![Super User](http://www.gravatar.com/avatar/79e6d05e490c338196e71436dd03cf13?s=100&default=https%3A%2F%2Fedebiyyatveincesenet.az%2Fcomponents%2Fcom_k2%2Fimages%2Fplaceholder%2Fuser.png)
Super User
Sumqayıtda kitab sərgisi keçiriləcək
Sumqayıt şəhərinin “Kimyaçı” Mədəniyyət Sarayı 13-15 oktyabr tarixlərində növbəti kitab bayramına evsahibliyi edəcək.
III Sumqayıt Kitab Sərgisi Azərbaycan Nəşriyyatları Assosiasiyası, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçiriləcək.
Artıq iki ildir ki, keçirilən sərgi oxucular tərəfindən rəğbətlə qarşılanır. Üçüncü sərgi isə daha möhtəşəm proqram və çoxçeşidli kitablarla qarşınızda olacaq.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sərgi ölkənin 30-dan artıq tanınmış nəşriyyatının iştirakı ilə baş tutacaq, müxtəlif faizli endirimlər tətbiq olunacaq.
Kitab bayramında tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, tamaşa, uşaqlar üçün nağıl saatları və master-klasslar keçiriləcək.
Müxtəlif personajlarla şəkil çəkdirmək imkanı, fotozonalar, masterklaslar və əyləncəli fəaliyyətlərlə bu sərgi daha rəngarəng olacaq!
“Ədəbiyyat və incəsənət”
(09.10.2023)
Azərbaycanda peşəkar kino prodüsserlərinin yetişməsində Mədəniyyət Nazirliyi maraqlıdır
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu gün Martin Haqemannın rəhbərliyi altında “Prodüserlərin inkişaf təlimi” proqramına start veriləcək.
Nəhayət ki, həmin gün gəldi.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) və Azərbaycan Prodüserlər Gildiyasının təşkilatçılığı ilə keçirilən “Prodüserlərin inkişaf təlimi” proqramına qəbul elan edilmişdi. Çox sayda kino prodüsserliyi ilə maraqlanan və bu sahədə “külüng döyən” şəxs təlimdə iştirak üçün qeydiyyatdan keçmişdi.
Avropanın ən qabaqcıl kino məktəbinin mütəxəssis-müəllimi və prodüseri Martin Haqemannın rəhbərliyi və Avropanın qabaqcıl kino məktəbinin mütəxəssis-müəllimi, prodüser Titus Kreynberqin iştirakı ilə təlim bü gündən - oktyabrın 9-dan başlayaraq 8 həftə davam edəcək.
“Huanq Şi uşaqları” və “Berlin” kimi filmlərlə ad eləmiş 68 yaşlı mütəxəssis - Martin Haqemann kino prodüsserliyində bir məktəbdir, onu həm Avropa, həm də Amerika kino industriyasında qəbul edirlər. Haqemanın əsas prinsipi “az büdcə ilə kinoşedevr yaratmağın mümkünlüyü”dür, bu da mədəniyyətə ianə qoymaq istəyən milli burjuaziyanın olmaması reallığı ilə barışmış Azərbaycan kimi ölkələr üçün istinad nöqtəsi sayıla bilər.
Təlim iştirakçılara rəqabətədavamlı kino biznesinin yaradılması və idarə olunması, yerli və xarici maliyyə mənbələrinin film istehsalına cəlb edilməsi, filmlərin yerli və xarici satışının təşkili, eləcə də digər sahələr üzrə fundamental biliklərə yiyələnmək imkanı təqdim edir. Eyni zamanda iştirakçılar təlim müddətində müasir beynəlxalq standartlara cavab verən kino layihələrini hazırlamaq fürsətini əldə edəcəklər.
İştirakçılar sertifikatla təltif olunacaqdır, ən yaxşı kino layihələrinin müəllifləri isə fərqlənmə sertifikatı və ARKA-nın təşkil etdiyi film layihə müsabiqələrində və digər layihələrdə güzəştli iştirak hüququ qazanacaqlar.
Şəkildə: Martin Haqemann
“Ədəbiyyat və incəsənət”
(09.10.2023)
Azərbaycanın Türkiyədəki səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılacaq
Prezident İlham Əliyev oktyabrın 6-da Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzinin yaradılması haqqında Sərəncam imzalayıb.
