakı bütün xalqlar – gürcülər, azərbaycanlılar, ləzgilər, avarlar, çeçenlər, osetinlər, kabardinlər və digərlərində söz sahibi kişidir, yalnız ermənilərdə qadındır? Bu müqayisə erməniləri həmişə hiddətləndirir. Hətta bu fakt erməni tarixçilərini məcbur edir ki, onlar ermənilərin Qafqazda gəlmə xalq olduqlarını ortaya atsınlar.

-!!!

-Doqquzuncu fakt: Bibliyada erməni xalqının adı yoxdur. Necə yəni, bunlar iddia edirlər ki, dünyanın ən qədim və ən böyük xalqıdırlar, ancaq dünyanın ən qədim, ən müqəddəs səmavi kitabında bunların adına rast gəlinmir? Nonsens. Yəhudilər var, romalılar var, yunanlar var, misirlilər var, amma ermənilər yoxdur. Bəs hanı qədim və böyük xalq olmağın sübutu? Bibliyanı saxtalaşdırıb yenidən dərc etsinlərmi? Neynəsinlər erməni millətçiləri?

Yenə yerdən, müttəhimlər əyləşən sıradan səslər gəldi:

-Bibliyanın əldə olan nəşrləri təhrif olunub.

- Bizim tarixi dəlil-sübutlarımız var, hətta İsa peyğəmbərin hay olması barədə əlimizdə...

Uğultu və fit səsləri yerindən danışan müttəhimin səsini eşidilməz etdi. Baş Hakim çıxışını davam etdirdi:

-Niyə dünyanın ən qədim kitabında dünyanın ən qədim xalqının adı çəkilməsin axı? Deyim niyə. Çünki erməni xalqı dünyanın heç də ən qədim xalqlarından biri deyil. Mən erməni xalqının əsla düşməni deyiləm, axtarsanız, hətta dostuyam. Uilyam Saroyanın romanlarını sevə-sevə oxumuşam. İvan Ayvazovskinin rəsmlərinə heyranlıqla tamaşa etmişəm. Şarl Aznavurun musiqilərinin dəlisiyəm. Bu prosesdə ittiham olunacaq Kirk Kerkoryanın Las-Veqas maqnatlığına yüksələn yolunu özümə örnək götürmüşəm, amma Las-Veqasdakı kazino fəaliyyətini dəstəkləmirəm, etriraf edirəm. Levon Aroyanın şahmat partiyalarından zövq almışam. Henrix Mxitaryanın vurduğu qollardan çox feyziyab olmuşam. Bax indi müttəhimlər sırasında əyləşsə belə, Kim Qardaşyanın seksuallığından daim riqqətə gəlmişəm.

Auditoriya gülüşdü, Baş Hakim xoşlayırdı proseslər zamanı incə yumordan istifadə etməyi. Səssizlik bərqərar olanda mətnini davam etdirdi:

-... Amma əlahəzrət fakta qurban olun, faktın qarşısında heç nə duruş gətirə bilməz. Diqqətlə dinləyin məni. İndi sonuncu – onuncu faktda həmin bu sualın cavabını verəcəyəm. Beləliklə...

Müttəhimlər əyləşən sıradan “Monarx ordenlərinin tarixi”nə toxunmayın, biz qəti etiraz edirik” deyə çığırtılar eşidildi, orada əyləşənlər uğultu qopararaq Divan Hakiminin səsini boğmağa çalışdılar. Amma hakimin mikrofonun dəstəyi ilə daha da gurlaşan səsi bir dəqiqə sonra yenidən hakimi-mütləq oldu:

- Əziz tamaşaçılar, dinləmək istəyirsiniz, deyilmi?

Hamı xorla “bəli” deyə səslənəndə Baş Hakim məmnunluqla nitqini yekunlaşdırdı:

- Və ən nəhayət, onuncu fakt: 18-ci əsrdə Rusiya salnamələrində “erməni xalqı” deyilən bircə mənbəyə rast gəlinməz. Pyotr Alekseyevin 1773-cü ildə çap olunmuş Kilsə lüğəti kitabında “armenlər” ifadəsi yer alıb, orada qeyd olunur ki, armen-yeridiklər öz dini təlimlərini və inanclarını yeridən kilsə xadimləridir. Parisdə 1680-ci ildə çap olunan “Monarx ordenlərinin tarixi” kitabında açıq-aydın yazılıb ki, armenlər-ermənilər monax ordenidir, bu adda millət yoxdur. Təbii ki, əllərində imkan olsa, ermənilər bu kitabların son nüsxəsini də acımasızlıqla yandırarlar.

Müttəhimlər sırasında əyləşənlərdən birinin halı xarablaşdı, həkim gələsi oldu, biri su istədi. Bir müddət fasilə yarandı. Hakimlər də fürsətdən yararlanıb qəhvə içdilər. Fasilədən sonra çıxışını uğurla yekunlaşdıran Baş Hakim sağında və solunda əyləşmiş digər iki hakimdən bir əlavələrinin olub olmadığını soruşdu. Hakimlərdən solda əyləşəni, çıxışı zamanı Baş  hakimə tez-tez “düzdür”, “elədir”, “mən də buna əminəm” kimi idadələrlə hey dəstək verən yaşlısı “Mənim əlavəm var” deyərək söz istədi, Baş hakim söz verdikdə həvəslə danışmağa başladı:

