Super User
Teatra əsaslanan pedaqoji təlim sınaqdan keçiriləcək
Gənclərin ən böyük və mütəşəkkil təşkilatı olan “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Act2Learn – Teatr əsaslı təlim vasitəsilə tədrisin təkmilləşdirilməsi” layihəsinə start verilir. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə İctimai Birliyin mətbuat xidməti məlumat yayıb.
Layihənin əsas məqsədi təhsildə yeni yanaşmaların tətbiqi üzrə müəllimlərin bilik və bacarıqlarını artırmaq, eləcə də təhsilverənləri öz peşə fəaliyyətlərində yaradıcı və innovativ strategiyalardan istifadəyə hazırlamaqdan ibarətdir.
Layihə çərçivəsində ilkin mərhələdə 30 pedaqoqun təlim kursuna cəlb olunması nəzərdə tutulur. Kurslar martın 23-dən 27-dək Lənkəranda keçiriləcək.
Proqram qeyri-formal təhsilin əsas istiqamətlərdən biri kimi teatra əsaslanan pedaqoji texnikanın istifadəsi ətrafında müzakirələr, eləcə də bu sahədə təlimlər və seminarlardan ibarət olacaq.
Layihə müddətində istifadə olunacaq metod olan teatr əsaslı təlim güclü, əyləncəli və cəlbedici bir öyrənmə mühitini əhatə edir. Teatra əsaslanan öyrənmə öyrənənlərin ehtiyacları nəzərə alınmaqla hazırlanır, real ssenarilər yaratmaq üçün peşəkar aktyorlardan istifadə edilir. Sessiya zamanı nümayəndələr səhnələrin təqdim etdiyi problemin həlli üçün müxtəlif strategiyaları araşdıra bilirlər. Müsahibə vermək və ya personajların “isti oturacaqları” tamaşaçılara “xarakter” nöqteyi-nəzərindən məsələ haqqında düşünməyə imkan verir.
Həmçinin layihənin faydalılığının artırılması və daha çox şəxsin məlumatlandırılması məqsədilə iştirakçı müəllimlərlə birlikdə teatr əsaslı təlim mövzusunda əl kitabçası hazırlanacaq. Bu kitabçada müəllimlərin tədris müddətində istifadə edə biləcəkləri qeyri-formal təhsil üsulları, əsasən də teatr əsaslı təlim metodikası barədə ətraflı məlumat veriləcək. Bu kitabçaların daha sonra çap olunaraq, paytaxt və bölgələrdə yerləşən ümumtəhsil məktəblərinə paylanılması planlaşdırılır.
İlk baxışdan çox maraqlı layihədir, uğur qazanacağı şübhə doğurmur.
“Ədəbiyyat və incəsənət”
(13.02.2024)
Azərbaycanlı pianoçu Nərgiz Əliyarova “Karneqi-holl” səhnəsində çıxış edib
Nyu-York şəhərindəki “Karneqi-holl” zalının səhnəsində Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təsisçisi, Azərbaycanın Əməkdar artisti, professor, tanınmış pianoçu Nərgiz Əliyarovanın konserti olub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, dünyaşöhrətli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Məlikovun 90 illiyinə həsr olunmuş musiqi axşamı anşlaqla keçib.
Nərgiz Əliyarova Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletindən fortepiano üçün pyesi ifa edib. Baletin süjet xətti və bu əsərin Arif Məlikovun yaradıcılığında mərkəzi rolunu qeyd edən pianoçu vurğulayıb ki, bu əsər dünyanın onlarla ölkəsində səhnəyə qoyulub və musiqi sənəti xəzinəsinə daxil edilib. Proqramda, həmçinin Bethoven, Şopen, Debüssi və Metnerin əsərləri səsləndirilib.
Tamaşaçılar musiqiçinin ifasını maraqla qarşılayıblar. Nərgiz Əliyarova, həmçinin alqışlar altında təkrarən Şopenin valsını ifa edib. Konsert musiqi həvəskarlarının sürəkli alqışları ilə başa çatıb.
