Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün meydan Ədəbi tənqidindir, sizlərə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözövanın “Çağdaş nəsrimizin yeni imzaları “Ulduz”un şəfəqləri altında” məqaləsi təqdim edilir.

 

 

 

         Ədəbi cameəmizdə və müasir ədəbi prosesdə özünəməxsus yeri olan “Ulduz” jurnalının 2023-cü ilin iyun nömrəsi oxucuların qarşısına tam fərqli formatda çıxdı. C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası ilə ortaq layihə çərçivəsində ərsəyə gələn bu buraxılış "Yeni nəsil: proza" devizi ilə təqdim edilib. Jurnalın baş redaktoru Qulu Ağsəs ədəbi prosesimiz üçün unikal bir addıma imza ataraq jurnalın bu nömrəsinin tərtibini gənc imzalardan olan Furqana həvalə edib. Furqanın təqdim etdiyi “Ulduz”un səhifələrində  yeni nəsil imzalardan Orxan Saffarinin, Təvəkkül Boysunarın, Orxan Cuvarlının, Sərdar Aminin, Nihat Pirin, Həmid Piriyevin, Orxan Həsəninin, Rəvan Cavidin, Nadir Yalçının, eləcə də Furqanın özünün hekayələri işıq üzü görüb. Fikrimizcə, Furqan Qulu Ağsəsin ona həvalə etdiyi bu məsuliyyətli işin öhdəsindən layiqincə gəlib. Jurnalda toplanan hekayələr həm stilistika, həm də mövzu baxımından fərqli olduğundan çağdaş ədəbiyyatımızda hekayə janrının təzahürü haqqında ümumi fikir yürütməyə, janrın bu günü haqqında söz söyləməyə imkan verir. Müəlliflərin jurnala təqdim etdikləri hekayələrin polifonikliyi janrın ədəbiyyatımızda klassik ənənələri qorumaqla yeni inkişaf meyilləri ilə zənginləşdiyindən xəbər verir. Furqanın “Mustafa Həbibzadənin meyidini mən oğurlamışam” hekayəsində müasir dünyada getdikcə unudulan mənəvi bir dəyərin – verilən sözə sadiqliyin maddiyyata qurban getməsindən bəhs edilir. Gənc yazıçı aktyorun tabutunu gətirən şəxslərin onun oynadığı rolların qiyafəsinə bürünməsi səhnəsi ilə Əbdürrəhim bəy Haqverdiyevin M.F.Axundzadəyə həsr etdiyi “Xəyalat” əsərinə işarə edir. Ə.Haqverdiyevin hekayəsində yaratdığı personajlar M.F.Axundzadəni ittiham edirdi, Furqanın hekayəsindəki aktyorun yaratdığı personajlar isə ona verilən sözü yerinə yetirməyən şəxsləri məhşərə çəkirlər. “Yeni dünya düzəni” hekayəsində isə yazıçı müasir dövrdə gündəmdə olan neqativ və pozitiv düşüncənin insanın, eləcə də kainatın gələcəyinə təsiri ilə bağlı təlimləri fərqli biçimdə, cari həyat kontekstində verməyə nail olub.  Orxan Saffarinin “Mərcan xala və polipləri” hekayəsi tənha bir qadının həyatına kənar baxışı əks etdirir. Orxan Saffari tənhalığa baxışı bir tərəfdən uşaq gözü, uşaq xatirələri ilə nəql edir, digər tərəfdən yetkin gəncin fikirləri ilə bu nəqlə düzəlişləri təqdim edir. Hekayənin ən təsirli ifadəsi “uşaqları pişik kimi sevirdi” ifadəsidir. Bu cümlədə bir qadının analıq duyğusunu dada bilməməsi həm sadə, həm də kəskin şəkildə ifadə olunub. Uşağın necə sevildiyini duymayan qadın uşaqları insan körpəsi kimi, dadmadığı bir duyğu ilə sevə bilməzdi və sevgisini bildiyi duyğu ilə, pişiklərə sevgisinə bənzər şəkildə ifadə edirdi. Təvəkkül Boysunarın “Burnout” hekayəsi adı ilə oxucunu intellektual dialoqa dəvət edir. Amerikalı psixoloq Kristina Maslakın 1976-cı iləd elmə gətirdiyi Burnout sindromu (emosional yüklənmə, “yanma”) termini haqqında məlumatı olmayan oxucu hekayənin əsl mahiyyətini anlamaqda çətinlik çəkəcək. Belə ki, hekayədə təzahür edən depersonalizasiya həm burnoutun, həm də şizofreniyanın əlamətlərindən biridir. Müəllifin oxucuya verdiyi ipucunu başlıqda yerləşdirməsi də maraqlı priyom kimi diqqətəlayiqdir. “Uğursuz gün” müasir yumoristik hekayə kimi oxunaqlılığı ilə seçilir. Orxan Cuvarlının “Güzgü” hekayəsində baş qəhrəman və nəqledici güzgüdür. Obraz olaraq məhz divar güzgüsünün seçilməsi də təsadüfi deyil. Çünki kiçik əl güzgüsü yalnız bir şəxsin mübhəm duyğularına tərcüman ola bilərdi. Əvvəlcə hamama vurulan güzgü bir ailənin həyatına, cızılıb binanın giriş qapısına vurulduqdan sonra isə bütöv bir məhəllənin həyatına şahidlik edir. Güzgünün bina girişindəki həyatında gördükləri daha maraqlı və rəngarəngdir. Xüsusilə sərxoşla görüş, onun cibindən çıxardığı, güzgüdə əks olunan “1993, may, Ağdərə” imzalı üç gənc əsgərin fotosu və cəbhədə kontuziya alıb havalanan istedadlı cərrahla bağlı hekayət bu gündən