- Düzü, erməni məsələsi çox fenomenal məsələ olduğundan daim məni maraqlandırıb, uzun illər mən bu mövzunu təqib etmişəm. Erməni məsələsi doğrudan da bəşər tarixində anoloqu olmayan məsələdir, çünki əsrlərdir ki, eyni bir mövzu estafet kimi bir xadimdən digərinə ötürülür, gəlib 21-ci əsrə çıxıb. Bir baxın. Divanını qurduğumuz hər bir fironun, diktatorun günahı fərdidir, özüylə birgə günah tarixçəsi də bitib. Məsələn, Kaliqula. Bu Qədim Roma imperatoru öz hakimiyyətini itirməkdən qorxub, tutalım, kimisə içərisində şirlər olan qəfəsə atar, kimisə arıların sancmasına tuş edərdi. Özünəməxsus tiranlıq tarixçəsi olub və özünün ölümü ilə bağlı da bu tarixçənin sonu gəlib. Yaxud ağlasığmaz vəhşilikləri ilə seçilən 16-cı əsr Rus çarı İvan Qroznının xəyanətdə ittiham edilən saray əyanlarını tikə-tikə doğradaraq üzərilərinə qaynar su, buz tökdürməsi,  dərilərinin ətdən qopmasından həzz alması ilə tarixin yaddaşına yazılan cinayətlərə imza atması da yalnız onun özünə və öz dövrünə aid sinayətlər idi. Bəşəriyyəti nasizm vəhşilikləri ilə sarsıdan Adolf Hitler onlardan cəmi bir baş irəlidə olsa da, tək özü deyil, bütün bir ölkəni, müttəfiqlər ordusunu bu cinayətlərə şərik etsə də, bu cinayətin də konkret dövrü olub və gedib: 20-ci əsrin 30-cu, 40-cı illəri. 2-ci dünya müharibəsində faşizmin məğlubiyyəti ilə Hitler nasizminə son qoyulub, Nürnberq prosesi kimi ədalət mühakimələri ilə nasistlər cəzalandırılıblar. Amma erməni məsələsi, bayaq dediyim kimi, əsrlərdir ki, davam edir. Müharibə, qətliam, terror məzmunlu bu məsələ dünyanı daim narahat edir. Bir antitürkçülüklə silahlanmış nəsil gedir, digəri gəlir. Ona görə Divanda birdən-birə bu qədər ittiham olunan əyləşib. Baş Hakim təfsilata toxunmadı, mən deyəcəyəm, illərdir bizim Divana şikayətlər daxil olurdu, daim terrora məruz qalan, erməni xəyanəti nəticəsində Antanta qoşunlarından zərbə alan Osmanlı İmperiyası əyanlarından, ordusundan, 1918-ci ildən ta ki 2020-ci ilədək qırğın və müharibələrə məruz qalmış Azərbaycan türklərindən, Quba qıtliamına məruz qalmış yəhudilərdən, 2-ci dünya müharibəsində ermənilərin satqınlıq və xəyanətkarlıqla faşistlərin tərəfinə keçməsi nəticəsində ciddi itkilər verən ruslardan, Qdlyan soyadlı müstəntiqin təqib və işgəncələrindən zülüm çəkən özbəklərdən, daha kimlərdən gələn şikayət seli dayanmırdı. Üstəlik, zorən, məcburən millətçi ünsürlərin güdazına gedib əlinə silah götürən, cavan yaşında həlak olan minlərlə sıravi erməni gənclərinin gözləri yaşlı qalmış anaları da bizdən ədalət məhkəməsi qurmağı tələb edirdi. Ona görə də biz bu Divanı qurası olduq. Əminik ki, erməni millətini faciələrə sürükləyən bu ideoloqların cəzalandırılmasından sonra erməni xalqı daha yolundan sapmayacaq, yalnız və yalnız digər millətlərlə sülh içində, əminamanlıq şəraitində yaşamağa başlayacaq. Mənim sözüm bu qədərdir. Möhtərəm Baş Hakim Divanı davam etdirə bilər.

Bu arada erməni müdafiəçilərindən biri protest edib “Xalqlara qarşılıqlı hörmət  barədə ümumdünya kodeksi sənədi” deyilən bir sənəd çıxarıb oradan oxudu ki, “müəyyən şəraitdə digər xalqların birləşərək bir xalqı aşağılamaları cinayət hesab edilir və bu cinayət hüquqi konteksdə cəzalandırılmalıdır”.

Divanın Baş hakimi erməni müdafiəçisinə söylədi ki, bəli, bir xalqı aşağılamaq cinayətdir, mən sizinlə razıyam. Ardınca mikrofonuna əl gəzdirib əsl natiqlərə xas zil səslə çıxışa başladı:

-Prosesə başlamazdan əvvəl biz ermənilərin qorxduğu 10 faktı açıqladıq, ardınca dünyanın məşhur mənbələrinin və məşhur simalarının müxtəlif illərdə erməni xalqı barədə söylədiklərini burada səsləndirmək də yerinə düşərdi. Deyim niyə. Bəli, dünyaşöhrətlilər erməni üzdəniraqlarının millətçilik, torpaqqoparma, pislik, satqınlıq, xəyanət kimi rəzilliklərini görərək bu cür sözlər söyləyiblər. Əlbəttə ki, bir hakim olaraq mən və bizim Divanımız heç də erməni xalqının əleyhinə deyil, mən bunu bir demişəm, bir də deyirəm, biz bütün xalqları öz xalqımız kimi sevib ehtiram bəsləyirik. Bizim davamız həm öz xalqına, həm də başqa xalqlara qənim kəsilən erməni millətçiliyi ilədir. Mən diktorlardan xahiş edərdim ki, sözügedən mətnləri səsləndirsinlər.

