Super User

Super User

Ötən il bu gün Beynəlxalq Türk Akademiyası və Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutunun birgə apardığı elmi arxeoloji tədqiqatlar nəticəsində Arxanqay bölgəsinin Nomqon düzündə İltəriş Xaqana məxsus abidə kompleksi aşkar edilməsi xəbəri gündəm təşkil edirdi. Bu münasibətlə “Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Aida Eyvazlı ətraflı məlumat hazırlamışdı.

 

Beynəlxalq Türk Akademiyası və Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutunun birgə apardığı elmi arxeoloji tədqiqatlar nəticəsində Monqolustanın Arxanqay bölgəsinin Nomqon düzündə İltəriş Xaqana məxsus külliyənin – abidə kompleksin aşkar edilməsi, çox şübhəsiz, türk dünyası üçün olduqca əlamətdar hadisədir.

Kompleksin ümumi sahəsi 49x41,5 m-dir. Qərbdən şərqə doğru oval formada yerləşən külliyə ətrafında xəndək qazılmış, torpaq qalaqlanaraq qala inşa edilmişdir. Kompleksin qərb tərəfində, ərazinin ortasında dəlikli daş küp (mehrab), daş insan fiqurları, iki balası olan şir heykəli, iki qoyun heykəli var. Kompleksin girişindən şərqə doğru 51 balbal daş yan-yana düzülüb. Onların arasında beş balbal daşında Göytürklərin Aşina sülaləsinə aid “dağ keçisi” rəmzi müəyyən edilib. Bundan əlavə, kompleksdə ibadət yerinin olduğunu sübut edən kərpic qalıqları və yola sərilən gil örtük mövcuddur. Aşkarlanan daş kitabənin yuxarı hissəsi və onun tısbağaşəkilli bünövrəsi ibadət yerinin qarşısında aşkar edilib.

Və ən əhəmiyyətlisi: Tapılan qiymətli əsərin hər iki tərəfində 12 sətir qədim türk yazısı, üçüncü tərəfində isə əski soqd qrafikası vardır. Kəşfdə iştirak edən alimlər abidənin mətnindən “Tanrı”, “Türk”, “Kutluq”, “Tümen” kimi bir sıra sözləri oxuya biliblər. Abidənin mətnindən əldə edilən məlumatlara əsasən, Nomqon kompleksinin Göytürk Xaqanlığını yenidən qurmuş Kültegin və Bilgə Xaqanın atası İltəriş Kutluq Xaqana ithaf edildiyi qənaətinə gəlinmişdir. Bundan əlavə, bu külliyə “Türk” adının ilk dəfə çəkildiyi Göytürk dövrünün ən qədim yazılı abidəsi kimi qəbul edilir. Ümumilikdə Nomqon kompleksi bütün xüsusiyyətlərinə görə Bilgə Xaqan və Kültegin komplekslərinə bənzəyir.

Nomqon yazısı olan abidənin yuxarı tərəfində əjdaha formasında iki canavar başı həkk olunub. Məlumdur ki, Taspar Xaqan, Bilgə, Kültegin və digər abidələrin zirvəsində xaqanlıq rəmzləri olan bu cür əjdaha şəklində, qurd başlı cizgi çəkilmişdir. Nomqon abidəsinin də Orxon abidələri kimi Göytürk dövləti üçün əhəmiyyətli bir abidə olduğu anlaşılır.

Qeyd edək ki, Akademiya Nomqon qazıntılarının nəticələrinə dair elmi nəşr hazırlayacaq və Türk dövlətlərinin paytaxtlarında təqdimatını keçirəcək.

Akademiyadan onu da bildiriblər ki, Monqolustanda Göytürk dövrü abidələrinin qazıntıları gələcəkdə də davam etdiriləcək. Məlumat üçün bildirək ki, Nomqon düzündə qazıntı işlərinə 2019-cu ildə başlanılıb. “Covid-19” pandemiyası səbəbilə iki ildir fasilə verilən “Nomqon” ortaq qazıntıları 2022-ci ilin iyul ayında yenidən bərpa edilib. “Nomqon-2022” ortaq qazıntılarında Beynəlxalq Türk Akademiyasının işçi qrupuna Akademiyanın prezidenti Darxan Kıdırəli, arxeoloqlar Napil Bazılxan və Nurbolat Bogenbayev daxil edilib, Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutunun Arxeoloji Araşdırmalar Mərkəzinin direktoru Dəmdinsurengin Tseveendorj (1949-2022) isə məsləhətçi-arxeoloq olaraq iştirak edib. Bununla yanaşı, Monqolustan Elmlər Akademiyasından Prof. Dr. Altangerelyn Enkhtor, arxeoloqlar Tserenkhandyn Buyankhishig, Gonchigyin Batbold, Narantuyagyin Tsengel və Munkhsaikhany Uuqanbayar tədqiqat heyətində yer alıb.

Bundan əvvəl də Türk Akademiyası Monqolustanda Şiveet-ulan abidəsində arxeoloji qazıntılar aparıb. 2016-cı ildə adı çəkilən vadiyə xüsusi arxeoloji ekspedisiya təşkil edib. Kutluq Xaqan dövründə tikilmiş mərasim kompleksində türk tayfalarının damğaları və müxtəlif tarixi əşyalar müəyyən edilib Bu tədqiqatların davamı olaraq 2019-cu ildə başlanan Nomqon arxeoloji qazıntıları nəticəsində İltəriş Xaqana həsr olunmuş kompleks aşkar olunub.

Həqiqətən də Beynəlxalq Türk Akademiyasının gördüyü işlər təqdirəlayiqdir.

 

“Ədəbiyyat və incəsənət”

(25.08.2023)

 

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

“Ölsəm bağışla, amma unutma…”

Yay tətilini faydalı keçirmənin ən gözəl yolu film izləmək və kitab oxumaqdır məncə. Düzdür hər kəsin zövqü müxtəlifdir, bir çoxu köhnə Azərbaycan filmlərini "müasir" xarici filmlərə dəyişir. Ancaq mənim üçün köhnə filmlərin yeri başqadır. Hələ mövzusu müharibə olan filmləri əvvəllər izləyəndə çox da təsirlənməzdim, lakin indi hər müharibə filmi məni 3il əvvələ aparır. Elə bu film kimi. Fəxrəddin Manafovun həyat verdiyi baş qəhrəman müharibədən qalib qayıdır,  ancaq üzündə sevincdən əsər-əlamət yoxdur. Gözləri yorğun və daim

intizardadır. Dəfələrlə filmdə təkrarlanan bir cümlə də var, “biz cəbhədə vuruşanda onlar burada özləri üçün kef çəkib". Həə, bu indi də belədir, vətən üçün vuruşanlara bəzən  yer tapılmaz, yarlar yaralar açar, yaşanılacaq hayatlar yarım qalar. Bəlkə filmi izləyənlərin çoxu deyəcək ki, hər nə olursa olsun, Yusif atasının qisasını pulla almamalı, evli qadını qaçırtmamalıydı. Axı bu, el gözündə düzgün deyil. Bəs elin gözü hərbidə vuruşan adamın nişanlısını başqasına verəndə, Sovetə qarşı, harın məmurların özbaşınalıqlarına qarşı niyə yumulu idi? İllərlə zülm, əzab və cəfa içində yaşamaqdansa Yusif kimi son günlərini "kantuziyalı halda" hər şeydən bixəbər yaşamaq daha yaxşıdır.