AzərTAC xəbər verir ki, Sərəncama əsasən, Mədəniyyət Mərkəzi Azərbaycan mədəniyyətinin, tarixinin və dilinin təbliği işini genişləndirilməsi məqsədilə yaradılır.
“Ədəbiyyat və incəsənət”
(06.10.2023)
Tələsin! Qeydiyyat sona çatır!
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) və Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə Mədəni və yaradıcı sənayelər üzrə tədris və inkubasiya mərkəzində Animatorların İnkişaf Proqramı (Animator’s Accelerator) üçün müraciətlərin qəbulu sona çatmaq üzrədir. 8 oktyabr son gündür.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, bu 8 həftəlik təlim proqramı, yerli animatorların peşəkarlığının artırılması və beynəlxalq standartlara uyğun peşə bacarıqlarının mənimsənilməsi məqsədilə həyata keçirilir. Təlimi nəzərə alaraq ən uğurlu iştirakçıların işlə təmin edilməsi və beynəlxalq layihələrə cəlb edilməsi nəzərdə tutulur.
Bu təlim "Lakeside" animasiya studiyasının kreativ direktoru Matthew Lyonnun rəhbərliyi altında keçiriləcək. Onun beynəlxalq miqyasda qəbul edilmiş işləri "Netflix" və "Apple TV" daxil olmaqla beynəlxalq yayım platformasında və dünya tamaşaçıları tərəfindən rəğbətlə qarşılanmışdır.
Təlim proqramında iştirak etmək istəyənlər son bir gündə tərcümeyi-halını və filmoqrafiyasını (əgər varsa) This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ünvanına göndərə bilərlər.
Animatorların İnkişaf Proqramı (Animator’s Accelerator) təlim proqramı, yerli animasiya sahəsində kreativ və peşəkar animatorları beynəlxalq səviyyədə tanitmağı hədəfləyir və Azərbaycan animasiya sektorunun inkişafına dəstək olmaq məqsədilə təşkil olunur.
“Ədəbiyyat və incəsənət”
(06.10.2023)
Bazar günü III “Korkut Ata” Türk Dünyası Film Festivalı başlayacaq
8-11 oktyabr tarixlərində Bakı və Şuşa şəhərlərində III “Korkut Ata” Türk Dünyası Film Festivalı keçiriləcək. Festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, TÜRKSOY, Azərbaycan Respublikası Kino Agentliyi və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq.
“Ədəbiyyat və incəsənət” portalı Təşkilat Komitəsinə istinadən xəbər verir ki, festivalın məqsədi Türk dünyasının birliyini və türk xalqları arasında mədəni əməkdaşlığı inkişaf etdirmək, türk dövlətlərinin iştirakı ilə ortaq audiovizual məkan yaradaraq türk xalqlarının bu məkana inteqrasiyasına töhfə verməkdir. 2021-ci ildən təşkil olunan festivalın ilki Türkiyənin İstanbul şəhərində, ötən il isə qardaş ölkənin Bursa şəhərində həyata keçirilmişdi.
Builki festivalda Türkiyə mədəniyyət və turizm nazirinin müavini Batuhan Mumcu, Özbəkistan Mədəniyyət Nazirliyi yanında Kinematoqrafiya Agentliyinin direktoru Firdavs Abduxalikov, Özbəkistan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Matyakub Matçanov, Qazaxıstan Respublikası "Milli Kinoya Dövlət Dəstəyi Mərkəzi" QSC-nin İdarə Heyətinin sədri Kurmanbek Jumaqali, "Qazaxfilm"in prezidenti Azamat Satıbaldı və digər türk dövlətlərinin müvafiq sahə üzrə rəsmi şəxsləri, TÜRKSOY-un rəhbərliyi, eləcə də tanınmış türkiyəli kinorejissor Semih Kaplanoğlu – ümumilikdə türk xalqlarının kinematoqrafçılarından ibarət 100-dən çox xarici qonağın iştirakı gözlənilir.
Festivala Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanla yanaşı, Qaqauz Yeri (Moldova), Tatarıstan, Altay və Başqırdıstandan (Rusiya Federasiyası), həmçinin azsaylı türk xalqlarından təqdim olunan 40-a yaxın bədii, sənədli və animasiya filminin oktyabrın 8-dən 11-dək Nizami Kino Mərkəzində nümayişi baş tutacaq.
