Super User
Azərbaycan Həştərxanda keçirilən beynəlxalq festivalda uğurla təmsil olunub
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Həştərxan vilayətində tarzən Arslan Növrəsli və onun “Ethno-jazz” qrupu “Kaspiyskie sezonı” adlı klassik incəsənət üzrə beynəlxalq festival çərçivəsində keçirilən “Azərbaycan günü”ndə ölkəmizi uğurla təmsil ediblər.
AzərTAC xəbər verir ki, festival Xəzəryanı dövlətlər arasında humanitar sahədə mədəni dialoq və əməkdaşlığın inkişafı üçün səmərəli layihəyə çevrilmək məqsədi daşıyır.
Azərbaycan çağdaş tar ifaçılıq sənətinin təmsilçisi Arslan Növrəsli və onun “Ethno–jazz” qrupunun (tarda Arslan Növrəsli, pianoda Nicat Aslanov, bas gitarada Səlim Məmmədov, zərb alətlərində Həsən Bilalov) Həştərxan Dövlət Filarmoniyasında keçirilən konserti böyük maraqla qarşılanıb. Repertuara daxil edilən nömrələr həm klassik caz standartları, həmçinin Azərbaycan bəstəkarlarının əsərlərinin mövzuları əsasında yazılmış kompozisiyalardan ibarət olub.
Qeyd edək ki, gecənin xüsusi ifası “Ay Laçın” xalq mahnısı ölkəmizin işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 26 avqust “Laçın Şəhəri Günü” kimi qeyd olunması ilə əlaqədar repertuara daxil edilib.
“Ədəbiyyat və incəsənət”
(28.08.2023)
Bakıda “Koreya serialları dünyası” təqdim olundu
Gözlənilən şou baş tutdu. Heydər Əliyev Sarayında “BN Team Orchestra” simfonik orkestri “Koreya serialları dünyası” adlı konsert proqramı ilə çıxış etdi.
Konsertdə orkestrin ifasında "Boys Over Flowers," "All In", "Scarlet Heart: Ryeo", "Full House" və s. kimi məşhur seriallardan musiqilər səsləndirildi.
Qeyd edək ki, tamaşaçılar konsertdə xor, solistlər və böyük ekranda nümayiş etdirilən ekran görüntülərinin müşayiəti ilə sevimli seriallardan ən gözəl parçaları izləmək imkanı əldə etmişdilər.
“Ədəbiyyat və incəsənət”
(28.08.2023)
“Azərkitab”ın qurucusu vəfat edib
Dərin hüznlə bildiririk ki “Azərkitab Kitab Mərkəzi”nin layihə rəhbəri Mirisrafil Sabir Həsənov 27 avqust 2023-cü il tarixində vəfat etmişdir. Mərhum ata yurdu Biləsuvar rayonu Ağalıkənd kəndinə dəfn olunmuşdur, 3 məclisi də orada keçiriləcəkdir.
Mərhumun 7 və 40 məclisləri Bakı şəhərində təşkil olunacaq, yeri və vaxtı barədə ailəsi məlumat verəcəkdir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Mirisrafil Həsənov bütün ömrünü Azərbaycanda kitabın təbliğatı işinə həsr etmiş, bu yolda “Azərkitab” brendini yaradaraq böyük nəticələr ortaya qoymuşdu. O, insanlarda kitab sevgisi oyatmaq üçün mütəmadi olaraq məktəblərə kitab hədiyyələri, kitabların endirimli qiyməylərlə satışı aksiyalarını həyata keçirirdi.
Son illər qaraciyər serrozundan əziyyət çəkirdi. Xəstəlik xərçəng mərhələsinə keçdikdən sonra vəfat etdi.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(28.08.2023)
Paytaxt və region teatrlarının nəzdində teatr-studiyaları yaradılır
Prezident İlham Əliyevin “Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar Gəncə Dövlət Dram Teatrı, Şəki Dövlət Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Naxçıvan Dövlət Milli Dram Teatrı və Naxçıvan Dövlət Kukla Teatrlarında kadr problemini aradan qaldırmaq məqsədilə həmin teatrların nəzdində teatr-studiyaları yaradılıb.
Bu barədə “Ədəbiyyat və incəsənət” Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Məlunatda qeyd edilir ki, hazırda Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının nəzdində “Mən aktyoram”, Azərbaycan Dövlət Kukla Teatrının nəzdində isə “Oyuq” teatr-studiyası fəaliyyət göstərir.