dünənə, ağrılarımıza, itkilərimizə baxışı əks etdirir. “Dünya bir pəncərədir, hər gələn baxar, gedər” ifadəsini Orxan Cuvarlı dəyişərək dünyaya güzgüdən baxır, çünki pəncərə yalnız dünyanı göstərir, güzgü isə həm dünyanı, həm də ona baxan insanı əks etdirir. Sərdar Aminin “Nilufərlər” hekayəsinin  adı incə, romantik, həzin bir nəql vəd edir. Lakin hekayə şəhərin müxtəlif yerlərindən gətirilən torpaqla doldurulan Günəşli dərəsindən bəhs edir. Dərənin doldurulmasına nəzarət edən Sahib kişi dərəyə tökülən torpaq laylarında ilişib qalan əşyaların nəql etdiyi fərqli həyatlara, talelərə dair hekayətlərin dinləyicisinə çevrilir. Bu bədii priyom hekayə müəllifinin uğurunu təmin edir. Xəzərin dalğaları Günəşli dərəsinə dolub torpağı və Sahib kişini qoynuna alıb aparanda “nilufərlər” də aşkara çıxır: gənc yazıçının borcla nəşr etdirdiyi və sata bilmədiyi “Nilufərlər” adlı 50 kitabı bu gölün çiçəkləri kimi Sahib kişiyə axirət yolçuluğunda yoldaşlıq edir. Yazıçının “Atamın əlləri” hekayəsi keçmiş eşq hekayətlərinin  ahıl yaşda xatırlanması kimi klassik mövzunun orijinal tərzdə təqdimi ilə yadda qalır. Nihat Pirin “Bir kəndin manifesti” ədəbiyyatımızda Mirzə Cəlil üslubunun müasir variantda və yeni tərzdə ifadəsidir. “Danabaş kəndi”nin xələfi olan kəndin dərdi ölümün qeybə çəkilməsi və mollanın, qəbirqazanın, çadırquranın işsiz, gəlirsiz qalmasıdır. Kənd camaatının bu məsələnin həlli ilə bağlı göstərdiyi birgəlik və canfəşanlıq oxucunu həm güldürür, həm də düşündürür. Hekayədə adı ilə dərhal Mirzə Cəlil yaradıcılığına istinad verən Molla Xudayarın Şeyx Nəsrullahlıq edərək bu dəfə ölü diriltməkdən vaz keçib diriləri məcazi öldürüb yas mərasimi təşkil etməsi dahi ədibin qaldırdığı bəzi problemlərin bu gün də aktual olduğunu vurğulayır. Həmid Piriyevin “Şanapipik haqqında mahnı” hekayəsi Abşeron kəndlərinin ab-havası üzərində qurulub.Yazıçı ilk baxışdan monoton görünən həyat fonunda qəhrəmanların özünəməxsusluğunu vurğulamış, Bakı, Abşeron mühitinin daha öncələr işlənmiş obrazına yeni çalarlar gətirə bilmişdir. Təzadları ilə yadda qalan Həci obrazının müəllif tərəfindən böyük sevgi və diqqətlə yaradılması bu obrazın onun gələcəkdə yazacağı əsərlərdə yenidən görünəcəyi qənaətini yaradır. “Şaftalı çiçəkləri fəsli”ndəki sərxoşun şordan qu quşu tutması  hekayəsi Süleyman Vəliyevin məşhur “Şor cüllütü” hekayəsinə istinad effekti yaradır. Orxan Həsəninin “İnziva” hekayəsi özünü cəmiyyətdən könüllü təcrid edən insanın yaşamını nəql edir. Monoloq şəklində yazılan hekayə yorucu deyil, əksinə, oxucu nəqlin davam etməsini, kəsilməməsini arzulayır. İnziva içində həyatının ən xoşbəxt gününü axtaran  qəhrəmanın həyatının, yaşamının əsası, özünün də qeyd etdiyi kimi, “gördükləri yox, düşündükləridir”. Yazıçının “Çiy balıq” hekayəsi hərbi hissədəki əsgər həyatına həsr edilib. Gürzə ilə savaş və əsgərin yoldaşına ad günündə qadağanı pozaraq telefon tapıb mahnı hədiyyə etməsi kimi detallar müharibədən kənar mühitdə hərbçi həyatının təsviri mövzusunda uğurlu bir hekayənin meydana çıxmasına rəvac verib. Rəvan Cavidin “Dəvələr, atlar, şarlar” hekayəsi sufi rəmzlər üzərində qurulub. Cari həyat fonunda təsvir edilən Yusif, Züleyxa obrazları rəmzi yalnız adlarında daşıyır. Dəvə karvanı və  Rumi obrazları isə mif kimi mətnə hörülüb. Mif və cari həyat arasında mediator rolunu üzərinə götürən Sarvan hekayənin əsas obrazıdır. “Xudavi” hekayəsinin qəhrəmanının real həyatını Rəvan Cavid dərviş hekayəti siqləti ilə nəql etməklə fərqli auralı mətn yaratmağa nail olub. Nadir Yalçının “Nina Nikolayevna” hekayəsi din ayrılığı və məhəbbət kimi klassik bir mövzunun yeni nəfəslə işlənməsi kimi diqqətəlayiqdir. Məhəbbəti uğrunda üzdə dinini dəyişən, gizlində isə ilk inancının simvolu olan xaçı saçlarının altına bənd edib gizləyən Ninanın obrazı təravətlidir və məhz bu obraz hekayəni triviallıqdan qurtarır. “Səfər müəllimə nəsə olub” hekayəsinin teatrın kassası qarşısında Əzizin qarşılaşdığı hadisələrlə başlaması təsadüfi bir detal deyil. Hekayənin sonrakı gedişatı Əzizi  Səfər müəllimin həyatının tamaşası ilə qarşı-qarşıya qoyur. Yazıçı təhkiyəsinin rəvanlığı, klassik nəsr ənənlərinə sadiqlik Nadir Yalçının mətnlərinə öz möhürünü vurub.