Nərgiz Əliyarova Nyu-Yorkda yaşayan dünyaşöhrətli azərbaycanlı pianoçu və klassik musiqişünasdır. O, doqquz yaşında verdiyi ilk konsertindən bəri dünyanın 40-dan çox şəhərində solist qismində, kamera və simfonik orkestrlərlə çıxış edib. N.Əliyarova Azərbaycan Respublikasının Əməkdar artistidir və 2010-cu ildə Polşa hökuməti tərəfindən “Şopen irsinə verdiyi görkəmli töhfəyə görə” mükafatına layiq görülüb. Nərgiz xanım 25 il Bakı Musiqi Akademiyasında professor kimi dərs deyib. O, bu müddət ərzində fəlsəfə doktoru elmi dərəcəsi alıb və 20-dən çox elmi məqalənin, eləcə də bir neçə kitabın müəllifidir. Pianoçu, həmçinin Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təsisçisidir.
“Ədəbiyyat və incəsənət”
(13.02.2024)
Müəllim qələmi olan yox, sərvəti olandır - AKTUAL
Xatirə Əsgərova, “Ədəbiyyat və incəsənət”
Müəllim... Nədir mənası? Kimdir müəllim?
Müəllim - biliyin qapılarını üzümüzə açan, ilk dəfə balaca əllərimizdən tutub bizə oxumağı, yazmağı öyrədən insandır.
Müəllimlərdən bəhs edərkən ağlımıza ən çox öz məktəb illərimiz düşür.
Bizə dərs keçən müəllimlərin ən çox işlətdiyi sözlər, ən çox sevdiyimiz dərs, sinif yoldaşlarımız, müəllimlərimizin siması gözümüzün önündə canlanır.
Bilmirəm, bu düşüncə necə yaranıb, bu fikri kim irəli sürüb, amma Azərbaycanda ikinci müəllim anlayışı da var.
Məsələn, pullu adamlar, bir çox iş yerlərindəki müdirlər, loru dildə desək, rusiyətdən qayıtmış daydaylar hamısı müəllimdir.
Özü də ki, fərqi yoxdur, ali təhsilli, ya orta məktəb bitirmiş işçilər müdirə müəllim deyirlər.
Bu hələ harasıdır ki, məktəblərin çoxunda şagirdlər kitabxanaçı, katibə ilə müəllim fərqini anlaya bilmir, müəllim deyir onlara da və bu şagirdlərin günahı deyil.
Mənim fikrimcə, 1-ci sinifdən etibarən şagirdlərlə müəllimlər tərəfindən xadimə, kitabxanaçı, katibə və digər işçilər kimdir və onlara necə müraciət, rəftar etmək lazımdır öyrədilməlidir.
"Müəllim" adı müqəddəsdir. Bu adı ilk növbədə elə müəllimlər özləri qorumalıdır.
Məişət mövzusu olaraq davam edək.
Uşağın yanında müəllimi söyüb, müəllim nə desə cavabını qaytar deyən valdeyinlər də var. Həmən adamlardı hansısa yekəqarın, bahalı maşından düşən, cibində oynayan pulların hardan gəldiyi məlum olmayan adamın qabağına baş əyib deyir ki, “Ay müəllim, sən mənim canım orda oturma, burda otur.”
“Ay uşaq, bax filənkəs müəllim böyük adamdır ha neçə yerdə evi var.”
Daha söz tapa bilmirəm. Nə deyim, kimə deyim, kim anlayacaq?
Söhbət açılsa, oturub saatlara bu mövzunu müzakirə etsəm belə insanlarla, dəyişən tək şey səs tonum olacaq.
Bəli, ölkədə "müəllim qələmi olan yox, sərvəti olandır".
“Ədəbiyyat və incəsənət”
(13.02.2024)
“Himayədar” üçün himayədarlar
Könül, “Ədəbiyyat və incəsənət”
Azərbaycan tarixində elə şəxsiyyətlər olub ki, onlar barədə durmadan romanlar yazılsa, filmlər çəkilsə, yenə də kifayət etməz. Elə Hacı Zeynalabdin Tağıyevi götürək. Milli burjuaziyanın bu nümayəndəsi həqiqətən də böyük himayədar olub, mədəniyyətin, elmin, səhiyyənin himayədarı olub.
Bakı Media Mərkəzinin istehsalı olan çoxseriyalı “Himayədar” filminin çəkilişləri yekunlaşıb.
Filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman və Zaur Qasımlı, rəssamı Vüsal Rəhimdir.
Ekran əsəri Hacı Zeynalabdin Tağıyevin vəfatının 100-cü ildönümü ilə əlaqədar çəkilib. Filmdə XIX əsrin sonu – XX əsrin əvvəlində Bakıda və bölgədə baş verən mühüm tarixi hadisələr də əks etdirilir.
Daha öncə Bakı Media Mərkəzinin yaydığı məlumatda da bildirildiyi kimi, “Himayədar” filminin on beş aylıq hazırlıq və çəkiliş dövründə rəssam komandası tərəfindən 150-dən çox əsas qəhrəmanın geyim eskizləri və geyimləri, 400-dən çox geyim növləri, 100 aksesuar – zərgərlik nümunələri hazırlanıb. Səkkiz seriyadan ibarət olması nəzərdə tutulan filmin çəkilişləri 70-dən çox məkanda aparılıb.
Bəli, Zeynalabdin Tağıyev dövrünün himayədarı olub. İndi də Bakı Media Mərkəzi səlnaməçi kimi o böyük şəxsiyyət barədə film çəkməklə, bir növ, ona himayədarlıq edirlər.
“Ədəbiyyat və incəsənət”
(13.02.2024)
“Yazıqlar olsun!” - Güneyli Vüqar Nemətin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağla bu hün sizlərə növbəti Güney şairini təqdim edir: Vüqar Neməti.
KİMDİ BU DƏLİ?
Görəsən kimdi bu dəli?
Biz keçdik, bizi söymədi.
O tanrını qaraladı,
İt-pişik payı qoymadı.
Söydü, yeri-göyü söydü,
Döydü, kölgəsini döydü,
Hamının ağzını əydi,
Zorbaya, zora əymədi.
Getməz, o üzdən getmədi,
Bilmədik davası nədi?!
Birazdan çaldı, oynadı,
Artıq heç kəsi saymadı.
Ağıl axtara-axtara,
Gör bir gəlib çıxıb hara?!
Bu dünyaya, pula, vara,
Uymaz, heç nəyə uymadı.
Həm buralı, həm oralı,
Görəsən kimdir bu dəli??
Hamı yolun çaşdı, vəli
O öz yolunu caymadı!..
EŞQİN PƏRDƏ ARXASI
Gör bir kimi sevdim mən arxadaş!
Üzümə, üzümə durdu.
Gözləri əsla eşitməz
Və qulaqları kordu!..
Durdum gecə boyu yoxluğunun qapısında
Uçdum sözcüklərin qanadlarında
Özgə-özgə düşünüb
Ağladım öz yerimə
Heç bir kimsə bilmədi
Gülüşlərim qanadı
Mən bir sevda yolçusuydum
Uyur-gəzərlər kimi.
Sətir-sətir gəzərdim
Bu yağış ölkəsini.
Yoluma işıq tutardı onun gözləri
Gözlüyünü saxlamaq üçün
Yaxşıca tasarlanmışdı
Qulaqları və burnu!..
Həsrətdir, kədərdir, acıdır, qəmdir
Eşqin pərdə arxası cəhənnəmdir.
Durmadan qaralar qanlar
Özünü div aynasında görən bunu nə anlar?!
Göy üzünü dilə-dişə saldılar
Ölü göz adamlar.
Aktyor adamlar.
Bir də, adı pisə çıxmış bir ölüm!..
Gör bir kimi sevdim mən arxadaş!
Üzümə, üzümə vurdu.
Gözləri əsla eşitməz
Və qulaqları kordu!..
YAZIQLAR OLSUN
Mən bir fidan əkdim, “tutmaz” – dedilər,
Mənsə tutan bildim, yazıqlar olsun!
“Bu hicran, bu həsrət bitməz” – dedilər,
Nəsə bitən bildim, yazıqlar olsun!
Mənim o ulduzum, de, harda qaldı?
Ya göyə çəkildi, ya yerdə qaldı,
Mənə “Tən” deyənim bəs harda qaldı?
Mən onu tən bildim, yazıqlar olsun!