Xatırladaq ki, bu ilin aprel ayının 11-12-də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Azərbaycan peşəkar milli teatrının 150 illiyi ilə əlaqədar ilk Teatr Forumu keçirilib. Forumda teatr sahəsinin inkişaf perspektivləri ilə bağlı bir çox məsələlər, o cümlədən region teatrlarının mövcud problemləri də müzakirə edilib. Regiondan paytaxta gəlib təhsil alan rejissor və aktyorların sonradan peşəkar kadr kimi regionlara geri dönməməsi və bunun nəticəsində də yerli teatrlarda yaranan kadr çatışmazlığı probleminin həlli istiqamətində müxtəlif təkliflər irəli sürülüb. Bu işdə respublikamızın akademik və aparıcı teatrlarının təcrübəsindən istifadə edərək müxtəlif bölgələri və fərqli sosial təbəqələri təmsil edən əhalinin teatr sənəti ilə bağlı tələbatlarının eyni səviyyədə ödənilməsi üçün əlverişli şəraitin yaradılması nəzərdə tutulub. Ümumiyyətlə, bu an regionlarda bölgə teatrlarının inkişafına da xüsusi diqqət yetirilir, teatrın nüfuzunun və tamaşaçı marağının artırılması istiqamətində Mədəniyyət Nazirliyi tərəfindən məqsədyönlü işlər aparılır.
“Ədəbiyyat və incəsənət”
(28.08.2023)
Kukla Teatrı Laçında “Məlikməmməd” tamaşası ilə çıxış edib
Laçında reallaşan “Şəhər Günü” tədbirləri çərçivəsində mənzərəli terrasda A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının təqdimatında “Məlikməmməd” tamaşası nümayiş olunub.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev olan səhnə əsərində rolları İqbal Əliyev, Aygül Ağayeva, Elnur Xəlilov və Elgün Həmidov ifa ediblər.
“Ədəbiyyat və incəsənət”
(28.08.2023)
Prezident 33 ay öncə nə demişdi?
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün
26 avqust - Laçın Şəhəri Günüydü! 26 avqust unudulmaz və bundan sonra həmişə bayram ediləcək tarixi gündür! Unudulmazlar unudulmazlar! Örnəyi, 1922-ci il avqustun 26-da qonşu qardaş ölkəmizdə Mustafa Kamal Paşanın öndərliyində başlamış Böyük Taarruz unudulurmu? Ondan yüzillər öncə (26 avqust 1071-ci ildə) Böyük Səlcuqlu Sultanı Alp Arslanın başqanlığında qazanılmış Malazgirt Zəfəri unudulurmu? Eləcə də, nə 44 günlük müharibədə (qardaş Türkiyənin unudulmaz mənəvi, siyasi dəstəyi ilə) qazandığımız Zəfər, nə də o Zəfər əsasında əldə edilmiş digər uğurlar, o cümlədən 26 avqust 2022-ci ildə Laçın şəhər mərkəzində bayraq ucaltmağımız undulmayacaqdır!
Qardaşlarımızla sıx işbirliyinə, Türk Dövlətləri Təşkilatına böyük önəm verən Azərbaycan Prezidenti bugünlərdə Macarıstana səfər etdi, ardınca Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə gəldi. Qardaş ölkə başçısı Bakı, Füzuli və Şuşada oldu; qardaş dövlət başçısının uçaq güzərgahı beləydi: Daşkənd-Bakı-Füzuli-Daşkənd… Biz Ankara-Füzuli-Ankara, Ankara-Zəngilan-Ankara güzərgahı ilə Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın unudulmaz səfərlərini qədirşünaslıqla altun yaddaşa yazmışıq. (Mirziyoyevlə Ərdoğan arasında Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Qarabağa səfər etmişdi). Budur, Laçın Beynəlxalq Hava Limanının təntənəli açılışına az qaldı - Prezident və xanımı Hava limanında tikintinin gedişi və görülmüş işlərlə tanış oldu (Bu, Laçın Şəhəri Günündən bir gün öncə baş verdi).. Təsəvvür edirsiz, bütün bunlar - Laçın ünvanlı böyük işlər nə deməkdir?!. Bu, çox möhtəşəm hadisələrdir, çox! - “5+2” deyib-durmuş, Qarabağdakı bir ovuc erməni üçün israrla status tələb edən Ermənistan və havadarlarının nəinki yaxın, heç uzaq planında belə Laçında Azərbaycan bayrağı görünmürdü. (İndi Laçın şəhərində həyatın bərpa edilməsindən başqa, Ermənistan-Azərbaycan şərti dövlət sərhəddində Laçın postumuz fəaliyyət göstərir).