Protest edən erməni müdafiəçi demək istədiklərini bu çıxışın qabağında içindəcə boğmalı oldu.

 

 (Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2023)

 

Ötən ilin 24 avqust günündə “Ədəbiyyat və incəsənət” portalının “Güneydən gələn səslər” rubrikasında Güney Azərbaycan təmsilçimiz Əli Çağla sizləri şair Əbasət Purhəsənin şeirləri ilə tanış etmişdi.

Əbasət Purhəsən 1982-ci il avqust ayının 21-də Qaradağın Əhər şəhərində dünyaya göz açıbdır. İllərdir çarpara şeirləri ilə tanınan Əbasət Əhərin Bariz Ədəbi Dərnəyinin (BƏD) başqanıdır.

 

 

 

SƏNDƏN SONRA

 

Qəlbimin ağrısı toxtamaq üçün,

Darıxmayacağam səndən ötəri.

Özümə toy tutub ögey şəhərdə,

Kefləndirəcəyəm bekef şəhəri.

 

Elə sevəcəyəm aldığım qızı,

Döyünə-döyünə giciyin gələ.

Verdiyim ürəyi qaytardığına,

Özünün özündən acığın gələ.

 

Yəqin gözlərindən damcı axacaq,

Bir vaxt həsrət idin bir damcıya sən!

O gün yaxşı olar dərinə getsən,

Bilərsən nə çəkdim dünənlərdə mən.

 

Dünənlər sovuşdu, bu gün sovuşur,

Dünənlər bu günə bəhanə imiş.

Qürurum qüruru, quru qürurun,

Bilmədim bu qürur səndə nə imiş?!

 

Nə deyim, bilmirəm, bəlkə də bir gün,

Yenidən doğuldum səni sevməyə.

Bilmirəm bəlkə də son dünyamızda,

Tanrı gəldi bizə kəbin kəsməyə.

 

 

 

BİRİNCİ SUAL

 

Ölümlər şirindi, ölümlər acı,

Yoxsulluq ölümün biridi bəlkə.

Biz hələ dünyadan nə bilirik ki,

O qız, o oğlanın əridi bəlkə?!

 

Ağaclar köynəyin dəyişir nədən?

Küçədən, küçəyə min sualım var.

Yadımda babamın nağıllarında,

Bir nağıl deyirdi: “Axtaran tapar.”

 

Axtardım, tapdığım bu gün sən oldun,

Ah qundaq, sənin də dərdin çox imiş.

Inqıltı səsinə analar gəldi,

Heç elə bil sənin anan yox imiş!..

 

Gözlərimdə yollar, içimdə dağlar,

Səni evlərinə kimlər aparar?

Atalı, analı yetim qundağın,

Bələyin kim açar, başın kim dadar?

 

Günəş də küsürdü dağın dalından,

Quşlar da göylərdən yığışırdılar.

Sızıltı səsinə can-can deyənlər,

Sadağa tullayıb soruşurdular.

 

Sən qucağımdaydın, mən oturmuşdum,

Kiçik əllərini üzümə çəkdin.

Dilənçi deyildik, biz qərib idik,

Beynimdə nə varsa gözümə tökdün.

 

Yolun qırağına kim qoyub səni,

Bəlkə də yenidən Həvva doğubdur!

Bizi göydən yerə gətdiyi kimi,

Səni də cənnətdən yerə qovubdu.

 

Biz hələ dünyadan nə bilirik ki,

Bir uşaq qolumda, ana olmuşam.

Atası kim ola, anası kimdi?

Birinci sualda hələ qalmışam...

 

 

 

BƏZƏKLİ MANKƏN

 

Bazar qabağında bəzəkli mankən,

Hər gələn əl atır donuna sənin.

Yaşamağın üçün açılmır donu,

Soyuq şəhrimizdə geydiyin donun.

 

Əllərin əlimdə, əlin əlimi,

Əlinin içində saxlaya bilmir,

Nə çəpik çalırlar qabağımızda?!

Nə üçün görənlər ağlayır, gülmür?

 

Mən səni sevdiyim qıza oxşatdım,

Ya şəhər ağılsız, ya da mən dəli!

Bir dəyqə özümü sevindirməyə,

Sənin də abrına toxundum, bəli.

 

Səndən ayrılıram, bilirəm ancaq,

Əynindəki donu götürəcaqlar.

Bilmirəm bəlkə də oğlan paltarın,

Geydirib əyninə, toy tutacaqlar.

 

Bəlkə də bazardan, bazara köçüb,

Gözdən düşəcəksən, gic qalacaqsan.

Bilmirəm, sabahın heç kimsə bilmir,

Bəlkə də sevdiyim qız olacaqsan!..

 

 

 

BİZ BEŞ YOLDAŞIYDIQ

 

Biz beş yoldaşıydıq məhəlləmizdə,

İtlər ulayırdı küçələrində.

Biz beş yoldaşıydıq, biz beş beyni qan,

Əhərin dumanlı gecələrində.

 

Gündüzlər, gecəyə fikirləşirdik,

Gecələr, gündüzə fikirləşirdik.