Bir sözlə, mən bəyəndiyim filmdən söz açdım, baxsanız da sağ olun, baxmasanız da.

 

“Ədəbiyyat və incəsənət”

(25.08.2023)

“Ədəbiyyat və incəsənət” portalı şair, publisit Əkbər Qoşalının “Kurmanqazı - Ulu Qazax sənətkarının adı Qarabağ torpağında!” yazısını oxucularına təqdim edir.

 

 

 

 

Ötən ilin elə bu vədələrində Azərbaycan Prezidenti İlham Əliyevlə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qardaş ölkənin “Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi ilə tanış olmaları tarixi anlar idi. Füzuli şəhərində Yaradıcılıq Mərkəzinin tikintisi layihəsi Qazaxıstan Prezidentinin şəxsi tapşırığı əsasında qısa müddət içində hazırlanıb. Artıq 2 ha ərazidə məkan müəyyən edilib. Orada çağdaş memarlığa və Füzuli şəhərinin baş planına uyğun binalar, amfiteatr inşa ediləcək. Mərkəzdə uşaqların yaradıcılığını üzə çıxarmaq və inkişaf etdirmək üçün hər cür ortam olacaq.

 

Gəlin Qazax bavurlarımızın klassik bəstəkarı, instrumentalist və ulu el sənətkarı

Kurmanqazını yaxından tanıyaq: Kurmanqazı Sağırbayulı (Kurmangazy Sagyrbayuly (1823–1896) Bökey Ordasında (indiki Qazaxıstan Respublikasının Günbatar Qazaxıstan vilayətinin Bökeyorda rayonunda) kasıb Sağırbayın ailəsində anadan olub. Qazax xalqını təşkil edən üç jüzdən “Kiçik jüz”ün Bayulı nəslinin Qızılqurd tirəsindəndir. O, hələ uşaq yaşlarındaykən dombra çalmağa başlayıb. Kurmanqazıda erkən yaşlarından musiqiyə qarşı duyulan böyük həvəs və vurğunluq atası tərəfindən birmənalı qarşılanmasa da anası sevimli oğluna dəstək durub. Parlaq şəxsiyyət və güclü iradə sahibi olan Alka xanım oğlunun musiqiyə olan sevgisini düzgün dəyərləndirib, ona inanıb.

Kurmanqazının uşaqlığı çətin ortamlarda keçib (Ağır yoxsulluğun təsiri altında o, bir müddət (4 il) çobanlıq etməli olub). Bununla belə, Kurmanqazı doğma auluna gələn küyşiləri (musiqiçiləri) həvəslə dinləyirdi. O, qoşasimli dombranın səsinə aşiqdi; o, böyük çölün parlaq musiqiçisi Sokir Eszhanı dinləməkdən doymur, onun dombrasının “dil”ini, “din”ini anlayır, ona dərin vurğunluq içində, öz xəyallarını qururdu. Kurmanqazının doğma auluna gələn küyşilər sırasında ünlü küyşi Uzaközəlliklə seçilirdi və məhz o, gənc Kurmanqazının musiqiyə böyük marağını fərq edir, onun gələcəkdə parlaq sənətkar ola biləcəyinə inanır. Beləliklə, Kurmanqazı 18 yaşında doğma aulunu tərk edərək, (necə deyərlər, bir növ) dərvişanə yaşama – köçəri küyşinin “sərsəri həyat”ına başlayır. O, Bayjuma, Balamaysan, Baybaktı, Yesjan və Şerkeşkimi (o dövrün) ünlü dombraçılardan dərs alaraq, ustalığını inkişaf etdirməyə davam edir. Kurmanqazı ustadı Uzak ilə yaxın-uzaq ellərdəki müxtəlif sənət yarışlarında iştirak edir və görkəmli dombraçılar sırasına yüksəlməyi bacarır.

Kurmanqazının “Kişkentay” (“Кішкентай” – “Kiçik”) adlı ilk küylərindən (bəstələrindən) biri xalq üsyanına həsr olunub. O, xalqdan qopuq yaşayan, xeyirxahlıq damarı olmayan varlıları açıq tənqid etdiyi üçün təqib olunurdu. Haqsevər sənətkar bir neçə dəfə həbsə atılsa da, təslim olmayıb. O, Uralsk, Orenburq (və bəzi qaynaqlara görə İrkutsk) şəhərlərinin qazamatlarında tutulub (Onu da vurğulayaq ki, adıkeçən şəhərlərdə o vaxtlar qazaxlar və digər türk xalqları üstünlük təşkil edirdi. Qazaxıstan respublika olaraq qurulanda ilk paytaxtı Orenburq olub). Öz sənətkar həyatı boyunca, özəlliklə gənclik illərində təhqir və təqiblər görmüş Kurmanqazı bəstələdiyi“ Alatau” və “Sarıarka” küylərində (mahılarında) xalqın azadlıq düşüncələrini, qazax ellərinə dərin məhəbbətini təcalla etdirib.

Kurmanqazı Sağırbayulının davamçısı – Urallı jurnalist və şair Nikita Saviçev “Uralskiyevoyskovıyevedomosti” qəzetində yazırdı: “Sağırbayulınadir musiqi ruhuna sahibdir və əgər o, Avropa təhsili alsaydı, musiqi dünyasının bir saylı ulduzu olardı”...

Kurmanqazı 1862-ci ildə həmyerlisi – başqa bir böyük kuyşi Dəuletkerey ilə görüşüb, tanış olur. Hər iki dombra improvizəçisi bir-birini nəzərəçarpacaq dərəcədə təsirləndirib. Təsadüfi deyil ki, Kurmanqazı Dəuletkereyin “Bülbül” bəstəsini öz repertuarına daxil edib.

“Sınıracam”, “Sabah gedəcəm”, “Kisən akkan”, “Həbsxanadan qaçıb”, “Araba vurdu” və b. mahnılar Kurmanqazının ünlü əsərlərindəndir...

                                                                  

***

Kurmanqazının beşinci babası (çox güman ki), Baltabaylar nəslindən olan sənətkar olub. Onun yeddinci babası Ərşi isə odlu-alovlu danışığı, bəlağəti, natiqliyi ilə seçilən bir insan kimi tanınıb. O, Beriştirəsi ilə də sıx qohumluq bağlarına malik olub. (Qazax elinə qıraqdan basqılar zamanı igidliyi ilə seçilən Ağatay Batırın adı Beriş tirəsinin şüarı sayılıb; o vaxtdan Ötəmişbi, Mahambet Ötemisulu, İsatay Taymanulı təkcə Beriştirəsinin deyil, bütövlükdə qazaxların şərəfli oğulları olaraq sevilib).

Sənətkar fiziki ömrünün son illərini də şagirdlər tərbiyə etməyə və habelə ovçuluğa həsr edib. O, indiki Həştərxan vilayəti, Volodar qəzasının Altınjar şəhərində vəfat edib. Ruhu şad olsun!

