Bakıda Latın Amerikası Filmləri Festivalı keçirilir

Oktyabrın 7-də Bakıda Argentina səfirliyi tərəfindən II Latın Amerikası Filmləri Festivalının açılışı olub.

Üzümüzə gələn noyabr ayının  25-dək davam edəcək festival çərçivəsində Latın Amerikasının müxtəlif ölkələrindən seçilmiş filmlərin nümayişi nəzərdə tutulub.

 

KİV-in məlumatına görə, tədbirin açılışında çıxış edən Argentinanın Azərbaycandakı səfiri Marianxeles Belluşi ölkələrimizin adət-ənənələri və mədəni dəyərləri arasında oxşarlıqların olduğunu vurğulayıb. O bildirib ki, bu cür tədbirlər bir ölkənin dilini, musiqisini, adət-ənənələrini və dəyərlərini digər ölkədə paylaşmağa imkan verən ən gözəl vasitələrdəndir.

 

Argentinalı diplomat, həmçinin əlavə edib ki, bu gün nümayiş etdirilən “Los Corroboradores” sənədli filmi Buenos-Ayresin memarlıq tarixi ilə tamaşaçıları tanış edəcək və onlar üçün Argentinanın bu şəhərini kəşf etmək imkanı yaradacaq.

 

Sonra Luis Bernardez tərəfindən 2018-ci ildə çəkilmiş “Los Corroboradores” sənədli filmi nümayiş olunub.

 

Qeyd edək ki, Latın Amerikası Film Festivalı Bakıda ilk dəfə 2018-ci ildə keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.