Bizi aldadırdı matikli qızlar,

Yenə aldanmağa hazırlaşırdıq.

 

On beş yaşındaydıq həyatımızda,

Həyat bizdən qoca, arzumuz Təbriz.

Hələ fikirimiz böyüməmişdən,

Günlər sovuşurdu, böyüyürdük biz.

 

Fəsillər sovuşdu, illər sovuşdu,

Nə oynaya bildik, nə gülə bildik!

Beş oğlan Əhərdən dünyadan köçüb,

Dörd oğlan Təbrizdə dünyaya gəldik!

 

Bizlər yerimizi dəyişə bildik,

Nədən fikrimizi dəyişənmədik?

Görən bu dünyanın dalında nə var?

Qaranlıqlarınan güləşənmədik!

 

Qəfələr bucağı yerimiz idi,

Ürəyi doluyduq, beyni boşuyduq.

Aldadırdı bizi bəzəkli Təbriz,

Biz beş yoldaşıydıq, biz beş daşıydıq.

 

 

 

UŞAQLIQ YOLDAŞIM

 

Hava ağlayırdı ağırlığından,

Elə anlayırdım çırpınırsan sən.

Əlimi uzaldıb əlimə aldım,

Sənə layla çaldım doyunca dünən.

 

Ovcumun içində yuxuya keçdin,

Körpə uşaq kimi, ətsan quş kimin.

Ağzını yumurdun lal dünyamıza,

Ya sona çatırdı sənin də qəmin.

 

Sən elə ovcumu qucaqlamışdın,

Səni ovucumdan ata bilmirdim.

Yuxu gözlərimi alırdı, ancaq –

Sənsiz yuxularda yata bilmirdim.

 

Ovcumun içindən ayrılmadın heç,

Səni sevə-sevə öldürdüm dünən.

Uşaqlıq yoldaşım, bayram balığı,

Daha çırpınmayır nə mən, nə də sən...

 

 

Qeyd: Şeirlərin orfoqrafiyasına toxunulmamışdır.

 

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2023)

 

 

 

 

 

2024-cü ildə Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın bəstəkar icmalarının davamlı şəkildə qarşılıqlı fəaliyyət göstərməsinə imkan verəcək Xəzəryanı ölkələrin Bəstəkarlar Assosiasiyası təsis ediləcək.

 

Bu fikri Xəzəryanı Dövlətlərin Simfonik Orkestrinin bədii rəhbəri və dirijoru Mixail Qolikov Xəzəryanı dövlətlərin bəstəkarlarının I Beynəlxalq Forumu çərçivəsində TASS agentliyinə müsahibəsində deyib.

Avqustun 23-də Həştərxanda “Xəzər fəsilləri” beynəlxalq klassik incəsənət festivalı çərçivəsində ilk dəfə olaraq Xəzəryanı dövlətlərin bəstəkarlarının I Beynəlxalq Forumu keçirilir. Azərbaycan, Rusiya, Qazaxıstan, Azərbaycan, İran və Türkmənistanın mədəniyyət xadimləri və bəstəkarları bu tədbirdə iştirak ediblər.

“Həştərxanda klassik incəsənət festivallarının keçirilməsi təcrübəsi göstərdi ki, Xəzəryanı dövlətlərin orkestri üçün proqram işləri axtararkən, əslində, bu ölkələrin bəstəkarlıq məktəbləri haqqında heç nə bilmədiyimiz məlum oldu. Eyni zamanda, bəlli oldu ki, klassik musiqi ilə yanaşı, sadəcə olaraq, yeni və müasir musiqilər ifa etmək, bu melodiyaların bugünkü tamaşaçılar tərəfindən sevilməsinə nail olmaq lazımdır. İndi biz forum iştirakçıları ilə əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında bəyannamə imzalamışıq. Bu, Xəzəryanı ölkələrin Bəstəkarlar Assosiasiyasının yaradılması üçün müəyyən hüquqi formanın hazırlanması deməkdir. Yeni təşkilat bizə daimi əsasda daha səmərəli işləməyə, yerli bəstəkar icmaları ilə qarşılıqlı əlaqə qurmağa imkan verəcək”, - deyə M.Qolikov bildirib. O əlavə edib ki, 2024-cü ildə dövlətlərarası təşkilatın yaradılmasının detalları müzakirə olunur. 

M.Qolikovun sözlərinə görə, I Beynəlxalq Forum çərçivəsində onlar Xəzəryanı ölkələrin bəstəkarları arasında müsabiqənin hər il keçirilməsi perspektivi ilə bağlı təşəbbüs irəli sürüblər. Münsiflər heyətinə bütün iştirakçı ölkələrin mədəniyyət xadimləri, musiqişünaslar, ifaçılar və peşəkar tənqidçilər daxil olacaq.

“Bəstəkar müsabiqəsi qalibinin adı 2024-cü ildə keçiriləcək növbəti “Caspian Seasons” beynəlxalq festivalının qala-konsertində açıqlanacaq və burada müəllifin əsəri Xəzəryanı ölkələrin orkestrinin ifasında səslənəcək. Həştərxan Filarmoniyasında müsabiqə laureatları üçün konsert təşkil olunacaq. Əminəm ki, bəstəkarlar forumu və sonradan Xəzəryanı ölkələrin Bəstəkarlar Assosiasiyasının yaradılması bizim bəstəkar icmalarını müxtəlif məkanlarda birgə konsertlər, forumlar və yaradıcılıq görüşləri ilə birləşdirəcək”, - deyə M.Qolikov vurğulayıb.