Sənətkarın doğulduğu rayon hazırda onun şərəfinə Kurmanqazı adlanır. Qardaş Qazaxıstanın böyük oğlunun adı, onun vəfatından 126 il sonra Türk dünyasının, başqa bir böyük sənətkarı – Şərqin qüdrətli söz ustadı Füzulinin adını daşıyan rayonda da əbədiləşdirilir. Qazaxıstanın Qafqazdakı bavuru Azərbaycanın Füzuli şəhəri 44 günlük Vətən müharibəsinin gedişində (17 oktyabr 2020) azad olunan ikinci şəhərimizdir.

Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzində Füzulinin gələcək şən sakinləri, yetənəkli balalarımız dörd istiqamətə yararlana biləcək:

musiqi – vokal və xor oxuma;

çağdaş texnologiyalar;

sənət və yaradıcılıq (dulusçuluq, heykəltaraşlıq) və

idman, xoreoqrafiya...

Qardaşlığımıza xeyirli-uğurlu olsun! Belə bir düşüncəyə gəlmək, fikir hasil etmək, layihələndirmə aparmaq və gerçəkləşdirmək özlüyündə xeyirdir, uğurdur.

 

Paralellər

Kurmanqazının həyatı çox mürəkkəb idi, o, yeniyetmə və gənc yaşlarındaykən doğru ilə yanlışı ayırmağa, həyatda fəal mövqe tutmağa çalışırdı. Onun yeniyetməlik, gənclik illəri Çar Rusiyasının həyata keçirdiyi müstəmləkəçilik siyasətinin tüğyan etdiyi, qanlar axıdıldığı illərə düşmüşdü.

O, taleyin sərt üzünə sənətin gücü ilə çıxırdı.

Kurmanqazının həyat eşqi tükənməzdi və bu tükənməzliyi tərənnüm edirdi.

Kurmanqazının sənətkar şəxsiyyəti onun konseptual musiqiçi olması ilə səciyyələnir. Yalnız öz dövrünə qapanıb qalmamaq, nəsillərin taleyinə təsir edən  hadisələri, tarixi, çağdaşlığı və gələcəyin üfüqlərini öz yaradıcılığında təcalla etdirmək Kurmanqazının mənəvi təlabatına, sənətçi təbiətinə xas özəllik idi.

 

Kurmanqazının sənətkarlığı, onun malik olduğu sənətkar hünəri, ülvi ruhu yalnız özünü ifadə etmir, onu yetirən mühiti, mənsub olduğu xalqın mənəvi zənginliyini göstərir. Kurmanqazı təkcə öz sənəti ilə deyil, həm də Ömrü ilə doğma xalqının bütün keyfiyyətlərini, keşməkeşli dönəmlərdə xalqı diri tutan ruhu, xəlqi cəsarəti təcəssüm etdirir. Onun haqqında belə deyilir: şeirdə Məhəmbət (M.Ötəmişulu) kimi, elmdə Şokan (Ş.Vəlixan) kimi, döyüş meydanında Kenesarı (K.Kasımulı; xan) kimi şan-şöhrətə, var-dövlətə aldanmadan mərd yaşadı...

 

Füzili şəhərinin, Qarabağın, Azərbaycanın da taleyi keşməkeşli olub. Bəzən bir insanın ömrü bir şəhərin, ölkənin taleyinə oxşaya bilər. (Türk dünyası bir bütövdür, bizim ortaq keçmişimiz olduğu kimi ortaq gələcəyimizi düşünməyimiz, belə düşüncələrimizi gerçəkləşdirmək haqqımız var)! Şəhərlərin, ölkələrin və qardaşlığın (!) ömrü şəxsiyyətlərin, sənətkarların ömrü ilə zənginləşir, üfüq ötəsinə uzanır... Sənətkarlarımız, aydınlarımız kimi, şəhərlərimiz, Qarabağımız, Azərbaycanımız da çətin günlər yaşayıb, amma sınmayıb, dirəniş göstərib, hünər göstərib və Zəfər qazanıb. Qardaş Qazax xalqının mübariz sənətkar oğlunun adı Füzuli şəhərindəki yeni mədəniyyət ocağına çox yaraşacaq! Orada yetişən, qanadlanan yeniyetmə və gənclər Füzulinin, Qarabağın, Azərbaycanın gözəlliklərini bütün Türk dünyasına yayacaqdır!

 

Heç nə təsadüfi deyil! Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qazaxıstanın ən yüksək dövlət təltifi “Altın kıran” (“Qızıl qartal”) ordeni ilə təltif olunması da özündə rəmzlər və dərin məna daşıyır. Qardaş ölkənin ən yüksək ordenini dövlət başçımıza təqdim edərkən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu qürurverici tarixi sözləri dedi: “Qazaxıstanda Sizi görkəmli dövlət xadimi, bütün dünyada Azərbaycanı tarixi Zəfərə, Təhlükəsizlik Şurasının qətnamələrinə tam müvafiq olaraq ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxarmış şəxsiyyət kimi tanıyır, ehtiram bəsləyir, hörmət edirlər. Bu münasibətlə Sizi bu gün şəxsi görüşümüz zamanı təbrik etmişəm. Siz dövlətlərimiz arasında çoxtərəfli, çoxşaxəli əməkdaşlığın inkişafına böyük töhfə verirsiniz. Bütün qazax xalqı adından ehtiram əlaməti olaraq bu gün Sizə “Altın kıran” ordenini təqdim etmək istərdim”.

 

Dövlətlərimiz, dövlət başçılarımız var olsun!

Altın kıranın – Qızıl qartalın qanadlandığı göy üzü heç vaxt qaralmasın,

üfüqü heç vaxt daralmasın!

Füzulinin və Kurmanqazının ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(25.08.2023)

 

 

 

ASAN, ABAD, DOST kimi xidmət trendləri ölkəmizdə fəaliyyətə başlayıb tez də məşhurlaşdı. Budur, sırada növbəti xidmətdir. 

 

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Ədliyyə Nazirliyi vətəndaşların ədliyyə fəaliyyətinə əlçatanlığının artırılması, xidmətlərdən vahid məkandan yararlanması ilə bağlı rəqəmsal innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə tədbirləri davam etdirir. Həmin məqsədlə nazirlik əhaliyə müxtəlif elektron və mobil ədliyyə xidmətləri göstərir. Həmçinin bir müddət əvvəl növbəti rəqəmsal innovasiya olan və ədliyyə xidmətlərindən eyni vaxtda, vahid mənbədən və məsafədən göstərilməsini təmin edən yeni “ƏN TEZ” (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) xidməti yaradılaraq istifadəyə verilib.

Həmin innovativ xidmət məkanı ilk olaraq respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST mərkəzində əhalinin daha həssas təbəqələrinə xidmət göstərilməsi məqsədilə geniş ictimai təqdimatı keçirilməklə fəaliyyətə başlayıb və ötən dövrdə minlərlə vətəndaş “ƏN TEZ” vasitəsilə müxtəlif ədliyyə xidmətlərindən yararlana biliblər.

Ədliyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, dövlət xidmətlərinin göstərilməsində vətəndaş məmnunluğu doğuran belə innovativ yanaşmanın tətbiqinə artan ictimai maraq nəzərə alınaraq nazirlik tərəfindən “ƏN TEZ” innovativ platforması bu gündən Heydər Əliyev Beynəlxalq Aeroportunda istifadəyə verilib. Həmin platforma vasitəsilə səyahət etmək arzusunda olan vətəndaşlara vaxta qənaət edərək, aeroportun binasını tərk etmədən heç bir qeydiyyat və elektron imza tələb olunmadan, tək şəxsiyyət vəsiqəsi ilə biometrik eyniləşdirmə aparılmaqla, daha sadə və sürətli şəkildə təxirə salınmayan zəruri ədliyyə xidmətlərindən yararlanmaq imkanı yaradılıb. 

Onlar yetkinlik yaşına çatmayan şəxslərin dövlət sərhədindən keçməsi üçün zəruri olan valideynlərin razılıq ərizələrinin notariat qaydasında rəsmiləşdirilməsi, habelə məhkəmə qərarına əsasən borclu şəxslərin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması aşkar olunduğu halda borcun terminal üzərindən ödənilərək həmin məhdudiyyətin avtomatlaşdırılmış qaydada dərhal aradan qaldırılması ilə bağlı əvvəl təqdim edilmiş xidmətlərlə yanaşı, digər notariat, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, tələbkar qismində bəzi məhkəmə qərarlarının icrası və sair xidmətlərdən faydalana biləcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(25.09.2023)

Bu gün səhərdən sabah səhərədək Bakının və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağıntının leysan xarakterli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək, arabir 15-18 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6° enərək, maksimal temperatur 27-30° isti olacaq.

 

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Məlumata görə, bir neçə gün davam edən isti hava şəraitindən sonra avqustun 24-ü axşam şimal və qərb rayonlarından başlayaraq 27-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal edilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 20-25 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7° enəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

 

“Ədəbiyyat və incəsənət”

(25.08.2023)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Nəsr zamanıdır, sizlərə Məmməd Məmmədlinin “Zülmətdən doğan günəş” hekayəsi təqdim olunacaq.

 

 

 

Həyəcanla videonun başlanmasını gözləyirdim. Bilirdim ki, əməliyyata hazırlıq gedir. Gözüm tez-tez qolumdakı SEİKO saatında idi. Dörd dəqiqədən sonra kameranı yandırdılar. Əməliyyat otağında həkimi, beş nəfər köməkçisini və ağrıdan əziyyət çəkən yoldaşımı gördüm. Qadınların necə bir ilahi varlıq olduğunu həmin gün anladım.

 

***

 

Divanda uzanıb televizora baxırdım ki, yoldaşım otağa girdi:

– Aşkito, ürəyim sıxılır, elə bil havam çatmır.

– Onda gedək oppalara. Havaya çıxan kimi əhvalın yüksələcək.

– Kofe?

– Hə, gedək bulvarda kofe içək. Həm də dəniz havası udaq. İndiki halında gəzmək sənə hava-su kimi lazımdı.

Ömüşümün əhvalı pozulanda həmişə ona meşə fındıqlı kofe alıram. Özümə də birini götürürəm, amma yanında mütləq siqaret olmalıdır. Amma tüstü yoldaşıma pis təsir edir. Əlimi alışqana atan kimi o, məndən aralanır. O qədər kənara çəkilir ki, qıraqdan baxan bizim bir yerdə olmadığımızı düşünür.

Həmin gün hava şaxtalı olmasa da, külək belimi xəncər kimi kəsirdi. Ancaq hərəkət etdikcə bir tərəfdən qızınırdıq. Dəniz vağzalından gəzə-gəzə, sahilboyu “Dəniz Mall”a doğru getdik. Mən aradabir dayanıb fotokamera ilə xəzrinin üzünə duran zeytun və şam ağaclarını çəkirdim. Küləyin qəzəbinə gələn zeytun ağaclarışəkildə saçyolan qadınları xatırladırdı.

– Aşkito, soyuqdu, sonra çəkərsən, – yoldaşım arxasını küləyə çevirib kapüşonun altından məni səslədi.

Sürətimizi artırdıq və bulvarın adamsız xiyabanları ilə gəzə-gəzə Xalça muzeyindən sola burulduq. “Dəniz Mall”a daxil olanda bayırdakı soyuq yanvar ayını tamamilə unutduq, canımız qızdı, həm də içəridə təşkil olunan konsert proqramını izlədik. Sonra geyim dükanlarını gəzə-gəzə birinci mərtəbədəki kafedən yoldaşımın çox sevdiyi meşə fındıqlı qəhvə sifariş verdik. Ofisiant əlində kağız stəkana süzülmüş iki ətirli qəhvəni gətirən kimi yoldaşımın dodağı qaçdı.

– Ömüş, soyuqda kofe içməyin ayrı ləzzəti var ha, – dedim.

O da gülümsəyərək gözlərimə baxdı:

– Mən bilirəm sən nəyə görə onu bayırda içmək istəyirsən...

Dəniz tərəfdəki çıxışdan keçib yenidən yanvar ayına düşdük. Bir cüt göyərçin əlimizdə yem olduğunu zənn edib yanımıza qondu. Yoldaşım çevrilib onlara baxdı:

– Göyərçinləri heç sevmirəm, – deyəndə təəccübləndim.

– Nə üçün? – deyib əlimi alışqana atdım.

– Yaraşıqlı deyillər, görünüşləri pisdi, həm də çoxdular.

Bu zaman bir qağayı başımızın üstündə dövrə vurub üzü dənizə tərəf süzdü. Onun incə manevr etdiyini gözü alan yoldaşım nazla başını quşun getdiyi səmtə çevirdi.

– Amma qağayı... səviyyədir, görürsən necə incə quşdur?

– Bəs sən onun ayaqlarına fikir vermisən?

– Yox, necədir ki?! – təəccüblə məndən soruşdu.

– Ördək kimi ayaqları var, – deyib siqareti yandırdım.

Dalğaların sahilə çırpıldığı yerdə qağayılar qayaların üstündə qanadlarını açıb, lələklərini küləkdə qurudurdular. Bir neçəsi başımızın üstə dövrə vurur, sürahiyə, skamyalara qonub, qışqırışa-qışqırışa adamlardan yem istəyirdilər. Bizi görən kimi yan-yörəmizə yığışdılar.

– Gəl sənin qağayılarla şəklini çəkim, – deyib yoldaşımı fotokameramda kadra aldım.

Bir-iki foto çəkmişdim ki, ömüşüm əlləri ilə qarnını tutub həyəcanla mənə baxdı. Üzündəki ağrılı ifadədən narahat olsam da, ürəyimə ipisti sevinc doldu. Hava qaralmamış taksiyə minib evə qayıtdıq. Pilləkənləri qalxanda yoldaşımın yenidən sancısı tutdu. Birtəhər mənzilə çatdıq, divanda əyləşib vaxtı gözlədik. Gözüm saatda idi...