         Müasir gənc ədəbi nəslin hekayə yaradıcılığına həsr edilən jurnalın "Dərgidə kitab" rubrikasında isə türk ədəbiyyatında qısa hekayə janrının banilərindən hesab edilən Ömər Seyfəddinin "Üç nəsihət" hekayəsi  master-klass kimi təqdim edilmişdir. Fikrimizcə, jurnalın baş redaktoru, layihənin ideya müəllifi şair-publisist Qulu Ağsəsin "Yuxarıdayam, düşürəm indi" essesinin “Ulduz”un gənc yazarlara həsr edilmiş nömrəsində verilməsi təsadüfi deyil. Essesində ədəbiyyatımızın gəncliyinin simvolu olan Mikayıl Müşfiqi, eləcə də Müşfiq şəninə adı qoyulan Müşfiq Cabiroğlunu anan Qulu Ağsəsin, istedadlı gənclərin həvəslə yaradıcılığa davam etməsi, “işıqlı dünyadan əl çəkməməsi”, odlu-alovlu misralarını yaşatması üçün “Ulduz”u yeni formatda təqdim etməsi ədəbiyyat naminə təqdirəlayiq bir addımdır.

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2023)

ŞƏHƏRİN ƏDƏBİYYAT MUZEYİNDƏ KƏLAĞAYIDAN BƏHS EDƏN ƏDƏBİ-BƏDİİ GECƏ TƏŞKİL OLUNDU

 

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin 2023-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi ''Kəlağayı əlvan qıyqacı'' layihəsi çərçivəsində 8 Oktyabr 2023-cü ildə Qazax şəhəri Ədəbiyyat muzeyində kəlağayıdan bəhs edən ədəbi-bədii gecə təşkil olundu. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına təşkilatçı qurumdan məlumat verilib. 

 

Ədəbi-bədii gecəni Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, şair-publisist Güllü Eldar Tomarlı açaraq layihənin təşkili və mahiyyəti haqqında məlumat verdi.

Bu yerdə gəlin bir qədər kəlağayının tarixinə rakurs edək.

 

Kəlağayı – Azərbaycanda qadınlara məxsus, ipək sapdan toxunmuş dördkünc formalı baş örtüyüdür. Ölkəmizin qərb zonasında buna “çarqat” da deyilir. Bu örtük gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət rəmzi olmaqla yanaşı, özündə Odlar Yurdu Azərbaycanın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini yaşadır.

Əsrlərcə tarixi olan kəlağayının ərsəyə gəlməsi mürəkkəb proses olduğundan burada bir neçə peşə növünün nümayəndəsi - toxucu (tərrax) (kəlağayı toxuyan), boyaqçı (kəlağayını boyayan), qəlibçi (qəlibin köməkliyi ilə kəlağayıya müxtəlif naxışlar vuran), kəlağayıçı (ornamentalist sənətkar) iştirak edir. Çəkisi 125 qram olan, bir üzükdən keçə bilən bu unikal örtüyün boyanıb, naxışlanması iki gün çəkir və qəribə görünsə də, adətən bu qadın baş geyimi kişilər tərəfindən hazırlanır. Belə ki, qaynayan rənglərlə, qəliblə işləmək kimi çətin işin öhdəsindən yalnız kişilər gələ bilər.

Baş örtüyünün hazırlanma prosesində ən aparıcı qüvvə boyaqçı hesab olunur. Çünki hazır kəlağayıları küpxanada qaynar şəkildə boyamaq böyük zəhmət, virtouz bacarıq və incə duyma qabiliyyəti tələb edir. Əsasən, ağ, qara, soğanı və yaşıl rənglərdə 150x150 sm və 160x160 sm ölçüyə malik olan kəlağayının boyanmasında sumaq, zirinc, narınc, cır alma, zəfəran, qarağat və s. bitkilərdən istifadə edilir.

Kəlağayının naxışları ağac və ya metal qəlib vasitəsilə vurulur. Kəlağayının yeləni (haşiyəsi), bəzən isə xonçası (ortası) basmanaxış üsulu ilə həndəsi və ya nəbati naxışlarla bəzədilir. Kəlağayıda əks olunan naxışlar özündə böyük məna ehtiva edir. Kəlağayının üzərində həkk olunmuş naxışlar öz qüdrəti, dərin mənası hesabına yüz illərdir ki, dəyişilməz olaraq qalır. Naxışlar içərisində daha çox butalar üstünlük təşkil edir ki, bu da Azərbaycan ornament sənətində ən çox yayılmış bəzək elementlərindən biridir. Bildirək ki, tədqiqatçılar butanın atəşpərəstlik dövrünə məxsus bəzək forması olduğunu ehtimal edir.

 

İndi isə tədbirə qayldaq. Güllü Eldar Tomarlıdan sonra Qazax Rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, Azərbaycan Yazıçılar Birliyinin Qazax zona şöbəsinin sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal, ictimai birliyin sədr müavini Vüsal Sehranoğlu, Qazax şəhər 2 nömrəli musiqi məktəbinin "Şəms" muğam qrupu, "Sabahinfo" saytının sədr müavini Elnarə Həziyeva, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Mübariz Qaragözlü, Tamella Poladlı, şair-kitabxanaçı Gülsənəm Cəlili, şair Briliyant Atəş, aşıq İnsafə Əhmədova, Qazax şəhər 2 nömrəli musiqi məktəbinin şagirdlərindən ibarət "Odlar yurdu" aşıqlar qrupu, Qazax rayonu Azad Mikayılov adına Xanlıqlar kənd ümumi orta məktəbinin və Aslan Kəmərli adına Kəmərli kənd tam orta məktəbinin şagirdləri çıxış etdilər. Layihənin kəlağayımızın əvvəlki şan-şöhrətini özünə qaytarmaqla yanaşı yeniyetmə və gənclər arasında onun populiyarlığını daha da artırmağda böyük rol oynayacağından bəhs etdilər, gözəl musiqi nömrələri ilə ruhu oxşatdılar. 

"Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyi 2023-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi ''Kəlağayı əlvan qıyqacı'' layihəsi çərçivəsində Bakı və Qazaxdan başqa Şəki və İsmayıllı rayonlarında da kəlağayıdan bəhs edən ədəbi-bədii gecələrin keçirilməsi nəzərdə tutulur. Üstəlik, kəlağayı haqqında kitabın nəşri də planlaşdırılır.

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2023)

Oktyabrın 7-də Bakıda Argentina səfirliyi tərəfindən II Latın Amerikası Filmləri Festivalının açılışı olub.

Üzümüzə gələn noyabr ayının  25-dək davam edəcək festival çərçivəsində Latın Amerikasının müxtəlif ölkələrindən seçilmiş filmlərin nümayişi nəzərdə tutulub.

 

KİV-in məlumatına görə, tədbirin açılışında çıxış edən Argentinanın Azərbaycandakı səfiri Marianxeles Belluşi ölkələrimizin adət-ənənələri və mədəni dəyərləri arasında oxşarlıqların olduğunu vurğulayıb. O bildirib ki, bu cür tədbirlər bir ölkənin dilini, musiqisini, adət-ənənələrini və dəyərlərini digər ölkədə paylaşmağa imkan verən ən gözəl vasitələrdəndir.

 

Argentinalı diplomat, həmçinin əlavə edib ki, bu gün nümayiş etdirilən “Los Corroboradores” sənədli filmi Buenos-Ayresin memarlıq tarixi ilə tamaşaçıları tanış edəcək və onlar üçün Argentinanın bu şəhərini kəşf etmək imkanı yaradacaq.

 

Sonra Luis Bernardez tərəfindən 2018-ci ildə çəkilmiş “Los Corroboradores” sənədli filmi nümayiş olunub.

 

Qeyd edək ki, Latın Amerikası Film Festivalı Bakıda ilk dəfə 2018-ci ildə keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2023)

Xatirə Əsgərova, “Ədəbiyyat və incəsənət”

 

Hər şeyə bir səbəb tapmağa çalışıram,  amma ölkədə keçirilən yas mərasimləri heç cür mənə çatmır.