Festival çərçivəsində türk dövlətlərindən olan tanınmış kinematoqrafçıların TÜRKSOY tərəfindən 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhərinə tanışlıq səfərinin təşkil edilməsi və Bakı şəhərində zirvə toplantısının keçirilməsi nəzərdə tutulur.
“Korkut Ata” III Türk Dünyası Film Festivalının oktyabrın 8-də rəsmi açılış və oktyabrın 11-də bağlanış mərasimləri təntənəli şəkildə Heydər Əliyev Mərkəzində keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(06.10.2023)
“Qənirə” - Güneyli Çalğın Məhəmmədin şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağla güneydə çox tanınan Çalğın Məhəmmədin şeirini təqdim edir. Şeir mərhum Qənirə Paşayevaya ithaf olunub. Və sadəcə, oxuduqca insanın damarlarında qanı donur.
QƏNİRƏ
Qənirə!
Eşidirsənmi?
Ey mənim şəhid sevgilim!
Sənə Təbrizdən yazıram
Bu dilsiz şəhərdən
Bu əsir şəhərdən.
Qənirə!
On üç aydır burdayam
On üç aydır zindan çəkirəm öz otağımda
On üç aydır şeirlərimlə danışıram axşamlar
On üç aydır səni yalnız yuxularımda görürəm
Və on üç aydır sənin gözlərinə həsrətəm.
Qənirə!
Ey mənim şəhid sevgilim
Qulağın məndədirmi?
Əynimdəki paltarların hər yeri ağrıyır
Mənə hədiyyə verdiyin köynək ağlayır
Ağ şəhərdə qoluma bağladığın saata baxıram – zaman küsübdür.
İçəri şəhərdə boynuma asdığın qızıl medalla danışıram – yuxularımda.
Otağımın divarlarında bir şəkilin var
Səni o şəkildən endirib
Təbrizin küçələrində gəzdirirəm.
Axşam, səni otağa qaytarıb
Təkrar divardan asıram.
Qənirə!
Ey Turanın mələkəsi
Qənirə!
Ey Tovuzun avanqard gözəli
Sən baxanda,
Günəş utandığından üzünə yaşmaq vurardı
Sən yeriyəndə,
Ayaq izlərindən su içərdilər kəkliklər
Qənirə!
Sənin yanaqlarından sonra
Nə üz ilə bitəcəklər lalələr?
Sənin gözlərindən sonra
Nə təhər qıylaşacaqlar badamlar?
Qənirə!
Ey mənim şəhid sevgilim
Səni sevməyənlər,
Badə qaldırırlar Fəxri Xiyabanında ölümün sağlığına.
Səni sevməyənlər,
Qara köynək geydirdilər şeirimə
Bunlar kimdirlər?
Düşüncəni şəhid edirlər.
Bunlar kimdirlər?
Şeirin əyninə qara köynək geydirirlər.
Qənirə!
Səni sevməyənlər...
Səni sevməyənlərə ölüm olsun Qənirə.
Qənirə!
Ey uca boylum
Ey Kə`bə gözlüm
Sənin gözlərinə and olsun
Tovuzun yaylağında
Saçların küləyi ötərdi.
Tovuzun dağlarında
Duman sənin ayaqlarından öpərdi.
Səni ayaqdan saldılar.
Bunlar kimdirlər?
Qumrunun səsin kəsdilər.
Bunlar kimdirlər?
Hardasan Babək?
Bilirəm qolların yoxdur
Gözlərini aç
Burada
Daş, daşı yeyir
Qardaş, qardaşı...
Qənirə!
Ey ədəbin sultanı
Mədəniyyət səndən doğuldu
Sən dünyanın ən qiymətli mumiyası idin – oğurlandın.
Sən şeir idin
Biz küçələrdə “Şeir kimdir?” axtarırdıq.
Pərdəni aç, anam qurban
İşıq düşsün.
Mən bilirəm
Yusifi quyuya kim saldı.
Yunus dənizdə kimin güdazına getdi – bilirəm.
Mən bilirəm
Hüseynin başını kim kəsdi.
Səni kim öldürdü Qənirə - onu da bilirəm.
Qənirə!
Ey şeirin padişahı
Hər zaman uzun bir şeir yazdım
“Bu şeiri Qənirənin uca boyundan oğurlayıbsan” – dedilər.
Hər zaman sətirlər süzdülər şeirimdə
“Bu şeiri də Qənirənin yerişindən oğurlayıbsan” – dedilər.