Yaşyarım olanda anamın mənə südlü manna sıyığı yedirtməsi yadıma düşdü. Eyvanda balaca “zayçik” taburetdə otuzdurub, özü də qapının arasında çöməlmiş halda, qaşıqla götürdüyü sıyığı üfürə-üfürə quş balasını yedirdən təki ağzıma qoyardı. O vaxtdan sevirəm bu yeməyi. Yəqin, mannaya görə bu epizod hələ də xatirəmdən silinməyib.

Yoldaşımın ağrıdan zarıldaması məni uşaqlıq xatirələrimdən ayırdı. Hiss etdim ki, vaxtdı. Ömüşüm bir anlıq ağrısını udaraq həyəcanqarışıq təbəssümlə üzümə baxdı:

– Aşkito, məni doğum evinə apar... deyəsən, bəbiş gəlir...

Cəld paltomu geyinib həyətə düşdüm. Binanın qarşısında dayanan taksilərdən birini blokun qarşısına çəkməyi xahiş etdim. Çox həyəcanlı idim. Necə də olmayım, axı ilk övladım dünyaya gəlirdi. Allahdan qızımın sağ-salamat dünyaya gəlməsini istəyirdim. Pilləkənləri qaça-qaça mənzilə qalxdım. Ömüşüm paltosunu geyinib dəhlizdəki oturacaqda məni gözləyirdi.

Qapını arxamızca bağladıq. Qolundan tutdum, mərtəbələri asta-asta endik.

Maşın doğum evinə yol aldı. Bizi qarşılayan tibb bacısı həkimə zəng vurub ömüşümü doğum otağına aparanda mən ödəniş etmək üçün kassaya yaxınlaşdım. Qolumdakı "SEİKO" saatına baxdım, 18:30-u göstərirdi. On dəqiqədən sonra həkim gəldi. Gözləri axırdı. Elə bil bütün sutkanı oyaq qalmışdı. Yaxınlaşıb yoldaşımın adını və soyadını dedim. “Həkim, bəbişimə kömək edin gəlsin” – deyəndə sönük bir təbəssümlə üzümə baxdı və bir söz demədən əməliyyat otağına qalxdı.

Doğuşu monitordan canlı izləmək üçün məni birinci mərtəbədəkı xüsusi otağa dəvət etdilər. Həyəcanla videonun başlanmasını gözləyirdim. Bilirdim ki, doğuşa hazırlıq gedir. Gözüm qolumdakı "SEİKO" saatında idi. Dörd dəqiqədən sonra kameranı yandırdılar. Əməliyyat otağında gözlərindən yuxu tökülən həkimi, beş nəfər köməkçisini və ağrıdan əziyyət çəkən ömüşümü gördüm. Qadınların necə bir ilahi varlıq olduğunu həmin gün, yanvarın 15-də anladım.

Nədənsə videonun səsini almışdılar. Bir gözüm həkimdə, o biri gözüm yoldaşımda qalmışdı. Onların hər bir hərəkəti mənimçün bir möcüzə idi. Elə bil səssiz kino izləyirdim. Bir anda gözlərimin önündən XIX əsrin sonlarında Lümyer qardaşlarının nümayiş etdirdiyi “Qatarın La-Syotaya gəlişi” lentiötüb keçdi. Mən də o dövrün insanları kimi qorxuyabənzər həyəcan hissi keçirirdim. “Aha, deyəsən, bəbiş gəlir. İndi ata olacam!” – işıq sürətilə düşündüm. Bəbişin başı görünəndə sevinməyə macal tapmamış yerimdə donub qaldım – həkim huşunu itirib, yerə yıxılmışdı. Bu zaman ekran ağardı, elə bil içərini duman basdı. “Nə baş verir orda?” – özümdən ixtiyarsız qışqırdım…

Görüntü yavaş–yavaş bərpa olunanda əməliyyatxanadakıların qorxu içində dağılışdığını gördüm. Ağappaq işıq zərbəsi çaxnaşma yaratmışdı. Yuxarı mərtəbədəkilər klinikanı tərk etməyə başlayanda təşviş dalğası mənə çatdı. Dəli kimi yuxarı götürüldüm.

Dəhlizdə bəbişin çığırtısı binanı tərk etməyə tələsən adamların səsinə qarışmışdı. İçəri girdim. Həkim yerdə sərili vəziyyətdəydi. İşıqlı dünyada gözünü açmağa qorxan qızımı qollarını özünə sıxıb çığıran yerdə görəndə ürəyim bir az rahatlaşdı. Möcüzə! Qızım həkimin köməyi olmadan, özü gəlmişdi dünyaya. Sevincimdən yoldaşımı səslədim:

– Ömüş!

Yoldaşım cavabında:

– Aşkito, uşaq necədi? – deyib zəif və narahat səslə xəbər aldı.

– Yaxşıdı, ömüş... – diqqətlə uşağa baxıb, – amma bir az qəribə görsənir – dedim.

– Bəbişi mənə göstər!

Uşağı əlimə alıb, göbəyini kəsmək üçün yan masada gözümlə kəsici bir alət axtardım. Qızımı əlimdən yerə qoymadan o biri əlimlə həkim qayçısını götürdüm. Göbəyini kəsib, yanağından öpdüm.

– Bu, bizim bəbişdi? Gözləri çox iridi, yupyumrudu, həm də bir-birindən çox aralıdı. Normal deyil elə bil…

– Ver mənə, qızımı görmək istəyirəm.

Uşağı qucağına qoyanda yoldaşım onu əlinə alıb bağrına basdı. Uşaq anasını tanıyırmış kimi səsini kəsdi.

– Əlbəttə, bizim bəbişdi, Günəşim mənim!

– Ömüş, klinikadakılar gediblər. Burda bizdən başqa heç kəs qalmayıb, – dedim.

Günəşi mələfə ilə bələdim, sonra da paltomu əynimdən çıxarıb onu arasına qoydum, yaxşıca bükdüm ki, soyuq dəyməsin. Yoldaşım qolumdan tutdu və biz asta-asta pilləkəni endik.

Bayıra çıxanda artıq gecə idi. Səhərdən əsən dəli külək binaların arasında qıvrılıb ərimişdi. Soyuqdan donan yoldaşım özünü mənə sıxdı:

– Aşkito, evimizə üçlükdə qayıdırıq...

Başımı yuxarı qaldıranda gözlərim qamaşdı. Havada fırlanan yadplanetli kosmik gəmi üzümüzə şəfəq saçırdı. Soyuq yanvar ayında qəlbimi isidən bu işıq lopası həyatımı büsbütün dəyişdi. Çünki o, bizə Günəşi hədiyyə etmişdi.

 

“Ədəbiyyat və incəsənət”

(25.08.2023)

 

Xətai Sənət Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində elan olunan “Uşaqlıq duyğularımın rəngləri” adlı şou-sərgi üçün əsər qəbulu davam edir. 

 

Sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzi təsviri sənətə ictimai marağı artırmaq, böyüklərin uşaq məsumluğu və səmimiyyəti ilə ərsəyə gətirdikləri rəsm əsərlərini görmək məqsədilə təşkil olunub. 