Yas mərasimlərinin də toy mərasimlərindən maddi cəhətdən heç bir fərqi qalmayıb.

Öldüyü gün, 3-ü, 7-si, cüməaxşamları, nəbilim 40-ı, ili.

40 çıxana qədər bütün aşağı məhəllə, yuxarı məhəllə, dost, dostun dostu, tanış, qohum-əqrəba gəlib gedir yas yerinə.

Bu 40 gündə mərhumun ailəsi yamanca xərcə girir. Hə elələri də var ki, pul siyahısı tutub gələnlərdən pul yığır. 

Təsəvvür edin ki, yaxını itirmiş bir insan ağlaya ağlaya gedib yeməklərə nəzarət edir, bir-bir qonaqlara görüşür. 

Dərd sahibinin dərdinə belə, hörmət edilmir bu ölkədə. Gözü yaşlı bu qədər adamı da yola vermək olar? O gəlib deyir, elə adam idi, bu gəlib deyir, ağlama(elə bil ağlamayanda bütün acısı bitəcək)…

Yaslar guya ki, pis günü yaxınlarla paylaşmaq üçün təşkil olunur.  

Amma evə gələnlər öləndən çox evin səliqəsinə, ayaqlarının altına sərilmiş  xalçanın qiymətli olub olmamasına, yeməklərin az yoxsa çox olduqlarına, pul siyahısı olub olmadığına fikir verirlər. 

Hələ onlar evə gedəndən sonra danışmağa kifayət qədər qeybət olur (Rəhmətliyin qızı heç bir dənə də olsun ağı deyə bilmirdi, donub durmuşdu. Oğlu rasiyadan üçündə gəlib çıxdı, ehh oğlan uşağı belədir də gedib oturur hansısa qızın dizində. Hələ gördün halvaya da yaxşı yağ vurmamışdılar. O biri qızı köhnə kültə paltar geyib gəlmişdi....)…

Yasda uzaq qohumlarını tapıb hal-əhval sormağ da yadlarından çıxmır. 

Yeyib-içəndən sonra mərhumun ailəsinin yanına gedib özlərini göstərərək (yəni ki yasınıza gəlmişəm) “Allah rəhmət eləsin, rəhmətlik yaxşı adam idi deyib” gedirlər.

Nə bərabər toplanıb islam qaydalarına görə yasin oxuyurlar,  nə də ki dua edirlər.

Molla və Dua edən bir qadın gətirirlər, onlar oxuyur, camaat da yerində ağlaşır, arada da Amin deyir.

Yəni bu qədər əziyyətə, bol təamlı məclislərin ölən insana heç bir xeyri dəymir. 

Bunun yerinə sadəcə mərhumun öldüyü gün hər kəs yığışıb qəbir üstünə gedə, daha sonra isə rəhmətliyin ailəsini bu qədər əziyyətə salmaq yerinə onları dərdlərini çəkməsi üçün rahat buraxa bilərlər.

Mərhum ailələri isə çəkdikləri xərci bir mollaya versələr, o həmin rəhmətə getmiş insan üçün 40 gün boyunca Yasin oxusa, dualar oxusa, bu, ölən üçün daha xeyirli olar.

Yox əgər insanlar kimlərinsə qarnını doyurmaqda inadçıdırsa, yetimlərə, kasıblara yemək paylayaraq bu istəklərini də yerinə yetirə bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2023)

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Ulu Öndər Heydər Əliyevin 100 illik, peşəkar milli teatrımızın 150 illik yubileyinə həsr olunan "Sən elə bir zirvəsən!.." tamaşası ilə bu gün mingəçevirlilərin qonağı olacaq.

 

Mingəçevir Dövlət Dram Teatrının səhnəsində nümayiş olunacaq tamaşada Əməkdar artistlər Fərid Əliyev, Səidə Şərifəliyeva, Prezident mükafatçıları Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, aktyorlar Aydan Həsənova, Hidayət Əliyev, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallı, həmçinin xor və balet heyətinin üzvləri çıxış edəcəklər.

 

Musiqili-tarixi esse kimi hazırlanan səhnə əsərinin bədii rəhbəri teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, ssenari müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, baletmeysteri Əməkdar artist Emin Əliyev, rejissor assistenti Afər Tağıyevadır.

 

Akademik Musiqili Teatr bu tamaşanı daha öncə Gəncə və Şəkidə göstərib, səhnə əsərinin Lənkəran və Naxçıvan şəhərlərində də nümayişi nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2023)

Monday, 09 October 2023 11:00

“İldönümü" - HEKAYƏ

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"

 

 

Ey məni yaşadan, öldürən adam.

Min il də yaşasam zillət içində,

Mən bu tanışlığa, yenə də şadam..!

(Xəzər Süleymanlı)

 

Çox yorğun hiss edirdi özünü, bərk soyuqlamışdı, amma birtəhər özünü toplayıb qalxmışdı yatağından. Bu gün hər şeyə rəğmən çox gözəl bir gün olmalıydı, həə, axı bu gün onların tanış olmaqlarının birinci ildönümü idi. Bəli, düz bir il öncə məhz bu gün tanış olmuşdular onlar.

Görəsən o da xatırlayacaqdımı bu günü?!  

Xatırlayar, əlbəttə xatırlayar, elə də şey olar heç?! 

 

O, onlara aid olan özəl günləri qətiyyən unutmaz, hətta bayramlarda belə onu təbrik etməyi yubatmaz heç vaxt.

Darağı şaquli istiqamətdə saçlarında gəzdirib, saçlarını darayaraq, üzündə acı bir təbəssümlə düşünürdü.

“Unutmuşdu…”

- Ahh.. 

Daraq bir-birinə qarşmış saç tellərinə ilişib onu incitdi. 

Aynanın qarşısına keçib solğunlaşmış üzünə nəzər saldı, makiyaj etməyi sevməzdi, ən çox da onunla görüşə gedəndə heç vaxt makiyaj etmək istəməzdi. Əgər onu sevəcəkdisə, bəyənəcəkdisə qoy elə bu cür, ən təbii halı ilə, makiyajsız halı ilə bəyənməsini istəyərdi, yox əgər bəyənməyəcəkdisə makiajla bəyəndirmək istəmirdi özünü. Elə buna görə heç bugün də, hər nə qədər xəstə və solğun görünsə də, yenə də makiyaj etmədi.

May ayı olmasına baxmayaraq hava da azca soyuq və buludluydu. Gecədən yağmış yağışın şehi hələ qurumamışdı.