Qeyd edək ki, avqustun 22-də Həştərxanda “Xəzər fəsilləri” Beynəlxalq Klassik İncəsənət Festivalı başlayıb. Festival çərçivəsində avqustun 25-dən 28-dək Həştərxan Filarmoniyasında Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan günləri keçiriləcək. Xəzəryanı ölkələrdən 70-ə yaxın musiqiçinin daxil olduğu Xəzəryanı dövlətlərin simfonik orkestri “Xəzər fəsilləri”nin əksər tədbirlərinin fəal iştirakçısı olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2023)

Thursday, 24 August 2023 15:00

Trendyol, Kontakt Home və digərləri

 

“Ədəbiyyat və incəsənət” rubrikasının sual-cavab rubrikasında bu gün “Azərbaycanda ən çox istifadə edilən onlayn alış-veriş saytları hansılardır” sualına cavab veriləcək. Rubrikanı Nihad Alimoğlu aparır.

 

1. Trendyol

2. AliExpress

3. Umico Market

4. Kontakt Home

5. LC Waikiki

6. İrşad

7. Baku Electronics

8. Alibaba

9. Ebay

10. DeFacto

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2023)

 

Moskvada keçirilən “Kitabxanaların birlik təhsil əməkdaşlığı” təlim kursunun ikinci mərhələsində Azərbaycanı Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının İnformasiya və media ilə iş şöbəsinin müdiri Nübar Cəlilova təmsil edib. 

 

Bu barədə Respublika Gənclər Kitabxanasından məlumat verilib. Beynəlxalq tədbirdə Nübar Cəlilova bu il 95 illik yubileyini qeyd edən Respublika Gənclər Kitabxanasının daxili strukturu, fond tərkibi, fəaliyyəti, kitabxanada tətbiq edilən milli sistem – “Alisa” proqramı haqqında ətraflı məlumat verib. Kitabxanada rəsmi sayt üzərindən təqdim edilən elektron xidmətlər, virtual ünsiyyət vasitələri, kitabların elektron formata keçirilməsi, həmçinin kitabxana əməkdaşlarının təlimlərə cəlb olunması prosesindən danışıb. 

Təlim iştirakçıları Moskvanın ən böyük kitabxanalarında olublar. Sonra Rusiya Dövlət Kitabxanasının Elmi və tədris fəaliyyəti departamentinin direktoru Yevgeniya Quseva və beynəlxalq humanitar əməkdaşlıq məsələləri üzrə rəsmi şəxs Dmitri Polikanovla görüş keçirilib. Görüşün sonunda layihə iştirakçılarına sertifikatlar təqdim olunub. 

Qeyd edək ki, beynəlxalq humanitar əməkdaşlığın “Yeni nəsil” proqramı çərçivəsində təşkil edilən təlim kursunda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Serbiya, Tacikistan və Özbəkistanın kitabxanalarından 53 gənc mütəxəssis iştirak edib. Təlim kursu çərçivəsində kitabxanalarda prioritet fəaliyyət istiqamətləri, nümunəvi bələdiyyə kitabxanalarının yaradılması, kitab nəşrlərinin rəqəmsallaşdırılması və Milli Elektron Kitabxananın portalında yerləşdirilməsi üzrə Rusiyanın milli layihələri, müasir dövrdə kitabxanalar qarşısında duran vəzifələr və s. bu kimi mövzular müzakirə edilib.

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2023)

Thursday, 24 August 2023 14:36

Axı Yer kürəsi yumrudur...

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Düz 57 ildir ki, hərəkətdəyəm, gedirəm, amma hələ də Yer kürəsinin başına bir dəfə də olsun fırlana bilməmişəm. Bəs deyirdilər ki, Yer planeti yumrudur, kiminləsə üz-üzə gəlmək şansı həmişə var. Qəribədir, niyə onunla rastlaşmamışıq, bilmirəm. Ya da haradasa yanımdan ötüb keçib fikir verməmişəm. Nə isə, sözümün canı odur ki, bu dəfəki qəhrəmanımın haqqında geniş danışa bilməyəcəm. Etiraz etməsəydiniz, söhbətimi dostlarının onun haqqında söylədiklərindən sitatlar gətirməklə ərz edərdim. 

Məmməd Araz yadigarı, Aqil Abbasın ömür-gün yoldaşı, tanınmış jurnalist İradə Tuncay deyir ki;- "İlqarla biz Universitetin jurnalistika fakültəsində birgə təhsil almışıq. Hələ tələbəlik illərindən İlqar hər kəsdən seçilir, hamı tərəfindən sevilirdi. İlqarda qeyri-adi cazibə keyfiyyəti vardı. İstənilən adamla bircə söhbətdən sonra həmin adam yenə də İlqarın həmsöhbəti olmaq istəyirdi. Onun cazibəsini heçnə neytrallaşdıra bilmirdi. İllər keçsə də İlqar hələ də bu cazibəni qoruyub saxlaya bilib."