Yaşı 18-dən yuxarı rəssam və müxtəlif peşə sahibləri təqdim edəcəyi əsər və əsərlərin fotosu ilə bərabər rəsmin adı, müəllifin soyadı, adı, təvəllüdü, peşə və əlaqə nömrəsini qeyd edərək This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ünvanına göndərməlidir. Uşaq ikən çəkdiyiniz rəsmlə də sərgiyə qatılmaq olar.

Sərgiyə əsər qəbulu üçün son tarix oktyabrın 5-də başa çatır. 

Nümayiş olunan əsərlər geri qaytarılmır. Əsəri sərgilənən müəlliflərə sertifikat təqdim ediləcək.

 

«Ədəbiyyat və incəsənət”

(25.08.2023)

Bakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə Azərbaycan mətbəxini, memarlığını, şəhərlərini və incəsənətini təbliğ etmək məqsədilə təşkil edilən proqramda Azərbaycan yeməkləri hazırlanıb. 

Bakı Yunus Əmrə İnstitutunun direktoru Selçuk Karakılıç Şuşanın 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olması səbəbilə Azərbaycan sivilizasiyasını və turizm potensialını dünyaya tanıtmaq üçün “MasterChef Türkiyə”ni Bakıya gətirdiklərini, Bakının simvollarını, mədəni mühitini və Şuşanı tanıtdıqlarını qeyd edib. 

Dövlət Turizm Agentliyinə də təşəkkürünü bildirən Selçuk Karakılıç “MasterChef Türkiyə”nin Bakıdakı çəkilişlərində və Azərbaycanın tanıdılmasında agentliyin böyük rolu olduğunu vurğulayıb. 

Qeyd edək ki, “MasterChef Türkiyə”nin Azərbaycan buraxılışı ötən gün Bakı vaxtı ilə saat 21:00-da “TV8” telekanalında yayımlanıb.

 

“Ədəbiyyat və incəsənət”

(25.08.2023)

“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk. Sizi liderlik nəzəriyyələri ilə tanış etməkdəyik.

 

«Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.

Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər.

Bu kitab lider olmaq istəyən, liderlik eşqi ilə alışıb yanan şəxslər üçün liderlik karyerinə başlamaqçün bir tramplin hesab olunur. Eyni zamanda da o, təcrübəli liderə də liderlik xüsusiyyətlərini daha da yaxşılaşdırmaq imkanı qazandırır. Mən bu kitabdan bəhrələnənlərin siyahısını verməyəcəyəm. Ən azı onu deyə biləcəyəm ki, bu, şəxsən mənim stolüstü kitabımdır. Bu kitabı bir neçə dəfə oxumuş, yüz dəfələrlə də vərəqləmişəm. Bizə ilk baxışda sadə görünən bu mürəkkəbliklərdə birincilik əldə etməyin yolları o qədər asan, mənimsənilən halda göstərilib ki, o yolu getməmək, sadəcə günahdır. Yeri gəlmişkən, ev tapşırığımızda bu qanunları əzbərdən bilmək də yer alır!

Beləliklə, 21 qanun var. Hər gün onlardan biri ilə tanışlığının baş tutacaq. Bu gün sırada 10-cu qanundur:

10.Əlaqə qanunu

«Liderlər öncə ürəkləri tərpədirlər»

Ünsiyyət qurmaq bacarığı, hər bir kəslə dost ola bilmək qabiliyyəti qiymətli keyfiyyətdəir. Əsl liderlər gözəl bilir ki, insanları öz ardlarınca aparmaq üçün öncə ürəkləri tərpətmək lazımdır. Böyük liderlər həm ayrı-ayrı individlərlə, həm də insan qrupları ilə, kütləylə sıx əlaqə saxlamaq qabiliyyətinə malik olurlar.

ABŞ prezidentlərindən olan Ronald Reyqan Böyük Kommunikator təxəllüsünü auditoriyada harmonik anlaşma anlayışı yaratdığına, ayrı-ayrı fərdlərin ürəklərini tərpədə bilməsinə görə almışdı.

Qrupdakı insanlarla əlaqə yaratmaq üçün tezliklə hər bir insana müraciət etmək lazımdır. Liderin məqsədi onu əhatə edən adamlarla əlaqə qurmağın təşəbbüsçüsü olmaqdır.

 

***

Digər 9 qanunla isə ötən günlər tanış olmuşdunuz:

1.Tavan qanunu.

«Liderlik qabiliyyətini insanın effektivliyi müəyyənləşdirir».

Şəxsin liderlik effektivliyi tavanla xarakterizə edilir. Şəxsin insanları öz ardınca apara bilmək qabiliyyəti nə qədər azdırsa, onun potensial imkanlar tavanı da o qədər alçaqdır.

Liderlik keyfiyyətləri həmişə individuumun təşkilatda effektivlik tavanı yaratmasını təmin edir. Liderlik güclüdürsə, tavan da yüksək olacaq. Ölkə çətin duruma düşəndə yeni prezident, firma pullarını itirəndə yeni baş direktor, kilsə ziyarət olunmayanda yeni baş pastor, idman komandası ardıcıl məğlubiyyətlərə uğrayanda yeni baş məşqçi axtarışına çıxırlar. Liderliklə effektivlik arasındakı qarşılıqlı əlaqə ən çox idmanda özünü göstərir. Hər bir komandada istedadlar olur. Amma komandaların fərqini məşqçi və bir neçə əsas oyunçunun təmin etdiyi liderlik yaradır. Komandanın effektivliyini dəyişmək üçün məşqçi tərəfindən onun liderlik çəviyyəsini yüksəltmək lazımdır. Bax bu da fəaliyyətdə olan tavan qanunudar.

2.Təsir qanunu

«Liderliyin həqiqi ölçüsü təsirdir».

Əgər insan başqalarına təsir edə bilmirsə, heç vaxt öz ardınca adam apara bilməz. Əsl liderlik heç vaxt hansısa posta təyin olunmaqla baş tutmur, o, yalnız təsir edə bilmək qabiliyyətindən asılıdır.

3.Proses qanunu

«Lider bir gün ərzində deyil, günbəgün olurlar».

Liderə çevrilmək prosesi haradasa aksiya bazarında müvəqqəti kapital investisiyasına bənzəyir. Siz bir günə varidat toplamaq istəyirsinizsə, uğur qazanmağa əsla şansınız yoxdur. Burada ən vacib olan olduqca uzun məsafəyə qaçışda sizin gündəlik hərəkətlərinizdir. Liderlik – çox mürəkkəb məfhumdur. Onun olduqca çox aspektləri var: təcrübə, emosional güc, hörmət, insanlarla ünsiyyət təcrübəsi, nizam-intizam, perspektiv, uzaqgörənlik, vaxtında qərarvermə bacarığı, hücuma keçmə əzmi. Bunların hamısı qeyri-maddi şeylərdir, onları birdən-birə əldə etmək mümkünsüzdür. Məhz buna görə də liderlərə effektiv olmaq üçün belə uzun müddətlik möhkəmlənmə, güclənmə lazım gəlir.