Sənə nə “Get” – dedim, nə də ki, “Qayıt”,
Buna göy şahiddir, buna yer şahid,
Bu yolda hər zaman özümü şəhid
Səni vətən bildim, yazıqlar olsun!..
İNSAN HEÇ NƏYƏ BƏNZƏMƏZ
İnsan heç nəyə bənzəməz yavrum mənim
Gülü, güldür
Tikanı, tikandır dünyanın.
Amma insan
Özünə belə bənzəməz.
Baxarsan
Adam kimi adam
Əl uzadsan yanar əllərin
Yaxınlaşsan ürəyin üşüyər!..
Qış, qışdır
Yaz da yazdır, bilirsən.
Yaz
İnsan heç nəyə bənzəməz mənim gülüm
Hər şeyə bənzədiyi kimi!..
QARĞA
Yenə nə qar-qar edirsən,
Qoy get öz işinə qarğa!
Həp öz sözünü deyirsən
Bəxtəvər başıma qarğa!
Sən ağa, mən ağa ancaq,
Buludları kim sağacaq?
Tələsmə, qar da yağacaq,
Bu qalan işinə qarğa!
Bəxtin qara, üzün qara,
İnanma qarla ağara,
Ağlıq nədir ay avara?!
Düşübsən peşinə qarğa!
Sən yatarsan, səsin yatmaz,
Heç kimin ağlına batmaz,
Əlin çatar, ağlın çatmaz,
Dünyanın daşına qarğa!
Payız gəlir, əsin düşür,
Küləklə də bəhsin düşür,
O səsindən ağ dən düşür,
Mənim də başıma qarğa!
“Ədəbiyyat və incəsənət”
(13.02.2024)
Layla dedim, yatasan...
Oruc Ələsgərov, “Ədəbiyyat və incəsənət”
Layla dedim, yatasan,
Qızılgülə batasan…
Hardan gəlir bu səs-səda?
Bəlkə, illər arxasında
Layla çalır gəlin ana?
(X.R.Ulutürk)
Dünənki kimi yadımdadır, həmin zaman məktəbə yeni qəbul olmuşdum. O vaxtlar ailəmlə babamgilə tez-tez gedib-gəlirdim, onlara yaman bağlı idim, hətta həftəsonları babamgildə qalmağa təkid edirdim. Elə Xocalı soyqırımının 20-ci ildönümü günü 2012-ci ilin 26 fevral gecəsində də onlarda idim, babama qısılıb efirdə göstərilən proqrama baxdığım da yadımdadır. Proqramda göstərilən səhnədə bir qadın fəryad dolu səslə qucağındakı körpəsinə layla çalırdı. Bütün nəzərim televizora cəmlənmişdi ki, babamın xırıltılı öskürəyi və “Qəribə həyatdır...” deyə səslənişi ilə dik atıldım. “Həyatın nəyi qəribədir?”, “Babam niyə elə dedi?”, “Niyə layla bu gün belə ağır səslənir? O ki çox həzin bir nəğmədir.” deyə düşüncələr 6 yaşlı mənə hələ aydın deyildi. Sonra anladım ki, həmin fevral gecəsində laylanın belə ağır, nalə dolu səslənişi onun özündə 20 ilin yorğunluğunu daşımasından irəli gəlir. Axı həmin gecə onlarla ailə son axşam yeməyini yedi, atalar son dəfə övladları ilə oynadı, analar son dəfə öz körpə balalarına layla çaldı, axı o gecə bir çox ailənin birlikdə son gecəsi oldu. Bəlkə layladakı bu yorğunluğun səbəbi bizdən inciməsidir? Bəlkə beşikdə ruhunu Yaradanın haqq dərgahına təslim edən uşaqlar üçün sona qədər səslənmədiyinə görə incidi bizdən layla? Bəlkə elə Xocalıda əsir götürülən, valideynini itirib fəryad edən uşaqların dilində son dəfə səslənib sonra Xocalı uşaqlarının ruhu ilə göylərə uçdu? Bəlkə nəğmələr gülüstanı Qarabağa küsdü layla?