 

Yox, yox, söhbət sizin düşünüyünüz İlqardan deyil, İlqar Həsənovdan gedir. Ona İlqar Musayeviç də deyirlər. Həmkarı İttifaq Mirzəbəyli söyləyir ki: "İlqar Həsənov müasir mətbuatımızın daim üzdə olan, fəal nümayəndələrindən biridir. Dövlət müstəqilliyimizdən əvvəlki dönəmdə peşəkarlıq, prinsipiallıq və jurnalist məsuliyyəti ilə seçilirdisə, müstəqillik dövründə həmin keyfiyyətlərinə milli təəssübkeşlik və dövlətçilik maraqlarının qorunmasına xidmət kimi dəyərlər də əlavə edib. İlqar Həsənov bölgə müxbiri kimi fəaliyyət göstərdiyi rayon və şəhərlərin hamısının qeyri-rəsmi "fəxri vətəndaşı" statusunu qazanıb".

 

Deyirlər, “Xalq qəzeti”ndə çalışır. Yaxşı yoldaşlığı, sadiq dostluğu, mədəni davranışı var. Üstəlik canlara dəyən adamdır. Şair, jurnalist Əli Nəcəfxanlı isə:- “Bakı Dövlət Universitində görkəmli jurnalist, tanınmış ictimai və elm xadimi, ustad redaktor Nəsir İmanquliyevin 110 illik yubileyinə həsr olunmuş elmi konfransda mötəbər çıxışçılar arasında İlqar Həsənov xüsusilə seçilib. Vaxtilə unudulmaz şəxsiyyətin yaradıcısı və baş redaktoru olduğu "Bakı" qəzeti redaksiyasında çalışmış İlqar müəllim ustadı haqqında nəzəri deyil, məhz praktiki və həyati xarakterli xatirələrini söyləməsi ilə yadda qalıb. Bax, belə bir fenomen insandır bizim İlqar Musaoğlu. 1959-cu ilin 236-cı günündə- avqustun 24-də dünyaya gəlib. Düz 23376 gündür ki, doğmalarını, əzizlərini, dostlarını öz varlığı ilə sevindirir. Arzu edirəm ki, bir bu qədər də yaşasın və sevindirsin! 23376 gün nədir ki? Vur-tut 64 il.”- söyləyir.

 

Arximedin yaxşı bir kəlamı var: “Mənə bir dayaq nöqtəsi verin ki, dünyanı yerindən oynadım.” Rəhmətliyin sözünə qüvvət, bircə dəfə onu görsəydim, yəqin ki, haqqında geniş danışa bilərdim. Amma ümid yeri var, hələ ki, o da, mən də gedirik. Ola bilsin ki, haradasa, nə vaxtsa üz-üzə gəldik. Axı Yer kürəsi yumrudur...

“I’m sorry” söhbətimi burada tamamlamaq məcburiyyətindəyəm. Hə, yaxşı ki, yadıma düşdü- avqustun 24-ü İlqar Həsənovun növbəti ad günüdür. Təbrik edirik!

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2023)

 

Azərbaycanın kino ictimaiyyəti milli kinematoqrafiyamızda öz dəst-xətti ilə seçilən görkəmli rejissor, ssenarist, Xalq artisti, Dövlət mükafatı laureatı, Avropa Kino Akademiyasının üzvü, professor Vaqif Mustafayevin yubileyinə hazırlaşır.

 

Avqustun 28-də Nizami Kino Mərkəzində görkəmli kino xadiminin 70 illiyi münasibətilə yubiley mərasimi keçiriləcək. Yubiley tədbirlərində Avrasiya Televiziya və Radio Akademiyasının prezidenti Valeri Ruzin, Rustaveli adına Tbilisi Dövlət Akademik Teatrının məşhur aktyoru, Gürcüstanın Xalq artisti Aftandil Maxaradze və başqaları Bakıya gələcəklər.

İndidən dünyanın mötəbər kino xadimləri, görkəmli sənətkarlar yubilyara öz təbriklərini göndərirlər. Məsələn, Rusiyanın Xalq artisti, kinorejissor və aktyor “Oskar” mükafatı laureatı Nikita Mixalkov azərbaycanlı həmkarına göndərdiyi video təbrikdə ən xoş arzularını çatdıraraq, onun dünya kinematoqrafiyasında xüsusi yer tutduğunu bildirərək deyir: “Əziz Vaqif, sən əsl milli sənətkarsan. Yalnız milli olanlar ümumbəşəri ola bilirlər”.

Qeyd edək ki, Xalq artisti Vaqif Mustafayev 1953-cü ildə Bakı şəhərində anadan olub. Vaqif Mustafayev yaradıcılığının ilk illərində “Mozalan” kinojurnalı üçün 50-yə yaxın satirik bədii və sənədli süjetlər çəkib. Onun quruluş verdiyi “Bəyin oğurlanması” “Yaramaz”, “Nakəs”, “Fransız”, “Milli Bomba”, “Hər şey yaxşılığa doğru”, habelə ssenari müəllifi olduğu “Fəryad” və digər filmləri böyük tamaşaçı rəğbəti qazanıb. 

Rejissorun parlaq yaradıcılıq nümunələri bir sıra beynəlxalq festivalda mükafatlar qazanıb.