Nəhayət hazırlaşıb çıxdı evdən, əlləri titrəyirdi qapını örtəndə, çox qəribə hisslər keçirirdi, sevincdən, həyəcandan daha çox qorxuya, təlaşa bənzəyirdi bu hisslər. Nəyin nigarançılığı idiki bu içindəki?!

Nəysə  birtəhər özünü ələ alıb düşündü, harda qeyd edəcəklər bu günü? Hara getsin?

Bu gün üçün ən gözəli elə ilk tanış olduqları yer olardı hər halda, "Gənc yazıçılar" adlı bir dərnəkdə tanış olmuşdular onlar.

Yolu yarılamışdı ki, birdən ayaq saxladı, lap yadından çıxmışdı, axı o dərnək artıq çoxdan idi ki, fəaliyyət göstərmirdi.

Ehh nə pis oldu bu, məyusluq duman kimi gəlib çökdü simasına. O dərnək artıq yoxdursa, bəs o indi hara gedəcək?

Biixtiyar birlikdə keçirdikləri günlərə getdi xəyalı, ayaqları yorulana qədər qarış-qarış onunla birlikdə gəzdikləri yerləri dolaşdı. Atdığı hər addımda, dediyi hər sözə qədər bir-bir etdikləri söhbətləri xatırlayıb onunla danışdı. Birlikdə baxacaqları, amma baxmaq qismət olmayan o filmə bilet aldı. Kitab evlərinin kitab dolu rəflərində hər zaman olduğu kimi ilk olaraq onun axtardığı kitabı gəzdi, lakin qəfil gözü başqa bir kitaba sataşdı. "Bir gün sənə o kitabdan şeirlər oxuyaram"-,  dediyi həmin kitab idi bu kitab, hansı ki, o gün heç gəlməmişdi. Köks ötürüb yenidən keçmiş günlərə daldı.

Gecələr telefonda söhbət edərkən dinlədikləri mahnıları dinləyərək, birlikdə yemlədikləri göyərçinləri səhərdən alsa da boğazından keçməyən, eləcə əlində qalmış smitə qonaq elədi. Hətta küçələrdə yaşayan o sahibsiz pişik də öz payına düşəni aldı simitdən. Qulaqcıqda Ali Ashikar:  "- Bəlkə də hər kəsə örnək olardıq biz sənlə.." deyə diktə edərkən, bir də baxıb özünü dənizin sahilində tapdı, budur, məğrur-məğrur süzür yenə qağayılar…

Əzəldən vurğunu idi qağayı səsinin. Qağayıları izləyərkən sahil boyu asta-asta addımlayaraq limanda açıq hava kafelərindən birinə gəlib çatdı. Masaların birində gənc bir cütlük oturmuşdu, yemək yeyərək şirin söhbər edirdilər. Hardansa bir yerdən tanış idi bu mənzərə ona, həə, bəlkə  birlikdə qurulmuş, fəqət yaşanıla bilinməyən hansısa bir xəyaldan.. 

Acıı bir təbəssümlə onları izləyərək o da  keçib masaların birində əyləşdi. 

Tək olsa da, adəti üzrə iki çay istəmişdi yenə..

İsti dəmli çaydan yüksələn buğ havaya qarışıb yox olduqca, o isti buğdan geridə  soyuyub, acılaşmış çay qalırdı sadəcə. Buğu yüksəldikcə soyuyan çaya baxıb fikrə getdi, o buğ ömürdən keçib gedən, yaşanılmış günlərə bənzəyirdi, hansı ki, artıq əlçatmaz olan, bir də geri qayıtmayacaq olan günlərə, uçub gedən buğdan geridə qalmış soyuq çay isə, bir vaxtların isti məhəbbətindən miras qalan acı həsrətə..

Sahil boyuna dikilmiş öləzimiş baxışları ilə heç vaxt gəlməyəcək birinin yolunu gözləyirdi yenə solğun gözləri.

Bunu özü də bilirdi əslində, lakin bilməklə qəbul edə bilmək eyni şey deyildi təəssüf ki.

Bu gün onların tanış olmaqlarının hələ birinci ildönümü idi, və o artıq yox idi. 

Bu günü heç belə xəyal etməmişdi, birlikdə bir ömrü bərabər yaşamağı, bu tanışlığı bir ömrə sığdırmağı arzulayarkən bu günü onsuz qeyd etməkdəydi…

Gəlmirdi.. Bu gün də gəlməmişdi və heç sabah da gəlməyəcəkdi..

Bəlkə də elə ən doğrusu gəlməməyi idi, kim bilir? Həm gəlsəydi necə baxacaqdı ki üzünə?  Nə deyəcəkdi ki güa? Gəlsəydi əvvəlki kimi ola biləcəkdilərmi bir də?

Yağmaq istəyən havaya bənzəyirdi, tutqunlaşmışdı üzü, yağış küləyi əsməyə başlamışdı hüznlü gözlərində.

Onun gözləri öz göz yaşlarında boğulmağa başladıqca, cavabsız suallar da baxışlarından çıxıb, bir-bir üz-üzə oturduğu dənizə düşüb boğulurdu.

- O artıq səni sevmir

- Necə yəni o artıq məni sevmir? Elə bir şey  ola bilməz, yoox, o məni sevir, udqundu.

- O artıq başqasını sevir

- Sus.. yalançı sus, - deyə hıçqırdı, barmaqlarının arxası ilə yanaqlarıyla süzülüb dodağına tökülən acı göz yaşlarını sildi.

Beynindəki o zəhlətökən səs yenə ona rahatlıq vermirdi ki vermirdi.

- Bütün günahlar ondadı. 

Beyni təkrar sanki vəsvəsə verirmişcəsinə danışmağa başladı.

Bayaqdan bəri səssizcə beyniylə arasındakı dialoqu dinləyib qıvrılan qəlbi dözməyib söhbətə qarışdı.

- Yox, o səhv edir, bütün günahlar elə sənin özündədir, onun gedişində təqsirkar sən özünsən.

Və o yenə qəlblylə beyninin mübahisəsi arasında aciz qalıb, onların danlaqları altında əzildikcə-əzilib yox olurdu.

Nə bu səsləri susdura bilirdi, nə də mübarizə aparıb onlara layiqli cavab verə bilirdi. Döyüş meydanında düşmənə qarşı tək və müdafiəsiz, silah-sursatsız buraxılmış əsgərə bənzəyirdi elə bil.

Bəzən gerçək həyatda da nağıllar yaşanırmış, amma bu nağıllar kitablardakından bir az fərqli olur.