“Xocalıdakı günlərimdən danışanda anamın qoynunda yatmağım, atamla qarajda gördüyüm it yadıma düşür. Mən Xocalıdan qaçanda beş yaşım var idi. Həmin faciədə gözümü açanda bir kişinin kürəyində meşənin içi ilə getdiyimizi gördüm. Geri dönüb baxanda Xocalımdan qalxan qara tüstü və alov ilə üzləşdim. Həmin qocaya yük olduğuma görə kürəyindəki şalı açıb məni buraxdı və meşədəki dərəyə doğru yuvarlandım. O dərədə dəfələrlə “ay ata” deyə səslənişim də yadımdadır. Sonradan öyrəndim ki, atam da həmin zaman “Mehdi” deyə qışqırıb nalə çəkirmiş. O dərədən məni 6-7 saat sonra erməni hərbçiləri tapdı. Qaranlıq otaqda oyananda əsirlərin qışqırıq səsləri gəlirdi. Gözümü işıqlı dünyanın qaranlıq otağında neçə dəfə yumub-açdığım, neçə günün keçdiyini bilmirəm. Daha sonra əsirdəyişmə məntəqəsində mən də qaytarıldım. Babamla birlikdə Bakıya gəldim. Nənəmlə, dayımla yaşamağa başladım. Nənəmi özümə ikinci ana bilirdim...”-bu sözləri Xocalı faciəsinin qaranlıq üzü, beş yaşında bütün ailəsini itirən Mehdi Əliyev o gecəni xatırlayarkən dilə gətirir. O, Xocalıda ailəsinin hər bir üzvünü itirən 25 uşaqdan biridir. Onun indi 36 yaşı var. Bu yaşında hər gün beş yaşlı uşağı axtaran Mehdi heç böyümədi. İllər keçəcək, amma Mehdi daim o uşağın axtarışında olacaq...
Xocalı soyqırımından sonra doğulan uşaqlar Xocalıda öldürülən uşaqlardan indi daha yaşlıdı. Onlar qocalacaq, amma Xocalıdakı uşaqlar elə o yaşda da qalacaqlar. Mənim isə o uşaqlar üçün əlimdən gələn tək bir şey varsa, o da pıçıltı ilə bizdən küsən Laylanı yenidən oxumaqdır.
Layla dedim, yatasan,
Qızılgülə batasan.
Qızılgülün içində
Şirin yuxu tapasan...
İndi Xocalımız azaddır. Bir zamanlar kiçik qiyamətə şahid olan bu torpaqlar indi küllərindən yenidən doğulan simurq kimi canlanır, bu ərazilərdə geniş quruculuq tədbirləri həyata keçirilir. Bəs görəsən bizdən küsən Layla yenidən bu ərazilərdə doğulacaq körpələrə xatir bir daha Xocalıya qədəm qoyacaqmı?
“Ədəbiyyat və incəsənət”
(13.02.2024)
Siçan tələsi
Sərtyel, “Ədəbiyyat və incəsənət”
DİALOQ
-Əziz tələbə, sizdə bu depressiya axı necə ola bilər? Həyat bunca gözəldirsə?
-Əziz müəllim, bəs sizdə astma xəstəliyi necə ola bilər, ətrafda bu qədər hava varsa?
AKSİOM
Ağıllı olmaq odur ki, suallara düzgün cavab verə biləsən.
Müdrik olmaq odur ki, düzgün suallar verə biləsən.
REALLIQ
İnsan hər şeyi bacarır, amma bir işi başlayana qədər.
QAYDA
Pulsuz pendir ancaq siçan tələsində, özü də ikinci siçan üçün olur.
SUAL
Tənha adam kimə şikayət etsin ki?
Bir tərəfdən də, kimdən şikayət etsin ki?
“Ədəbiyyat və incəsənət”
(13.02.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində -Əvəlik şorbası
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Əvəlik şorbasının hazırlanması qaydasını şərh edəcəyik.
DÜSTUR:
§ Əvəlik – 50 qr
§ Un – 80 qr
§ Soğan – 35 qr
§ Yağ – 30 qr
§ Duz – 6 qr
HAZIRLANMASI:
Qaynar suda əvəliyin qara rəngi çıxarılır. Üzərinə təmiz su əlavə olunub sıxılır. Soğan yağda qızardılır, üzərinə su və ya işgənə əlavə olunur. Daha sonra umac hazırlanıb suya əlavə edilir. Qaynadıqdan sonra əvə- lik əlavə olunur və bişirilir.