Vaqif Mustafayev Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş 12 sənədli filmin müəllifidir. Bu ekran əsərlərindən üçü “Əsl məhəbbət haqqında” , “Bir həsədin tarixi” və “Xüsusi təyinat” filmləri Moskvada keçirilən Avrasiya Teleforumunun Qran-pri mükafatına layiq görülüb. 2018-ci ildə Xocalı faciəsinə həsr olunmuş “Dərdimi çəkirəm” sənədli filmini çəkən Vaqif Mustafayev, 2022-ci ildə “Həyat, deyəsən, gözəldir” bədii və “Fikrət Əmirov” bədii-sənədli filmlərini ərsəyə gətirib. O, “Həyat, deyəsən, gözəldir” filminə görə Türkiyədə keçirilən “Korkut Ata” Beynəlxalq Film Festivalında “Türk dünyasının ən yaxşı rejissoru” adına layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2023)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

Özünü təhsilə, yaradıcılığa həsr edib. 1999-cu ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olan Xədicə Zeynalovanın mükafat almış "İn memoriam Kara Karayev", "İn memoriam Ludwig van Beethoven", beş hissəli "Qarabağ suita"sı, "Qarabağ həsrəti", "Odlar ölkəsindən şəkillər", solo Arfa və Orkestr üçün konsert, simli kvartet üçün “Miniatürlər”, “Səma” viola və akkordeon üçün duet, Simfonik orkestr üçün “Qarabağ” simfonik poeması, kamera orksteri üçün “Azerbaijani Fairy Tale” və s. bir çox musiqi əsərləri indiyədək Kanada, Fransa, Avstriya, İsveç, Almaniya, İsveçrə, Kipr, İngiltərə, ABŞ, Gürcüstan, Yunanıstan, Türkiyə Oman Sultanlığı və eləcə də bir sıra ölkələrdə ifa olunub. Qeyd etmək lazımdır ki, bəstəkarın bir çox əsərləri Almaniyanın müxtəlif şəhərlərində uğurla ifa olunaraq MDR Radio, WDR Radio, Deutschlandfunk, Radio Bremen, SWR Radio, Cosmo Radio, RBB Berlin Radiolarında yayımlanmışdır.

 

On yeddi ildir ki, Almaniyada yaşayır. Zəngin mədəniyytə malik olan bu məmləkətdə Azərbaycan musiqisini yorulmadan təbliğ edir, almanlara sevdirməyə səy göstərir. Haqqında söhbət açdığım Xədicə xanım Zeynalova Sumqayıt şəhərində ziyalı ailəsində dünyaya gəlib. Səkkizinci sinfədək 27 nömrəli məktəbdə oxuyub. Sonra indiki Sumqayıt Musiqi Kollecinə qəbul olunaraq, dörd il də orada təhsil alıb. 1994-cü ildə həmin kolleci musiqi nəzəriyyəsi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1994-1998-ci illərdə Bakı Musiqi Akademiyasının bəstəkarlıq və musiqişünaslıq fakultəsində Prof. Xəyyam Mirzəzadənin sinfində bakalavr, 1998-2000-ci illərdə isə magistr dərəcələrinə yiyələnib. Hər iki dərəcədən də fərqlənmə diplomuna layiq görülüb. Eyni zamanda 1995-2005-ci illərdə Sumqayıt Musiqi Kollecində müəllim işləyib, musiqi nəzəriyyəsi fənnini tədris edib. Həmçinin 2000-2005-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi çalışıb. 2005-ci ildən Almaniyanın Detmold şəhərində yaşayır… 

 

Atası Əbdülrəhim Sumqayıtda yaşasa da Bakıda, İçərişəhərdə doğulub boya-başa çatıb. Hərbiçi olub, hazırda istefadadır. Anası Əzizə xanım qida sənayesi üzrə mütəxəsisdir…

 

Xədicə xanım Almaniyada Detmold Konservatoriyasının bəstəkarlıq şöbəsində təhsilini davam etdirib və oranı da fərqlənmə diplomu ilə başa vurub. 2006-2012-ci ildə Almaniyanın Paderborn Universitetində Doktoranturada ilk azərbaycanlı bəstəkar və musiqişünas olaraq "Azərbaycanın 20-ci əsr musiqi mədəniyyəti və Qərb musiqisinin təmayülləri" mövzusunda dissertasiyasını böyük uğurla və fərqlənmə ilə müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib. Bu Dissertasiya Almaniyada bizim musiqi mədəniyyətimiz haqqında yazılan 400 səhifəlik ilk elmi iş və kitabdır. 

2012-ci ildən Musiqi və İncəsənət Məktəbində fortepianodan, 2013-cü ildən isə Detmold Konservatoriyasında müsiqi nəzəriyyəsindən dərs deyir…

 

Xədicə Zeynalova bəstəkar və musiqişünas kimi Almaniyada nüfuzlu Friedrich-Ebert-Stiftung Doktor Təqaüdü mükafatı, DAAD Təqaüdü mükafatı, Almaniya Mədəniyyət Nazirliyinin Təqaüdü mükafatı, Almaniya Şimali Reyn Westfaliya Mədəniyyət Nazirliyinin Təqaüdü mükafatı, GVL Fondunun Təqaüdü mükafatı, GEMA və Musikfonds Fondlarının Təqaüdü mükafatı laureatıdır.

X.Zeynalova 2020-ci il Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin “Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və 2020-ci ildə diaspor quruculuğu işində göstərdiyi xüsusi fəallığa görə” Təşəkkürnamə, 2021-ci il Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin “Nizaminin 880 illiyi” Medalı ilə, həmin il Nizami və Yunus Əmrə İlində Türksoyun təşkil etdiyi "Türk Dünyasının Şah əsərləri" layihəsində bəstəkar kimi “Təşəkkürnamə” və Azərbaycan Mədəniyyətinin beşiyi Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında “Azərbaycan Respublikasının Diaspor Fəalliyyətində xidmətə görə” medalı ilə təltif edilmişdir.