Hər zaman kəlmələr təbəssüm açdılar şeirimdə
“Bunu da Qənirənin gülüşündən oğurlayıbsan” – dedilər.
Dillərə düşməyəsən deyə -
Adını, ətrini, səsini gizlətdim şeirlərimdə
Tapdılar Qənirə
Adının da, ətrini də, səsini də
Tapdılar şeirlərimdə.
Qənirə!
İstədim “Səni sevdiyimi” otağımın divarlarına yazım
Əmniyyət qüvvələri evimi müsadirə etdilər.
İstədim adını şeirlərimdə gətirim
Kitablarım yasaq oldular məhkəmə tərəfindən
İstədim səninlə bi stəkan çay içim Tarqovidə
“Ajda”-nı yığışdırdılar.
İstədim səninlə danışam beş dəqiqə sahildə
Sözlərimi külək apardı.
Qənirə!
Sən yoxkən!
Təkrar səni sevdim
Bağışlayarsan
Kirpiklərimin arasına mina basdırıblar Qənirə
İndi sənə ağlaya bilmirəm
Halal edərsən.
Qənirə!
Ey Tovuzun qu quşu
Gözün arxada qalmasın
Sən Qənirə idin
Və Qənirə də qalacaqsan...
Səni sevəcəyəm
Bu gün də,
Sabah da,
Birisi gün də...
Səni sevəcəyəm
Nə qədər bu dəniz yerindədir
Və nəqədər bu hava vardır.
Qənirə!
Ey mənim şəhid sevgilim
Bağışla məni
Sən, mənim şeirlərimdə oxunarkən nəzərə gəldin
Və mən, adının üstümdə olduğu üçün zindana düşdüm.
Səndən sonra
Şeirin ləzzəti uçar...
Məndən sonra
Qadınların tərəfində kim duracaqdır?
Bakı, ayılanda biləcəkdir
Əlləri kimin qanına batdı
Və Təbriz, biləndə ayılacaqdır
Kimi öz evində zindana saldı...
Yatmışdım
Yuxumda bir tünbətün gördüm
Bəzi ölülər yuxuda uğursuz olarlar.
Sonra bir uca boy qız gördüm
Bir ağ xalat
Bir sarı çiçək
Doktor qıza elektrik şoku yükləyirdi
Dozanı qaldır
100 jul,
Dozanı qaldır
200 jul
Dozanı qaldır
360 jul
Dozanı...
Doktor əllərindki əlcəkləri çıxartdı
Tibb bacısı dərindən bir ah çəkdi
Monitordakı Tovuzun yaşıl dağları
Bakının şoran düzlərinə çevrildilər
Yuxudan dik atıldım.
Ürəyimdən gəlmirdi deyəm
Bu şeir Qənirədə ölmüşdür
Və Qənirə
Bu şeirin başlanışında vəfat etmişdir...
“Ədəbiyyat və incəsənət”
(06.10.2023)
Bazar günü Qazaxdakı Ədəbiyyat Muzeyi kəlağayı rənglərinə bürünəcək
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin 2023-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi ''Kəlağayı əlvan qıyqacı'' layihəsi çərçivəsində 8 Oktyabr 2023-cü il saat 11:00-da Qazax şəhəri Ədəbiyyat muzeyində kəlağayıdan bəhs edən ədəbi-bədii gecə keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalına bu barədə məlumat verən İB-nin sədri Güılü Eldar Tomarlı əlavə edib ki, "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyi 2023-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi ''Kəlağayı əlvan qıyqacı'' layihəsi çərçivəsində Bakı və Qazaxdan sonra Şəki və İsmayıllı rayonlarında da kəlağayıdan bəhs edən ədəbi-bədii gecələr təşkil edəcəkdir.
“Ədəbiyyat və incəsənət”
(06.10.2023)
“Zəfərin rəngi” adlı rəsm müsabiqəsi elan edilib
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Mədəniyyət Könüllüləri” İctimai Birliyi 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərin rəngi” adlı rəsm müsabiqəsi elan edib.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, müsabiqə həvəskar və peşəkar kateqoriyaları üzrə keçirilir.