Con Maksvell iddia edir ki, liderliyin bir çox aspektlərini o özü məhz uzun illərdən sonra 51 yaşında hiss etməyə başlayıb. Liderləri digərlərindən fərqləndirən əsas cəhətlər məhz öz bacarıqlarını inkaşaf etdirmək, yaxşılaşdırmaq qabiliyyətidir. Uğurlu liderlər öyrənməyi bacarır və sevirlər. Və öyrənmə prosesi onlarda ömür boyu davam edir.

«İnsan nəyi bilmədiyini bilmirsə, o inkişaf edə bilməz».

Liderlik – inkişaf qanunlarına tabedir.

4.Naviqasiya qanunu

«Gəminin sükanını hər kəs fırlada bilər, ancaq kursu tapmaq üçün lider lazımdır».

Bəzi şturmanlar limanı tərk etməzdən öncə bütün baş tutacaq səyahəti beyin süzgəclərindən keçirə bilirlər. Onlar gözəl bilirlər ki, lazım olan məntəqəyə çatmaq üçün nə qədər güc sərf etmək, komandaya ekspedisiyanın uğur qazanması üçün kimləri salmaq lazımdır. Onlar üfüqdəki maneələri hamıdan tez görürlər.

Lider elə bir şəxsdir ki, başqaları görəndən daha çox görür, başqaları duyandan daha çox duyur.

Bəzən eyni zamanda dörd təyyarənin məhv olmasından danışılır. Bu ona görə olur ki, qırıcı təyyarə dördlükdə sıx halda uçanda mütləq onlardan birinin pilotu aparıcı olur, lider olur. O, öndə gedir, digər üçü ardınca gedərək onun hərəkətlərini təkrarlayır. Bu təkrarlama sonadək, hətta lider sürəti itirib dağa çırpılanda belə davam edir.

Naviqatorlar üçün hər bir keçmiş uğur və uğursuzluq özlüyündə informasiya, müdriklik mənbəyidir. Uğurlar insana özünü daha yaxşı tanımağa, öz bacarıq və istedadına daha çox güvənməyə imkan verir. Uğursuzluqsa səhvləri görüb onların üzərində işləməyə, onları düzəltməyə imkan yaradır.

Naviqatorlar bir çox mənbələrdən informasiya toplayır, aşağı səviyyədə nə baş verdiyini öyrənmək üçün komanda üzvləri ilə daim təmasda olurlar. Onlar situasiyanı dərindən öyrənməyə çalışırlar.

«Əgər siz açıq gözlərlə fəaliyyət göstərməsəniz həyat daim sizə qurşaqdan aşağı gözlənilməz zərbələr vuracaq», - yazır müəllif. O yazır: «Optimizmlə realizmi, intuisiyayla planlaşdırmanı, inamla faktları balanslaşdırmaq çox çətindir. Amma yol göstərən lider kimi effektiv olmaqçün məhz bunlar vacibdir».

Con Maksvell kitabın bu bölümündə öz liderlik fəaliyyətində daim istifadə etdiyi strategiyanı da göstərib:

 - Bütün fəaliyyət ardıcıllığını öncədən düşünmək;

 - məqsədi lokallaşdırmaq və sistemləşdirmək;

 - prioritetləri ünvanlı korrektə etmək;

 - əsas personalı müəyyənləşdirib onu məlumatlandırmaq;

 - planın bəyənilməsi üçün vaxt rezervasiya etmək;

 - reallaşdırmaya fəal qoşulmaq;

 - gözlənilən problemlərə uyğunlaşmaq;

 - uğurları təbii şəkildə görmək və qeyd etmək;

 - hər gün öz planına nəzarət etmək.

Con Maksvellin naviqasiya qanununun əsas məğzi – hazırlıqdır.

5.     E.F.Xatton qanunu.

«Əsl lider danışanda insanlar ona qulaq asır».

Əsl lider təkcə vəzifəyə malik deyil, o, hakimiyyətə malikdir.

«E.F.Xatton» - maliyyə xidməti göstərən kompaniyadar. ABŞ-da belə bir televiziya reklamı var imiş bir zamanlar: Ağzınadək dolu restoranda iki nəfər maliyyə mövzusunda danışırmış. Biri deyirmiş ki, hansısa investisiya barədə filan şey eləmək lazımdır. Bu vaxt ikinci deyirmiş ki, hər şey yaxşıdır, amma mənim brokerim Xatton deyir ki... Həmin an səs-küylü restoranda lal sükut yaranırmış, hamı gözləyirmiş ki, ikinci personal Xattonun sözlərini söyləsin.

Maksvell məhz buna görə öz növbəti qanununu hamının qulaq asdığı Xattonun adı ilə adlandırıb.

Əgər siz əvvəl heç tanımadığınız insan qrupu ilə görüşə gedirsinizsə, cəmi beş dəqiqəyə onların hansının lider olduğunu sezə biləcəksiniz. Kiminsə sualı yarananda bütün qrup uzvləri kimə baxırlar? Kimin sözlərini gözləyirlər? Bax real lider odur.

Vəzifəcə lider birinci danışır, real lidersə sonda.

 - Həqiqi liderlik həmişə daxildən gəlir, xarakterin gücündə özünü göstərir;

 - Liderlik ətrafdakılarla yaxşı əlaqə qura bilmək, güclü çevrəyə malik olmaqdan qaynaqlanır; lazımi adamları tapa bilməklə əlaqələndirilir;

 - Lider çoxlu informasiyaya malik olur;

 - Liderlik intuisiya qabiliyyəti tələb edir;

 - Liderlik təcrübədən qaynaqlanır;

Maksvell Xatton qanununun məğzini dərk etməkçün liderlik arzusunda olan insana məsləhət görür ki, özü-özünə bu sualları versin:

 - Mən danışanda insanlar həqiqətənmi məni dinləyirlər?

 - Onlar bu mövzuda başqa birisinin də danışmasını arzulamırlar ki?

6.Möhkəm özül qanunu

«Liderliyin əsası etibardır»

Sistematik olaraq yaxşı qərarlar qəbul edən, öz hesabına qələbələr yazan lider komandasının etibar kreditini daim yüksəldir. O, hətta nöqsan buraxanda belə etibarına xələl gətirmir.

Özünə etibar qazanmaqçun liderdə kompetentlik, xarakter, habelə ətrafındakılarla əlaqə yaradıb müntəzəm bu əlaqəni saxlamaq bacarığı olmalıdır.

General Şvartskopf yazır: «Liderlik strategiya və xarakterin güclü birliyidir. Əgər siz bu iki keyfiyyətdən birindən imtina etməyə məcbursunuzsa, onda yaxşısı budur strategiyasız qalın».

Liderin xarakteri güclü olanda insanlar ona etibar edirlər, eləcə də onlarda çalışdıqları təşkilatın gözəl gələcəyinə böyük inamları yaranır. Güclü xarakter – liderin möhkəm özül üzərində bərqərar olması deməkdir.

Liderlər necə olur ki, özlərinə hörmət qazanırlar? Ağıllı qərarlar qəbul edəndə, öz səhvlərini etiraf edəndə, bir də ardıcıllarının, təşkilatının maraqlarını öz şəxsi maraqlarından üstün tutanda.