Ədəbiyyat və incəsənət”
(13.02.2024)
POETİK QİRAƏTdə Rafail İncəyurdun “Günah” şeiri
Poetik Qiraətdə bu gün sizlərə sazlı-sözlü Qazax mahalının şairlərindən olan Rafail İncəyurdun “Günah” şeirini təqdim edəcəyik.
Hərdən bada verib qumral közləri,
Küllüyün altında qor gəzirik biz.
Töküb həqiqəti görən gözləri
Əlindən tutmağa kor gəzirik biz.
Hərdən haray vaxtı susur qələmlər,
Hərdən də ağ yalan qusur qələmlər.
Özünü asdıqca qısır qələmlər
Edam ağacında bar gəzirik biz.
Tale enişləri və diklərində,
Buraxma sevginin dediklərində...
Gedib Ərzurumun gədiklərində
Utanmaz-utanmaz yar gəzirik biz.
Varmadıq el haqqı güdən yollara,
Yenə süvar olur gödən yollara.
Niyə genişliyə gedən yollara
Əngəllər uydurub, dar gəzirik biz?
Pazlara doğrayır dor ağacını,
Sazlara doğrayır bar ağacını,
Hələ sığallayır dar ağacını,
Hələ uzaqlarda tor gəzirik biz.
“Ədəbiyyat və incəsənət”
(13.02.2024)
Və tanınmış şair İslam Səfərlinin 101-ci ildönümünə
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Ötən gün tanınmış şair İslam Səfərlinin anadan olmasının 101-ci ildönümü tamam oldu.
İslam Səfərıi çox az yaşayıb - cəmi 51 il. Amma mənalı yaşayıb, özündən sonra böyük irs qoyub.
Şairin poetik nümunələrinə 200-ə yaxın mahnı bəstələnib, pyesləri dəfələrlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında və Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnəyə qoyularaq tamaşaçı rəğbəti qazanıb. Və dünən də onu qədirbilənlər andılar…
İslam Səfərli 1923-cü il fevralın 12-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şəkərabad kəndində dünyaya gəlib. Naxçıvandakı 1 nömrəli məktəbi bitirdikdən sonra könüllü olaraq 1941-1945-ci illər müharibəsində iştirak edib. Müharibə mövzusu gənc şairin poemalarında da öz əksini tapıb. İslam Səfərli dramaturq kimi də böyük uğur qazanıb. O, oçerk, novella, libretto və kinossenari, məqalələr müəllifi kimi də tanınıb. Həmçinin tərcüməçilik fəaliyyəti ilə də məşğul olub. A.S.Puşkin, M.M.Svetlov, S.Marşak, M.Kərim, M.Tursunzadə, K.Koladze, Y.Dolmatovski kimi tanınmış sənətkarların əsərlərini müvəffəqiyyətlə tərcümə edib.
Tanınmış şairin adını əbədiləşdirmək məqsədilə Xəzər dənizində üzən gəmilərin birinə “İslam Səfərli” adı verilib, Bakının mərkəzi küçələrindən biri şairin adını daşıyır, Bakıda yaşadığı binaya (Həsən Seyidbəyli, 30) onun barelyefi-xatirə lövhəsi vurulub. Həmçinin Naxçıvanda oxuduğu 1 nömrəli məktəb onun adını daşıyır.
Özünəməxsus böyük istedad sahibi olan İslam Səfərli ustadı kimi qəbul etdiyi Səməd Vurğun məktəbi ənənələrinə yaradıcı münasibət bəsləyib.
18 kitabı işıq üzü görən İslam Səfərlinin şeirlərində ictimai motivlərdən çox təbiiliyi, səmimiyyəti, duyğu və düşüncələri - lirikanı ön mövqeyə çəkməsi diqqəti cəlb edib. Professor Əkbər Ağayev bu barədə yazıb: “Vətən də, onun təbiəti də İslam Səfərlinin tərənnümündə tam bir poeziyadır, incədir, xəfifdir, gözəldir”.
İslam Səfərli 1974-cü il noyabrın 6-da uzun sürən xəstəlikdən sonra əbədiyyətə qovuşub və Fəxri xiyabanda dəfn olunub.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(13.02.2024)