Dəfələrlə beynəlxalq bəstəkarlıq müsabiqələrinin laureatı seçilib... 

Xədicə Zeynalova 2021-ci il noyabr ayında  "Zəfərə doğru" Zəfərimizə həsr edilmiş "Harmony of Sound" adlı ilk Alman-Azərbaycan beynəlxalq Musiqi Festivalı təşkil etmişdir və yaratmışdır. Beynəlxalq Musiqi Festivalı "Odlar diyarından" adı altında Azərbaycanın zəngin musiqi mədəniyyətinə həsr edilmişdir və Almaniyada 3 gün ərzində 3 müxtəlif şəhərlərdə keçirilmişdir.  Bundan əlavə Festivalda bütün gələn qonaqlara və festival dinləyicilərinə "Xarı Bülbül" döş nişanları təqdim edilmişdir. 

 

Xədicə Zeynalovanın "Odlar diyarından Azərbaycan Almaniya arasında körpülər" adlı ilk CD musiqi albomu Azərbaycan Demokratik Respublikasının 100 illik Yubileyinə həsr edilib və dünyaşöhrətli "Deutschlandfunk Radio Şirkəti"ndə ərsəyə gətirilib. Haqqında Alman mətbuatında xeyli məqalə dərc olunub.

Bəstəkarın "Heinrich və Leyla" simfonik orkestr üçün əsəri isə Almaniya-Azərbaycan tarixinin 200 illik yubileyinə həsr edilmişdirş X. Zeynalovanın “Heinrich və Leyla” adlı CD albomu Azərbaycan Respublikasının Diaspora Fondunun dəstəyi ilə Amerika Briləşmiş Ştataları və Almaniyada 2022-ci ilin may ayında işıq üzü görmüşdür...

 

Səyahət etməyi xoşlayır. Artıq avropa ölkələrinin bir çoxunda turist kimi səfərdə olub. Getdiyi ölkələrin muzeylərini ziyarət etməkdən zövq alır. Söylədiyinə görə, gözəl rəsm əsərinə baxıb ilhamlanır. Bu isə yeni musiqi əsərinin yaranmasına səbəb olur...

 

Otuzdan çox kitabın müəllifidir. Həmin əsərlər Hollandiya, İngiltərə, Almaniya və Azərbaycan nəşriyyatlarında işıq üzü görüb.

2016-cı ildə şərq və qərb musiqi alətlərindən ibarət "Bridge of Sound" ansamblını, eləcə də eyniadlı cəmiyyəti yaradıb. İstəyir ki, ansanblı ilə birlikdə dünyanın müxtəlif ölkələrində qastrol səfərlərində olub, ölməz Azərbaycan bəstəkarlarının musiqilərini bütün dünyaya sevdirsin. Şəxsi studiya yaratmaq arzusundadır. İnanırıq ki, o, tezliklə bu arzusuna da çatacaq…

 

Çox mehriban insandır. Söhbətimiz boyu onun nə qədər alicənab, yüksək zövqlü, kübar bir xanım olduğuna şahidlik etdim. Zarafat deyil, 2019-cu ilin yanvar ayından hər il keçirilən qadın bəstəkarların beynəlxalq müsabiqəsinin münsiflər heyətinə seçilən yeganə azərbaycanlıdır…

 

Bəli, milli musiqimizi xaricdə sevə-sevə təbliğ edən, iştirakçısı olduğu tədbirlərdəki çıxışlarında "Azərbaycan" kəlməsi dilindən düşməyən, vətəni göz bəbəyi qədər əziz bilən bir vətənpərvər soydaşımız haqqında da söhbətim beləcə başa çatdı. Mərhum xalq şairi Cabir Novruzun sözləri ilə desək:

 

"Onun əvəzi olmur, o hər kəsdən irəli.

Gözdən əzizi olmur, Vətən gözdən irəli"...

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2023)

 

Beynəlxalq Kitabxana Assosiasiyaları və Müəssisələri Federasiyası (IFLA) “Вiblioteca García Márquez” Barselona kitabxanasını 2023-cü ildə dünyanın ən yaxşı kitabxanası adlandırıb.

 

AzərTAC ispan KİV-lərinə istinadla xəbər verir ki, bu il finalda Barselonanın rəqibləri Sloveniya, Avstraliya və Çinin kitabxanaları olub. 

Barselona kitabxanası San-Marti rayonunda yerləşir və heyranedici memarlıq və innovativ dizaynı ilə fərqlənir. 

“Вiblioteca García Márquez” İspaniyada beynəlxalq miqyasda tanınan ilk kitabxanadır. O, bu yaxınlarda - 2022-ci ilin may ayında açılıb, lakin artıq hamını dərhal heyran etməyə nail olub. Açılış ilində kitabxana memarlıq sahəsində Barselona Şəhər mükafatına layiq görülüb və nəticələri 2023-cü il oktyabrın 19-da məlum olacaq memarlıq və dizayn sahəsində FAD mükafatının finalçısıdır.

“Вiblioteca García Márquez” kitabxanası 6 mərtəbəlidir, sahəsi 4 min kvadratmetr təşkil edir, orta hesabla gündə onu təxminən min nəfər ziyarət edir. 

Burada tez-tez konfranslar, kitab klubları və dünyanın müxtəlif guşələrindən olan yazıçılarla görüşlər keçirilir.

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.