Onlar Laçın və Kəlbəcər üçün öz diqtələrinə uyğun bədəməl “gələcək”dən savayı heç nə təsəvvür etmirdi. Hətta, 44 günlük müharibədən sonra belə, 2023-cü ildə azərbaycanlıların Laçında qaynar həyatı bərpa edə biləcəyinə inanmırdı ermənilər.
Laçında bayramıydı! Bu, yalnız laçınlıların, Azərbaycan xalqının deyil, haqq-ədalətə sayğılı hər kəsin, tərəqqipərvər insanlığın bayramı dəyərindədir! Bu, bizə oxşar taleli ölkələr, xalqlarçün örnək, model təşkil edir! 44 gün içində 30 illik işğala son verən, XXI yüzilin müharibəaparma mədəniyyətini nümayiş etdirən Azərbaycan, doğma yurda qayıdışın da örnəklərini, modellərini yaradır. Hətta ermənilər özləri belə üç onillik işğal dönəmi və dünya erməniliyinin, havadarlarının (və digər qaynaqların) təqribən 40 milyard dollardan artıq xərcləmələri qarşılığında Qarabağın miskin görkəmdə qaldığını deyir; onlar bunu, Azərbaycanın 2-3 il içində qurub-yaratdıqlarını görə-görə idrak edirlər. İdrak edirlər ki, bir qrup müftəxor, buraxma siyasi-hərbi dəllal sadə erməniləri avaragor günə qoyub. Dünyanı aldadan ermənilər məgər ilk növbədə elə özlərini də qəşəngcə aldadırmış! Cəhənnəmə ki!
Bəli, Müzəffər Ali Baş Komandan İlham Əliyev 25-26 apreldə Kəlbəcər və Laçında açılışlar etdi, təməlqoydu, tikinti-quruculuq sürəciylə yerindəcə tanış oldu, doğma yurda dönmüş laçınlılarla görüşdü və Şəhər Günü bayramında möhtəşəm nitq söylədi.
O möhtəşəm nitq köksümüzü qabartdı, dostlarımızı sevindirdi, dost ola bilməyənləri kədərə boğdu.
Sevinə bilmək Tanrı lütfü, sevinə bilməmək bəndə naqisliyidir. Çünki bizim bayramımız, Zəfərimiz ədalətə, əsalətə əsaslanır. Biz haqsızlığı durdurmuş, öz gücümüzlə işğala son vermişik. Əslində, Qarabağın erməni sakinləri üçün ədalət, insanca yaşam Azərbaycan bayrağı altında mümkündür. Çünki “bayraq” aldatmacası ilə onların başı üstünə qaldırılmış əski parçasının “ömrü”nə çox az qaldığı kimi, Ermənistan adlanan dövlətin bayrağının da uzunmüddətli olacağına zəmanət yoxdur. Kadastrsız (tapusuz) dövlət müstəqil yaşaya bilmir. - Belə olunca nə etməlidir? - Düsturu Müzəffər Ali Baş Komandan 33 ay öncədən verib:
“Müstəqil ölkəsən, müstəqil ölkə kimi yaşa. Müstəqil ölkə kimi yaşaya bilmirsən, get başqa ölkənin tərkibinə gir. Endir o bayrağı dirəkdən, bük, qoy cibinə, get başqa ölkənin tərkibində yaşa.”(20.11.2020). Təbii, aydındır ki, başqa ölkənin tərkibinə ermənilər gedəcək, Ermənistan yox. Hələlik Ermənistan adlanan coğrafiyanın əsil yiyəsi yaxşı bilir, oraları necə gül-gülüstanlığa çevirmək olar…
26 avqust möhtəşəm günüydü!
26 avqust 26 avqustda qalmayacaq!
Hələ neçə və necə bayramlarımız olacaq!
BAYRAĞIMIZ UCA OLSUN!
“Ədəbiyyat və incəsənət”
(28.08.2023)
Günün fotosu: Bir öpüşün nəticəsi
Günün fotosu: Bir öpüşün nəticəsi
Foto: AP
İspaniya Milli Futbol Federasiyasının rəhbəri Luis Rubiales ətrafında qalmaqal davam edir. O, çempionluq qazanmış qadınlardan ibarət İspaniya milli komandasının qızıl medallarla təltif olunması mərasimində komandanın kapitanı Cenifer Ermossonu dodaqdan öpərək həm qızı, həm də cəmiyyəti qəzəbləndirən bir jest etmişdir.