Liderin möhkəm xarakteri ardıcılları arasında ona etibar yaradır. Amma elə ki, lider ümidləri doğrultmur, o, insanları ardınca aparmaq qabiliyyətini itirir. Möhkəm özül qanunu məhz budur.

7.Hörmət qanunu.

«İnsanlar təbii şəkildə elə bir liderin ardınca gedirlər ki, o, onlardan güclü olur».

1820-ci ildə ABŞ-ın cənubundakı Merilend ştatında anadan olan Qarriet Tabmen adlı zənci qadın cəmi 30 yaşında liderə çevrilərək Peyğəmbərin şərəfinə Musa adlandırıldı. Xırda mehmanxanalarda döşəmələri silən, zibil daşıyan, hədsiz dərəcədə yoxsul olan, savadı olmayan, yeniyetməliyində iş yerində sahibkar tərəfindən başına dəmir parçası ilə vurularaq ağır zədə alıb sağlamlığını belə itirən bir qadının lider olmaq ehtimalı neçə faiz ola bilər? Əlbəttə ki, sıfır deyəcəksiniz.

O dövrdə qara dərililər cənub ştatlarında qul hesab edilirdilər. Bununla əsla razılaşmayaraq «ya azadlıq, ya ölüm» devizi ilə Tabmen şimala – Filadelfiyaya qaçır. Özü azad olur, ancaq Merilenddə qalan qohumlarını da azadlığa çıxarmaq fikri ilə yaşayır. Tezliklə gizli dəmir yolu vasitəsilə gedib onları da Filadelfiyaya gətirə bilir. Bundan sonra qadın hər bahar həyatı ilə risk edərək cənub ştatlarına gedib çox sayda zənciləri xilas edərək Şimala gətirməyə başlayır. O, qorxu bilməz birinə çevrilir, onun liderliyi isə get-gedə möhkəmlənir.

1850-1860-cı illərdə Qarriet Tabmen 19 dəfəyə Cənubdan 300-dən çox qul çıxara bilir, «mənim qatarım bircə dəfə də relsdən çıxmayıb», - söyləyən qadın xilas etdikləri arasında bircə nəfəri belə itirmir.

Cənubdakı ağ ağalar hətta onun başına 12 min dollar pul da qoyurlar. Bununla belə, onun gözünü qorxuda bilmirlər. Tabmenin şöhrəti get-gedə artır, o, Amerika tarixinə ən çox qulun azadlığına nail olmuş insan kimi düşür.

Tabmen şimalda təşkil edilən iclaslarda iştirak edir, onu tək zəncilər deyil, bütün cəmiyyət lider kimi tanımağa başlayır. Hətta Avraam Linkoln hökumətində dövlət katibi olmuş Frederik Duqlas, senator Uilyam Syuard, məşhur inqilabçı Con Braun belə bu qadından liderlik sirlərini öyrənirlər.

Beləliklə, əslində lider olmaqçun heç bir perspektivi görünməyən Qarriet Tabmen inanılmaz gücü və təsiretmə qabiliyyəti ilə liderə çevrilir. Səbəb sadədir: insanlar onların özlərindən güclü olan liderin ardınca gedirlər. Heç vaxt olmur ki, insanlar kiminsə ardınca elə-belə getsinlər. Onlar, liderliyinə hörmət etdikləri adamların ardınca gedirlər.

8.İntuisiya qanunu

«Liderlər hər şeyi liderlik prizmasından qiymətləndirirlər».

Reallıq belədir ki, məhz lider intuisiyası görkəmli liderləri yaxşı liderlərdən fərqləndirir. Lider gərək situasiyanı oxusun və instinktiv olaraq hansı hərəkət variantını seçəcəyini bilsin.

Bəzi insanlar liderlik xüsusiyyətləri ilə doğulurlar. Onlarda liderlik intuisiyası da anadangəlmə olur. Bəziləri doğulanda heç bir liderlik instiktinə malik olmurlar, amma yaşadıqca liderlik keyfiyyətlərini əxz edirlər. Eləcə də liderlik intuisiyası onlara sonradan gəlir.

İntuisiya liderlərə liderliklə bağlı bir çox gizlinləri oxumağa kömək edir. Liderlər cari situasiyanı oxumağı bacarırlar. Liderlər tendensiyaları oxumağı bacarırlar. Liderlər öz resurslarını oxumağı bacarırlar. Liderlər öz adamlarını oxumağı bacarırlar. Və nəhayət, liderlər özlərini oxumağı bacarırlar.

Liderlik elmdən daha çox incəsənətdir.

9.Maqntizm qanunu

«Siz özünüz kimi olanları cəzb edirsiniz»

Effektiv liderlər həmişə yaxşı adamları axtarırlar. Bu, əksər hallarda məhz onların özlərinə bənzəyən, onlara lazım olan xarakterə malik olan, onlardakı keyfiyyətlərə malik olan adamlar olur. Məhz maqnetizm qanunu da budur: siz özünüz kimi olanları cəzb edirsiniz.

Pessimist və optimistlər az halda bir-birini cəzb edə bilər. Daha çox, yaşıdlar bir-birini cəzb edə bilirlər. Sosial mənsubiyyət, əlaqələr və ətraf da cəzbetmədə rol oynayır.

İnsanları həm də eyni mənəvi dəyərlər cəzb edə bilir. Başqa bir cəzbetmə obyekti – həyat təcrübəsidir.

 

 “Ədəbiyyat və incəsənət”

(25.08.2023)

 

Saz qədimlərdən bəri xalqımızln milli musiqi yaddaşı kodunu özündə saxlayan çalğı alətidir. Növbəti xəbər onunla bağlıdır. 

“Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyinə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Sazbəndlik və sazbəndlər” adlı layihə çərçivəsində işlər uğurla davam etdirilir. 

 

Bu barədə “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu mediaya açıqlama verib. 

O qeyd edib ki, dörd ay ərzində başa çatdırılması nəzərdə tutulan layihə əsasında “Sazbəndlik sənəti və sazbəndlər” adlı kitab nəşr olunacaq. Artıq bu istiqamətdə işlərin əsas hissəsi görülüb: bir sənət sahəsi kimi sazbəndlik sənətinin tarixi, sazın hazırlanmasının əsas prinsipləri – alətin hazırlanacağı ağac materialının seçilməsi və emalı, simli musiqi aləti kimi sazın quruluşu və növləri və s. haqqında araşdırmaların nəticəsi olan geniş məlumatla yanaşı, xronoloji ardıcıllıqla tanınmış sazbəndlərin həyat və yaradıcılıqları haqqında lazımı bilgilər toplanılıb. Ümumilikdə, kitabda bir sənət sahəsi olaraq sazbəndliklə yanaşı, 70-ə yaxın sazbənd haqqında da məlumatın verilməsi nəzərdə tutulur. 

Layihə çərçivəsində görülən işlərlə bağlı mütəxəssis rəyi alındıqdan sonra kitab yaxın günlərdə nəşr olunması üçün mətbəəyə təqdim olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(25.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.