Bu nağılların əvvəlində göydən üç alma düşür, nağılın sonluğu isə belə bitir:

Biri var biri yox..

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2023)

Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi Avstriya Teleradiosunun (ORF) təşəbbüsü ilə keçirilən “Muzeylərin uzun gecəsi“ layihəsində iştirak edir.

 

AzərTAC xəbər verir ki, layihə çərçivəsində görkəmli azərbaycanlı rəssam, Dövlət mükafatlarının laureatı, SSRİ və Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyov və onun qızı, Azərbaycanın Əməkdar rəssamı Əsmər Nərimanbəyovanın əsərlərindən ibarət “Nəsillərin rəng dünyası” sərgisi geniş ictimaiyyətə təqdim olunub.

 

Sərgidə T. Nərimanbəyovun yaradıcılığının müxtəlif dövrlərində ərsəyə gələn və hamısı fərdi kolleksiyalarda saxlanılan əsərləri avstriyalı incəsənətsevərlərə nümayiş olunub. Mərkəzin əməkdaşları müvafiq vaxt intervalları ilə seyrçilər üçün alman və ingilis dillərində ekskursiyalar təşkil edərək, sərgidəki əsərlər və müəlliflər barədə ətraflı məlumat veriblər. Maraqlanan şəxslərə, həmçinin Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti barədə danışılıb, onlara Azərbaycanın turizm imkanlarına dair bukletlər təqdim edilib.

 

Qeyd edək ki, Avstriya Teleradiosunun (ORF) təşəbbüsü və təşkilatçılığı ilə sayca 23-cü dəfə keçirilən gecədə ölkə üzrə 700-dək muzey və qalereya iştirak edib. Məqsəd insanlara muzey, qalereya və sərgi salonlarına olan marağını artırmaq və mövcud sərgi və kolleksiyaları ictimaiyyətə tanıtmaqdır. “Muzeylərin uzun gecəsi”ndə iştirak edən tərəfdaşlar həmin dövrdə mövcud sərgi və kolleksiyaları ilə yanaşı, məhz həmin axşam üçün xüsusi proqram da təklif edə bilərlər. Buraya uşaqlar üçün fəaliyyətlər, vorkşoplar, musiqili proqram, bələdçinin iştirakı ilə xüsusi ekskursiya, təqdimat və ya məruzələr daxildir.

 

Azərbaycan Mədəniyyət Mərkəzinin kollektivi də uşaqlar üçün xüsusi proqram hazırlayıb və almandilli məkanda bir ilkə imza atıb. Görkəmli Azərbaycan ədibi Abdulla Şaiqin müəllifi olduğu “Tıq-tıq xanımın nağılı“ əsərinin motivləri əsasında uşaqlar üçün kukla tamaşası hazırlanıb. Mərkəzin rəhbəri Leyla Qasımovanın bədii rəhbərliyi əsasında hazırlanan tamaşa mərkəzin əməkdaşı Rəşidə Əsgərli tərəfindən alman dilinə tərcümə edilib, rolların ifasında isə onu həmkarı Gülər Əzizova dəstəkləyib. Səhnə dekorasiyalarını Əməkdar rəssam Əsmər Nərimanbəyova tərtib edib, musiqi parçaları Avstriyada yaşayan azərbaycanlı musiqiçi Jalə Rəsulova, mahnıların səsləndirilməsini isə onun qızı Sofiya Feyzullayeva tərəfindən həyata keçirib.

 

Axşam ərzində iki dəfə nümayiş etdirilən tamaşa uşaqlar və onların valideynləri tərəfindən böyük maraqla qarşılanıb və yaxın gələcəkdə başqa Azərbaycan nağıllarının nümayişinə dair arzu ifadə edilib.

 

Sonra uşaqlar Əməkdar rəssam Əsmər Nərimanbəyovanın Azərbaycan nağıllarının motivləri əsasında hazırladığı eskizlər və Toğrul Nərimanbəyovun əsərlərinin konturları əks olunmuş kağızları həvəslə rəngləyiblər.

 

Səhər saatlarına kimi davam edən tədbir çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinə yüzlərlə incəsənətsevər baş çəkib, sərgi ilə tanış olub və kukla teatrını seyr edib.

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2023)

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

Belə nəticəyə gəldim ki, Fyodor şah əsərini tamamlamamışdır! 

 

QEYD: “Netoçka Nezvanovna” — Fyodor Dostoyevskinin 1849-cu ildə yazdığı tamamlanmamış ilk romanıdır. Mənası adsız heç kim deməkdir. Daha sonra Fyodor Dostoyevski 1849-cu ildə dövlət əleyhinə bir sui-qəsdə qarışması iddiası ilə Sibirə sürgün olunduğundan əsər yarıda qalmışdır. 1859-cu ildə Sibirdən geri dönməsinə baxmayaraq əsəri davam etdirməmişdir. İlk dəfə Ann Dunniqan 1972-ci ildə bu əsəri amerikan ingiliscəsinə tərcümə etmişdir.

 

Kitab çox həyəcanlı bir hissədə yarım qalmışdır. Və bu, məni həqiqətən əsəbləşdirdi. Heç şübhə etmədən deyə bilərəm ki, Fyodor əgər bu kitabın davamını sürgündən sonra yazmağa müvəffəq olsa idi, yazıçının ən uğurlu romanı ola bilərdi. Kitab bitərkən bir çox sual cavabsız qaldı, həmçinin, yazıçı əsəri elə təqdim edib ki, kitabın bir sıra hissələrində insan ikili fikrə qapılır və sən fikrinin birindən utanarkən, digərinə valeh olursan. Obraz əlaqələri, şəxslərin bir-biri arasındakı anlaşılmaz gizlilik mənə çox qəribə təsir bağışladı.

Kitab ,əslində, yazıçının digər əsərlərindən özünəməxsus sadə dili ilə fərqlənir. 