Layihədə 16-25 yaşarası gənclər iştirak edə bilərlər. İştirakçılar oktyabrın 25-dək əsərlərini çərçivəli şəkildə Muzey Mərkəzinə hər gün saat 10:00-dan 17:00-dək təqdim etməlidirlər. Əsərlərin ölçüsü 50x60-dan kiçik olmamalıdır. İşlənmə texnikası sərbəstdir. Qaliblər iki kateqoriya üzrə müəyyən olunacaqlar. Hər kateqoriya üzrə 3 qalib nəzərdə tutulub.
Müsabiqənin nəticələri Muzey Mərkəzində təşkil olunan sərgi zamanı elan ediləcək. Ətraflı məlumat üçün +994 50 715 57 55 və ya 055 715 57 55 nömrələri ilə əlaqə saxlamaq olar.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində parlaq Qələbəmizin simvolu olan 8 Noyabr Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qətiyyət və siyasi iradəsi ilə qüdrətli Ordumuz torpaqlarımızın otuzillik işğalına son qoydu, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.
“Zəfərin rəngi” rəsm müsabiqəsinin məqsədi xalqımıza əbədi Qələbə ruhu bəxş edən tariximizin bu şanlı səhifəsini gənclərin gözü ilə görmək və inkişafını dəstəkləmək, gənc nəslin milli-mənəvi ruhda tərbiyəsi, onlarda vətənpərvərlik ruhunun daha da artırılmasından ibarətdir.
“Ədəbiyyat və incəsənət”
(06.10.2023)
Səhv
Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”
+ Xoş gəlmisiniz dayı...Keçin oradan əyləşin.
- Çox sağ olun təşəkkür edirəm.
+ Ooo, Zinət müəllim ! Xoş gəlmisiniz! Buyurun, keçin sizin üçün ayırdığımız xüsusi yerdən əyləşin.
- Sağ ol.
-Ay oğlan ! Nizam, sən bura gəl.
+ Buyurun...
-Sənə neçə dəfə demişəm ki, insanlara doğru şəkildə xitab elə ?! Sənsə yenə də eyni səhvləri edirsən.
+ Mən nə etdim axı ?!
-Sən birinci gələn şəxsə müəllim, ikinci gələn şəxsə isə dayı deyə müraciət etməli idin.
+ Axı, həmişə belə müraciət etmişəm. Həm də Zinət müəllimə hər kəs müəllim deyə müraciət edir.
-Birinci gələn şəxs - Vaqif müəllim. Neçə ildir ki, bu xalqa, millətə savadlı fərd, vətəndaş yetişdirmək üçün çalışır. Neçə - neçə şagirdləri, tələbələri millətin, dövlətin göz bəbəyinə çevrilib. Amma, sənin dediyin o Zinət "müəllim" - müəllim adını pulu ilə qazanıb. Gördüyü çirkli işlərlə, rüşvətxorluqla qazanıb. Hamının ona müəllim deməsi isə bəlli məsələdir. Pulu çoxdu. Gəl sən bir indi də onun yetişdirdiyi tələbələrinin gördüyü işə bax, bir də həqiqi müəllimin - Vaqif müəllimin.
Məlum məsələdir, hər kəs özü kimiləri yetişdirir...
Zinət zinət kimiləri, Vaqif müəllim isə özü kimiləri yetişdirəcək və beləliklə də, ölkədəki bəzilərinin cibi dolu, başı isə boş olacaq...
“Ədəbiyyat və incəsənət”
(06.10.2023)
Filarmoniyanın oktyabr ayı üçün repertuarı
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının oktyabr ayına olan repertuarı açıqlanıb.
Qeyd edək ki, filarmoniya tamaşaçılar üçün zəngin proqram hazırlayıb.
Oktyabrın 16-da qədim Altay diyarının “kay” sənətinin ifaçısı Aleksey Çiçakov konsert proqramı ilə çıxış edəcək. Bununla yanaşı, oktyabrın 25-də şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş orqan musiqisi axşamı təşkil ediləcək. Oktyabrın 26-da isə Bakı Kamera Orkestrinin konserti baş tutacaq. Azərbaycan Dövlət Xor Kapellası oktyabrın 27-də filarmoniyanın səhnəsində Zəfər gününə həsr olunmuş konsert proqramı ilə çıxış edəcək. Mədəniyyət ocağında həmçinin Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin iştirakı ilə "Barokko musiqi axşamı" konserti keçiriləcək.
Konsertlər Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında baş tutacaq.
“Ədəbiyyat və incəsənət”
(06.10.2023)