Nəticədə onlarla futbolçu Rubiales vəzifədən gedənə qədər növbəti matçlardan imtina eləmişdir.
FİFA hələ ki Rubialesi 90 gün vəzifəsindən kənarlaşdırmışdır.
“Ədəbiyyat və incəsənət”
(28.08.2023)
Qatil öz aramızdadır! - Çingiz Abdullayevin romanı təqdim olundu
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycanın xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin Birinci katibi Çingiz Abdullayevin Azərbaycan dilində yeni işıq üzü görən “Yalnız özümüzünkülər” adlı detektiv romanı həftəsonu “Libraff” kitab mağazaları şəbəkəsinin Park Akademiya filialında kitabsevərlərə təqdim olundu və yazıçının imza günü keçirildi.
Qeyd edək ki, kitab Teas-press nəşriyyatında ərsəyə gəlib. Roman 6 il əvvəl - 2017-ci ildə rus dilində Moskvada, Eksmo nəşriyyatında çap edilib.
Görüşdə Çingiz Abdullayev yeni romanının əsas məziyyətlərindən bəhs etdi, oxucuların suallarını cavablandırdı.
Onun hər bir yeni romanını yüz minlərlə oxucu kütləsi səbirsizliklə gözləyir.
Sirr deyil ki, dünyada ən çox məhz iki janrda kitab oxunur: non-fiction və getektiv. Azərbaycanda isə detektiv bir nömrədir. Və Çingiz Abdullayev də kitabları ən çox satılan lider yazıçılardandır.
O ki qaldı romanın süjet xəttinə, Londonun yaxınlığındakı tənha bir malikanədə yalnız özləri - bir ailə Milad bayramını qarşılamağa toplaşır: Şərq ölkələrindən birində səfir işləyən ailə başçısı və həyat yoldaşı, oğlu öz daim qəzəbli sevgilisi ilə, qızı zərif təmkinli əri ilə, eyni zamanda səfirin milyonçu dostu öz gözəl həyat yoldaşı ilə.
Gecə yaxınlaşır, pəncərənin xaricində bir çovğun cövlan edir, bir sözlə, mükəmməl bir İngilis cinayəti üçün ən uyğun mühit. Və bu cinayət baş verir: kimsə səfirin stəkanına zəhər tökür. Və bir saat sonra milyonerin cazibədar həyat yoldaşı güllələnir. Bu cinayətləri kim törədib? Cavab mümkün qədər tez tapılmalıdır, çünki qatil öz aralarındadır…
“Ədəbiyyat və incəsənət”
(28.08.2023)
Varis: “Yazıçılar III minilliyin insanı üçün yeni ədəbiyyat yaratmalıdırlar"
24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki müsahibi yazıçı, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis olub. O, Azərbaycan ədəbiyyatının inkişafına müsbət təsir edəcək amillərdən danışıb. Müsahibəni Həvva Cəbrayılova hazırlaylb.
Həmin müsahibəni diqqətinizə çatdırırıq.
-Azərbaycan ədəbiyyatının inkişafına müsbət təsir edə biləcək amillər hansılardır və bu yolda addımlayan gənclər, əsasən, nələrə diqqət etməlidirlər?