 

Keçək Netoçkanın əzablı tale yoluna. Atasını körpə yaşda itirən və anasının ikinci dəfə sevərək evləndiyi Yefimov ilə yeni bir ailə mühitində böyüməyə başlayan Netoçkanın elə də mükəmməl bir həyatı yoxdur. Yefimov arzu və istəklərini həyata keçirə bilməyən, özündən başqa hər kəsi günahkar görməyi bacaran bir musiqiçidir. Orkestrdə fəaliyyət göstərərkən orkestr iştirakçılarını, dostlarını, evləndikdən sonra arvadını və s. Lakin atasının bu tip dırnağarası davranışlarına rəğmən Netoçka onu hələ də sevməyə davam edir. Hələ həyatı dərk etməkdə aciz olan Netoçka yeri gəlir, anasının əziyyətini görməzdən gəlir, atasının sonu olmayan xəyallarına inanır və bir də bir şeyə inanır ki, əgər anası ölsə, o atası ilə birlikdə bu səfil evdən qaçacaq, öz xəyalları üçün gözəl bir diyara üz tutacaq. Bəli, atası ilə qurduqları həmin xəyal gerçək olur, amma tam da Yefimovun işə yaramaz biri olduğunu anladığı gün. Sonda Yefimov qurduğu bir çox xəyaldan sadəcə çıxıb getməyi reallaşdıra bilir, amma qızının xəyallarını isə qızı ilə birlikdə çarəsiz vəziyyətdə öz ardında qoyur. Nəticə etibarilə bu gediş onun üçün ölümlə nəticələnir. Yefimova Allah rəhmət eləsin deyərək Netoçkanın bitmək bilməz acılı taleyinin davamına keçid alaq. 

 

Netoçka daha sonra Knyaz tərəfindən övladlığa götürülür. Evin bir çox nümayəndəsi tərəfindən sevilməsə belə, Knyaz onu öz qızı Katya kimi sevir və qəbul edir və bir müddət sonra Katya və Netoçka arasında dostluq münasibətləri başlayır. Onlar bir-birilərinə dəhşətli dərəcədə bağlanır və ayrı qalmağı bacara bilmirlər. Lakin tale onları da bir -birindən ayırır. Knyaz ailəsi ilə birgə Moskvaya köçdükdən sonra onlar düz səkkiz il görüşə bilmirlər. Beləcə Netoçka yenidən başqa bir evə göndərilir. Knyaz onu ögey qızı Aleksandra Mixaylovnaya əmanət edir və bu qadın onun səkkiz il müddətində tərbiyəsi ilə yaxından maraqlanır. Onu qoruyur, müəyyən biliklər aşılayır  və öz uşaqlarından heç vaxt seçmir. Fəqət Netoçka Aleksandra Mixaylovnayı nə qədər sevsə də, ərinə bir o qədər nifrət edir. Artıq illər ötür və Netoçka zamanla bu evdə ər və arvad  arasında böyük bir sirr olduğunu anlayır. Həmin sirr ona o qədər maraqlı gəlir ki, araşdırmağa başlayır. Nəticədə sirrin gizli açarı olan bir məktubu tapır. 

(Elə məni də ən çox bu məktub heyrətləndirmişdir. Aleksandra Mixaylovnaya yazılmış S. O. hərfləri ilə imzalanmış bu məktubda əslində nədən bəhs edilirdi ? Hələ də anlaya bilmirəm. Yarıya qədər sevgi məktubu kimi anlaşılan , yarıdan sonra “bacım” deyə xitab edilən bu məktub özündə axı hansı sirləri gizlədirdi? Bir an düşündüm ki, bəlkə məktub Knyazın oğlu Saşa tərəfindən yazılıb, amma qardaşın bacıya bu mövzuda yazdığı məktub nəyi ifadə edə bilər ki? Nə isə mənim üçün ən böyük sirr bu məktubun özü idi...) 

Və məktub ifşa olur... 

Əsəblərimin və səbrimin başqa bir təbəqəyə çatdığı nöqtə bu hissə idi. 

Beləliklə, kitab Netoçka və Katya qovuşmadan bizi sualların qucağına ataraq yekunlaşır. 

Xoş mütaliələr...

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2023)

Azərbaycan Milli İncəsənət Muzeyində “TurkicWorld” və “Alport Baku”nun dəstəyi ilə Türkiyənin “Albayrak Group” şirkəti və “Trend” informasiya agentliyi tərəfindən təşkil olunan “Kalliqrafiya sənəti” sərgisi açılıb.

 

Bu ekspozisiyada 40-dan çox əsər təqdim olunub.

Kalliqrafiya sənəti İslam sivilizasiyasının zəngin mədəni irsinin bir hissəsidir və ənənəvi sənətlər arasında unikal yerini bu vaxta qədər qoruyub saxlayır. Kalliqrafiya – ərəb ölkələrində mükəmməlliyin ən yüksək dərəcəsinə çatdırılmış söz təsviretmə sənətidir. Nəticədə tam bir ədəbi ənənə yaranıb, burada kalliqrafiya sirləri yüzilliklər ərzində ustadlardan şagirdlərə ötürülüb. Kalliqraflar bu günə qədər islam cəmiyyətlərində ən hörmətli rəssamlardan biri olaraq qalır.

“Albayrak Group” şirkəti təxminən on il ərzində dünya platformalarında təqdim olunan bir sıra mədəni layihələr həyata keçirir. Belə layihələrdən biri işləri hər il müxtəlif ölkələrdə nümayiş olunan kalliqrafiya sənətinin təcrübəli ustaları və gənc həvəskarları birləşdirir.

 

Bakıda keçirilən “Kalliqrafiya sənəti” sərgisi oktyabrın 15-dək davam edəcək.

Sərgiyə giriş pulsuzdur.

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2023)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Naftalanı kim tanımır? Müalicəvi nefti barədə dillərdə əfsanələr gəzmirmi, gəzir. 

İndi sizə Naftalanın bir beynəlxalq tədbirə evsahibliyi etməsindən danışacağıq. Və sizə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, “Milenium” Turizm şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyevin çox maraqlı fikirlərini təqdim edəcəyik. 

 

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində Naftalan da özünün yeni inkişaf dövrünə qədəm qoyub. Bu gün Naftalan həm müalicəvi neftinə, həm də müasir turizm infrastrukturuna görə turistlərin xüsusi diqqətinə layiq olan nadir kurort şəhərlərindən birinə çevrilməkdədir. Həm müalicəvi neft vannaları əsasında xəstələrin müalicəsində əldə olunan yüksək təsirli nəticələr, həm də istirahət üçün şəhərdə yaradılan müasir turizm infrastrukturu Naftalanı turistlər üçün daha cəlbedici kurort mərkəzinə çevirib. “Naftalan”, “Qaşaltı”, “Çinar”, “Qarabağ”, “Gözəl Naftalan”, “Kəpəz”… Görün burada nə qədər səviyyəli sanatoriyalar mövcuddur…

Görülən işlərin nəticəsidir ki, Naftalan şəhəri bu gün həm də mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir.

