AKTUAL: Keçmişin kölgəsi - yas mərasimləri Featured

Xatirə Əsgərova, “Ədəbiyyat və incəsənət”

 

Hər şeyə bir səbəb tapmağa çalışıram,  amma ölkədə keçirilən yas mərasimləri heç cür mənə çatmır.

Yas mərasimlərinin də toy mərasimlərindən maddi cəhətdən heç bir fərqi qalmayıb.

Öldüyü gün, 3-ü, 7-si, cüməaxşamları, nəbilim 40-ı, ili.

40 çıxana qədər bütün aşağı məhəllə, yuxarı məhəllə, dost, dostun dostu, tanış, qohum-əqrəba gəlib gedir yas yerinə.

Bu 40 gündə mərhumun ailəsi yamanca xərcə girir. Hə elələri də var ki, pul siyahısı tutub gələnlərdən pul yığır. 

Təsəvvür edin ki, yaxını itirmiş bir insan ağlaya ağlaya gedib yeməklərə nəzarət edir, bir-bir qonaqlara görüşür. 

Dərd sahibinin dərdinə belə, hörmət edilmir bu ölkədə. Gözü yaşlı bu qədər adamı da yola vermək olar? O gəlib deyir, elə adam idi, bu gəlib deyir, ağlama(elə bil ağlamayanda bütün acısı bitəcək)…

Yaslar guya ki, pis günü yaxınlarla paylaşmaq üçün təşkil olunur.  

Amma evə gələnlər öləndən çox evin səliqəsinə, ayaqlarının altına sərilmiş  xalçanın qiymətli olub olmamasına, yeməklərin az yoxsa çox olduqlarına, pul siyahısı olub olmadığına fikir verirlər. 

Hələ onlar evə gedəndən sonra danışmağa kifayət qədər qeybət olur (Rəhmətliyin qızı heç bir dənə də olsun ağı deyə bilmirdi, donub durmuşdu. Oğlu rasiyadan üçündə gəlib çıxdı, ehh oğlan uşağı belədir də gedib oturur hansısa qızın dizində. Hələ gördün halvaya da yaxşı yağ vurmamışdılar. O biri qızı köhnə kültə paltar geyib gəlmişdi....)…

Yasda uzaq qohumlarını tapıb hal-əhval sormağ da yadlarından çıxmır. 

Yeyib-içəndən sonra mərhumun ailəsinin yanına gedib özlərini göstərərək (yəni ki yasınıza gəlmişəm) “Allah rəhmət eləsin, rəhmətlik yaxşı adam idi deyib” gedirlər.

Nə bərabər toplanıb islam qaydalarına görə yasin oxuyurlar,  nə də ki dua edirlər.

Molla və Dua edən bir qadın gətirirlər, onlar oxuyur, camaat da yerində ağlaşır, arada da Amin deyir.

Yəni bu qədər əziyyətə, bol təamlı məclislərin ölən insana heç bir xeyri dəymir. 

Bunun yerinə sadəcə mərhumun öldüyü gün hər kəs yığışıb qəbir üstünə gedə, daha sonra isə rəhmətliyin ailəsini bu qədər əziyyətə salmaq yerinə onları dərdlərini çəkməsi üçün rahat buraxa bilərlər.

Mərhum ailələri isə çəkdikləri xərci bir mollaya versələr, o həmin rəhmətə getmiş insan üçün 40 gün boyunca Yasin oxusa, dualar oxusa, bu, ölən üçün daha xeyirli olar.

Yox əgər insanlar kimlərinsə qarnını doyurmaqda inadçıdırsa, yetimlərə, kasıblara yemək paylayaraq bu istəklərini də yerinə yetirə bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.