-Azərbaycan ədəbiyyatının inkişafına müsbət təsir edə biləcək amillər çoxdur, bunların bəziləri ümumədəbiyyat faktlarıdır, bəziləri məhz Azərbaycan üçündür, spesifikdir. Ondan başlayaq ki, hazırda bütün dünyada mədəniyyətə 3-cü minilliyin İKT basqısı hiss edilir. İnsanlar mobil telefonların və internetin əsarətində ikən kitab mağazaları, teatr və konsert salonları, kino zalları, rəsm qalereyaları boşalır, ağıllı telefonlar hər şeyi öz əllərində cəmləşdirirlər. Hətta kitab yazmaq, film çəkmək, musiqi bəstələmək tədricən süni intellektlərə tapşırılmaqdadır. Belə bir zamanda üstəlik, pandemiya, müharibə, iqtisadi tənəzzül, təbii fəlakət, qlobal istiləşmə kimi faktorlar da bir yandan “sabaha ümid yoxdur” təhlükəsi ilə insanları zombiləşdirir, mənəvi deqradasiyaya aparır. Bax belə bir çətin zamanda ədəbiyyat sanki seyt-notdadır, edilən hər bir gedişə çox cüzi vaxt ayrılır. Odur ki, bu faktorları nəzərə alıb yazıçılar bu fərqli yeni insan üçün – 3-cü minilliyin insanı üçün yeni ədəbiyyat yaratmalıdırlar. Yəni, cəmiyyətin sosial sifarişini, oxucunun maraq və istəklərini nəzərə almayan, günün tələbləri ilə səsləşməyən ədəbiyyat oxunulmayacaq, sandıqda qalacaq. Bu ədəbiyyatın inkişafının qızıl qanunudur. Kim də desə ki, belə ədəbiyyat əsl ədəbiyyat deyil, yanılacaq. Çünki hər dövrün öz ədəbiyyatı olur, bu normal tendensiyadır. Kitab əmtəədir, heç kəsə gərək olmadısa, demək, özünü doğrultmadı. Özünü doğrultmadısa, sənin gətirəcəyin arqumentlər (mən gələcək üçün yazıram, yaxşı kitab kütlə üçün deyil, oxucunun səviyyəsi aşağıdır, dekodentçilik ədəbiyyatın əsasıdır və s.) tamamilə əsassızdır. Spesifik problemlərə gəlincə Azərbaycanda nəşriyyatların mətbəə funksiyası daşıması, yazıçılara nəşriyyat sifarişinin olmaması, kitab bazarının kiçik, əhalinin alıcılıq qabiliyyətinin aşağı olması, mediada və cəmiyyətdə mənəviyyat mövzularının kölgədə qalması, reklamvericinin yoxluğu ədəbiyyatımızı inkişafdan saxlayan amillərdir, demək ki, inkişaf üçün də məhz bu amillər aradan qaldırılmalıdır.
Ölkəmizin çox istedadlı ədəbi gəncliyi var. Dövrün nəbzini tutan, qeyd etdiyim faktorlara söykənən mətnlər yazmaq, qlobal ədəbi inteqrasiyanı nəzərə alıb məhəlliçilikdən uzaqlaşmaq, ustad yazarlardan ara-sıra dərslər, tövsiyə və məsləhətlər almaq, ədəbiyyatşünaslıq elmindən xəbərdar olmaq, ədəbi prosesləri izləmək, daha çox mütaliə edib elitar ədəbi zövq formalaşdırmaq vacibdir.
Mən 2016-cı ildə Nyu-Yorkda Bestseller yazmağın qızıl qaydaları kursunu alanda bizə ən birinci bu qaydanı öyrətmişdilər: Sənə çağdaş oxucunu öz kitabına cəlb etmək üçün cəmi üç abzas şans verilir, bu üç abzasda oxucunu maqnit kimi cəzb edə bilməyəcəksənsə, sənin kitabın oxunmayacaq!
“Ədəbiyyat və incəsənət”
(28.08.2023)
Qazaxıstanın səfiri Azərbaycan Milli Kitabxanasının qonağı olub
Qazaxıstan Respublikasının ölkəmizdəki səfiri Alim Bayel Azərbaycan Milli Kitabxanasının qonağı olub.
Milli Kitabxanadan verilən məlumata görə, görüşdə Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən cari ilin sentyabr ayında keçiriləcək Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi çərçivəsində “Xalqların qardaşlığı - ədəbiyyatların qardaşlığıdır” mövzusunda Qazax ədəbiyyatının görkəmli nümayəndəsi Kemel Tokayevin 100 illik yubileyinə və böyük ədib, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunacaq dəyirmi masa və kitabların təqdimatı haqqında təfərrüatlar müzakirə olunub.
Milli Kitabxananın direktoru professor Kərim Tahirov kitabxanada fəaliyyət göstərən Beynəlxalq Əməkdaşlıq zalında Qazaxıstanın daimi guşəsi haqqında səfirə məlumat verib.
Səfir kitabxanada “Heydər Əliyev guşəsi”, “Tələbə gənclərə xidmət zalı”, “Uşaq şöbəsi və uşaq istirahət otağı”, “Nadir kitablar və kitabxana muzeyi” şöbəsi ilə tanış olub. O, Azərbaycan Milli Kitabxanası ilə tanışlıqdan məmnunluğunu ifadə edib.
Sonda qonağa “Azərbaycan Milli Kitabxanası” fotoalbomu, “Salam Azərbaycan”, “Azərbaycan xalçaları dünya kolleksiyalarında” kitabları və Azərbaycanın xəritəsi təqdim olunub və xatirə şəkli çəkdirilib.
“Ədəbiyyat və incəsənət”
(28.08.2023)