 

Elə bu yerdə Prezident İlham Əliyevin  Naftalan barədə dediyi fikirləri də diqqətə gətirmək istəyirəm: “Mən bunu ilk dəfə Naftalanda olarkən bəyan etmişdim ki, Naftalan turizm mərkəzi olmağa layiqdir. O vaxt Naftalanın sovet dövründən qalan bütün sanatoriyalarında məcburi köçkünlər yerləşmişdi. Biz onlar üçün elə bu ərazidə, yaxın ərazidə müasir evlər tikdik, qəsəbələr saldıq, onları köçürdük. Ondan sonra böyük investisiyalar cəlb olundu və artıq 13 mehmanxana və sanatoriya fəaliyyətdədir. Üçünün - beşulduzlu “Çinar”, “Qarabağ” və “Qaşaltı” mehmanxanalarının açılışında mən şəxsən iştirak etmişəm. Göstəriş vermişəm ki, bütün kateqoriyadan olan müxtəlif səviyyəli istirahət zonaları olmalıdır - beşulduzlu, dördulduzlu, üçulduzlu. Yəni, Azərbaycan vətəndaşları və xarici qonaqlar bundan istifadə edə bilsinlər”.

 

Qeyd etdiyim tədbir Naftalan şəhərində şənbə günü - oktyabrın 7-də baş tutdu.  “Naftalan - Sağlamlıq və Turizmin Sinerji mənbəyi. Beynəlxalq Turizm Mərkəzinin inkişaf strategiyası” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirildi. Bu tədbir 2022-ci il oktyabrın 8-9-da Naftalan Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və “PMD Hospitality”nin birgə təşkilatçılığı ilə ilk dəfə keçirilən beynəlxalq elmi-praktik konfransın bir hissəsi idi. 

Konfransın əsas məqsədi – tibbi turizm sahəsində qabaqcıl təcrübələrin və bu sahədə aparılmış elmi tədqiqatların nəticələrinin öyrənilməsi, turizm sənayesində maraqlı tərəflər arasında qarşılıqlı əlaqələrin qurulması, mədəni mübadiləni aktivləşdirmək üçün turizmin inkişafını təşviq etmək və tibbi turizm sektorunun inkişaf perspektivlərini müəyyənləşdirməkdir.

Konfransda Azərbaycan, Latviya, Litva, Polşa, Macarıstan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Almaniya və Rusiya Federasiyasının turizm, səhiyyə, kurort və hotelçilik sahələrinin mütəxəssisləri və dövlət-hakimiyyət orqanlarının nümayəndələri iştirak edir.

Belə bir tədbirin Naftalanda keçirilməsi heç də təsadüfi deyil. Belə ki, son 10 ildə bu şəhərdə görülən işləri həm də ümumi inkişaf dinamikamızın göstəricisi kimi qəbul etmək olar.

Burada yaradılan müasir turizm infrastrukturu nəinki isti yay aylarında, hətta soyuq qış fəslində də şəhərə gələn turistlərin sayının sürətlə artmasına səbəb olub. Qonaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb, konsert proqramları, musiqili-əyləncəli tədbirlər təşkil edilir. Ümumilikdə son illərin statistikası onu göstərir ki, Naftalan nefti ilə müalicə olunmaq və ya istirahət etmək üçün Naftalana üz tutanların sayı ildən-ilə artır.

Yeri gəlmişkən, onu da qeyd edək ki, bura eyniadlı nadir müalicəvi nefti ilə tanınır. Təbiətdə analoqu olmayan bu neftdən 70-dən çox xəstəliyin müalicəsində istifadə edilir. Keçmiş SSRİ dönəmində Naftalan İttifaqın məşhur kurortları arasında müalicə-sağlamlıq əmsalının yüksəkliyi ilə ön sırada olub. Bütün bunlara görə Naftalan nefti Azərbaycanın ən qiymətli təbii sərvətlərindən biri sayılır. Lakin SSRİ dağılandan sonra məlum hadisələrlə bağlı bundan yararlanmaq mümkün olmayıb. Ulu Öndər Heydər Əliyevin və onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər sayəsində artıq Naftalan və onun qiymətli təbii sərvəti öz keçmiş şöhrətini qaytarmaqdadır.

 

Bu isə Ruslan Quliyevin “Ədəbiyyat və incəsənət” portalına açıqlaması: “Azərbaycanın sağlamlıq turizmi sahəsində çox geniş imkanlar var. Naftalan nefti aparılan təbliğat nəticəsində dünyanın əksər ölkələrində populyarlıq qazanıb. Naftalan neftinin dünyada bənzəri yoxdur. Əsasən revmatizm, oynaq, dəri-zöhrəvi xəstəliklərinin müalicəsində istifadə olunur. Və sağlamlıq turizmini digər turizm növlərindən fərqləndirən ən başlıca xüsusiyyət onun ilin bütün fəsillərində rentabelli olmasıdır. Bu turizm növündə gecələmə sayı 7, 14 və 21 gündür. Bu da turistlərin mövsüm və qeyri-mövsümdə ölkəyə cəlb olunmasında böyük əhəmiyyət kəsb edir. Bir faktı nəzərinizə çatdırım ki, təkcə ötən il Naftalana müalicə məqsədilə 65-ə yaxın ölkədən 35 mindən çox turist gəlib. Bu, Azərbaycanın yalnız bir müalicə təsisatına gələn turist sayıdır”

 

Qeyd edək ki, işini “Naftalanın sağlamlıq turizmi destinasiyasının qlobal marketinq perspektivləri”, “Naftalanda dayanıqlı turizm idarəçiliyi: risklərin qorunması, təhlükəsizlik, elmi araşdırmalar və keyfiyyət standartlarının tətbiqi”, “Naftalan və alternativ turizm imkanları: Arxeologiya, aqro və eko turizm perspektivləri” adlı panellərdə davam etdirəcək konfransda 10-dan çox ölkənin turizm, səhiyyə, kurort və hotelçilik sahələrinin mütəxəssisləri öz müasir çağırışlarını təklif edəcəklər.

Həmçinin Naftalanda təşkil olunan beynəlxalq tədbirdə müzakirə olunacaq məsələlər də, dinləniləcək mühazirələr də bu bənzərsiz sağlamlıq turizm məkanının daha geniş coğrafiyada tanınmasına, bura turist axınının daha da sürətlənməsinə təkan verəcək.

Turizm ölkəmizin qeyri-neft sektorunun əsas gəlir mənbələrindən biridir, ona görə də Naftalan kartına önəm verməyimiz də təbiidir.

Uğurlar, gözəl diyar! 

 

Şəkillərdə: Naftalanın ultramüasir “Qarabağ” hotel-sanatoriyası (qapaq); Naftalan şəhəri buradan başlayır; Naftalan vannaları sovet dönəmində və indi; Ruslan Quliyev. 

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.